Milli iqtisadi inkişaf konsepsiyasının banisi

 

Hər bir müstəqil dövlətin yaranmasına doğru uzanan mürəkkəb və ziddiyyətli ictimai-siyasi proseslərin mərkəzində lider və şəxsiyyət amili dayanır. Milli inkişaf yolunu müəyyənləşdirən belə liderlər həm də irs-varislik ənənələri formalaşdıraraq böyük müdrikliklə irəli sürdükləri mütərəqqi ideyaların davamlılığını təmin edirlər. Müstəqil Azərbaycanın milli inkişaf modelinin banisi, ulu öndər Heydər Əliyev də təkamülə əsaslanan tərəqqi yolunun alternativsizliyini real əməli nəticələrlə sübuta yetirməklə bərabər, dövlətçiliyin iqtisadi, siyasi, hüquqi və ideoloji əsaslarını elmi prinsiplər əsasında müəyyənləşdirmişdir.

Müstəqil Azərbaycanın ötən 20 ildən çox müddətdə sosial-iqtisadi sahədə qazandığı böyük uğurlar ümummilli lider Heydər Əliyevin hələ ötən əsrin 70-80-ci illərində böyük müdrikliklə formalaşdırdığı iqtisadi resurslardan, sənaye və istehsal potensialından qaynaqlanır. 1969-cu il iyulun 14-də Azərbaycanda siyasi rəhbərliyə irəli çəkilən Heydər Əliyev keçmiş ittifaqın iqtisadiyyatı üçün əlverişli xammal bazasına çevrilmiş Azərbaycanın yeni inkişaf strategiyasını işləyib həyata keçirmişdir. Bunun nəticəsi kimi bir sıra əsas göstəricilər üzrə geridə qalmış Azərbaycan qısa müddətdə inkişafının yeni mərhələsinə qədəm qoyaraq tez bir zamanda keçmiş ittifaqın qabaqcıl respublikalarından birinə çevrilmiş, milli gəlir səviyyəsini əhəmiyyətli dərəcədə artıra bilmişdir. Həmin illərdə Bakıda, Sumqayıtda, Gəncədə və digər şəhərlərdə inşa olunan iri müəssisələr bugünün özündə də milli iqtisadiyyatımızın güclü sənaye kompleksinin formalaşmasına zəmin yaradan möhkəm təməldir. Yeri gəlmişkən 1963-cü ildən fəaliyyətdə olan Sumqayıt şüşə zavodunun intibah dövrü də məhz ümummilli liderin birinci rəhbərlik dövrünə təsadüf edir. Heydər Əliyev hələ o dövrdən bu müəssisənin problemlərini diqqət mərkəzində saxlamış, onun inkişafı, yüksək səviyyədə məhsul istehsalı üçün lazımi köməyi əsirgəməmişdir.

Həmin dövrün statistik məlumatları da təsdiqləyir ki, Heydər Əliyev dühasının gərgin əməyi, qətiyyəti, fitri idarəçilik qabiliyyəti, vətənpərvərliyi sayəsində Azərbaycan keçmiş ittifaqın geridə qalmış əyalətindən bütün sahələrdə sürətlə inkişaf edən, yüksələn, özünü iqtisadi cəhətdən təmin edən qabaqcıl respublikaya çevrilmişdi. 1969-1982-ci illərdə xalq təsərrüfatının artım sürəti orta ittifaq səviyyəsini xeyli qabaqlamış, istehsal edilən milli gəlir 2,6, sənaye məhsulunun həcmi 2,7, kənd təsərrüfatı məhsulları 2,3 dəfə artmışdı. 15 il ərzində miqyasına görə respublikamızda bütün keçmiş tarixi boyu yaradılmış potensialla müqayisə edilə biləcək güclü sənaye potensialı yaradılmışdı.

Azərbaycan Prezidenti İlham Əliyevin də bəyan etdiyi kimi, əgər 70-ci illərdə Azərbaycanın təkmil neft sənaye kompleksi formalaşmasaydı müstəqillik dövründə yeni neft strategiyasını uğurla həyata keçirmək də çətin olacaqdı. Keçmiş imperiya daxilində hansı qlobal proseslərin getdiyini daha dərindən müşahidə etmək imkanına malik olan Heydər Əliyev Azərbaycanın nə vaxtsa müstəqillik əldə edəcəyini öncədən görərək bunun üçün iqtisadi-siyasi, intellektual baza formalaşdırmışdır. Həmin illərdə ulu öndər milli kadr hazırlığına da xüsusi diqqətlə yanaşmış, dövlət idarəçiliyində azərbaycanlıların sayı artmış, onların xaricdə təhsil almasına yaxşı imkanlar yaranmışdır. Məhz o dövrdə xaricdə yüksək təhsil almış kadrlar bu gün də dövlət quruculuğu prosesinə öz töhfələrini verirlər.

