Sosial siyasətdə Heydər Əliyev yolu

 

Mənim həyat amalım bütün varlığım qədər sevdiyim Azərbaycan xalqına, dövlətçiliyimizə, ölkəmizin iqtisadi, siyasi, mənəvi inkişafına xidmət olub. Bu yolda bütün gücümü və iradəmi yalnız  müdrik və qədirbilən xalqımdan almışam. Ən çətin anlarda, ən mürəkkəb vəziyyətlərdə yalnız və yalnız xalqıma arxalanmışam. Bu da mənə dözüm, iradə verib və bütün uğurlarımı təmin edib.

Heydər ƏLİYEV

 

Bu gün gündən-günə tərəqqi edən Azərbaycanın hansı guşəsinə baxsan, gözümüzün önündə ulu öndər Heydər Əliyevin vətənimiz və xalqımız üçün gördüyü möhtəşəm işlər canlanır. Heydər Əliyevin tariximizdə oynadığı rol illər keçdikcə daha dərindən dərk edilir, təhlil olunur və əsl qiymətini alır.

Məhz xalqımızın ümummilli lideri Heydər Əliyevin uzaqgörən siyasəti və gərgin fəaliyyəti nəticəsində dövlət müstəqilliyinin bərpasından sonra ötən qısa müddət ərzində ölkəmiz sosial-iqtisadi inkişaf və dünya sisteminə inteqrasiya sahəsində çox böyük nailiyyətlər əldə edib. Ən böyük nailiyyətlərimizdən biri də ondan ibarətdir ki, bu dövrdə ölkəmizdə aparılan müstəqil dövlət quruculuğu prosesində sosial-iqtisadi islahatların və inkişafın mahiyyət etibarilə yeni bir modeli - Azərbaycan modeli yarandı.

Bu gün ulu öndərin milli dövlətçilik konsepsiyasının bütün atributları öz real təsdiqini tapmaqla Azərbaycanı iqtisadi, siyasi, sosial, humanitar inkişaf yoluna çıxarmışdır.

Demokratik cəmiyyətin əsas məziyyətlərindən biri də əhalinin yüksək həyat tərzinin təmin olunması üçün tələb olunan təsisatların yaradılması, onların işlək mexanizmə çevrilməsidir. Dahi rəhbər əhalinin həyat səviyyəsinin yaxşılaşması və onun rifah halının dünyanın qabaqcıl ölkələrinin səviyyəsinə çatdırılması üçün bütün təsisatların yaranmasına xüsusi diqqət və qayğı göstərmiş, hakimiyyətdə olduğu dövrdə buna nail olmaq uğrunda ən böyük AZƏRBAYCANLI kimi mübarizə aparmışdir.

Cəmiyyət həyatında insanla bağlı nə varsa, son nəticə etibarilə sosial sahə kimi səciyyələnir. Dünya yaranandan bəri cəmiyyətdə sosial problemlər mövcud olub və olacaqdır. Lakin müasir dünyada hər bir dövlətin qüdrəti onun xalqının sosial həyatı, yaşayış səviyyəsi və rifah halı ilə qiymətləndirilir. Sosial siyasət əhalinin həyat səviyyəsinin təmin olunmasına, gəlirlərinin yüksəlməsinə, məşğulluğunun təmin edilməsinə, sosial müdafiənin güclənməsinə, səhiyyə, təhsil, mədəniyyət sahəsində təminatlarının həyata keçirilməsinə yönəldilən tədbirlər sistemi olmaqla, hər bir dövlətin iqtisadi inkişaf səviyyəsi ilə sıx bağlı olan daxili siyasətin mühüm tərkib hissəsini təşkil edir.

Yəni sosial məsələlər gündəmə gətiriləndə ilk növbədə cəmiyyətdə mövcud olan bütün problemlərə nəzər salmaq lazımdır. Çünki sosial problem həm sosial sferanın obyektiv təsvirini, həm də mövcud vəziyyətdə narazılıq elementlərinin aşkara çıxarılması üçün ictimai fikrin öyrənilməsini tələb edir.

Yuxarıda qeyd etdiyimiz kimi, ümummilli lider Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra cəmiyyət həyatının bütün sahələrində olduğu kimi, iqtisadiyyatda, o cümlədən sosial sferada əsaslı dəyişikliklərin fundamental təməli qoyuldu.

