Elektron sığorta-pensiya sisteminin Azərbaycan modeli

 

Dövlət Sosial Müdafiə Fondu ən çox istifadə olunan

elektron xidmətlərə görə ölkədə lider mövqedədir

 

Hər  bir dövlətin qüdrəti onun xalqının sosial həyatı, yaşayış səviyyəsi və rifah halı ilə qiymətləndirilir. Sosial siyasət əhalinin layiqli həyat səviyyəsinin təmin olunmasına, gəlirlərinin yüksəlməsinə, məşğulluğunun təmin edilməsinə, sosial müdafiənin güclənməsinə yönəldilən tədbirlər sistemi olmaqla, dövlətin iqtisadi inkişaf səviyyəsi ilə sıx bağlı olan daxili siyasətin mühüm tərkib hissəsidir. Sosialyönümlü siyasət müasir dövrdə dünyanın əksər ölkələrində cəmiyyətin sosial-iqtisadi yüksəlişinə hesablanmış dövlət siyasətinin prioritet istiqamətlərindən birinə çevrilmişdir. Əhalinin etibarlı sosial müdafiəsi, vətəndaşlar üçün daha firavan yaşayış səviyyəsinin təmini xalqa xidməti qarşıya məqsəd qoyan hər bir hakimiyyətin iqtisadi siyasətinin ayrılmaz tərkib hissəsidir. Bu siyasətin başlıca məqsədi əhalinin sosial müdafiəsinin layiqincə təminatına normal şəraitin yaradılmasıdır.

 

Ümummilli lider Heydər Əliyev və Azərbaycanın milli sosial-iqtisadi inkişaf modeli

 

Müstəqilliyinin bərpasından sonra sərbəst bazar iqtisadiyyatı yolunu  seçmiş Azərbaycanda keçid dövrü cəmiyyətin müxtəlif sahələrində özünü göstərən çeşidli problemlərlə müşayiət olunmuş, xüsusilə də sosial müdafiə sisteminin konservativ məzmunu, qanunverici-institusional əsasları yeni şəraitlə ziddiyyət təşkil etmişdir. Bu vəziyyətdə Azərbaycanın hansı inkişaf modelinə üstünlük verəcəyi ilə bağlı fərqli fikirlər irəli sürülsə də, ümummilli lider Heydər Əliyev bazar münasibətləri əsasında formalaşan sosialyönümlü milli iqtisadiyyatın qurulmasını əsas strategiya kimi müəyyənləşdirmiş, xalqın sosial rifahının yüksəldilməsini fəaliyyətinin başlıca məqsədi kimi elan etmişdir. Dahi şəxsiyyətin həyata keçirdiyi sosial siyasətin leytmotivi ədalətli pensiya-sığorta sisteminin yaradılması, sosial bərabərlik prinsiplərinə əsaslanan mexanizmlərin təmin edilməsi olmuşdur. Heydər Əliyevin müəllifi olduğu milli sosial-iqtisadi inkişaf modelinin unikallığı onunla şərtlənir ki, ölkədə bazar iqtisadiyyatının inkişafı üçün atılan hər bir addım əhalinin sosial baxımdan nisbətən zəif təbəqəsinin maraqlarını inkar etmir, aztəminatlı təbəqənin mənafeyi ilə uzlaşdırılaraq həyata keçirilirdi. 1995-2003-cü illər ərzində aztəminatlı əhalinin sosial müdafiəsinin gücləndirilməsi məqsədi ilə 8 fərman və sərəncam imzalanmışdır.

