Birlik və cavabdehlik nümunəsi

 

 

Müstəqillik illərində beynəlxalq aləmdə özünəməxsus böyük mövqe qazanmış Azərbaycan Respublikası həm ölkə miqyasında keçirilən geniş miqyaslı tədbirlərdə, həm də ayrı-ayrı ölkələrdə təşkil olunan müxtəlif formatlı forumlardakı konkret və açıq sülhsevər mövqeyi, aydın siyasi xətti və qarşılıqlı əməkdaşlıq istiqamətində atdığı əhəmiyyətli addımları ilə dünya birliyinə layiqli töhfələr verir. Bu mənada Azərbaycanın Birləşmiş Millətlər Təşkilatı Təhlükəsizlik Şurasının üzvü olması heç də təsadüfi deyil, ölkədə qazanılmış böyük siyasi-diplomatik təcrübənin məntiqi yekunudur. Müstəqil Azərbaycan dövləti dünyada xalqların qarşılıqlı əməkdaşlığına münbit şərait yaradan, münaqişələrin sülh yolu ilə həll olunmasına zəmin hazırlayan, səmərəli inteqrasiya proseslərinə təkan verən bir ölkə imici qazanmışdır.

Aşkar şəkildə görmək mümkündür ki, atılan hər addımda ölkəmizin və xalqımızın milli maraqları və dünyada gedən inkişaf prosesləri əsasında böyük birlik naminə və dərin cavabdehlik üçün zəruri olan amillərə üstünlük verilməsi Azərbaycan dövlətinin real siyasətidir. Bu ilin aprel ayının 24-də Çex Respublikasının paytaxtı Praqa şəhərində Avropa İttifaqının "Şərq tərəfdaşlığı" Proqramının 5 illiyinə həsr olunmuş Sammitdə Azərbaycanın dövlət nümayəndə heyətinin fəal iştirakı və ölkə başçısı Prezident İlham Əliyevin həmin əhəmiyyətli forumdakı dərin məzmunlu nitqi milli dövlətçilik maraqları cəhətdən olduğu kimi, Azərbaycan-Türkiyə münasibətlərinin yeni mərhələsi, eyni zamanda Avropaya inteqrasiya proseslərinin tənzimlənməsi baxımından da böyük əhəmiyyət və xüsusi aktuallıq kəsb edir.

Azərbaycanda Türkiyə Cümhuriyyətinə münasibətin hər iki ölkədə və dünyada qəbul olunmuş "Tək millət - iki dövlət" formulu qəbul olunmuşdur. Görkəmli dövlət xadimi Heydər Əliyevin dahiyanə şəkildə müəyyən etdiyi bu model ölkələrimizin və xalqlarımızın bundan əvvəlki çoxəsrlik tarixinə də, müasir dövlətimizə və gələcək taleyimizə də işıq salır. Azərbaycan dövləti və xalqımız üçün ulu öndər tərəfindən ifadə olunmuş "Tək millət - iki dövlət" formatı Azərbaycan-Türkiyə münasibətlərinin isbat olunmuş düsturudur. Azərbaycan tərəfi müasir tariximizin və çağdaş ictimai həyatımızın bütün məqamlarında həmişə Türkiyə ilə çoxcəhətli münasibətlərə bu mövqedən yanaşdığını nümayiş etdirmişdir. Qeyd etməyi lazım bilirəm ki, Türkiyə tərəfində də Azərbaycana münasibətin Heydər Əliyev düsturu atalar sözü səviyyəsində qəbul olunur.

Prezident İlham Əliyevin 24 aprel 2014-cü il tarixdə Praqada Avropa İttifaqının "Şərq tərəfdaşlığı" Proqramının 5 illiyinə həsr olunmuş Sammitdə Ermənistan prezidenti Serj Sarkisyana verdiyi tutarlı və sərrast cavab bir çox cəhətdən mühüm əhəmiyyətə malikdir.

