Heydər Əliyev siyasətində demokratiya və plüralizm

 

Dövlət müstəqilliyimizin bərpa olunduğu ilk illərdə ulu öndər Heydər Əliyev Azərbaycanın ümumi inkişaf strategiyasını müəyyən etdi. Demokratik, hüquqi dövlət quruculuğu həmin strategiyanın ayrılmaz tərkib hissəsi idi. O dövrdə cəmiyyət həyatının bütün sahələrində demokratik dəyər və prinsiplərin bərqərar olması ölkə qarşısında duran ən mühüm məsələlərdən biri idi.

1993-cü ilin prezident seçkiləri ərəfəsində Heydər Əliyev öz proqramında bəyan etdi ki, Azərbaycan demokratik inkişaf yolunu seçəcək, xalqımız sivil dünyanın yolu ilə gedəcək.

Demokratik inkişaf yolunu tutan hər hansı bir ölkə, ilk növbədə demokratiyanın vacib şərtlərindən olan iqtisadi inkişaf modelini müəyyən etməlidir. Ulu öndər Heydər Əliyev həmin dövrdə qətiyyətlə vurğulamışdır ki, Azərbaycan bazar münasibətləri yolu ilə gedəcəkdir. O çox yaxşı anlayırdı ki, hüquqi, demokratik dövləti yalnız bazar münasibətlərinə əsaslanan cəmiyyətdə qurmaq mümkündür. Ölkədə demokratik inkişaf və demokratik islahatlar yalnız möhkəm iqtisadi bazaya əsaslanmaqla mümkündür. Buna görə də ulu öndər Heydər Əliyev iqtisadiyyatın tamamilə yenidən qurulması və iqtisadi islahatların aparılmasını ön plana çəkdi. Eyni zamanda ölkədə iqtisadi islahatların demokratik inkişafla paralel aparılması çox vacib idi.

Aydındır ki, hüquqi, demokratik cəmiyyət quruculuğu prosesi son dərəcə çətin və mürəkkəb prosesdir. Demokratiyanın inkişaf etdiyi müasir Qərb ölkələrində də ideal demokratiya yoxdur. Böyük Britaniyanın keçmiş Baş naziri Uiniston Çörçill qeyd etmişdir ki, hazırkı demokratiyanın çatışan və çatışmayan cəhətləri var. Bəşəriyyət bundan yaxşısını yaratmayıb.

Ulu öndər Heydər Əliyev eyni zamanda demokratiyanın inkişaf etdirilməsində müasir Qərb dövlətlərinin demokratik dəyərlərindən və təcrübəsindən istifadə olunmasını vacib sayırdı. Lakin həmin demokratik dəyərləri və təcrübəni mexaniki olaraq tətbiq etmək olmaz. Demokratik dəyərlər və təcrübədən istifadə edərkən xalqımızın milli-mənəvi dəyərlərini və xüsusiyyətlərini hökmən nəzərə almaq lazımdır. Heydər Əliyev qeyd edirdi ki, demokratiya daim inkişafda olan  prosesdir. Bu bir mərhələdən o birisinə qədər təkmilləşmə yolu ilə getməlidir. Bu təkmilləşmə inqilabi yolla yox, təkamül yolu ilə olmalıdır. Çünki hər şeyə tezliklə nail olmaq çətindir.

1993-cü ilin prezident seçkiləri ərəfəsində Heydər Əliyev həm Azərbaycan Respublikası Milli Məclisinin Sədri, həm də Azərbaycan Respublikası Prezidentinin səlahiyyətlərini icra edirdi. Ulu öndər o dövrdə özünün proqram xarakterli çıxışında qeyd etmişdir: "Azərbaycan Respublikasında demokratik hüquqi dövlət qurulmalıdır. Azərbaycan Respublikası demokratiya yolu ilə getməlidir, heç vaxt totalitar sistemə, kommunist rejiminə qayıtmamalıdır. Azərbaycan Respublikasında siyasi plüralizm hökm sürməlidir. İnsan, söz, din, dil azadlığı - bunların hamısı bərqərar olmalıdır. İnsan hüquqlarının qorunması əsas məqsədlərimizdən biri, dövlət və hüquq-mühafizə orqanlarının əsas vəzifələrindən biri olmalıdır. Dövlətin hüquqları da qorunmalıdır. Biz iqtisadiyyatda köklü islahatlar aparıb bazar iqtisadiyyatına keçməliyik. Bizim borcumuz Azərbaycanın simasını dəyişməkdir. Azərbaycanı inkişaf etmiş, sivilizasiyalı, demokratik prinsiplərlə yaşayan dövlətə, cəmiyyətə çevirməliyik. Azərbaycan vətəndaşlarının gələcək həyatını azadlıq, demokratiya yolu ilə təmin etməliyik. Biz bu yolun yolçusuyuq, bu yolla da gedəcəyik. Bu yol xalq yoludur".

