Müasir İncəsənət Muzeyində rəssamın

«Gerçək mənalar» adlı sərgisi açılmışdır

 

Mayın 5-də Müasir İncəsənət Muzeyində azərbaycanlı rəssam, heykəltəraş, dizayner, şair, filosof və nəzəriyyəçi Çingizin "Gerçək mənalar" adlı fərdi sərgisi açılmışdır.

AzərTAc xəbər verir ki, açılış mərasimində "YARAT" Müasir İncəsənət Məkanının rəhbəri Aida Mahmudova çıxış edərək Çingizin özünəməxsus yaradıcılıq axtarışlarından, bənzərsiz sənət dünyasından söz açmışdır.

Bildirilmişdir ki, Çingiz öz yolu, üslubu olan sənətkardır. Onun sənət inciləri nəinki Azərbaycanda, hətta dünyanın bir çox yerlərində maraqla qarşılanır. O, yaradıcılığında müasir konseptual incəsənətdə fəlsəfi və nəzəri araşdırmalarına əsas yer vermişdir.

Diqqətə çatdırılmışdır ki, Ə.Əzimzadə adına Rəssamlıq Məktəbini və Azərbaycan Dövlət İncəsənət Universitetinin heykəltəraşlıq fakültəsini fərqlənmə diplomu ilə bitirmiş Çingiz hələ tələbə olarkən müxtəlif material və texnikaları mükəmməl mənimsəmişdir. Bu mənimsəmə ona öz fikirlərini ifadə etmək imkanlarını araşdırmağa, təqdim etməyə böyük fürsət yaratmışdır. O, yaradıcılığında kollaj, "street art", installyasiya, performans, videoart s. texnikalardan geniş istifadə edir.

Vurğulanmışdır ki, Çingiz əsərləri ilə 1986-cı ildən etibarən müxtəlif beynəlxalq sərgi, simpozium, biennale, konfrans digər mədəniyyət tədbirlərində iştirak edir. Onun rəsmləri müxtəlif ölkələrdə nümayiş olunmuşdur şəxsi kolleksiyalarda saxlanılır.

İştirakçılara minnətdarlığını bildirən Çingiz sərginin mahiyyətindən, nümayiş olunan əsərlərinin tamaşaçılara verəcəyi mənəvi zövqdən öz sənət üslubunun xüsusiyyətlərindən söz açmışdır.

Sərginin hazırlanmasına böyük vaxt sərf etdiyini söyləyən müəllif vurğulamışdır ki, burada düşündüklərimi sənətin gücü ilə tamaşaçıya çatdırmağa çalışmışam.

Sonra tədbir iştirakçıları sərgi ilə yaxından tanış olmuşlar.

Sərgidə müxtəlif tərzdə materiallarda icra olunmuş iyirmiyə yaxın yeni əsər nümayiş olunmuşdur.

Sərgidə nümayiş olunan "Divarların müəllifi bizim beynimizdir" əsəri daha çox diqqəti cəlb edir. Bu əsərdə rəssam, kiçik girişi olan daş divar hörür divarın arxasında təbii ölçüdə yaradılmış özünün avtoportreti olan mum fiqurunu quraşdırır. Müəllifin fikrincə, həqiqi divardan başqa, eyni zamanda, beyinin məhsulu olan adət-ənənə, stereotip, ön mühakimələrdən yaranan ideoloji divarlar da vardır.

Mayın 31-dək davam edəcək sərgi maraqla qarşılanmışdır.

 

Azərbaycan.-2014.- 6 may.- S.9.