Azərbaycan xalqının tarixinə xilaskar kimi daxil olan ümummilli lider Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra ölkənin müstəqilliyi ilə bağlı arzuların, ümidlərin gerçəkləşdirilməsi yolunda məqsədyönlü addımların atılmasının, uğurlu daxili və xarici siyasətin aparılmasının başlanğıcı qoyulmuş və bu xətt davam etdirilmişdir. Həmin illərdə respublikamızın sosial-iqtisadi həyatını çətinləşdirən və bu mərhələdə tədbirlərin müvəffəqiyyətlə icrasına mane olan ciddi sosial təhlükələr ölkəmizdə yeni iqtisadi sistemə keçid dövrünün MDB və ya dünya dövlətləri ilə müqayisəsinə fərqli yanaşmağı zəruri edir. Dahi lider həmin dövrdə ölkə iqtisadiyyatının böhrandan çıxarılması, xalqın maddi rifahının yaxşılaşdırılması, aztəminatlı əhalinin sosial ehtiyaclarının ödənilməsi üçün yorulmadan fəaliyyət göstərmişdir. Təbiətin ona bəxş etdiyi nadir keyfiyyətlər sayəsində ulu öndər tarixi və sosial-iqtisadi proseslərin axarını əvvəlcədən müəyyənləşdirə bilir, xalqının rifahı naminə qərarların qəbulu zamanı əsl qətiyyət nümayiş etdirirdi. Digər tərəfdən, keçmiş imperiya daxilində hansı qlobal proseslərin getdiyni, mövcud sosial müdafiə modelinin quruluşunu və dünya sistemləri ilə müqayisəsini daha dərindən müşahidə etmək imkanına malik olan bu böyük şəxsiyyətdə siyasi iqtisad və sosiologiya sahəsində güclü intellektual baza formalaşmışdı. Dahi şəxsiyyət sürətli inkişaf üçün bazar iqtisadiyyatının yeganə yol olduğunu görür, bunlarla yanaşı, yeni sistemə keçidin mənfi təsirinin azaldılmasına da xüsusi diqqət yetirilməsini vacib bilirdi. Həmin dövrdə ümummilli lider ölkədə bazar münasibətləri əsasında formalaşan sosialyönümlü  iqtisadiyyatın qurulmasını mühüm strategiya kimi müəyyənləşdirmiş və xalqın sosial rifahının artırılmasını öz fəaliyyətinin başlıca məqsədi elan etmişdi.

 

Həyata keçirilən sosialyönümlü siyasət və çevik islahatlar

 

Yeni iqtisadi sistemə keçid dövrünü müvəffəqiyyətlə başa vuran Azərbaycanın inkişaf modelinin təməl prinsiplərini ümummilli lider Heydər Əliyevin milli inkişaf strategiyası və onun icrası sahəsində Azərbaycan Prezidenti İlham Əliyevin həyata keçirdiyi islahatlar təşkil edir. Azərbaycanın gələcək inkişaf istiqamətlərinin vahid konsepsiya çərçivəsində təqdimi üçün həmin prinsiplərin ötən mərhələdəki sosial-iqtisadi xüsusiyyətlərinə nəzər salınması, əldə edilmiş uğurları şərtləndirən çevik siyasət və çoxşaxəli fəaliyyətin ətraflı təhlili böyük əhəmiyyət daşıyır. Çünki gələcəyə baxışın düzgün istiqamətləndirilməsi və uğurların təmin edilməsi müasir qloballaşan dövrün ağır sınaqlarından çıxmış prinsiplərin daha da dərinləşdirilməsindən birbaşa asılıdır.

2003-cü ilin oktyabr ayından xalqın siyasi iradəsi ilə Azərbaycanda Prezident səlahiyyətlərinin icrasına başlayan İlham Əliyev pensiya sistemində islahatların davam etdirilməsini xüsusi diqqət mərkəzində saxlamışdır. Ölkə başçısının bilavasitə rəhbərliyi altında "Azərbaycan Respublikasında Pensiya İslahatı Konsepsiyası"nın reallaşdırılması, daha dəqiqi, dünyada analoqu olmayan sığorta-pensiya sisteminin formalaşdırılması tədbirlərinə başlanılmışdır. 2003-2005-ci illərdə prosesə müəyyən hazırlıq işləri aparılmış, pilot layihələri həyata keçirilmiş, nəhayət, 2006-cı il yanvarın 1-dən sığorta-pensiya sistemi ilə dövlət sosial yardım sistemlərinin bir-birindən ayrılmaları və beynəlxalq standartlar əsasında fəaliyyət göstərmələri təmin edilmişdir.

