1918-ci il
Quba qırğınları
Azərbaycanlıların
soyqırımı
Azərbaycanın
gələcək "sahibi", uzun illər Azərbaycan
Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi vəzifəsini
tutmuş və şübhəsiz ki, Azərbaycan tarixinə
daxil olmuş tanınmış qubalılardan biri olan
M.C.Bağırov öz iradəsi iləmi, yaxud yaranmış
şəraitin hökmü ilə, hər halda 1918-ci il Quba
hadisələrinin əsas da olmasa, kifayət qədər
tanınmış iştirakçılarından birinə
çevrilir. Onun adı "bolşevik", "qubalı
qatı bolşevik", "yerli bolşevik" kimi dəfələrlə
həm qubalılar, həm də Gelovani tərəfindən
xatırlanır. Mir Cəfər Bağırov
özü hələ 1923-cü ildə, Az.SSR DİK Dövlət
Siyasət İdarəsinin sədri olduğu zaman
yazdığı tərcümeyi-halında Quba
qırğınları ərəfəsində və həmin
günlərdə baş verən hadisələrə
toxunmuş, o cümlədən onu talançıların
düşərgəsinə gətirib çıxaran səbəbləri
açıqlamışdı. Sözsüz
ki, M.C.Bağırovun özü tərəfindən təsvir
edilən bir çox məqamlar həqiqətə və ya digər
sənədlərdən məlum olan hadisələrə
uyğun gəlmir, yaxud onlarla ziddiyyət təşkil edirdi.
Quba səhifələri Bağırovun tərcümeyi-halının,
demək olar ki, ən dolaşıq, bir çox hallarda onun
özü tərəfindən dolaşdırılmış
hissəsi olmaqla bu tarixi şəxsiyyətin həyatında
heç də işıqlı, yaxud şərəfli hesab
edilə bilməz. Lakin onun bolşevik kimi
siyasi karyerasının özü tərəfindən parlaq
boyalarla təsvir edilən və çox zaman həqiqətə
uyğun olmayan ilk dövrünün detallarına varmadan qeyd
etmək lazımdır ki, Quba hadisələrinin əvvəllərində
Mir Cəfər Bağırov artıq bolşeviklərin tərəfində
idi.
Qubalıların şahidliyinə görə, onlara
Qubada sovet hakimiyyətinin tanınması tələbi ilə
ultimatum elan edildiyi zaman "Quba müsəlmanı, qatı
bolşevik" M.C.Bağırov da Gelovani və "iki yəhudi"
ilə birlikdə öz həmyerlilərinin
qarşısında dayanmışdı. Sonralar Quba camaatı dəfələrlə
Bağırovu Gelovaninin dəstəsindən olan bolşeviklərin
arasında görür: gah onun mənzilində yerli müsəlmanlar
evlərinin yandırılmaması üçün yerli erməni
qoçularına haqq verirlər, gah da "doqquzuncu gün
müsəlmanlardan qarət edilmiş bütün əmlak
Bağırovun evindən arabalara yüklənərək
Ayrapetovun nəzarəti altında şəhərdən
çıxarılır" və s.
Yeri gəlmişkən,
sonuncu epizodu Mir Cəfər Bağırov özü də,
lakin başqa yozumda təsdiq edir: "Amazaspın dəstələri
bir həftə bütün Quba qəzasında
azğınlıq etdikdən sonra qarət etdikləri
bütün qiymətli əşyaları götürərək
Bakıya tərəf hərəkət etdilər. Mən az qala diz üstə çökərək
ondan yandırılmış evlərin sahibləri
üçün ev əşyalarından nə isə
qoparmağa nail oldum. Alınan şeylər
paylanmaq üçün anbara yığıldı".
Lakin hələ Amazaspın hücumuna qədər Mir Cəfər
Bağırov Gelovani ilə birlikdə Quba şəhərində
və yaxın kəndlərdə inqilab komitələri -
revkomlar təşkil edir, qəza idarələrini ələ
keçirir, yerli qırmızı qvardiya yaratmağa
başlayır və s.
