Yeni neft
strategiyasının banisi
Azərbaycan
xalqının ümummilli lideri Heydər Əliyev müstəqil dövlətçiliyimizin qurucusu və
memarı, 20-ci əsrin dünya tarixinə bəxş etdiyi nəhəng
siyasi xadim və ən böyük şəxsiyyətlərdən
biridir. Çoxəsrlik tarixi ənənələr əsasında
müasir Azərbaycan dövlətinin ideoloji-siyasi inkişaf
doktrinasının yaradılması və 30 ildən artıq
bir dövr ərzində gerçəkləşdirilməsi
bir dahi strateq kimi məhz onun adı ilə sıx
bağlıdır. Bu dövrü çox zaman haqlı olaraq
Azərbaycanın milli intibah və tərəqqi dövrü
də adlandırırlar.
Ulu
öndər ölkəyə rəhbərlik etdiyi illərdə
yorulmaz fəaliyyəti, çoxsaylı təşəbbüsləri
ilə ictimai həyatın istisnasız olaraq bütün sahələrində
inkişafın dönüş nöqtələrini dəqiq
müəyyən etmiş, xalqın gücünü bu məqsədlərə
yönəltmişdir. Milli şüurun məhz həmin illərə
təsadüf etmiş coşqun
yüksəlişi çağdaş Azərbaycanın
misilsiz uğurlarının rəhni olmuşdur. Sosial-iqtisadi
inkişaf tempinə görə dünyanın aparıcı
dövlətləri ilə bir sırada dayanan, get-gedə daha
da qüdrətlənən müstəqil Azərbaycan
Respublikası Heydər Əliyev dühasının, dərin
idarəçilik fəlsəfəsinin şah əsəridir.
O, zəmanəmizin nüfuzlu dövlət xadimlərindən
olmaqla yanaşı, həm də milyonlarla insanı
böyük ideallar ətrafında birləşdirən
dövlət qurucusudur, tarix memarıdır. Bütün həyatını,
məqsəd və arzularını
Azərbaycan xalqına həsr etmiş ulu öndərin
yorulmaz fəaliyyətinin nəticələri göz
qabağındadır: müasir, demokratik, hüquqi və
dünyəvi Azərbaycan dövləti, milli-mənəvi dəyərlərə
qayıdış, vətəndaş cəmiyyətinin, elmin,
mədəniyyətin, təhsilin, idmanın inkişafı və
s. Heydər Əliyev tarixi qanunauyğunluqlardan sadəcə, bəhrələnməklə
qalmamış, tarixi məqamlarda məsuliyyəti öz
üzərinə götürərək parlaq zəkası ilə
xalqımıza nicat yolunu göstərmiş, bununla da milli
suverenliyimizin xilaskarı olmuşdur.
Dünyanın
siyasi xəritəsinə adı ötən əsrin 90-cı
illərində yazılan Azərbaycan Respublikasının
müstəqil inkişaf yolu ağır sınaqlardan
keçmişdir. Xarici təzyiq, hərbi təcavüz, daxili
çəkişmələr məngənəsində
sıxılan ölkəmiz torpaqlarının 20 faizini
itirmiş, bir milyona yaxın soydaşımız doğma
yurd-yuvasından didərgin düşmüşdü. Bu
çətin anda xalqımız vəziyyətdən
çıxış yolunu dövrümüzün görkəmli
siyasi xadimi Heydər Əliyevin hakimiyyətə
qayıdışında gördü, inamını,
ümidini ona bağladı. Azərbaycanı böhranlı vəziyyətdən
yalnız Heydər Əliyev dühası xilas edə bilərdi.
Tarix bu fikrin doğruluğunu sübut etdi. Xalqın istəyi
və təkidi ilə dövlətin sükanı arxasına
keçən ulu öndər tez bir zamanda siyasi xaosa son qoydu,
ölkənin uzunmüddətli inkişaf strategiyasını
işləyib hazırlayaraq iflic vəziyyətində olan
iqtisadiyyatı qaldırmaq, sosial problemləri həll etmək
üçün gərgin fəaliyyətə başladı.
Bu gün Azərbaycan dövlətinin əbədi müstəqilliyi,
dinamik iqtisadiyyatı, beynəlxalq aləmdə durmadan artan
nüfuzu zəngin siyasi təcrübəsi, geniş
dünyagörüşü, fitri istedadı, dərin biliyi, fədakar
fəaliyyəti ilə Azərbaycanı durmadan irəli aparan
Heydər Əliyevin məhz o illərdə
formalaşdırdığı müdrik siyasi kurs, onun
dönməz əqidəsi və tarixi uzaqgörənliyi sayəsində
mümkün oldu. Ümummilli lider yaxşı bilirdi ki,
gündən-günə qloballaşan müasir dünya
düzənində başlıca rol oynayan amillərdən
biri enerji resurslarına nəzarət, onların dünya
bazarına, istehlakçılara vaxtında və təhlükəsiz
çatdırılmasıdır və Azərbaycan buna
qadirdir. Zəngin karbohidrogen ehtiyatları, neft sənayesinin
tarixi ənənələri, enerji resurslarının öyrənilməsində
malik olduğu təcrübə və intellektual potensial,
neftçilərimizin əzmkarlığı dövlətimizə
bu imkanı verir.
Azərbaycan
qədim zamanlardan bütün dünyada neft diyarı kimi məşhurdur.
