Azərbaycan, Gürcüstan və
Türkiyə prezidentləri
mətbuata bəyanatlarla
çıxış etmişlər
Azərbaycan
Prezidenti İlham Əliyevin Gürcüstana işgüzar səfəri
Xüsusi
müxbirimiz xəbər verir ki, mayın 6-da Tbilisidə
üçtərəfli görüş başa
çatdıqdan sonra Azərbaycan Respublikasının
Prezidenti İlham Əliyev, Gürcüstan Prezidenti Giorgi
Marqvelaşvili və Türkiyə Respublikasının
Prezidenti Abdullah Gül mətbuata bəyanatlarla
çıxış etmişlər.
Gürcüstan Prezidenti Girogi Marqvelaşvilinin
bəyanatı
- Mən sizi salamlamaq istərdim. Bir daha öz
dostlarıma - Azərbaycan və Türkiyə prezidentlərinə,
nümayəndə heyətlərinin üzvlərinə
xüsusi minnətdarlığımı bildirmək istərdim.
Mən təkcə bizim ölkələrimiz üçün
deyil, digər ölkələr üçün də əhəmiyyətli
olacaq bugünkü Sammitin işində iştirak etmiş hər
kəsi salamlamaq istərdim. Həm regionda, həm də region
hüdudlarından kənarda on milyonlarla insan bu Sammitin bəhrəsini
görəcəkdir.
Mən belə bir Sammitin əsasını qoyduğu
üçün Türkiyə Prezidenti cənab Gülə
minnətdarlığımı bildirmək istərdim. O, belə bir Sammitin təşəbbüskarı
olub və mən bu ideyanı dəstəkləyən Azərbaycan
Prezidenti cənab İlham Əliyevə təşəkkürümü
bildirirəm.
Sammitin gedişində biz ölkələrimiz
arasında artıq qurulmuş əməkdaşlıq barədə
danışdıq. Bu əsl tarixi əməkdaşlıq
ölkələrimizin iqtisadiyyatı və rifahına,
bütün regionun sabitliyi və çiçəklənməsinə
çox müsbət təsir göstərir. Mən deyərdim ki, ölkələrimiz arasında
bu nümunəvi əməkdaşlığın nəticəsi
Asiya və Avropada 10 milyonlarla insana müsbət təsir
göstərir. Biz Xəzər, Qara və
Aralıq dənizlərini birləşdirən olduqca
mühüm layihələr, o cümlədən bu əməkdaşlığın
genişləndirilməsi barədə danışdıq.
Bütün bunlar regionun sabitliyinin qarantıdır.
Biz vurğuladıq ki, region daha sabitdir və
ölkələrimiz daha çox sabitliyə nail olmaqda
maraqlıdır. Ölkələrimizin rəhbərləri
bu prosesə öz töhfələrini verməyə hazır
olduqlarını bildirdilər. Bizim siyasətimiz,
bizim ambisiyamız məhz budur.
Mən həqiqi əməkdaşlıq və dəstəyə
görə bir daha azərbaycanlı və türkiyəli həmkarlarıma
öz minnətdarlığımı bildirmək istərdim. Mən ölkəmizdə
həyata keçiriləcək layihələrə görə
onlara təşəkkürümü bildirirəm.
Türkiyə
Prezidenti Abdullah Gülün
bəyanatı
- Hörmətli
prezidentlər, nazirlər, media nümayəndələri.
Bu gün burada Cənubi Qafqaz bölgəsi ilə
bağlı ortaq bir görüşü paylaşan
üç ölkənin prezidentləri olaraq bir yerə
toplaşmışıq. Əməkdaşlığımızın
bütün tərəflərini ətraflı şəkildə
nəzərdən keçirdik.
Türkiyə olaraq, bizim istər Gürcüstan, istərsə
də Azərbaycan ilə ikitərəfli əlaqələrimiz
çox yüksək səviyyədədir. Gürcüstan ilə 1,5 milyard dollarlıq ticarət dövriyyəmiz
vardır. Gürcüstandakı türk sərmayələri
bir milyard dollara yaxındır. Bir çox türk iş
adamı Gürcüstana sərmayə yatırmaq
arzusundadır. Əlaqələrimiz elədir
ki, vətəndaşlarımız şəxsiyyət vəsiqəsi
ilə, pasportsuz və vizasız səyahət edə bilirlər.
