Güclü dövlət
quruculuğunun banisi
Hər
tarixi dövrün özünəməxsus sosial, siyasi, mədəni
və iqtisadi çağırışları olur. Onları
dərk edən xalqlar uyğun inkişaf modelini yarada bilir. Bu
zaman tarixi təcrübə ilə yanaşı, cəmiyyətin
yetişdirdiyi şəxsiyyətlər də böyük rol
oynayır. Müasir dövr üçün bu tezisin daha ciddi
əhəmiyyəti var. Çünki indi dünyada daha
mürəkkəb proseslər gedir, daxili və xarici faktorlar
arasında olduqca sıx bağlılıq müşahidə
edilir. Təbii ki, tarixin bütün mərhələlərində
həmin aspektlər arasında əlaqə mövcud
olmuşdur. Lakin müasir dövrün fərqi ondadır ki,
qloballaşma adlanan proses daxili və xarici reallıqları demək
olar ki, vahid sistem halına gətirmişdir. Bu səbəbdən
müstəqilliyini əldə etmiş cəmiyyətlərdə
dövlət quruculuğu ilə sosial-iqtisadi və mədəni
inkişaf modeli arasında tarixdə müşahidə edilməyən
qarşılıqlı asılılıq mövcuddur. Azərbaycan
keçən əsrin 90-cı illərində müstəqilliyinə
qovuşanda məhz bu cür vəziyyətlə üz-üzə
qalmışdı. Həmin mərhələdə bir sıra
naşı siyasətçilərin yarıtmaz fəaliyyəti
ölkənin daxili vəziyyətini gərginləşdirməklə
yanaşı, beynəlxalq aləmdə də müdafiəsiz
qoymuşdu. Həqiqəti aydın təsəvvür etmək
üçün o dövrün bəzi qlobal geosiyasi əlamətlərinə
nəzər salmağa ehtiyac duyulur.
XX əsrin
90-ci illərinin əvvəllərində sosialist düşərgəsinin
dağılması ilə dünyada faktiki olaraq yeni geosiyasi mənzərə
formalaşmağa başladı. O cümlədən SSRİ,
Mərkəzi və Şərqi Avropanın sosialist dövlətlərinin
siyasi-hərbi, sosial-mədəni birliyinə son qoyuldu. Tarixi təcrübə
göstərir ki, bu cür silkələnmələrdən
sonra insanların düşüncələrindən tutmuş
böyük dövlətlərin daxili və xarici siyasətinədək
bütün sahələrdə köklü dəyişikliklər
baş verir. Siyasi, mədəni və iqtisadi təfəkkürdə
əsaslı yeniləşmələr özünü
göstərir. Həmin prosesin fərdlərin və
bütövlükdə cəmiyyətlərin həyatında
etdiyi dəyişikliklərin fonunda diqqəti çəkən
bir qanunauyğunluq da müşahidə edildi. Bu da dövlət
quruculuğu, yeni cəmiyyətin formalaşması, uğurlu
inkişaf modellərinin yaradılması kimi məsələlərdə
qarşıya yeni vəzifələr çıxardı.
XX əsr
boyu sosial-mədəni, geosiyasi, hərbi və iqtisadi
mühitin getdikcə daha da mürəkkəbləşdiyini
müxtəlif kontekstlərdə hər bir ciddi tədqiqatçı
təsdiq edir. Lakin mürəkkəbləşməni bəşəriyyət
üçün ümumi tendensiya kimi qəbul etməklə
yanaşı, onun ayrı-ayrı mərhələlərdə
ön sıraya fərqli prosesləri də
çıxardığını vurğulamaq lazımdır.
Məhz bu kontekstdə demək olar ki, sosialist düşərgəsinin
dağılması bir mühüm reallığı dünya
siyasətinin, geosiyasi və humanitar-elmi nəzəriyyələrin
diqqət mərkəzinə gətirdi. Bu reallığı
"postsovet məkanı" və "yeni müstəqil
dövlətlər" terminləri ilə ifadə etmək
olar. Hər iki termin böyük siyasi, hərbi, mədəni,
geosiyasi və iqtisadi birliyin sürətlə
parçalanması nəticəsində yenə həmin məkanın
birliyinə aid olan proseslərin ifadə edilməsi məqsədi
ilə formalaşdırıldı.
Bu cür
yanaşma tarixin tələbi idi. Yeni müstəqil dövlətlərin
milli qurum olaraq inkişafı, onların demokratik dünyaya
inteqrasiyası və xarici siyasətlərinin prioritetləri
ciddi maraq doğuran məsələyə çevrilirdi.
Ötən müddət ərzində qət edilmiş yola nəzər
saldıqda hər dövlətin öz tarixi
trayektoriyasının formalaşdığını
görürük: bəzi ölkələr üçün
uğurlu olmuş, digərlərinin problemləri isə
heç azalmaq bilməmişdir. Bəziləri köhnə
düşüncə tərzindən əl çəkib, yeni
modelləri qəbul etmək istəmirlər. Bu zaman isə
dövlət quruculuğu ilə sosial inkişaf modelinin
uğurlu seçilməsinin vacibliyini nəzərdə
saxlamaq lazımdır.
Həmin
kontekstdə onu da vurğulamaq istərdik ki, Azərbaycanın
xarici təcavüzə məruz qalması, müstəqil
dövlət quruculuğu məsələsini daha da mürəkkəbləşdirmişdi.
