Heydər Əliyevin sosial ədalət prinsipi: uğurlu davam

 

 

Azərbaycanın dövlət müstəqilliyinin bərpasından sonra ölkənin qarşısında çox mühüm vəzifələr dayanırdı. Ən başlıca vəzifələrdən biri müstəqil dövlətin iqtisadi modelini müəyyən etmək, dövlət quruculuğu prosesini uğurla həyata keçirmək idi. Dövlət quruculuğunda iqtisadi islahatlar, xüsusilə ictimai mülkiyyətə (əslində, dövlət mülkiyyəti) əsaslanan sistemdən liberal iqtisadiyyata (bazar iqtisadiyyatına) keçid vacib amillərdən biri kimi öz həllini tapmalıydı. Əlbəttə, bu məsələ o qədər də asan deyildi. Uzun müddət sovet iqtisadi sistemində yaşamış əhalinin birdən-birə bazar münasibətlərinə keçməsi müəyyən sosial, iqtisadi və psixoloji çətinliklər yaradırdı. Eyni zamanda müstəqil dövlət quruculuğu yoluna qədəm qoymuş Azərbaycanın Ermənistan tərəfindən təcavüzə məruz qalması vəziyyəti bir qədər də mürəkkəbləşdirirdi. Müstəqilliyinin ilk illərində, daha konkret 1991-ci ildən 1993-cü ilin iyun ayınadək ölkəyə rəhbərlik etmiş siyasi dairələrin idarəçilikdə yol verdikləri nöqsanlar, səriştəsizlik və s. bu kimi hallar dövlət quruculuğu prosesini ləngitmiş, qarşıda duran ümdə vəzifələrin həllinə mane olmuşdu.

Ümummilli lider Heydər Əliyevin Azərbaycanda siyasi hakimiyyətə qayıdışı bütün sahələrdə olduğu kimi iqtisadi islahatlar və dövlət quruculuğu istiqamətində də yeni mərhələnin başlanğıcını qoydu. Heydər Əliyevin müəyyən etdiyi iqtisadi model və prinsiplər bir tərəfdən liberal iqtisadiyyata keçidi təmin edirdisə, digər tərəfdən həmin mərhələdə vətəndaşların sosial müdafiəsini təmin etmiş olurdu. Ümummilli lider Azərbaycanın milli ideologiyasından, milli baxışlarından danışarkən qeyd etmişdir ki, Yeni Azərbaycan Partiyasının proqramında əks etdirilən prisnsiplər, əslində, Azərbaycan xalqının, dövlətimizin söykəndiyi ana prinsiplərdir. Heydər Əliyev bu prinsipləri müəyyən edərkən Azərbaycan xalqının keçdiyi tarixi yolu, milli-mənəvi dəyərləri, eyni zamanda perspektivdə qarşımızda duran vəzifələri nəzərə almışdır. Ümummilli lider Azərbaycanın söykəndiyi dəyərlərdən danışarkən deyirdi: "Yeni Azərbaycan Partiyasının demokratik, hüquqi dövlət qurmaq istiqamətində irəli sürdüyü müdəalar Azərbaycan xalqının söykəndiyi əsas prinsiplər hesab olunmalıdır". Bu prinsiplər 1992-ci ildə YAP-ın təsis konfransında qəbul edilən proqramda öz əksini tapıb. Bu proqramda Heydər Əliyev Azərbaycan dövlətçiliyinin söykəndiyi başlıca prinsipləri qeyd edib.

Onun müəyyən etdiyi dövlətçilik prinsipləri sırasında sosial ədalət prinsipi önəmli yer tuturdu. Partiyanın məqsədlərindən birini təşkil edən sosial dövlət yaratmaq ideyası, sosial ədalət partiyasının əsas prinsipinə çevrilib. İnsanlar eyni ağıla, zəkaya, fiziki və mənəvi keyfiyyətlərə malik olmadığı kimi, cəmiyyətdə və həyatda da eyni mövqeyə və imkana malik deyildirlər. Sosial müdafiə sistemi düzgün olunmayan dövlətdə hər bir insan özünün fərdi keyfiyyətlərindən asılı olaraq hamı üçün yaradılan bərabər şəraitdən, qanun və imkanlardan məharətlə istifadə edib maddi və mənəvi tələbatlarını eyni dərəcədə ödəyə bilmir. Lakin sosialyönümlü iqtisadiyyata malik olan ölkələrdə dövlət vergi  və məqsədli sosial yardım mexanizmlərindən istifadə edərək cəmiyyətin ən imkanlı təbəqələrinin imkansızlara yardımını və onların yaşayışı üçün minimum həyat şəraitinin təmin olunmasını təşkil edir. Belə cəmiyyətlərdə sosial sabitliyə nail olmaq, humanizm və ədalət prinsiplərini qorumaq dövlətin siyasətinin əsas istiqamətlərindəndir.