Məhz həmin illərdə formalaşdırılmış böyük iqtisadi potensial 90-cı illərin sonlarına doğru dünyada cərəyan edən mürəkkəb proseslərin nəticəsi kimi istiqlaliyyət qazanmış Azərbaycanın sonrakı mərhələdə müstəqil yaşamasını təmin etmişdir. Müdrik xalqımızın XX əsrdə dünya siyasi arenasına bəxş etdiyi nadir şəxsiyyət kimi ümummilli liderlik zirvəsinə ucalmış Heydər Əliyev bu gün həm də müstəqil respublkamızın milli inkişaf modelinin banisi kimi böyük ehtiram və rəğbətlə xatırlanır. Heydər Əliyev özünün dərin iqtisadi bilik və təcrübəsi əsasında Azərbaycanın yeni dövr üçün iqtisadi inkişaf prioritetlərini müəyyənləşdirmiş, bu sahədə mövcud problemlərin həlli yollarını elmi-nəzəri və praktiki əsasda göstərmişdir. Ümummilli lider mərkəzi planlaşdırma və bölgü prinsiplərinin hakim olduğu bir ictimai-iqtisadi formasiyadan azad bazar iqtisadiyyatına optimal keçid modelini irəli sürərək onun həyata keçirilməsinə çalışmışdır. İqtisadi sahədə həyata keçirilən islahatların əsasında bazar iqtisadiyyatının formalaşdırılması yolu ilə ümumi daxili məhsul istehsalını artırmaq, qeyri-neft sektorunun sürətli inkişafını təmin etmək məqsədi dayanmışdır.

Həmin dövrdə respublikanın məhdud maliyyə imkanları və zəif büdcəsi ilə qarşıya qoyulmuş strateji məqsədlərin yaxın gələcəkdə reallaşdırılmasının qeyri-mümkünlüyünü nəzərə alan, sosial-iqtisadi inkişaf prosesində xarici kapital və sərmayə amilinin təkanverici rolunu düzgün olaraq önə çəkən Heydər Əliyev xarici şirkətlər ilə Xəzərin Azərbaycan sektorundakı zəngin neft ehtiyatlarının mənimsənilməsini nəzərdə tutan müqavilələrin imzalanmasına da vacib məsələ kimi yanaşmışdır. İqtisadi inkişafın sürətləndirilməsinin, səmərəli sosial-iqtisadi islahatlar aparılmasının, investisiya layihələrinin həyata keçirilməsinin ümdə şərti kimi müstəqil Azərbaycanın yeni neft strategiyası işlənib hazırlamış, 1994-cü ildən etibarən mərhələlərlə həyata keçirilmiş, ümumilikdə bu sektora 50 milyard dollar civarında xarici sərmayə yönəldilmişdir.    

Böyük müdriklik və dərin elmi əsaslarla müəyyənləşdirilmiş iqtisadi inkişaf konsepsiyasının əsasını isə üç mərhələdə həyata keçirilməsi nəzərdə tutulan islahatlar təşkil etmişdir: birinci mərhələdə güclü dövlət tənzimlənməsi ilə böhrandan çıxmaq, ikinci mərhələdə iqtisadiyyatın sabitliyini təmin etmək, üçüncü mərhələdə isə  iqtisadi dirçəlişə nail olmaq. Hər bir mərhələyə uyğun həyata keçirilən iqtisadi islahatlar nəticəsində 1996-cı ildə respublika iqtisadiyyatında sabitlik təmin edilmiş, 1997-ci ildən sosial-iqtisadi inkişafda müsbət meyillər özünü göstərməyə başlamışdır.

Ümummilli lider Heydər Əliyev respublika iqtisadiyyatındakı tənəzzül prosesinin və hiperinflyasiyanın qarşısını almaq, makroiqtisadi sabitliyə nail olmaq üçün ilkin mərhələdə sərt büdcə-kredit siyasətinə üstünlük vermiş, hökumətin çevikliyini, işləkliyini təmin etmək üçün yeni dövrün tələblərinə uyğun struktur islahatlarına start vermiş, habelə özəlləşdirmənin həyata keçirilməsi istiqamətində qətiyyətli qərarlar qəbul etmişdir.

