1918-ci il
Quba qırğınları
Azərbaycanlıların
soyqırımı
1918-ci il
may ayının 1-də türklərə qarşı törətdikləri
vəhşilikləri ilə məşhurlaşmış erməni-daşnak
zabiti Amazaspın
komandanlığı altında yalnız ermənilərdən
ibarət 3 minlik hərbi birləşmə
üç tərəfdən Quba şəhərinə daxil
oldu. Bu hadisədən bir müddət sonra Quba şəhər
polis idarəsinin rəisi öz raportunda belə yazacaq: "...Fövqəladə Təhqiqat
Komissiyasına bildirirəm ki, Quba şəhərinin I hissəsinin
ərazisində erməni
quldurları tərəfindən yaralanan və şikəst
edilənlər yoxdur və ola da bilməz, çünki onlar
çox sərrast atırdılar və bir güllə əvəzinə
40-50 güllə işlədirdilər. Bundan əlavə,
onlar qabaqlarına çıxan hər kəsi xəncərlə
doğrayır, ölənə qədər tüfəngdən
atəşə tutur, öldürəndən sonra isə
meyitləri eybəcər hala salırdılar..."
Quba qəzası
1918-ci il qanlı mart hadisələrindən
sonra bolşeviklərin Bakı və Şamaxı qəzalarında
qurduqları sovet hakimiyyətini genişləndirmək istədikləri
üçüncü Azərbaycan regionu oldu. Lakin
Qubada olan şərait Bakı və Şamaxıdan bir qədər
fərqli idi. Tarixən Quba
xanlığının və eyni adlı qəzanın
sosial-siyasi-iqtisadi həyatında erməni elementi heç bir
gözəçarpan rol oynamamışdı. 1918-ci ildə
Quba şəhərində və yığcam şəkildə
qəzanın 2-3 erməni kəndində yaşayan azsaylı
erməni əhalisinin öz kilsələri, dini məktəbləri
və s. olsa da, yerli zadəgan dairələrində nüfuzlu
elitası və gözəçarpan zəngin təbəqəsi
olmadığından onlar şəhərin və qəzanın
inzibati-idarəçilik və ictimai strukturunda, demək olar
ki, təmsil olunmurdular. Həmin strukturlarda əsas
vəzifələri rus, azərbaycanlı, tat, ləzgi və
yəhudi xalqlarının nümayəndələri tuturdu.
Quba fəhlə və əsgər deputatları
sovetində Quba bolşeviklərinin mövqeyi də yeni sovet
hakimiyyətinin qurulması işində dayaq olmaq
üçün kifayət qədər güclü deyildi.
Bu dövrdə Quba qəzasında rəsmi
olaraq real hakimiyyəti Zaqafqaziya Seyminə tabe olan ictimai təşkilatların
İcraiyyə komitəsi təmsil edirdi.
Bu səbəblərdənmi,
yaxud tarixi qanunauyğunluğa əməl edərək, rus
çar hakimiyyəti zamanı olduğu kimi, 1918-ci il mart
qırğınlarından sonra Bakıda qurulmuş
bolşevik-daşnak hökuməti - Bakı Xalq Komissarları
Soveti də bu qəzanı əvvəlcə sülh yolu ilə
ələ almağa, yəni qubalılara bolşeviklərin
hakimiyyətini könüllü olaraq qəbul etdirməyə qərar
verir. Quba ictimaiyyəti ilə
danışıqlar aparmaq David Aleksandroviç Gelovaniyə
tapşırılır. Bakı bolşeviklərinin
siyasi dairələrində tamamilə təsadüfi bir adam
sayılan Gelovani Bakı Soveti İcraiyyə Komitəsinin
sədri P.Caparidze tərəfindən milis müvəkkili kimi
bolşevik hökumətinin icra aparatına cəlb
olunmuşdu və belə mühüm işin azsaylı da olsa, yerli bolşeviklərə deyil, Azərbaycana
yenicə gəlmiş 30
yaşlı, mənşəcə gürcü
knyazlarından, siyasi görüşlərinə görə
sosial-demokrat-menşevik olan bir
şəxsə tapşırılması Quba hadisələrinin
əsas iştirakçıları, o cümlədən
Gelovaninin özü üçün də sona qədər sual olaraq qalır.
