Heydər Əliyevin yeni cəmiyyət ideyaları

 

 

Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin möhtəşəm tarixi qayıdışı həyatın bütün sahələrində fundamental dəyişikliklərin əsasını qoydu. Azərbaycan cəmiyyətinin köklü surətdə dəyişməsi, bütünlükdə yeni bir cəmiyyətin formalaşması gerçəyə çevrilən dəyişikliklərin mühüm hissəsini təşkil edirdi. Cəmiyyətin yeniləşməsi Heydər Əliyevin həyata keçirdiyi iqtisadi, siyasisosial islahatların məntiqi nəticəsi kimi qavranılır və tarixi həqiqətə çevrilirdi. Heydər Əliyev islahatlarının vüsəti, əhatə dairəsi, ölkə həyatının ümumi mənzərəsinə təsir göstərmək imkanları yeni cəmiyyət yaradılması zərurətini qaçılmaz edirdi. Bu mənada Azərbaycanda Heydər Əliyevin qayıdışından sonra tamamilə yeni bir cəmiyyətin formalaşması onun islahatçılıq missiyasının ayrılmaz tərkib hissəsi olaraq nəzərdən keçirilir. Bəlkə də belə demək  daha düzgün yanaşma nümunəsi olar ki, yeni cəmiyyətin formalaşması reallığından kənarda Heydər Əliyevin həyata keçirdiyi islahatların həqiqi mahiyyətini və tarixi dəyərini dəqiqliyi ilə qiymətləndirmək mümkün deyildir. Miqyası və möhtəşəmliyi heyrət doğuran islahatların başlıca hədəfləri içərisində cəmiyyətin yeni mənzərəsinin yaradılmasının mühüm əhəmiyyət daşıdığı şübhə doğurmur. Sonuncu, əslində, mahiyyət etibarilə Heydər Əliyev islahatlarının sosial mahiyyətini, məzmunu və dəyərini bütün çılpaqlığı ilə ortaya qoymaq imkanlarına sahibdir.

Cəmiyyətin yeniləşməsi, dövlət və vətəndaş, toplum və fərd münasibətlərinin anatomiyasının dəyişməsi, yeni məna və mahiyyət  kəsb etməsi, obrazlı şəkildə desək, islahatların skeletinin ətə-qana dolması effekti verir, onları tamamlayır və məntiqi sonluğuna qovuşdurur. Başqa cür ifadə edilsə, cəmiyyətin yeni sosial mənzərəsinin yaradılması, əslində, həyata keçirilən islahatların, bir növ, yekunu kimi başa düşülə bilər. İslahatlar o zaman başa çatmış və hədəfinə yetişmiş sayılır ki, bütünlükdə cəmiyyət dəyişsin, dövlət-cəmiyyət-insan triadası harmonik vəhdət təşkil etmiş olsun.

Qeyd olunmalıdır ki, cəmiyyətin yeniləşməsi, fərqli parametrlər kəsb etməsi ümumilikdə ölkədə həyata keçirilən islahatların hədəfi və ya obyekti olmaqla yekunlaşmır, öz növbəsində, inkişafın mühüm amili rolunda çıxış edir. Haqqında söhbət açdığımız dövlət-cəmiyyət-insan triadasının daxili ahəngi cəmiyyətin daxili energetikasını təşkil edir, ona yeni impuls verir və nəticə etibarilə inkişafın əlavə hərəkətverici qüvvəsi missiyasını yerinə yetirir. Arxaik cəmiyyətlərin bəşəriyyətin inkişaf yolundan kənarda qalmasının bir sıra həlledici səbəbləri sırasında sözügedən amilin rolunun az olmadığını vurğulamamaq mümkün deyil.

Heydər Əliyevin yeni cəmiyyət quruculuğu sahəsində islahatları özü-özlüyündə bir bitkin, tamamlanmış konsepsiyadır. Bu konsepsiyada həm yeni cəmiyyət quruculuğunun tarixi əhəmiyyəti və rolu, həm əsas hədəfləri, həm də istinad nöqtələri öz əksini tapmışdır. Geniş spektrdə baxmalı olsaq, müasir Azərbaycan cəmiyyətinin modeli, onun əsas sosial ölçüləri Heydər Əliyev tərəfindən həyata keçirilən islahatların konseptual əsaslarından birini təşkil edir.