Hüquqi, demokratik dövlət qurmaq üçün hüquq sisteminin yenidən qurulması və islahatların aparılması, bazar münasibətlərini tənzimləyən mükəmməl qanunların qəbul olunması demokratik cəmiyyət quruculuğunun ən mühüm və vacib şərtlərindən biridir.

Buna görə də ulu öndər Heydər Əliyev müasir tələblərə cavab  verən Konstitusiyanın qəbul olunmasına xüsusi önəm verirdi. Onun bilavasitə rəhbərliyi ilə Konstitusiya layihəsi işlənib hazırlandı, uzun sürən müzakirələrdən sonra, 1995-ci il noyabrın 12-də keçirilən referendumda ölkənin əsas qanunu olan Konstitusiya xalq tərəfindən qəbul olundu.

Prezident Heydər Əliyev Konstitusiya layihəsini hazırlayan komissiyanın ilk iclasında qəbul ediləcək Konstitusiyanın əsas parametrlərini müəyyən edərək demişdir: "Bizim yeni Konstitusiyamız, şübhəsiz ki, birinci növbədə  Azərbaycan Respublikasının dövlət müstəqilliyini, bu müstəqilliyin əbədi olduğunu və dövlət müstəqilliyini qoruyub saxlamaq, yaşatmaq üçün bütün prinsipləri əks etdirməlidir. Yeni Konstitusiyamız demokratik prinsipləri özündə əks etdirməlidir. Yeni dünya demokratiyasının əldə etdiyi nailiyyətlərdən, demokratiya sahəsində inkişaf etmiş dövlətlərin Konstitusiya təcrübəsindən istifadə etmək və Azərbaycan Respublikasının özünəməxsus tarixi-milli ənənələrini əks etdirən prinsipləri özündə cəmləşdirməlidir. Bir sözlə, biz elan etmişik və mən bir daha bəyan edirəm ki, Azərbaycanda demokratik, hüquqi sivilizasiyalı dünyəvi dövlət qururuq".

Heydər Əliyev  demokratik cəmiyyət quruculuğunun vacib şərtlərindən olan demokratik təsisatların - parlament və seçki sisteminin formalaşmasına və inkişafına xüsusi əhəmiyyət verirdi. Qeyd etmək lazımdır ki, müsəlman Şərqində ilk cümhuriyyət parlamenti 1918-1920-ci illərdə Azərbaycanda yaranmışdır. Bu mənada Azərbaycan müəyyən parlament və parlamentarizm ənənələrinə malik idi. Müasir Azərbaycan parlamentinin yaranmasının banisi Heydər Əliyev bu sahədə uğurlu işlərə imza atmışdır.   

Konstitusiyaya görə Azərbaycan Respublikasının Milli Məclisi hakimiyyətin bir qolu olub qanunvericilik səlahiyyətlərini yerinə yetirir. Dünya praktikasında parlamentlər bir və ya iki palatalı olurlar. Azərbaycan Respublikasının yeni Konstitusiyasına görə Azərbaycan unitar dövlətdir, onun parlamenti birpalatalıdır. Milli Məclis qanunvericilik səlahiyyətləri ilə yanaşı, müəyyən nəzarət funksiyasını da yerinə yetirir. Ölkə Prezidentinin təqdimatı ilə Milli Məclis Baş naziri öz postuna təsdiq edir. İldə bir dəfə hökumət parlament qarşısında hesabat verir.