Ləzgi dəstələrinin bolşeviklərə
hücumu Quba qəzasında sovet hakimiyyətinin qurulması tədbirlərinə
son qoyur.
Burada xüsusi qeyd etmək lazımdır ki, yekdilliklə
şəhərə "qonşu kəndlərdən olan ləzgilərin"
girdiyini göstərən qubalılardan fərqli olaraq,
M.C.Bağırov "Qubaya hücumun" təşkilatçısı
kimi konkret şəxsin - Quba qəza
komissarı (gələcək Azərbaycan Parlamentinin
üzvü) Əli bəy
Zizikskinin adını çəkir. Maraqlıdır ki,
1956-cı ildə M.C.Bağırovun məhkəməsində
istintaq materiallarına əsasən onun hələ 1917-ci ilin
fevral ayından Quba şəhərinin ikinci (yəhudi) hissəsinin
milis komissarı təyin olunduğu və bu təyinatın
Quba qəza komissarı Əli bəy Zizikski tərəfindən
edildiyi, həmin ilin may ayından noyabr ayınadək isə Zizikskinin köməkçisi
işlədiyi göstərilir. 1917-1918-ci illərin kəsiyində
- Zizikski bolşevizm və Bakı Sovetinin antimilli rejimi ilə
mübarizə mövqeyinə keçdikdə,
M.C.Bağırovun isə Bakı Sovetinin timsalında mərkəzi
hakimiyyətin Qubada nümayəndəsi rolunu öz üzərinə
götürdüyü andan onların yolları ayrılır. Buradan
aydındır ki, 1918-ci ilin aprel ayının sonunda Zizikskinin
dəstələri tərəfindən Quba alındıqdan
sonra Quba İnqilab Komitəsi sədrinin köməkçisi
M.C.Bağırov nə üçün şəhərdə
qala bilməzdi.
Lakin hadisələrin
sonrakı gedişi M.C.Bağırovu qeyri-ixtiyari Bakı
bolşevik hökumətinin qırmızı bayrağı
altında çıxış edən erməni millətçiləri
ilə bir dəstəyə salır və o, partiya tərəfindən
nümayəndə kimi "şəxsən yoldaş
Şaumyanın əmri ilə Qubanı yer üzündən
silmək üçün şəhərə tərəf hərəkət
edən" Amazaspın cəza qoşunları ilə Qubaya
daxil olur.
Burada belə
bir sual meydana çıxır: bolşevik, eyni zamanda həm də
müsəlman və əslən qubalı olan
M.C.Bağırov hadisələrin gedişinə hər
hansı bir təsir göstərə bilərdimi? Çox
güman ki, yox! M.C.Bağırov özü sonradan etiraf edirdi:
"Çox təəssüf edirəm ki, mənim iradəmin
əksinə olaraq mənə Qubada baş vermiş dəhşətli
mənzərənin şahidi olmaq qismət oldu. Mən nəinki əhalinin günahsız hissəsinə
daşnakların vəhşi hərəkətlərindən
qorunmaq üçün heç bir kömək göstərə
bilmədim, hətta öz qohumlarımı da xilas edə bilmədim.
Mənim 70 yaşlı qoca əmim Mir Talıb, onun oğlu -
Mir Həşim, kürəkənimiz Hacı Heybət və
digər qohumlarım süngülərlə vəhşicəsinə
qətlə yetirildilər".