Yenidən öz müstəqilliyini bərpa edən ölkəmizin qarşılaşdığı sosial problemlərin, demək olar ki, hamısı əsasən keçid dövrü ilə əlaqədar olub. İlk vaxtlarda sosializm cəmiyyətinə daban-dabana zidd olan bazar prinsiplərinə keçmək bir sıra qlobal məsələlərin həllini tələb edirdi. Onu da nəzərə almaq lazımdır ki, ərazimizin 20 faizi işğal altındadır, 1 milyon insan qaçqın və məcburi köçkün vəziyyətinə düşüb, sosial cəhətdən az təmin olunan bu sayda insan daha çox problem yaradan faktorlardan ən birincisidir.

Müstəqilliyimizin bərpasından sonrakı ilk illərdə ölkəmizin istər daxili, istər xarici siyasəti düzgün təşkil olunmadığı üçün bütün sahələrdə hərcmərclik baş alıb getmiş, xaos hökm sürmüş, maddi və mənəvi sərvətlər talan edilmişdir. Belə vəziyyət, təbii ki, əhalinin sosial vəziyyətini pisləşdirir, gün-güzəranını çətinləşdirirdi.

Şübhəsiz ki, müstəqilliyin ilk iki ili ərzində Azərbaycanda sosial siyasətə biganə münasibət vəziyyətin kəskin şəkil almasına gətirib çıxarmışdı. O zaman hakimiyyətdə olan qüvvələrin düzgün siyasət qura bilməməsi də problemlərin həllində böyük maneələr yaradırdı. Əslində, AXC-Müsavat hakimiyyəti o zaman cəmiyyətimizdə getdikcə dərinləşən sosial problemlərin və çaşqınlığın məntiqi nəticəsi idi. Onlar layiq olmadıqları postları tutandan sonra xalqın taleyini təmtəraqlı vədlərlə özlərinin zövqünə və dünyagörüşünə uyğunlaşdırmaq istəyirdilər.

Lakin XXI əsrin astanasında Azərbaycan Respublikasının müstəqil inkişaf yoluna qədəm qoyması ölkəmizin gələcək sosial-iqtisadi təkamülündə dönüş nöqtəsi idi. Bu, cəmiyyətin həyatında təkamül prosesində taleyüklü dəyişikliklərin meydana gəlib genişlənməsi üçün zəmin yaratdı. Tarixi təcrübə göstərir ki, zəngin təbii və iqtisadi sərvətlərə malik olan ölkələrdə müstəqilliyin qorunub saxlanılması bəzən onun əldə edilməsindən daha çətin və mürəkkəbdir. Düşmən təcavüzünə məruz qalan və təcrübəsiz dövlət rəhbərləri tərəfindən idarə olunan Azərbaycanda bu, daha da çətin idi. Ölkəmiz yalnız dövlət müstəqilliyini itirmək təhlükəsi ilə deyil, eyni zamanda daxildən də parçalanmaq təhlükəsi ilə qarşı-qarşıya qalmışdı.

Belə bir acınacaqlı durumda olan ölkəni dirçəltmək, əlbəttə, asan deyildi.

Bir neçə onillikdən sonra Azərbaycanın siyasi tarixinin XX əsrin 90-cı illərinə nəzər salarkən düşünürsən, görəsən, Heydər Əliyevin siyasi rəqibləri niyə məğlub oldular? Çünki xalq yaxşını pisdən ayıraraq boşboğazların deyil, məhz Heydər Əliyevin arxasınca getdi.

Heydər Əliyev ona görə ümummilli liderə çevrildi ki, onun əxlaqi keyfiyyətləri ilə siyasətçi və mütəfəkkir istedadı birləşirdi. "Hakimiyyətə qarşı müxalifətdə olmaq olar, amma xalqına, vətəninə, onun yüksək əxlaqi keyfiyyətlərinə qarşı çıxmaq yolverilməzdir", - deyən ulu öndər dəfələrlə bu fikri öz əməllərində təsdiq etdi.