Bu gün Prezident İlham Əliyevin həyata keçirdiyi sosialyönümlü siyasət və çevik islahatlar nəticəsində əldə olunan nailiyyətlər ölkəmizdə sosial dövlət modelinin uğurla reallaşdırılmasının fundamental əsaslarını formalaşdırmışdır. Bunun nəticəsidir ki, Azərbaycanda sosial müdafiə sistemi beynəlxalq standartlar əsasında keyfiyyətcə yenidən qurulmuş və iqtisadi artımla sosial xərclərin artımının balanslaşdırılmasının daimi olaraq diqqət mərkəzində saxlanılması vətəndaşların yaşayış səviyyəsinin müasir mexanizmlər əsasında yüksəldilməsini təmin etməkdədir. Bu gün Azərbaycanda vahid prinsiplər əsasında fəaliyyət göstərən və ölkənin bütün işləyən əhalisini əhatə edən, təyin olunan pensiyaların məbləğinin sistemə ödənilmiş və fərdi uçotu aparılmış sosial sığorta haqlarına bağlı olan müasir sığorta-pensiya sistemi formalaşdırılmışdır. 2006-cı il yanvarın 1-dən tətbiq edilən sığorta-pensiya sistemi əmək pensiyalarının baza hissəsinin istehlak qiymətləri indeksi nəzərə alınmaqla bütün pensiyaçılar üzrə bərabər məbləğdə artırılmasını, sığorta hissəsinin isə indeksləşdirilməsini nəzərdə tutur. Bu da bazar iqtisadiyyatı mühitində vətəndaşların pensiya təminatı hüququnun etibarlı müdafiəsini ifadə edir. Beləliklə, ölkədə ilk dəfə olaraq istehlak qiymətləri indeksinin illik səviyyəsinə, yəni inflyasiyaya uyğun indeksləşdirmə aparılmağa başlanmışdır. Hazırda Dövlət Sosial Müdafiə Fondu Prezident İlham Əliyevin imzaladığı "2009-2015-ci illərdə Azərbaycan Respublikasında sığorta-pensiya sisteminin inkişafına dair Dövlət Proqramı" ilə qarşıya qoyulan vəzifələri lazımi səviyyədə yerinə yetirməkdədir.

 

Müasir avtomatlaşmış əsaslarla fəaliyyət göstərən sığorta-pensiya sistemi

 

DSMF bütün dövrlərdə fəaliyyətini çevik mexanizm və innovasiyalar, habelə müasir informasiya texnologiyaları əsasında formalaşdırmış dövlət qurumu kimi tanınmışdır. Bu fəaliyyətin ana fəlsəfəsini vətəndaşlarla birbaşa təmasa girmədən onlara elektron xidmətlərin göstərilməsi təşkil edir. Müasir standartlara uyğun avtomatlaşdırılmış pensiya təyinatı  Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 30 dekabr 2008-ci il tarixli sərəncamla təsdiq etdiyi "2009-2015-ci illərdə Azərbaycan Respublikasında sığorta-pensiya sisteminin inkişafına dair Dövlət Proqramı"nda əksini tapmış mühüm vəzifələrdəndir. 2013-cü ilin iyul ayından etibarən Azərbaycanda Şərqi Avropa və MDB məkanında ilk dəfə olaraq pensiyaların avtomatlaşdırılmış qaydada vahid mərkəzdən təyinatına başlanılıb və bu proses sığorta-pensiya sistemində aparılan davamlı islahat tədbirlərinin məntiqi nəticəsidir. 2011-ci ilin martından "SMS İnfo xidməti"nə start verilməsi əsasən ahıl insanlar olan pensiyaçıların rahatlığının təminatına yönəlmişdir.

Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 2 aprel tarixli sərəncamı ilə təsdiq edilən "Azərbaycan Respublikasında informasiya cəmiyyətinin inkişafına dair 2014-2020-ci illər üçün Milli Strategiya"da qeyd olunur ki, informasiya və kommunikasiya texnologiyaları (İKT) respublikanın davamlı və dayanıqlı inkişafının təmin edilməsi, cəmiyyətdə şəffaflığın və demokratiyanın inkişaf etdirilməsi üçün əlverişli vasitə olaraq qəbul edilir. Ölkədə "elektron hökumət"in formalaşdırılmasına ciddi diqqət yetirilir və məmur-vətəndaş münasibətlərinin İT vasitələrindən istifadə etməklə sadələşdirilməsi, şəffaflaşdırılması bürokratik əngəllərin qarşısının alınmasına xidmət edir. Dövlət orqanları tərəfindən göstərilən elektron xidmətlərin keyfiyyətinin artırılması və əhatə dairəsinin genişləndirilməsi, elektron xidmətlərin əlçatarlığının artırılması üçün ictimai çıxış məntəqələri şəbəkəsinin genişləndirilməsi, vətəndaşların "elektron hökumət" üzrə məlumatlılıq səviyyəsinin yüksəldilməsi sözügedən strategiyanın başlıca prinsiplərindəndir. "Elektron hökumət" portalının statistikasına əsasən, DSMF-nin əhaliyə göstərdiyi elektron xidmətlər qısa müddət ərzində ən çox istifadə olunan xidmətlər sırasında ilk yerləri tutub. Fond tərəfindən əhaliyə göstərilən elektron xidmətlərin keyfiyyətinin artırılması və əhatə dairəsinin genişləndirilməsi sahəsində ardıcıl işlər görülür.

Hazırda Azərbaycanda müasir avtomatlaşmış əsaslarla fəaliyyət göstərən sığorta-pensiya sistemi mövcuddur və informasiya texnologiyalarının uğurlu tətbiqi nəticəsində DSMF-nin əhaliyə təqdim etdiyi elektron xidmətlərin sayı 19-a çatdırılmışdır. Əhaliyə göstərilən elektron xidmətlərin sırasında sığorta edənin (hüquqi və fiziki şəxs), ailə kəndli təsərrüfatının, kənd təsərrüfatına yararlı torpaq sahəsi olan şəxsin və "sığorta olunanın onlayn uçota alınması" xidmətləri mövcuddur. Bu xidmətlər elektron qaydada həyata keçirilir. 2014-cü ilin yanvar  ayından hazıradək real vaxt rejimində onlayn şəkildə təqdim olunmuş elektron müraciət əsasında 10.200 fərdi şəxsi hesab açılaraq sosial sığorta şəhadətnaməsi rəsmiləşdirilmişdir. Bu xidmət vasitəsilə sosial sığorta şəhadətnaməsinin rəsmiləşdirilməsi prosesini elektron qaydada həyata keçirmək mümkündür. Belə ki, indiyə qədər ilk dəfə əmək fəaliyyətinə başlayan vətəndaşın sosial sığorta şəhadətnaməsinin rəsmiləşdirilməsi üçün sığorta edən (işəgötürən) işçi ilə əmək müqaviləsi bağladığı gündən sonra sığorta olunanın ərizəsinin tərtibini təşkil etməli və onu müvafiq qaydada təsdiq edərək sənədlər toplusunu siyahı ilə birlikdə DSMF orqanına şəxsən təqdim etməli idi. Bundan sonra isə hər bir sığorta edən öz ofisindən kənara çıxmadan birbaşa elektron qaydada müraciət etməklə sığorta olunanlar üçün sosial sığorta şəhadətnaməsinin rəsmiləşdirilməsi imkanına malik olacaqdır. Prosesin tam elektronlaşdırılması həm kağız daşıyıcılarından istifadənin, həm vaxt itkisinin aradan qalxmasına, həm də şəffaflığın təmin olunmasına gətirib çıxaracaqdır.

"Sığorta olunanın onlayn uçota alınması" elektron xidməti interaktivdir, xidmətdən istifadə ödənişsizdir və elektron xidmətin göstərilməsi üçün hər hansı sənəd tələb olunmur. Elektron formada göndərilmiş ərizə DSMF orqanı tərəfindən qəbul edilir və bu barədə sığorta edənə elektron təsdiqetmə bildirişi göndərilir. Sığorta edən tərəfindən elektron formada göndərilmiş elektron ərizə formalarına DSMF tərəfindən baxılır. Təqdim edilmiş elektron ərizə formaları yoxlandıqdan sonra sığorta olunan üçün fərdi şəxsi hesab açılır və onun soyadı, adı, atasının adı, doğulduğu tarix, doğulduğu yer, cinsi və sosial sığorta nömrəsi əks olunan dövlət sosial sığorta şəhadətnaməsi bir ay ərzində rəsmiləşdirilir.