Hətta bəzi dairələrin Azərbaycan adlı dövləti
yer üzündən silmək planları ortaya
çıxmışdı. Məsələyə qlobal
miqyasda gedən geosiyasi proseslərin işığında nəzər
salanda Frensis Fukuyamanın bir qeydini xatırlatmaq lazım gəlir.
Müasir dövrün tanınmış filosof və
futuroloqlarından olan F.Fukuyama güclü dövlətin
formalaşması məsələlərini birbaşa XXI əsrdə
dünya nizamının təmini və idarəetmə ilə
əlaqələndirir. O yazır ki, bizim dövlət
quruculuğu haqqında çox düşünməyimizə
baxmayaraq, anlamadığımız çox şeylər
vardır. F.Fukuyama həmin çətin məsələlər
sırasında "güclü strukturları (dövlət
strukturları nəzərdə tutulur - N.M.) inkişaf etməkdə
olan ölkələrə necə köçürməyi"
ayrıca qeyd edir. Yəni bir rejimin sürətlə
dağılması nəticəsində cəmiyyətin
tamamilə fərqli sosial-siyasi, hərbi və iqtisadi mühitə
düşməsi, onun bütövlüyünü saxlamaq
şərti ilə transformasiyası çox mürəkkəb
problemdir. Həmin şərtlər daxilində Azərbaycanda
müstəqil dövlət quruculuğu ilə sosial
inkişaf modelinin uyğunlaşdırılması məsələsini
sadə proses kimi təsəvvür etmək çətindir.
Fikrimizcə, sualın cavabı Azərbaycanın geosiyasi
mövqeyi və təbii sərvətləri ilə
yanaşı, cəmiyyətimizin zəngin və özünəməxsus
mədəniyyətə, dövlətçilik ənənəsinə
və yüksək passionarlığa sahib olmasındadır.
Həmin
potensial sayəsində Azərbaycan zaman-zaman qəhrəman
liderlər yetişdirib. Azərbaycanlılar XX əsr boyu
tarixin çağırışlarına məhz bu potensialla
cavab verib. Bir neçə dəfə repressiyalara,
deportasiyalara məruz qalmalarına baxmayaraq, müstəqilliklərini
heç nəyə dəyişməmişlər. 1988-ci ildən
başlayıb 1993-cü ilin iyun ayınadək Azərbaycanın
perspektivləri ilə bağlı ziddiyyətli mövqelər
var idi. Ümumiyyətlə, söhbət dövlətin
qalıb-qalmaması məsələsindən gedirdi.
F.Fukuyamanın haqqında bəhs etdiyi güclü dövlət
strukturlarını formalaşdırmadan onun müstəqilliyini
qoruyub saxlamaq mümkün deyildi. Bunun üçün isə
strateji təfəkkürlü, uzaqgörən, soyuqqanlı və
qətiyyətli siyasətçi-lider lazım idi. Azərbaycan
xalqı 1993-cü ildən ikinci dəfə həmin liderinə
arxalandı. Bu, bir xalqın bir əsrdə ikinci dəfə qəhrəmanlıq
göstərməsi, uzaqgörənlik və dövlət
qurmaq qüdrətini nümayiş etdirməsi idi. Ulu öndər
Heydər Əliyev Azərbaycanın müstəqil dövlətini
və xalqını zamanın ziddiyyətləri məngənəsindən
sözün həqiqi mənasında xilas edərək, onu real
inkişaf xəttinə istiqamətləndirdi.
Heydər
Əliyev bütün fəaliyyəti boyu Azərbaycan mədəniyyəti
və tarixinin əhəmiyyətini xüsusi qeyd edirdi.
Bütövlükdə, Azərbaycanın müstəqil
dövlətçilik kursu bu məqam üzərində
quruldu. Faktiki olaraq, ümummilli lider qısa müddət ərzində
xalqın quruculuq enerjisini dövlətin maraqlarının təmin
olunması istiqamətində səfərbər edə bildi.
Heydər Əliyev cəmiyyətin mədəni-intellektual
potensialını və mənəvi dəyərlərini
milli ideyanın reallaşdırılmasına yönəltdi.
Problemin
bu aspekti elmi-nəzəri baxımdan böyük əhəmiyyət
kəsb edir. Sosialist düşərgəsinin
dağılmasından sonra meydana gələn müstəqil
dövlətlərin daxili və xarici siyasətinin təməlinə
hansı baza prinsipinin qoyulmasından onların gələcək
dövlətçiliyinin taleyi asılıdır. O zaman bu məqamı
hər kəs dərk edə bilmirdi. Azərbaycan
üçün seçim anı daha çətin amillərlə
bağlı idi. Ölkəyə təcavüz vardı,
müxtəlif istiqamətlərdən təzyiqlər ara
vermir, daxildə qeyri-müəyyənlik hökm
sürürdü. Məhz belə bir mürəkkəb və
ziddiyyətli şəraitdə mədəniyyəttutumlu
suverenlik strategiyasına üstünlüyün verilməsi
strateji təfəkkürlə yanaşı, siyasi xadim
müdrikliyi də tələb edirdi. Heydər Əliyev
dövlət idarəçiliyində klassik və müasir
anlamda dövlət quruculuğunun baza prinsiplərinə əsaslanırdı.
Ulu öndər həm də zəngin şəxsi təcrübəsindən
geniş istifadə edirdi. Bu, görkəmli dövlət
xadiminə çevik siyasi qərarlar qəbul etməyə
imkan verirdi. O, hər bir böhranlı vəziyyətdən
düzgün çıxış yolu tapa bilirdi.