Bazar münasibətləri əsasında formalaşan sosialyönümlü milli iqtisadiyyatın qurulmasını əsas strategiya kimi müəyyən edən ümummilli liderin həyata keçirdiyi sosial siyasətin iki əsas xarakterik cəhəti xüsusi olaraq diqqəti cəlb edirdi. Bunlardan birincisi sosial siyasətin dayanıqlı xarakter daşıması, ölkənin iqtisadi bazisinə əsaslanması, ikincisi isə mükəmməl və dünya təcrübəsində uğurla sınaqdan çıxmış normativ hüquqi bazaya söykənməsi idi. Əslində, Heydər Əliyev Azərbaycana rəhbərlik etdiyi bütün dövrdə insanların maddi-rifah halının daim yüksəlməsinə, onların etibarlı sosial təminatına xüsusi önəm verib.

Müstəqil Azərbaycana rəhbərlik etdiyi dönəmdə də Heydər Əliyevin bu istiqamətdə verdiyi fərmanlar ayrıca diqqət çəkir. Onlardan biri "Əhalinin sosial müdafiəsinin gücləndirilməsi və iqtisadiyyatın maliyyə vəziyyətinin sabitləşdirilməsi tədbirləri haqqında" Azərbaycan Respublikası Prezidentinin 1994-cü il 15 iyun tarixli fərmanıdır. Həmin fərmanın məqsədlərindən biri Azərbaycanda mövcud olan inflyasiyanın qarşısının alınmasına yönəlmişdi və bu, həmin dövr üçün olduqca vacib əhəmiyyət kəsb edirdi. Çünki ölkədə iqtisadiyyatın tənəzzülü ötən əsrin 80-ci illərinin sonlarından başlayaraq 90-cı illərin əvvəllərinə qədər davam etmişdi. 1992-ci ildən 1994-cü ilə qədər olan dövrdə  milli gəlir 50 faiz azalmışdı və bunun əsas səbəbi də müstəqilliyin ilk illərində hakimiyyətdə olan qüvvələrin səriştəsizliyi, həyata keçirdikləri yanlış siyasət idi. Bu fonda inflyasiya həddi xeyli dərəcədə yüksəlmişdi və belə vəziyyət insanların maddi durumuna təsirsiz ötüşmürdü.

Hakimiyyətə gəldikdən sonra Heydər Əliyevin sosial sahədə dönüş yaratmaq məqsədilə "Əhalinin sosial müdafiəsinin gücləndirilməsi və iqtisadiyyatın maliyyə vəziyyətinin sabitləşdirilməsi tədbirləri haqqında" fərmanı mühüm rol oynadı. Verilmiş fərmandan irəli gələn vəzifələrin daha səmərəli yerinə yetirilməsinin təmininə nail olunması və yol verilən bəzi qüsurların aradan qaldırılması üçün ulu öndər "Əhalinin sosial müdafiəsi sahəsində əlavə tədbirlər haqqında" növbəti sənəd imzaladı. Prezidentin yeni fərmanı bilavasitə əhalinin sosial müdafiəsinin daha etibarlı şəkildə qorunmasına xidmət edirdi.

Əhalinin sosial müdafiəsi sahəsində qanunvericilik bazasının güclənməsi istiqamətində ən mühüm addımlardan biri də ulu öndər Heydər Əliyevin rəhbərliyi altında hazırlanan, Avropa dəyərlərinə, demokratiya və insan azadlığına söykənən, 1995-ci ilin 12 noyabrında  ümumxalq səsverməsi ilə qəbul olunan müstəqil Azərbaycanın ilk Konstitusiyasında bu məsələnin təsbit olunması idi. Ölkəmizin inkişafının prinsipcə yeni mərhələyə qədəm qoymasının göstəricisi olan Konstitusiya Azərbaycan dövlətinin hər bir vətəndaşının rifahının yüksəldilməsi, onun sosial müdafiəsi və layiqli həyat səviyyəsinin qayğısına qaldığını ən yüksək səviyyədə bəyan edirdi. Konstitusiyanın 16-cı maddəsində deyilir: "Azərbaycan dövləti xalqın və hər bir vətəndaşın rifahının yüksəldilməsi, onun sosial müdafiəsinin və layiqli həyat səviyyəsinin qayğısına qalır". Bununla da faktiki olaraq müəyyən edilirdi ki, inkişaf etmiş sivil dövlətlərdə olduğu kimi, iqtisadiyyat fərdin, şəxsin maddi, sosial, mənəvi tələbatlarının ödənilməsinə istiqamətləndirilməlidir.