*  *  *

Azərbaycanda bütün sahələrdə olduğu kimi, sosial sferada da ümummilli lider Heydər Əliyevin hakimiyyətə gəlməsindən sonra köklü dəyişikliklər baş verib. Total böhran səviyyəsində olan ölkə vətəndaşlarının sosial müdafiəsinin yaxşılaşdırılması məqsədilə ulu öndər Heydər Əliyev 1994-cü ilin 15 iyun tarixində "Əhalinin sosial müdafiəsinin gücləndirilməsi və iqtisadiyyatın maliyyə vəziyyətinin sabitləşdirilməsi tədbirləri haqqında" fərman və bu fərmandan irəli gələn vəzifələrin daha səmərəli yerinə yetirilməsi üçün "Əhalinin sosial müdafiəsi sahəsində əlavə tədbirlər haqqında" növbəti sənəd imzalayıb. İnsanların sosial müdafiəsinin mükəmməl və etibarlı şəkildə təmin olunması üçün hüquqi bazanın daha da möhkəmləndirilməsi istiqamətində 1995-ci ildə ümummilli liderin birbaşa müəllifliyi ilə hazırlanmış Azərbaycan Respublikasının Konstitusiyası qəbul edilib. Həmin Konstitusiyanın 16-cı maddəsində deyilir ki, Azərbaycan dövləti xalqın və hər bir vətəndaşın rifahının yüksəldilməsinin, onun sosial müdafiəsinin və layiqli həyat səviyyəsinin qayğısına qalır.

Cəmiyyətin müxtəlif sferalarında sosial nəticələrin, sosial qərarların təhlili sosial problemlərin proqnozlaşdırılmasına, problemin meydana çıxmasının qabaqcadan müəyyənləşdirilməsinə əsas verir və onların həllini qismən asanlaşdırır. Bu elmi cəhət əsas götürülərək ilk növbədə respublikadakı sosial problemlərin başlıca dairəsi təyin edildi. Bundan sonra sosial sistemlərin mövcud cəmiyyətin tələblərinə uyğun vəziyyətinə nail olmaq üçün metod və vasitələr işlənib hazırlandı. Sosial qruplar, təşkilatlar, institutlar, dəyər və normativ sistemin elementləri öyrənildi. Azərbaycanda konkret dövr üçün birinci dərəcəli, həlli təxirəsalınmaz sosial məsələlər, sosial prioritetlər müəyyənləşdirildi.

Heydər Əliyevin bilavasitə rəhbərliyi ilə həyata keçirilmiş sosial siyasətdə əhalinin bütün təbəqələrinin ehtiyac və tələbatı nəzərə alındı və aztəminatlı ailələrin, uşaqların, qocaların sosial müdafiəsi məsələlərinə ümdə əhəmiyyət verildi. Əhalinin layiqli sosial müdafiəsini və yaşayış tərzini təmin etmək məqsədilə ölkədə genişmiqyaslı pensiya islahatları həyata keçirildi. Əlillərin və şəhid ailələrinin böyük bir qrupu dövlət vəsaiti hesabına mənzillərlə və minik maşınları ilə təmin edildi.

On bir illik prezidentlik dövrü... Bu illərin hər biri digərinə nə qədər bənzəyirsə, bir o qədər də fərqlənir. Bu gün iftixar hissi ilə demək olar ki, məhz ulu öndər Heydər Əliyev Azərbaycanı sosial kataklizmlərdən xilas edərək inkişaf yoluna çıxardı.

On iki il öncə dövlət rəhbəri kimi ulu öndərin qanunvericilik təşəbbüsü yolu ilə parlamentə təqdim etdiyi 2002-ci ilin büdcə qanunları paketində imtiyazların strukturlaşdırılması və ünvanlanması ilə bağlı layihənin qəbul edilməsi bu sahədə uğurlu yeniliklərin başlanğıcı oldu. Bu, dünya dövlətlərində öz nəticələrinə görə çox səmərə verən, özünü doğruldan bir xətdir.

Burada bir neçə məqam var. Birincisi, güzəştin fəlsəfəsi dəyişdi. Məsələn, əvvəllər elektrik enerjisinə görə güzəşt var idi, ancaq bunun həddi müəyyənləşməmişdi. Bu, abstrakt, bazar prinsiplərinə daban-dabana zidd olan məsələdir. Ümumiyyətlə, diferensiasiyanın olmaması sosial siyasətdə məntiqsizlik yaradan amillərdəndır. Ən düzgün addım bu güzəştlərin pul kompensasiyası ilə əvəzlənməsidir. Belə ki, bu zaman güzəştləri əvəz edən imtiyazlar strukturlaşdırılır və ünvanlaşdırılır. Yəni kompensasiyaların növü, məbləği və ünvanı dəqiqləşdirilir. Bunun nəticəsində də kompensasiyaların ünvanlarına çatdırılması mexanizmi daha da şəffaflaşır və buna ictimai nəzarətin təsiri artır. Bundan əlavə, orta aylıq əməkhaqlarının, pensiyaların və digər müavinətlərin artırılması fonunda daxili bazar qiymətlərinin sabit saxlanılması və hətta azaldılması nəticəsində əhalinin aztəminatlı hissəsinin sosial rifahının yüksəlməsi prosesi baş verir.