Ümummilli lider respublika iqtisadiyyatının keyfiyyətcə yeni mərhələsində məhz özəl sektoru sosial-iqtisadi inkişafın başlıca təminatçısı kimi dəyərləndirmiş, güclü sahibkarlar təbəqəsinin formalaşmasına, onların cəmiyyətdəki mövqelərinin güclənməsinə çalışmışdır. 1997-2003-ci illərdə respublikada sahibkarlığın inkişafı üçün zəruri maliyyə təminatı yaradılmış, süni maneələrin aradan qaldırılması üçün mükəmməl qanunvericilik bazası formalaşdırılmış, fəaliyyətin bu növü ilə məşğul olanların hərtərəfli stimullaşdırılması məsələsi diqqət mərkəzində saxlanılmışdır. İnvestisiyaların təşviqi üçün respublikada daha münbit şərait yaratmaq, daxili və xarici sərmayəni stimullaşdıran səmərəli metodlardan istifadə etmək, xarici kapital qoyuluşunun başlıca istiqamətini regionların, qeyri-neft sektorunun inkişafına yönəltmək, habelə maddiləşən işgüzar fəallığı gücləndirmək üçün kompleks tədbirlər həyata keçirilmişdir.

Ulu öndər Heydər Əliyevin uzun illər diqqət yetirdiyi əsas məsələlərdən biri də neft gəlirlərindən düzgün istifadə etmək, "Holland sindromu"na imkan verməməkdən ibarət olmuşdur. "Neft təkcə indiki deyil, həm də gələcək nəsillərə mənsubdur" - deyən ümummilli lider iqtisadiyyatın birqütblü inkişafının yolverilməzliyini daim vurğulamaqla yanaşı, istehsal sahibkarlığının geniş vüsət almasına, fəaliyyətini dayandırmış bir sıra iri müəssisələrin işə salınmasına, bir sözlə, qeyri-neft sektorunun inkişafına xüsusi diqqət ayırmışdır. Neftdən qazanılan gəlirlərin indiki və gələcək nəsillərin mənafeyi naminə düzgün istifadə olunması üçün zəruri tədbirlər həyata keçirilmiş, Dövlət Neft Fondunun yaradılması bu istiqamətdə olduqca mühüm addım olmuşdur.

Torpaq islahatları ilə başlayan aqrar islahatları daha da dərinləşdirmək, onun ikinci mərhələsinə keçidi təmin etmək, kəndli-fermer təsərrüfatlarının bazar iqtisadiyyatı prinsiplərinə cavab verən, keyfiyyətcə yeni forma, prinsiplər və qaydalara əsaslanan, müasir tipli fermer sahələrini yaratmaq məqsədilə ciddi addımlar atılmışdır. Texniki servis mərkəzləri yaratmaq, fermerlərin maliyyə problemlərinin güzəştli kreditlərlə həllinə kömək etmək, bir sözlə iqtisadi inkişafda, ÜDM istehsalında aqrar sektorun payının artımına nail olmaq üçün zəruri tədbirlər həyata keçirilmişdir. Ulu öndər aqrar sektorda sürətli islahatların aparılmasına mühüm diqqət yetirərək torpağı əsl sahibinə - kəndlilərə qaytarmağa nail olmuş, bu sahəni bir sıra vergilərdən azad etməklə nümunəvi fermer təsərrüfatlarının formalaşmasına əsaslı dəstək vermişdir. Görülən işlərin nəticəsi kimi özəl sektorun milli iqtisadiyyatdakı xüsusi çəkisi 1996-cı ildəki 29 faizdən 2003-cü ildə 75 faizə yüksəlmişdir.

Bütün bunlar ona gətirib çıxarmışdır ki, ölkədə aparılan müstəqil dövlət quruculuğu prosesində iqtisadi islahatların və inkişafın mahiyyət etibarilə yeni bir modeli - Azərbaycan modeli formalaşmışdır. Bu modelin fərqləndirici xüsusiyyətini isə inkişaf üzrə müəyyən olunmuş istiqamətlərin sahəvi proqramlarla əlaqələndirilməsi, iqtisadi inkişafın obyektiv qanunauyğunluqlarını nəzərə alan, gələcəyə hesablanan və cəsarətli qərarların qəbul olunması, sosialyönümlülüyün gözlənilməsi, milli mentalitetin nəzərə alınması və mütərəqqi dünya təcrübəsinə arxalanması təşkil etmişdir.