Gelovaninin
əsasən ermənilərdən və bir neçə nəfər
rus və yəhudidən ibarət beynəlmiləl dəstəsinin
Qubaya
yaxınlaşdığı
haqda məlumat alan qubalılar öz növbəsində
şəhərin müsəlman, rus və yəhudi cəmiyyətlərinin
nümayəndələrindən ibarət beynəlmiləl
bir heyəti bolşeviklərin dayandığı Xaçmaz
stansiyasına göndərirlər. Nümayəndələr
hərbi dəstənin Qubaya nə məqsədlə gəldiyini
öyrənmək istəyir, daha sonra "bolşeviklərin
proqramı ilə tanış olmaq və bu proqramın
qubalılar üçün nə dərəcədə məqbul
olub-olmadığını müəyyənləşdirmək
məqsədilə" özlərinin Bakıya
buraxılmasını xahiş edirlər. Gelovani
qubalıların xahişinə hörmətlə
yanaşır və özü şəxsən onlara
Bakıya getməyi və bu məsələni
"bolşeviklərin rəhbərləri ilə"
araşdırmağı tövsiyə edir. Lakin
bolşevik hakimiyyətinin qubalılar tərəfindən
"könüllü olaraq" tanınmasını gözləmədən
Gelovani bu hadisədən 2 gün sonra 187 əsgərdən
ibarət silahlı dəstə ilə şəhərə
daxil olur və qubalıları fakt qarşısında qoyur.
Quba sakinləri, təbii ki, Bakıda və
Şamaxıda baş vermiş qanlı toqquşmalardan, bu qəzaların
şəhər və kəndlərinin müsəlman əhalisinə
qarşı erməni əsgərləri tərəfindən
törədilmiş zorakılıqlardan xəbərdar idilər. Bakıda
yaşayan bir çox qubalılar ermənilərin
özbaşınalıqlarından xilas olmaq üçün
ailələri ilə birlikdə Qubaya
köçmüşdülər və həmyerlilərinə
baş vermiş hadisələrin faciəvi nəticələrindən
danışmışdılar. Bununla bərabər,
Bakıda və Şamaxıda öldürülənlərin qisasını almaq
üçün yerli erməniləri cəzalandırmağı
qərar vermiş bəzi Quba sakinlərinin bir neçə erməni evinə
hücum edərək onları qarət etməsi kimi
halların qarşısı şəhər hakimiyyəti və
müsəlman cəmiyyəti tərəfindən dərhal
alınmış, Qubanın erməni əhalisinin təhlükəsizliyini
təmin etmək üçün tədbirlər
görülmüşdü. Bu tədbirlərdən biri
özünün qeyri-adiliyi ilə fərqlənirdi: Qubada
yaşayan onlarla erməninin (40-dan 200-dək) həyatını
hər hansı təcavüzdən qorumaq məqsədilə
müsəlmanlar onları yerli camaatdan təcrid etməyi
lazım bilmiş və etibarlı mühafizə təyin edərək
şəhər həbsxanasında yerləşdirmişdilər.
Qubalılar "məhbusları"
yaxşıca yedirdir, müsəlman qonşuları onları
ziyarət edir, özləri ilə yemək gətirir,
onların evlərindən və əmlakından muğayat
olurdular. Şəhərdə vəziyyət o dərəcədə
sakit və nəzarət altında idi ki, sovet hakimiyyətinin
Qubaya gəlmiş ilk "müjdə"çisi - D.Gelovani
ermənilərə qarşı hər hansı bir təhlükənin
gözlənilmədiyini qərara alaraq dərhal onları
"azad edir". Lakin az sonra məlum olur
ki, sovet hakimiyyətini tanımaq və ona tabe olmaq haqqında
Gelovani tərəfindən irəli sürülən ultimatum
qəbul edilməyəcəyi təqdirdə artıq
bütün şəhəri təhlükə gözləyir.
Qeyd etmək lazımdır ki, bu hadisələr ərəfəsində
Qubada şəhər başçısı və
aşağı inzibati orqanlardan savayı hər hansı
hakimiyyət mövcud deyildi. Həmin vaxt qəza komissarı
Əli bəy Zizikski Bakıda və Şamaxıda mart hadisələrindən
dərhal sonra öz hərbi dəstələri ilə Qubadan
çaxaraq Dağıstandan azərbaycanlıların köməyinə
gəlmiş Nəcməddin Qotsinskinin dəstələri ilə
birlikdə artıq Bakının girəcəyində,
Xırdalan yaxınlığında şəhəri və
onun müsəlman əhalisini xilas etmək məqsədilə
bolşevik-daşnak qoşunları ilə döyüşlər
aparırdı.