Türkiyə olaraq, eyni şəkildə Azərbaycan ilə
də əlaqələrimizin şübhəsiz ki, çox
özəl səviyyəsi vardır. İqtisadi əlaqələrimizə
gəldikdə, ticarət dövriyyəmiz 4,7
milyard dollar, sərmayələrimiz isə 5,5 milyard dollar səviyyəsindədir.
Türkiyə, Azərbaycan, Gürcüstan arasındakı bu
coğrafi bərabərlik Cənubi Qafqaz bölgəsində
çox böyük bir cazibə mərkəzi
yaratmaqdadır.
Şübhəsiz ki, əhalini nəzərə alsaq,
dediyim bu rəqəmlər çox mühüm rəqəmlərdir. Amma bunu daha da
yüksəltməyimiz mümkündür. Bu baxımdan bu üç ölkənin səmimi,
yaxın əlaqələri və əməkdaşlığı
bölgəni bir cazibə mərkəzinə çevirməkdədir
və bu cazibənin də gücü getdikcə artmaqdadır.
Belə ki, çox böyük infrastruktur layihələrini
reallaşdırdığımızı hamı bilir. Xüsusilə, Bakı-Tbilisi-Ceyhan neft boru kəməri,
Bakı-Tbilisi-Ərzurum təbii qaz boru kəməri və
Bakı-Tbilisi-Qars dəmir yolu layihələrini hər kəs,
bütün dünya çox təqdirlə izləməkdədir.
Bu layihələr vaxtilə reallaşması
çətin, hətta bəzilərinin əfsanə
adlandırdığı layihələrdir. Bunların ilk ikisi həyata keçirilmiş,
üçüncüsü - dəmir yolu layihəsi də
tamamlanmaq üzrədir. Bu gün nəqliyyat
nazirləri də görüşdə iştirak etdilər və
təqdimatlarında bizə ətraflı məlumat verdilər.
Hətta tikinti ilə bağlı
videoçarxlar da nümayiş etdirdilər. Biz böyük məmnunluqla gördük ki, minlərlə
metr uzunluğunda – 4-5 kilometrlik tunellər, böyük
körpülər, bütün bunlar həyata
keçirilmiş və işlərin böyük hissəsi
başa çatmışdır. İnşallah,
qalan işlər də qısa zamanda bitəcəkdir.
Təbii ki, TANAP da ayrı bir enerji layihəsi kimi regionun
əhəmiyyətini ortaya çıxarmaqdadır. Bu əlaqələndirmə
bir çox praktiki faydalar da ortaya qoymaqdadır. Buna sadə
bir misal çəkmək istəyirəm: qatarlarımız,
relslər bir-birinə çox da uyğun gəlmirdi.
Görülən bu işlər və əlaqələndirmə
nəticəsində artıq bütün qatarlar Türkiyədən
Gürcüstana, oradan Azərbaycana, Azərbaycandan
Gürcüstana və Türkiyəyə heç bir problem
olmadan hərəkət edə biləcəkdir. Bizim istəyimiz bütün bu layihələrlə
regionda rifahı və iqtisadi inkişafı artırmaqdır.
Təbii ki, Sammitdə regional və beynəlxalq məsələlər
də müzakirə edilmişdir. Sülh və sabitliyin
qorunmasını əsas tutan və ortaq ümumbəşəri
dəyərlərə söykənən fikirlərimiz də
üst-üstə düşməkdədir. Gürcüstanın və Azərbaycanın müstəqilliyinə,
ərazi bütövlüyünə olan güclü dəstəyimizi
bir daha vurğuladıq. Bölgəmizdəki
münaqişələrin ərazi bütövlüyü
prinsipləri əsasında sülh yolu ilə həll
olunmasının əhəmiyyətini bir daha qeyd etdik. Görüşümüzdə Ukraynadakı
böhranı da müzakirə etdik. Bu
böhranın bölgəmizdəki təhlükəsizliyə
və sabitliyə təsir etdiyi məsələsində həmfikirik.