Heydər
Əliyev strateji hədəfləri daxili və xarici amilləri
kompleks şəkildə nəzərə almaqla, dünyada gedən
mürəkkəb geosiyasi prosesləri dərindən və hərtərəfli
təhlil edərək müəyyənləşdirirdi.
Bütün bunlar ulu öndərin dövlətçilik məfkurəsinin
başlıca siyasi, ideoloji və nəzəri əsaslarının
zənginliyini nümayiş etdirir. Göründüyü
kimi, Heydər Əliyevin dövlətçilik kursu
seçimi tarixi əhəmiyyətə malikdir. Ümummilli
lider Azərbaycanın gələcəyinə görə məsuliyyəti
öz üzərinə götürdü və "...hədsiz
gərgin zəhmət bahasına 1993-2003-cü illərdə
yeni milli inkişaf strategiyasını formalaşdırmağa
müvəffəq oldu". Təcrübə göstərir
ki, belə fürsət heç də hər xalqa ya millətə
nəsib olmur.
Beləliklə,
Azərbaycanın milli inkişaf strategiyası mədəniyyəttutumlu
suverenlik ideyasına əsaslanırdı. Mədəniyyəttutumlu
suverenlik həm də sosial yönümlü inkişaf modeli
seçmək deməkdir. Bu mənada mədəniyyəttutumlu
suverenliyin Azərbaycan Respublikasının daxili və xarici
siyasətinin özəyi olması fikrini qəbul etmək
lazımdır. Postsovet məkanı üçün bu kurs
kifayət qədər yeni olmaqla kreativ siyasi təfəkkür
tələb edir. Problemin mahiyyəti də məhz bundadır.
Çünki müstəqilliyinə yenicə qovuşan və
hər tərəfdən əsassız ittihamlara məruz qalan
gənc dövlətin xarici siyasətinin möhtəşəm
binasının bünövrəsinə bədxahların
gözünə ox kimi batan zəngin milli mədəniyyəti
qoyub, demokratik dövlət qurmaq olduqca mürəkkəb bir
iş idi. Başqa geosiyasi şərtlərlə
yanaşı, həm də ona görə ki, Azərbaycana
qarşı olan əsassız hiddətin kökündə məhz
zəngin, təkrarolunmaz milli mədəniyyət və
dövlətçilik ənənələrimizin
varlığını bəzilərinin qəbul etmək istəmədiyi
dururdu. Heydər Əliyev bütün risklərə sinə gərərək
dövlətçilik kursunun əsasına milli mədəniyyət
və sosial inkişaf amillərini qoydu. Mədəniyyəttutumlu
suverenlik ideyası qlobal kontekstdə Azərbaycan
üçün çox əhəmiyyətli idi.
Bütün
bunlar keçən əsrin ikinci yarısından başlayaraq
cəmiyyətin inkişaf modelinin təməlində hansı
ideyanın qoyulmasının ciddi müzakirə obyektinə
çevrilməsi fonunda baş verirdi. Hərbi qüdrət,
yoxsa iqtisadi güc, güclü ideologiya, yaxud sosial inkişaf modeli
və s. kimi variantlar müxtəlif formalarda diqqət mərkəzinə
gətirilirdi. XX əsrin 90-cı illərindən başlayaraq
qabaqcıl düşüncəli insanlar mədəniyyətə
və sosial tərəqqiyə istinad edən inkişafın
daha dayanıqlı və davamlı olduğunu ümumi əsaslarla
vurğulayırdılar. Azərbaycan da tarixi şəraitin
çağırışlarına Heydər Əliyevin sayəsində
XX əsrin 90-cı illərində məhz bu tələbə
uyğun cavab verdi.
Güclü
dövlətin təşəkkülü məsələsi
F.Fukuyama
zəif dövlətin milli problemlərin də qaynağı
olduğunu qəbul edir. Bu məqamda Fukuyamanı tam haqlı
görürük. Keçən əsrin 90-cı illərində
postsovet məkanında, o cümlədən Azərbaycanda cərəyan
edən siyasi proseslər müstəvisində həmin amil
olduqca böyük əhəmiyyət kəsb edir. Bəli, o
zaman keçmiş sovet respublikalarının
hamısının qarşısında "hansı yolu
seçməli", "necə bir cəmiyyət və
dövlət qurmalı?" kimi suallar dururdu. Problemin bir tərəfi
sosialist düşərgəsinin dağılması ilə
dünyadakı geosiyasi balansın Qərbin xeyrinə kəskin
dəyişməsi ilə bağlı idi. Digər tərəfdən
isə müstəqilliyə zaman baxımından qısa
müddətdə "atılmış", totalitar rejimin
"tırtılları" altında əzilmiş, tarixi və
mədəniyyəti zədələnmiş, dövlət
strukturları, demək olar ki, dağılmış cəmiyyətlərdə
nizam-intizam yaratmaq lazım idi.
