«Albaniya», «Qafqaz Albaniyası», yoxsa «Azərbaycan
Albaniyası»
Tariximizi
"ağ ləkə"lərdədən təmizləyək
Son illərin geniş quruculuq işləri nəticəsində Azərbaycanın dinamik inkişafı və dünya birliyində siyasi-iqtisadi nüfuzunun artması bizi gözü götürməyənləri narahat etməkdədir. Rusiyadakı havadarlarına arxalanaraq Qarabağa olan ərazi iddialarının hərbi yolla müvəqqəti də olsa reallaşdırılmasına nail olan İrəvan rejimi ideoloji sferanın müxtəlif sahələrində olduğu kimi, tarixi keçmişimizlə bağlı ümummilli məsələlərə də antiazərbaycan mövqeyindən yanaşaraq hər vəchlə işğalçılıq siyasətinə haqq qazandırmağa çalışır. Uydurma böyük Ermənistan xəyalı ilə yaşayanlar Arazdan şimaldakı ərazilərin xalqımızla bağlılığını inkar edir, ətrafına həmfikirlər toplamaq üçün dəridən-qabıqdan çıxaraq tariximizin bütün dövrlərini saxtalaşdırmaqda davam edirlər.
Son zamanlar erməni saxtakarlığına uyaraq onlarla həmrəylik nümayiş etdirənlərin çevrəsinin genişlənməsi və antiazərbaycan planlarına bəzi Dağıstan "tarixçilərinin" də qoşulması təəssüf doğurur. Bu baxımdan Azərbaycanın dövlətçilik tarixində müstəsna yeri olan Albaniyanın ortaq hədəf seçilməsi təsadüfi sayıla bilməz. Albaniyanı qondarma böyük Ermənistanın "Şərq vilayəti" kimi təqdim edən erməni ideoloqları özlərini bu qədim dövlətin siyasi varisləri, onların məkrli niyyətlərinə uyanlar isə "aparıcı etnosu" hesab etməklə Albaniyanı Azərbaycan xalqının tarixindən silməyə çalışırlar. Əslində Cənubi Qafqazın Albaniya dövlətinə qətiyyən aidiyyəti olmayan xalqı varsa, o da ermənilərdir. Fəratın yuxarı vadilərində, İranmənşəli sülalələr tərəfindən idarə olunan Armina / Armeniya çarlığında məskunlaşan ermənilər bir etnos kimi formalaşmağa başlayarkən [Y.Mahmudov. "Real tarix və "böyük Ermənistan" uydurması". Bakı, 2014] dağınıq alban tayfalarının vahid siyasi qurum halında birləşməsi prosesi başa çatmışdır. Alban etno-mədəni irsinin kimə (və ya kimlərə) məxsus olduğu uzun illərdir ki, fərqli mənbələr və metodlar əsasında araşdırılır. Problemin həllinə nisbətən fərqli müstəvidən "terminoloji aspektdən" yanaşdıqda onun ilk vaxtlardan qəlizləşdirildiyi qənaətinə gəlirik.
Şimali Azərbaycanın tarixi keçmişinin uzun bir dövrü Albaniyanın adı ilə bağlıdır. Antik dövr və erkən orta əsr mənbələrinin məlumatları Albaniyanın etnosiyasi tarixinin 1000 illik (e.ə.IV b.e.VII əsrləri) dövrünün öyrənilməsində mühüm əhəmiyyətə malikdir. Aparılan çoxillik arxeoloji qazıntılardan əldə olunan maddi mədəniyyət nümunələri Albaniya haqqındakı biliklərimizi xeyli zənginləşdirdi. Tale belə gətirdi ki, Albaniyanın tarixi Azərbaycanın qədim tarix elmində ən prioritet mövzuya çevrildi və bu istiqamətdəki araşdırmalar keçmişimizlə bağlı problemlərə xeyli dərəcədə aydınlıq gətirdi. Bu sahədə əhəmiyyətli nailiyyətlər əldə olunsa da, qaranlıq qalan və mübahisə doğuran məsələlər hələ də qalmaqdadır. Elə məsələlər var ki, süni surətdə yaradılıb və onların həlli heç də faktoloji materialın azlığı ilə bağlı deyil. Bu yazıda biz onlardan birinə və Albaniya ilə bağlı bəlkə də ən mühümünə toxunmaq istərdik. Nə üçün dövlətçilik tariximizdə, milli-mənəvi dəyərlərimizin formalaşması prosesində önəmli yeri və rolu olan bir ölkə zaman-zaman "Qafqaz Albaniyası", "Klassik Albaniya", "Antik Albaniya" və ya sadəcə "Albaniya" adlandırılıb?