Fikrimizcə, Heydər Əliyevə görə, yeni cəmiyyət modeli özündə milli-mənəvi və ümumbəşəri dəyərləri üzvi surətdə birləşdirməli, Azərbaycan tarixininmüasir həyatının bütün palitrasını əks etdirməlidir. Tarixi köklərdən, milli dəyərlərdən ayrılmış cəmiyyət modelinin birləşdirici və hərəkətverici gücə malik olduğunu düşünmək sadəlövhlük olardı. O cəmiyyət modeli insanları birləşdirib özünüdərkə sahib olan toplum halına gətirə bilər ki, tarixi köklərə və milli dəyərlərə söykənmiş olsun. Digər tərəfdən isə, ümumbəşəri dəyərlərdən və müasirlikdən kənar düşmüş cəmiyyət modelinin inkişafa təkan verən amilə çevriləcəyini təsəvvür etmək mümkün deyil.

Heydər Əliyev dühası bu mühüm cəhətləri böyük ustalıqla dəyərləndirməyə bilməzdi. Heç də təsadüfi deyil ki, onun yeni cəmiyyət modeli bir yandan Azərbaycan xalqının tarixi keçmişinə, köklərinə, milli-mənəvi dəyərlərinə istinad edir, digər yandan isə ən mütərəqqi bəşəri dəyərləri, davranış normalarını özündə ehtiva edir və nəticə etibarilə dövlət-cəmiyyət-insan triadasının daxili harmoniyası təmin edilmiş olur. Azərbaycan xalqının daxili vəhdəti, monolit birliyitoplum olaraq özünüdərki bir çox amillərlə yanaşı, eyni zamanda məhz buradan qaynaqlanır.

Heydər Əliyevin yeni cəmiyyət konsepsiyasında milli-mənəvi dəyərlər, tarixi köklərə bağlılıq hər şeydən əvvəl möhkəm və etibarlı fundament kimi nəzərdən keçirilirdi. Digər tərəfdən, bu cəhətlər yeni cəmiyyət modelinin milli koloritini şərtləndirir, onu Azərbaycan "qəlibinə" salır və işlək hala gətirirdi. Heydər Əliyevə görə, milli ilə ümumbəşərinin vəhdəti yeni cəmiyyət modelinin ilkin şərti, onurğa sütunu idi. Milli seqment cəmiyyətin istənilən modelinin nüvəsini təşkil edir, onun ilkin "tikinti materialı" funksiyasını yerinə yetirir. Bəşəri dəyərlər isə cəmiyyət modelinə dinamizm və dayanıqlıq verir, onun inteqrasiya imkanlarını təmin edir.

Heydər Əliyevin yeni cəmiyyət modeli funksionallıq baxımından da diqqəti cəlb edir. O, hər şeydən əvvəl yüksək dinamikliyi ilə seçilən struktur kimi qavranılır. Bu cəmiyyətin bütün seqmentləri və komponentləri fəaliyyətdədir, daxili harmoniya yüksək energetikaya çevrilir. Dövlət-cəmiyyət, cəmiyyət-vətəndaş əlaqələri çoxşaxəli istiqamətlərdə reallaşır və sistemin səmərəli çalışmasına rəvac verir. Cəmiyyət mobil, toplum monolit tam kimi fəaliyyət göstərir və effekt təmin edilir.

Heydər Əliyevin yeni cəmiyyət modelinin əsas tərkib hissələrinə gəldikdə isə, onun əsasən aşağıdakı dəyərlərdən ibarət olduğu  barədə fikir yürüdülə bilər:

1) demokratiya

2) sosial ədalət

3) vətəndaş cəmiyyəti: vətəndaş təşəbbüskarlığı azadlığı

4) sözfikir azadlığı

5) vicdan azadlığı

Heydər Əliyevin yeni cəmiyyət modelində mərkəzi yer demokratiya anlayışına mənsubdur. Ulu öndərin demokratiya baxışlarının təkcə siyasi sfera ilə məhdudlaşmadığı onun çoxsaylı fikirlərində öz əksini tapmışdır. Ulu öndər demokratiyanı daha geniş mənada nəzərdən keçirir, onu müasir cəmiyyətin sistemyaradan amillərindən hesab edirdi. "Yolumuz demokratiya yoludur" deyən Heydər Əliyev demokratiyaya keçidi yalnız siyasi islahatların məqsədi saymırdı. Eyni zamanda, müasir cəmiyyət quruculuğunun əsas hədəfləri sırasında demokratiya anlayışına xüsusi yer verirdi.