Min illər əvvəl burada yerin üzərinə
çıxan neftin ibtidai üsullarla yığılıb,
karvanlara yüklənərək müxtəlif ölkələrə
daşındığı faktlarla sübut olunub. Neftin sənaye
üsulu ilə hasilatının, emalının, tankerlərlə,
dəmir yolu ilə, boru kəmərləri ilə
daşınmasının əsası Vətənimizdə
qoyulub. Dünyada sənaye üsulu ilə
neftçıxarmanın tarixi 1848-ci ildən-Bibiheybətdə
ilk neft quyusunun fontan vurmasından hesablanır. Quruda, sahildə,
açıq dənizdə və dərinsulu ərazilərdə
neftin çıxarılması işinə məhz Azərbaycanda
başlanılıb. Artıq 1899-cu ildə Azərbaycan neft sənayesinin
inkişafına görə birincilik qazanmışdı və
dünyada neft hasilatının yarısı Bakı mədənlərinin
payına düşürdü. Bakı daim bu sahədə
mütərəqqi ideyaların beşiyi sayılıb,
dünyanın neft akademiyası kimi tanınıb. İkinci
Dünya müharibəsi illərində neftçilərimiz
gecəni gündüzə qataraq fədakar əməkləri
sayəsində faşizm üzərində qələbə
naminə 75 milyon tona yaxın neft hasil etmiş, keçmiş
İttifaq miqyasında benzinin 80 faizi, yağların 96 faizi
Bakının payına düşmüşdü. Bu, ön cəbhənin
yanacaq təchizatına verilmiş misilsiz töhfə idi.
Lakin məlumdur
ki, hasilatın həcmi baxımından geri qalmasa da, İkinci
Dünya müharibəsi illərindən etibarən Azərbaycanın
neft sənayesi texniki və texnoloji parametrlərinə görə
lideriyini artıq əldən vermişdi. Ulu öndər Heydər
Əliyev respublikaya rəhbərliyinin birinci dövründə,
1970-ci illərdən başlayaraq Bakı neft məktəbinin əvvəlki
şöhrətini bərpa etməyi qarşıya məqsəd
qoydu, mövcud təbii və intellektual resurslardan effektiv şəkildə
istifadə etməklə dövrün tələblərinə
uyğun innovativ vasitələrin tətbiqi ilə neft sənayesini yenidən dinamik
inkişaf yoluna qaytarmağa müvəffəq oldu.
İnkişafın elmi-texniki bazasını təmin etmək,
yeni texnologiyaları mənimsəmək və praktikada
uğurlu tətbiqinə nail olmaq məqsədilə neft sənayesinin
mühüm təsisatları - elmi-tədqiqat institutları,
istehsalat birlikləri Bakıda cəmləşdirildi, prioritet
sahələrdə nəzərəçarpacaq uğurlar əldə
edildi. 1970-ci illərədək Xəzər dənizində
istifadə olunan texniki vasitələr yalnız 40 metrə qədər dərinlikdə işləməyə
imkan verirdi. 70 metr dərinlikdə qazma aparan "Xəzər"
tipli qurğuların alınması ilə kəşfiyyat
işləri sürətləndi, tezliklə "Bahar" və
"Bulla-Dəniz" yataqları kəşf olundu. Lakin neft sənayesinin
dünyanın inkişaf templəri ilə ayaqlaşması
üçün bu, az idi. Ulu öndərin təşəbbüskarlığı
yenə öz misilsiz bəhrələrini verdi: dənizin 200
metr və daha dərin hissələrində kəşfiyyat
işləri aparılması üçün respublikaya o illərin
innovativ texnologiyaları,
"Şelf"
yarımdalma üzən qazma qurğuları gətirildi.
Tezliklə Xəzərin 80-350 metr dərinliklərində zəngin
karbohidrogen ehtiyatlarına malik "Günəşli"
(1979), "Çıraq" (1985), "Azəri" (1987),
"Kəpəz" (1989) yataqları kəşf olundu. Həmin illərdə Heydər Əliyevin həyata
keçirdiyi uzaqgörən tədbirlərdən biri də Dərin Özüllər Zavodunun
inşası idi. Dəniz yataqlarında platformaların
tikintisi üçün nəzərdə tutulan bu sənaye nəhəngi
indi də müstəqil dövlətimizin imza
atdığı qlobal layihələrin həyata keçirilməsində
mühüm rol oynayır. Neft emalı və kimyası müəssisələrinin
yenidən qurulması, müasir qurğularla təmin edilməsi,
neft donanmasının gəmi parkının yenilənməsi
istiqamətində aparılmış misilsiz fəaliyyəti
ilə ulu öndərin hələ ötən əsrin
70-80-ci illərində yaratdığı, möhkəmləndirdiyi
infrastruktur, əslində, Azərbaycanın gələcək
müstəqillik dövrü üçün strateji əhəmiyyət
daşıyırdı. Tarix göstərdi ki, neft sənayesinin
texniki cəhətdən müasirləşdirilməsi istiqamətində
görülmüş tədbirlər müstəqillik
dövründə suveren Azərbaycan dövlətinin iqtisadi cəhətdən
qüdrətlənməsi üçün atılmış
təməl daşları olmuşdur.