Albaniya haqqında məlumat verən antik dövr yunan və Roma müəllifləri bu ölkəni və onun sakinlərini geniş anlamda Qafqazın tərkib ünsürü kimi təqdim edirlər. Belə ki, Strabonun (e.ə. 64 - b.e. 24-cü illəri) "Coğrafiya" əsərində (XI, 2, 15) oxuyuruq: "Bu dağ (Qafqaz - A.Ə.) hər iki dəniz - Pont (Qara dəniz - A.Ə.) və Kaspi (Xəzər - A.Ə.) dənizləri üzərində ucalır, onları bir-birindən ayırır, cənubdan Albaniya və İberiyanı, şimaldan isə Sarmatiya düzlərini ayırır".
Həmin mənbənin digər yerində (XI, 5, 6) deyilir: "Əsl Qafqazın ən uca sıra dağları Albaniya və İberiya ilə, habelə kolxların və genioxların əraziləri ilə sərhədlənən ən cənub dağlardır".
Hər iki məlumatdan aydın olur ki, Albaniya "Qafqaz" adlanan dağlıq massivi bütünlüklə əhatə etmirdi. Görünür, Strabonun təsəvvüründəki Qafqaz bizim Böyük (və ya Baş) Qafqaz kimi tanıdığımız və Kiçik Qafqazı əhatə etməyən məkanla üst-üstə düşürdü. Bütün hallarda Albaniya və Qafqaz iki fərqli coğrafi nomenklatura kimi xatırlanır. Bu fakt daha çox Klavdi Ptolemeyin (100-165-ci illər) "Coğrafi bələdçi" və Plini Sekundun "Təbii tarix" əsərlərində qeydə alınıb [Aliev K. Drevneqreçeskie i latinskie pervoistoçniki po istorii drevneqo Azerbaydjana (s primerami novoqo tolkovaniə). Baku, 2010,
s. 213, 224, 225, 226].
Albaniya və onun sakinləri haqqında İosif Flavinin "Yəhudilərin qədim tarixi", Pomponi Melanın "Yerin təsviri", Plutarxın "Müqayisəli tərcümeyi-hallar", Korneli Tasitin "Annallar" və "Tarix", Dion Kassinin "Roma tarixi", Pompey Troqun "Ümumi tarix", Kvint Kursi Rufun "Böyük İsgəndərin tarixi", Sekst Yuli Frontinin "Hərbi hiylələr", Musa Kalankatlının "Albaniya tarixi", gürcü salnaməsi "Kartlis Sxovreba" və digər əsərlərdə də xeyli məlumat var.
Birmənalı şəkildə demək lazımdır ki, Azərbaycanın Arazdan şimalda yerləşən əraziləri antik dövrdə "Albaniya" adlanırdı. Heç bir halda "Qafqaz Albaniyası" və ya "Qafqazın Albaniyası" kimi ifadələrə rast gəlinmir.