Bundan əlavə, Azərbaycan Respublikasının Konstitusiyasına əlavələr və dəyişikliklər edilməsinə dair ümumxalq səsverməsinin keçirilməsi haqqında Milli Məclisin 26 dekabr 2008-ci il qərarından sonra 2009-cu il mart ayının 18-də keçirilmiş referendumda Azərbaycan Respublikası Konstitusiyasının 15-ci maddəsinin II hissəsinə "sosial yönümlü" sözlərinin əlavə edilməsi, Azərbaycan dövlətinin sosial-iqtisadi hüquqlar sahəsində həyata keçirdiyi siyasətlə vətəndaş cəmiyyətinin yaradılmasına, bazar iqtisadiyyatında insanın dövlət tərəfindən sosial müdafiə olunmasına və sosial ədalət prinsipinə xidmət etməyi öz üzərinə götürmüş olduğunu təsdiq edir. Konstitusiyanın 15-ci maddəsinin II hissəsində deyilir: "Azərbaycan dövləti bazar münasibətləri əsasında sosialyönümlü iqtisadiyyatın inkişafına şərait yaradır, azad sahibkarlığa təminat verir, iqtisadi münasibətlərdə inhisarçılığa və haqsız rəqabətə yol vermir".

Bundan başqa, Konstitusiyanın 35-ci maddəsinin müddəalarına görə, hər bir şəxsin əmək qabiliyyəti əsasında sərbəst surətdə özünə fəaliyyət növü, peşə, məşğuliyyət və iş yeri seçmək hüququ var, heç kəs zorla işlədilə bilməz, hər kəsin təhlükəsiz və sağlam şəraitdə işləmək, heç bir ayrı-seçkilik qoyulmadan öz işinə görə dövlətin müəyyənləşdirdiyi minimum əməkhaqqı miqdarından az olmayan haqq almaq hüququ var. Konstitusiyanın 37-ci və 38-ci maddələrinə əsasən, hər kəsin istirahət, sosial təminat hüququ təsbit olunur, əmək müqaviləsi ilə işləyənlərə qanunla müəyyən edilmiş, lakin gündə 8 saatdan artıq olmayan iş günü, istirahət və bayram günləri, ildə azı bir dəfə 21 təqvim günündən az olmayan ödənişli məzuniyyət verilməsi təmin edilir. Beləliklə, əhalinin sosial müdafiəsi sahəsində qanunvericilik bazasının güclənməsi istiqamətində ən mühüm addımlardan biri də Konstitusiyanın müddəalarına əsasən, dövlət sosial-iqtisadi hüquqlar sahəsində həyata keçirilən siyasətlə vətəndaş cəmiyyətinin yaradılmasına, bazar iqtisadiyyatında insanın dövlət tərəfindən sosial müdafiə olunmasına və sosial ədalət prinsipinə xidmət etməyi öz üzərinə götürür.

Ulu öndərin sosial siyasət sahəsində diqqət yetirdiyi ən mühüm məqamlardan biri də yoxsulluğun azaldılması, insanların layiqli həyat tərzinin təmin olunması idi. Azərbaycanın ikinci dəfə dövlət müstəqilliyini qazanmasından sonrakı ilk illərdə özünü göstərən problemlər ölkədə yoxsulluq səviyyəsinin kəskin yüksəlməsinə səbəb olmuşdu. Lakin Heydər Əliyevin uğurla həyata keçirdiyi yeni neft strategiyası Azərbaycanı sürətli inkişaf yoluna çıxarmaqla yanaşı, əhalinin maddi rifah halının yüksəlməsinə, pul və digər natural formada gəlirlərinin artmasına gətirib çıxartdı. Belə vəziyyət yoxsulluqla mübarizənin keyfiyyət etibarilə yeni bir mərhələyə keçməsinə lazımi şərait yaradırdı. Yoxsulluqla mübarizənin səmərəli təşkili məqsədilə Heydər Əliyevin 2001-ci il 2 mart tarixli sərəncamına əsasən, xüsusi dövlət komissiyası yaradıldı. Həmin komissiyaya yoxsulluğun azaldılması sahəsində müvafiq Dövlət Proqramının hazırlanması həvalə edildi.  2003-cü il fevral ayının 20-də ulu öndərin müvafiq fərmanı ilə "2003-2005-ci illər üçün Azərbaycan Respublikasında yoxsulluğun azaldılması və iqtisadi inkişaf üzrə Dövlət Proqramı"  adlanan sənəd təsdiq olundu.

