XOŞ NIYYƏTLƏR
FONDU
Qayda
budur: igid gedər, ad qalar,
Yaxşıdan da, yamandan da ağızda bir dad qalar.
Bu iki misralıq məşhur deyimdə çox sadə
həyat həqiqəti özünə yer
tapmışdır. Bəli, dünyaya gələn insan
Allahın ona ayırdığı ömür payını
yaşadıqdan sonra əbədiyyətə qovuşur. Özündən sonra adı, gördüyü
işləri və əməlləri qalır. Sonrakı nəsillər isə görmədikləri,
müasiri olmadıqları insanlara qiymət verərkən
onların sağlıqlarında xalqın və dövlətin
rifahı naminə gördükləri işlərə əsaslanaraq
dəyərləndirirlər.
Azərbaycan xalqının tarixində elə simalar və
görkəmli şəxsiyyətlər olub ki, onların
gördükləri işlər bir dövrə
sığmayıb, əsrlərin və nəsillərin
yaddaşında özünə əbədi yer qazanıb. Hətta elə nadir şəxsiyyətlər
də var ki, onların əməlləri və ideyaları cismani yoxluqları
dövründə belə davam etdiyindən daim canlı və
yaşarı hiss olunurlar. Hərdən isə
belə əməl və zəka sahiblərinin adını
daşıyan fondlar və qurumlar təsis edilərək
onların işlərini uğurla davam etdirənlərə, nəcib
və xeyirxah əməllərini bütün dövrlərdə
yaşatmaq istəyənlərə də təsadüf olunur.
Mövcudluğunun
on ili ərzində xalqın həqiqi məhəbbət
və inamını qazanan Heydər Əliyev Fondu da belə
qurumlardandır. Xoş niyyətlər mücəssəməsinə
çevrilən bu fond ulu öndər Heydər Əliyevin Azərbaycana
rəhbərlik etdiyi bütün dövrlərdə
gördüyü gərəkli, nəhəng və xeyirxah
işləri nəinki yaşadır, hətta yeni
dövrün tələb və prinsiplərinə uyğun
şəkildə davam və inkişaf etdirir.
Ulu öndər Heydər Əliyev müəyyən fasilə
ilə iki dəfə Azərbaycana rəhbərlik edib. Hər iki rəhbərlik
dövrü zamanca fərqli olsa da, mahiyyətcə bir-birinə
bənzəyib.
Heydər Əliyev birinci dəfə Azərbaycana rəhbər
seçiləndə Azərbaycan geridə qalmış,
SSRİ miqyasında belə tanına bilməmiş yoxsul
ölkə idi.
Ulu öndərin rəhbərliyi dövründə Azərbaycan
özünü sərbəst yaşatmaq qabiliyyətinə
malik dörd respublikadan birinə çevrildi. Ölkədə
sənaye və kənd təsərrüfatı yüksək
inkişaf mərhələsinə qədəm qoydu, əhalinin
maddi rifahı əsaslı şəkildə
yaxşılaşdı, kəndlər, şəhərlər
müasirləşdi, səhiyyə, elm, mədəniyyət və
təhsil ön mövqelərə çıxdı.
Heydər Əliyev xalqın arzu və tələbi ilə
ikinci dəfə ölkə rəhbərliyinə qayıdanda
isə Azərbaycan xaos, anarxiya və qanunsuzluq
burulğanında boğulurdu. Ölkə
iqtisadiyyatı pozularaq dağılmış, kolxoz və
sovxozlar talan edilərək iflic vəziyyətinə
salınmış, əhali işsiz qalaraq tam
yoxsullaşmışdı.
Eyni
zamanda bir neçə istiqamətdə uğurlu fəaliyyət
göstərə bilən bu siyasət nəhəngi az vaxtda müharibə bölgəsində atəşkəsə,
ölkədə möhkəm və dönməz sabitliyə
nail oldu, dövlət çevrilişi cəhdlərinin
qarşısını alaraq ölkədə əmin-amanlıq
və sülh yaratdı. Referendum yolu ilə yeni Konstitusiya
hazırlanaraq qəbul edildi, özəlləşdirmə
proqramları yerinə yetirildi, aqrar islahatları gerçəkləşdirildi,
bazar iqtisadiyyatı münasibətlərinə keçid və
demokratik cəmiyyət quruculuğunda uğurlu addımlar
atıldı, "Əsrin müqaviləsi" neft
kontraktı imzalanaraq Azərbaycanın iqtisadi yüksəlişi
və dünya birliyinə inteqrasiyası prosesinin əsası
qoyuldu.