Antik yazarların məlumatlarından bəlli olur ki, Albaniya dövlətinin sərhədləri şimalda Baş Qafqaz dağlarından (Dərbənd də daxil olmaqla) cənubda Araz çayına qədər, qərbdə isə Göyçə gölü hövzəsi, Qabırrı (İori) və Qanıx (Alazan) çaylarının yuxarı axarlarından başlayaraq şərqdə Xəzər sahillərinədək uzanan geniş ərazini əhatə edirdi. Başqa sözlə, Albaniya ölkəsi əsasən "Zaqafqaziya" adı ilə tanınan regionun şərq hissəsində, müasir Azərbaycan Respublikasının ərazisində yerləşirdi, müasir Gürcüstan və Ermənistan respublikalarının şərq, Dağıstanın isə cənub torpaqları bu ölkənin - Albaniyanın ucqar əyalətlərini təşkil edirdi.
Maraqlıdır ki, Albaniyaya dair nəşr olunan ilk əsərlərdə də "Qafqaz Albaniyası" ifadəsi işlədilməyib [Gnüiklopediçeskiy leksikon. Tom I. İzd. Plöşera. Sankt-Peterburq, 1835, s. 145; Bu əsərdə "Drevneaziatskaə Albaniə" ifadəsi işlənib. A.A.Bakıxanovun 1841-ci ildə qələmə aldığı "Gülüstani-İrəm" əsərində "Albaniya" termini ilə qarşılaşırıq. Bax: A.Bakıxanov. Gülüstani-İrəm. Bakı, 2000, s. 16]. Ümumiyyətlə, XIX əsrin elmi ədəbiyyatında (İ.Şopenin, B.Dornun, V.Tomaşekin, A.Manandyanın əsərlərində) bu dövlət həqiqi tarixi adı ilə - "Albaniya" adlandırılıb.
1954-cü ildə respublikamızda "Azərbaycan tarixi"nin ilk akademik nəşrinin ikicildlik maketi çap olundu. Maket-kitabın I cildində (səh. 34-38, 41, 43-46, 48-52) qədim dövlətmizin adı "Albaniya" kimi təqdim olunur.
1958-ci ildə bu uğurlu maket əsasında üçcildlik "Azərbaycan tarixi"nin rus dilində birinci cildi işıq üzü gördü. Kitabın 50-67-ci səhifələrində də qədim dövlətimiz "Albaniya" adlanır.
Müstəqillik dövründə nadir hallarda da olsa "Albaniya" termini işlənirdi [Azərbaycan tarixi, Bakı, 1993, s. 87-102; Azərbaycan tarixi. Yeddi cilddə. Birinci cild, Bakı, 1998. Bu akademik nəşrdə bəzən (s. 336, 344-350) "Qafqaz Albaniyası" ifadəsi ilə qarşılaşırıq]. Qəribədir ki, həmin yeddi cildlik akademik nəşrin N.Vəlixanlının məsul redaktor olduğu II cildinin Albaniya ilə bağlı I, II, III, V və VI fəsillərində (səh. 15-83, 109-169) bu dövlət düzgün olaraq "Qafqaz Albaniyası" deyil, "Albaniya" adlandırılıb.
İlk dəfə 1846-cı ildə A.Yanovski tərəfindən elmi ədəbiyyata "Qafqaz Albaniyası" ifadəsi gətirildi [Ənovskiy A. O drevney Kavkazskoy Albanii // Jurnal Ministerstvo narodnoqo prosveheniə. Çastğ 52, Sankt-Peterburq, 1846, s. 97-136, 169-203]. Albaniyanın tarixini antik müəlliflərin məlumatları əsasında araşdıranlar yalnız bir əsrdən sonra A.Yanovskinin "Qafqaz Albaniyası" ifadəsinə müraciət etməli oldular. Bu müddət ərzində Albaniya dövlətinin adının yazılışında vahid bir forma müəyyən olunmadığından alimlər istədikləri fərqli nomenklaturalara müraciətlə gah "Klassik Albaniya" (A.E.Krımski), gah da "Qədim Albaniya" (İ.Seqal, E.İ.Krupnov) ifadəsini tətbiq edirdilər.