Çoxlarının
artıq dağılmış kimi təsəvvür etdikləri
Azərbaycanda ümummilli lider Heydər Əliyev dövlət
quruculuğu proseslərinə qeyri-adi əzmkarlıqla
başladı. Kiçik bir dövlətə bu güc haradan
gəldi? Necə oldu ki, bəzi xarici dairələrin onu
dağıtmağa çalışdığı tarixi bir mərhələdə
zaman Azərbaycanın xeyrinə işləməyə
başladı? Bu suallara cavab cəmiyyətdə güclü
dövlət quruculuğu konsepsiyasının və sosial
inkişaf modelinin həyata keçirilməsi ilə verildi. Nəzəriyyə
öz yerində, ancaq praktiki cəhətdən çox
mürəkkəb xarici və daxili situasiyada dövlət qurmaq
tarixi hadisədir. Məlumdur ki, 1988-1993-cü illərin
yayına qədər olan müddətdə Azərbaycan
parçalanma astanasında dayanmışdı, xarici təcavüz
sistemli xarakter almışdı, daxildə böyük xaos
hökm sürürdü. Ölkə üçün bu vəziyyətdən
yeganə optimal çıxış yolu sabitlik yaradıb,
dövlət qurmaqdan ibarət ola bilərdi. Cəmiyyəti və
dövləti xilas etmək məqsədi digər bütün
maraqlardan üstün tutulmalı idi. Burada F.Fukuyamanın belə
bir situasiya üçün təklif etdiyi ideyanı
xatırlatmaq yerinə düşər. F.Fukuyama milli dövlət
quruculuğu prosesinin üç mərhələdə həyata
keçirilməsini doğru sayır. Birinci mərhələni
o, münaqişədən sonrakı yenidənqurma
adlandırır. Bu mərhələ ölkənin
münaqişəli vəziyyətdən
çıxmasından sonra başlayır. İkinci mərhələ
cəmiyyətdə sabitlik bərqərar olunduqdan sonra işlək
dövlət strukturlarının yaradılmasını nəzərdə
tutur. Xarici təcavüz sona çatandan sonra bu proses
özünün mükəmməl səviyyəsinə
çatmalıdır. Üçüncü mərhələ
hakimiyyətin geniş miqyasda sabitləşməsindən
başlayır və zəif dövlətdən güclü
dövlətə keçidi əhatə edir. Bunun əlamətləri
sırasında dövlətin öz vətəndaşlarının
hüquqlarını, xüsusi mülkiyyətini, təhsil
haqlarını və s. qoruya bilməsini göstərmək
olar. Bir sözlə, üçüncü mərhələdə
dövlət strukturları lazımi qədər səmərəli
işləməlidir. F.Fukuyamanın təklif etdiyi modelin ana xəttini
cəmiyyətdə sabitliyin yaradılması və dövlət
strukturlarının səmərəliliyi təşkil edir. Bəs
bunu necə təmin etməli? Afrika və ya Əfqanıstan
modeli postsovet məkanına aid edilə bilərmi? Təcrübə
göstərdi ki, bu məsələdə çox
ehtiyatlı davranmaq lazımdır. Hər bir cəmiyyətin
öz tarixi yolu, təcrübəsi, xalqın mental xüsusiyyətləri
və konkret yerli sosial-siyasi, mənəvi, iqtisadi və mədəni
şərtləri var.
Bütün
bunlar həmin dövrdə Azərbaycan üçün iki
problemin aktuallaşdığını göstərir.
Birincisi, ölkədə sabitliyi necə təmin etməli?
İkincisi, müstəqil dövlət quruculuğunu
uğurla aparmaq üçün hansı kursu seçməli?
Bu aspektlər reallıqda bir-biri ilə sıx bağlı
idi. Hər ikisi üçün də düzgün
ideologiyanın müəyyənləşdirilməsi həyati
əhəmiyyət daşıyırdı. Çünki
seçiləcək ideoloji konsepsiya Azərbaycanın strateji
yolunu müəyyənləşdirəcək, dövlət
quruculuğunun fəlsəfəsini aydınlaşdıracaq və
cəmiyyətin birləşməsi xəttini ortaya
qoyacaqdı. Söhbət Azərbaycanda müstəqil dövlət
quruculuğunun gerçək fəlsəfəsini
formalaşdırmaqdan gedirdi.
Mahir siyasət
ustası şahmat taxtasında bir neçə rəqibi ilə
oynamalı və qalib gəlməli idi. Ümummilli lider bunu
bacardı. Amma beynəlxalq və daxili vəziyyət isə
onun və Azərbaycanın xeyrinə deyildi. Siyasətçi
dövlət quruculuğunun fəlsəfəsini sürətlə,
ölkənin ziddiyyətli problemlərini həll edə-edə
yaratmalı idi. Dövlət quruculuğunda ən böyük
maneələrdən biri həmin ərəfədə xaricdən
idxal edilmiş və bütün postsovet məkanı
üçün şirnikdirici görünən
ideologiyanın beyinlərə hakim kəsilməsi idi. Müxtəlif
istiqamətlərdən gələn
gözqamaşdırıcı, şirnikdirici və bəzən
təhrikedici ideoloji konsepsiyalar insanlarda
çaşqınlıq yaratmışdı. Burada həm
radikal milliyyətçiliyin avantürist cəzbetmə sahəsinə,
həm də liberal demokratiyanın ifrat cəlbedici azadlıq
xülyasına düşmək ehtimalı var idi. Bu ifrat
tendensiyaların hər ikisi, əslində, 1993-cü ilə qədər
özünü büruzə verirdi. Qərbdən gələn
təsirlərin arxasında hansı məqsədlərin
durduğunu müəyyən etmək asan məsələ
deyildi. Çünki Qərb məhz liberalizm, azadlıq,
demokratiya kəlmələri ilə gerçək geosiyasi
maraqlarını gizlədə bilirdi. İnsanlar bu
şirnikdirici və ümidverici terminlərlə dolu ideoloji
sistemin çarxına düşür və oradan
çıxa bilmirdilər.