Böhranın Ukraynanın ərazi
bütövlüyü və beynəlxalq hüquq çərçivəsində
siyasi həlli yolunun tapılması zəruridir. Ukraynada konstitusiya islahatı ölkənin şərqi
ilə qərbini - bütün cəmiyyəti əhatə etməlidir.
ATƏT-in nəzarət missiyasının gərginliyin
azaldılmasındakı və dialoqun gücləndirilməsindəki
rolunu da dəstəkləyirik. Türkiyə
olaraq Krım-tatar türklərinin də vəziyyətini diqqətlə
izlədiyimizi burada ifadə etmək istəyirəm.
Sammitin istər ölkələrimiz, istərsə də
regionumuz üçün xeyirli olmasını arzu edirəm. Bu səmimi əməkdaşlığın
bir çox ölkələr üçün nümunə
olacağına inanıram.
Sammitə
gözəl ev sahibliyi edən Gürcüstan
tərəfinə, xüsusilə də dəyərli dostumuz,
hörmətli dövlət başçısına bu ilk
toplantını təşkil etdiyi üçün bir daha dərin
təşəkkürümü bildirirəm.
Azərbaycan
Prezidenti İlham Əliyevin
bəyanatı
- Hörmətli
cənab Prezident Marqvelaşvili.
Hörmətli cənab Prezident Gül.
Hörmətli mətbuat nümayəndələri,
xanımlar və cənablar.
İlk növbədə cənab Prezident, mənə və
nümayəndə heyətimizə göstərdiyiniz qonaqpərvərliyə
görə Sizə minnətdaram. Qardaş
Gürcüstan torpağında yenidən olmağımdan
çox məmnunam. Əminəm ki,
bugünkü Zirvə görüşü üçtərəfli
əməkdaşlığımızın gələcək
inkişafı üçün çox mühüm
olacaqdır. Azərbaycanı
Gürcüstan və Türkiyə ilə tarix
bağlayır, tarixi əlaqələr, mədəniyyət,
xalqlarımız arasındakı dostluq, qardaşlıq
bağlayır. Bizim ikitərəfli
münasibətlərimiz də bu möhkəm zəmin üzərində
qurulmuşdur. Artıq sınaqdan da
keçmişdir. Həm Gürcüstan, həm
Türkiyə ilə Azərbaycanın çox yaxın
dostluq, qardaşlıq üzərində qurulmuş münasibətləri
vardır.
Mən çox şadam ki, artıq üçtərəfli
format da öz əhəmiyyətini göstərir. Əvvəlki,
dövrlərdə də üçtərəfli
görüşlər keçirilmişdir. Çünki təbii ki, beynəlxalq layihələrin
icrası ilə əlaqədar Zirvə görüşləri
olmuşdur. Bugünkü Zirvə
görüşü həm əvvəlki illərdə
görülən işlərə bir təhlil aparmaq
üçün də əhəmiyyətli idi, eyni zamanda və
ən önəmlisi hesab edirəm ki, gələcək əməkdaşlıq
haqqında bu gün çox geniş və səmimi fikir
mübadiləsi aparılmışdır.
Bu gün nazirlər müxtəlif layihələri bizə
təqdim etdilər. Biz görüləcək işlər
haqqında bir daha fikir mübadiləsi apardıq. Ancaq mən
hesab edirəm, bu Zirvə görüşünün əsas nəticəsi
ondan ibarətdir ki, bu gün Gürcüstan, Türkiyə və
Azərbaycan üçtərəfli formatı və bizim
dostluq, tərəfdaşlıq münasibətlərimizi bir
daha təsdiqlədilər. Bu, çox önəmlidir.
Çünki bizi birləşdirən layihələr
həm ölkələrimiz, xalqlarımız,
qonşularımız və həm də qitə
üçün əhəmiyyətlidir.
Vaxtilə uğurla icra edilmiş neft-qaz, nəqliyyat
layihələri, investisiyalarla bağlı olan layihələr
ölkələrimizi daha da sıx birləşdirir. Deyə bilərəm
ki, hazırda bu üçtərəfli format, nəinki
regionda, dünya miqyasında böyük maraq doğurur.
