Sevgili gözəl Şuşam, dərdim,
kədərim Şuşam
Şuşanın
işğalından 22 il ötür
Əzablı, əziyyətli uşaqlıq illərim gözəl Şuşada keçmişdir. Burada böyüyüb boya-başa çatmışam, ilk təhsilimi burada almışam. Şuşa mənim doğma yurdumdur.
Şuşanın gözəl təbiəti və havası, respublikanın hər yerindən minlərlə adamı buraya səsləyirdi. Hər ilin yayında istirahət etmək üçün Şuşaya 20-30 min adam gəlirdi. Şuşanı Cıdır düzü, İsa bulağı, Bağrıqan dağı olmadan təsəvvür etmək mümkün deyil.
Xüsusilə Aran Qarabağın adamları İsa bulağına axışar, burada sərinləyər və dincələrdilər. Bulağın suyu o qədər soyuqdu ki, diş göynədərdi.
Yay aylarında respublikanın tanınmış məşhur adamları da İsa bulağına gəlirdilər. Biz uşaqlar bu adamları yaxından görmək üçün İsa bulağına gedərdik. Burada kimi kabab çəkir, kimi samovar qaynadır, kimi aş dəmləyirdi. Mən, şair və yazıçılardan Osman Sarıvəllini, İlyas Əfəndiyevi, Süleyman Rəhimovu, Əli Vəliyevi, akademik Yusif Məhəmmədəliyevi ilk dəfə burada görmüşəm. Qarabağın məşhur müğənnilərinin səsi bütün meşəyə yayılardı.
Novruz bayramlarında şuşalılar Cıdır düzünə axışardılar. Burada gənc pəhlivanlar güclərini sınayır, müğənnilər səs-səsə verərdilər. Keçirilən şeir müsabiqəsi böyük maraq doğurardı. Qız-gəlinlərin al-əlvan parçalardan geyindikləri paltarlar laləli, çiçəkli çəmənləri xatırladardı.
Gənclər bir tərəfdə yumurta döyüşdürür, qoç və xoruz döyüşdürənlərin ətrafına yüzlərlə adam toplaşardı.
Şuşanın "Turşsu" sovxozundan və Ağdam Atçılıq zavodundan gətirilən atların cıdır yarışlarına minlərlə adam toplaşardı. Qarabağ atlarının gözəlliyinə hamı heyran qalardı.
Şuşaya gələn qonaqlar ilk növbədə cıdır düzünə gedər, Vaqifin məzarını, Xuraman qayasını, xanın xəznəsini seyr edərdilər.
Hər axşam Cıdır düzündə maraqlı söhbətlər, şən gülüşlər, həzin bayatılar, yanıqlı şikəstələr bir-birinə qarışaraq gözəl mənzərə yaradırdı.
Cıdır düzündə və İsa bulağında bu mənzərə toy-bayramı xatırladardı.
Qocalar, xəstələr səhər tezdən Çanaqqalaya toplaşır, təmiz hava alırdılar. Deyirdilər ki, ən təmiz hava burada olur. Şuşaya gələn qonaqlar çəmənlikləri qarış-qarış gəzib xarı bülbül axtarardılar.
Şuşa sıldırım və şiş qayalarla əhatə olunmuşdur. Şuşanın ətrafı möhkəm dağlar, meşələr, nəhəng daşlardan ibarətdir.
Şuşanın dağ-daşları, meşələri, yaylaqları, dərə-təpəsi, mədən suları, bulaqları adamı heyran qoyurdu. Buralar turac, kəklik, qırqovul ovlağı idi. Ətindən, yağından, südündən, pendirindən və qaymağından doymaq olmurdu. Yaşlı nəslin nümayəndələri deyirdilər ki, Qarabağ Allahın bizlərə bəxş etdiyi ehsandır. Şair Məmmədaqi Müctəhidzadə ömrünün axırlarında Qarabağ və Şuşa barədə yazırdı:
Sınıq körpü, sərhəddi-mülki İran,
Gülbatanı, Basarkeçər, İrəvan,
Qibləsidir Araz çayı, Naxçıvan,
Gündoğanı Arazla Kür qovşağı,
Cavanşirlər dastanıdır Qarabağ.
Dağ-daşları, meşələri, yaylağı,
Dərə-təpə, mədən suyu, bulağı,
Əti,
yağı, süd, pendiri, qaymağı,
Turac, kəklik,
qırqovulu, ovlağı,
Haqqın bizə ehsanıdır Qarabağ.
Hücum
edib dağ-daşlardan, qayadan,
Qorxmayıban qılınclardan, yaradan.
Elləri
toplayıb ora-buradan,
Pənah
xandır bu ölkəni yaradan,
Ər fatehlər meydanıdır Qarabağ.
Şuşaya girmək, onu əsir almaq elə də asan
deyildi. Xalq
arasında Şuşa alınmaz qala hesab
olunurdu. XVIII əsrdə Ağa Məhəmməd şah Qacar
Şuşaya daxil olanda belə bir bayatı xalqın dillər
əzbəri idi:
Mən səni
yel bilirdim,
Başımda tel bilirdim.