Bu islahatın nəticəsi olaraq sosial müdafiənin daha etibarlı olan mexanizminin yaradılması üçün "Dövlət sosial sığorta sistemində fərdi uçot haqqında" qanun, "Sosial sığorta haqqında" qanuna əlavə və dəyişikliklər qəbul olundu, onların tətbiqi mexanizmi barədə Prezident fərmanları imzalandı və həmin normativ hüquqi aktların uğurla tətbiqinə başlanıldı.

Səhiyyə sistemində aparılan islahatlar çərçivəsində bu istiqamətdə də hüquqi normativ baza yaradıldı. Milli Məclis tərəfindən qəbul olunan "Əhalinin sağlamlığının qorunması haqqında", "Əczaçılıq fəaliyyəti haqqında", "Özəl tibb fəaliyyəti haqqında", "Tibbi sığorta haqqında" və s. qanunlar artıq uğurla fəaliyyət göstərməkdədir.

Tarixi həqiqətlərin axarında zaman onu da təsdiq edir ki, ulu öndər Heydər Əliyevin bilavasitə xalqa xidmət edən çox düzgün, müdrik və uzunmüddətli siyasi kursunun bir bölümü də Azərbaycanın regionları, onun kəndləri ilə bağlıdır. Möhtərəm Prezident cənab İlham Əliyevin Azərbaycanın müxtəlif bölgələrinə səfərləri, sadə adamlarla görüşləri heç də təsadüfi xarakter daşımır.

Bu zaman istər rayon, istərsə də kənd əhalisinin sosial sifarişləri Prezident tərəfindən siyasi texnologiyalarda sınaqdan çıxmış "maraqların aqreqasiyası" metodu ilə dəqiq müəyyənləşdirilir və bu sahədə tədbirlər hazırlanılmasına rəvac verir.

Son on il ərzində Azərbaycanda 1 milyon 200 min yeni iş yeri açılmışdır ki, onlardan 900 mini daimi iş yeridir. Son on il ərzində yoxsulluqla bağlı tədbirlər gözəl nəticələrə gətirib çıxarmışdır. On il ərzində Azərbaycanda yoxsulluq təxminən 10 dəfə - 49 faizdən 5,5 faizədək azalmışdır. Bu, əlbəttə ki, iqtisadi islahatların uğurlu olmasından xəbər verir. Eyni zamanda, Azərbaycan sosial dövlət kimi öz sözünü demişdir.

Hörmətli Prezident dövlət başçısı kimi fəaliyyətə başladığı elə birinci aylarda "Regionların sosial-iqtisadi inkişafı" Dövlət Proqramı qəbul edildi. Burada ilk dəfə çox düzgün və konkret olaraq on bölgə müəyyənləşdirildi. Onların hər birində özünəxas coğrafi, iqlim, əmək şəraiti, istehsalat ənənələri, təbii ehtiyatlar və digər məziyyətlər nəzərə alınmaqla görüləcək işlərin proqramı təsdiq olundu.

Azərbaycan kəndi bundan sonra arxada qalan XX əsrin 70-ci illərinin intibah dövrünün dirçələn həyatını, elə bil yenidən daha yüksək keyfiyyətlə yaşamağa başladı. Bu proqramın həyata keçirilməsi ilə bağlı onlarca normativ hüquqi akt qəbul olundu. İcra strukturları daha dəqiq və konkret iş planları müəyyənləşdirdilər, maliyyə orqanları və kredit təşkilatları kəndə vəsait ayrılmasına üstünlük verdilər. Bölgələrdə quraşdırılan modul elektrik stansiyaları, ən ucqar dağ rayonlarına belə yeni asfalt örtüklü yolların çəkilməsi regionlarda əhalinin rifahının daha da yaxşılaşdırılmasına xidmət edir.

Rayondaxili və kəndarası yolların çəkilməsi və təmiri burada yaşayanları doğma yurdlarına daha möhkəm bağlayır. Statistik məlumatlara görə, son illərdə miqrasiyanın şəhərə axın tendensiyası azalmışdır. Sevindirici haldır ki, ölkə Prezidenti müəyyənləşdirdiyi proqramların həyata keçirilməsinə bilavasitə özü nəzarət edir, ən ucqar rayonlarda belə dəfələrlə olur, kənd əhalisinin qaldırdığı bütün problemlərin həlli üçün yerindəcə, operativ tapşırıqlar verir.