Demokratiyanın müasir cəmiyyətin təşkilinin məhək daşı rolunu oynadığını isbata yetirən kifayət qədər dəlil gətirilə bilər. Dövlət-vətəndaş, cəmiyyət-vətəndaş münasibətlərinin xarakteri demokratiya dəyərlərinin mənimsənilməsindən birbaşa asılıdır. Həm də demokratiya sadəcə siyasi münasibətlərin deyil, eləcə də ictimai münasibətlərin tənzimlənməsində əhəmiyyətli rol oynayan norma qismində qavranılmaqdadır. Müasir cəmiyyətdə həyat tərzini, cəmiyyətdaxili qarşılıqlı əlaqələri demokratiya kimi fundamental bəşəri dəyərdən ayrı təsəvvür etmək qeyri-mümkündür.

Müasir cəmiyyətin təşkilində demokratiyanın üzərinə düşən əsas yük cəmiyyətdaxili və dövlət-cəmiyyət münasibətlərinin azad, açıq və şəffaf mahiyyətini təmin etməkdə ifadə olunur. Demokratik başlanğıcdan məhrum olan cəmiyyətin azad, şəffaf və açıq ölçülər kəsb etməsi mümkün deyil.

Cəmiyyətin demokratikləşməsinin kökündə siyasi sistemin demokratik dəyərlər üzərində köklənməsi dayanır. Siyasi islahatlar, demokratik təsisatların yaradılması demokratiya dəyərlərinin cəmiyyətin həyat normasına çevrilməsinin ilkin və həlledici mərhələsidir. Demokratiya dəyərləri cəmiyyət səviyyəsinə qavranılmazdan əvvəl siyasi norma kimi qəbul edilir və həyata keçirilir. Digər tərəfdən, demokratiyanın cəmiyyət səviyyəsində qəbul edilməsi və həyat normasına çevrilməsi onun sırf siyasi dəyər kimi daha dərindən kök atmasına birbaşa kömək edir. Cəmiyyətin həyat norması, davranış qaydası səviyyəsinə yüksəlmiş demokratiya geriyədönməz xarakter kəsb edirsiyasi sistemin mahiyyətini müəyyən və təyin edən amil olur. Demokratiyanın gücü, geriyədönməzliyi onun bütünlükdə cəmiyyət səviyyəsində həlledici dəyər kimi qavranılmasından və qəbul edilməsindən asılıdır.

Yeni cəmiyyət quruculuğunda demokratiyaya xüsusi önəm verilməsi eyni zamanda cəmiyyət modelinin müasir ölçülərinin təmin edilməsi ilə də şərtlənməkdədir. Müasir cəmiyyət demokratiya kimi mühüm tərkib hissəsi folmalaşmadan mövcud ola bilməz. Demokratiya komponentlərinə malik olan cəmiyyət müasir dünyanın ayrılmaz hissəsi hesab olunuronun inteqrasiya proseslərinə qoşulması üçün yaşıl işıq yandırılır. Bu mənada Heydər Əliyevin müasir cəmiyyət modelində demokratiyanın mühüm yer tutmasını gənc Azərbaycanın dünya inteqrasiya prosesinə qoşulmasını sürətləndirmək kimi strateji məqsəd daşıdığını da xüsusi vurğulamağa ehtiyac duyulur.

Sosial ədalət prinsipi Heydər Əliyevin yeni cəmiyyət modelinin digər fundamental dayağı olaraq qavranılmaqdadır.

Heydər Əliyevin çoxillik siyasi fəaliyyətində və zəngin nəzəri irsində sosial ədalət anlayışı daim həlledici yer tutub. Onun sözügedən problemə həssas münasibəti hələ Azərbaycana rəhbərliyinin birinci dövrünə təsadüf edən məşhur "Qoy ədalət zəfər çalsın" çağırışında qabarıq şəkildə əks olunurdu. Cəsarətlə demək mümkündür ki, sosial ədalət pinsipi Heydər Əliyevin siyasi rəhbərliyinin başlıca leytmotivi olmuş, onun əsas qayəsini və məzmununu təşkil etmişdir.