Birinci, ona görə ki, Azərbaycan həmişə olduğu kimi növbəti dəfə də beynəlxalq səviyyədə dünya ictimaiyyəti qarşısında Türkiyə Cümhuriyyətinin haqqını obyektiv şəkildə müdafiə etdiyini və dəstəklədiyini nümayiş etdirmişdir. Bu, o deməkdir ki, beynəlxalq miqyaslı tədbirlərdə, beynəlxalq təşkilatlarda tərəflərdən birinin olub-olmamasından asılı olmayaraq "tək millət - iki dövlət"in sadiq təmsilçiləri olan ölkələrimiz üzərlərinə düşən məsuliyyətli vəzifələri daima yüksək səviyyədə yerinə yetirməyi əbədi anda çevirmişlər. Bu mənada Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Praqa Sammitində Ermənistan prezidentinin Türkiyəni soyqırımda nahaqdan ittiham etməsindən sonra "Masa arxasında Türkiyə nümayəndələri yoxdur ancaq mən buradayam" bəyanatı ölkələrimiz və xalqlarımız arasındakı möhkəm tarixi birliyin, qarşılıqlı etimadın və dərin məsuliyyətin mükəmməl nümunəsidir. Praqa Sammiti göstərir ki, ölkələrarası münasibətlərdə tarixi-mənəvi birlik müasir siyasi proseslərin axarında nəinki uğurla davam etdirilir, hətta qarşıya çıxan hər yeni addımla daha da möhkəmləndirilir.

İkincisi isə fikrimcə, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Praqada nümayiş etdirdiyi aydın və qətiyyətli mövqe Azərbaycan-Türkiyə münasibətlərindəki cavabdehlik məsuliyyətinin dövlətlərarası münasibətlər müstəvisindəki konkret əməli göstəricisidir. Bundan başqa, Prezident İlham Əliyevin bəyanatı və təhlilləri Azərbaycanın Türkiyə ilə birlikdə regionda sülhə və təhlükəsizliyə də cavabdeh olduğunu nümayiş etdirir. Azərbaycan-Türkiyə birliyi və əməkdaşlığı, bu birliyin ədalətli mövqeyi geniş mənada dünya birliyi üçün də əhəmiyyətlidir, regionda tarazlığın, sabitliyin qorunmasına və möhkəmləndirilməsinə böyük təminatdır. Azərbaycan Respublikası Prezidentinin nitqinin məntiqində ölkə üçün də, region mənasında da, beynəlxalq ictimaiyyət baxımından da mühüm əhəmiyyətə malik olan müddəalar öz əksini tapmışdır. Bu, dövlət səviyyəsində ifadə olunmuş və cavabdehlik düşüncəsindən doğmuş obyektiv cavabdır.

Məlum olduğu kimi, Ermənistan hər il 24 apreli süni şəkildə ermənilər üçün "soyqırım" kimi dünyaya qəbul etdirmək baxımından geniş iş aparır. Erməni lobbisinin və beynəlxalq qurumlardakı onları dəstəkləyən bəzi qüvvələrin səyləri nəticəsində onlar zorla və təzyiqlə, daha çox isə muzdla müəyyən tərəfdarlar da tapa bilirlər. Lakin Azərbaycanın və Türkiyənin apardıqları böyük və ardıcıl mübarizə şəraitində dünya ictimaiyyəti "yazıq erməni" mifi kimi, uydurma "Böyük Ermənistanın" da heç bir əsasa söykənməyən boş xülya olduğundan xəbərdardır. Bununla belə, Ermənistanın rəhbərliyi və ideoloqları həmin istiqamətdə səylərini daim davam etdirirlər. Hətta onlar gələn il uydurma soyqırımının ildönümünü yuvarlaq rəqəm kimi qeyd etməyə də start veriblər. Ermənistan prezidenti Serj Sarkisyanın Avropa Şurasının "Şərq tərəfdaşlığı" Proqramının 5 illiyinə həsr olunmuş Praqa Sammitindəki çıxışının əsasən uydurma erməni soyqırımına həsr edilməsi də hər təsadüfdən istifadə etməklə özlərinin saxtakar məqsədlərini həyata keçirmək cəhdinin daha bir addımıdır.

