Prezident İlham Əliyev
Heydər Əliyev prospektində avtomobillər və piyadalar üçün yeni tikilmiş yeraltı keçidin açılışında iştirak etmişdir
Mayın
5-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev
Bakının Heydər Əliyev prospektində - “Şəfa”
stadionunun qarşısında avtomobillər və piyadalar
üçün yeni tikilmiş yeraltı keçidin
açılışında iştirak etmişdir.
Paytaxtda
və regionlarda çoxsaylı yol ötürücüləri,
körpülər, tunellər, yeraltı və yerüstü
piyada keçidləri inşa olunur, beynəlxalq standartlar səviyyəsində
avtomobil yolları salınır. Bütün bu işlər
“Azərbaycanda avtomobil yolları şəbəkəsinin yenilənməsinə
və inkişafına dair 2006-2015-ci illər üzrə
Dövlət Proqramı”na uyğun olaraq görülür.
Prezident İlham Əliyevin Sərəncamı ilə Bakı
şəhərində nəqliyyatın hərəkətinin
tənzimlənməsi və yol infrastrukturunun təkmilləşdirilməsi
layihələri üzrə işlərin icrası davam
etdirilir.
Həmin
layihələrdən biri də Heydər Əliyev prospektində
- “Şəfa” stadionunun qarşısında avtomobillər və
piyadalar üçün keçidin tikintisidir. Nəqliyyatın
hərəkətinin intensiv olduğu bu ərazidə inşa
olunan və nəqliyyat vasitələrinin və piyadaların
təhlükəsiz hərəkətinin nizamlanmasını,
tıxacların aradan qaldırılmasını təmin etmək
üçün nəzərdə tutulan layihə artıq
yekunlaşmışdır.
Prezident
İlham Əliyev əvvəlcə “Şəfa” stadionu
qarşısında piyadalar və avtomobillər
üçün yeraltı keçidin mövcud vəziyyətini
əks etdirən sxemə baxdı.
Nəqliyyat
naziri Ziya Məmmədov yeni qurğunun texniki göstəriciləri
barədə dövlətimizin başçısına məlumat
verdi. Sonra Prezident İlham Əliyev piyada keçidinin rəmzi
açılışını bildirən lenti kəsdi.
Piyada
keçidi ilə yaxından tanış olan dövlətimizin
başçısına məlumat verildi ki, ümumi
uzunluğu 214 metr, eni 16,5 metr, hündürlüyü 3 metr
olan qurğu Heydər Əliyev prospektinin bu hissəsində
piyadalar üçün indiyədək mövcud olmuş
keçid probleminin tamamilə həllinə
hesablanmışdır. Bu keçid təhlükəsiz hərəkəti
təmin etməklə yanaşı, daxili dizaynı və
dövrün tələblərinə cavab verən
infrastrukturu ilə də diqqəti cəlb edir. Müasir işıqlandırma
sistemi, açıq havada qurulmuş eskalator piyadaların
rahatlığını təmin etməyə yönəlmişdir.
Sonra
Prezident İlham Əliyev “Şəfa” stadionunun
qarşısındakı yeni avtomobil keçidinin rəmzi
açılışını bildirən lenti kəsdi.
Dövlətimizin
başçısına qurğunun texniki göstəriciləri
barədə məlumat verildi. Qeyd edildi ki, keçidin
ümumi uzunluğu 224 metr, eni 16,5 metr,
hündürlüyü isə 5,5 metrdir. Bu göstəricilər
nəqliyyatın intensiv hərəkətinə əlavə
imkanlar yaradacaqdır. İcra olunmuş layihəyə əsasən
keçidin açıq hissəsinin uzunluğu 441 metrdir.
Layihənin icrası zamanı 1480 metr uzunluğunda yeni yan
yollar salınmışdır.
Yeni
qurğu ilə tanışlıqdan sonra Prezident İlham Əliyevə
Heydər Əliyev prospektində tikilmiş mövcud
yeraltı avtomobil tunelindən keçərək Babək və
Ziya Bünyadov prospektlərini birləşdirən avtomobil
yolunun sxemi təqdim olundu. Dövlətimizin
başçısı yol tikinti layihələrinin icrası
ilə bağlı tapşırıq və tövsiyələrini
verdi.
Azərbaycan.-2014.- 6 may.- S.2;3.