Ulu öndər Heydər Əliyev seçki sisteminin təşəkkül tapmasına da xüsusi əhəmiyyət verirdi. Dövlət müstəqilliyini yenicə bərpa etmiş gənc Azərbaycan dövləti üçün azad, demokratik seçkilərin keçirilməsi və bunun üçün lazımi qanunvericilik bazasının yaradılması, seçkilərin keçirilməsi prosesləri və təşkilati məsələlərin həll olunması böyük əhəmiyyət kəsb edirdi. Seçkilərin keçirilməsi hər şeydən əvvəl hüquqi sənədlərlə - ölkənin Konstitusiyası, Seçki Məcəlləsi və digər normativ hüquqi aktlarla tənzimlənir. Seçib-seçilmək hüququ hər bir vətəndaşın konstitusion hüququ olduğundan, vətəndaş bütün seçkilərdə səs verir. Yəni seçki hüququ olan bütün vətəndaşlar ölkənin ali rəhbərini seçməklə yanaşı, qanunvericilik orqanına (parlamentə) öz nümayəndələrini seçir. Digər tərəfdən isə seçki istənilən sosial qrupun  hakimiyyətə gəlməsinin yeganə sivil qaydası rolunu oynayır. Seçki mahiyyət etibarı ilə dövlət orqanlarının və idarəetmənin müəyyən qaydalarla vətəndaşların iradəsinin birləşməsi əsasında formalaşdırılması üsulu kimi xarakterizə olunur.

Demokratiyanın atributu kimi ümumi seçki hüququ formalaşmışdır. Ümumi seşki hüququ ayrı-ayrı dövlətlərin siyasi qurluşunun xarakterinə uyğun olaraq müəyyən olunur.

Azərbaycan Respublikası Konstitusiyasının 56-cı maddəsində deyilir: "Azərbaycan Respublikası vətəndaşlarının dövlət orqanlarına seçmək və seçilmək, habelə referendumda iştirak etmək hüququ vardır". Vətəndaşların seçkidə iştirakına təzyiq edilə bilməz və heç kəsin onun öz iradəsini azad ifadə etməsinə mane ola bilməz.

Seçki sistemi müəyyən prinsiplərə əsaslanır. Həmin prinsiplər seçkilərin mahiyyətini ifadə edir. Azərbaycan Respublikasında seçki sisteminin prinsipləri Konstitusiyanın 83-cü maddəsində və 101-ci maddəsinin I hissəsində əksini tapmışdır. Seçki hüququnun prinsiplərinə ümumilik, bərabərlik, seçkilərin gizliliyi və birbaşa keçirilməsi daxildir.

Dünya praktikasında hazırda seçkilərin keçirilməsinin əsasən üç forması mövcuddur.  Bunlar majoritar, proporsional və qarışıq seçki sistemləridir.

Azərbaycan Respublikasının Milli Məclisinə seçkiləri Azərbaycan Respublıikasının Prezidenti təyin edir. Azərbaycan Respublikasının Milli Məclisinə seçkilər hər 5 ildən bir noyabr ayının birinci bazar günü keçirilir. Seçki prosesi müəyyən olunmuş mərhələlərlə həyata keçirilir.

Ulu öndər Heydər Əliyev Azərbaycan Respublikasında demokratiyanın plüralist modelinin tətbiq olunmasını bir çox çıxış və məruzələrində xüsusi olaraq qeyd etmişdir. Ulu öndər qeyd edirdi ki, bizim qurduğumuz hüquqi dövlət plüralist demokratiyaya əsaslanmalıdır.

Müasir inkişaf etmiş Qərb ölkələrində plüralist demokratiya modeli geniş yayılmışdır. Plüralist demokratiya müxtəlif ideyaların, nəzəriyyə və konsepsiyaların sintezindən yaranmış bir modeldir. Plüralist demokratiya modelini xarakterizə edən əsas əlamətlərə aşağıdakıları aid etmək olar:

1. Demokratik siyasi sistemin əsas elementi maraq qruplarıdır;

2. Ümumi iradə müxtəlif qrupların münaqişəli əlaqələrinin və kompromislərinin nəticəsində yaranır;

3. Qruplar arasında rəqabət və tarazlığın təmin olunması;

4. Qrup və fərdi maraqlar siyasətin əsas aparıcı qüvvəsidir;

5. Dövlər sosial əlaqələrin fəal təminatçısı rolunda çıxış edir;

6. Dəyərlərin konsensus yolu ilə əldə olunması;

7. Ən əsas qrupların demokatik təşkili;

8. Hakimiyyətin müxtəlif təsir mərkəzləri arasında diffuziyası (bölünməsi).

Bir cox müsbət cəhətlərinə baxmayaraq plüralist modelin də çatışmayan cəhətləri var. Bu model həqiqəti ifrat dərəcədə ideallaşdırır və bununla da reallıqadan kənar düşmək təhlükəsi yaranır.