Heydər Əliyev sosial ədaləti cəmiyyətin təşkilinin fundamenti, onun harmoniyasının özəyi hesab edirdi. Dövlət-vətəndaş münasibətlərinin sarsılmazlığına sosial ədalət prinsipi qədər heç bir digər sosial norma təsir göstərə bilməz. Sosial ədalət iqtisadi kateqoriya olduğu qədər mənəvi kateqoriyadır. Eyni dərəcədə sosial, eyni dərəcədə hüquqi aspektləri olan çoxşaxəli anlayışdır, insanın, cəmiyyətin, dövlətin həyatının bütün tərəflərinə sirayət edir.

Heydər Əliyevin sosial ədalət haqqında baxışları, hər şeydən əvvəl, dövlətin vətəndaşa münasibəti kontekstində nəzərdən keçirilə bilər. Dövlət siyasi təsisat olduğu qədər də, bəlkə daha çox, vətəndaşın qayğı və ehtiyaclarının ödənilməsi yönümündə fəaliyyət göstərən təsisat olmağı bacarmalıdır. Deməli, cəmiyyət o zaman sosial ədalət prinsipləri üzərində qurulub fəaliyyət göstərə bilər ki, dövlət təsisatları sosial ədalət dəyərlərini mənimsəmiş olsun.

Heydər Əliyev sosial ədalətin pozulmasını cəmiyyətin və dövlətin üzləşdiyi ən böyük bəla sayırdı. "Dövlət o zaman zəifləyir ki, ədalət pozulur" sözləri ulu öndərin ədalət haqqında baxışlarının geniş prizmaya malik olduğunu sübuta yetirir. Sosial ədalət prinsipinin qorunması cəmiyyətin harmoniyasının təmin edilməsi baxımından əhəmiyyətli olduğu qədər də, siyasi sistemin dayanıqlığının vacib şərtidir.

Tarixi inkişafın müxtəlif dövrlərində sosial münasibətlərin mahiyyətini ifadə edən ədalət anlayışı müasir cəmiyyətin strukturlaşmasında həlledici rol oynayaraq xeyli dərəcədə ciddi dəyişikliklərə məruz qalmışdır. Uzun müddət bərabərlik anlayışı ilə qarşılıqlı əlaqədə qavranılan ədalət məfhumu indi cəmiyyətin formalaşması prinsipi kimi daha çox "sosial ədalət" formasında başa düşülür. "Ədalət" anlayışının "sosial ədalət" anlayışına transfer etməsi onun məzmununu həm genişləndirmiş, həm də daha aydın və dəqiq ifadə etmək imkanı yaratmışdır. Hazırda "sosial ədalət" cəmiyyətin və siyasi sistemin əsasını təşkil edən fundamental dəyərlərdən hesab edilir. Müasir cəmiyyətin sözügedən dəyərdən ayrı təsəvvür edilməsi  mümkün deyil.

Müasir cəmiyyətlərdə "sosial ədalət" fundamental dəyər olmaqla yanaşı, eyni zamanda təsisatlanmış struktur formasında özünü büruzə verir. Sosial ədalətin strukturlaşması onu cəmiyyətin həyat fəaliyyəti normasına çevirirkonkret fəaliyyət forması kəsb edir. Müasir anlamda sosial ədalət insanların həyati tələbatlarının etibarlı şəkildə ödənilməsinin səmərəli mexanizminin yaradılmasını nəzərdə tutur. Beləliklə, siyasi sistemin cəmiyyətlə ahəngdar təması təmin edilmiş olur.

Sosial ədalət əhalinin etibarlı sosial müdafiəsinin, ləyaqətli həyat şəraitinin yaradılmasından tutmuş onların ən müxtəlif fəaliyyət sahəsində özünüifadəsi üçün əlverişli şəraitin və zəruri sərbəstliyin təmin edilməsi kimi geniş  spektrə  malikdir. Müasir cəmiyyət üçün sosial ədalət anlayışının məzmununun daim genişlənməsi, daha şaxələnmiş strukturlanması səciyyəvidir. Müşahidə olunan meylin dövlətin sosial funksiyasının getdikcə artmasında özünü göstərdiyi diqqətdən qaçırılmamalıdır. Dövlətin daha çox sosial təsisata  çevrilməsi müasir ictimai inkişafın başlıca meyillərindən biridir.