Heydər Əliyev siyasi kursunun ən layiqli davamçısı kimi 2003-cü ildə xalqın böyük dəstəyi ilə Azərbaycan Prezidenti seçilən İlham Əliyevin ötən illərdəki çoxşaxəli fəaliyyətinin qayəsində də məhz milli ideyaların gerçəkləşdirilməsi dayanmışdır. Dövlət başçısı ulu öndər Heydər Əliyevin irəli sürdüyü inkişaf strategiyasını inamla davam etdirməklə yanaşı, yeni dövrün tələblərinə uyğun zənginləşdirmiş, sosial-iqtisadi islahatlarla demokratikləşmə proseslərinin paralel şəkildə aparılmasına, birinin digərini tamamlamasına çalışmışdır. Cənab İlham Əliyevin prezidentliyi dövründə məhz bu postulat əsas götürülmüş, iqtisadiyyat həyata keçirilən çoxşaxəli islahatların əsas ağırlıq mərkəzini, nüvəsini təşkil etmişdir. Praqmatik liderlik keyfiyyətlərinə malik İlham Əliyev keyfiyyətcə yeni mərhələdə Azərbaycanın müasir dövlətə çevrilməsini və tam müstəqil siyasət yürütməsini milli ideyanın başlıca hədəfi kimi müəyyənləşdirmişdir.

İqtisadi məsələlərə xüsusi diqqətin ayrılması da əsaslı yanaşma olaraq dövlət müstəqilliyinin iqtisadi bazasını möhkəmlətmək, cəmiyyətin davamlı inkişafı üçün zəmin hazırlamaq məqsədindən irəli gəlmişdir. Ötən illərdə respublika iqtisadiyyatında islahatlar kursu inamla davam etdirilmiş, xüsusən də regional inkişafa, qeyri-neft sektorunun yüksəlişinə, infrastrukturun müasirləşdirilməsinə, neft amilindən asılılığın azaldılmasına, sahibkarlığın inkişafına və güclü insan kapitalının formalaşdırılmasına xidmət edən mühüm addımlar atılmışdır.

Hər bir ölkənin davamlı inkişaf və tərəqqisi yüksək idarəçilik keyfiyyətlərinə malik rəhbərlə qarşıda duran vəzifələrin məsuliyyətini dərk edən və səylə çalışan hökumətin səmərəli fəaliyyəti sayəsində mümkün olur. Dəqiq sosial-iqtisadi strategiya əsasında qarşıda duran hədəfləri düzgün müəyyənləşdirən liderlər həm də ümumilikdə cəmiyyəti inkişafa yönəlik məqsədləri gerçəkləşdirməyə nail olurlar. Bu mənada dövlət başçısı İlham Əliyevin 10 illik prezidentliyinin ən uğurlu göstəricisi Azərbaycanın 2009-cu ildə iqtisadi sahədə keçid dövrünü uğurla başa vurmasıdır. Azərbaycan bu prosesdə hansısa dövlətin təcrübəsini heç də olduğu kimi tətbiq etməmiş, milli xüsusiyyətləri, siyasi və iqtisadi özəllikləri, sosial-demoqrafik amilləri nəzərə almışdır. Tam əminliklə deyə bilərik ki, son zamanlar Azərbaycanın davamlı inkişafı və tərəqqisi yolunda əldə olunan nailiyyətlər xalqın və dövlətin təminatlı gələcəyinə etibarlı zəmin yaratmışdır.

İdarəetmədə liderin davranışları, şəxsi keyfiyyətləri ümumən hakimiyyət komandasının da iş üslubuna təsir göstərən amillərdən biridir. Prezidentlik fəaliyyətinin ilk günlərindən "Əsl siyasət konkret, real iş görməkdən ibarətdir" devizini irəli sürmüş Prezident İlham Əliyev xalqa layiqli xidməti dövlət məmurları qarşısında mühüm vəzifələrdən biri kimi müəyyənləşdirmişdir. Ölkə başçısının tapşırıqları əsasında son illər ayrı-ayrı nazirlərin, komitə sədrlərinin yerlərdə ictimaiyyətin nümayəndələri ilə səyyar görüşlər keçirmələri, onların qayğı və problemləri ilə yaxından maraqlanmaları təkcə funksional mahiyyət daşımır, eyni zamanda ictimai münasibətlər sisteminin sivil məcrada tənzimlənməsinə, vətəndaş-məmur münasibətlərindəki psixoloji sədlərin, ziddiyyətlərin aradan qaldırılmasına, ictimai münasibətlərin profilaktikasına xidmət edir.