Prezident İlham Əliyev tərəfindən Praqa Sammitində Türkiyəyə münasibətində Ermənistanın növbəti saxtakar mövqeyi bu beynəlxalq forumun mötəbər iştirakçılarına, əslində isə dünya ictimaiyyətinə əsaslı şəkildə çatdırılmışdır. Bəlli olduğu kimi, Azərbaycan tərəfi Türkiyə Cümhuriyyəti rəhbərliyinin I Dünya müharibəsi zəminində baş vermiş 1915-ci il hadisələrinin mahiyyətinin açıqlanmasında elm adamlarının obyektiv araşdırmalarına normal şərait yaratmaq haqqındakı bəyanatlarını haqlı və məntiqli hesab edir. Hətta Türkiyə tərəfinin bütün arxivləri dünya elmi ictimaiyyətinin üzünə açmaq kimi ciddi bir öhdəliyi üzərinə götürməsini geniş mənada dünya birliyi də əhəmiyyətli, düşünülmüş addım kimi qəbul edir.

Buna baxmayaraq, Ermənistanın bu məsələyə indiyədək etinasız yanaşması onların açıq-aşkar obyektivlikdən çox uzaq olduqlarını göstərir. Deməli, Ermənistana real tarixi gerçəklikdən qat-qat çox özlərinin məkirli niyyətlərinə çatmaq üçün çirkin oyunlar, boş uydurmalar daha sərfəlidir. Həm də onu da dünyada bilənlər az deyildir ki, Ermənistanın arxivlərində mühafizə olunan sənədlərin çoxusu Şərq əlyazmalarından, azərbaycanlılar tərəfindən idarə olunan İrəvan xanlığının materiallarından, yaxud da İrəvan quberniyasının sayca üstünlük təşkil etdiyi azərbaycanlı əhalisinin vəziyyətini əks etdirən yazışmalardan, hesabatlardan ibarətdir. Ona görə də Ermənistan üçün ən böyük faciə hər iki tərəfin arxivlərinin açılmasından sonra baş verə bilər. Ermənilər arxiv sənədlərinin onların uydurmalarına və xülyalarına cavab verə bilməyəcəyini yaxşı başa düşürlər. Bu mənada Prezident İlham Əliyevin Praqa Sammitində Ermənistan-Türkiyə münasibətinin kulminasiya nöqtəsini təşkil edən uydurma soyqırım məsələlərinin dəqiq öyrənilib müəyyən olunması baxımından Türkiyənin arxivlərinin açılması ideyasını gündəmə gətirməsi ədaləti aşkara çıxarmaq baxımından atılmış addıma ölkəmizin verdiyi böyük önəmi diqqət mərkəzinə çəkir.

Bir neçə il əvvəl Türkiyə rəsmiləri tərəfindən bəyan olunmuş bu çağırışın Praqa Sammitində Avropa miqyasında Azərbaycan tərəfdən yenidən səsləndirilməsi həm ümumiyyətlə haqqa-ədalətə, həm də Türkiyə Cümhuriyyətinin haqlı tələbinə tərəfdar olmağın bəyanatıdır. Bu həm də Ermənistanın bədnam siyasətini bir daha beynəlxalq ictimaiyyətin diqqətinə çatdırmaq cəhətdən də ibrətamizdir. Qoy "Şərq tərəfdaşlığı" Proqramını meydana qoyan Avropa bir daha bilsin ki, əhəmiyyətli saydığı tərəfdaş ölkələrin sıralarında kimlər də vardır və onlar hansı çirkin oyunlarla məşğuldurlar. Prezident İlham Əliyevin Türkiyənin arxivlərini açmağa çağırışları ətrafındakı mülahizələri Ermənistanın paxırının açılmasına şərait yaradır: "Türkiyə-Ermənistan əlaqələrinə gəldikdə, Baş nazir Ərdoğan bir neçə il öncə bəyanatla çıxış edərək Ermənistan rəhbərliyinə bütün arxivləri açmağı təklif etmişdir ki, tarixçilər iki xalq arasındakı münasibətlərin tarixi məqamlarını nəzərdən keçirsinlər. Ancaq bu təklif adekvat cavabla qarşılanmadı".