Müşahidələrimiz və elmi təhlillər bir daha onu göstərir ki, ümummilli lider Heydər Əliyevin regional siyasəti ölkə daxilində sosial müdafiənin və sosial təhlükəsizliyin təmin olunmasında ən vacib şərtlərdən biri kimi qalmaqdadır. İndi möhtərəm Prezident cənab İlham Əliyev həmin siyasətin varislik və davamlılıq prinsiplərini fəaliyyətinin baş xətti kimi ardıcıl olaraq daha da təkmilləşdirir.

"Yeniləşən Azərbaycana yeni məktəb" Proqramı ilə hazırda bölgələrdə çox müasir, kompyuterlərlə təchiz edilən ümumtəhsil tədris ocaqları tikilib istifadəyə verildi. Regionlarda yüksək tələblərə cavab verən idman qurğuları, olimpiya kompleksləri ucaldılıb, müasir tibbi avadanlıqlarla təchiz olunmuş diaqnostika mərkəzləri inşa edilərək əhalinin istifadəsinə verilib.

Bu gün Azərbaycan kəndi büsbütün simasını dəyişib. Şəhərlə kənd arasındakı fərq, demək olar ki, aradan götürülüb. Adamlar inanır ki, sosial transformasiya prosesləri bundan sonra  daha geniş vüsət alacaq və inkişaf edəcək. Bu onun nəticəsidir ki, ulu öndər Heydər Əliyevin mayasını qoyduğu dövlət strategiyası gələcəkdə hallalığa, düzlüyə, safliğa köklənib. Bu isə Azərbaycan vətəndaşlarının xoşbəxt rifahı, rahat yaşayışı və doğma vətənə sədaqəti deməkdir.

Modern dövlət quruculuğunda sosial məsələlər önəmli yer tutur. Bu gün nəinki bölgənin, hətta dünyanın ən aparıcı ölkəsinə çevrilmək iddiasını ortaya qoyan Azərbaycan bu niyyətini gerçəkləşdirmək üçün siyasi, sosial və iqtisadi prioritetləri tam olaraq yarada bilib. Daha doğrusu, ötən illər ərzində ölkəmiz iqtisadi qüdrətini hərbi, sosial və mədəni gücə çevirməyi bacarıb. Nəticə isə çox qürurvericidir: Prezident İlham Əliyevin rəhbərliyi ilə dünyada nümunə göstəriləcək bir inkişaf modeli formalaşıb. Bu, modern Azərbaycan dövləti modelidir.

Modern dövlət quruculuğu yolunda inamlı addımlar atan Azərbaycanda sosial müdafiə başlıca yer tutur. Sosial müdafiədə ünvanlılıq baş xətdir və belə bir əhəmiyyətli sosial kursun təməlini ulu öndər Heydər Əliyev qoymuşdur. Məhz bu böyük insanın şəxsiyyəti və xarizması sayəsində adətən çox ağrılı və əziyyətli olan bu transformasiya-keçid proseslərini Azərbaycan çox ehtiyatlı və ağrısız başa çatdıra bilmişdir. Prezident İlham Əliyevin modern sosial siyasətinin qloballığı və əhəmiyyətliyi ondadır ki, onun mövcud istiqamətləri var. Belə ki, sosial müdafiənin elementi olan müavinət sistemindən sığorta sistemi ayrıldı. Prezidentin modern sosial siyasətində ikinci mühüm addım regionlarla idarəetmədir. Bu gün Azərbaycanda regionların sosial-iqtisadi inkişaf proqramları mövcuddur. Məhz regionlardakı infrastrukturların bərpası vasitəsilə əmək ehtiyatlarının üzə çıxarılmasını və nəticə etibarilə əhalinin sosial müdafiəsini təmin edən, onların kəndlərdən şəhərə axınını minimuma endirən bir neçə dövlət proqramı həyata keçirilib. Xüsusən pul-kredit vasitəsinin regionlara yönəldilməsi sahibkarlığın inkişafı üçün münbit şərait yaradır. Cənab İlham Əliyevin sosial müdafiənin ayrı-ayrı sahələrini dəqiq dövlət proqramları ilə inkişaf etdirməsidir. Məsələn, şəkərli diabetə qarşı mübarizəyə, gənc ailənin müdafiəsinə, qaçqın və məcburi köçkünlərin sosial müdafiəsinə və bu kimi onlarca sosial sahəyə dair proqramlar mövcuddur və onlar uğurla icra olunur. Burada hər bir proqram konkret sahəni öyrənir, oradakı problemlər araşdırılır və həlli üçün maliyyə vəsaiti ayrılır. Nəticədə konkretlilik və səmərəlilik özünü büruzə verir. Prezident İlham Əliyevin modern dövlət modelində sosial siyasətin beşinci istiqaməti qeyri-hökumət təşkilatlarının timsalında cəmiyyətin sosial müdafiəyə cəlb olunmasıdır. Bunun fonunda ən böyük aparıcı qeyri-hökumət təşkilatı olan Heydər Əliyev Fondu artıq dünya miqyasına çıxıb və xeyriyyəçiliklə, sosial müdafiənin təşkili ilə məşğul olur. İlham Əliyevin sosial siyasətinin digər bir önəmli istiqaməti milli mənəvi dəyərlərə hörmət göstərilməsi və insanlarda xeyriyyəçilik ruhunun, humanistliyin tərbiyə olunmasıdır. Bu mənada muğam mərkəzlərinin, dini abidələrin bərpası və yenilərinin tikilməsi, həmçinin cənab Prezidentin dini tədbirlərdə iştirakı əhəmiyyətli hadisələrdir. Bu gün ulu öndər Heydər Əliyev tərəfindən yaradılmış müasir və modern dövlət modeli möhtərəm Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir.