Azərbaycan
üçün situasiyanı çətinləşdirən
başqa məqam cəmiyyəti etnik mənsubluğun məhdud
dairəsinə sürükləyə bilən, qlobal səviyyədə
cərəyan edən hadisələrə zidd ultramillətçi
düşüncənin mövcudluğu idi. Digər bir problem
sosial ədalət məsələsi ilə bağlı idi.
Sosial ədalət müxtəlif cür izah edilirdi. Sosial ədalət
mövzusu liberalizmi digər ideoloji sistemlərlə (məsələn,
konservatizm, millətçilik, neokonservatizm, sosializm və s.)
toqquşduran əsas məsələ oldu. Liberalizmə
qarşı iddialar əsassız deyildi. Çünki
doğrudan da müasir cəmiyyət üçün sosial ədalət
olduqca həssas bir mövzu olmaqla demokratik həyat tərzinin
mühüm tərkib hissəsini təşkil edir. Bu məsələdə
liberalizmin qüsurları ona tənqidi yanaşmağı tələb
edirdi. Amma sosial ədalətlə yanaşı, müstəqilliyini
yaxın keçmişdə əldə etmiş cəmiyyətlər
üçün sabitlik və təhlükəsizlik də həyati
əhəmiyyətli məsələlərdən idi. Bu məqam
neokonservatizmi xeyli cəlbedici edirdi. Neokonservatorlar
"hüquqi sosial dövlət" konsepsiyasına
üstünlük verirdilər. Bu da avtomatik olaraq güclü
dövlət konseptini aktuallaşdırırdı. Güclü
dövlət cəmiyyətdə nizam-intizamı təmin edə,
sabitliyi saxlaya və təhlükəsizliyi qoruya bilərdi.
Dövlət
quruculuğuna yenicə başlayan cəmiyyətlər
üçün bu ideya çox maraqlı idi. Lakin onu kor-koranə
qəbul etmək də riskli idi. Çünki hər bir cəmiyyətin
öz təkamül yolu var. Heydər Əliyev postsovet məkanında
bütün bu kimi məqamları nəzərə alaraq Azərbaycan
üçün neokonservatizmə çox yaxın olan, lakin
liberal demokratiyanın əsas müddəalarını da
özündə ehtiva edən ideoloji konsepsiya
formalaşdırdı. Akademik Ramiz Mehdiyev yazır ki, bu
kontekstdə ideya-nəzəri və siyasi baxımdan azərbaycançılıqla
neokonservatizm arasında əlaqə olduğunu demək olar.
Beləliklə, Azərbaycanın çıxış yolu
güclü dövlət konseptində idi. Azərbaycançılıq
ideologiyasına bu vəzifələrin işığında
nəzər saldıqda, dövlət müstəqilliyinin təmini
və demokratik cəmiyyət quruculuğunun reallaşması
prosesinin möhkəm ideya təməli aydın
görünür. Azərbaycançılıq
ideologiyasına hər iki ifrat qanaddan kənarda, dövlətçilik
və real demokratiya sahəsində məzmun verməklə
Heydər Əliyev tarixi missiya yerinə yetirdi. Bu aspektdə
Mehriban Əliyevanın bir fikri çox maraqlıdır.
Mehriban Əliyeva "Həyat dərsi" əsərində
qeyd edir: "Heydər Əliyev tarix salnaməsinin XX əsr
üçün taleyüklü səhifələrinin
iştirakçısı, yaradıcısı,
aparıcısıdır". Dəqiq və lakonik ifadə
edilmişdir. Görkəmli dövlət xadimi elə bir
ideoloji mövqe seçdi ki, həm qlobal səviyyənin
aparıcı trendləri ilə uzlaşma təmin edildi, həm
də cəmiyyətin daxili potensialını maksimum səmərəliliklə
müstəqil dövlət və demokratik cəmiyyət
quruculuğuna yönəltmək imkanı yarandı.
Onu demək
gərəkdir ki, güclü dövlət konseptinin
reallaşması müasir tarixi şəraitdə kifayət qədər
sanballı və ölçülü-biçili yanaşma tələb
edirdi. İlk növbədə, dövlət quruculuğunun
konkret mexanizmlərini işləyib hazırlamaq lazım idi.
Dövlətin bütün fəaliyyət istiqamətlərini
bu məqsəd ətrafında sistemləşdirmək gərəkdi.
Unutmaq olmazdı ki, Azərbaycan tarixin hökmü ilə son
300 ildə mürəkkəb təkamül yolu keçib.
Müstəqil dövlətçiliyindən uzaq
düşmüş xalqın psixologiyasında özünəinamı
qaytarmaq mühüm şərt idi. Böyük dövlətçilik
ənənəsinin olması təbii ki, Azərbaycanı daha
şanslı göstərirdi. Lakin müasir dünyada
üstünlük təşkil edən geosiyasi proseslərin məzmun
və mahiyyəti Azərbaycanın qarşısında
çətin problemlərin durduğunu hər an
anladırdı.
Güclü
dövlət qurmaq öncə cəmiyyətdə sabitliyə
nail olmağı tələb edirdi. Keçən əsrin
90-cı illərinin əvvəllərində cəmiyyətdə
sabitliyi pozan çoxlu sayda amillərin olduğunu qeyd
etmişdik. Həmin dağıdıcı amillər
havadarları tərəfindən üstümüzə
qısqırdılan Ermənistanın təcavüzkar
davranışları ilə daha da aqressiv xarakter
alırdı. Azərbaycanın 90-cı illərdə sui-qəsd
planlarına, dövlətçiliyə qarşı
çıxışlara səhnə olması təsadüfi
deyildi. Bu səbəbdən də Heydər Əliyevin dövlət
quruculuğu prosesində ictimai-siyasi sabitliyə nail olması
strateji xarakter daşıyırdı.