Çünki tarixdə baş verənlərlə ermənilərin uydurduqları bir-birinin tərsidir. Türkiyənin və region dövlətlərin, o cümlədən Azərbaycanın da arxivlərində ermənilərin XX əsrin əvvəllərində törətdikləri qanlı hadisələrə, qətliamlara, terrora dair çoxlu sayda kifayət qədər tutarlı dəlil-sübutlar, ciddi sənədlər vardır. Son illərdə həm Azərbaycanda, həm də Türkiyədə uzun illər məxfi saxlanılmış həmin sənədlərin böyük əksəriyyəti kitab halında nəşr edilərək ictimaiyyətə təqdim olunmuşdur. Fikrimcə, qarşıda duran əsas vəzifə Ermənistanın arxivlərinin açılmasını gözləmədən Azərbaycanda axtarışları davam etdirməkdən, aşkar olunan çoxsaylı nadir sənədləri Avropa dillərinə tərcümə edərək kitab kimi çap etdirməklə dünyaya çatdırılmasından ibarətdir.

Praqa Sammitindəki tarixi nitqi Prezident İlham Əliyevin Azərbaycanla əlaqədar meydana çıxan istənilən suala, ortaya atılan bütün problemlərə yüksək siyasi səriştə ilə cavab vermək, dünyaya mesaj kimi səslənəcək bəyanatlarla çıxış etmək istedadına malik olduğunu bir daha diqqət mərkəzinə çəkir. Bu mənada Praqa Sammitində Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllində Ermənistan tərəfinin mövqeyinin qeyri-konstruktiv yanaşma olduğunu yenidən isbat etməsi Prezident İlham Əliyevin diplomatik məharəti ilə bir sırada, geniş siyasi dünyagörüşə, mükəmməl analitik təfəkkürə malik olduğunu əyani surətdə nümayiş etdirir. Bəllidir ki, Ermənistan rəsmisinin Avropa miqyaslı tədbirdə Türkiyə ilə sərhədlərin bağlanması məsələsini yanlış mövqedən, gerçəkliyə uyğun olmayan bucaqdan yozması Azərbaycan üçün də, dünya birliyi üçün də həssas məsələdir və obyektiv cavabın verilməsi zərurətini meydana çıxarır.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin bu problemlə əlaqədar Praqa Sammitində səsləndirdiyi fikirlər qarşı tərəfə qəti cavab olmaqla bərabər, həm də məsələyə yeni səviyyədə, qlobal miqyasda baxmağı tələb edən qüvvətli tezislərdir: "Türkiyə ilə Ermənistanın sərhədi Azərbaycanın Kəlbəcər rayonunun 1993-cü ilin aprelində işğalından sonra bağlanıb. Bundan əvvəl isə bütün azərbaycanlılar Dağlıq Qarabağdan qovulub. Dağlıq Qarabağ əhalisinin 30 faizini azərbaycanlılar idi. Ermənilər... ümumilikdə Azərbaycanın 7 rayonunu işğal ediblər ki, bu da Azərbaycanın beynəlxalq səviyyədə tanınan ərazisinin 20 faizini təşkil edir. Bizim əhali etnik təmizləməyə məruz qalıb və bu işğal BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsinə, Avropa Parlamentinin qətnaməsi və Avropa Şurası Parlament Assambleyasının qətnaməsinə baxmayaraq, bu günədək davam edir. Ermənistan bu qətnamələrə məhəl qoymur və nə tarixən, nə də beynəlxalq hüququn normalarına əsasən onlara aid olmayan ərazinin işğalını davam etdirir. Eyni zamanda onlar Azərbaycanı qeyri-konstruktiv yanaşmada günahlandırmaqda davam edirlər. Bizim torpaqlarımız işğal altındadır... Öz müqəddəratını təyinetmə ölkələrin ərazi bütövlüyünün pozulması hesabına əldə olunmamalıdır".