İlham Əliyevin 2003-cü ildən başlanan prezidentlik fəaliyyətilə Azərbaycan Respublikasının sosial-iqtisadi, siyasi və mədəni inkişafında yeni nailiyyətlər əldə olundu. Cənab İlham Əliyevin dövründə əsası Heydər Əliyev tərəfindən qoyulmuş mütərəqqi sosial islahatlar davam etdirilmiş və daha da dərinləşdirilmişdir. İlham Əliyevin rəhbərliyi ilə əmək münasibətlərinin tənzimlənməsi sahəsində ciddi tədbirlər hazırlanıb həyata keçirilmişdir. Onların içərisində minimum aylıq əməkhaqqının mütəmadi olaraq artırılması qeyd oluna bilər. Müasir Azərbaycan dövlətinin memarı və qurucusu, xalqının və dövlətinin müstəqilliyi, inkişafı naminə böyük və əvəzedilməz işlər görmüş, bununla da tarixi proseslərə təsir göstərmiş, hər zaman qürur hissi ilə xatırlayacağımız dahi şəxsiyyət Heydər Əliyev xalqının və dövlətinin milli mənafeyini hər şeydən uca tutan rəhbər idi. Bu gün ulu öndərin ideyalarını uğurla həyata keçirən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev xalqımızı gələcəyə doğru inamla aparır.

Sosial siyasət sahəsində ən mühüm addımlardan biri sosial yardım sisteminin dünya təcrübəsinə uyğunlaşdırılması olmuşdur. Belə ki, 2006-cı il iyul ayından ünvanlı sosial yardım sisteminin tətbiqinə başlanıb. Sığorta-pensiya sisteminin dövlət sosial yardım sistemindən ayrılması və sosial pensiyaların müavinətlərlə əvəz edilməsi də yeniliklərdəndir. Azərbaycan Respublikasında vahid sığorta-pensiya sistemi pensiyaçıların sosial müdafiəsini daha da gücləndirmişdir.