Bakı və
Şamaxı hadisələrindən sonra kifayət qədər
qorxmuş və "imtina edildiyi halda şəhər yerlə
yeksan ediləcək" hədəsi ilə düşünməyə
cəmi 2 saat vaxt verilmiş Quba sakinləri ultimatumu qəbul
etdilər və düz 8 gün sovet hakimiyyəti altında
yaşadılar. Bu qısamüddətli hadisə
dərhal Bakı bolşeviklərinin qəzetlərində əks
olunur və göstərilir ki, aprelin 23-də Qubada, şəhər
meydanında təntənəli surətdə sovet hakimiyyəti
elan olunmuş və "zəhmətkeşlər bu hadisəni
böyük ruh yüksəkliyi ilə qeyd etmişlər".
Gelovani özünü Qubanın qəza
komissarı elan edir.
Lakin sanki tarixən yaranmış ənənələrə
uyğun olaraq yenə də dağlılar - yeni hakimiyyəti
qəbul etməyən və tanımayan ətraf kəndlərin
ləzgi əhalisi hadisələrə müdaxilə edir. Qubada sovet hakimiyyətinin
9-cu günü şəhərin yəhudi məhəlləsi
tərəfindən əsasən ləzgilərdən ibarət
dəstələrin
silahlı hücumu başlayır. Gelovaniyə
Xaçmazdan 2 topla birlikdə Ağacanyanın rəhbərlik
etdiyi və yalnız ermənilərdən ibarət olan 150 nəfərlik
hərbi dəstək gəlir. Üç
gün davam edən şiddətli döyüşlərdən
sonra ləzgi dəstələri bolşeviklərin ilk
"komanda"sını Qubadan qovub çıxarırlar.
Ləzgilərin "azadlıq" əməliyyatının
təşəbbüskarlarının kim
olduğunu müəyyən etmədən bolşevik-erməni
hərbçiləri həmin günlər guya ləzgiləri
qarşılamağa çıxmış 27 nəfər Quba
şəhər sakinini güllələyirlər.
Gelovaninin dəstəsi ilə ləzgilər arasında
silahlı toqquşmanı mahiyyətcə Qubada "sovet
hakimiyyətinin qurulması" uğrunda birinci və sonuncu
mübarizə adlandırmaq olar. Bolşeviklərin məğlubiyyəti
ilə nəticələnmiş bu mübarizədə hər
iki tərəf itkilərə məruz qalır, ləzgilərdən
200 nəfər öldürülür, həmçinin dinc
sakinlərdən 70 nəfər həlak olur. "Vətəndaş
müharibəsi"nin bu ilk
döyüşünün "siyasi" xarakterinə
baxmayaraq, ermənilərin həmin döyüşdə
iştirakı və geri çəkilərkən törətdikləri
hərəkətlər artıq ona "milli" çalar
verir. Qubanı tərk edərkən Ağacanyanın əmri
ilə onun əsgərləri xristian əhalini, əsasən
erməniləri Qubadan
çıxarmaq məqsədilə
ev-ev gəzərək onları bir yerə toplayır, lakin atışma
zamanı yarı yolda atıb qaçırlar. Nəticədə
erməni-bolşevik dəstəsi tərəfindən zorla
"aparılan" dinc xristian əhalidən onlarla rus, yəhudi
və erməni, o cümlədən rus və erməni keşişləri həlak
olur. "Geri çəkilərkən
Ağacanyanın dəstəsi Bulvar küçəsini
yandırmış, Bazar küçəsində 16, Komendant
küçəsində - 7, şəhərin kənarında,
köhnə həbsxananın yaxınlığında isə
35 nəfəri qətlə yetirmişdi. Bolşeviklər
geri çəkilərkən qəza idarəsi, şəhər
duması və barışıq məhkəməsinin binalarına
od vurmuş və Cümə məscidini yandırmağa cəhd
göstərmişdilər".