Belə qeyri-müəyyənlik çox davam edə bilməzdi. İkinci Dünya müharibəsi qurtaran kimi Z.Yampolskinin "K voprosu o proisxojdenii Kavkazskix albanüev"// İzvestiə Azerbaydjanskoqo Filiala Akad. Nauk SSSR, 1945, ¹1 adlı məqaləsi dərc olunur və bununla da qondarma "Qafqaz Albaniyası" ifadəsinin tətbiqinə yenidən start verilir. Müəllif ömrünün sonuna qədər təkidlə bu ifadənin işlədilməsinin tərəfdarı olur.
K.V.Treverin "Oçerki po istorii i kulğture Kavkazskoy
Albanii (IV v. do n.g.-VII v.n.g.)" (Moskva-Leninqrad, 1959)
monoqrafiyasının nəşrindən və Kremldən gələn
təlimatdan (!) sonra respublikada qədim dövlətimizin yunan adına - "Albaniya" termininə
münasibət dəyişdi. Tarixçilər,
arxeoloqlar, memarlar ümumi axına qoşularaq dövlətin
adını "Qafqaz Albaniyası" kimi təqdim edirdilər.
"Albaniya" termininin əslində yerli adın
yunanlaşdırılmış forması olması heç
kimdə şübhə doğurmur. XIX əsrin I
yarısında rusdilli ədəbiyyatda bu terminə Qafqaz
oroniminin əlavə olunması başadüşüləndir;
"Qafqaz" oronimi nə siyasi, nə etnik, nə də
müstəqil arxeoloji mədəniyyət kimi fərqli mənalar
kəsb etmir və ümumiləşdirilmiş sırf
coğrafi anlayışdır. XVIII əsrdə
"Qafqaz" anlayışının coğrafi arealı
süni surətdə xeyli genişləndirildi və antik
müəlliflərin tanıdığı Qafqazın
hüdudlarını aşdı. Nəticədə
"Qafqaz" və "Albaniya" terminləri
arasındakı uyğunsuzluq daha qabarıq formada üzə
çıxdı. Əslində "Qafqaz Albaniyası" ifadəsi
Albaniyanın coğrafi mövqeyinə qeyri-müəyyənlik
gətirir. Məlum məsələdir ki,
"Qafqaz Albaniyası" ifadəsini elmi ədəbiyyata gətirənlər
heç də bu coğrafi nomenklaturanı Balkanlardakı eyni
adlı dövlətdən fərqləndirmək məqsədi
güdmürdülər. 1826-1828-ci illərin Rus-İran
müharibəsi başa çatdıqdan və Azərbaycanın
şimal torpaqları Rusiya imperiyasının tərkibinə
qatıldıqdan sonra Rusiyanın dövlət məmurları
və elmi ictimaiyyəti qarşısında imperiya təbəələrinin
etnik mənşəyinin, tarixi keçmişinin, mədəniyyətinin
öyrənilməsi kimi yeni vacib məsələ meydana
çıxdı. Bölgədəki kəskin
etnomədəni və dini kontrastı cilalamaq baxımından
"Qafqaz" çar Rusiyası məmurlarını qane edəcək
ən optimal termin idi. Digər tərəfdən o da nəzərə
alınmalıdır ki, hələ "Azərbaycan",
"Gürcüstan", "Ermənistan",
"Dağıstan" kimi məfhumlar Qafqaz mühiti
üçün işlək deyildi.
Sovet dövründə isə
"Qafqaz Albaniyası" ifadəsinin saxlanması bölgənin
"qardaş" xalqları üçün süni surətdə
ortaq tarixin və mədəni dəyərlərin
yaradılmasına və bu yolla Albaniyanın yalnız (və
ya təkcə) Azərbaycana aid olmadığı
ideyasının aşılanmasına hesablanmışdı. Sonda bu tendensiya Dağıstandakı müəyyən
dairələrin, xüsusilə ermənilərin və bəzi
hallarda gürcülərin Albaniyaya şərik
çıxaraq "özünküləşdirmək" cəhdlərinə
gətirib çıxardı.