Azərbaycan Respublikası Milli Məclisində sosial siyasət xəttinə uyğun olaraq qanun yaradıcılığı prosesi də davam etdirilmiş, "Dərman vasitələri haqqında", "Penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş şəxslərin sosial adaptasiyası haqqında" qanunlar qəbul edilmişdir. Bununla birgə, Azərbaycan Respublikasının Əmək və Ailə məcəllələrinə, "Gənclər siyasəti haqqında", "Sosial sığorta haqqında", "Əmək pensiyaları haqqında", "Sosial müavinətlər haqqında" və başqa qanunlara dəyişikliklər və əlavələr olunmuşdur. Sosialyönümlü bazar iqtisadiyyatı bir tərəfdən iqtisadi azadlığın, digər tərəfdən sosial dövlət ideyası ilə əlaqədar sosial müdafiə və sosial ədalət ideyalarının vəhdətinə əsaslanır. Bu modelin əsas cəhəti isə onun güclü sosial siyasət sisteminə malik olmasıdır. Bu siyasət əhalinin gəlirləri arasında mövcud olan fərqləri minimuma endirmək məqsədilə dövlətin həyata keçirdiyi yenidən bölgü prinsipini, sosial müdafiə və sosial sığorta sisteminin inkişaf etdirilməsini, minimum yaşayış həddinə təminatın mövcudluğunu və digər zəruri tədbirləri nəzərdə tutur. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə respublikamızın həyatının bütün sahələrində davam etdirilən sürətli islahatlar insanlarımızın sosial müdafiəsini gücləndirməyə geniş imkanlar yaradıb, ölkəmizdə aztəminatlı əhalinin sosial müdafiəsi sahəsində yeni bir sistem formalaşıb. Dövlət rəhbərinin sədri olduğu YAP-ın platformasında ölkənin sosial siyasətinin mahiyyəti dolğun şəkildə əksini tapmışdır: YAP-ın sosial siyasət sahəsində strateji inkişaf proqramının qarşısında insana qayğı, onun maddi və mənəvi tələbatlarının ödənilməsi üçün zəruri şəraitin yaradılması, sosial ədalət prinsipinin daim qorunması və müxtəlif sosial qruplar arasında kəskin təbəqələşmənin yumşaldılması durur". Ulu öndər Heydər Əliyevin rəhbərliyi, YAP-ın fəal iştirakı ilə hazırlanaraq 1995-ci ilin noyabrında ümumxalq səsverməsi yolu ilə qəbul edilmiş Azərbaycan Konstitusiyasında milli iqtisadi inkişaf modelinin əsas prioritetləri hüquqi kontekstdən göstərilmiş, insanların firavan yaşayışının təmin edilməsi dövlətin ali məqsədi kimi təsbit edilmişdir. Konstitusiyada mülkiyyətin çoxnövlüyü, təbii sərvətlərin xalqa məxsusluğu, habelə hər bir vətəndaşın sosial təminat, əmək, azad sahibkarlıq, mülkiyyət, mənzil toxunulmazlığı və s. hüquqları, habelə dövlətin üzərinə götürdüyü iqtisadi öhdəliklər əksini tapmışdır. Əsas Qanunun 16-cı maddəsinin I hissəsində göstərilir ki, "Azərbaycan dövləti xalqın və hər bir vətəndaşın rifahının yüksəldilməsi, onun sosial müdafiəsi və layiqli həyat səviyyəsi qayğısına qalır". Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondu hər il qaçqın və məcburi köçkün uşaqları üçün Yeni il hədiyyələri ayırır, Novruz bayramında xüsusi şənliklər təşkil edir. Yeni tədris ilinin başlanğıcında "Təhsilə dəstək" layihəsi üzrə Heydər Əliyev Fondunun qaçqın və məcburi köçkün ailələrindən olan birinci sinif şagirdlərini məktəb ləvazimatları ilə təmin etməsi də ənənə halını alıb. 2012-2013-cü tədris ilində 15 min birinci sinif şagirdi bu imkandan yararlanıb. Mehriban Əliyevanın təşəbbüsü ilə hər il Heydər Əliyev Fondunun əməkdaşları qocalar evlərində ahıllara baş çəkir, Novruz bayramında iftar süfrələri açılır. Bu xeyirxahlığın sərhədləri indi ölkəmizin hüdudlarını aşıb və bununla bağlı bir çox nümunələr qeyd etmək olar.