Beləliklə,
öz xoşu ilə, ya yox, hər halda Mir Cəfər
Bağırov əks düşərgədə olsa da, həmyerliləri
ilə birlikdə Quba faciəsini yaşamalı olur. Bununla belə, "o dəhşətli mənzərənin"
qarşısını ala bilməyən Bağırov onun
"dayandırılması" üçün cəhd
göstərir. Bu fakt D.Gelovaninin sonrakı izahatı ilə
təsdiq olunur: "Caparidze mənim keçmiş
müavinim, qubalı Mir Cəfər Bağırovdan teleqram
almışdı. Teleqramda deyilirdi ki,
qubalılar onları xilas etmək üçün mənim
Qubaya gəlməyimi xahiş edirlər, çünki Amazasp
sağa-sola hər tərəfi yandırır və
hamını qətlə yetirirdi. Caparidze
mənə Quba şəhərinə getməyi təklif
etdi". Məhz bu teleqramdan sonra geniş səlahiyyətlərlə
Qubaya gələn Gelovaninin qəti tələbi əsasında
Amazaspın dəstələri Quba
qırğınlarının 9-cu günü hələ yalnız şəhərin
özündə talan etdiyi dörd milyon rubl nağd pul,
dörd milyon yarım rubl dəyərində qızıl,
qızıl əşyaları və qiymətli daşlar,
iyirmi beş milyon rubl dəyərində müxtəlif mallar
və ərzaq ehtiyatı ilə Qubanı tərk edirlər.
Amazaspın Qubada törətdiyi vəhşiliklər
haqqında Bakıya teleqram vurduğunu Bağırov
özü də etiraf edir. Bununla belə, Gelovanidən
sonra Qubaya gələn gürcülərdən ibarət
bolşevik rəhbərliyi Bağırovu və onun daha
dörd adamını qan tökülməsində iştirak
etməkdə günahlandıraraq həbs edir. Quba üzərinə hazırlanan hücum ərəfəsində
qəzanın yerli hərbi dəstələrinin
başçıları Əli bəy Zizikski və Həmdulla
Əfəndinin əlinə düşməmək
üçün Bağırov həbsdən qaçaraq gizlicə
Bakıya gəlir və 1920-ci ildə Azərbaycanda sovet
hakimiyyəti qurulanadək Qubaya qayıtmır.
Maraqlıdır
ki, 1918-ci il Quba hadisələri düz 30 ildən sonra, 1949-cu
il 25-28 yanvar tarixlərində Bakıda keçirilən
Az.K(b)P-nin XVII qurultayında artıq Azərbaycan kommunistlərinin
rəhbəri M.C.Bağırovun "daşnakların" istər
ölkənin - SSRİ-nin xaricində, istərsə də
daxildə "canlanması" ilə bağlı söylədiyi
yekun nitqində bir daha gündəmə gələcək,
1918-ci il hadisələri ilk dəfə olaraq yüksək mənsəbli
bolşevik xadiminin dilindən "səhvlər buraxmış"
bolşevik hökumətinin "yol verməsi" nəticəsində
erməni-daşnak qüvvələrinin azərbaycanlı əhaliyə
qarşı törətdiyi milli qırğın kimi səciyyələndiriləcək.
Amazaspın
3 minlik dəstəsinin Quba qəzasına "cəza
yürüşü" boyu etdiyi bütün əməllər
bir daha sübut edir ki, bu dəstə heç də 3
günlük döyüşlər zamanı
öldürülmüş cəmi bir neçə Quba ermənisinin
və yaxud "türklər və kürdlər tərəfindən
öldürülən Türkiyə ermənilərinin"
qisasını almaq üçün gəlməmişdi. Qubanın şəhər əhalisi həmin
döyüşlərdə iştirak belə etməmişdi,
lakin minlərlə günahsız qubalı guya məhz bu səbəbdən
Amazasp tərəfindən "cəzalandırılırdı".
Əslində, "Şaumyanın
başçılıq etdiyi mərkəz" tərəfindən
Amazaspın qarşısına qoyulan əsas vəzifə qəzanın
müsəlman əhalisinin kütləvi şəkildə məhv
edilməsi və onun öz əzəli torpaqlarından
sıxışdırılaraq çıxarılması idi.