"Qafqaz Albaniyası" ifadəsində ziddiyyətli
məqamlardan biri də odur ki, bu ad altında Albaniyada məskunlaşan
əhalinin Qafqaz mənşəli (əsasən
Nax-Dağıstan dil qrupuna daxil olan etnoslar) olduğu rəsmiləşdirilir. Halbuki
Albaniyada türkdilli etnosların da yayıldığına
dair çoxsaylı məlumatlar vardır.
Sovetlərin süqutundan və dövlət müstəqilliyimizin
bərpasından sonra qədim dövlətimizin adı ilə
əlaqədar "Qafqaz Albaniyası" ifadəsinin elmi
dövriyyədə saxlanmasına olan ehtiyac heç bir məntiqlə
izah olunmur.
Yeddi cildlik "Azərbaycan tarixi"nin
akademik nəşrinin 1998-ci ildə işıq üzü
görən birinci cildində Albaniya ilə bağlı fəsillərin
müəllifləri daha çox "Antik Albaniya" ifadəsini
işlədirlər. Məlum məsələdir ki, burada
"Antik" ("qədim") termini dövr
baxımından tətbiq olunub və daha çox qədim
yunan və latın mənbələri əsasında
yazılıb.
Bu məntiqlə çıxış etsək,
sonrakı dövrlərin tarixini yazarkən Alban dövlətini
"Aqvan", "Aluank", "Arran" və ya
"Rani", yəni pəhləvi, erməni, ərəb və
gürcü mənbələrində göstərilən
adlarla, fərqli şəkildə adlandırmalıyıq.
Bu dövlətin əsl adını qeyd edərkən
onu eyni adlı digər coğrafi nomenklaturalardan ayırmaq kimi
cəfəng arqument kriteriya götürülə bilməz. Məsələn, "Azərbaycan
tarixi"nin akademik nəşrinin qeyd
olunan birinci cildində (səh. 336) belə bir anlaşılmaz
cümlə ilə qarşılaşırıq: "Qafqaz
Albaniyasının tarixində Parfiya elementinin əhəmiyyəti
burada I əsrdən etibarən hakim olmuş Arşakilər
sülaləsinin Parfiya mənşəli olması ilə
heç də məhdudlaşmır". Bu
cümlədə ümumiyyətlə "Qafqaz" oroniminin
işlədilməsinə heç bir ehtiyac yoxdur; məlum məsələdir
ki, Parfiyanın Balkanlardakı Albaniyaya və ya Şotlandiyaya
(qədim keltlər buranı "Albaniya"
adlandırırdılar) heç bir siyasi-mədəni təsiri
olmayıb. Əlavə olaraq, müqayisə
üçün onu da deyək ki Şotland adalarından ən
böyüyü "Arran" adlansa da [Trever K.V.
Oçerki..., s. 5, prim. 3], biz heç vaxt "Qafqaz
Arranı" ifadəsi işlətmirik. Balkanlardakı
Albaniyaya gəldikdə isə, onun sakinləri özlərini
"şkipetar", türklər isə onları
"arnavut" adlandırırlar. Lakin
onlar heç vaxt öz Albaniyalarını bizim Albaniyadan fərqləndirmək
üçün "Balkan Albaniyası" və ya
"Adriatik Albaniyası" ifadələrini işlətmirlər,
halbuki onların da qədim tarixinin müəyyən
dövrü, bizimki kimi, antik müəlliflərin əsərlərində
əks olunub. Nəzərə
alınmalıdır ki, "Qafqaz Albaniyası" ifadəsinin
tərəfdarları öz əsərlərində bu ifadəni
işlədərkən onu Balkanlardakı eyni adlı dövlətdən
fərqləndirmək məqsədi ilə etdiklərini
vurğulamırlar.