Bu bəyanatdakı "Azərbaycanın beynəlxalq səviyyədə tanınan ərazisi", "onlara (ermənilərə - İ.H.) aid olmayan ərazi" və "ölkənin ərazi bütövlüyü" anlayışları bir-birini tamamlayan, həm Azərbaycanın tarixi torpaqlarına dair reallıqları əks etdirən, həm də müstəqil dövlətimizin ardıcıl və məqsədyönlü diplomatik səyləri ilə beynəlxalq ictimai rəydə əldə olunan mühüm nəticələri ifadə edir. Bəli, aktiv aparılan çoxillik mübarizə sayəsində artıq dünya ictimaiyyəti yaxşı bilir ki, "Azərbaycanın beynəlxalq səviyyədə tanınan ərazisi" vardır və Dağlıq Qarabağ da həmin ərazinin tərkibində qədim Azərbaycan torpağıdır.

Haqlı olaraq göstərildiyi kimi, Ermənistanın ərazi iddialarını əks etdirən yanaşmaları beynəlxalq hüquq baxımından da uydurma və qeyri-konstruktiv baxışlardan ibarətdir. Beynəlxalq ictimaiyyət yaxşı bilir ki, indiki Ermənistan dövləti XIX əsrdə və XX əsrin əvvəllərində tarixi Azərbaycan ərazilərində çar Rusiyasının və bolşevik sovet dövlətinin yaratdığı qeyri-qanuni qurumdur. Ermənistan zaman-zaman Balkanlardan və qonşu ölkələrin ərazilərindən Qafqaza köç edərək gəlib burada məskunlaşan, böyük güclərin maraqları əsasında formalaşdırılan qondarma bir ölkədir. Ermənistanın Azərbaycan və Türkiyə torpaqlarına əsassız iddialarında da heç bir tarixi reallıq yox, yalnız və yalnız mənasız bir utopiya, böyük uydurma dayanır. Ermənistanın yeni torpaqlara sahib olmaq iddiası o ölkədə çoxəsrlik bir köçərilik psixologiyası formalaşdırıb.

Məlum olduğu kimi, son illər ərzində də Ermənistanın əhalisinin yarısı dünyanın müxtəlif ölkələrinə köç etmiş, ayrı-ayrı coğrafiyalarda məskunlaşmışdır. Bununla belə, Ermənistan rəhbərliyi əhalisi didərgin kimi dünyaya səpələnmiş, əraziləri boşalmaqda olan respublikanın problemləri ilə məşğul olmaq əvəzinə erməni miqrantlarının sıx olduğu ölkələrdə müxtəlif cür anormal iddialar irəli sürməklə, təhlükəli hərəkətlər törətməklə məşğuldur. Bununla yanaşı, qarışıqlıq salmaq üçün dünyada süni şəkildə yaradılmış "erməni təhlükəsi" mifi yaratmaq istəyənlər də vardır. Dünya ictimaiyyətinin, beynəlxalq təşkilatların region dövlətlərinin diqqətini məsələnin bu cəhətinə yönəltmək, bir çox hallarda ikili standartlarla xüsusi olaraq meydana atılan belə məsələlərin mahiyyətinin tam mənası ilə açıqlanmasına nail olmaq və birgə səylərlə qarşısının alınmasını təmin etmək yeni tarixi epoxanın irəli sürdüyü aktual və məsuliyyətli bir vəzifədir.

Bu mənada Azərbaycan  Prezidenti İlham Əliyevin müasir dövrdə uydurma Ermənistan xülyası ətrafında söylədiyi konkret fikirlər təkcə Azərbaycan və Türkiyə baxımından deyil, geniş mənada dünya üçün, Avropa evi üçün, xüsusən də tərəfdaşlığa çağırılan region dövlətlərindən ötrü çox düşündürücü və səfərbəredici məsələlərdir. Məsələyə beynəlxalq hüquqi müstəvidə yanaşmanın da Ermənistan tərəfdən saxtalaşdırılmasına diqqətin cəlb edilməsi də mühüm vəzifədir. Bunlara görə Prezident İlham Əliyevin millətlərin öz müqəddəratını təyinetmə hüququna Ermənistanın saxtakar və qeyri-konstruktiv yanaşmasının mahiyyəti haqqında irəli sürdüyü mülahizələr Praqa Sammitinin ana xəttini təşkil edir: "Helsinki Yekun Aktında ərazi bütövlüyü və öz müqəddəratını təyinetmə prinsipləri çox aydın əks olunub. Öz müqəddəratını təyinetmə ölkələrin ərazi bütövlüyünün pozulması hesabına əldə olunmamalıdır. Üstəgəl, ermənilər artıq öz müqəddəratlarını təyin ediblər, onların müstəqil Ermənistan dövləti var. Təsəvvür edin, əgər ermənilər hər yaşadıqları yerdə öz müqəddəratını təyin etməyi davam etdirsələr, nə baş verər. Onlar burada - Çex Respublikasında, Gürcüstanda, Rusiyada, Amerikada, yaşadıqları istənilən yerdə eyni yanaşma göstərə bilərlər. Onların öz dövləti var, onlar öz müqəddəratını təyin edib".

