«Böyük qələbəyə inamla» sənədli filminin təqdimatı olmuşdur

 

Azərbaycan Respublikası Milli Məclisinin Sədr müavini Bahar Muradovanın təşəbbüsü, "Azərbaycan TeleviziyaRadio Verilişləri" Qapalı Səhmdar Cəmiyyəti və Füzuli Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə çəkilmiş, ümummilli lider Heydər Əliyevin anadan olmasının 91-ci ildönümünə həsr olunmuş "Böyük qələbəyə inamla" sənədli filminin mayın 5-də təqdimat mərasimi keçirilmişdir.

AzərTAc xəbər verir ki, tədbiri açan Füzuli Rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev sənədli film haqqında danışmışdır. Qeyd edilmişdir ki, Ermənistan silahlı qüvvələrinin Azərbaycana təcavüzü nəticəsində 1993-cü ilin avqustunda Füzuli rayonu da düşmən tərəfindən işğal olunmuşdur. İşğal nəticəsində rayonun 120 min nəfərlik əhalisi Azərbaycanın 58 rayonunda məskunlaşmışdır. Diqqətə çatdırılmışdır ki, Azərbaycanın son dərəcə ağır və böhranlı günlərində, ölkənin ciddi sınaqlara məruz qaldığı bir dövrdə görkəmli ziyalılarımız xalqımızın müdrik oğlu, ümummilli lider Heydər Əliyevə müraciət etmişlər. Ulu öndər hakimiyyətə qayıtdıqdan sonra cəbhə bölgəsinə gələrək əsgərlərlə görüşmüşdür. Məhz ümummilli liderin Ali Baş Komandanlığı ilə 1994-cü ilin yanvarında Azərbaycan Ordusunun apardığı uğurlu əməliyyat nəticəsində Füzuli rayonunun 22 yaşayış məntəqəsi işğaldan azad edilmişdir. Bundan dərhal sonra rayonun işğaldan azad edilmiş ərazilərində ulu öndərin tapşırıqlarına uyğun olaraq infrastrukturun bərpasına başlanılmışdır. Bu gün rayon əhalisinin 70 min nəfəri işğaldan azad olunmuş doğma torpaqlarında yaşayır. Bu əhali 22 yaşayış məntəqəsində və yeni salınmış 19 qəsəbədə məskunlaşmışdır.

Daha sonra "Böyük qələbəyə inamla" sənədli filmi nümayiş olunmuşdur. Filmdə Füzuli rayonunun tarixi və memarlıq abidələri haqqında ətraflı məlumat verilir. Füzulinin 1993-cü ilin avqustunda erməni silahlı birləşmələri tərəfindən işğalı, həmin ilin oktyabrında Heydər Əliyevin prezident seçilməsindən sonra Azərbaycan Ordusunun əks hücumu nəticəsində rayonun 22 yaşayış məntəqəsinin erməni işğalından azad edilməsi və bərpası istiqamətində görülən işlər öz əksini tapır. Filmdə, eyni zamanda, Prezident İlham Əliyevin rəhbərliyi ilə Horadizdə, ümumilikdə Füzulidə aparılan irimiqyaslı abadlıq-quruculuq işləri və sakinlərin sabaha, qələbəyə inamından geniş bəhs olunur.

Milli Məclis Sədrinin müavini Bahar Muradova tədbirdə çıxış edərək "Böyük qələbəyə inamla" sənədli filminin əhəmiyyətindən danışmışdır. Bahar Muradova vurğulamışdır ki, film tariximizə nəzər salmaq baxımından çox önəmlidir. Bu film həm də fədakar insanlar haqqında bir hekayədir.  

Milli Məclisin Sədr müavini demişdir: "Hər bir azərbaycanlı fəxr etməlidir ki, qədim tarixə malik bir xalqın nümayəndəsidir. Azərbaycan xalqının qədim mədəniyyəti, zəngin tarixi keçmişi, qəhrəmanlıq salnaməsi vardır. Bütün bunlar həm də xalqımızı uğurlu gələcəyə aparan bir yoldur. Xalqımız bu tarixi yolu keçərkən bir çox çətinliklərlə üzləşmişdir. Bunu filmdəki kiçik kadrlar da sübut edir. Amma biz xarakterimizə uyğun olaraq çətinliklərlə üzləşdiyimiz zaman heç vaxt qürur hissimizi itirmədik. Sabaha inamla yaşadıq. Hər şeyin yaxşı olacağına inandıq".

Bahar Muradova diqqətə çatdırmışdır ki, Azərbaycan xalqı Füzuli əhalisinin timsalında öz ordusuna, dövlətinə, öz siyasi ideologiyasına, Prezidentinə inanır.  Bu inamı Azərbaycanın qurucusu və memarı, ümummilli lider Heydər Əliyevin siyasi ideologiyası şərtləndirir. Bütün qələbə və uğurlarımız da məhz bu inamdan doğur.

Milli Məclis Sədrinin müavini əminliklə bildirmişdir ki, yurd-yuvasından didərgin düşmüş hər bir insan qısa müddətdən sonra uğrunda vuruşduğumuz o torpaqlara qayıdacaqdır. Şəhid olmuş hər bir insanımız, dağıdılmış hər bir mədəni-milli abidəmiz üçün düşmən cavab verəcəkdir. Yaşadıqlarımız bizi nəticə çıxarmağa vadar edir, bizi bu dövlətə, onun taleyinə sahiblik hissinə məsuliyyətlə yanaşmağa çağırır.

