Azərbaycan tarixinin
şanlı salnaməsinin müəllifi
Azərbaycanın yarım əsrə bərabər
dövrünü əhatə edən Heydər Əliyev
epoxası tariximizə qızıl hərflərlə həkk
olunmuş bir əbədiyyət dastanıdır. Milli dövlətçilik
tariximizin əbədi şöhrətinə çevrilmiş
ulu öndər Heydər Əliyev isə artıq öz bəşəri
əməlləri ilə qüdrətli dövlət xadimi və
əvəzedilməz bir şəxsiyyət olduğunu
dünya qarşısında nümayiş etdirmişdir.
XX əsrin 60-cı illərinin sonundan başlayaraq bu dahi
şəxsiyyətin Azərbaycanda gördüyü nəhəng
quruculuq işləri müstəqillik dönəminin ən
böyük nailiyyətləri olmaqla ölkə tarixinin
müasir dövrü üçün silinməz izlər
buraxmışdır. Azərbaycan tarixinin şanlı salnaməsini yaradan, mənalı
ömrünün böyük bir hissəsini doğma vətəninin
və canından əziz bildiyi xalqının iqtisadi tərəqqisi,
səadət və xoşbəxtliyi naminə mübarizəyə
həsr edən Heydər Əliyevə olan sevgi və məhəbbət
təkcə Azərbaycanda yaşayan
yurddaşlarımızın deyil, vaxtilə müxtəlif
ictimai-siyasi münaqişələr üzündən
doğma yurd-yuvalarından didərgin düşmüş
soydaşlarımızın da qəlbində yaşayır.
Azərbaycanı müstəqil dövlət quruculuğuna
aparan keşməkeşli və şərəfli yol ulu
öndər Heydər Əliyevin Azərbaycana birinci rəhbərliyi
dövründən başlayır. 1969-cu ildə Heydər
Əliyevin dövlətə rəhbərliyinin ilk günlərindən
respublikada böyük bir inkişafın
başlandığı göz önündə idi. Heydər Əliyev respublikaya rəhbərliyinin ilk
illərində qazandığı uğurlarla xalqını,
dövlətini sevən rəhbər olduğunu sübuta
yetirdi. Respublikanın üzləşdiyi
problemləri ilk gündən düzgün müəyyənləşdirməklə
onların həlli üçün lazımi iradə, qətiyyət
və prinsipiallıq göstərdi. Fitri
istedadı, yüksək təşkilatçılıq və
idarəçilik məharəti ilə Azərbaycanı cəmi
bir neçə ilə dinamik inkişaf yoluna
çıxarmağa müvəffəq oldu. İdarəçilikdə mütərəqqi
yeniliklərin tətbiqi, milli kadrların önə çəkilməsi
yolu ilə cəmiyyətin normal inkişaf ahəngini təmin
etdi.
Ulu öndər çox gözəl bilirdi ki,
respublikanın gələcək inkişafında əsas
strateji amil ölkə iqtisadiyyatının tezliklə
dirçəldilməsidir. Görülən məqsədyönlü
tədbirlər nəticəsində qısa zaman kəsiyində
Azərbaycan aqrar ölkədən gündən-günə
inkişaf edən sənaye ölkəsinə çevrildi.
Belə ki, 1980-ci ildə sənaye məhsulu istehsalının
həcmi 1970-ci ilə nisbətən 2,9 dəfəyə
qədər artdı. Maşınqayırma sənayesində
istehsalın həcmi 5,3 dəfə, kimya və
neft-kimya sənayesində 3 dəfədən çox, yeyinti sənayesində
isə 4 dəfədən çox artmışdı. Sənayenin
struktur quruluşunda maşınqayırma kompleksinin xüsusi
çəkisi 1960-cı ildəki 5,1 faizdən
1982-ci ildə 16,4 faizə, kimya və neft-kimya, meşə sənayesi
kompleksi müvafiq olaraq 4,1 faizdən 8,7 faizə, tikinti materialları
sənaye kompleksi 2,7 faizdən 3,2 faizə, yeyinti sənayesi
kompleksi 2 dəfədən çox artdı.
