Antiazərbaycançı qüvvələrlə ciddi mübarizə

 aparmağın vacibliyi gündəmə gətirildi

 

Milli Məclisin iclasında

 

 

Mayın 2-də Milli Məclisin növbəti iclası keçirildi. Gündəlikdəki məsələlərin müzakirəsinə keçməzdən əvvəl deputatlar cari məsələlərlə bağlı fikirlərini bildirdilər.

İlk çıxış edən parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli bildirdi ki, hakimiyyətin bir qolu kimi parlament Azərbaycan dövlətçiliyində, onun qorunmasında müstəsna rol oynayır. Çox təəssüf ki, bəzən bir sıra beynəlxalq təşkilatlar, milli Qeyri Hökumət Təşkilatları (QHT) mətbuatda parlamentin nüfuzuna xələl gətirən məlumatlar dərc etdirirlər. Bunların böyük əksəriyyətinin heç bir əsası yoxdur. Bir neçə gün əvvəl Transparency İnternational" təşkilatının Azərbaycan üzrə bölməsi - "Şəffaflıq Azərbaycan Korrupsiyaya Qarşı Mübarizə" İctimai Birliyi Azərbaycan parlamenti ilə bağlı dərc etdiyi hesabatı buna misal kimi göstərmək olar. Həmin hesabat yalan, böhtan və qərəz dolu məlumatlardan ibarətdi.  Hesab edirəm ki, bu təşkilatın baş ofisi Azərbaycandakı QHT-lər ilə əməkdaşlığı dayandırmalıdır. Azərbaycan parlamentariləri isə bundan sonra o təşkilatın heç bir tədbirinə qatılmamalıdır.

Deputatlardan Elmira Axundova, Musa Qasımlı, Qənirə Paşayeva, Fazil Mustafa, Azay Quliyev də çıxışlarında Əli Hüseynlinin fikirləri ilə razı olduqlarını bildirdilər. Qeyd olundu ki, bəzi beynəlxalq təşkilatlar Azərbaycana qarşı açıq-aşkar ikili standartlardan yanaşır və bunu bir sıra QHT-lərin dəstəyi ilə edir. Bu kimi təşkilatların fəaliyyətinə qanuni şəkildə xitam verilməlidi.

Yeni Azərbaycan Partiyasının icraçı katibinin müavini deputat Siyavuş Novruzov isə "hüquq müdafiəçisi" Leyla Yunus kimi antiazərbaycançı şəxslərin fəaliyyətinə toxunaraq ikili vətəndaşlıqdan söz açdı: "Necə ola bilər ki, Leyla Yunus Azərbaycan vətəndaşı ola-ola, digər ölkə vətəndaşlığını da qəbul edir. Bu, mümkün deyil. Hesab edirəm, Xarici İşlər Nazirliyi bəyanat verməlidir ki, kimsə başqa ölkənin vətəndaşlığını qəbul edirsə, Azərbaycan vətəndaşlığından dərhal çıxarılmalıdır. Bunu hər bir vətəndaş bilməlidir. Ona görə ki, antiazərbaycançı qüvvələrlə ciddi mübarizə aparmaq lazımdır".

Milli Məclisin Sədri Oqtay Əsədov yerli QHT-lərə ayrılan qrantlara diqqət çəkdi. Bildirdi ki, həmin qrantlara nəzarət edilməsi çox vacib məsələdir.

Oqtay Əsədov eyni zamanda təkliflə çıxış etdi. Sədr Azərbaycan parlamenti adından ATƏT Parlament Assambleyasına Bakıda keçiriləcək yay sessiyasının gündəliyinə Minsk qrupunun hesabatının salınması barədə müraciət etməyə çağırdı. Oqtay Əsədov Dağlıq Qarabağ probleminin dinc yolla çözülməsi üçün yaradılmış ATƏT-in Minsk qrupunun və həmsədrlərin ünvanına sərt tənqidi fikirlər səsləndirdi: "Onların işi-gücü oturub "Twitter"də twitləşməkdir. Ermənilərlə müzakirə aparmaqdır. Bu gün ortada BMT-nin dörd qətnaməsi var. Yaxşı olardı ki, ATƏT-in Minsk qrupu həmin qətnamələrin icra olunması istiqamətində iş aparsın, Ermənistana ciddi təzyiqlər göstərsin. Bizə aydın olub ki, ATƏT-in Minsk qrupunun yeni həmsədrlərinin Dağlıq Qarabağ məsələsindən kökündən xəbərləri yoxdur. Adını da qoyublar Dağlıq Qarabağ ilə tərəfdaşlıq və sair. Amma məsələ qoyulmalıdır ki, BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsi icra olunsun".