Bildirilmişdir ki, filmin məqsədlərindən biri də təmas xəttində müxtəlif məhrumiyyətlərə məruz qalmış insanların necə böyük fədakarlıqla, qəhrəmanlıqla, yurduna bağlılıq hissi ilə yaşadığını göstərməkdir.

Horadiz döyüşündən söhbət açan Bahar Muradova bunun hərb tariximizin ən şanlı səhifələrindən biri olduğunu söyləmişdir. O demişdir: "Həqiqətən də bu döyüş təfəkkürümüzdə, düşüncəmizdə, inamımızda çox böyük dönüşə səbəb olmuşdur. Məhz bu döyüşün nəticəsində xalqımız öz ordusuna, gücünə inandı. Xalqımız inandı ki, öz qüdrətinə arxalananda böyük işlər görə bilər. Məhz bu döyüş göstərdi ki, ümummilli liderin çağırışı ilə yüz minlərlə insan silaha sarılaraq ən çətin vəzifənin öhdəsindən belə gələ bilər".

Azərbaycan Respublikası Baş nazirinin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə Füzulinin 22 yaşayış məntəqəsinin işğaldan azad edilməsi, həmin ərazilərdə aparılan yenidənqurma və bərpa işlərindən danışmışdır.

Füzulinin tarixi, ziyalıları barədə iştirakçılara məlumat verən Baş nazirin müavini bu rayonun ölkəmizin qədim yaşayış məskənlərindən biri olduğunu bildirmişdir. Əli Həsənov qeyd etmişdir ki, dünyada ən qədim yaşayış məskəni olan Azıx və Tağlar mağara düşərgələri tarixi mədəniyyət nümunələri ilə zəngin olan bu rayonun ərazisindədir. Bildirilmişdir ki, işğal nəticəsində rayona ümumilikdə 30 milyard dollar ziyan dəymişdir.

Baş nazirin müavini diqqətə çatdırmışdır ki, Füzuli rayonu mehriban insanlara, qədim tarixə, münbit torpağa malik bir ərazidir. Rayon elm, mədəniyyət, idman və digər sahələrdə ölkəmizə bir çox tanınmış şəxsiyyətlər bəxş etmişdir.

Horadiz əməliyyatından danışan Əli Həsənov bildirmişdir ki, bu ərazinin işğaldan azad olunması çox mühüm bir hadisədir. Çünki Horadiz çox əlverişli bir strateji mövqeyə malikdir. O demişdir ki, Horadiz, həmçinin sovet hakimiyyəti dövründə həmin ərazidə yerləşən ətraf rayonlar üçün regional baza idi. Burada regional neft bazası, pambıqtəmizləmə zavodu və digər önəmli müəssisələr var idi. Bundan başqa, Horadizin işğal olunması ilə digər rayonlar da blokada şəraitinə düşürdü. Buna görə də ulu öndər əməliyyatın məhz bu istiqamətdə aparılmasını qərara almışdı.

Azərbaycanın əldə etdiyi nailiyyətlərdən danışan Baş nazirin müavini demişdir: "Biz bugünkü inkişafa görə xalqımızın ümummilli lideri Heydər Əliyevə və onun siyasi kursunun layiqli davamçısı İlham Əliyevə borcluyuq".

Əli Həsənov vurğulamışdır ki, dünya birliyində Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllinə münasibətdə ədalətsizlik hökm sürür. Çox təəssüflər olsun ki, beynəlxalq təşkilatların qərarlarını icra etməyənlərə himayədarlıq olunur, onların hərəkətləri əməldə dəstəklənir.

Baş nazirin müavini əmin olduğunu bildirmişdir ki, torpaqlarından didərgin düşmüş həmvətənlərimiz yaxın vaxtlarda öz ata-baba yurdlarına qayıdacaqlar.      

"Azərbaycan TeleviziyaRadio Verilişləri" Qapalı Səhmdar Cəmiyyətinin baş proqram direktoru İlham Alışanov Azərbaycan Televiziyasının hər zaman Qarabağ mövzusuna xüsusi diqqət ayırdığını söyləmişdir. Bildirilmişdir ki, bu mövzuda çox sayda filmlər, silsilə verilişlər hazırlanmışdır.

Qeyd edilmişdir ki, "Böyük qələbəyə inamla" filmi isə yaxın hərb tariximizin uğurlu əməliyyatı kimi tarixə düşən Horadiz əməliyyatı ilə bağlı ikinci filmdir. Artıq qələbəyə, böyük qayıdışa inam yaradan bu cür filmlərin çəkilişi davamlı xarakter almışdır.

Sonra Horadiz əməliyyatının iştirakçısı, Qarabağ müharibəsi veteranı Füzuli Rzayev, Füzuli rayon sakini Məcnun Vəliyev çıxış edərək torpaqlarımızın işğaldan azad edilməsi uğrunda döyüşə hər an hazır olduqlarını bildirmişlər. Onlar, həmçinin dövlət tərəfindən göstərilən diqqət və qayğıya görə minnətdarlıqlarını ifadə etmişlər.

Filmin təqdimat mərasimində dövlət və hökumət nümayəndələri, Milli Məclisin deputatları, ziyalılarla yanaşı, ölkəmizdə fəaliyyət göstərən diplomatik korpusun təmsilçiləri də iştirak etmişlər.

 

Azərbaycan.-2014.- 6 may.- S.6.