«Naxçıvan - qədim mədəniyyət
diyarı» adlı elmi konfrans
keçirilmişdir
Mayın 2-də Suraxanı rayonundakı Heydər Əliyev Mərkəzində "Naxçıvan - qədim mədəniyyət diyarı" adlı elmi konfrans keçirilmişdir.
AzərTAc xəbər verir ki, Naxçıvan Muxtar Respublikasının 90 illik yubileyinə həsr olunmuş konfransı Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsi təşkil etmişdir.
Əvvəlcə konfrans iştirakçıları ümummilli lider Heydər Əliyevin mərkəzin qarşısındakı abidəsi önünə əklil qoymuş, muzey bölməsi ilə tanış olmuşlar.
Konfrans Naxçıvan Muxtar Respublikasının sürətli sosial-iqtisadi inkişafından bəhs edən videoçarxın nümayişi ilə başlamışdır. Diqqətə çatdırılmışdır ki, bu konfrans Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin "Naxçıvan Muxtar Respublikasının 90 illik yubileyinin keçirilməsi haqqında" 2014-cü il 14 yanvar tarixli sərəncamına əsasən keçirilən tədbirlərdən biridir.
Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti, akademik İsa Həbibbəyli konfransda "Nuh çıxandan - Naxçıvana: tarix və müasirlik" mövzusunda məruzə ilə çıxış etmişdir. Akademik İ.Həbibbəyli muxtar respublikanın tarixi, mədəniyyəti haqqında ətraflı məlumat vermişdir.
Daha sonra Azərbaycan Milli Elmlər Akademiyasının Folklor İnstitutunun direktoru, filologiya elmləri doktoru Muxtar İmanovun "Naxçıvanın folkloru haqqında", Azərbaycan Milli Elmlər Akademiyasının Ədəbiyyat İnstitutunun şöbə müdiri, filologiya elmləri doktoru, professor Tahirə Məmmədin "Naxçıvanın ədəbi mühiti haqqında", Azərbaycan Milli Elmlər Akademiyasının Arxeologiya və Etnoqrafiya İnstitutunun şöbə müdiri, tarix üzrə fəlsəfə doktoru Səfər Aşurovun "Naxçıvanın tarixi haqqında" məruzələri dinlənilmişdir.
Bakı Şəhər İcra Hakimiyyəti başçısının müavini Fidumə Hüseynova, Naxçıvan Muxtar Respublikasının Bakı şəhərindəki daimi nümayəndəliyinin rəhbəri Bəxtiyar Əsgərov, Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı İlqar Abbasov çıxış edərək muxtar respublikanın dinamik sosial-iqtisadi inkişafı, həyata keçirilən böyük quruculuq işləri barədə məlumat vermişlər. Xüsusi vurğulanmışdır ki, muxtar respublikanın əhalisi müstəqil Azərbaycan Respublikasının qurulması və möhkəmləndirilməsi, ölkədə demokratik dəyərlərin bərqərar olması kimi amallara qovuşmaq üçün ulu öndər Heydər Əliyevin respublika rəhbərliyinə qayıtması uğrunda mübarizənin ön sıralarında getmişdir.
Bildirilmişdir ki, gündən-günə inkişaf edən muxtar respublikada son illər uğurlu iqtisadi islahatlar həyata keçirilmiş, sahibkarlığın inkişafı üçün geniş imkanlar yaradılmışdır.
Sonda konfrans
iştirakçıları ulu öndər
Heydər Əliyevin muxtar respublika
ilə bağlı fəaliyyətini əks etdirən fotoslayda baxmışlar.
Azərbaycan.-2014.- 3 may.- S.3.