Nəticədə
Azərbaycan mütərəqqi dünyəvi dövlət
perspektivini aydın dərk edən ölkəyə
çevrildi. Bu kursun Azərbaycana islam dünyası
üçün mədəni inkişaf nümunəsi olmaq
şansını verdiyini çəkinmədən demək
olar. Heydər Əliyevin güclü dövlət konseptində
mədəniyyətin və sosial inkişafın yeri və
rolu bu strateji məqsəddə öz əksini
tapmışdır. Azərbaycan mahiyyət etibarilə
dünyəvi dövlət kimi inkişafda olmalıdır,
lakin o, güclü mədəniyyət ənənəsini
özündə ehtiva etməlidir. Mədəniyyət mənsubluğu
bütövlükdə cəmiyyətin kimliyini müəyyənləşdirməklə
yanaşı, dövlətçiliyin əsas komponentlərindən
birinə çevrilməlidir.
Təsadüfi
deyil ki, Azərbaycan dövlət səviyyəsində mədəniyyətlər
və dinlərarası dialoqu təşkil edən, cəmiyyətdə
onu praktiki şəkildə həyata keçirən yeganə
Qafqaz ölkəsidir. Dünyanın müxtəlif guşələrindən
ölkəmizə gələn fərqli mədəniyyətlərin
nümayəndələrinin qatıldığı həmin tədbirlər
Azərbaycanda dövlət quruculuğunun mahiyyətində mədəni
və dini tolerantlığın varlığını
sübut edən konkret faktlardandır. Azərbaycan artıq
islamlaşma ilə müasirləşmənin (intellektual sərvətə
əsaslanan sosial-iqtisadi və mədəni inkişaf modeli) səmərəli
sintezini reallaşdıran ölkə olaraq tanınır.
İndi bu istiqamətdə Azərbaycan modelinin nümunə
kimi öyrənilməsi haqqında yüksək səviyyələrdən
təkliflər eşidilməkdədir. Bunların
kökündə ulu öndər Heydər Əliyevin azərbaycançılıq
ideologiyasında nəzəri şəkildə yer
almış prinsiplərin dövlət quruculuğuna tətbiqi
mexanizmlərinin işlənməsi durur.
Sabit və
dinamik cəmiyyət: sosial-iqtisadi inkişaf modeli
Güclü
dövlət quruculuğunun təməlində güclü
iqtisadi infrastrukturun formalaşdırılması durur.
Ümummilli lider bu aspektə çox böyük diqqət
yetirirdi. O, iqtisadi gücü bütün digər məsələlərin
təməlinə qoydu. Beynəlxalq enerji layihələri,
xarici sərmayələrin ölkəyə cəlb edilməsi,
qabaqcıl texnologiyaların mənimsənilməsi, yeni
istehsal sahələrinin yaradılması və iş yerlərinin
açılması Azərbaycanda ardıcıl surətdə
həyata keçirilir.
2003-cü
ildə iqtisadi islahatlarda çox böyük uğurlar əldə
etmiş Azərbaycan vardı. Vətəndaş cəmiyyəti
quruculuğunun təməli hazırlanmışdı. Bunun
sayəsində Azərbaycan modernləşmənin yeni mərhələsinə
keçid edə bilərdi. Bunun üçün xarici sərmayələrin
cəlb edilməsinə əsaslanan modernləşmə cəmiyyətin
daxili potensialına əsaslanan müasirləşmə kursu
ilə əvəz olunmalı idi. Əgər Heydər
Əliyev 1993-2003-cü illər ərzində səbir, inam və
qətiyyətlə və ardıcıl olaraq dövlət
quruculuğu siyasətini həyata keçirməsəydi,
modernləşmənin birinci mərhələsi başa
çatmayacaqdı. Həmin illərdə Azərbaycan
iqtisadiyyatının bütün sahələrində sistemli
islahatlar həyata keçirildi. Qeyri-neft sektorunun
inkişafı üçün ayrıca proqramlar
reallaşdırıldı.
Enerji
layihələrinin həyata keçirilməsi bu prosesdə
xüsusi yer tuturdu. Azərbaycan enerji siyasətini o dərəcədə
səmərəli apardı ki, tarixi baxımdan qısa zamanda
dünyanın aparıcı geosiyasi gücləri
Bakını regionun lideri kimi qəbul etməli oldu. Azərbaycan
artıq enerji təhlükəsizliyi sahəsində
sözünü deyən, müstəqil maraqları ilə
çıxış edən, regionun lideri qismində geosiyasi
statusunu fəaliyyəti ilə təsdiqləyən dövlətdir.
Güclü dövlət konseptinin həyata keçirilməsinin
birbaşa nəticəsi olan bu nailiyyət tarixi əhəmiyyət
daşıyır. Güclü dövlət konseptinin iqtisadi
aspektinin də sıx bağlı olduğu başqa bir məqamı
qeyd etmək gərəkdir.
Müasir
tarixi mərhələdə güclü dövlət və
güclü cəmiyyət anlayışları sıx
bağlıdır. Fərdlərin və cəmiyyətin
gücünün bir tərəfi iqtisadi amillə
bağlıdırsa, digər tərəfi mənəviyyatla əlaqəlidir.