Uca
dağlar başında
Qurumaz göl bilirdim.
Arasıkəsilməz xarici istilalar
şuşalıların canını boğazına
yığmışdı. Onlar yadellilərə
qarşı mübarizə aparmaqdan təngə gəlmişdilər.
Qarabağlılar, o cümlədən şuşalılar dərdlərini
və kədərlərini belə ifadə edirdilər:
Gəldi,
haradan gəldi,
Könlü qaradan gəldi.
Göydə
bulud yox idi,
Bu sel haradan gəldi.
XXI əsrdə şuşalılar alınmaz
qalalarından, gözəl şəhərlərindən
ayrı düşmüşlər. Onların dərdi yeni
yaratdıqları aşağıdakı bayatıda öz əksini
tapmışdır:
Əslim
Qarabağlıdır,
Sinəm çarpaz dağlıdır.
Nə gələn
var, nə gedən,
Deyir yollar bağlıdır.
Şuşa
dağların zirvəsində yerləşdiyindən burada əkinə
yararlı torpaqlar çox az idi. Tərəvəz və bostan məhsulları Aran
Qarabağdan gətirilirdi.
Şuşa olduqca kasıb rayon idi. Lakin
şuşalılar mərd, sözü üzə deyən,
qürurlu, çətinliyə sinə gərən,
dözümlü idilər. Hər bir
şuşalı öz zəhmətilə dolanırdı.
Burada oğurluq, soyğunçuluq, aldatma
halları demək olar ki, yox idi. "Rüşvət"
sözünü dilinə gətirən tapılmazdı.
Şuşanın başı həmişə bəlalar
çəkmişdir. Vaxtilə çar Rusiyası və
İran qəsbkarları Şuşaya göz dikmişdir.
İndi də Ermənistan bu şəhərdən
əl çəkmir.
1945-ci
ilin noyabrında Ermənistan K(b)P Mərkəzi
Komitəsinin birinci katibi Q.Arutinov Stalinə məktub yazaraq
Dağlıq Qarabağ Muxtar Vilayətinin Ermənistan SSR-nin tərkibinə
verilməsini xahiş etmişdir. Həmin məktub baxılmaq
üçün Azərbaycan K(b)P Mərkəzi
Komitəsinin birinci katibi Mir Cəfər Bağırova
göndərilmişdir.
M.C.Bağırov
Dağlıq Qarabağın tarixi, muxtar vilayətinin təşkili
haqqında qısa məlumat verdikdən sonra Şuşa
barədə aşağıdakıları
yazmışdı: "Dağlıq Qarabağ Muxtar Vilayətinin
Ermənistan SSR tərkibinə daxil edilməsinə etiraz
etmirik. Lakin DQMV-yə daxil olsa da, indiyə qədər əsasən
azərbaycanlıların yaşadıqları Şuşa
rayonunun Ermənistan SSR-ə verilməsinə razı deyilik.
Şuşa
şəhəri bina edildiyi gündən Qarabağın
siyasi-inzibati və mədəni mərkəzi olmaqla yanaşı,
həm də Azərbaycan xalqının müstəqilliyi
uğrunda fars
işğalçıları ilə mübarizəsində
müstəsna rol oynamışdır. Ən
qaniçən fatehlərdən biri, Qafqaz xalqlarının cəlladı
İran hökmdarı Ağa Məhəmməd Şah Qacar məhz
Şuşada öldürülmüşdür.
Bu şəhərdə Azərbaycan xalqının zəngin
musiqi mədəniyyəti formalaşmışdır. İbrahim xan,
Vaqif, Natəvan və digər bu kimi görkəmli siyasət
və mədəniyyət xadimlərinin adı bu şəhərlə
bağlıdır.
DQMV-nin Ermənistanın tərkibinə daxil edilməsi
məsələsinə baxılarkən Ermənistanın Azərbaycan
SSR-ə bitişik olan və əsasən azərbaycanlıların
məskunlaşdıqları Əzizbəyov, Vedi və
Qarabağlar rayonlarının Azərbaycan Respublikasına
daxil edilməsi məsələsinə də
baxılmalıdır. Və nəhayət biz, Dağıstan MSSR-in
keçmişdə Azərbaycanın bir hissəsi olan və
Bakı quberniyası tərkibinə daxil olan Azərbaycana
bitişik olan Dərbənd və Qasımkənd rayonları ərazisinin
Azərbaycan SSR tərkibinə daxil edilməsi məsələsinə
baxmağınızı xahiş edirik."
Stalin M.C.Bağırovun
cavab məktubu ilə tanış olduqdan sonra belə
qısa və yığcam dərkənar qoymuşdur: "Dəli-zad
olmamısınız ki? Arxivə".
"Ağzı yanmış" Ermənistan rəhbərliyi
Stalinin sağlığında Dağlıq Qarabağ məsələsini
bir də qaldırmağa cəsarət etmədi.
Şuşada o vaxtkı qocalar sanki bir tarix idi, onların
sinələri sözlə dolu idi.