Müasir dünyada plüralizmin inkişaf etdirilməsində siyasi partiyaların fəaliyyətinə böyük önəm verilir. Azərbaycanda siyasi partiyaların yaranması XX əsrin əvvəllərindən başlayır. 1918-1920-ci illərdə fəaliyyət göstərən Azərbaycan Xalq Cumhuriyyətinin parlamentində dörd siyasi partiya və dörd fraksiya fəaliyyət göstərirdi.

Müasir Azərbaycanda siyasi partiyaların yaranması ötən əsrin 90-cı illərinin əvvəllərinə təsadüf edir. Bir çox siyasi partiyalar həmin dövrdə yaranmışdır. Hazırda Azərbaycanda 50-dən çox siyasi partiya fəaliyyət göstərir. 1992-ci ildə ümummilli lider Heydər Əliyevin rəhbərliyi ilə Yeni Azərbaycan Partiyası yarandı. Hazırda YAP ölkəmizin hakim partiyasına çevirilmişdir. Yeni Azərbaycan Partiyası sivilizasiyalı vətəndaş cəmiyyəti qurmaq, sabit və sosial istiqamətli iqtisadiyyat, islahatlar uğrunda mübarizə aparan parlament tipli siyasi partiyadır.

Azərbaycanda siyasi partiyaların fəaliyyəti "Azərbaycan Respublikasının Siyasi partiyalar haqqında" qanunu ilə tənzimlənir.

Ölkəmizdə demokratiya və plüralizmin inkişaf etdirilməsində qeyri-hökumət təşkilatları mühüm rol oynayırlar. Dövlət müstəqilliyi bərpa olunduqdan sonra ölkəmizdə çoxsaylı qeyri-hökumət təşkilatlarının yaranması vətəndaş cəmiyyətinin formalaşması prosesini sürətləndirdi. QHT-lər cəmiyyət həyatının bir çox sahələrinə dair layihələrlə cıxış edirlər. Həmin layihələrə dövlət tərəfindən yardım edilir. 2013-cü ildə Azərbaycan Respublikasında QHT-lər tərəfindən təqdim olunmuş 900 layihədən 500-ü Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri Hökumət Təşkilatlarına Yardım Fondu tərəfindən maliyyələşdirilmişdir.

Demokratiya ümumbəşəri sərvətdir. Onu hər hansı əmr və sərəncamla həyata keçirmək mümkün deyil. Bunun üçün zəruri demokratik təsisatların yaranması ilə yanaşı, xalqın siyasi, psixoloji və s. prinsipləri qəbul etməyə şüurlu olaraq hazır olması lazımdır. Eyni zamanda demokratiyanın təşəkkül tapması üçün hər bir ölkədə zəruri şəraitin olması, o cümlədən iqtisadiyyatın, elmin, təhsilin, mədəniyyətin   səhiyyənin müəyyən inkişaf səviyyəsinin olması çox vacibdir. Yoxsul ölkələrdən fərqli olaraq, iqtisadi cəhətdən inkişaf etmiş ölkələrdə demokratiyanı həyata keçirtmək daha asandır. Özünün iqtisadi inkişafına görə Azərbaycan dünya ölkələri içərisində 39-cu yeri tutur, dünyada və regionda sürətlə inkişaf edən ölkəyə çevrilmişdir. Demokratik inkişaf baxımından da Azərbaycan bir çox uğurlara imza atmışdır.

 

Ziyafət ƏSGƏROV,

Milli Məclis Sədrinin birinci müavini, YAP Siyasi Şurasının üzvü

Azərbaycan.-2014.- 6 may.- S.4.