"Məcburi dövlət sosial sığortası

üzrə hesabatların (B1, B2) və məcburi dövlət sosial sığorta haqqı üzrə sığortaolunanlar haqqında məlumatın (B3) elektron formada qəbulu"I adlı elektron xidmət sığortaedənlərlə  DSMF orqanları arasında münasibətlərin sadələşdirilməsinə imkan yaradır, sığorta-pensiya sistemində şəffaflığın daha da artırılmasını təmin edir. Kiçik ödəniş edən, mühasibatlığı avtomatlaşdırılmamış torpaq pay mülkiyyətçiləri, fərdi sahibkarıq fəaliyyəti ilə məşğul olan şəxslər isə DSMF-nin yerli şöbələrində yaradılmış "Yardım masaları"nın xidmətindən yararlanmaqla öz hesabatlarını elektron formada təqdim etmək imkanı qazanırlar. "Yardım masaları"nın fəaliyyətinin genişləndirilməsi ilə bağlı kiçik ödəniş aparan sığorta edənlərin elektron hesabatlarının sayının daha da artacağı gözlənilir.

Məcburi dövlət sosial sığorta vəsaitlərinin onlayn ödənilməsi elektron xidməti vasitəsilə sığortaedənlər məcburi dövlət sosial sığorta vəsaitlərinin onlayn ödənilməsini həyata keçirə bilərlər. Elektron xidmətdən istifadə etmək üçün http://www.e-gov.az - "Elektron Xidmətlər Portalına" daxil olaraq Dövlət Sosial Müdafiə Fondu tərəfindən təqdim olunan elektron xidmətlərin siyahısından "Məcburi dövlət sosial sığorta vəsaitlərinin onlayn ödənilməsi" elektron xidmətindən istifadə etmək mümkündür. Məcburi dövlət sosial sığorta haqlarının ödənişi real vaxt rejimində onlaynla həyata keçirilir. 2013-cü il üzrə "Məcburi dövlət sosial sığorta haqlarının onlayn ödənişi" elektron xidməti vasitəsilə 324.302 sığortaedən tərəfindən 560.976 ödəniş həyata keçirilərək 31 milyon manata yaxın məcburi dövlət sosial haqqı ödənilmişdir. 2014-cü ilin I rübü ərzində məcburi dövlət sosial sığorta vəsaitlərinin onlayn ödənilməsi elektron xidmətində 131.653 istifadə sayı müəyyənləşdirilmişdir.

DSMF-nin yenicə həyata keçirilən elektron xidmətlərindən biri də məcburi dövlət sosial sığorta haqları hesabına ödənilən müavinətlərlə bağlı elektron xidmətdir.  Bu xidmət  5 növ müavinət üçün müraciətlərin elektron qaydada DSMF-yə təqdim olunmasını nəzərdə tutur: əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə müavinət; hamiləliyə və doğuma görə müavinət; uşağın anadan olmasına görə müavinət; uşağa qulluğa görə müavinət və dəfn üçün müavinət. Müavinətlərlə bağlı elektron xidmətdən istifadə edilməsi üçün adı çəkilən hər bir müavinət növü üzrə ayrıca proqram təminatı hazırlanıb. Yeni proqram təminatı əməliyyatların kağız üzərində deyil, elektron qaydada funksionallaşdırılmasını təmin edir. Müavinətlərlə bağlı elektron xidmətdən istifadə qaydaları və xüsusi proqram təminatları www.e-gov.az saytında yerləşdirilib. Bura sığortaedənin DSMF orqanlarında  əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə, hamiləliyə və doğuma görə, uşağın anadan olmasına görə, uşağa qulluğa görə  və dəfn üçün müavinətin tərtibi üzrə proqram təminatından istifadə daxildir. 2013-cü il ərzində məcburi dövlət sosial sığorta haqları hesabına 210 mindən yuxarı şəxsə müavinət ödənilib.