O
dövrdə Azərbaycanda müasir texnologiyaya əsaslanan
neft sənayesi və neft emalı üzrə yeni-yeni müəssisə
və zavodların yaradılması ölkəmizdə bu
strateji məhsulun istehsalını və emalını nəzərəçarpacaq
dərəcədə artırdı. Məhz o
illərdə Xəzər dənizi hesabına Azərbaycanda
neft sənayesinin gələcək inkişafını nəzərə
alaraq Bakıda unikal bir zavod - dərin dəniz özülləri
zavodu tikildi. Ümumiyyətlə,
1969-1982-ci illərdə respublikada müxtəlif təyinatlı
320-yə yaxın sənaye müəssisəsi tikilib istifadəyə
verildi.
Sənaye ilə yanaşı ölkə
iqtisadiyatının əsas hissəsini təşkil edən kənd
təsərrüfatı da inkişaf etdirilirdi. Əkinçiliyin
ayrı-ayrı sahələri - pambıqçılıq,
taxılçılıq, üzümçülük,
tütünçülük, bağçılıq, bostan və
tərəvəz, eləcə də heyvandarlıq məhsullarının
istehsalı 1982-ci ildə 1969-cu illə müqayisədə 2,5 dəfədən çox
artmışdı.
Respublikanın yol infrastrukturu, nəqliyyat sistemi yenidən
quruldu, Yevlax-Balakən, Yevlax-Ağdam-Xankəndi dəmir yolu
tikilib istifadəyə verildi. Bakıda yeni-yeni metro
stansiyaları inşa olunurdu. Ölkənin
sosial sahələri inkişaf etdirilir, əhalinin mənzilə
olan tələbatının ödənilməsi istiqamətində
geniş layihələr həyata keçirilirdi. 1971-1982-ci illərdə respublikada 18 milyon 293 min
kvadratmetr mənzil sahəsi tikilib insanların istifadəsinə
verildi. Respublika paytaxtı və digər
şəhər və rayon mərkəzlərində
müasir şəhərsalma normalarına uyğun yeni parklar,
küçə və meydanlar salınır, milli memarlıq
xüsusiyyətlərini özündə əks etdirən
elm, mədəniyyət, səhiyyə obyektləri, sanatoriya və
kurort kompleksləri yaradılırdı. İdmana
geniş diqqət yetirilirdi. Dövlət
idarələri üçün yeni və müasir tələblərə
cavab verən yaraşıqlı inzibati binalar tikilir, respublika paytaxtının
mənzərəsi daha da gözəlləşirdi.
Ümummilli lider Heydər Əliyev respublikada
sosial-iqtisadi inkişafla yanaşı, milli-mənəvi ruhu
yüksəltməklə azərbaycanlıların tarixi ənənələrinə,
köklərinə bağlılığını sürətləndirməyə
çalışırdı. Müxtəlif tədbirlərdə
cəmiyyətə milliləşmənin zəruriliyi
çağırışını yayır, milli dilə,
dinə, dəyərlərə bağlı olmağı,
tarixi irsi yaşatmağı ictimai fikrə böyük
müdrikliklə təlqin edirdi. Heydər
Əliyevin rəhbərliyi altında həyata keçirilən
tədbirlər Azərbaycanda milli özünüdərki
gücləndirir, müstəqil düşüncəyə,
dövlətçilik təfəkkürünə yol
açırdı. Ulu öndər sovet
ideologiyasının bütün maneələrini yararaq Azərbaycanda
milli özünüdərk məsələlərini önə
çəkə, repressiya xofundan don vurmuş azərbaycanlı
şüurundakı qorxunu aradan qaldırmağı, cəmiyyəti
bütün sahələr üzrə mənəvi yüksəlişə
ruhlandırmağı, ona qol-qanad verməyi
bacarmışdı. Ümummilli lider Heydər Əliyev
sovet Azərbaycanına rəhbərlik etdiyi dövrləri
xatırlayarkən deyirdi: "Biz sovet rejimində
yaşayırdıq. Məgər biz bu rejimi dəyişə
bilərdik? Amma iş ondadır ki, bu rejim altında olsa
da, sən xalqın, millətin üçün nə edirsən.