Azərbaycanın birinci xanımının təşəbbüsü və Heydər Əliyev Fondunun dəstəyi ilə ölkəmizdə tikilən məktəblərin və təmir edilən uşaq evlərinin sayı xüsusilə diqqət çəkir. Son 5-6 ildə Heydər Əliyev Fondu tərəfindən Azərbaycanda 400-dən çox məktəb və uşaq bağçası tikilib. Mehriban Əliyevanın təşəbbüsü ilə Heydər Əliyev Fondu tərəfindən həyata keçirilən uşaq evlərinin və internat məktəblərinin inkişafı proqramı çərçivəsində respublikada uşaq müəssisələri əsaslı təmir olunaraq yeni avadanlıqlarla təchiz edilir. Bu, respublikamızda mərhəmət və xeyriyyəçilik fəaliyyəti baxımından örnək olacaq nümunələr sırasındadır. Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın Azərbaycan xalqının milli mədəniyyətinin inkişafında, mənəvi dəyərlər sisteminin qorunmasında, cəmiyyətə sağlam dəyərlərin aşılanmasında, milli həqiqətlərimizin dünyaya çatdırılmasında, o cümlədən cəmiyyətdə könüllü sosial müdafiə, xeyriyyəçilik ənənələrinin möhkəmlənməsində müstəsna xidmətləri var. Mehriban xanım Əliyevanın milli mənəvi dəyərlərimizə göstərdiyi diqqət birbaşa Müqəddəs Kitabımızın bəşər övladına təlqin etdiyi keyfiyyətlərlə tamamlanır. Onun yorulmadan şəhid ailələrinin, kimsəsizlərin, xəstələrin, fiziki qüsuru olan şəxslərin qayğısına qalması həm də müsəlman xanımının necə yüksək insani keyfiyyətlərə malik olmasını bütün dünyaya göstərir. Mehriban xanım Əliyeva həm də UNESCO-nun və İSESCO-nun xoşməramlı səfiri kimi şərəfli bir missiyanı yerinə yetirir. Xoşməramlı səfirlər özlərinin nüfuz və təsir imkanlarından istifadə edərək bütün dünyada təmsil etdikləri qurumun ideyalarını dəstəkləyərək geniş təbliğ edir, həyata keçirilən layihə və proqramlara öz töhfələrini verirlər. UNESCO-nun xoşməramlı səfirləri dünyada savadsızlığın azaldılması və digər əhəmiyyətli kampaniyalarda da yaxından iştirak edirlər. Xoşməramlı səfir və Heydər Əliyev Fondunun prezidenti kimi bu məsələlərə böyük diqqət yetirən Mehriban xanım Əliyeva bütün dünyada çox böyük nüfuza malikdir. İstər ölkə daxilində, istərsə də beynəlxalq görüşlərdə, müxtəlif tədbirlərdə hər kəsə qarşı ləyaqətlilik və təmkinlilik cənab İlham Əliyevin rəhbər obrazını tamamlayan keyfiyyətlərdəndir. Bu keyfiyyətlər özünü xüsusilə də geniş xalq kütlələri ilə görüşdə, xalqın taleyi ilə bağlı hər hansı bir məsələyə operativ və obyektiv münasibət bildirməsində daha çox göstərir. Şəxsiyyətin rifahının və bütövlükdə cəmiyyətin çiçəklənməsinin təmin olunduğu sosial dövlət bəşəriyyətin tarixi inkişafının indiki mərhələsində dövlət quruculuğu və humanist insani dəyərlərin həyata keçirilməsi sahəsində sivilizasiyanın ən yüksək nailiyyətidir. Tam cəsarətlə demək olar ki, Azərbaycan dövlətinin sosial siyasətinin də başlıca təyinatı cəmiyyətin üzvlərinin maddi, mədəni və mənəvi cəhətdən tam təmin olunması, onların hərtərəfli və harmonik inkişafının formalaşdırılmasıdır. Bu məsələdə hakimiyyətin kollektiv subyekti, hakimiyyətin mənbəyi olan xalq ölkədə həyata keçirilən dövlət sosial siyasətinin səmərəliliyini, nəticələrini və cəmiyyətə faydasını dəyərləndirən ən ədalətli hakimdir.

Ölkənin iqtisadi inkişafından, neft strategiyasının səmərəli nəticələrindən əldə edilən dividendlər insanların sosial problemlərinin həllinə, vətəndaşların həyat səviyyəsinin yaxşılaşdırılmasına yönəldilir. Bu istiqamətdə görülən müsbət işlər deməyə əsas verir ki, Azərbaycan vətəndaşlarının sosial rifah halı qarşıdakı illərdə daha da yaxşılaşacaq.

Öz prezidentlik fəaliyyətində daim xalqa söykənən, onun yüksək etimadına arxalanan dövlət başçısı tərəfindən qəbul edilən bütün qərarlar cəmiyyət tərəfindən təqdir olunur və yüksək qiymətləndirilir. Ölkəyə rəhbərliyi dövründə - 2003-cü ildən bu günə kimi cənab Prezident xalqın etimadını tam doğrultmuşdur. İctimai rəy göstərir ki, bu günə kimi Azərbaycanın inkişafı ilə bağlı həyata keçirilən siyasət və sistemli tədbirlər qarşıdan gələn dövrdə də davam etdirilməli, 10 illik perspektivə hesablanmış "Azərbaycan 2020: gələcəyə baxış" İnkişaf Konsepsiyasının reallaşdırılması təmin olunmalıdır. Bu reallıqları nəzərə alaraq birmənalı şəkildə demək olar ki, qarşıdan gələn illərdə də Azərbaycan xalqı Prezident İlham Əliyevin rəhbərliyi ilə yeni zəfərlərə doğru addımlamaqda davam edəcək.

 

Hüseynbala MİRƏLƏMOV,

Milli Məclisin deputatı, YAP Xətai rayon təşkilatının sədri

Azərbaycan.-2014.- 7 may.-S.9.