Sosial sferada ulu öndərin rəhbərliyi altında həyata keçirilən siyasətin tərkibində yer alan ən önəmli məqamlardan biri müasir dünya təcrübəsinə cavab verən sosial infrastrukturun yaradılması idi. Qeyd edilən istiqamətdə də mühüm nailiyyətlərə imza atıldı, bir çox köhnə sosial infrastruktur yeniləndi, həmçinin çoxlu sayda yeniləri yaradıldı. Bu isə ulu öndərin həyata keçirdiyi  sosial siyasətin prioritet istiqamətlərinin düzgün müəyyən olunduğunu, elmi əsaslara söykəndiyini və mütərəqqi dünya təcrübəsinə cavab verdiyini qabarıq formada nümayiş etdirirdi. Bunun nəticəsi idi ki, Heydər Əliyevin yenidən  hakimiyyətə gəlişindən sonra əhalinin həyat səviyyəsinin yüksəlməsi prosesi başlandı. Sosial müavinətlər, xüsusən də vətəndaşların pensiya təminatının yaxşılaşdırılması istiqamətində ciddi addımlar atıldı. Eyni zamanda pensiya və müavinətlərin ödənilməsi və digər sosial ödənişlər üzrə xərclərin artımı davamlı xarakter aldı. Araşdırmalar göstərir ki, 1996-2003-cü illər ərzində aztəminatlı əhalinin sosial müdafiəsinin gücləndirilməsi məqsədilə Azərbaycan Respublikası Prezidentinin 8 fərman və sərəncamı, Nazirlər Kabinetinin 2 qərarı olub. Bunların tətbiqi nəticəsində, eləcə də ölkədə əməkhaqlarının artımı hesabına pensiya və müavinətlərin orta aylıq məbləği 1995-2003-cü illər ərzində 8 dəfə artıb. Bu, bir daha ulu öndərin həyata keçirdiyi sosial siyasətin nə dərəcədə effektiv xarakter daşıdığının yüksək göstəricisidir.

Cəmiyyətdə sosial ədalətə nail olmadan ölkəni inkişaf yoluna çıxarmaq mümkün deyil. Sosial ədalət Azərbaycan cəmiyyətinin, Azərbaycan xalqının təbiətinə, ruhuna uyğundur. Ta qədimdən Azərbaycan xalqı ədalətə tərəfdar olub, ədaləti müdafiə edib. Sosial ədalətlilik prinsipi bu gün də Prezident İlham Əliyevin həyata keçirdiyi siyasi xətdə də özünü göstərir. Ədalətlilik ölkənin sosial-iqtisadi inkişafından ədalətli şəkildə xalqa pay düşməsi, Azərbaycan dövlətinin milli sərvətlərdən əldə olunan gəlirlərin insanlarımıza ədalətli şəkildə çatdırılmasıdır. Ədalətlilik, eyni zamanda cəmiyyətdə bazar iqtisadiyyatının yaratdığı ziddiyyətlərin hansısa bir zümrəyə ziyan vurmasının qarşısının alınması deməkdir. Bu, Azərbaycan cəmiyyəti üçün olduqca əhəmiyyətli prinsipdir. Cəmiyyətdə ədalət olmasa, qarşıdurma qaçılmazdır. Bütün cəmiyyətlərin tarixi göstərir ki, ədalət prinsipi pozulduqda qarşıdurma meyilləri güclənir. Bu isə xaosa və anarxiyaya gətirib çıxara bilər. Ölkədə sosial ədalət prinsipinin təmin olunması islahatlardan keçir. Daimi islahatlar, inkişaf yolu ilə, həmçinin cəmiyyətdə insanların təbəqələşməsi fonunda müxtəlif siyasi və iqtisadi vasitələrlə sosial ədalətin təmin olunması bu gün ölkəmizdə uğurla gerçəkləşir.