Bu səbəbdən Heydər Əliyev milli-mənəvi dəyərlərin
qorunmasına və inkişaf etdirilməsinə ciddi önəm
verirdi. Azərbaycan dilinin inkişafı, adət-ənənələrin
qorunması, mədəni-tarixi abidələrin saxlanması və
təbliği, mənəvi irsin öyrənilməsi,
tariximizin tədqiqi və təşviqi kimi məsələlər
onun siyasətinin mərkəzində duran məqamlardan idi.
Milli-mənəvi dəyərlərinə sadiq qalan cəmiyyət
həqiqi mənada müasirləşə bilər. 2001-ci il
noyabrın 9-da Dünya Azərbaycanlılarının I
Qurultayında ulu öndər deyirdi: "Hər bir Azərbaycanlı
öz milli mənsubiyyətinə görə qürur hissi
keçirməlidir və biz azərbaycançılığı
- Azərbaycan dilini, mədəniyyətini, milli-mənəvi
dəyərlərini, adət-ənənələrini
yaşatmalıyıq".
Milli-mənəvi
dəyərlər cəmiyyətin gücünü
qidalandıran mənbədirsə, müasirləşmə
onun daim dəyişən ətraf aləmə
adaptasiyasını təmin edən prosesdir. Müasir tarixi mərhələdə
cəmiyyətin yeniləşməyə açıq
olması inkişafın mühüm amili sayılır. Bu mənada
azərbaycançılıqda yer almış müasirləşmə
prinsipi ciddi fəlsəfi məzmuna malikdir. Güclü
dövlətin demokratik cəmiyyətlə
harmoniyasının əsas qayəsini məhz müasirləşmə
təşkil edir. Azərbaycan cəmiyyətinin müasirləşməsi
konkret olaraq modernləşmə proqramında öz ifadəsini
tapır. Dövlət quruculuğu çərçivəsində
müasirləşməyə diqqət yetirsək, burada
demokratik təsisatların formalaşmasının
mühüm yer tutduğunu görərik. Demokratik institutlar cəmiyyətdə
sosial-siyasi münasibətləri tənzimləyən əsas
mexanizmdir.
Azərbaycan
demokratik təsisatların formalaşması məsələsində
postsovet məkanında öncül yerdə olan ölkələrdəndir.
Təbii ki, cəmiyyətin yeniləşməsi prosesi
heç zaman dayanmamalıdır. Təkmilləşmənin,
daha yüksək demokratik yaşam tərzinə sahib
olmanın sonu yoxdur. Azərbaycan cəmiyyətinin müasirləşməsi
də fasiləsiz gedən prosesdir. Dövlətin gücü
ilə cəmiyyətin gücünün
uzlaşdığı müasirləşmə prosesi
özündə varislik prinsipini də ehtiva edir.
Beləliklə,
keçən əsrin 90-cı illərində Azərbaycan
milli, regional və qlobal maraqları uzlaşdıran inkişaf
strategiyasını formalaşdıra bildi. Bu strategiya həm
müstəqil demokratik dövlət quruculuğunun uğurla həyata
keçirilməsi, həm Azərbaycanın Cənubi
Qafqazın aparıcı dövlətinə, həm də
regional liderə çevrilməsi üçün imkan
yaratdı. Bu uğurun təməlində dövlət
quruculuğu ilə yeni cəmiyyət
formalaşdırılmasının vəhdət təşkil
etməsi durur. Həmin aspektdə əvvəlcə cəmiyyətdə
sabitliyin yaradılması, sonra isə davamlı sosial-iqtisadi və
mədəni inkişaf xəttinə
çıxarılması mərkəzi yer tutur. Təcrübə
göstərdi ki, Azərbaycan Cənubi Qafqazda bu modeli ən
yaxşı şəkildə reallaşdıran dövlətdir.
Bunlardan
belə nəticə çıxarmaq olar ki, Azərbaycanda
sosial inkişaf modelinin həyata keçirilməsi Heydər
Əliyev tərəfindən dərin, hərtərəfli və
müasir tarixi dövrün tələblərini nəzərə
almaqla elmi yanaşmaya əsaslanır. Sosial inkişaf bir tərəfdən
müstəqil dövlət quruculuğu kursu, digər tərəfdən
cəmiyyətin mənəvi-əxlaqi yeniləşməsi ilə
sıx bağlı halda həyata keçirilir. Bu məqamın
əhəmiyyəti böyükdür. Çünki
müasir cəmiyyətlərin bir çoxunda güclü
dövlət qurulur, lakin sosial inkişaf zəifdir. Yaxud
sosial-iqtisadi inkişaf kifayət qədər yüksəkdir,
fəqət cəmiyyət ziddiyyətlər içərisində
sıxılır. Deyək ki, bir sıra Qərb dövlətlərindəki
cəmiyyətdə müxtəlif sosial, mənəvi, əxlaqi-ideoloji
problemlər mövcuddur. İnsan tərbiyəsi məsələsi
xeyli aktuallaşıb. Bu da özlüyündə təhsil
sisteminin yeniləşməsi və təkmilləşdirilməsi
ehtiyacını ortaya qoyur. Həmin məsələnin
kökündə isə sosial inkişaf modeli durur.
Şübhə
yoxdur ki, müstəqilliyini əldə etmiş dövlətlər
üçün sosial inkişaf modeli yaradıcı
yanaşma tələb edən məsələdir. Şübhəsiz,
yüksək inkişaf etmiş ölkələrin təcrübəsini
burada nəzərə almaq lazımdır. Lakin son halda
inkişaf modelini hər bir cəmiyyətin özünəməxsus
tarixi təkamül yolu keçməsi əsasında müəyyənləşdirmək
lazım gəlir. Bütün bunlarla yanaşı, müasir
dövr üçün xarakterik olan və heç bir cəmiyyətin
yan keçə bilmədiyi bir özəlliyi unutmaq olmaz.