Bütün bunlar ümumilikdə Ermənistanın ədalətsiz, qeyri-konstruktiv mövqeyini ifşa edir, Azərbaycanın isə real beynəlxalq hüquqa əsaslanan sabit siyasi xəttini nümayiş etdirir. Bu mənada Praqa Sammitində Prezident İlham Əliyevin səsləndirdiyi suallar dünyada sülh və təhlükəsizlik üçün cavabdeh olan, məsuliyyət daşıyan hər bir dövləti və beynəlxalq təşkilatı bir daha düşünməyə, iş və əməl birliyi nümayiş etdirməyə çağıran bəyanatlar səviyyəsində səslənir: "...Azərbaycan xalqı bir sual verir: Niyə Ermənistana sanksiyalar qoyulmur? Niyə Avropa Şurasındakı Ermənistan nümayəndə heyəti səsvermə və söz hüququndan məhrum edilmir? Onlar digər bir ölkənin ərazilərini işğal ediblər, beynəlxalq hüquq normalarını pozurlar, BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsini kobud şəkildə pozurlar və heç bir sanksiya tətbiq edilmir, heç bir cəza verilmir. Qanunsuz, kriminal Dağlıq Qarabağ rejiminin qondarma nümayəndələri Avropa paytaxtlarına vizalar alırlar. Bu dözülməzdir və buna son qoyulmalıdır".

Nəticə olaraq, demək lazımdır ki, Prezident İlham Əliyevin Praqa Sammitindəki dərin məzmunlu nitqi dünyada sülh və təhlükəsizliyə növbəti töhfədir. Ölkə başçısının nitqində səslənən məsələlər Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllində Azərbaycan Respublikasının tutduğu obyektiv və konstruktiv mövqeyi açıq və aydın şəkildə nümayiş etdirir. Praqa Sammitində Azərbaycan-Türkiyə münasibətləri istiqamətində nümayiş etdirilən konkret mövqe ilk növbədə mövcud reallıqları, ümumiyyətlə isə müəyyən olunmuş strategiyanın obyektivliyini və dönməzliyini əyani şəkildə beynəlxalq ictimaiyyətin diqqətinə çatdırır. Praqa Sammiti Azərbaycanın dünya birliyində özünün sabit mövqeyinə bir daha sədaqət göstərdiyini, sülhün və əməkdaşlığın genişləndirilməsində maraqlı olduğunu, məhz etibarlı tərəfdaşlıq prinsiplərini əhəmiyyətli hesab etdiyini beynəlxalq aləmə nümayiş etdirmişdir. Praqa Sammiti Azərbaycan-Türkiyə dostluğunun və birliyinin salnaməsinə də qiymətli bir səhifə kimi daxil olmuşdur.

Ümumiyyətlə, Azərbaycan İlham Əliyevin Avropa İttifaqının "Şərq tərəfdaşlığı" Proqramı üzrə Praqa Sammitindəki tarixi nitqi etibarlı tərəfdaşlıq anlayışını daha da dərinləşdirən, zənginləşdirən və möhkəmləndirməyə xidmət edən çağırış kimi böyük əhəmiyyətə malikdir. Bütövlükdə isə Praqa Sammiti ortaq problemlərin həlli və yeni inkişaf üçün böyük perspektivlər açır.

 

 

İsa HƏBİBBƏYLİ,

Azərbaycan Milli Elmlər Akademiyasının

 vitse-prezidenti, Milli Məclisin deputatı, akademik

Azərbaycan.-2014.- 2 may.- S.9.