Hadisələrin sonrakı gedişi göstərdi ki,
qubalılara dinc yaşamaq üçün cəmi iki həftəlik
fasilə verilibmiş. 1918-ci ilin may ayının 1-də Amazaspın
komandanlığı altında 3 minlik erməni ordusu
üç tərəfdən Quba şəhərinə daxil
olaraq onu toplardan, pulemyotlardan və tüfənglərdən
atəşə tutur. Dəhşətli
çaxnaşma və təlaş başlanır. Elə birinci gün, şəhərin
aşağı hissəsində əksəriyyəti qadın
və uşaqlar olan 715 müsəlman öldürülür.
İkinci gün şəhərin 1-ci və 2-ci
hissələrində 1012 nəfər - əksəriyyəti
şəhərin kasıb təbəqəsindən və
iranlı təbəələrdən ibarət olan kişilər
qətlə yetirilirlər.
Amazaspın
dəstələrinin hər hansı bir siyasi vəzifə -
yeni hakimiyyətin qurulması - deyil, sırf cəza
missiyasını yerinə yetirdiyi şəhər sakinlərində
heç bir şübhə doğurmurdu: "Ermənilər
elə ilk hücum vaxtı müsəlmanları, qadın və
uşaqları amansızlıqla və qəddarlıqla
öldürməyə başladılar. Onlar
küçələrdə və meydanlarda olanların
hamısını qətlə yetirdikdən sonra evlərə
soxularaq südəmər körpələrə belə rəhm
etmədən bütöv ailələri qırırdılar.
Bundan əlavə, ermənilər müsəlmanların
qızılını, pulunu və qiymətli əşyalarını
əllərindən alaraq qarət edirdilər. Bu, azmış kimi, onlar evləri və
mağazaları yandırmağa başladılar. Yığışdırılmamış meyitlər
küçələrdə, evlərdə qalmışdı
və çürüyürdü".
Meyitlərin dəfn edilməsi ilə bağlı şəhər
başçısı Əliabbas bəy Əlibəyov dəfələrlə
Amazaspa müraciət etsə də, rədd cavabı
alırdı.
Yalnız dördüncü gün erməni carçılar
müsəlman kişiləri qollarında ağ
sarğı ilə gəlməyə və meyitləri
basdırmağa çağırdılar. Şəhərin
bir çox sakinləri bu çağırışa cavab
olaraq bayıra çıxdı, lakin heç biri geri
qayıtmadığından - onların hamısı güllələnmişdi
- hamı yenidən öz evinə çəkildi və gizləndi.
Basdırılmayan və yeni öldürülənlərin
meyitləri ermənilər gedənə qədər, yəni
9 gün küçələrdə qaldı.
Amazasp şəxsən özü də
qoşunlarının əməllərinin cəza xarakteri
daşıdığını gizlətmirdi. Qubaya gəlişinin
dördüncü günü Amazasp qubalıları Cümə
məscidinin qarşısındakı meydana toplayaraq onlara təxminən
aşağıdakı məzmunda nitqlə müraciət
edir: "Mən əslən Ərzurumdanam. Uzun
müddət türklərlə vuruşmuşam. Mən erməni xalqının qəhrəmanıyam
və onun mənafeyinin müdafiəçisiyəm. Mən öz cəza dəstəm ilə bura sovet
hakimiyyəti tərəfindən iki həftə əvvəl
burada öldürülmüş ermənilərin
qisasını almaq üçün göndərilmişəm.
Sizin müsibətiniz mən sabah dağa
qalxdıqda (bu zaman əlini topların durduğu dağa tərəf
uzadır) başlayacaq. Sabah mən dağa
qalxacağam və şəhəri bombalayaraq bünövrəsinədək
yer üzündən siləcəyəm. İndi
mənim Digah və Alpan kəndlərində döyüşlərim
gedir. Sonra sizlərə od vuraraq
Üçgün və Kimil kəndlərinə keçəcəyəm,
Şahdağa çatacağam və siz onda
anlayacaqsınız ki, erməniləri öldürmək nə
deməkdir. Mən buraya qayda-qanun yaratmağa və
sovet hakimiyyəti qurmağa yox, öldürülmüş
ermənilərə görə sizdən qisas almağa
göndərilmişəm".