Bu həqiqət bir daha onunla təsdiq edilirdi ki, silahlı erməni
quldur dəstələri hələ Bakıdan Qubaya və əksinə
hərəkət edərkən, bütün dəmir yolu xətti
boyunca, yolun hər iki tərəfində yerləşən
müsəlman kəndlərinə basqın edir, onları
talan etdikdən sonra odlayır, məscidləri və müqəddəs
Quran kitablarını yandırır, kəndlilərin əmlakını
talayır, rastlarına çıxan hər kəsi isə dərhal
- qadın, qoca və uşaqlara rəhm etmədən
öldürürdülər.
1918-ci
ilin əvvəlində Quba qəzasında qışlaqlar da
daxil olmaqla, 540 kənd
var idi və bu kəndlərin 171.248 nəfər əhalisi 55
cəmiyyətdə birləşirdi. 1918-ci ilin aprel
ayının sonundan may ayının ortalarınadək - cəmi
iki həftə ərzində Amazaspın dəstəsi tərəfindən
Quba qəzasında, erməni birləşmələrinin
yalnız qarətlə kifayətləndiyi kəndlər
istisna olmaqla, ən azı 167 kənd yandırılmış
və talan edilmişdi. Bu zaman bir çox kəndlər
iki dəfə - yol boyu Bakıdan Qubaya və ya Qusara və
sonra geriyə qayıdarkən - talana məruz
qalmışdılar. Evlər, tikililər,
ictimai binalar talan edilməklə, daşınan əmlak və
mal-qara qarət olunmaqla, hələ təkcə məlum olan
faktlar əsasında Amazaspın quldur dəstələri tərəfindən
Quba qəzasının kənd əhalisinə on milyonlarla rubl
dəyərində hesablanan zərər vurulmuşdu. Qırğınlar zamanı bu kəndlərdə
min nəfərdən artıq insan, o cümlədən
qadın, qoca və uşaq qətlə yetirilmiş və
yaralanmışdı. Burada bir faktı nəzərə
almaq lazımdır ki, bir çox kəndlərin əhalisi əvvəlcədən
qubalılar, digər kəndlərin sakinləri, eləcə
də qəza komissarı
Əli bəy Zizikski tərəfindən ermənilərin
hücumu haqda xəbərdar edildiyindən həyatlarını
xilas etmək üçün elliklə öz kəndlərini
tərk edərək dağlara çəkilmişdilər.
Erməni quldur dəstələrinin hücumlarının
miqyası qarşısında insan tələfatının
sayının nisbətən az olması da
bununla bağlı idi. Eyni zamanda qeyd
olunmalıdır ki, bu zaman qəzanın müsəlman əhalisindən
ibarət ayrı-ayrı silahlı dəstələr də
erməni quldur birləşmələrinə qarşı təşkil
edilmiş müqavimət göstərirdilər. Quba qəzası
ictimaiyyətinin görkəmli xadimləri - Ə.B.Zizikski, Həmdulla
Əfəndi Əfəndizadə, Əliabbas bəy Əlibəyov,
Şıxlar bəylərindən - Mürsəl bəy və
İbrahim bəy, Möhübəli Əfəndi Kuzunlu, Hətəm
ağa Cağarvi, Bəybala bəy Alpanlı və digərləri
xüsusi süvari bölmələr yaradaraq erməniləri
qəzanın digər iri yaşayış nahiyələrinə
buraxmamaq üçün Quba şəhərinin girişlərini
mühasirəyə almışdılar. Amazaspın
özünün də təsdiq etdiyi kimi, Digah və Alpan kəndləri
uğrunda erməni və qubalıların silahlı dəstələri
arasında şiddətli döyüşlər gedirdi.
Sayca bir neçə dəfə üstün olan ermənilər
sonda
qubalıların müqavimətini yararaq bu iki kəndi
alova bürüyürlər. Digah və Xucbala kəndləri
arasındakı dərədə mühasirəyə
düşən Qusar ləzgilərindən ibarət olan dəstə
isə burada qanına qəltan edilir. Bu
döyüşlərdən sonra həmin yer "Qanlı dərə"
adını alır.