Əgər bu rejimi dəyişdirə bilmirsənsə,
onda onun imkanlarından istifadə edib xalqına kömək
göstər. Mən bunu etdim. Azərbaycan o illərdə çox yüksəklərə
qalxdı".
Hər bir dövlətin mövcudluq tarixində ciddi
sınaqlar qarşısında qalması, xalqın milli
müstəqilliyini itirmək təhlükəsi ilə
üzləşdiyi məqamlar çoxdur. Fəqət, ən
çətin, ekstremal siyasi şəraitdə millətin iradəsini
və istəklərini, dövlətin diplomatiya və strategiyasını,
cəmiyyətin həmrəyliyini və konsensusunu birləşdirməyə
qadir şəxsiyyətin sayəsində dövlətlər
öz varlığını davam etdirmiş, millətlər
dirçəlmişdir. 1991-ci ilin oktyabrından
1993-cü ilin iyununadək ölkədə cərəyan edən
mürəkkəb və ziddiyyətli proseslər, eyni zamanda
ölkənin müstəqilliyi üçün real təhdidlərin
meydana çıxması, vətəndaş
qarşıdurması meyillərinin güclənməsi,
hüquqi nihilizmin, xaos və anarxiya mühitinin dərinləşməsi
göstərdi ki, ölkəni yaranmış acınacaqlı
vəziyyətdən yalnız Heydər Əliyev kimi müdrik
və uzaqgörən şəxsiyyət xilas edə bilər.
Ulu öndər Heydər Əliyev hakimiyyətə gəldiyi
ilk gündən Azərbaycanı qurmağa, onun milli dövlətçilik
atributlarını formalaşdırmağa başlamış,
müstəqilliyini şərti müstəqillik aktı və
bəyanatlar səviyyəsindən
çıxarmışdı. Müstəqillik
yolunun bir çoxlarının düşündüyündən
də uzun və əzablı yol olduğunu yaxşı bilən
ümummilli lider ilk növbədə Azərbaycanı taleyin
ixtiyarına buraxılmış dövlət
düşüncəsindən
uzaqlaşdırmışdı. Eyni
zamanda, müstəqilliyimizin əbədiliyinə xələl
gətirəcək, ölkəmizi yenidən hansısa
dövlətin müstəmləkəsinə çevirə
biləcək amilləri aradan götürmüşdü.
Ulu öndər Heydər Əliyev bu mərhələdə
Azərbaycanın yeni dövr üçün demokratik
inkişaf modelini müdrikliklə irəli sürmüş,
eyni zamanda bu mütərəqqi dəyişikliklərin ictimai
şüurda tədricən qəbul olunması zərurətini
önə çəkmişdir. Ulu öndərin
dövlətçilik konsepsiyası Azərbaycanın tarixi ənənələrini
və müasir Avropa dəyərlərini özündə
birləşdirən yeni inkişaf modeli olmuşdur. İctimai-siyasi sabitlik faktoru bu modelin əsas
dayaqlarından, istinad nöqtələrindən biri kimi
çıxış etmişdir. Şübhəsiz,
sabitliyə nail olmadan yeni idarəetmə sisteminə
keçid formulunu reallaşdırmaq, bazar iqtisadiyyatı və
demokratiya, insan hüquqları kimi fundamental prinsiplərin tətbiqinə
nail olmaq mümkün deyil. Məhz bu
sabitliyin, iqtisadi tərəqqinin nəticəsidir ki,
hazırda demokratik normalar qanunların və milli dəyərlərin
tənzimlədiyi sərhədlərdən kənara
çıxmır və dialektik inkişafa uyğun olaraq
getdikcə ictimai şüur tərəfindən tam şəkildə
mənimsənilir.
