Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 91-ci ildönümü və Heydər Əliyev Fondunun yaradılmasının 10 illiyi Sankt-Peterburqda təntənəli şəkildə qeyd edilmişdir

 

Mayın 3-də Rusiyanın Sankt-Peterburq şəhərinin Dmitri Şostakoviç adına Akademik Filarmoniyasında görkəmli dövlət xadimi, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 91-ci ildönümü və Heydər Əliyev Fondunun yaradılmasının 10 illiyi münasibətilə təntənəli mərasim keçirilmişdir.

Rəsmi hissədən əvvəl Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu və Azərbaycan nümayəndə heyətinin təmsilçiləri Sankt-Peterburq Şəhər Administrasiyasının Xarici əlaqələr komitəsi sədrinin müavini Sergey Markov ilə görüşmüşlər. Görüşdə əməkdaşlığın perspektivləri, Sankt-Peterburq şəhərinin qubernatorunun Azərbaycana səfərinə hazırlıq işləri və Sankt-Peterburq nümayəndə heyətinin Azərbaycan-Rusiya regional forumunda iştirakı ilə əlaqədar məsələlər müzakirə olunmuşdur.

Filarmoniyanın foyesində ümummilli liderin həyat və fəaliyyətinin Heydər Əliyev Fondunun gördüyü işləri  işıqlandıran fotosərgi nümayiş etdirilmişdir.

Dünya Azərbaycanlılarının Mədəniyyət Mərkəzinin Rusiya nümayəndəliyinin təşəbbüsü və Azərbaycan Respublikasının Sankt-Peterburqdakı baş konsulluğunun dəstəyi ilə təşkil olunmuş tədbirdə Sankt-Peterburq Şəhər Administrasiyasının Xarici əlaqələr komitəsi sədrinin müavini Sergey Markov, komitənin MDB ölkələri və Rusiya Federasiyasının regionları üzrə idarəsinin aparıcı mütəxəssisi Aleksandr Anpiloqov, Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu, Milli Məclisin deputatı, Azərbaycan Ağsaqqallar Şurasının sədri Fəttah Heydərov, deputatlar Aydın Mirzəzadə və Jalə Əliyeva, Dünya Azərbaycanlılarının Mədəniyyət Mərkəzi sədrinin birinci müavini Rasim Məmmədov, Sankt-Peterburqda akkreditə olunmuş diplomatik korpusun nümayəndələri, mədəniyyət xadimləri, Sankt-Peterburqun tanınmış ictimai-siyasi xadimləri, Azərbaycan diasporunun təmsilçiləri iştirak etmişlər.

Səfir Polad Bülbüloğlu tədbiri açaraq Sankt-Peterburq şəhərinin rəhbərliyinə təşəkkürünü bildirmiş, Heydər Əliyev haqqında xatirələrini bölüşmüş, ümummilli liderin parlaq həyatı və çoxşaxəli fəaliyyəti barədə danışmışdır. Səfir müasir Azərbaycanın və Azərbaycan dövlətçiliyinin qurulmasında Heydər Əliyevin əvəzsiz rolunu xüsusi qeyd etmişdir. Məhz xalqın təkidli xahişi ilə 1993-cü ildə Azərbaycanın rəhbərliyinə qayıdan Heydər Əliyev  ölkəmizi xaosdan, parçalanmadan və vətəndaş müharibəsindən xilas etmişdir. Bu gün isə Azərbaycan Prezident İlham Əliyevin rəhbərliyi ilə öz müstəqil daxilixarici siyasətini həyata keçirən qüdrətli dövlətə çevrilmişdir. Heydər Əliyevin siyasi  irsindən danışan səfir xüsusilə vurğulamışdır ki, bu irs təkcə Azərbaycan üçün deyil, həm də Rusiya üçün dəyərlidir. Səfir qeyd etmişdir ki, Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra da  ümummilli lider Heydər Əliyev Rusiya Federasiyası ilə münasibətlərin inkişafına xüsusi diqqət yetirmişdir. Bu gün iki dövlət arasındakı münasibətlərə Prezident İlham Əliyevin xüsusi diqqəti sayəsində əlaqələr  bütün istiqamətlərdə dinamik inkişaf etməkdədir. Ölkələrimiz arasında mehriban qonşuluqstrateji tərəfdaşlıq münasibətləri qurulmuşdur.

Polad Bülbüloğlu həmçinin Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondunun fəaliyyəti, fondun dünyada, o cümlədən Rusiyada həyata keçirdiyi böyük və çoxşaxəli işlər barədə danışmışdır. Diplomat vurğulamışdır ki, Heydər Əliyev Fondunun Rusiya nümayəndəliyi fondun vitse-prezidenti Leyla xanım Əliyevanın rəhbərliyi ilə ölkələrimiz arasında mehriban qonşuluq əlaqələrinin möhkəmlənməsində mühüm rol oynayır.

 Tədbirdə çıxış edən Sergey Markov Sankt-Peterburq hökumətinin mərasim iştirakçılarına ünvanlanmış təbrik məktubunu oxumuşdur. Daha sonra çıxış edən general-leytenant Aleksandr Volox Heydər Əliyevin Azərbaycanın tərəqqisi üçün gördüyü böyük işlər barədə danışmış, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tezliklə beynəlxalq hüquq normaları çərçivəsində həllinin zəruriliyini qeyd etmiş və Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə Vətənimizin müstəqilliyinin möhkəmləndirilməsi naminə fəaliyyətində yeni-yeni uğurlar arzulamışdır.

Azərbaycan Ağsaqqallar Şurasının sədri Fəttah Heydərov Heydər Əliyevin rəhbərliyi altında işlədiyi dövrləri xatırlamış, Azərbaycan tarixinin ağır dövrlərində Heydər Əliyevlə Naxçıvanda keçirdiyi illərə nəzər salmışdır. Milli Məclisin deputatı Jalə Əliyeva Rusiyanın şimal paytaxtında, dünyanın mədəniyyət mərkəzlərindən birində, Neva çayı sahillərində Heydər Əliyevin təhsil aldığı və bir neçə il yaşadığı şəhərdə ulu öndərin anadan olmasının 91-ci ildönümü münasibətilə tədbirin keçirilməsinin əhəmiyyətini vurğulamışdır. O, Heydər Əliyev Fondunun ölkəmizin mədəniyyəti və tarixi barədə həqiqətlərin dünyaya çatdırılması istiqamətində gördüyü müstəsna əhəmiyyətli işləri qeyd etmişdir.

Dünya Azərbaycanlılarının Mədəniyyət Mərkəzinin sədrinin birinci müavini Rasim Məmmədov çıxış edərək təntənəli gecənin bütün təşkilatçılarına təşəkkürünü bildirmişdir.

Tədbirin bədii hissəsində Azərbaycanın xalq artisti Teymur Göyçayevin dirijorluğu ilə Sankt-Peterburq Universitetinin kamera orkestri çıxış  etmişdir. Konsert proqramında Azərbaycanın xalq artisti Samir Cəfərov, əməkdar artist Aygün Zeynalova, respublika müsabiqələrinin laureatı, gənc tarzən Atabəy İsmayılov və pianoçu Nərgiz Əliyevanın ifasında Üzeyir Hacıbəyli, Qara Qarayev, Fikrət Əmirov, NiyaziRauf Hacıyevın əsərləri səsləndirilmişdir.

 

Fəridə ABDULLAYEVA,

AzərTAc-ın xüsusi müxbiri

 Moskva

Azərbaycan.-2014.- 6 may.- S.8.