DSMF-nin əhaliyə təqdim etdiyi 19 elektron xidmətin sırasında həmçinin  dövlət sosial sığorta şəhadətnaməsinin dəyişdirilməsi və ya dublikatının verilməsi üçün müraciətin qəbulu, sığortaolunanlara məlumatların verilməsi, pensiya kalkulyatoru, əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə, hamiləliyə və doğuma görə, uşağın anadan olmasına görə, uşağın üç yaşı tamam olanadək ona qulluq etməyə görə müavinətlə bağlı haqq-hesab cədvəllərinin təqdim edilməsi, eləcə də dəfn üçün müavinətin ödənilməsi ilə bağlı müraciətin və sənədlərin qəbulu  xidmətləri də elektronlaşdırılmışdır.

2014-cü ilin birinci rübü ərzində Dövlət Sosial Müdafiə Fonduna xarici ölkələrin sığorta-pensiya qurumları, əcnəbi vətəndaşlar və xaricdə yaşayan Azərbaycan Respublikası vətəndaşları tərəfindən 1041 müraciət daxil olub. Fonda daxil olan müraciətlər arasında MDB ölkələrindən (xüsusilə, Rusiya və Ukrayna vətəndaşlarından) ünvanlanan müraciətlər üstünlük təşkil edib. Belə ki, hesabat rübü ərzində MDB ölkələrindən DSMF-yə 919 müraciət göndərilib. Bu müraciətlərin mövzusu vətəndaşların pensiya hüququnun təmin edilməsi ilə bağlı zəruri hesab olunan müvafiq rəsmi sənədlərin hazırlanaraq təqdim olunması,   konkret hallar üçün zəruri ikitərəfli münasibətlərin tənzimlənməsindən ibarətdir.

Müraciətlərin sayına görə növbəti yerdə isə Türkiyə Cümhuriyyəti gəlir. Qardaş ölkədən fonda 61 müraciət ünvanlanıb. Bu müraciətlərin mövzusu Türkiyə və Azərbaycan respublikaları arasında sosial müdafiə sahəsində ikitərəfli sazişə uyğun olaraq vətəndaşların sosial sığorta və pensiya hüquqlarının gerçəkləşdirilməsi üçün konkret tədbirlərin görülməsi ilə bağlıdır. DSMF-yə daxil olan digər 61 müraciət isə ayrı-ayrı xarici ölkələrin payına düşür.

 

2014-cü ilin I rübü ərzində fondun elektron ünvanına 591 müraciət daxil olmuşdur

 

Hazırda Azərbaycanın sığorta-pensiya sistemi ölkə əhalisinin 40 faizindən çoxunu əhatə edir. "Elektron hökumət" portalının statistikasına görə, fondun göstərdiyi elektron xidmətlər ən çox istifadə olunan xidmətlər sırasında qərarlaşıb. İl ərzində bu portala inteqrasiya olunan elektron xidmətlərdən 132 minə yaxın vətəndaş yararlanmışdır. Elektron xidmətlərin ayrı-ayrı bölgələrdə təqdimatı və bu xidmətdən yararlanma ilə bağlı davamlı maarifləndirmə işlərinin aparılması DSMF-nin fəaliyyətində prioritet təşkil edir. Fondun mərkəzi məlumat bazasında 1 milyon 281 min 712 nəfər pensiyaçı və 2 milyon 750 min nəfər sığortaolunan barədə müvafiq məlumatlar toplanıb.

Dövlət Sosial Müdafiə Fondu tərəfindən vətəndaşların müraciətlərinə elektron qaydada baxılması üç istiqamət üzrə - fondun saytında yerləşdirilmiş sual-cavab bölməsi, vətəndaşlar tərəfindən fondun saytında birbaşa ünvanlanan məktub və 190 nömrəli "Çağrı Mərkəzi" vasitəsilə həyata keçirilir. Fondun saytında olan sual-cavab bölməsi əmək pensiyaları, məcburi dövlət sosial sığorta haqları və məcburi dövlət sosial sığorta haqları hesabına verilən müavinətlər, hərbi qulluqçulara dair pensiya və müavinət, fərdi uçot və digər mövzuları əhatə etməklə, vətəndaşlar tərəfindən ünvanlanmış elektron müraciətləri cavablandırır. 1 yanvar 2014-cü il tarixindən 1 aprel 2014-cü ilədək fondun saytının sual-cavab bölməsinə 424 sual daxil olmuşdur Ümumilikdə  2014-cü ilin I rübü ərzində fondun elektron ünvanına 591 müraciət, "190" nömrəli telefon məlumat xidmətinə isə 77.482 zəng  daxil olmuşdur.