Məqsəd həm də funksiyaların idarəedilməsi nəzəriyyəsini praktik surətdə tətbiq edərək cəmiyyətin mənəvi-əxlaqi dəyərlər sisteminin ayrılmaz tərkib hissəsinə çevirməkdir. Görkəmli islam alimi Məhəmməd Əl-Qəzalı yazır ki, funksiyanın idarə edilməsi, ilk növbədə insanın özünü idarə edə bilmək mədəniyyətindən asılıdır. Xüsusən də ictimai fəal şəxsin - dövlət məmurunun, eləcə də sahibkarın təvazökarlığı, məsuliyyəti, yaradıcı təşəbbüskarlığı, tamah, qəzəb, qisas, hiylə və digər mənfi keyfiyyətlərdən uzaq olması son dərəcə vacibdir.

Dövlət başçısı 2013-cü ilin avqust ayında İsmayıllı rayonuna səfəri zamanı demişdir: "...Bir daha demək istəyirəm - mütləq Vətənə sədaqət, xalqa sədaqət, xalqa xidmət etmək lazımdır. Hər bir vəzifə sahibi bilməlidir ki, o, xalqa xidmət etmək üçün bu vəzifəni tutub, o cümlədən də mən. Bu vəzifəni mən ancaq xalqa xidmət etmək üçün icra edirəm. Hər bir vəzifəli şəxs öz məsuliyyətini dərk etməlidir, Vətən üçün, xalq üçün çalışmalıdır".

Dövlət başçısı son illər cəmiyyətdə neqativ halların qarşısının alınması istiqamətində də sistemli tədbirlər həyata keçirir. Məsələn, "Korrupsiyaya qarşı mübarizəyə dair 2012-2015-ci illər üçün Milli Fəaliyyət Planı"nın konkret olaraq 12-ci maddəsində sahibkarlıq sahəsində mühitin liberallaşdırılmasına xidmət edən tədbirlər əksini tapmışdır. Həmin maddədə sahibkarların dövlət orqanları ilə münasibətlərində qarşılaşdıqları problemlərin öyrənilməsi və onların həlli üçün tədbirlərin müəyyənləşdirilməsi; sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin inkişaf etdirilməsi, o cümlədən reyestrə informasiya ötürülməsinin avtomatlaşdırılması; sahibkarlıq sahəsində qanunsuz yoxlamalar barədə məlumatların qəbul edilməsi üçün elektron portalın və telefon xidmətinin təkmilləşdirilməsi; qanunsuz yoxlama keçirilməsi, yoxlamaların təyin edilməsi, keçirilməsi və nəticələrinə əsasən tədbirlər görülməsi sahəsində yoxlayıcıların və yoxlayıcı orqanların məsuliyyətinin müəyyənləşdirilməsi üzrə təkliflərin hazırlanması və s. nəzərdə tutulmuşdur.

Prezident İlham Əliyevin 13 iyul 2012-ci il tarixli fərmanı ilə Azərbaycan Respublikası Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi yaradılmışdır. Agentlik "ASAN xidmət" mərkəzlərini yaratmaqla onların vahid şəkildə idarə edilməsini, xidmət mərkəzlərində fəaliyyət göstərən dövlət orqanlarının əməkdaşlarının fəaliyyətinin əlaqələndirilməsini, informasiya bazalarının qarşılıqlı inteqrasiyasını, bu sahədə idarəetmə sisteminin təkmilləşdirilməsini təmin edən dövlət orqanı kimi fəaliyyət göstərir. İdeyanın maraqlı cəhətlərindən biri odur ki, həmin xidmətlər şərti müəyyən edilmiş "bir qapı" prinsipi üzrə təqdim edilir. Belə ki, vətəndaş yalnız bir qapıdan daxil olmaqla bir mərkəzdən (bir inzibati binadan) ayrı-ayrı dövlət qurumlarının müxtəlif xidmətlərindən eyni məkanda və eyni vaxtda yararlana bilir. Adından göründüyü kimi, yeni mərkəzlər insanların, eləcə də sahibkarların işini asanlaşdırır, onların neqativ hallarla üzləşməsinin qarşısını alır. Bu yenilik ölkə başçısının da qeyd etdiyi kimi, dünyada "Azərbaycan milli brendi" kimi qəbul olunur.