Rusdilli elmi ədəbiyyatda və bəzi hallarda bizdə
"Qafqaz" və "Zaqafqaziya" terminləri paralel
işləndiyi vaxtlarda belə "Qafqaz Albaniyası" ifadəsinin
tətbiqi coğrafi məntiqə də sığmır. Antik müəlliflər
də bildirirlər ki, Albaniya siyasi qurum kimi əsasən
"Qafqazın arxasında" (rusca "Zakavkazye") yerləşirdi.
Məsələn, Strabon "Coğrafiya" əsərində
(XI, 4, 1) qeyd edir ki, Albaniya şimaldan Qafqaz dağları ilə
əhatələnir. Bu baxımdan F.Osmanovun:
"Zaqafqaziyanın qədim dövlətlərindən biri
olan Qafqaz Albaniyası Azərbaycanın antik və ilk orta əsrlər
tarixində əsas yer tutur" cümləsi ümumiyyətlə
məntiqsiz görünür [Osmanov F.L. Qafqaz
Albaniyasının maddi mədəniyyəti. Bakı, 1982, s.
3]. Oxucunu Azərbaycan dilindəki kitabda yazılanların
Balkanlardakı Albaniyaya aid olmadığı fikrindən
sığortalamaq üçün "Qafqaz Albaniyası"
ifadəsini işlətməyə ehtiyac yoxdur.
Millətçi
erməni tarixçiləri istisna olmaqla, heç kim Albaniya dövlətinin Azərbaycanın
tarixi torpaqlarında yerləşdiyinə şübhə
etmir və ya buna qarşı çıxmır. Bizə aid olana sahib çıxmaq istəyimiz təbii
qarşılanmalıdır. Tariximizi beynəlxalq
səviyyədə lazımınca və layiqincə təbliğ
edə bilmədiyimizdəndir ki, bizə aid olan tarixi dəyərlərə
sahib çıxmaq istəyənlər, bəsit
cızma-qaraları ilə Albaniyanı da bizdən qoparmağa
çalışanlar son 20 ildə xeyli fəallaşıblar.
Təhlükənin ermənilərdən
gözlənildiyinə adət etdiyimiz halda 1995-ci ildə
Sankt-Peterburqda Q.A.Abdurahmanovun "Qafqaz Albaniyası - Ləzgistan"
adlı kitabı çapdan çıxdı. Başdan-ayağa Azərbaycan xalqına, xüsusilə
türkçülüyə nifrət hissi aşılayan bu
kitabda Qafqaz Albaniyasının əsasən "ləzgidilli
xalqların" (saxur, tabasaran, udin, aqul, rutul, buduq, krız və
s.) dövləti olduğu göstərilir [səh. 35-36].
Belə yanaşma tərzi tarixi gerçəkliyi
əks etdirmir və müasir mürəkkəb mərhələdə
xalqlararası münasibətlərdə gərginliyin
artmasına şərait yaradır. Albaniyanın etnik mənzərəsi
qaynaqların verdiyi imkanlar çərçivəsində
müəyyən qədər öyrənilib və toplanan
biliklər onu deməyə əsas verir ki, burada üç fərqli
etnik mənşəli tayfalar - Şimal-Şərqi Qafqaz (əsasən
Şahdağ qrupu), türkdilli və irandilli tayfalar məskunlaşmış
və müasir Azərbaycan xalqının etnogenetik inkişaf
tarixində həlledici amil olmuşlar. Şübhə
yoxdur ki, "Albaniya" sözü öz mənşəyini
bu etnoslardan birinin dilindən götürmüş və
artıq antik dövrlərdə hər üç etnosu birləşdirən
ümumiləşdirici terminə çevrilmişdir. Antik dövr və orta əsr müəlliflərinin
təsəvvüründə "Albaniya" termininin həm
coğrafi, həm etnik, həm də siyasi anlam kəsb etməsi
bu ümumiləşdirici məna yükü ilə izah
olunmalıdır. Q.A.Abdurahmanovun bu termini
konkret olaraq ləzgilərlə əlaqələndirmək cəhdləri
isə uğursuz görünür. Təkcə onu demək
kifayətdir ki, Azərbaycan Respublikasının ərazisində
bu gün də "alban" komponenti ilə bağlı xeyli
toponim mövcuddur və bu yerlərdə ləzgilərin və
ya onlara yaxın dildə danışanların nə vaxtsa
yaşamalarına dair heç bir tarixi fakt qeydə
alınmayb. Naxçıvanda, Şərur rayonu
ərazisində e.ə. II - eramızın III əsrlərinə
aid edilən Albantəpə nekropolu [Naxçıvan Ensiklopediyası.
