Bakıda “Gənclərin məşğulluq
siyasətinin formalaşdırılmasında həmkarlar
ittifaqlarının rolu” mövzusunda
seminar işə başlamışdır
Mayın
5-də Bakıda Azərbaycan Həmkarlar İttifaqları
Konfederasiyasının (AHİK) və Beynəlxalq Əmək
Təşkilatının (BƏT) birgə təşkilatçılığı
ilə “Gənclərin məşğulluq siyasətinin
formalaşdırılmasında həmkarlar
ittifaqlarının rolu” mövzusunda seminar işə
başlamışdır.
AzərTAc
xəbər verir ki, iki gün davam edəcək seminarın
açılışında AHİK-in sədri, Milli Məclisin
deputatı Səttar Mehbalıyev çıxış edərək
dünyada gedən maliyyə böhranının layiqli əmək
uğrunda mübarizədə gənclər üçün
maneələr yaratdığını söyləmişdir.
Böhranın meydana çıxardığı əsas
problem odur ki, bu gün dünyada gənclər arasında
işsizliyin səviyyəsi orta yaşlılar
arasındakı işsizliyin səviyyəsindən
üç dəfə çoxdur. Hazırkı şəraitdə
gənclərin rastlaşdıqları problemlər
özünün müxtəlifliyi ilə seçilir.
Yaxşı təhsil almaq və layiqli iş yeri tapmaq
imkanını itirən gənclər daha az müdafiə
olunur və adətən natamam iş vaxtı və
qeyri-adekvat sosial müdafiə sistemi olan az maaşlı,
müvəqqəti iş yerlərində
çalışırlar. Gənclər təhsildən əmək
fəaliyyətinə keçərkən böyük çətinliklərlə
üzləşirlər. Təhsil almayan, işləməyən
və peşə hazırlığı keçməyən
gənclər arasında iş tapmaq ümidini itirənlərin
və ali təhsilli işsiz gənclərin sayının
artması narahatlıq doğurur.
Səttar
Mehbalıyev bildirmişdir ki, bu gün Azərbaycan Gənclərin
Məşğulluq Şəbəkəsinə daxil olan
qabaqcıl ölkələr sırasındadır. O
demişdir ki, təhsildən əmək fəaliyyətinə
keçid, gənclərin məşğulluq vəziyyətinin
təhlili üzrə sorğunun nəticələri, eləcə
də gənclərin məşğulluğuna təsir
üzrə milli plan Azərbaycanda məşğulluq siyasətinin
üstün cəhətləri kimi gənclər arasında
işsizliyin azaldılmasını, onların məşğulluq
və sahibkarlıq fəaliyyətinə təsirini, peşə
hazırlığı kurslarının təşkilini
müsbət amil kimi önə çəkir. Gənclərlə
bağlı müxtəlif məsələlərin, o cümlədən
məşğulluq probleminin həlli üçün ölkədə
2015-ci ilədək fəaliyyət göstərəcək
Dövlət Gənclər Proqramı qəbul edilmişdir.
Prezident Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin gənclər təşkilatları ilə iş sektorunun müdiri Vüsal Quliyev ölkəmizdə həyata keçirilən uğurlu gənclər siyasətindən danışmışdır. O demişdir ki, bu gün dövlət büdcəsindən gənclər üçün xeyli miqdarda vəsaitin ayrılması, müvafiq proqramların icrası, islahatların həyata keçirilməsi ölkə rəhbərliyinin gənclərimizin inkişafı, onların problemlərinin həlli, məşğulluğunun və sağlamlığının təmini istiqamətində göstərdiyi diqqətin bariz nümunəsidir.
V.Quliyev bildirmişdir ki, “Azərbaycan gəncliyi 2011-2015-ci illərdə” Dövlət Proqramının hazırlanması da əvvəlkilərdən çox fərqlənir. Çünki əvvəlki proqramların hazırlanmasında aidiyyəti dövlət qurumları iştirak edirdi, ancaq indi bu proqramın hazırlanması bilavasitə gənclərə həvalə olunmuşdur.
BƏT-in nümayəndəsi Sergeyus
Qlovaskas gənclər arasında işsizliyin aradan
qaldırılmasının vacibliyini qeyd etmiş, bu istiqamətdə Azərbaycan Həmkarlar
İttifaqları Konfederasiyası ilə əməkdaşlığın
önəmini vurğulamışdır.
Azərbaycan.-2014.- 6 may.- S.7.