Ümumilikdə 2003-cü ildən bəri qəbul edilən fundamental qərarlar, imzalanan sərəncamlar İlham Əliyevin daim xalqın mənafeyindən çıxış etdiyini, habelə verdiyi vədlərin sırf əməli fəaliyyətə söykəndiyini, reallığa uyğun olduğunu deməyə ciddi əsaslar verir. Bu mərhələnin statistikası keçilən yolun möhtəşəmliyini, Azərbaycanın müasir dövlətə çevrilməsinə xidmət edən siyasətin səmərəliyini bir daha təsdiqləyir. Ölkə başçısının 2014-cü il 27 fevral tarixli sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət proqramı" regionların, o cümlədən qeyri-neft sektorunun inkişafı sahəsində 2004-cü ildən başlanmış tədbirlərin uğurlu davamına təminat yaradır. Dövlət proqramı ölkədə makroiqtisadi sabitliyin təmin olunması, regionlarda sahibkarlıq fəaliyyətinin genişləndirilməsi, yeni müəssisələrin yaradılması və iş yerlərinin açılması, irimiqyaslı infrastruktur layihələrin həyata keçirilməsi, kommunal xidmətlərin səviyyəsinin yüksəldilməsi, əhalinin rifah halının daha da yaxşılaşdırılması və yoxsulluq səviyyəsinin azaldılması kimi prioritetləri özündə ehtiva edir.

Ümumilikdə ötən 10 il ərzində regionların sosial-iqtisadi inkişafı sahəsində həyata keçirilən siyasət ölkənin makroiqtisadi göstəricilərinin sürətlə yaxşılaşmasına səbəb olmuş, ümumi daxili məhsul (ÜDM) 3,2 dəfə, adambaşına ÜDM-in həcmi 2,8 dəfə, qeyri-neft sektoru 2,6 dəfə artmış, orta illik iqtisadi artım 12,9 faiz təşkil etmişdir. Son 10 ildə strateji valyuta ehtiyatları 31 dəfə, xarici ticarət dövriyyəsi 6,6 dəfə, ixrac 9,3 dəfə, idxal 4,1 dəfə, qeyri-neft ixracı 4,7 dəfə artmışdır.

Azərbaycan iqtisadiyyatı "Qlobal Rəqabət Qabiliyyəti İndeksi 2013-2014" hesabatına əsasən, rəqabət qabiliyyəti səviyyəsinə görə 39-cu, MDB-də 1-ci olmuş, ölkəmiz ilk dəfə dünyanın "yuxarı orta gəlirli" və "yüksək insan inkişaflı" ölkələr qrupuna daxil olmuşdur. Nüfuzlu reytinq agentliklərinin hamısı Azərbaycana investisiya kredit reytinqi vermiş və Azərbaycan Qafqaz ölkələri arasında investisiya reytinqinə malik yeganə ölkə olmuşdur.

Son 10 ildə dövlət büdcəsinin gəlirləri 16 dəfə, orta aylıq əməkhaqqı 5,5 dəfə, pensiyalar 9,6 dəfə, əhalinin əmanətləri 27 dəfə artmışdır. Minimum əməkhaqqının ölkə üzrə yaşayış minimumuna çatdırılması siyasəti davam etdirilmiş, əmək siyasəti və əməyin ödənilməsi sahəsində həyata keçirilən islahatlar nəticəsində işləyənlərin orta aylıq əməkhaqqının ilbəil artması əhalinin həyat səviyyəsinin yüksəldilməsini təmin etmişdir. Son 10 ildə ölkədə minimum əməkhaqqının məbləği 11,7 dəfə artmış, yoxsulluğun səviyyəsi 2003-cü ildəki 44,7 faizdən 2013-cü ildə 5,3 faizə düşmüşdür.

Azərbaycanda həyata keçirilən çevik büdcə-vergi siyasəti nəticəsində dövlətin iqtisadi qüdrətinin daha da artırılması, regionların, qeyri-neft sektorunun və sahibkarlığın inkişaf etdirilməsi, istehsal və infrastrukturun müasir tələblərə uyğun yenidən qurulması, xalqın rifah halının yaxşılaşdırılması istiqamətində işlər davam etdirilmiş, dövlət büdcəsi sosial və investisiyayönümlü, inkişaf və quruculuq büdcəsi, iqtisadi islahatların və dövlət proqramlarının maliyyələşmə mənbəyi olmuşdur.

Bu müddət ərzində innovasiya xarakterli texnologiyaların tətbiqi davam etdirilmiş, yeni müəssisələr yaradılmış, onların istehsal potensialı artırılmış, ölkə sənayesində 2,7 dəfə artım qeydə alınmışdır. Sənaye məhsulunun ümumi həcmində qeyri-dövlət müəssisələrinin məhsulunun payı 2003-cü ildə 56,8 faiz idisə, hazırda 81,4 faiz təşkil edir. Bütün bunlar sənayedə işgüzar fəallığın artmasına, yeni iş yerlərinin açılmasına, kiçik sahibkarlığın inkişafına güclü təkan vermişdir.