Xəzər
dənizinin Azərbaycan sektorunda 4 milyard ton neft və 6 trilyon
kubmetr təbii qaz ehtiyatları mövcuddur. Lakin bu
ehtiyatların üzə çıxarılması,
sosial-iqtisadi gücə çevrilməsi üçün
insan qüvvəsindən əlavə nəhəng
ölçüdə maliyyə, elm-texniki resurs səfərbər
edilməli, hətta hesablanması belə asan olmayan
böyük iş həcmi həyata keçirilməlidir.
Müstəqilliyimizin bərpasından sonrakı ilk illərdə
isə ölkənin mövcud potensialı bunun
üçün son dərəcə məhdud idi, resurs
çatışmazlığı Xəzərin dərinsulu
hissələrində yerləşən təbii sərvətlərin
hasil olunub dünya bazarına çıxarılmasına imkan
vermirdi. Yaranmış situasiyada dəfələrlə
olduğu kimi, yenə də yeganə düzgün
çıxış yolunu seçən ümummilli lider bu
maneənin aradan qaldırılması üçün
dünyanın aparıcı şirkətləri ilə milli
maraqlara, Azərbaycan xalqının rifahına xidmət edən
əməkdaşlıq strategiyasını işləyib
hazırladı. Strategiyanın əsasını sadə və
eyni zamanda dahiyanə prinsiplər təşkil edirdi: xarici
investisiyaların köməyi ilə ölkənin neft-qaz sənayesini
gücləndirmək və enerji resurslarının dünya
bazarında reallaşdırılması nəticəsində əldə
olunan gəlirləri iqtisadiyyatın digər sahələrinin
inkişafına, xalqın yaşayış səviyyəsinin
yüksəldilməsinə yönəltmək prinsipləri.
Mahiyyət etibarilə Azərbaycan dövlətinin qurtuluş
və davamlı inkişaf
doktrinası rolunu oynayan bu strategiyanın ilk uğuru
dünyanın nəhəng neft şirkətləri ilə
tariximizə "Əsrin müqaviləsi" kimi daxil olan
sazişin imzalanması idi.
Bu
addım da asanlıqla atılmamışdı. Azərbaycanın
yüksəlişi ilə barışa bilməyən xarici və daxili qüvvələr
ciddi müqavimət göstərirdilər. Ulu öndər
tariximizin bu mühüm dönüş anında da mətin
siyasi iradə və qətiyyətini nümayiş etdirərək
müdrik qərarları ilə prosesi geridönməz məcraya
yönəltdi. Onun siyasi kursunu incəliklərinə qədər
mənimsəmiş, diplomatiya və beynəlxalq biznes sahəsində
dərin bilik və təcrübə qazanmış cənab
İlham Əliyevin ARDNŞ-nin birinci vitse-prezidenti kimi
danışıqlara qoşulması, əsl Qərb
işgüzar təfəkkürü ilə təqdim etdiyi təkzibolunmaz
arqumentlər enerji şirkətlərinin tərəddüdünü
qırdı, onları Azərbaycanla əməkdaşlığın
düzgün seçim olduğuna inandırdı. 1994-cü
il sentyabrın 20-də Xəzər dənizinin Azərbaycan
sektorunda yerləşən "Azəri",
"Çıraq" yataqlarının və "Günəşli"
yatağının dərinsulu hissəsinin birgə kəşfiyyatı,
işlənməsi və hasilatın pay bölgüsü
üzrə tarixi saziş imzalandı. Ulu öndər imzalanma
mərasimindəki çıxışında bu parlaq qələbənin
əhəmiyyətini vurğulayaraq demişdir: "Biz
müqaviləni imzalamaqla Azərbaycan Respublikası ilə
dünyanın inkişaf etmiş dövlətləri,
onların ən böyük şirkətləri arasında əlaqələr
yaradır, Azərbaycan iqtisadiyyatının dünya
iqtisadiyyatına, azad bazar iqtisadiyyatına qoşulması
üçün əsas yaradırıq. Biz bu müqaviləni
imzalamaqla dünyaya bir daha nümayiş etdiririk ki, müstəqil
Azərbaycan Respublikası demokratik və hüquqi dövlətdir.
Azərbaycanda demokratik prinsiplərin bərqərar olması və
inkişaf etməsi üçün geniş meydan
açılmışdır".