Söhbət qloballaşma şəraitində konkret cəmiyyətin
inkişaf modelinin dayanıqlığından və
özünəməxsusluğunu saxlamaq imkanlarından gedir.
Çünki müasir tarixi mərhələdə faktiki
olaraq sivilizasiya geosiyasəti yeridilir. Sivilizasiya geosiyasəti isə
hər şeydən əvvəl mədəni kodlara və
arxetiplərə yönəlir. Problemə böyük
dövlətlərin maraqları prizmasından baxdıqda yerli
mədəniyyət sistemlərini təhdid edə bilən təhlükələri
nəzərə almaq lazım gəlir. Samuel Hantinqton məşhur
əsərində vurğulayır: "...Qlobal siyasət -
sivilizasiya siyasətidir. Fövqəldövlətlərin rəqabəti
sivilizasiyaların toqquşması ilə əvəz
olunub". Digər ABŞ siyasətşünası və
ideoloqu Henri Kissincer deyir ki, "...Üçüncü
dünyaya münasibətdə Amerika xarici siyasətinin ali
prioriteti depopulyasiya olmalıdır". Xatırladaq ki,
H.Kissincer 1975-ci ildə Prezident Cimmi Karter üçün
depolulyasiya haqqında "GLOBAL 2000" adlı sənəd
hazırlamışdı.
Bu fikirlər
nəyi ifadə edir? İlk növbədə bu, müasir
sivilizasiya geosiyasətində əsas hədəfin insan beyni,
qəlbi və xalqların mədəniyyətləri
olmasına işarədir. Əsas təsir vasitəsi mədəniyyətlərin
tranziti kanalları, yəni mediadır. Media vasitəsi ilə
milyonların şüurunu manipulyasiya etmək olar. Sosialist
düşərgəsinin dağılması ilə həmin
tendensiya daha da güclənmişdir. Təsadüfi deyil ki, məhz
keçən əsrin 90-cı illərinin əvvəllərində
qlobal miqyasda fəaliyyət göstərən bir neçə
informasiya vasitəsi formalaşdı. Onlardan CNBC (1989-cu il), VVS
World News (1991-ci il), Euronews (1993-cü il), Bloomberg TV (1994-cü
il), Al-Jazeera (1996-cı il) və başqalarını göstərə
bilərik. Həmin prosesin vüsət almasının geosiyasi
şərtləri aydındır. Qloballaşan dünyada
informasiyanın sürətli və genişmiqyaslı
yayılması zərurətə çevrilir. Eyni zamanda
müxtəlif sahələrdə çalışan
insanların anında informasiya almaq ehtiyacı ödənməlidir.
Deyək ki, bizneslə məşğul olan adamın daha
çox uğur qazanması informasiya təminatı ilə
sıx bağlıdır. O cümlədən, tansmilli
şirkətlərin dünya miqyasında fəaliyyəti
qlobal səviyyədə informasiya vasitələrinin fəaliyyətindən
birbaşa asılıdır. Beləliklə, media vasitələri
qlobal miqyasda insanların həyat tərzinə,
düşüncəsinə, siyasi və iqtisadi proseslərə
və mədəniyyətə ciddi təsir edirlər.
Dünyanın demək olar ki, bütün regionlarını əhatə
edən qlobal informasiya vasitələri konkret məsələlər
haqqında rəy yaratmağa qadirdir. Bu üsuldan Qərb
ictimai rəyi idarə etməkdə geniş miqyasda
yararlanır. Beləliklə, müasir təbliğat və təşviqat
vasitələri ilə bütöv bir cəmiyyətin
"beynini və qəlbini yumaq" mümkündür. Deməli,
milli dövlət üçün mədəniyyət
sistemini qorumaq və inkişaf etdirmək, ilk növbədə
siyasi məsələdir. Bu amili dövlət quruculuğu fəlsəfəsinin
əsasına qoymaq isə konkret geosiyasi kurs götürmək
anlamını verir. Konkret ifadə etsək, Heydər
Əliyevin sosial inkişaf modeli, o cümlədən mədəniyyəttutumlu
suverenlik prinsipi müasir tələblərə cavab verən
dövlətçilik kursunun seçilməsini şərtləndirir.
Bu kurs Prezident İlham Əliyev tərəfindən uğurla
davam etdirilir. Şübhə yoxdur ki, bu proses Azərbaycanı
XXI əsrin yüksək inkişaf etmiş dövlətlərindən
birinə çevirəcək.
Bu gün
beynəlxalq aləmdə baş verən mürəkkəb və
narahatlıq doğuran prosesləri nəzərdən
keçirərkən çıxardığımız ən
mühüm nəticə budur ki, müstəqilliyini
qazanmış dövlətin ən böyük sərvəti
onun sabitliyidir. Və əgər bu sabitlik eyni zamanda ölkənin
dinamik inkişafını da təmin edə bilirsə, onda onu
dövlətin öz gələcəyini təmin etmək
üçün əldə etdiyi böyük tarixi nailiyyəti
hesab etmək lazımdır.
Novruz
MƏMMƏDOV,
Azərbaycan
Respublikası Prezidenti Administrasiyasının rəhbərinin
müavini, Xarici əlaqələr şöbəsinin
müdiri, YAP Siyasi Şurasının üzvü
Azərbaycan.-2014.- 3 may.- S.2.