Prezident İlham Əliyevin 2014-cü il 10 yanvar tarixli 2014-cü ilin Azərbaycan Respublikasında "Sənaye ili elan edilməsi haqqında" sərəncamında vurğulanır ki, hazırkı mərhələdə müasir çağırışlar və yeni təşəbbüslər nəzərə alınmaqla sənayenin modernləşdirilməsi və qeyri-neft sənayesinin şaxələndirilməsi məqsədilə bir sıra tədbirlərin həyata keçirilməsi, o cümlədən mövcud təbii və iqtisadi resursların təsərrüfat dövriyyəsinə cəlb edilməsi, ənənəvi sənaye sahələri ilə yanaşı, yeni prioritet istehsal sahələrinin, sənaye parklarının yaradılması, regionlarda sənaye potensialının gücləndirilməsi, sənayenin innovasiyalar əsasında inkişafını təmin edəcək imkanların formalaşdırılması zəruridir. Sərəncam əsasında "Azərbaycan Respublikasında sənayenin inkişafına dair 2015-2020-ci illər üçün Dövlət Proqramı"nın hazırlanaraq imzalanması nəzərdə tutulur.

Azərbaycanın iqtisadi cəhətdən inkişafında, yeni iş yerlərinin yaradılmasında, ölkənin ixrac potensialının gücləndirilməsi və idxaldan asılılığının azaldılmasında sənaye potensialının əhəmiyyəti xüsusi vurğulanmalıdır. İnkişafın hazırkı mərhələsində yüksək makroiqtisadi göstəricilərin davamlılığının təmin edilməsi həm də rentabelli sənaye müəssisələrinin yaradılmasından asılıdır. Azərbaycanın davamlı inkişafını elmtutumlu sənaye müəssisələrinin açılması hesabına təmin etmək, eləcə də neft hasilatının azalması ilə bağlı maddi itkiləri kompensasiya etmək mümkündür. Odur ki, respublikanın bu sahədə sovet dövründə mövcud olmuş potensialının bərpası, ayrı-ayrı sənaye sahələri üzrə ixtisaslaşmış istehsal müəssisələrinin müasirləşdirilməsi, texnoloji parkların yaradılması son illərdə qarşıda ciddi vəzifələr kimi müəyyənləşdirilmişdir.

Sənayenin inkişafının müasir innovasiyalar əsasında təmin olunması, texnoparkların sənayeləşmədə əsas strateji layihələr kimi yer alması "Azərbaycan - 2020: gələcəyə baxış" İnkişaf Konsepsiyasında öz əksini tapmışdır. Sənəddə 2020-ci ilədək respublikanın tarixi ənənələri olan iri şəhər və rayonlarında yeni sənaye istehsalı müəssisələrinin yaradılması və həmin müəssisələrdə innovasiyayönümlü texnologiyaların tətbiqinin stimullaşdırılması, ixtisaslaşmış və ümumi təyinatlı sənaye şəhərciklərinin yaradılması qarşıya məqsəd qoyulmuşdur.

Konsepsiyanın əhatə etdiyi dövrdə xüsusi iqtisadi zonaların yaradılması və iqtisadi potensial nəzərə alınmaqla Sumqayıtda neft-kimya, Balaxanıda məişət tullantılarının emalı, Gəncədə metal (alüminium) məmulatların istehsalı üzrə sənaye şəhərciklərinin qurulması nəzərdə tutulub. Qeyri-neft sənayesinin ənənəvi istehsal sahələrinin - kimya, metallurgiya, maşınqayırma, elektrotexnika, elektronika, yüngül sənaye, yeyinti və aqroemal sənayesinin və s. inkişafı və ixrac imkanlarının artırılması ilə yanaşı, rəqabətqabiliyyətli yeni istehsal sahələrinin yaradılması da dəstəklənir.

Prezident İlham Əliyevin 2014-cü il 12 mart tarixli sərəncamı isə "2014-cü ilin "Sənaye ili" elan edilməsi ilə bağlı Tədbirlər Planı"na əsasən yerli təbii və iqtisadi resurslara əsaslanan müəssisələrin yaradılması, mövcud müəssisələrin modernləşdirilməsi, ənənəvi istehsal sahələri ilə yanaşı, yeni istehsal sahələrinin fəaliyyətə başlaması, sənaye parklarının yaradılması, bu sahədə sahibkarlıq fəaliyyətinin genişləndirilməsi nəzərdə tutulur. 2014-cü ildə və qarşıdakı illərdə hökumət sənaye sektorunda əsas məqsədə nail olmaq üçün sənayenin qeyri-neft sektorunun inkişaf istiqamətlərinin müəyyənləşdirilməsi; rəqabətədavamlı sənaye məhsullarının istehsalının dəstəklənməsi və ixracyönümlü istehsal sahələrinin istehsalın texnoloji cəhətdən yenidən qurulması; ixtisaslı kadrların hazırlanması istiqamətində kompleks tədbirlərin həyata keçirilməsini nəzərdə tutur.

