Prezident İlham
Əliyev ARDNŞ-in
Gürcüstandakı
yeni inzibati binası ilə
tanış olmuşdur
Azərbaycan
Prezidenti İlham Əliyevin Gürcüstana işgüzar səfəri
Prezident
İlham Əliyev mayın 6-da Azərbaycan Respublikası
Dövlət Neft Şirkətinin (ARDNŞ) Tbilisidəki yeni
inzibati binası ilə tanış olmuşdur.
Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyevə məlumat
verildi ki, ARDNŞ-in Gürcüstandakı yeni inzibati
binasının tikintisinə 2009-cu ildə
başlanmış, 2012-ci ildə istifadəyə
verilmişdir. Bu kompleks ARDNŞ-in Azərbaycandan kənarda
yerləşən ən böyük inzibati binasıdır.
Binada şirkətin Gürcüstan nümayəndəliyi,
“SOCAR Energy Georgia” MMC və digər törəmə şirkətlər
yerləşir.
Ümumi
sahəsi 17600 kvadratmetr olan inzibati bina Bakıdakı Qız
qalasını xatırladır və beş blokdan ibarətdir.
Bloklardan üçündə ofis sahələri yerləşir.
Digər iki blokda yeməkxana, yeraltı avtomobil qarajı və
texniki sahə fəaliyyət göstərir.
ARDNŞ-in
Gürcüstan nümayəndəliyinin binası ən
yüksək beynəlxalq standartlara cavab verən avadanlıqla
təchiz olunmuşdur və müasirliyi ilə diqqəti cəlb
edir. Bina Tbilisi şəhər meriyası tərəfindən
keçirilmiş “Memarlıq Mükafatı 2011” Beynəlxalq
müsabiqəsində “İctimai tikinti” nominasiyasının
qalibi olmuşdur.
Azərbaycan.-2014.- 7 may.- S.2.