Heydər
Əliyev çoxcəhətli və yorulmaz fəaliyyəti
ilə daim Azərbaycanı gerilikdən inkişafa, yoxsulluqdan
firavanlığa, böhrandan və parçalanma təhlükəsindən
dünyanın sayılıb-seçilən üzvləri
sırasına çıxaran, Azərbaycan xalqının mədəni,
mənəvi intibahını təmin edən dövlət
başçısı olduğunu tarix qarşısında
dönə-dönə sübut edib.
Ulu
öndərin bu siyasət və fəaliyyəti "Heydər
Əliyev siyasi kursu" adı ilə ölkəmizdə və
bütün dünyada birmənalı şəkildə qəbul
olunmuşdur!
Bu gün
də Azərbaycanda Heydər Əliyev siyasi kursu qətiyyət
və prinsipiallıqla davam etdirilir!
Nə qədər
ki Azərbaycan xalqı var, bu siyasi kurs müstəqil dövlətimizin
möhkəmliyini və inkişafını təmin etməklə
daim bizi uğur və qələbələrə
çatdıracaqdır!
Ulu
öndər Heydər Əliyev cismən bizi tərk etsə də,
qoyduğu yol və müəyyən etdiyi siyasi kursla indi də
xalqımıza və dövlətimizə yol göstərərək
xidmət göstərir!
Ümummilli lider Heydər Əliyevin humanizim və insanpərvərlik
siyasəti isə öz təcəssümünü Heydər
Əliyev Fondunun fəaliyyətində tapmaqda və gerçəkləşməkdədir.
Heydər
Əliyev Fondu barədə söhbət açmazdan əvvəl
Prezident İlham Əliyevin bu mötəbər qurumun fəaliyyətinə
verdiyi qiymətlə tanış olaq.
Heydər
Əliyev Fondunun beş illik fəaliyyətindən
danışan cənab İlham Əliyev görülən
işləri yüksək dəyərləndirməklə
yanaşı, onun ümumxalq fondu olduğunu və çoxcəhətli
fəaliyyətini də qabartmışdır: "Heydər
Əliyev Fondu, sözün əsl mənasında, ümumxalq
fondu olmuşdur. Bu fondun xətti ilə
aparılan işlər, görülən tədbirlər, irəli
sürülmüş təşəbbüslər göz
qabağındadır. İstər təhsil, istər səhiyyə
sahəsində, mədəniyyət sahəsində, mənəvi
irsimizin qorunması işində, Azərbaycanın dünya
birliyində təbliğ edilməsi işində, Azərbaycanın
olduğu kimi təqdimatı işində, Ermənistan-Azərbaycan,
Dağlıq Qarabağ münaqişəsinin geniş mənada
dünya birliyinə düzgün şəkildə
çatdırılması işində Heydər Əliyev
Fondunun rolunu mən çox yüksək qiymətləndirirəm.
Bu fond sübut etdi ki, əgər istək olarsa,
əgər iradə olarsa və əgər xoş niyyət
olarsa, istənilən sahədə istənilən məsələ
həll oluna bilər. Bu fondun
çoxşaxəli fəaliyyətini əgər bir sözlə
xarakterizə etmək mümkündürsə, mən
"xoş niyyət" deyərdim. Çünki
bütün sahələrdə biz bunu görürük".
Dövlət
başçısı fondun milliliyini onu sevdirən əsas məqamlardan
biri kimi qeyd edir: "Heydər Əliyev Fondu milli fonddur. Fondun bütün təşəbbüsləri milli
ruha əsaslanır".
Fəaliyyətində
ümumbəşəri dəyərlərə hörmətlə
yanaşıldığını diqqətə çəkir:
"Heydər Əliyev Fondu mədəniyyət sahəsində
və digər sahələrdə, ölkə həyatında
önəmli bir amilə çevrilibdir və əminəm ki,
fond bundan sonrakı fəaliyyətində də ümumbəşəri
prinsipləri irəliyə aparacaqdır".