Sumqayıtın tarixən mövcud olduğu sənaye potensialının bərpa edilməsi, şəhərdə mövcud olmuş bir sıra sənaye müəssisələrinin işə salınması bu baxımdan xüsusi vurğulanmalıdır. Elmtutumlu bir sıra müəssisələrin işə salınması, eyni zamanda şəhərin ümumi iqtisadi inkişafına, yeni iş yerlərinin açılmasına imkan yaradır. İnanırıq ki, bu müasirləşdirmə tədbirləri çərçivəsində "Xəzər" Səhmdar Cəmiyyətinin strateji əhəmiyyətli şüşə zavodu da yenidən qurulacaq, ölkəmiz şüşə istehsalı sahəsində tarixi ənənələrini bərpa edəcəkdir.

Onu da vurğulamaq istərdim ki, anadan olmasınını 91-ci ildönünü ölkə səviyyəsində geniş qeyd olunan ümummilli lider Heydər Əliyevin mütərəqqi ideyalarının həyata keçirilməsində ölkə sahibkarlarının da üzərinə mühüm vəzifələr düşür. Prezident İlham Əliyevin rəhbərliyi altında son 10 ildə həyata keçirilən siyasət nəticəsində ölkə sahibkarlarının ictimai-siyasi şüur səviyyəsi, düşüncə tərzi, təfəkkürü, intellekt səviyyəsi dəyişmişdir. Bununla belə, qarşıda yenə də müəyyən vəzifələr dayanır. Sahibkarlar arasında idarəetmə mədəniyyətinin təbliğinə, sahibkarların ictimai münasibətlərdə rolunun artırılmasına, bəzi dövlət məmurlarının sahibkarlara münasibətinin dəyişməsinə ehtiyac var.

Qloballaşan dünyamızın problemlərindən tutmuş kiçik sahibkarların üzləşdikləri problemlərin həllinə qədər maneələri aradan qaldıracaq yeganə vasitə ünsiyyət mədəniyyətidir. Əgər ünsiyyət sağlamdırsa, məhsuldardırsa, obyektiv münasibət üzərində qurulursa, əməkdaşlıq da perspektivlidir. Bu gün dövlət-sahibkar münasibətlərinin institusional inkişafı da məhz bu cür sivil dialoq və əməkdaşlıqdan, cəmiyyət qarşısındakı sosial öhdəliklərə sadiqlikdən keçir. Ölkədə həyata keçirilən siyasət də məhz bu məqsədə xidmət edir. İnanırıq ki, respublika rəhbərinin 3 mart 2014-cü il tarixli "Sahibkarlığın inkişafı ilə bağlı bəzi tədbirlər haqqında" fərmanı da ölkədə biznes mühitinin daha da liberallaşdırılmasına geniş imkanlar açacaqdır.

Müstəqil Azərbaycan qarşısında duran ümummilli məqsədləri dəqiq müəyyən edərək onların gerçəkləşdirilməsi istiqamətində ardıcıl, sistemli fəaliyyət göstərən ölkə kimi dünyanın yeni iqtisadi fenomeninə çevrilmişdir. Bu gün ölkədə həyata keçirilən siyasətin ən başlıca məqsədi modernləşmə mərhələsini də sürətlə başa vuraraq Azərbaycanı inkişaf etmiş ölkələr səviyyəsinə yüksəltmək, demokratik idealların cəmiyyətdə tam möhkəmlənməsinə nail olmaq, yeni düşüncəli vətəndaş yetişdirməkdir. Yeni dövrün milli ideallarına çevrilən bu məqsədlərin reallığa adekvatlığı isə qətiyyən şübhə doğurmur. Çünki bu gün Azərbaycana hər addımda ölkəni inkişaf etdirməyə, müasirləşdirməyə çalışan, yeni dünya nizamının tələblərinə cavab verən siyasət yürüdən müasir təfəkkürlü və qətiyyətli lider rəhbərlik edir.

 

Qüdrət KƏRİMOV,

"Xəzər" ASC-nin sədri, iqtisad elmləri doktoru

Azərbaycan.-2014.- 7 may.-S.11.