Prezident İlham Əliyev deyir: "Mən dəfələrlə demişəm ki, Azərbaycan sosial dövlətdir. Baxmayaraq biz artıq 22 ildir ki, bazar iqtisadiyyatı şəraitində yaşayırıq, sosial siyasət daim diqqət mərkəzində olmalıdır. Ümumiyyətlə, hesab edirəm ki, Azərbaycanın təcrübəsi bu sahədə əldə edilmiş təcrübə başqa ölkələr üçün də maraqlı ola bilər. Çünki biz keçid dövrünü başa çatdırmışıq. Biz sovet sistemində yaşamışıq. Ondan sonra bazar iqtisadiyyatı sisteminə keçmişik. Ancaq biz vacib olan bütün sosial əlamətləri saxlamışıq və onları gücləndirmişik. Əminəm ki, bu sahə ilə bağlı bizim bütün planlarımız həyatda öz əksini tapacaqdır. Sosial sahə hər bir ölkə üçün vacib olan sahədir. Sosial sahə hər bir insana təsir edir. Onun yaşayış səviyyəsinə təsir edir. Burada həm dövlət siyasəti düzgün aparılmalıdır, eyni zamanda cəmiyyət də bu sahədə dövlətlə bir yerdə olmalıdır".

Fəxrlə qeyd etmək olar ki, ulu öndərin layiqli davamçısı Prezident İlham Əliyev tərəfindən digər sahələrdə olduğu kimi, sosial sferada da həyata keçirilən siyasətdə varislik, eyni zamanda novatorluq özünü aydın şəkildə nümayiş etdirməkdədir. Azərbaycan xalqının iradəsi əsasında İlham Əliyevin Prezident seçilməsindən sonra  dövlət başçısının iqtisadi sferada həyata keçirdiyi siyasətin mühüm cəhətlərindən biri hər zaman sosialyönümlülük faktorunun ön plana çəkilməsi olub. Bu mənada, Prezident İlham Əliyevin dövlət başçısı kimi fəaliyyətə başladıqdan sonra imzaladığı ilk fərman və sərəncamlar sırasında ölkəmizin sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair tədbirlərin xüsusi yer tutması tamamilə təbii xarakter daşıyırdı. Digər tərəfdən, elmi-nəzəri, iqtisadi əsaslara söykənməsi, sosial prioritetlərin düzgün müəyyənləşdirilməsi İlham Əliyevin bu sahədə həyata keçirdiyi siyasətin səciyyəvi cəhətlərini təşkil etməkdədir. Göstərilənlər fonunda Prezident İlham Əliyevin imzaladığı ilk fərmanlar sırasında yer alan "Azərbaycan Respublikasında sosial-iqtisadi inkişafın sürətləndirilməsi tədbirləri haqqında" və  "Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramının (2004-2008-ci illər) təsdiq edilməsi haqqında" sənədlər ölkə iqtisadiyyatının daha intensiv inkişaf etməsini ehtiva etməklə yanaşı, nəticə etibarilə əhalinin sosial müdafiəsinin getdikcə güclənməsinə xidmət etmişdir.

Sonrakı illərdə də dövlət başçısı tərəfindən əhalinin etibarlı sosial müdafiəsinə xidmət edən çoxsaylı fərman və sərəncamlar verilmiş, qəbul olunmuş bir çox dövlət proqramlarında bu məsələ hər zaman əsas planda yer almışdır. Buna misal olaraq hazırda uğurla icra olunan "Azərbaycan Respublikasının məşğulluq strategiyası (2006-2015-ci illər)", "2008-2015-ci illərdə Azərbaycan Respublikasında yoxsulluğun azaldılması və davamlı inkişafı Dövlət Proqramı", "2008-2015-ci illərdə Azərbaycan Respublikasında əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına dair Dövlət Proqramı" və digər vacib sənədləri göstərmək olar. İqtisadiyyatın sahəvi və coğrafi şaxələndirilməsi, bunların konkret dövlət proqramları ilə təminatı Prezident İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən sosial-iqtisadi siyasətin vacib məqamlarındandır. Dövlət büdcəsində nəzərdə tutulan vəsaitlərin son illərdə sosial müdafiə, elm, təhsil, səhiyyə və digər sahələrdə qəbul edilmiş məqsədli dövlət proqramlarının icrasına yönəldilməsi də bunun real təsdiqidir.

Qürurla qeyd etmək olar ki, ötən 10 il Azərbaycanda iqtisadiyyatın dinamik inkişafı, dövlət proqramlarının icrasının uğurla davam etdirilməsi ilə yanaşı, əhalinin sosial rifahının yaxşılaşmasına xidmət edən çoxsaylı tədbirlərin həyata keçirilməsi ilə əlamətdardır. Həyata keçirilən düşünülmüş sosial siyasət əhalinin yaşayış səviyyəsinin yüksəldilməsinə, xüsusən, aztəminatlı vətəndaşların sosial müdafiəsinin gücləndirilməsinə xidmət edir. Bu gün Azərbaycanda həyata keçirilən dövlət siyasətinin başlıca istiqamətlərindən birini də əhalinin sosial müdafiəsinin gücləndirilməsi təşkil edir. Elə buna görə də neçə illərdir geniş miqyasda həyata keçirilən sosial müdafiə tədbirləri hətta dünya iqtisadiyyatının böhranlı günlərində belə uğurla davam etdirilmişdir.