Fond Azərbaycan
xalqını və dövlətini daim yeniləşməyə
və müasirləşməyə səsləyir: "Heydər
Əliyev Fondu Azərbaycanı gələcəyə aparan
gözəl bir vasitədir. Modernləşmə, müasirləşmə,
dünya birliyinə inteqrasiya, Azərbaycanın milli maraqlarının
müdafiə edilməsi, Azərbaycanın
olduğu kimi dünyada təqdim edilməsi - bütün bu
şərəfli funksiyalar bu fondun üzərinə
düşübdür. Düşübdür
deyəndə, fond və fondun rəhbərliyi bütün bu
işləri öz təşəbbüsü ilə
görür, mən bunu da deməliyəm".
Dövlət
başçısının söylədikləri Heydər
Əliyev Fondunun fəaliyyətinin əsas istiqamətləri
barədə dəyərli
fikirlərdir. Təbii ki, bu yığcam fikirlərdə
fondun gördüyü çoxşaxəli işlərin
hamısının əhatə olunması mümkünsüzdür. Heydər Əliyev Fondu daha çox ölkə və
beynəlxalq miqyaslı irihəcmli layihələri gerçəkləşdirməklə
məşğul olur. Onların bəzilərini
birlikdə nəzərdən keçirək.
Fondun fəaliyyətini
uğurlu edən ən mühüm amillərdən biri ona Azərbaycanın
birinci xanımı, Milli Məclisin deputatı, UNESCO və
ISESCO-nun xoşməramlı səfiri Mehriban xanım
Əliyevanın rəhbərlik etməsidir. Çünki
Mehriban xanım Əliyevanın təbiətinə xas olan alicənablıq
və mərhəmət duyğuları fondun fəaliyyətinin insanpərvərliyinə
çox müsbət təsir göstərir. Ötən on il
ərzində insanların sağlamlığı, gənc nəslin
təlim-tərbiyəsi, valideyn himayəsindən məhrum
olan uşaqların məişət şəraitinin
yaxşılaşdırılması, milli mədəniyyətimizin
inkişafı və təbliği, tarixi, mədəniyyət
və dini abidələrin bərpası və qorunması,
ekologiyanın təmizlənməsi, xüsusi qayğıya
ehtiyac duyan insanların himayəyə alınması fondun diqqət
mərkəzində saxladığı məsələlər
sırasında olmuşdur.
"Yeniləşən
Azərbaycana yeni məktəb" layihəsi Azərbaycanın
bütün bölgələrində yeni məktəb
binalarının inşası, qəzalı və köhnəlmiş
tikililərin əsaslı təmir və yenidənqurmadan sonra
müvafiq avadanlıqlarla təmin edilməsində
mühüm rol oynamışdır.
"Uşaq
evləri və internat məktəblərinin
inkişafı" proqramı uşaq müəssisələrində
yaşayış və təhsil şəraitinin
yaxşılaşdırılmasına, asudə
vaxtın səmərəli təşkilinə yeni töhfələr
vermişdir.
Hazırda Azərbaycanda doğma yurd-yuvasından zorla
qovularaq məcburi köçkün və qaçqın vəziyyətində
yaşayan bir milyona yaxın insan vardır. Dövlət
bu qəbildən olan vətəndaşlarına daim xüsusi
qayğı və diqqət göstərir. "Təhsilə
dəstək" layihəsi isə hər il
məcburi köçkün ailələrindən olan birinci
sinif sagirdlərinin çanta və digər dərs ləvazimatları
ilə təmin olunmasına xidmət göstərir.
"Kor və görmə qabiliyyəti zəif olan
insanların informasiya-kommunikasiya texnologiyalarına
çıxışının təmin edilməsi" layihəsi
kor və görmə qabiliyyəti zəif uşaqlar
üçün respublika internat məktəbində model
İKT sinfinin, audiostudiyanın, Brayl əlifbalı zəngin
kitabxananın yaradılmasına dəstək verib.