Ulu
öndər Heydər Əliyevin siyasi uzaqgörənliyinin,
prinsipiallığının və siyasi iradə
nümayişinin məntiqi nəticəsi olaraq 1994-cü ildə
"Əsrin müqaviləsi"nin əfsanədən
reallığa çevrilməsi ölkənin bütün
strateji əhəmiyyətli sahələrinin inkişafına
təkan vermişdir. "Əsrin müqaviləsi"nin imzalanmasının milli inkişafdakı
misilsiz əhəmiyyəti bugünkü intensiv sosial-iqtisadi
inkişaf fonunda daha qabarıq görünür. Azərbaycana son illərdə daha böyük
uğurlar gətirən bu strategiyanın əsas mahiyyəti
ölkənin malik olduğu təbii sərvətlərdən
Azərbaycan xalqının rifahı naminə daha uğurlu
şəkildə istifadə etməyə əsaslanır.
Bu strategiyanın həyata keçirilməsi
iqtisadi maraqlarla yanaşı, milli təhlükəsizlik
maraqlarının təmin olunmasına yönəlmişdir.
Heydər Əliyevin təməlini qoyduğu
uğurlu neft strategiyası təkcə dövlətin iqtisadi
maraqlarının realizə olunmasına deyil, paralel olaraq
dövlət müstəqilliyinin qorunub saxlanmasına yönələn
siyasi xəttin yürüdülməsinə, buna uyğun əlverişli
situasiyanın formalaşdırılmasına xidmət
etmişdir.
Bu gün Azərbaycan dövləti, Azərbaycan
xalqı Prezident İlham Əliyevin rəhbərliyi altında
gələcəyə, inkişafa doğru məhz Heydər
Əliyevin təməlini qoyduğu yol ilə inamla irəliləməkdədir. Ötən 10
ilin siyasi-iqtisadi-sosial mənzərəsi göstərir ki, Azərbaycan
Prezidenti İlham Əliyev ümummilli liderin siyasi kursunun
varisliyini təmin edə biləcək alternativsiz siyasi lider
olduğunu təsdiqləmiş, ictimai inamı tam
doğrultmuşdur. Dövlət
başçısının fəaliyyətinin üstün cəhəti
məhz bundan ibarətdir ki, o, mövcud gerçəklikləri
obyektiv şəkildə qiymətləndirməyi, milli maraqlar
naminə cəsarətli addımlar atmağı,
yaranmış ekstremal şəraitdə ən optimal qərarlar
qəbul etməyi, ölkənin taleyüklü problemlərinə
həssaslıqla yanaşmağı bacarır.
Müasir
Azərbaycan dövlətinin qurucusu olan, həyatını
xalqına xidmətə həsr edən ümummilli lider Heydər
Əliyevi daim qəlblərdə yaşadan, xatirəsini əbədiləşdirən,
bu böyük insanın adının hər zaman dərin
ehtiramla anılmasına səbəb olan amillərdən biri də
ulu öndərin humanizm prinsiplərinə söykənən
nəcib əməlləridir. Siyasi uzaqgörənliyi,
müdrikliyi, qətiyyəti və əzmkarlığı ilə
zəmanəmizin görkəmli siyasi xadimi olan Heydər
Əliyev xeyirxahlığı, sosial ədalət prinsiplərinə
sadiqliyi, milli-mənəvi dəyərləri daim uca tutması,
cəmiyyətin tərəqqisi naminə göstərdiyi
titanik fəaliyyəti ilə də yaddaşlarda əbədi
iz qoyub. Ümummilli liderin bu nəcib əməllərini davam
etdirən, onun milli dövlətçilik ideyalarını
yeni nəsillərə aşılayan, amallarını rəhbər
tutaraq fəaliyyət göstərən, ümumbəşəri
mədəniyyətə, sülhə öz töhfələrini
verən Heydər Əliyev Fondu ölkəmizin dünya
miqyasında daha geniş spektrdən tanınmasında, qədim
və zəngin mədəniyyətə, söz, muğam sənətinə
malik xalqımızın milli dəyərlərinin
qorunmasında və təbliğində bu gün mühüm
rol oynayır.