Bu, əslində nadir bir formatdır. Çünki burada üç müstəqil
dövlət artıq bərabərhüquqlu münasibətləri
- qarşılıqlı maraq və bir-birinə hörmət
əsasında müasir, mədəni, xalqlarımızın
maraqlarına cavab verən münasibətləri qurmuşdur.
Hesab edirəm ki, bu təcrübə başqa ölkələr
üçün də cəlbedici ola bilər.
Bizim münasibətlərimiz əməkdaşlıq
üzərində qurulub. Ən önəmli məsələ
bundan ibarətdir. Bu əməkdaşlıq
nəticəsində hər bir ölkə böyük fayda,
xeyir götürür. Bizim birgə layihələrimiz
üç ölkənin maraqlarına xidmət göstərir.
Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum,
Bakı-Tbilisi-Qars layihələri artıq regional çərçivədən
çıxıb, beynəlxalq əhəmiyyət
daşıyan layihələrdir. Xüsusilə,
enerji təhlükəsizliyi ilə bağlı məsələlər
bu gün dünya miqyasında ən önəmli məsələlər
kimi tanınır. Dünya gündəliyinin
demək olar ki, birinci yerindədir. Üç
ölkə öz enerji təhlükəsizliyini tam şəkildə
təmin edibdir. Bu, bizim əməkdaşlığımızın
gözəl nəticəsidir. Gələcəkdə
bizim üç ölkəmiz Avropanın enerji təhlükəsizliyini
təmin edəcəkdir.
Bu gün burada aparılan danışıqlar və
müzakirələr dünya və Avropa üçün
böyük əhəmiyyət daşıyır. Keçən ilin sonunda
Bakıda “Şahdəniz-2” layihəsinə start verdik. “Şahdəniz-2”, Trans-Anadolu və Trans-Adriatik qaz kəmərlərinin
inşası Avropanın bir nömrəli, ən böyük
infrastruktur layihələridir. Bu layihələrə
qoyulacaq vəsaitin həcmi ən azı 45 milyard dollar səviyyəsində
olacaqdır. Bu vəsaiti biz
qoyacağıq ki, öz maraqlarımızı təmin edək
və Avropanın enerji təhlükəsizliyinə də
öz töhfəmizi verək. Bu layihələrin
icrası nəticəsində on minlərlə yeni iş yeri
açılacaqdır, biznes imkanları yaranacaqdır.
Bu gün bu barədə fikir mübadiləsi apardıq
ki, bizim biznes strukturlarımız da bu layihələrdə fəal
iştirak etsin və buna hazır olsunlar. İnvestisiya
imkanlarımız daha da genişlənəcəkdir. Yəni, bizim ölkələr xarici sərmayə
qoyuluşu üçün daha da böyük məna
daşıyacaqdır. Bu da hər bir
ölkənin marağındadır. Hətta
inkişaf etmiş ölkələr xaricdən
investisiyaları cəlb etmək istəyirlər. Azərbaycan öz növbəsində ən
böyük investisiyaları Türkiyə və
Gürcüstana yatırır. Bu da bizim
birliyimizin təzahürüdür.
Bizim bütün təşəbbüslərimizin təməlində
xalqlarımızın iradəsi və güclü siyasi iradə
dayanır. Budur əsas şərt. Münasibətləri
bu təməl üzərində qururuq. Bu
münasibətləri konkret layihələrlə zənginləşdiririk.
Bu gün burada – Tbilisidə sərgilənən
birlik dünya miqyasında nadir xarakter daşıyır.
Mən bu dostluğa, əməkdaşlığa görə
öz həmkarlarıma minnətdarlığımı bildirmək
istəyirəm. Biz bu gün fikir mübadiləsi əsnasında
qərara gəldik ki, belə Zirvə görüşləri
müntəzəm keçirilsin. Əgər
etiraz olmasa, növbəti Zirvə görüşü Azərbaycanda
keçirilsin. Biz bu xoşniyyətli əməkdaşlığı
bundan sonra da uğurla davam etdirək.
Sağ olun.
Azərbaycan.-2014.- 7 may.- S.2;3.