2004-cü ildən başlayaraq "Diabetli uşaqlara ən
yüksək qayğı" layihəsi çərçivəsində
bu xəstəliklərə düçar olan 14 yaşınadək
uşaqlar müntəzəm şəkildə insulin
preparatları və şpris-qələmlərlə təmin
edilir.
"Talassemiyasız həyat naminə" layihəsi əsasında
inşa edilərək 2009-cu ildə istifadəyə verilən
mərkəz bu xəstəlikdən əziyyət çəkənlərin
əsl dayağına çevrilmişdir.
"Tolerantlığın
ünvanı - Azərbaycan" layihəsi məscidlərlə
yanaşı, pravoslav və katolik kilsələrinin bərpasına,
habelə dünyanın bir sıra ölkələrində yerləşən
dini məbədlərin təmirinə və
rekonstruksiyasına, yeni
dini ibadətgahların inşasına yardım
göstərilməsinə hesablanıb və ciddi uğurlar
qazanılıb.
Hazırda ölkəmizin hər bir guşəsində
xalqın məhəbbət və ehtiramının ifadəsi
kimi Heydər Əliyev muzeyləri və Heydər Əliyev mərkəzləri
tikilərək fəaliyyət göstərir. Heydər
Əliyev Fondu bu muzeylərin müvafiq eksponatlar, sənədlər,
fotoşəkillər və digər əyani vasitələrlə
təmin olunmasını həyata keçirir.
Fondun gördüyü işlər sırasında Ermənistan-Azərbaycan,
Dağlıq Qarabağ probleminin həllinə yardım ön
yeri tutur. Qarabağ həqiqətlərinin dünya ictimaiyyətinə,
beynəlxalq təşkilatlara çatdırılması və
daim gündəmdə saxlanması üçün müxtəlif
forma və metodlardan istifadə olunur. Ölkə
xaricində maarifləndirmə işlərinin aparılması
üçün müxtəlif dillərdə şoxsaylı
kitablar və bukletlər buraxılır, sənədli və
tarixi filmlər çəkilərək hər tərəfə
yayılır. İşğal və matəm
günlərində keçirilən tədbirlərdə
fondun təşəbbüsü ilə xaricdə oxuyan azərbaycanlı
tələbələrin, habelə türk diasporunun
gücündən səmərəli istifadə olunur.
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın rəhbərliyi
ilə bir neçə ildir gerçəkləşdirilən
"Xocalıya ədalət" kampaniyası öz uğurlu
nəticəsini vermiş, əllidən çox dövlətin
parlamenti, ayrı-ayrı təşkilatlar faciənin
soyqırımı kimi
tanınması ilə bağlı qərarlar qəbul
etmişlər.
Fondun ən uğurlu layihələrindən biri
Bakıda Beynəlxalq Muğam Mərkəzinin istifadəyə
verilməsi olmuşdur. Bu musiqi məbədi UNESCO tərəfindən
bəşəriyyətin şifahi və qeyri-maddi mənəvi
irsinin şah əsərləri siyahısına daxil
edilmiş Azərbaycan muğamının inkişafına və
dünyada tanınmasına böyük töhfələr
vermişdir. Dünyada ilk dəfə olaraq
"Muğam aləmi" Beynəlxalq muğam festivalı bu
mərkəzdə keçirilmişdir.
Azərbaycanın dünyada daha yaxından tanınması
və beynəlxalq imicinin formalaşması sahəsində
Heydər Əliyev Fondunun gördüyü işlərin
analoqu yoxdur.