Amazaspın bu həyasız açıqlaması əslində
şəhər başçısı Ə.B.Əlibəyovun
dinc əhaliyə qarşı erməni qoşunlarının
azğınlığı haqqında şikayətlərinə
və xüsusilə Amazaspın ona uzatdığı əlini
rədd edən Quba şiə müsəlmanlarının
lideri Molla Hacı Baba Axundzadənin "Bu, hakimiyyət deyil. Siz bolşevik
deyilsiniz, siz oğru, qatil, vəhşi və
soyğunçusunuz. Biz sizə müqavimət
göstərməmişik. Nəyə
görə bu qədər insan öldürmüsünüz və
öldürməkdə davam edirsiniz" sualına cavab idi.
Amazaspın
qubalılar qarşısında söylədiyi bu nitqdə
qırmızı xətlə aşağıdakı sözlər
keçirdi: "Bizə sizlər və türklər tərəfindən
öldürülmüş qardaşlarımıza - ermənilərə
görə dənizin (Xəzər) sahillərindən
Şahdağa qədər olan bütün müsəlmanları
Şirvanda (Şamaxıda) qırdığımız kimi məhv
etmək, evlərinizi isə yerlə yeksan etmək əmri
verilmişdir".
Heç bir əmr olmadan belə hər bir müsəlman-türkə vəhşicəsinə divan tutmağa hazır olan Amazaspa bu dərəcədə zalım və qaniçən əmri kim vermişdi? Aydın idi ki, Amazaspın bir neçə minlik qoşunu Qubaya S.Şaumyanın başçılıq etdiyi Bakı Xalq Komissarları Soveti tərəfindən, özü də məhz cəza missiyası ilə göndərilmişdi. Bir çox mənbələrdən və tarixi sənədlərdən məlum olan bu fakt dəfələrlə həm qubalılar, həm də qarşı düşərgənin nümayəndələri tərəfindən təsdiq edilirdi. S.Şaumyanın Quba hadisələrinə olan münasibəti onun Quba şəhər başçısı Əliabbas bəy Əlibəyovla olan söhbətində də əyani şəkildə üzə çıxmışdı. Ermənilər Qubadan getdikdən sonra Əliabbas bəy Amazaspın başçılığı ilə cəza dəstəsinin Qubaya həqiqətənmi sovetlər tərəfindən göndərildiyini bolşevik rəhbərləri Şaumyan və Caparidzedən soruşub aydınlaşdırmaq və onlara "dəstənin Qubada törətdikləri əməllər haqqında yazılı məlumat vermək üçün" Bakıya gedir. Bakıda bolşevik liderləri ilə görüşmüş Ə.B.Əlibəyov sonradan göstərirdi: "Şaumyan məni sifətində təbəssümlə dinlədi və dedi ki, müsəlmanlar və türklər yüz minlərlə erməni öldürüblər, ermənilər Qubada iki müsəlman öldürəndə isə müsəlmanlar şikayət edir və göz yaşı axıdırlar. Caparidze mənim xahişimə ciddi yanaşdı və mənə dedi ki, sovetlər Qubaya cəza dəstəsi göndərməyib".
D.Gelovani də cəza dəstəsinin Qubaya göndərilməsinin təşəbbüskarı kimi Şaumyanı göstərirdi: "Amazaspın dəstəsində bircə nəfər də olsun rus yox idi, yalnız ermənilər idi, hamısı da, sonuncuya qədər, qatı daşnaksakan, Amazaspın özü də qatı daşnaksakandır. Hesab edirəm ki, cəza dəstəsi Qubaya Şaumyanın arzusu ilə göndərilmişdi, lakin qoşun seçimi hərbi nazir Korqanovdan asılıdır".
Burada daha bir sual ortaya çıxır: "Xəzər sahillərindən Şahdağa qədər" müsəlman əhalini məhv etmək əmrini alan Amazaspın qoşunlarının Qubadakı azğınlığı kim tərəfindən və hansı səbəbdən dayandırılmışdı? Quba əhalisinin bu sualla bağlı fərziyyələri üzərində dayanmadan bildirək ki, Gelovaninin özünün şəhadətləri Quba qırğınlarının dayandırılmasına həqiqətən səbəb olmuş bir adamın adını çəkmək ehtimalını daha inandırıcı edir. Bu adam Mir Cəfər Bağırov idi.
(ardı var)
Solmaz
RÜSTƏMOVA-TOHİDİ,
Azərbaycan Milli
Elmlər Akademiyası Akademik Z.M.Bünyadov adına Şərqşünaslıq
İnstitutunun baş elmi işçisi, tarix elmləri doktoru,
professor
Azərbaycan.-2014.- 3 may.- S.6.