Azərbaycan və Fransa elm və mədəniyyət müstəvisində

 

Mayın 3-də "Elm çırağı" İctimai Birliyi Fransanın Azərbaycandakı səfirliyinin dəstəyi ilə Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasında "Azərbaycan və Fransa elm və mədəniyyət müstəvisində" mövzusunda respublika elmi seminarı keçirmişdir.

AzərTAc xəbər ki, elmi seminarın rəhbəri, professor, "Elm çırağı" İctimai Birliyinin sədri Naidə Məmmədxanova Azərbaycan və Fransa arasında elm, mədəniyyət sahələrində əlaqələrin tarixindən geniş söhbət açmışdır.

N.Məmmədxanova bildirmişdir ki, Fransa həmişə dünyanın intellektual mərkəzi, Paris şəhəri yaradıcı insanlar üçün ilham mənbəyi olmuşdur. Qədim tarixə və mədəniyyətə malik Azərbaycan da özünün alimləri, şairləri, yaradıcı insanları ilə dünyada tanınmışdır. Hər iki xalq arasında əlaqələrin tarixi köklərindən danışan N.Məmmədxanova XIX əsr Azərbaycan maarifçiləri Mirzə Fətəli Axundzadənin, Qasım bəy Zakirin, Abbasqulu Ağa Bakıxanovun, İsmayıl bəy Qutqaşınlının yaradıcılığında Avropa, xüsusilə Fransa mədəniyyətinin əks olunduğunu qeyd etmişdir. Azərbaycan ədəbiyyatı tarixində ilk hekayə nümunəsi olan İsmayıl bəy Qutqaşınlının "Rəşid bəy və Səadət xanım" əsərinin də məhz fransız dilində yazılması maraqlı faktdır.

Həmçinin Abbas Səhhətin tərcümələri, Aleksandr Dümanın Xurşidbanu Natəvan, Şarl de Qolun Üzeyir Hacıbəyli ilə görüşləri, Fransada yaşamış Ümbülbanu Əsədullayevanın yaradıcılığı, Azərbaycan Xalq Cümhuriyyəti dövründə dövlət və ictimai xadimlərimizin tarixi missiyalarını yerinə yetirmək üçün Parisdə çalışmaları, 1925-ci ildə Ceyhun Hacıbəylinin təşəbbüsü ilə Üzeyir Hacıbəylinin "Arşın mal alan" operettasının Fransada səhnəyə qoyulması və digər bu kimi faktlar Azərbaycan və Fransa  əlaqələrinin genişliyinə bariz nümunələrdir.

Professor vurğulamışdır ki, Azərbaycan dövlət müstəqilliyini bərpa etdikdən sonra ümummilli lider Heydər Əliyev bu əlaqələrin inkişafına xüsusi diqqət yetirmişdir. Hazırda bu siyasət Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Həmçinin Heydər Əliyev Fondu tərəfindən ölkələrimiz arasında mədəni əlaqələrin inkişaf etdirilməsi istiqamətində irimiqyaslı layihələr həyata keçirilir.

Sonra Fransanın Azərbaycandakı səfirliyinin mədəniyyət və əməkdaşlıq üzrə müşaviri İv Zoberman tədbirin təşkilində əməyi olan hər kəsə təşəkkür etmişözünün "Antik dövrlərdən bu günədək işsizliyin tarixi" kitabı haqqında geniş məlumat vermişdir. İv Zoberman mövzuya əsasən sosial, dini, mənəvi aspektdən yanaşmışdır.

Qərb dünyasından olduğunu diqqətə çatdıran müəllif "Bibliya"da işsizlik və işlə bağlı ibrətamiz fikirlərin olduğunu qeyd etmişdir.

Bildirmişdir ki, işləməyən adam həmişə cəmiyyətdən təcrid edilmiş sayılır. Hətta bəzi dövlətlərin onlara müavinət ödəməsi belə işsizləri bu cəmiyyətə qovuşdura bilmir. Çünki insan təkcə nəyisə istehsal etmək və varlanmaq məqsədi ilə deyil, həm də sosial əlaqələr qurmaq baxımından işləməyə can atır. Kitabda antik dövrdə müvafiq problemə dair maraqlı faktlar da diqqətə çatdırılmışdır.

İv Zoberman fransız dilində olan bu kitabın gələcəkdə rus və digər dillərə tərcümə edilməsinə və geniş oxucu auditoriyasına çatdırılmasına ümidvar olduğunu bildirmişdir.

Respublika elmi seminarında "General Şarl de Qolun Bakıya gəlişinin 80 illiyi", "Qadın haqqında Azərbaycan və fransız atalar sözləri",  "Fransuaza Saqanın ekzistensial dünya duyumunda məhəbbət və seçim azadlığı" və digər məruzələr dinlənilmişdir.

Seminar çərçivəsində 17 yaşlı gənc rəssam Fidan Novruzovanın əsərləri nümayiş olunmuş, musiqi proqramı təqdim edilmişdir.

 

 

Azərbaycan.-2014.- 4 may.- S.5.