Heydər Əliyevin sosial ədalət prinsipinə xüsusi önəm verməsi bu dahi şəxsiyyətin müdrikliyinin və uzaqgörənliyinin növbəti nümunəsi sayılmağa layiqdir. Təsadüfi deyil ki, Heydər Əliyev siyasi kursunun layiqli davamçısı İlham Əliyevin dövlət idarəçiliyi konsepsiyası sosial ədalət prinsipinin ön planda saxlanılmasını nəzərdə tutur. Azərbaycan dövlətinin sosial rolunun durmadan artması, əhalinin sosial müdafiəsinin gücləndirilməsinə yönəlmiş layihələrin miqyaslarının genişlənməsi və bu qəbildən olan digər hadisələr fikrimizi təsdiq edən tutarlı dəlillər sayıla bilər. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin "sosial ədalət bizim üçün xüsusi önəm daşıyır" fikirləri cəmiyyətimizin həyat fəaliyyətində sosial ədalət prinsipinin nə dərəcədə vacib rol oynadığını sübuta yetirir.

Heydər Əliyevin yeni cəmiyyət modelini formalaşdıran növbəti dəyərin vətəndaş cəmiyyəti anlayışı ilə əlaqədar olduğunu onun sözügedən problemə kifayət qədər həssas yanaşmasından ayırd etmək mümkündür. Hər bir vətəndaşın təşəbbüskarlıq azadlığı demokratik dəyərlərə söykənən cəmiyyətin vacib şərtlərindəndir. Eyni zamanda, vətəndaş təşəbbüskarlığı azadlığı demokratiyanın daha qətiyyətlə cəmiyyətə sirayət etməsini təmin edən həlledici amil sayılır.

Heydər Əliyevin formalaşdırdığı yeni cəmiyyətdə insan, vətəndaş mərkəzi fiqur, başlıca anlayışdır. Cəmiyyətin həyatında vətəndaşın yaxından iştirakı iqtisadi, sosial, mədəni və digər sahələrdə davamlı inkişafın əsasını təşkil etdiyi kimi, siyasi sabitliyin və demokratiyanın da möhkəmlənməsinin rəmzi kimi funksiyanı yerinə yetirir. Cəmiyyətdə mövcud olan problemlər insanların həyatında  öz əksini tapır, ona mənfi və ya müsbət təsirini göstərir. Vətəndaş və onun həyatı sanki ictimai problemlərin əks olunduğu linzadır. Fərdi xarakterli problemlərin ictimai xarakteriya ictimai problemlərin fərdi həyatda əks olunması məhz həmin linza vasitəsilə baş verir. Digər tərəfdən, mövcud problemlərin həm mahiyyətinin dərk olunması, həm də onların səmərəli həlli yollarının axtarılıb tapılması vətəndaşların iştirak marağından və fəallığından bilavasitə asılıdır. Bir sıra vacib sosial problemlərin həllinin həmin problemlərin yaşandığı səviyyəyə endirilməsinin daha təsirli effekt verdiyi müasir cəmiyyətlərin təcrübəsindən aydın görünür. Bu mənada vətəndaş təşəbbüskarlığı azadlığı müasir cəmiyyət anlayışının mühüm elementlərindən biri kimi çıxış edir.

Azərbaycanda inkişaf etmiş vətəndaş cəmiyyəti təsisatlarının yaradılması, vətəndaş təşəbbüskarlığının sosial xarakterli problemlərin həllində mühüm rol oynaması Heydər Əliyev ideyalarının ardıcıl olaraq həyata keçirilməsinin bariz ifadəsidir. Yüzlərlə qeyri-hökumət təşkilatının fəaliyyət göstərməsi, siyasi, hüquqi və maliyyə baxımından dövlət tərəfindən onlara dəstək verilməsi bu sahənin inkişafına diqqətin miqyasından xəbər verir. Açıq cəmiyyət əlamətlərinin gündən-günə möhkəmlənməsi, vətəndaş təşəbbüskarlığının geniş vüsət alması və siyasi sistem elementləri ilə səmərəli qarşılıqlı fəaliyyət göstərməsi Azərbaycanın yeni cəmiyyət modelinin fərqləndirici xüsusiyyətidir.

Heydər Əliyevin müasir cəmiyyət modelində sözfikir azadlığı xüsusi vurğulanmağa layiqdir. Sonuncunun həm demokratiya, həm cəmiyyətin təşkili anlayışları ilə bilavasitə əlaqədar olduğundan daha böyük əhəmiyyət kəsb etməsi şübhə doğurmur. Açıq cəmiyyət, insan hüquq və azadlıqları sistemi  sözfikir azadlığı ilə bilavasitə təmasda fəaliyyət göstərir. Heydər Əliyev sözfikir azadlığına fundamental insan hüquqları kontekstində yanaşır, müasir cəmiyyətin həm təşkilində, həm də həyati fəaliyyətində həlledici rol oynadığını ayrıca vurğulayırdı.

