Hüseyn Arifin 90 illik yubileyinin keçirilməsi haqqında

 

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

 

2014-cü ilin dekabr ayında Azərbaycan poeziyasının tanınmış nümayəndəsi, respublika Dövlət mükafatı laureatı, xalq şairi Hüseyn Arifin (Hüseyn Camal oğlu Hüseynzadənin) anadan olmasının 90 illiyi tamam olur.

Hüseyn Arif xalqımızın zəngin bədii-poetik irsi zəminində dəyərli əsərlər meydana gətirmiş və milli ədəbiyyata töhfələr vermişdir. Şairin əsas qayəsi vətənə məhəbbətin, mənəvi-əxlaqi zənginliklərin təbiət gözəllikləri ilə vəhdətdə tərənnümündən ibarət olan yaradıcılığı bu gün də gənc nəslin tərbiyəsində öz əhəmiyyətini qoruyub saxlayır.

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraqxalq şairi Hüseyn Arifin Azərbaycan ədəbiyyatının inkişafında diqqətəlayiq xidmətlərini nəzərə alaraq qərara alıram:

1. Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi, Azərbaycan Yazıçılar Birliyinin təkliflərini nəzərə almaqla, xalq şairi Hüseyn Arifin 90 illik yubileyinə dair tədbirlər planını hazırlayıb həyata keçirsin.

2. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu sərəncamdan irəli gələn məsələləri həll etsin.

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

 Bakı şəhəri, 2 may 2014-cü il

Azərbaycan.-2014.- 3 may.- S.1.