Amazasp tərəfindən
darmadağın edilmiş və yandırılmış
müsəlman kəndlərinin sakinlərinin vəziyyəti
o dərəcədə ağır və çıxılmaz
idi ki, 15-45 gün dağlarda və meşələrdə sərgərdan
dolaşdıqdan sonra əyin-başları yırtıq, ac, xəstə
halda öz köhnə yurdlarına qayıdan insanlar
arasında ölüm halları
minlərlə ölçülürdü.
1918-ci il Quba hadisələrindən danışarkən
qəzanın qeyri-müsəlman sakinlərinin də vəziyyətinə
toxunmaq vacibdir. 1918-ci il hadisələrində Quba şəhərinin
və qəzasının yerli erməni əhalisinin müəyyən
hissəsinin müsəlman əhaliyə qarşı qırğınlarda
iştirakı Bakıda və Şamaxıdakı
qədər genişmiqyaslı olmasa da, erməni vəhşiliklərinin
şahidi olmuş bütün Quba müsəlmanlarını
çox sarsıtmışdı. Bolşevik-daşnak
birləşmələrinin hədəfinin, etnik faktor nəzərə
alınmadan, qəzanın bütün müsəlman əhalisinin
olduğu, yalnız azərbaycanlı-türk deyil, ləzgi və
tat kəndlərinin dağıdılması və
yandırılması ilə sübut edilirdi. Qəzanın rus kəndlərindən heç
birinin erməni basqınlarına məruz qalmadığı
faktı bunu bir daha təsdiq edir. Müsəlman
qırğınlarında ittiham olunan Quba ermənilərinin
sayının azlığı onunla izah edilirdi ki,
qubalılar, təbii ki, müsəlman
qırğınlarında şəxsən iştirak edən
və yaxud Amazaspın dəstəsindən olan erməni əsgərlərinə
bələdçilik edən yerli ermənilərin
hamısını üzdən tanıya bilməzdilər.
Quba ermənilərinin şəhər üzərinə
hazırlanan hücumla əlaqələrinin olduğu və
yaxud, ən azı bundan xəbərdar olduqları isə bir
çox faktlarla sübut edilir.
Quba şəhərinin
və qəzanın rus kəndlərinin əhalisinin müsəlman
qırğınlarında iştirakı haqqında hər
hansı bir məlumat əldə edilmədiyi halda, Qubanın yəhudi
əhalisi ilə bağlı vəziyyət daha fərqli və
mürəkkəb idi. Sənədlər Quba
faciələrində istər gəlmə, istərsə də
yerli yəhudilərin iştirakı, habelə həmin
dövr Quba qəzasının yəhudi əhalisinin taleyi barədə
dəqiq təsəvvür yaradır. Qubanın yəhudi
əhalisinin Şamaxı molokanları kimi, özlərinin
müsəlman həmyerlilərinə qarşı kütləvi
çıxış etmədikləri, bununla belə, yəhudi
cəmiyyətinin bəzi nümayəndələrinin ermənilərlə
birlikdə qəzanın müsəlman əhalisinə
qarşı zorakılıq aktlarında iştirakı, zəngin
müsəlmanların evlərini ermənilərə nişan verdiyi və s. kimi faktlar
qubalıların şahid ifadələri ilə təsdiq
edilir. Eyni zamanda, Quba yəhudiləri şəhəri tərk
edən Amazaspın
"bir saat sonra və ya bu gecə sizin başınıza bəlalar
gələcək, çünki müsəlmanlar və ləzgilər
sizə hücum edəcək və sizi doğrayacaqlar"
kimi hədə-qorxusuna aldanmış və 6 min nəfərə
qədər yəhudi ermənilərlə birlikdə
çıxıb getmişdir. Bu əhali qrupunun sonrakı
taleyi haqqında qırmızı komissar Kasradze belə məlumat
verir: "Biz Xaçmazdan geri çəkilərkən yəhudi
kütlələrinin qorxu içərisində Qubadan və
digər kəndlərdən qaçdığının
şahidi olduq. Onlar ayaqyalın, əldən
düşmüş vəziyyətdə, açıq səma
altında, palçıq içində sığınacaq
taparaq istər-istəməz yatalaq, çiçək və
digər xəstəliklərin epidemiya ocağına
çevrilmişdilər".