Son illərdə fond tərəfindən gerçəkləşdirilən
mədəni-kütləvi tədbirlərin qısa
siyahısını diqqətə çəkirik: Parisdə,
Miluzda və Reymsdə Məhsəti Gəncəvinin və
Nizami Gəncəvinin həyat və
yaradıcılığına həsr olunmuş sərgi və
konsertlər, Ştutqartda "Azərbaycan gecəsi",
BMT-nin mənzil-qərargahında "Azərbaycan -
tolerantlıq məkanı" adlı fotosərgi, Parisdə
"Azərbaycan - tolerantlıq məkanı" adlı fotosərgi,
UNESCO-da "Azərbaycan - tolerantlıq məkanı"
adlı fotosərgi, "Qız qalası" Beynəlxalq incəsənət
festivalı, "Tullantıdan sənətə" adlı
beynəlxalq sərgi, Kann, Miluz, Strasburq, Şabli, Bove, Van, La
Roşel, Bordo, Evian və Leqldə "Qafqazın mirvarisi olan
Azərbaycanın mədəni dəyərləri" sərgi
və konserti, Vatikanda "Azərbaycanın zəngin incilərinə
tarixi baxış" sərgisi, Fransanın San-Trope şəhərində
"Azərbaycanın mədəni zənginlikləri"
adlı sərgi, UNESCO-da Azərbaycan xalçalarına həsr
olunmuş sərgi, Parisdə "Odlar yurdu Azərbaycanın
müasir əsərləri" sərgisi, Londonda "Azərbaycan
xalçaları ilə nağıllar aləminə" sərgisi,
"Mən Azərbaycanı sevirəm" rəsm sərgisi.
Venesiya
Biennalesində Azərbaycan pavilyonu, Hamburqda və Kölndə
"Azərbaycan gecəsi", Münhendə Azərbaycan mədəniyyəti
gecəsi, Romada "Azərbaycan: mədəniyyət
ruzigarı" adlı mərasim, İtaliyada Azərbaycan mədəniyyəti
günlərinin başa çatması ilə bağlı mərasim,
Avropa Parlamentinin mənzil-iqamətgahında Azərbaycan mədəniyyəti
günləri.
Qəbələ
Beynəlxalq musiqi festivalı, beyn
əlxalq
muğam festivalları, Muğam
televiziya müsabiqəsi, Florensiyada Azərbaycan incəsənət ustalarının konserti,
"San-Remo festivalının ulduzları Bakıda"
konserti, Mstislav Rostropoviç adına Beynəlxalq musiqi
festivalı, "Eurovision" Mahnı Müsabiqəsi, UNESCO-da
"Azərbaycanın gənc istedadları" konsert
proqramı, Beynəlxalq Aşıq Festivalı.
Bakıda,
Parisdə "YARAT!" Müasir İncəsənət
Məkanının "Ev. Doğma ev"
mövzusunda sərgiləri, Bakıda, Londonda, Parisdə,
Berlində, Moskvada, Romada, Vyanada "Bakıya uçuş.
Müasir Azərbaycan incəsənəti" sərgiləri,
Bakıda "Avrovision - Afrikadan müasir incəsənət",
"Fransa inciləri", "Uşaqlar və müharibə",
"Azərbaycan əcnəbilərin gözü ilə"
sərgiləri.
Hətta adi sadalama belə tədbirlərin
sayının çoxluğu və möhtəşəmliyi
barədə dolğun təsəvvür yaradır. Siyahını bir qədər
uzatsaq da, hələ xeyli ixtisar aparmalı olduq. Amma heç zaman kəmiyyət çoxluğu
keyfiyyət azlığına səbəb olmayıb. Əksinə, fondun tədbirləri hər dəfə
əvvəlkilərdən daha maraqlı və üstün
keçir.
Heydər
Əliyev Fondunun ən böyük nailiyyəti insanların inam və
etibarını qazanmasıdır. Bu gün köməyə
ehtiyacı olan, bəzən hər yerdən əli
üzülərək çıxılmaz vəziyyətdə
nə edəcəyini kəsdirməyən insanlar ümid və
əminliklə fonda üz tuturlar. Təsadüfi
deyil ki, fonda dövlət qurumları qədər,
bəlkə də ondan daha artıq məktub və xahiş
ünvanlanır. Əlbəttə, hər müraciətdəki
istəkləri gerçəkləşdirmək mümkün
deyil! Amma hər məktuba qayğı və
diqqət göstərilir, mümkün olan arzuların yerinə
yetirilməsinə dəstək verilir. İnsanlar
bu fondda daim mərhəmət və xeyirxahlıq
görürlər, isti münasibətə şahid olurlar.
Əslində,
fond Heydər Əliyevin insanpərvər və
işıqlı ideyalarını gerçəkləşdirməklə
bərabər, onun adını və əməllərini də
özünə layiq şəkildə yaşadır və
davam etdirir!
Bəxtiyar SADIQOV
Azərbaycan.-2014.- 7 may.-S.6.