Sonra gündəlikdə duran məsələlərin müzakirəsinə başlanıldı. İlk olaraq "Beynəlxalq Bərpa Olunan Enerji Agentliyinin Nizamnaməsinin təsdiq edilməsi haqqında" Azərbaycan Respublikası Qanununun layihəsi barədə Milli Məclisin Sədr müavini Valeh Ələsgərov məlumat verdi. O, sənəddə əksini tapan bəyanatı səsləndirdi: "Azərbaycan Respublikası bəyan edir ki, o, Ermənistan Respublikası tərəfindən işğal olunmuş əraziləri (Azərbaycan Respublikasının Dağlıq Qarabağ regionu və ona bitişik yeddi rayon) işğaldan azad olunanadək və işğalın nəticələri tam aradan qaldırılanadək, bu Nizamnamə çərçivəsində Ermənistan ilə əməkdaşlıq etməyəcəkdir".

Deputat Vahid Əhmədov çıxış edərək sözügedən Nizamnamənin təsdiq edilməsinin vacibliyini vurğuladı.

Qanun layihəsi səsə qoyularaq təsdiq edildi.

Gündəlikdə duran ikinci məsələni -"İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında" Konvensiyaya dəyişikliklər edilməsi barədə 15 nömrəli Protokolun təsdiq edilməsi haqqında" Azərbaycan Respublikası Qanun layihəsini Milli Məclisin İnsan hüquqları komitəsinin sədri Rəbiyyət Aslanova təqdim etdi. Deputatlardan Zahid Oruc, Fərəc Quliyev, Fəzail Ağamalı, Siyavuş Novruzov, Gövhər Baxşəliyeva və Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli çıxışlarında insan hüquq və azadlıqlarının vacibliyinə toxundular və Protokolun təsdiq edilməsini müsbət qiymətləndirdilər. Deputat Bəxtiyar Əliyev bildirdi ki, vaxtilə Azərbaycanın bu konvensiyaya qoşulması insan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi istiqamətində atdığı növbəti bir addım idi: "Bundan sonra bu sahədə çox ciddi dəyişikliklər oldu, insan hüquq və azadlıqları konstitusiyada öz əksini tapdı. Bunun nəticəsi olaraq milli qanunvericilikdə çox böyük dəyişikliklər edildi. Amma biz bu Konvensiyanı ratifikasiya etmiş ölkələrin siyahısına baxsaq, görəcəyik ki, həmin sənəddən irəli gələn tələblər vasitəsilə öz milli qanunvericiliklərinə heç də dəyişikliklər etməyiblər. Lakin Azərbaycanla bağlı müəyyən məsələlər ortalığa çıxanda hansısa ikili standartlardan çıxış edirlər və Azəbaycana təzyiqlər göstərmək istəyirlər. Bu gün Azərbaycanda söz, ifadə, dini əqidə ilə bağlı azadlıqlar var. Bu azadlıqlar təmin edilib və insanlara verilib. Çox təəssüflər olsun ki, bəzən bu azadlıqlardan sui istifadə edənlər, onu anarxiya kimi başa düşənlər də olur. Şübhəsiz ki, qeyri-hökumət təşkilatları və insan haqları təşkilatları adı altında bu fikirləri Azərbaycan cəmiyyətinə yeritməyə  çalışanlar da mövcuddur. Dövlət vaxtilə daha bir addım ataraq hazırda QHT, KİV və siyasi partiyalara diqqət göstərir və dövlət büdcəsindən onlara maliyyə dəstəyi ayrılır. Bütün bunlar vətəndaş cəmiyyətinin təsisatları və insan hüquqlarının daha geniş müdafiəsi üçün maliyyələşdirilir. Hətta Azərbaycanda Korrupsiyaya Qarşı Mübarizə üzrə Komissiya qrant layihəsi elan edərək korrupsiyaya qarşı mübarizə ilə məşğul olan QHT-lərə qrant layihələr ayırır ki, qoy onlar cəmiyyəti, dövləti narahat edən məsələlərlə bağlı konkret işlər görsünlər, vətəndaş cəmiyyətini formalaşdırsınlar".

Müzakirələrdən sonra qanun layihəsi səsverməyə çıxarıldı və təsdiqləndi.

"Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında" qanun layihəsinə edilən texniki düzəlişlər də təsdiq edildi.

Sonra komitə sədri Əli Hüseynli "Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsində dəyişiklik edilməsi haqqında", "Mülki dövriyyədə olmasına yol verilməyən (mülki dövriyyədən çıxarılmış) əşyaların siyahısı haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə" və "Mülki dövriyyənin  müəyyən iştirakçılarına mənsub ola bilən və dövriyyədə olmasına xüsusi icazə əsasında yol verilən (mülki dövriyyəsi məhdudlaşdırılmış) əşyaların siyahısı haqqında" qanunda dəyişiklik edilməsi barədə qanun layihələrini təqdim etdi. Bildirdi ki, sözügedən qanunlara təklif olunan dəyişikliklər insanların sağlamlığı baxımından mühüm əhəmiyyət kəsb edir.