Azərbaycan
Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il
iyul ayının 15-də yaratdığı Fövqəladə
Təhqiqat Komissiyasının (FTK) Quba hadisələrinə
dair sənədləri bunu deməyə əsas verir ki, Quba
qırğınları zamanı müsəlmanlardan fərqli
olaraq, yəhudilər bilavasitə qırğın obyekti
olmamışlar və ola da bilməzdilər. Onlar
nə erməni quldur dəstələri, nə də
Amazaspın həyasızcasına qorxutduğu kimi,
"müsəlman və ləzgilər" tərəfindən
zorakılığa məruz qalmamışlar. Burada bir məqam
da nəzərə alınmalıdır ki, bolşeviklərin,
o cümlədən Bakı Soveti komissarları arasında yəhudilər
az deyildi və yəhudi əhaliyə
qarşı hər hansı zorakılıq əməlləri
ermənilərə bağışlanmazdı. Quba
hadisələri zamanı şəhərin yəhudi əhalisi
də itkilər vermişdi. İstər
Gelovaninin dəstələri şəhərdən geri çəkilərkən,
istərsə də Amazaspın quldur birləşmələrinin
üç tərəfdən şəhərin top atəşinə
tutulması ilə müşayiət olunan Qubaya hücumu
zamanı yəhudi əhalinin də ayrı-ayrı nümayəndələri
həlak olmuşdu. Yəhudilərin Qubadan
kütləvi surətdə qaçmasını isə, yəqin
ki, yaşadıqları yerlərdə baş verən
bütün qiyam və iğtişaşlar zamanı bir qayda
olaraq günahsız qurbana çevrilən yəhudi
xalqının qəlbində onilliklər boyu kök salmış
qorxu hissi ilə izah etmək olardı. Bu
baxımdan təkcə Qubada baş vermiş məlum hadisələr
zamanı həlak olmuş yəhudilər deyil, sərgərdanlıq
zamanı xəstəlikdən, aclıqdan və əziyyətdən
ölmüş yüzlərlə digər yəhudi qubalı
da, öz müsəlman həmyerliləri kimi, ermənilərin
təcavüzkar millətçilik siyasətinin qurbanları
sayılır.
Amazaspın erməni dəstələri Qubadan getdikdən
sonra şəhər daha böyük təhlükə - xəstəliklər
və epidemiyanın başlanması ilə üzləşir. Küçə və məhəllələr,
evlər və həyətlər eybəcər hala
salınmış və doğranmış minlərlə kişi, qadın və uşaq cəsədləri
- ölümün onları haqladığı yerdə də
qalan və çürüməyə başlayan meyitlərlə
dolu idi. Qurbanları kütləvi surətdə dəfn etməyə
məcbur olan şəhərin rəhbərliyi, yerli mollalar və
sakinlər tərəfindən gətirilən rəqəmlər,
qırğınlar zamanı itkin düşmüş (ermənilərin
özləri tərəfindən basdırılmış?)
insanlar da nəzərə alınmaqla, Quba
qırğınları zamanı şəhərdə
öldürülənlərin və qorxudan ölənlərin
təxmini sayının 2.000-2.900 arasında, Quba qəzası
üzrə ümumilikdə isə 4.000 nəfərdən
artıq olduğunu söyləməyə əsas verir. FTK-nın sənədlərinə əsasən, Quba
qəzası əhalisinə ümumilikdə dəyən maddi
ziyanın miqdarı 121.824.819 rubl təşkil edirdi.