"Əsrin
müqaviləsi"nin imzalanması mahiyyət etibarilə Azərbaycan,
Xəzər hövzəsi,
postsovet regionu hüdudlarını aşan, dünya sənayesinin
inkişafında yeni bir mərhələ yaradan həqiqətən
tarixi hadisə idi. Bu saziş Azərbaycanın təkcə dünya enerji bazarında möhkəmlənməsi
üçün deyil, planetin geosiyasi xəritəsində
layiqli yer tutması, beynəlxalq birliyə üzvi surətdə
inteqrasiyası üçün geniş yollar açan,
aparıcı dövlətlərdən birinə, regionun
liderinə çevrilməsində müstəsna rol oynayan
epoxal bir sənəd idi. Ötən 20 ildə ölkəmizin
daxili və xarici siyasətdə qazanılmış uğurlarının təməlində,
möhtərəm Prezident İlham Əliyevin dəfələrlə
qeyd etdiyi kimi, məhz "Əsrin müqaviləsi"
durmuşdur. Ümummilli liderin böyük uzaqgörənliklə
işləyib hazırlanmış enerji strategiyası
uzunmüddətli, effektiv,
sistematik və davamlı inkişaf konsepsiyası olduğunu
ilbəil özünün yeni təntənələri ilə
təsdiqləyir. Kontrakt çərçivəsində
görülmüş genişmiqyaslı işlər nəticəsində ölkənin neft-qaz sənayesinə
50 milyard ABŞ dollarından artıq investisiya qoyulmuş,
30-dan çox regional və qlobal əhəmiyyətli birgə
layihə həyata keçirilmişdir. Neft sektoru modernləşmiş,
yüksək inkişaf mərhələsinə qədəm
qoymuşdur. Ulu öndərin siyasi kursunu yeni dövrün hədəflərinə
istiqamətləndirən möhtərəm Prezident İlham
Əliyev ARDNŞ-nin çevik, nüfuzlu və rəqabətədavamlı
bir müasir beynəlxalq quruma çevrilməsini prioritet vəzifə
olaraq qarşıya qoymuşdur. Artıq dünya miqyasında
tanınan şirkətimiz ilbəil beynəlxalq bazarlarda
iştirak payını və coğrafiyasını genişləndirir
- ölkə hüdudlarından kənarda iri investisiya
proqramları həyata keçirir, cəlbedici layihələr
icra edir, inamlı addımlar atır. Xarici ölkələrdə
- Gürcüstan, Türkiyə, Ukrayna, BƏƏ, Rumıniya
və Avropanın mərkəzində - İsveçrədə
əldə edilmiş aktivlər, terminallar, emal, neft-kimya,
logistika kompleksləri, qazpaylayıcı şəbəkələr,
zavodlar, limanlar, neft bazaları, yanacaqdoldurma və texniki servis
məntəqələri dövlətimizin mülkiyyəti
olaraq, ölkəmizə dividend gətirir, onun iqtisadi
gücünün möhkəmlənməsinə xidmət
edir. Hər birinin üzərində Azərbaycanın
üçrəngli möhtəşəm
bayrağı dalğalanan bu obyektlər iqtisadi səmərə
ilə yanaşı, Vətənimizin beynəlxalq nüfuzunun yüksəldilməsi
baxımından əlavə imkanlar açır.
Möhtərəm
Prezident İlham Əliyevin qeyd etdiyi kimi, "İqtisadi
resurslar məqsəd yox, Azərbaycan xalqının maddi rifah
halının durmadan yüksəlməsi üçün
vasitədir". Bu vasitə cəmiyyət həyatının
bütün sahələrinə inkişaf və tərəqqi
bəxş edir, ümummilli yüksəlişin etibarlı
bazisi rolunu oynayır. Ölkədə dinamik şəkildə
böyüyüb genişlənən stabil qeyri-neft sektoru
yaradılmışdır. Neft gəlirləri insan
kapitalına transformasiya olunur, ictimai sərmayə mənbəyinə
çevrilir. Şirkətimizin maliyyə vəsaiti hesabına
10-dan çox bölgədə tikilib istifadəyə
verilmiş, ən müasir tibbi avadanlıqlarla təchiz
edilmiş, səhiyyənin inkişafında bütöv bir mərhələ
açmış regional müalicə-diaqnostika mərkəzləri
buna bariz nümunədir. Şirkət eyni zamanda ölkədə
təhsil sisteminin inkişafını diqqət mərkəzində
saxlayır. Heydər Əliyev Fondunun prezidenti, Milli Məclisin
deputatı, Azərbaycanın birinci xanımı Mehriban
Əliyevanın təşəbbüsü ilə
reallaşdırılan "Yeniləşən Azərbaycana
yeni məktəb" proqramına mühüm töhfələr
verən ARDNŞ tərəfindən indiyədək rayonlarda və Bakıda onlarca yeni məktəb
binası inşa edilib komplektləşdirilmişdir.
Bütün bunlar bir daha göstərir ki, enerji strategiyası
ölkə həyatının bütün sahələrini əhatə
edir. Bu fəaliyyətin hədəfi
Azərbaycanın daha işıqlı gələcəyi,
xalqın rifahının durmadan yüksəlməsidir.
Ulu
öndər Heydər Əliyev tərəfindən zərgər
dəqiqliyi ilə hesablanmış enerji strategiyası
möhtərəm Prezident İlham Əliyevin rəhbərliyi
altında zəfər yolunu uğurla davam etdirir.
Strategiyanın misilsiz tarixi əhəmiyyətini sübut edən
daha bir fakt isə dünyada təbii qaza tələbatın
sürətlə artdığı indiki dövrdə ölkəmizin həm də etibarlı "mavi
yanacaq" tədarükçülərindən birinə
çevrilməsidir. 1999-cu ildə kəşf, 2006-cı ildən
istismar edilən, dəniz akvatoriyalarında ən böyük
qaz-kondensat yataqlarından olan, ehtiyatları 1,2 trilyon kubmetr qaz
və 240 milyon tondan artıq kondensat həcmində qiymətləndirilən
"Şahdəniz" yatağının işlənilməsi
dünyada təbii qaza tələbin yüksəlməsi ilə
eyni bir dövrə təsadüf
etdi. Odur ki, bu yatağın işlənilməsindən
danışmaq, əslində, ümummilli lider Heydər
Əliyevin enerji strategiyasının ölkəmizə
qazandırdığı iqtisadi və sosial mənfəətlərin
tam bir spektrinin nəzərdən keçirilməsi deməkdir.