Ölkəmizdə  aztəminatlı əhaliyə ünvanlı sosial yardımların verilməsindən başlamış əlillərin, müharibə veteranlarının, qaçqın və məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılmasına, yoxsulluğun azaldılmasına qədər bütün sosial müdafiə tədbirləri müvəffəqiyyətlə həyata keçirilir. Azərbaycanın sürətli iqtisadi inkişafı və büdcə gəlirlərinin davamlı artımı sosial xərcləri də müntəzəm artırmağa, yoxsulluğun səviyyəsini son 10 ildə dəfələrlə aşağı salmağa, sosial təminat sistemini möhkəmləndirməyə imkan yaratmışdır. Bu gün ölkəmizin dövlət büdcəsinin xərclər hissəsində sosialyönümlü xərclər mühüm paya malikdir. 2003-cü ildən keçən 10 il ərzində ölkəmizdə iqtisadi inkişafın nəticələrinin sosial sahəyə transformasiyası istiqamətində olduqca ciddi keyfiyyət dəyişiklikləri baş vermişdir. Bu müddət ərzində dövlət büdcəsindən sosial müdafiə və sosial təminatın gücləndirilməsi məqsədilə ayrılan vəsaitlərin həcmi 9,7 dəfə artmışdır. Təkcə 2013-cü ildə dövlət büdcəsi xərclərinin 32,6 faizi və ya 6 milyard 239 milyon manatı sosial təyinatlı xərclərin   maliyyələşdirilməsinə yönəldilmişdir ki, bu da 2012-ci illə müqayisədə 598 milyon manat və ya 10,6 faiz çoxdur. 2014-cü il dövlət büdcəsində isə bu göstərici 2013-cü ilə nisbətən 14,3 faiz yüksəkdir.

Bundan əlavə ölkə əhalisinin sosial rifahının yaxşılaşdırılması və sosial müdafiəsinin gücləndirilməsi istiqamətində dövlət başçısının məqsədyönlü kursunun davamı olaraq ötən il minimum əməkhaqqının 13 faiz, əmək pensiyasının baza hissəsinin 17,6 faiz, bütün növ sosial müavinətlərin 10-67 faiz çərçivəsində artımı təmin edilmişdir. Dövlət sektorunda çalışanların əməkhaqları isə ən azı 10 faiz həcmində artırılmışdır. Tətbiq olunmuş artımlar ölkəmizdə təxminən 3 milyon nəfərdən çox insanın yaşayış səviyyəsinin yaxşılaşdırılmasına zəmin yaratmışdır. Beləliklə, 2003-cü ildən bəri əməkhaqları 12-ci dəfə artırılmışdır. Hazırda ölkədə orta aylıq əməkhaqqı 500 manata yaxındır. Son 10 ildə orta aylıq əməkhaqları isə 6,6 dəfə artmışdır. Xalqın sərvətinin ədalətli bölgüsü, habelə vəsaitlərin xərclənməsində və akkumulyasiyasında maksimum şəffaflıq ölkənin valyuta ehtiyatlarının ilbəil artmasına və ölkədə 10 ildə yoxsulluq səviyyəsinin 10 dəfə azalaraq 50 faizdən 5,3 faizə düşməsinə səbəb olmuşdur.

Respublikamızda sosial problemlərin yoluna qoyulması, o cümlədən insanların rifahının yaxşılaşdırılması istiqamətində həyata keçirilən çoxşaxəli tədbirlər ictimaiyyət tərəfindən rəğbətlə qarşılanır. Azərbaycanın iqtisadi inkişafı isə belə bir fikri söyləməyə əsas  verir ki, dövlətimizin maliyyə imkanları artdıqca vətəndaşların sosial rifahı daha da yaxşılaşacaqdır. Ümumiyyətlə, Azərbaycan dövlətinin həyata keçirdiyi iqtisadi siyasətin əsas istiqamətlərindən biri ölkənin iqtisadi və maliyyə imkanlarının artması fonunda əhalinin sosial yaşayış şəraitinin yaxşılaşmasına nail olmaq, vətəndaşların keyfiyyətli sosial yaşayışını təmin etmək üçün meydana çıxan bir sıra meyilləri nəzərə almasıdır. Bu istiqamətdə əsas tədbirlər ölkədəki mövcud inflyasiya risklərinin qarşısını almaq və əhalinin real gəlirlərinə təsir imkanlarını minimuma endirməkdir. Son illərdə respublikamızda sürətlənən inkişaf dinamikası sosial sahədə də özünü nəzərəçarpacaq şəkildə göstərir, eyni zamanda iqtisadiyyatın bütün bölmələrində çalışan insanların gəlirlərində əhəmiyyətli artım müşahidə olunmaqdadır.