 

Avropanın sosial təminat təşkilatları fondun uğurlu təcrübəsindən yararlanır

 

Bu gün Azərbaycanın beynəlxalq standartlara tam cavab verən sığorta-pensiya modeli formalaşıb. Bu model müasir dünyada sığorta-pensiya sistemləri üzrə ən mühüm elementləri özündə birləşdirir. Azərbaycanın sığorta-pensiya modeli nüfuzlu beynəlxalq təşkilatlar və maliyyə institutları tərəfindən yüksək qiymətləndirilir, keçid dövrü ölkələri üçün bir örnək kimi tövsiyə olunur. Ölkəmizdə həyata keçirilən sığorta-pensiya islahatlarının nüfuzlu beynəlxalq təşkilatlar tərəfindən yüksək qiymətləndirilməsinin nəticəsi kimi 2013-cü ildə Azərbaycan Respublikası növbəti dəfə inkişaf etmiş Avropa ölkələri ilə bir sırada Beynəlxalq Sosial Təminat Assosiasiyasının Avropa Şəbəkəsinin Rəhbər Komitəsinin üzvü seçilmişdir. Buna misal kimi DSMF-nin  2010-cu ildə Beynəlxalq Sosial Təminat Assosiasiyasının (BSTA) Avropa müsabiqəsində "İnformasiya-kommunikasiya texnologiyalarının tətbiq olunması vasitəsilə effektiv idarəetmə" nominasiyasında qalib elan olunaraq fəxri fərmanla təltif  edilməsini göstərmək olar. Həmin mərasimdə fəxri fərmanı təqdim edən BSTA-nın prezidenti xanım Korazon de La Paz və qurumun baş katibi Hans Host Konkalevski DSMF-nin İKT-nin tətbiqi ilə səmərəli idarəetmə sahəsindəki fəaliyyətini belə qiymətləndiriblər: "Biz ümid edirik ki, bu nailiyyət Avropanın sosial təminat təşkilatlarının rəhbərlərini daha da ruhlandıracaq". Sosial təminat sahəsində mühüm tədbir olan Avropa Forumunda Azərbaycanın ali mükafata layiq görülməsi ölkəmizdə pensiya islahatlarının uğurla gerçəkləşdirilməsinin əyani göstəricisi idi. Qeyd edək ki, 2004-cü ildə Azərbaycan  BSTA-nın büro üzvü, 2007-ci ildə assosiasiyanın Avropa Şəbəkəsi Rəhbər Komitəsinin üzvü, 2013-cü ildə isə Rəhbər Komitənin növbəti dəfə üzvü seçilib. 2011-ci ilin iyun ayında isə Bakı şəhərində BSTA-nın Avrasiya regionu üzrə Əlaqələndirmə Mərkəzi açılıb. Azərbaycan assosiasiya çərçivəsində yüksək səviyyədə müvafiq qərarların qəbul edilməsində xüsusi rola malikdir.

Azərbaycanın sığorta-pensiya modelinin sadalanan uğurlu nəticələri ümummilli lider Heydər Əliyevin əhalinin sosial müdafiəsinin yenidən qurulması strategiyasının və onun icrası sahəsində Azərbaycan Prezidenti İlham Əliyevin həyata keçirdiyi islahatların nə qədər düzgün və alternativsiz olduğunu təsdiqləyir. Ölkə rəhbərliyinin siyasi iradəsi ilə fondun apardığı islahatlar ümumən hər bir vətəndaşın gələcəyinə etibarlı təminat yaratmaq kimi humanist və insanpərvər bir məqsədə xidmət edir.

 

Rəşad BAXŞƏLİYEV,

Azərbaycan.-2014.- 4 may.- S.6.