Azərbaycanın enerji təhlükəsizliyi tam şəkildə
təmin edilmişdir - bu, hər bir ölkənin milli təhlükəsizliyinin
çox vacib komponentidir. Yüzlərlə sənaye obyektinin
mazut rejimindən qaz rejiminə keçirilməsi
iqtisadiyyatımızın möhkəmlənməsinə
mühüm töhfə olmuşdur. Ölkənin
qazlaşdırılması 2004-2008 və 2009-2013-cü illər
üzrə həyata keçirilmiş "Azərbaycan
Respublikasında regionların sosial-iqtisadi inkişafı"
dövlət proqramları çərçivəsində
görünməmiş həddə çatdırılmışdır.
Ən əsası isə Azərbaycan etibarlı neft
ixracatçısı olmaqla yanaşı, aparıcı qaz
ixracatçıları sırasında da özünə
layiqli yer tutmuşdur. Biz bu gün Gürcüstana, Türkiyəyə,
Rusiyaya, İrana və Yunanıstana qaz ixrac edir, regionun enerji təminatında
əsas rol oynayırıq. "Şahdəniz" layihəsinin
ilk mərhələsində hasil edilən qaz Səngəçal
terminalında ilkin emaldan keçirilərək Cənubi Qafqaz
boru kəməri vasitəsilə Gürcüstana və
Türkiyəyə ixrac olunur. İstismara
başlanıldığı dövrdən daxili və xarici
istehlakçılara 40 milyard kubmetrdən artıq
"Şahdəniz" qazı tədarük olunmuşdur.
Ümummilli lider Heydər Əliyev hələ 1997-ci ildə
"Şahdəniz" yatağı üzrə müqavilə
layihəsinin idarəetmə komitəsi üzvləri ilə
görüşündə demişdi: "Şahdəniz"
yatağında gördüyümüz işlər və əldə
etdiyimiz nəticələr bizə bundan da dərin yerlərdə,
bundan da mürəkkəb işlər görməyə imkan
yaradacaqdır". Ulu öndərin uzaqgörənliklə
verdiyi proqnozlar reallığa çevrilmişdir.
"Şahdəniz"
yatağının uğurlu istismarı və Azərbaycanın
regional qaz təchizatında mühüm rol oynaması tezliklə
Avropa İttifaqının nəzər-diqqətini cəlb etdi
və işlənilmənin 2-ci mərhələsi üzrə
məsələlərin geniş aspektləri intensiv ikitərəfli
və çoxtərəfli danışıqlar mövzusuna
çevrildi. Qeyd etmək lazımdır ki, layihənin
inkişaf konsepsiyasına uyğun olaraq 2-ci mərhələdə
hasilatın həcmi təxminən 2 dəfə
artırılacaq, "Faza-1" üzrə hazırda
çıxarılan 9 milyard kubmetr qaza minimum hesablamalara əsasən,
daha 16 milyard kubmetr qaz hasilatı əlavə olunacaqdır.
Bundan başqa, Xəzərin Azərbaycan sektorunda böyük
qaz-kondensat ehtiyatlarına malik daha 2 yatağın
("Ümid" və "Abşeron") kəşf
olunması, işlənilən yataqlarda ("Günəşli",
"Bulla-Dəniz" və b.) yeni məhsuldar layların
açılması da Aİ ilə münasibətlərin əsasını
təşkil edən "Cənub qaz dəhlizi" strategiyası
üzrə danışıqların gedişində Azərbaycanın
mövqelərini gücləndirirdi. Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyev və Avropa
Komissiyasının prezidenti Manuel Barrozo tərəfindən
2011-ci ildə enerji sektorunda Strateji Əməkdaşlığa
dair Birgə Bəyannamənin imzalanması avropalıların
bir çox nəsillərinə xidmət edəcək "Cənub
qaz dəhlizi"nin yaradılmasına yönəldilmiş
strategiyanın həyata keçirilməsində praktiki
başlanğıc nöqtəsi oldu. 2013-cü ilin iyununda
Avropaya qaz nəql edəcək ixrac kəməri marşrutunun
seçilməsi və elan olunması ilə münasibətlər
yeni mərhələyə qədəm qoydu.
Azərbaycan
qazının Avropa ölkələrinə nəqli
üçün əvvəlcədən 3 alternativ kəmər
marşrutu nəzərdən keçirilirdi. Bunlar İTGİ
(Türkiyə-Yunanıstan-İtaliya qaz boru kəməri),
Türkiyə-Bolqarıstan-Rumıniya-Macarıstan-Avstriya marşrutu üzrə
planlaşdırılan NABUCCO (sonradan NABUCCO-Vest) və
Transadriatik boru kəməri (TAP) layihələri idi. ARDNŞ
və tərəfdaş şirkətlərdən ibarət
konsorsium təklif olunan həmin
marşrutların hər birinin imkanlarının və
kommersiya səmərəliliyinin qiymətləndirilməsi məqsədilə
dünya təcrübəsində sınaqdan keçmiş
seçim kriteriyaları hazırladı. Bu, "Şahdəniz-2"
layihəsinin məhz iqtisadi rentabellik əsasında həyata
keçirildiyini bir daha vurğulamaqla Azərbaycan dövlətinin
və beynəlxalq birliyin həlli vacib maraqlarına xidmət
edən bir yanaşma idi. Layihənin yerinə yetirilməsinin
daha əlverişli maliyyə şərtləri ilə
mümkünlüyü, texniki xüsusiyyətləri, təhlükəsiz
və effektiv istismar və gələcəkdə genişləndirilmə
imkanları, habelə kəmərin keçəcəyi
ölkələrdə ictimai maraqlarla bağlı amillər nəzərə
alınmaqla üstünlük TAP kəmərinə verildi.