Ölkə əhalisinin sosial müdafiəsinin gücləndirilməsi məqsədilə həyata keçirilən islahatların mühüm istiqamətlərindən biri də 2006-cı ilin ortalarından respublikamızda ünvanlı sosial yardım mexanizminin tətbiqi olmuşdur.  Dövlət büdcəsi hesabına əsasən aztəminatlı, yoxsul ailələri əhatə edən bu mexanizmin fəaliyyəti daha da gücləndirilmiş və onun əhatə dairəsi genişlənərək ötən dövr ərzində bu yardımı alan ailələrin sayının 48 mindən 124 minədək artırılmasına nail olunmuşdur. Ünvanlı yardımın təyin edilməsi üçün müəyyən olunmuş ehtiyac meyarının məbləği isə 3,1 dəfə artırılaraq 2013-cü ildə 93 manata çatdırılmışdır. 2014-cü ildə isə bu rəqəmin 100 manata çatdırılacağı nəzərdə tutulur. Dünya Bankının da ölkəmizdə apardığı monitorinqin nəticələrinə görə, ünvanlı yardımların təyinatında ünvanlılıq prinsipinə 90 faizə qədər əməl olunmuşdur və bu göstərici ünvanlı sosial yardım tətbiq edilən ölkələr arasında ən yaxşı nəticələrdən biri kimi qiymətləndirilmişdir.

Ünvanlı sosial yardımla yanaşı Azərbaycanda 2011-2012-ci illəri əhatə etmiş "Aztəminatlı ailələrin sosial reabilitasiyası haqqında" yeni dövlət proqramı da qəbul olunub uğurla icra edilmişdir. Bu proqramın da məqsədi aztəminatlı ailələrə dövlət tərəfindən birdəfəlik maliyyə yardımlarının göstərilməsi yolu ilə  onların kiçik biznes, ailə-kəndli təsərrüfatları yaratmasına dəstək olmuşdur.

Ölkəmizdə sosial məsələlərin həlli işində atılmış önəmli addımlardan biri də  sovet dövründən qalan əmanətlərin qaytarılması, kompensasiya şəkilində əhaliyə verilməsi prosesi olmuşdur. Belə ki, ödənişə başlanıldığı andan 2 il ərzində 1 milyon 623 minə yaxın əmanət hesabı üzrə 597 milyon manat fərdi birdəfəlik ödəmələr həyata keçirilmişdir.

Ümumilikdə isə son 7-8 il ərzində ölkədə 11-dən artıq sosial təyinatlı dövlət proqramları həyata keçirilib, onların mühüm bir qismi regionların, digər qismi isə paytaxt Bakı və ətraf qəsəbələrin sosial-iqtisadi inkişafını əhatə edir. Təkcə gənclərlə bağlı 2005-2009 və 2011-2015-ci illəri əhatə edən iki Dövlət Proqramı qəbul olunub. Sonuncu proqramın icrasına isə dövlət tərəfindən 80 milyon manat vəsait ayrılıb. Bütövlükdə büdcədən hər il sosialyönümlü proqramlara ayrılan xərclər ümumilikdə milyardlarla manat həcmindədir.

Sosial sahədə əldə edilən uğurların əsas amilləri sırasında son illər respublikamızda əhalinin məşğulluğunun əmək bazarının inkişafı, işsizliyin səviyyəsinin azaldılması, yeni iş yerlərinin açılması müstəsna rol oynamışdır. Həyata keçirilən tədbirlər nəticəsində son 10 ildə respublikamızda 1 milyon 200 min yeni iş yeri açılmışdır ki, onların da 75 faizi daimi iş yeri olmuşdur. Bunun nəticəsi olaraq 2003-2012-ci illərdə ölkədə iqtisadiyyatla məşğul olan əhalinin sayı 18,6 faiz artmış, işsizliyin səviyyəsi 5 faizə enmişdir.