Bakı, 2002, s. 20-21] və digər yer adları buna misal ola bilər.
Antik mənbələrdə Albaniya bütün dövrlər
boyu əhalisi sıx olan ərazi kimi təqdim olunur. Hərbi əməliyyatlar
zamanı albanların döyüşə 60 min piyada, 12 min
süvari qoşun çıxarmaq iqtidarında olduğunu nəzərə
alsaq (bu isə ümumi əhalinin 15%-i deməkdir), e.ə. I əsrin sonu - b.e. I əsrinin əvvəllərində
Albaniyada təxminən yarım milyon insanın
yaşadığını ehtimal etmək olar. İlk mənbələrdə
Albaniyada məskunlaşan və 26 dildə danışan
tayfanın (Strabona görə) yalnız adları (utilər,
qardmanlar, saklar, sovdeylər, qarqarlar, maskutlar, obarenlər,
kaspilər, hunlar, çilblər, bulqarlar, kəngərlər,
xəzərlər, lpinlər, leqlər, gellər və s.)
qalıb. Onların etnik mənşəyinin
araşdırılması ilə bağlı tədqiqatların
hazırkı səviyyəsi hansısa bir tayfanın alban
ittifaqında xüsusi çəkisini təyin etməyə
belə yetmir. Son dövrün tədqiqatları
da göstərir ki, Albaniyanı tayfa və ya etnik
bölgü prinsipinə əsasən fərqləndirmək məqbul
sayıla bilməz. Hər nə qədər
zəngin və formalaşmış olsa belə,
Nax-Dağıstan qrupu dillərinin, xüsusən də
ayrıca olaraq ləzgi dilinin antik dövrdə 26 dialektdə
təmsil oluna bilməsi ehtimalı inandırıcı
sayılmır. Albaniya bir siyasi qurum kimi fərqli
etnik mənşəli tayfaların hərbi, iqtisadi və mədəni
birliyindən yaranmışdı. Bu
baxımdan K.Akimovun "V IV v. do n.g. albanskie plemena, predki
sovremennıx lezqinskix narodov, sozdali svoe üentralizovannoe
qosudarstvo Alupan" [K.X.Akimov. Lezqistan.
Gnüiklopediə. Maxaçkala,
2011, s. 17] fikri ciddi qəbul oluna bilməz. Ləzgilər
Albaniyanın tək və şəriksiz varisi [yenə orada, səh. 19] deyil,
varislərindən biri kimi təqdim olunmalıdır. Xoşagəlməz haldır ki, yanlış təsəvvür
üzündən qeyd olunan hər iki Dağıstan müəllifi
Azərbaycan xalqı dedikdə onun yalnız türk dilində
danışan hissəsini nəzərdə tutur və
türkdilli tayfaların Qafqaza axınının tarixini I
minilliyin ortalarından hesablayan sovetlərdənqalma köhnəlmiş
nəzəriyyədən çıxış edərək
Albaniyanı Azərbaycandan qoparmağa
çalışırlar.