2013-cü ilin sentyabrında isə "Şahdəniz"
konsorsiumu ilə Avropanın qaz alıcıları arasında
25 il müddətinə sazişlər imzalandı.
Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyevin bilavasitə rəhbərliyi
ilə aparılmış beşillik gərgin fəaliyyət
məntiqi sonluğunu ötən
ilin dekabrında "Şahdəniz" layihəsinin 2-ci mərhələsi
ilə bağlı yekun investisiya qərarının
imzalanması ilə tapdı. Dünyanın bir çox
ölkələrinin dövlət və hökumət rəhbərlərinin
iştirakı ilə Heydər Əliyev Mərkəzində
keçirilən təntənəli imzalanma mərasimindəki
nitqində Prezident İlham Əliyev
bu sənədi "21-ci əsrin müqaviləsi"
kimi səciyyələndirərək dedi: "Bu tarixi layihədə
iştirakçı dövlət və şirkətlərin
geniş əməkdaşlığı təmin ediləcəkdir.
Lakin bu gün mən 19 il bundan öncəyə - Azərbaycanın
enerji strategiyasının yarandığı 1994-cü ilə
dönmək istəyirəm. Biz buna ümummilli lider Heydər
Əliyevin müdrikliyi və uzaqgörənliyi nəticəsində
nail olmuşuq. Müstəqillik əldə etdikdən sadəcə
3 il, Azərbaycanda vətəndaş müharibəsinin bitməsindən
1 il, Ermənistanla müharibədə atəşkəsin əldə
edilməsindən yalnız 4 ay sonra Azərbaycan xarici tərəfdaşları
ilə birlikdə "Əsrin müqaviləsi"ni
imzalamışdır. Bu hadisə ilk dəfə Xəzər
dənizini xarici sərmayələrə
açmışdır və ölkəmizin uğurlu iqtisadi
inkişafını təmin etmişdir. Həmin müqavilə
XX əsrin müqaviləsi adlandırılmışdır.
"Şahdəniz" isə düşünürəm ki,
XXI əsrin müqaviləsi olacaqdır".
Möhtərəm
Prezident "Şahdəniz-2" layihəsinin tarixi əhəmiyyətini
vurğulamaqla Azərbaycanın enerji strategiyasının
davamlı, arasıkəsilməz inkişaf və tərəqqi
doktrinası olduğunu diqqətə çatdırdı,
Avropa ictimaiyyətinin həyati maraqlarına da Azərbaycanın
milli maraqları qədər dönməz bir sədaqətlə xidmət edəcək bu nəhəng
layihənin, onun təməlində dayanan Heydər Əliyev
dühasının ümumbəşəri mahiyyətini bir
daha nümayiş etdirdi. Aİ-nin enerji məsələləri
üzrə komissarı Günter Ottinger isə bu fikri davam
etdirdi: "Yaxın keçmişdə bəziləri bu layihəni
mümkünsüz layihə adlandırmışlar. Lakin ilk dəfə
deyildir ki, bu regionda mümkünsüz hesab edilən layihələr
uğurla başa çatdırılır. Birincisi,
Bakı-Tbilisi-Ceyhan neft boru kəməri, indi isə Cənub
qaz dəhlizi. Qərar Avropanın qaz mənbələrinin
şaxələndirilməsinə xidmət edəcəkdir və
Qafqaz ilə Avropa İttifaqı arasında əlaqələri
möhkəmləndirəcəkdir. Bu, enerji və sənaye əlaqəsi
olmaqla yanaşı, həm də mədəni
bağlılıqdır".
Azərbaycanın
zəngin neft və qaz sənayesi tarixində yeni eranın
başlanğıcı qoyulur. Dövlət Neft Şirkətinin
və konsorsiumun bütün səyləri ona yönəldilmişdir
ki, geosiyasi və iqtisadi cəhətdən böyük sinerji
gücünə malik bu layihə çərçivəsində
icra olunacaq texniki-innovativ işlər də vaxtında,
qüsursuz və yüksək keyfiyyətlə
görülsün. "Faza-2" üzrə hasil olunacaq əlavə
qaz həcmlərinin ildə 10 milyard kubmetri Avropa
istehlakçılarına, 6 milyard kubmetri isə Türkiyəyə tədarük olunacaq. İlk qaz həcmlərinin 2018-ci ildə
Türkiyəyə, 2019-cu ildə isə Avropaya
çatdırılması
planlaşdırılır. Hazırda infrastrukturun
detallı layihələndirilməsi prosesi gedir. Xəzər dənizində
ən qabaqcıl sualtı hasilat texnologiyalarının tətbiqi
ilə Azərbaycandan Avropaya qədər 3500 kilometr
uzunluğunda boru kəmərləri sistemi qurulacaq və
istismar ediləcək. Bu prosesdə gələcəyə daha
geniş baxış bucağından baxmaq bizim
üçün olduqca vacibdir. Əgər infrastrukturun layihələndirilməsində
yalnız bugünkü reallıqla qapanıb qalsaq, yaxın gələcəkdə
hasilatın artımı ilə əlaqədar əlavə
texniki problemlərlə qarşılaşa bilərik.