Milli Məclisin
deputatı, Azərbaycan Mədəniyyətinin Dostları
Fondunun prezidenti, UNESCO və ISESCO-nun xoşməramlı səfiri
Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi Heydər
Əliyev Fondunun həyata keçirdiyi mədəni-ictimai tədbirlər
xalqımızın, dövlətimizin inkişafına,
dövlətçiliyimizin möhkəmləndirilməsinə,
Azərbaycanın dünya birliyində öz layiqli yerini
tutmasına doğru istiqamətlənmişdir. Heydər
Əliyev Fondu ümummilli liderin ideyalarına sadiq qalaraq bu
istiqamətlərdə ardıcıl və məqsədyönlü
işləri davam etdirməkdədir. Zəngin
mədəni irsimizin dünyada tanıdılması, təhsil,
səhiyyə və mədəniyyət sahəsində əhəmiyyətli
layihələri gerçəkləşdirməklə fond
qısa müddətdə cəmiyyətin diqqətini cəlb
etmişdir.
Heydər Əliyev Fondu xeyirxahlıq və ümid
fondudur. Dahi liderin yaradıcılıq irsinin təbliği və
öyrənilməsi ilə yanaşı, bu fond xeyriyyəçiliyi,
uşaqlara kömək etməyi, müxtəlif humanitar
aksiyalar keçirməyi fəaliyyətinin prioritet istiqamətlərindən
hesab edir. Hətta təcrübəli əcnəbi
ekspertlər və nüfuzlu beynəlxalq təşkilatların
rəhbərləri də qısa müddətdə fondun
işinin nəticələrinə, onun prezidenti Mehriban
Əliyevanın əzmkarlığına və təşəbbüskarlığına,
işə yaradıcı münasibətinə heyran
olduqlarını gizlətmirlər. Ölkəmizin
birinci ledisi millətin genetik fondunun qorunub saxlanması problemlərinə
cəmiyyətin diqqətini cəlb etməyi özünün
vətəndaşlıq borcu hesab edir, öz səylərini əhalinin
ən zəif müdafiə olunan təbəqələrinə,
xəstə və valideyn himayəsindən məhrum olmuş
uşaqlara kömək göstərilməsinə yönəldir.
Qaçqınların və məcburi köçkünlərin,
talassemiya və diabet xəstəliklərindən əziyyət
çəkən uşaqların dəstəklənməsinə
yönəlmiş müxtəlif proqramlar, uşaq evlərinin
yenidən qurulması və onlar üçün yeni
binaların tikintisi, Mehriban xanımın təşəbbüsü
ilə ölkəmizdə uşaq evlərində tərbiyə
alanların tam dəyərli ailələrə verilməsi hərəkatının
başlanması, şəhərlərin və kəndlərin
yaşıllaşdırılması bu qəbildəndir.
Heydər Əliyev Fondu ulu öndərin
ideyalarını rəhbər tutaraq ardıcıl və məqsədyönlü
fəaliyyətini uğurla davam etdirir. Nəcib əməlləri
ilə xeyirxahlıq ünvanına çevrilən, hər bir
azərbaycanlının qürur yeri, fəxri və
vüqarı olan Heydər Əliyev Fondu Mehriban xanım
Əliyevanın rəhbərliyi ilə qarşıya
qoyduğu məqsədlərin həyata vəsiqə
tapması işində bundan sonra da yeni uğurlar qazanacaq,
doğma Azərbaycanın adını hər zaman layiqincə
ucaldacaq.
Rafiq MƏMMƏDHƏSƏNOV,
Milli Məclisin deputatı
Azərbaycan.-2014.- 2 may.- S.7.