Ölkənin sosial-iqtisadi, ictimai-siyası, mədəni həyatında gənclərin fəal iştirakının təmin edilməsi istiqamətində şəraitin yaradılması dövlətin sosial siyasətində çox vacib məsələlərdəndir. Bu məqsədlə son illər respublikamızda gənc nəslin idmana marağının artırılması, ölkəmizi beynəlxalq yarışlarda uğurla təmsil edə biləcək yüksək dərəcəli idmançıların hazırlanması, eləcə də idmanın maddi texniki bazasının gücləndirilməsi istiqamətində genişmiqyaslı işlər həyata keçirilir və bu məsələlərə ölkə rəhbərliyi tərəfindən xüsusi diqqət yetirilir. 2003-2013-cü illər ərzində dövlət büdcəsindən idmana ayrılan vəsaitlərin həcmi 16 dəfəyədək artırılmışdır.

Bundan əlavə, məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılması istiqamətində görülən işlər bu kateqoriyadan olan soydaşlarımızın hər zaman Prezident İlham Əliyevin diqqət və qayğısı ilə əhatə olunduğunu göstərir. Qarabağ müharibəsi zamanı doğma yurd-yuvalarından didərgin düşmüş insanların müvəqqəti yaşayış yerlərindən və çadır şəhərciklərindən müasir qəsəbələrə köçürülməsi dövlətin bu insanlara göstərdiyi yüksək diqqətin bariz təzahürüdür. Prezident İlham Əliyevin yürütdüyü siyasətin təməl prinsiplərindən olan məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılması ilə bağlı tədbirlərin nəticəsidir ki, bu gün ölkədə bir dənə də olsun çadır şəhərciyi qalmamış, bu insanların hamısı müasir tipli qəsəbələrə köçürülmüşdür. Onların maddi rifahının yaxşılaşdırılması üçün Dövlət proqramları qəbul edilmiş, sosial müavinətlərin artırılması istiqamətində mühüm tədbirlər görülmüşdür. Respublikanın bir çox yerlərində salınan bu qəsəbələr bir reallığı da ortaya qoyur ki, Azərbaycan dövləti hər zaman öz vətəndaşlarının qayğısına qalır, onların problemlərinin həlli həyata keçirilən siyasətin mühüm istiqamətini təşkil edir.

Ümumiyyətlə, son illər məcburi köçkünlərin sosial problemlərinin həlli, onların mənzil-məişət şəraitinin yaxşılaşdırılması istiqamətində ölkə rəhbərliyi tərəfindən genişmiqyaslı fəaliyyət həyata keçirilməkdədir. Bu məqsədlə "Qaçqınların və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması və məşğulluğunun artırılması üzrə Dövlət Proqramı" (2004-2008-ci illər) qəbul olunmuş və uğurla icra edilmişdir. Ümumilikdə, 1993-2012-ci illərdə qaçqın və məcburi köçkünlərin sosial problemlərinin həlli məqsədilə 4,3 milyard manat sərf edilmişdir ki, bu vəsaitlərin də 77 faizi, təxminən 3,3 milyard manatı son 9 ildə ayrılmışdır. Bu vəsaitlərin 1,6 milyard manatını dövlət büdcəsinin, 1,4 milyard manatını Dövlət Neft Fondunun, 307 milyon manatını isə beynəlxalq təşkilatların vəsaitləri təşkil etmişdir.

Göründüyü kimi, Azərbaycanın müstəqil olduğu 23 il ərzində qazandığı nailiyyətlər bundan əvvəl bütün tarix boyu əldə edilən nəticələrdən daha üstündür. Bu isə "Ən əsas vəzifə Azərbaycanı müstəqil dövlət kimi yaşatmaqdır!" deyən ümummilli lider Heydər Əliyevin ideyalarının uğurla reallığa çevrilməsinin təsdiqidir. Azərbaycan xalqı əmindir ki, Prezident İlham Əliyevin ulu öndər Heydər Əliyevin inkişaf strategiyasından qaynaqlanan uzaqgörən, sistemli və qətiyyətli sosial-iqtisadi inkişaf siyasəti bundan sonra da davam etməklə qarşıda duran vəzifələrin uğurla yerinə yetirilməsini, ölkəmizin inkişafının daha da sürətlənməsini və nəticədə xalqımızın sosial rifahının davamlı olaraq yaxşılaşmasını təmin edəcəkdir.

 

Mübariz QURBANLI,

Milli Məclisin komissiya sədri, YAP İdarə Heyətinin üzvü

Azərbaycan.-2014.- 6 may.- S.5.