1918-ci il
dekabr-yanvar aylarında
Fövqəladə Təhqiqat Komissiyasının
üzvü A.F.Novatskinin başçılıq etdiyi istintaq
qrupu Quba qırğınlarını təhqiq edərək 4 cilddən ibarət istintaq sənədləri
hazırlayır. Bu sənədlər əsasında
Quba qırğınlarının rəhbərlərinə və
icraçılarına qarşı müəyyən obyektiv səbəblərə
görə cinayət işi açılmasa da, tale
özü bu cinayətlərin əsas
iştirakçılarını cəzalandırdı. D.Gelovani FTK ilə əməkdaşlıq etdiyinə
görə 1919-cu ilin oktyabr ayında Bakıda erməni
terrorçusu Sarkis Terunts tərəfindən
öldürülür.
Amazasp Srvandstyan 1918-ci il iyul ayında Şamaxı cəbhəsində olduğu kimi, sentyabrın 15-də Bakını azad edən Qafqaz İslam Ordusu və azərbaycanlıların hərbi hissələri qarşısında bir daha cəbhəni tərk edir, əsgərlərini başsız qoyaraq İrana qaçır. Birinci Dünya müharibəsi başa çatdıqdan sonra Ermənistana qayıdan Amazasp Nor Bəyazid regionunda Ermənistan ordusunun komandiri təyin olunur, lakin Ermənistanda sovet hakimiyyəti qurulduqdan sonra həbs edilərək 1921-ci ilin fevralında Yerevan həbsxanasında erməni kommunistləri tərəfindən balta ilə doğranaraq öldürülür. Bu zaman Amazaspın səsi həbsxananın hər yerinə yayılıbmış: "Vəhşilər, məgər adamı belə öldürərlər?!" Amazaspın bədəni və başı o qədər eybəcər hala salınıbmış ki, oğlu onu yalnız keçə çəkmələrindən tanıya bilibmiş.
2007-ci ildə Quba şəhərində tikinti məqsədi ilə aparılan qazıntılar zamanı təsadüfən aşkar edilmiş kütləvi məzarlıq 1918-ci ilin may ayında Qubanın müsəlman əhalisinin soyqırımına məruz qalmasının əyani sübutu oldu. Erməni millətçilərinin Azərbaycana qarşı ərazi iddiaları ilə bağlı 1918-ci ildə bütün ölkə hüdudlarında həyata keçirdikləri cinayətkar əməllərinin dünya ictimaiyyətinə çatdırılması, Azərbaycan xalqının gələcək nəsillərinin milli yaddaşının qorunması və soyqırımı qurbanlarının xatirəsinin əbədiləşdirilməsi məqsədi ilə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 30 dekabr 2009-cu il tarixli sərəncamı əsasında Heydər Əliyev Fondu tərəfindən aşkar edilmiş kütləvi məzarlığın yaxınlığında "Quba Soyqırımı memorial kompleksi" inşa edildi. 2013-cü il 18 sentyabr tarixdə açılan bu muzey-abidə yalnız Quba qırğınlarının deyil, 1918-ci il Azərbaycanın bütün ərazisində azərbaycanlı-müsəlman əhalisinə qarşı erməni milli-hərbi birləşmələri tərəfindən törədilmiş faciələrin bu gün Azərbaycan xalqı tərəfindən unudulmadığının və soyqırımı qurbanlarının xatirəsinin əziz tutulduğunun bariz nümunəsidir.
Solmaz
RÜSTƏMOVA-TOHİDİ,
Azərbaycan Milli
Elmlər Akademiyası Akademik Z.M.Bünyadov adına Şərqşünaslıq
İnstitutunun baş elmi işçisi, tarix elmləri doktoru,
professor
Azərbaycan.-2014.- 4 may.- S.7.