Qanun layihələri səsə qoyularaq qəbul olundu.

"Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişikliklər edilməsi haqqında" və "Yol hərəkəti haqqında" qanunda dəyişikliklər edilməsi barədə qanun layihələrinə də eyni məzmunlu dəyişiklik edilib. Dəyişikliklər barədə məlumat verən Əli Hüseynli bildirdi ki, nəqliyyat vasitəsini sərxoş halda idarəetmə halları istisna olmaqla, nəqliyyat vasitələrindən əlilliyi ilə əlaqədar istifadə edən şəxslərin nəqliyyat vasitələrini idarəetmə hüququ məhdudlaşdırıla bilməz. Həmçinin sürücülər bir il ərzində 20 və daha çox cərimə balı topladıqda, inzibati cərimə tətbiq edilmədən onların nəqliyyat vasitələrini idarə etmək hüquqları məhdudlaşdırılır. İnzibati cərimənin ödənilməsi zamanı göstərilən bank xidmətinə görə haqq həmin cərimə məbləğindən tutulur.

Qeyd olundu ki, bu dəyişiklikləri etməkdə əsas məqsəd şəffaflığı təmin etməkdir.  Deputatlardan Rafael Cəbrayılov, Sahib Alıyev, Fuad Muradov, Etibar Hüseynov və Rövşən Rzayev bu məsələ ilə bağlı fikirlərini bildirdilər. Çıxışlarında nəqliyyat vasitəsindən bayıra hər hansı bir tullantının atılması, nəqliyyat vasitəsinə quraşdırılmış səsgücləndiricilər pislənildi və paytaxt yollarındakı tıxacların qarşısının alınması üçün Avropa standartlarının tətbiqinin vacibliyi qeyd edildi.

 Qısa fasilədən sonra Milli Məclis öz işini davam etdirdi.  Gündəlikdə duran "Dövlət rüsumu haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə qanun layihəsi haqqında parlamentin iqtisadi siyasət komitəsinin sədr müavini Çingiz Əsədullayev məlumat verdi. Deputat bildirdi ki, yeni dəyişiklik ölkə vətəndaşlarının şəxsiyyət vəsiqəsinin verilməsi və ya dəyişdirilməsinə görə tətbiq olunan rüsum dərəcələri ilə bağlıdır. Dəyişikliklərə əsasən, Azərbaycan vətəndaşının şəxsiyyət vəsiqəsinin verilməsinə və ya dəyişdirilməsinə görə 10 gün müddətində verildikdə və ya dəyişdirildikdə 5 manat, 3 iş günü müddətində verilməsinə və ya dəyişdirilməsinə görə 25 manat, 1 iş günü müddətində verilməsinə və ya dəyişdirilməsinə görə isə 35 manat rüsum tutulur. Qanun 2015-ci ilin dekabr ayının 1-dən qüvvəyə minir. Layihə müzakirə olunmadan səsə qoyularaq qəbul olundu.

Gündəlikdə olan "Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə və  "Dövlət rüsumu haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə qanun layihələrinə texniki dəyişiklik edildi.

Gündəliyin son məsələsi isə "Yaşıllıqların mühafizəsi haqqında" Azərbaycan Respublikası Qanununun layihəsi idi. İkinci oxunuşda müzakirəyə çıxarılan sənədlə bağlı Milli Məclisin Aqrar siyasət komitəsinin sədri Eldar İbrahimov məlumat verdi. Komitə sədri dedi ki, layihənin ilk olxunuşu zamanı deputatlar xeyli təklif və iradlarını səsləndiriblər. İşçi qrupu bu təklif və iradları nəzərə alaraq komitənin iclasında qanun layihəsini yenidən müzakirə etdilər. Komitə iclasında deputatlar bəzi ziddiyyətli məqamlara aydınlıq gətirib öz tövsiyələrini verdilər. Bütün təkliflər və tövsiyələri nəzərə aldıqdan sonra layihəyə dəyişikliklər edilib. Sənəd 5 fəsil 25 maddədən ibarətdir. Müzakirələrdən sonra sənədə 3 yeni müddəa əlavə edilib və bir neçə maddə çıxarılıb. Müzakirələr zamanı çıxış edən deputatlar Etibar Hüseynov, Gülçöhrə Məmmədova, Aqil Abbas və Zahid Oruc qeyd etdilər ki, sənəd ikinci oxunuşa mükəmməl hazırlanıb və ilk oxunuşda səsləndirilən iradlar, təkliflər nəzərə alınıb. Müzakirələrdən sonra qanun layihəsi səsə qoyularaq ikinci oxunuşda qəbul edildi. Bununla da Milli Məclisin plenar iclası başa çatdı.

 

Elgün MƏNSİMOV,

Rəşad BAXŞƏLİYEV,

Azərbaycan.-2014.- 3 may.- S.1;3.