Prezident İlham
Əliyev “Azərbaycan Milli
Ensiklopediyası” Elmi Mərkəzinin yeni binasının
açılışında iştirak etmişdir
Mayın
5-də Azərbaycan Milli Elmlər Akademiyasının “Azərbaycan
Milli Ensiklopediyası” Elmi Mərkəzinin yeni binasının
açılışı olmuşdur.
Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyev
açılışda iştirak etmişdir.
Dövlətimizin
başçısı “Azərbaycan Milli Ensiklopediyası” Elmi
Mərkəzinin yeni binasının rəmzi
açılışını bildirən lenti kəsdi.
Prezident
İlham Əliyevin 2012-ci il iyulun 25-də imzaladığı
Sərəncama əsasən, Azərbaycan Milli Elmlər
Akademiyasının “Azərbaycan Milli Ensiklopediyası” Elmi Mərkəzinin
yeni binasının tikintisi üçün ilkin olaraq beş
milyon manat vəsait ayrılmışdı. Akademiya şəhərciyinin
ərazisində inşa edilmiş beşmərtəbəli
binada hər cür şərait yaradılmışdır.
Binanın foyesində ulu öndər Heydər Əliyevin
büstü ucaldılmışdır.
Azərbaycan
Prezidenti binada yaradılmış şəraitlə
tanış oldu.
Dövlətimizin
başçısına Azərbaycan Milli
Ensiklopediyasının “Azərbaycan” xüsusi cildi barədə
məlumat verildi. Bildirildi ki, bütövlükdə Azərbaycan
Respublikasına həsr olunmuş cilddə 14 bölmədə
155 məqalə toplanmışdır. Nəşr 2007-ci ildə
Azərbaycan, 2012-ci ildə isə rus dilində işıq
üzü görmüşdür. Hazırda “Azərbaycan”
cildinin ingilis dili versiyası üzərində iş
görülür.
Sonra
Prezident İlham Əliyevə redaksiya heyətinin rəhbəri
Mehriban Əliyeva olan “Azərbaycan Muğam Ensiklopediyası”,
847-ci ildə hazırlanmış dünyada ilk
ensiklopediyanın surəti, eləcə də alman alimlər
Mixael Reinhard Hes və Reinhart Moritzenin İmadəddin Nəsimiyə
həsr olunmuş kitabları təqdim edildi.
Dövlətimizin
başçısı binada yaradılmış şəraitdən
razılığını bildirdi,
tapşırıqlarını verdi.
Azərbaycan.-2014.- 6 may.- S.2.