Son illərdə şimal qonşumuzun elmi ictimaiyyətində yaranan canlanmanın bir istiqaməti də bu fikrin "sübutuna" yönəlib. Məhz bu məqsədlə 2008-ci ilin mayında Moskvada [Mejdunarodnıy nauçnıy simpozium - Kavkazskaə Albaniə i lezqinskie narodı: istoriko-kulğturnoe nasledie i sovremennostğ (2008 qod). 14-15 maə, 2008 qod, q. Moskva. Akademiə qosudarstvennoy slujbı pri prezidente Rossiyskoy Federaüii //httr://flnka.ru/mns 2008. html], 2013-cü ilin noyabrında isə Dərbənddə [Konferenüiə "1700-letie prinətiə xristianstva v Derbente kak qosudarstvennoy reliqii Kavkazskoy Albanii" proşla v Derbente. 15 noəb. 2013 q. //http://riadagestan.ru/news/society/konferentsiya_1700_letie_prinyatiya_khristianstva_v_derbente_kak_gosudarstvennoy_religii_kavkazskoy_albanii_proshla_v_derbente] keçirilən konfransların ana xəttini Albaniyanın ləzgi dövləti olduğunun "təsdiqi" təşkil edirdi. Belə tədbirlər elmi həqiqətin ortaya çıxmasına deyil, Azərbaycan və Dağıstan xalqları arasında əsrlər boyu mövcud olan tarixi bağlılığa kölgə salmağa və nifaq toxumu səpməyə xidmət edir.
Bizə məlum olduğu qədər, ilk dəfə görkəmli tarixçimiz Zelik Yampolski "Azərbaycan Albaniyası" ifadəsini elmi dövriyyəyə tətbiq etməyə təşəbbüs göstərmişdir [Əmpolğskiy Z. Dve zametki k traktovke Strabonova teksta ob Azerbaydjanskoy Albanii / İzvestiə Azerb. Filiala Akad. Nauk SSSR. 1942, ¹ 7, s. 71-74]. Lakin o vaxt bu təşəbbüs layiqincə dəyərləndirilmədi. Əksinə, dolayı yolla da olsa Sovet Azərbaycanına qədim Albaniya dövlətinin tərkib hissələrindən biri kimi baxmağa başladılar.
Son illər bu aktual məsələdə prinsipial mövqe nümayiş etdirərək AMEA-nın müxbir üzvü, əməkdar elm xadimi, tarix üzrə elmlər doktoru, professor Y.M.Mahmudov başda olmaqla A.A.Bakıxanov adına Tarix İnstitutunun rəhbərliyi və Elmi Şurası "Azərbaycanın qədim tarixi" şöbəsinin üç dissertantına tarix üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün "Azərbaycan Albaniyasının əhalisi" (iddiaçı R.B.Quliyeva), "Azərbaycan Albaniyasının qərb sərhədləri" (iddiaçı E.A.Bəkirova) və "Azərbaycan Albaniya dövlətinin cənub-şərq əraziləri" (iddiaçı A.Q.Kərimova) adlı dissertasiya mövzularının verilməsini qərara almışdır.
Sevindirici haldır ki, son dövrlərdə arxeoloqlarımızın əsərlərində də "Azərbaycan Albaniyası" ifadəsi ilə rastlaşırıq [Əliyev Ə. Gilgilçay səddi və Çıraqqala. Bakı, 2014, s. 3, 15, 20, 22 və s.]. AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutunun "Antik dövr arxeologiyası" şöbəsinin dissertantı N.Ə.Alışov tarix üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün "Azərbaycan Albaniyasının xristian abidələri (arxeoloji materiallar əsasında)" mövzusunda dissertasiya işini uğurla tamamlamışdır.
Cənubi Qafqazda baş verən tarixi proseslər və ilk mənbələrin məlumatları da göstərir ki, yalnız Azərbaycan qədim Albaniya dövlətinin və mədəniyyətinin tamhüquqlu varisi sayıla bilər və dilindən, dinindən asılı olmayaraq bu diyarı özünə vətən seçənlərin Albaniyanın irsinə sahib çıxmalarına mənəvi haqqı var.
Allahverdi
ƏLİMİRZƏYEV,
A.A.Bakıxanov
adına Tarix İnstitutunun elmi işçisi, tarix üzrə
fəlsəfə doktoru
Azərbaycan.-2014.- 2 may.- S.10.