Çünki "Cənub qaz dəhlizi" üzrə
planlarımız yalnız "Şahdəniz-2" ilə
kifayətlənmir. Biz Azərbaycanın enerji
strategiyasının gələcək yüksəlişini bir
an da olsun, diqqətdən yayındırmır, "Şahdəniz"
qazının nəql edilməsinə gələcək
perspektivlər zəncirində yalnız birinci halqa kimi
baxırıq. Mövcud
imkanları nəzərə almamaq, "ikinci qaz
dalğa"sını proqnozlaşdırmamaq mümkün
deyil. İlk növbədə, əlbəttə ki,
"Abşeron" və "Ümid" yataqlarının
istismarına başlanılmalıdır. "Ümid"
yatağında bu yaxınlarda qazılmış 2-ci kəşfiyyat
quyusunun yüksək debitlə istismara verilməsi (1-ci quyu
artıq çoxdan istismar olunur) yatağın
ehtiyatlarının gözlənildiyindən də
böyük olduğunu təsdiq etmişdir.
"Abşeron" yatağında istismarın
başlanacağı gün isə uzaqda deyil. "Azəri-Çıraq-Günəşli"
yataqları blokundakı "dib qaz" ehtiyatlarının
hasilatı ilə bağlı danışıqlar
aparılır.
"Naxçıvan", "Şəfəq-Asiman",
"Babək", "Zəfər-Məşəl" və
başqa perspektivli strukturların ilkin kəşfiyyatı da
böyük ümidlər vəd edir. Nəhayət,
"Şahdəniz" yatağının özündə nəhəng
"dib qaz" ehtiyatlarının olduğu heç kimdə
şübhə doğurmur. Bütün bunları nəzərə
aldıqda inamla deyə bilərik ki, Azərbaycanın
ümumi ixrac potensialı 2025-ci ilədək minimum 40-50 milyard
kubmetr qaz həcminə çatdırılacaq. Bu qazın da
çox hissəsi Avropa bazarına təchiz oluna bilər.
Əlbəttə, belə böyük həcmlərin nəql
edilməsi üçün təhlükəsiz
daşınmanı təmin etmək iqtidarında olan və
ötürücülük qabiliyyətinin
artırılması potensialına malik müvafiq qaz-nəql
infrastrukturu lazımdır. Düşünürük ki, belə
bir sistem 3 seqmentdən ibarət olmalıdır.
Birinci
seqment hazırda "Şahdəniz" qazının
Bakı-Tbilisi-Ərzurum marşrutu üzrə
Gürcüstana və Türkiyəyə nəqlini həyata
keçirən və regionda enerji təhlükəsizliyinin
mühüm amilinə çevrilən Cənubi Qafqaz qaz boru kəməridir.
Ümumi uzunluğu 997 kilometr, ötürmə qabiliyyəti
ildə 20 milyard kubmetr təşkil edən bu kəmər
işləkliyini artıq sübuta yetirmişdir və biz onun
həcminin, ötürücülük qabiliyyətinin artırılması istiqamətində
mütəmadi olaraq məqsədyönlü iş
aparırıq. Bu işlər faktiki olaraq indiki boru xəttinə
paralel ikinci bir kəmərin tikilməsi ilə
tamamlanmalıdır. CQQBK-nın genişləndirilməsi
"Şahdəniz-2" layihəsinin tərkib hissəsi kimi
artıq imzalanmış investisiya qərarında nəzərdə
tutulmuşdur və bu istiqamətdə işlər uğurla
davam etdirilir. İkinci mühüm və birləşdirici
seqment kimi TANAP - Transanadolu boru kəməri nəzərdə
tutulur. Bu ideyanın müəllifi
Azərbaycanın Prezidenti cənab İlham Əliyevdir.
Dövlətimizin müdrik rəhbəri tərəfindən
2011-ci ildə irəli sürülmüş bu layihə
tezliklə Azərbaycan və Türkiyə arasında
anlaşma memorandumunun imzalanması ilə beynəlxalq birliyin
gündəminə daxil oldu. 2012-ci il iyunun 26-da Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyev və Türkiyə
Cümhuriyyətinin Baş naziri Rəcəb Tayyib
Ərdoğan arasında TANAP kəmərinin inşasına
dair hökumətlərarası saziş imzalandı. Sənəd
qısa müddətdə iki qardaş ölkənin parlamentləri
tərəfindən ratifikasiya olunaraq, energetika və ixrac
potensialının konsolidasiya olunmuş inkişafı sxeminə
inteqrasiya edildi. Artıq ARDNŞ-nin operatorluğu ilə BP və
BOTAŞ şirkətlərindən ibarət konsorsium kəmərin
inşası üçün ərazidə hazırlıq
işlərini tamamlamaq üzrədir. TANAP-ın illik
ötürücülük qabiliyyəti ilk mərhələdə
16 milyard kubmetr təşkil edəcək.