Ölkəmizdə müasir sözfikir azadlığı sisteminin formalaşması haqlı olaraq Heydər Əliyevin xidməti sayılır. Onun bilavasitə təşəbbüsü ilə sözfikir azadlığı həm hüquq müstəvisində, həm də real təsisatlar nöqteyi-nəzərindən həyatımızın ayrılmaz tərkib hissəsinə çevrildi, sözfikir azadlığının ifadə olunması üçün əlverişli mühitimkanlar təmin edlildi. Senzuranın ləğvi, azad mətbuatın yaradılması yönümündə dövlət dəstəyinin həyata keçirilməsi və sair bu qəbildən olan tədbirlər cəmiyyətin yeni simasının yaradılmasında mühüm rol oynadı.

Heydər Əliyevin fikrincə, yeni cəmiyyət, hər şeydən əvvəl, azad cəmiyyət olmalıdır. Cəmiyyətin azadlıq ölçülərinin müəyyən edilməsində sözfikir azadlığının rolu böyükdür. Azad cəmiyyətdə insan fikir və düşüncələrini ifadə etməkdə məhdudiyyətlərlə üzləşə bilməz. Öz növbəsində, sözfikir azadlığı müvafiq təsisatlanmanı nəzərdə tutur. Fikir azadlığı fikrin ifadə azadlığı deməkdir və Heydər Əliyevin yeni cəmiyyət modelində fundamental insan azadlıqlarından olan sözfikir azadlığı məhz bu kontekstdə nəzərdən keçirilir.

Ölkəmizin yeni cəmiyyət modelinin fərqləndirici xüsusiyyətləri içərisində vicdan azadlığı ayrıca yer tutur.

Vicdan azadlığı gənc Azərbaycan dövlətinin demokratik mahiyyətini qabarıq şəkildə əks etdirir. Çoxmillətli və çoxkonfessiyalı tərkibə malik olan ölkəmiz üçün vicdanetiqad azadlığı cəmiyyətin daxili birliyinin və harmoniyasının təmin edilməsində lazımi təsir gücünə malik amillərdən sayılır. Heydər Əliyevin yeni cəmiyyət modelində bu dəyərə xüsusi önəm verməsinin səbəbləri içərisində Azərbaycanın çoxkonfessiyalığı da az rol oynamamışdır. Bu gün Azərbaycan bütün dünyada tolerantlığın xüsusi dəyər səviyyəsinə yüksəlmiş ölkələrdən sayılır. Daha dəqiq ifadə etsək, Azərbaycan cəmiyyəti tolerantlıq nümunəsi kimi qəbul edilməkdədir. Dinlərin, mədəniyyətlərin, müxtəlif inancların daşıyıcısı olan insanların sülh, qarşılıqlı anlaşma və hörmət şəraitində yaşaması  təkcə cəmiyyətdaxili deyil, daha qlobal miqyasda təsirli amil kimi özünü təqdim etməkdədir. Narahat dünyanın qlobal çağırışları fonunda Azərbaycan cəmiyyətinin tolerantlıq modeli bəşəriyyəti ağır fəlakətlərdən xilas etmək resepti olaraq nəzərdən keçirilməyə layiqdir. Ölkəmizdə mütəmadi olaraq dinlərarası dialoq, multikulturalizm, dinimili dözümlülük mövzularında beynəlxalq forumların keçirilməsi bu sahədə Azərbaycanın nümunəsinə və təcrübəsinə dünyanın artan diqqətinin bilavasitə təzahürüdür.

Beləliklə, Heydər Əliyevin yorulmaz səyləri sayəsində Azərbaycanda cəmiyyətin yeni modelinin əsası qoyulmuşdur. Bu gün Prezident İlham Əliyevin rəhbərliyi altında cəmiyyətin yeni modeli daha da kamilləşir, müasir dünyanın başlıca dəyərlərini dərindən mənimsəyir və ölkəmizin dünya birliyinə inteqrasiyasına öz müsbət təsirini göstərir.

 

Əli ƏHMƏDOV,

Azərbaycan Respublikası Baş nazirinin müavini,

 Yeni Azərbaycan Partiyası sədrinin müavini - icra katibi

Azərbaycan.-2014.- 7 may.-S.4.