Sonradan bu göstəricinin 30 milyard kubmetrədək artırılması
imkanları da nəzərə alınmışdır. Belə
ki, uzunmüddətli perspektivdə bu kəmər həm Azərbaycan yataqlarından hasil ediləcək
"ikinci dalğa" qazını, həm də Mərkəzi
Asiya, habelə Yaxın Şərq və Şərqi
Aralıq dənizi hövzəsində hasil ediləcək qaz
həcmlərini tranzit yolu ilə "Cənub qaz dəhlizi"nə
ötürmək, Avropaya daşımaq potensialına malik
olacaqdır. Mərhələli şəkildə həyata
keçiriləcək "Cənub qaz dəhlizi"nin
açılmasında və möhkəmlənməsində
TANAP bir dayaq nöqtəsi kimi müstəsna rol oynayacaq ki, bu
da həmin layihəyə Azərbaycan, Türkiyə və
Avropa ölkələri üçün xüsusi əhəmiyyət
verir. ARDNŞ TANAP-ın operatorluğunu öz üzərinə
götürməklə yanaşı, həm də layihənin
ən böyük investorudur. "Cənub dəhlizi"nin
yaradılması istiqamətində üçüncü
seqment isə Transadriatik qaz boru
kəməridir (TAP). Uzunluğu 870 kilometr olacaq TAP Türkiyə-Yunanıstan
sərhədində TANAP-la birləşəcək, sonra isə
Yunanıstan və Albaniya ərazilərindən, Adriatik dənizinin
altından keçməklə İtaliyanın cənub sahillərinədək
uzanacaqdır. Cənub-Şərqi Avropanı təbii qazla təmin
edəcək TAP gələcəkdə Xəzər hövzəsində
hasil olunan təbii qazın qitənin digər böyük qaz
istehlakçılarına - Almaniya, Fransa, Böyük
Britaniya, İsveçrə və Avstriyaya ötürülməsi
üçün də geniş imkanlar açacaqdır.
TAP-ın ilkin ötürücülük qabiliyyəti ildə
10 milyard kubmetrdir. Konsorsium kəmərin inşasını iri
diametrli borularla həyata keçirməklə gələcəkdə bu həcmin
iki dəfəyədək artırılması imkanını
nəzərdə saxlayır. Artıq Azərbaycanla Albaniya,
Xorvatiya və Monteneqro arasında başqa bir enerji dəhlizi -
Cənub-Şərqi Avropa dəhlizi haqqında da
razılıq əldə edilib. Perspektivdə buraya
Rumıniya, Macarıstan və Avstriya da əlavə oluna bilər.
Biz eyni zamanda Avropa Komissiyası ilə birlikdə
Bolqarıstana qaz nəqlinin alternativ variantları üzərində
işləyirik.
"Şahdəniz-2" layihəsinin iqtisadi əhəmiyyətindən danışarkən bir məsələ də mütləq qeyd olunmalıdır. Layihə üzrə həyata keçiriləcək tikinti-inşaat və quraşdırma işlərinin əksər hissəsi Azərbaycanda icra olunacaqdır. Platforma və sualtı qurğuların inşası üçün Bakıdakı tikinti-quraşdırma sahələrinin texniki və texnoloji imkanları artırılacaq, sualtı əməliyyatların həyata keçirilməsinə xidmət edən bir neçə gəminin texniki və funksional imkanı təkmilləşdiriləcəkdir. Sualtı tikinti işlərinin həyata keçirilməsi üçün yeni bir unikal çoxprofilli gəmi inşa ediləcək ki, həmin gəminin də Bakıda, ötən il möhtərəm Prezidentin iştirakı ilə istifadəyə verilmiş yeni Gəmiqayırma Zavodunda tikilməsi planlaşdırılır. Bunlar, əlbəttə ki, ölkəmiz üçün yeni texnologiyalar, yeni biliklər, yeni potensial deməkdir. Ən mühümü isə "Şahdəniz-2" və Cənubi Qafqaz boru kəmərinin genişləndirilməsi layihələri Azərbaycanda təxminən on mindən artıq yeni iş yerinin açılmasına səbəb olacaqdır.
Dövlət başçısı İlham Əliyev "Şahdəniz-2" layihəsi üzrə yekun investisiya müqaviləsinin imzalanması mərasimində çıxışı zamanı diqqəti ulu öndər Heydər Əliyevin qalibiyyətli neft strategiyasının ən vacib cəhətlərindən biri üzərinə yönəldərək demişdir: "Bizim enerji strategiyamız dostluq, əməkdaşlıq və qarşılıqlı dəstəyə əsaslanır. Tariximizdə Azərbaycan heç bir zaman öz enerji potensialını digər məqsədlər üçün istifadə etməmişdir". Bu, hər ölkəyə nəsib olmayan böyük bir həqiqətdir. Xəzərin zəngin sərvətlərindən bəşəriyyətin tərəqqisi və rifahı naminə istifadə edilməsi 20 il öncə xalqımızın ümummilli lideri tərəfindən başlanılmış, yeni əsrdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müdrik rəhbərliyi ilə inamla həyata keçirilən enerji strategiyamızın başlıca amalıdır. Bu gün də qloballaşan dünyanın çağırışları ruhunda müvəffəqiyyətlə davam etdirilən bu strategiya Azərbaycan xalqına tarixən xas olan dərin humanizm və insanpərvərliyin təntənəsini dünyaya yayır. XXI əsrin ilk onilliyində bütün Yer kürəsinin inkişaf və tərəqqisinə müstəsna töhfələr verən enerji strategiyamız hələ uzun illər ölkəmizə və dovlətimizə misilsiz nailiyyətlər qazandıracaqdır.
Rövnəq
ABDULLAYEV,
Milli Məclisin deputatı,
ARDNŞ-nin prezidenti
Azərbaycan.-2014.- 7 may.-S.8.