Şuşada Mirzə Xosrov Axundov adlı bir qocaman müəllim
vardı. Onu böyükdən kiçiyədək hamı
tanıyardı. Yaxşı nüfuzu var
idi. Məktəblilər Xosrov müəllimin
yanından keçəndə papaqlarını
çıxardardı və ayaq saxlayıb dayanardılar.
O, ibtidai siniflərə dərs deyirdi.
Sənədlərdə Xosrov müəllimin 72
yaşı vardı. Lakin özü bu yaşı inkar edir və
deyərdi ki, mənim 90 yaşım var.
Xosrov müəllim 1906-cı ildə pedaqoji fəaliyyətə
başlamış, Şuşada yeni tipli məktəblərin
təşkilinə, əhali arasında maarifin təbliğinə,
azərbaycanlı qızların təhsilə cəlb
olunmasına çalışmış, keçən əsrin
20-30-cu illərində savadsızlığın ləğvində
fəal iştirak etmişdir.
Mirzə Xosrov müəllimi bütün əmək və
tədris kollektivlərinə, təşkilatlara dəvət
edirdilər.
O, Şuşanın keçmişindən söhbət
açardı. Xosrov müəllim bu şəhərin
tarixini gözəl bilirdi. Natəvanı
görmüşdü, onu çox yaxşı
xatırlayırdı. Xurşudbanudan
maraqlı epizodlar danışardı. Hiss olunurdu ki, Mirzə
Xosrov müəllim Mir Möhsün Nəvvab Ağamirzadə
Qarabağinin sağlığında onu çox sevərdi. Çünki həmişə ondan danışanda
gözləri yaşarardı. Deyərdi
ki, Nəvvab Şuşalıların təəssübkeşi
idi, bütün istedadlı adamlara yol göstərərdi, o
ensiklopedik biliyə malik şəxs idi.
Mən və mənim yaxın uşaqlıq dostlarım
olan bir neçə nəfər Mirzə Xosrov müəllimin
söhbətlərinə maraq göstərir, onunla harada
görüş keçirilirdisə, xəbər tutub tez ora
gedərdik.
Şuşanın erməni işğalı altında
olduğu bir dövrdə Mirzə Xosrov müəllimin
söhbətləri tez-tez yada düşür, onun söylədiyi
tarixi əhvalatları xatırlayıram.
Belə hesab edirəm ki, həmin tarixi əhvalatların
çoxu məlum olsa da , elə məsələlər var ki,
onların oxuculara çatdırılması vacibdir.
Qarabağın
ilk xanı Pənah xan Qarabağ üçün mərkəz
ola biləcək şəhər salmaq
fikrinə düşür. Bunun
üçün yer axtarmaq vacib məsələlərdən
biri idi. Bu yer Qarabağın baş şəhərini
düşmən hücumlarından qorumalı idi. Bu işdə Vərəndə məliyi, sonralar isə
Pənah xanla qohum olmuş Şahnəzər ona kömək
etmiş, bələdçisi olmuşdur. Şahnəzər
Pənah xanı indi Şuşa yerləşən
məkana gətirir. Buranın 4 tərəfdən
dərə və dağlarla əhatə olunması, əlçatmaz
bir yerdə yerləşməsi Pənah xanın çox
xoşuna gəlir. Eyni zamanda məlik
Şahnəzər bir qoyunu kəsdirib soydurur və cəmdəyi
ağacdan asır. Bu yerlərin havasının təmizliyindən
söhbət açan məlik deyir:
- Bu qoyun
cəmdəyi 10 gün bu ağacdan asılı
qalmalıdır. Yayın istisində əgər
ət xarab olmazsa, ona qurd düşməzsə, deməli bu
yerlərin havası sağlamdır və burada yurd salmaq olar.
Belə də olur. Ət 10 gün ağacdan asılı
qalır, get-gedə quruyub, qaxaca dönür, nə xarab olur,
nə də qoxu verir.
Pənahəlı
xan tərəddüd etmədən sevincək halda deyir:
- Bu yerdə
şəhər salmaq olar!
Çox qısa müddətdə kiçik bir şəhər
salındı və şəhərə Pənahabad adı
verildi. Lakin bu ad ömrünü çox yaşamadı.
Şəhər Pənahabad yaxınlığındakı Şuşa kəndinin adını
götürdü. O gündən ta indiyədək həmin
şəhər Şuşa adlanır. Əvvələr bu şəhərə Şişə
də deyirdilər.
Bir gün Mirzə Xosrov müəllim biz uşaqları
yığıb Cıdır düzünə apardı. Böyük bir
çalanı bizə göstərib dedi:
- Bax, bu
çalanı görürsünüzmü, onun böyük
tarixi var. İbrahim xanın Ağabəyim adlı qızı
var idi. O, İbrahim xanın gəncəli Cavadxanın
bacısı Tutubəyimdən olan qızıdır. Keçən əsrin 50-ci illərin
şuşalıları Ağabəyim ağanı görməsələr
də, onun çox gözəl bir qız olmasından
danışırdılar.
Yusif Vəzir
Çəmənzəminli Ağabəyim ağanı belə
təsvir edir: "Ağabəyim ağa 1797-ci ildə
böyüyüb 14-15 yaşına dolmuşdu. Ağ,
bakir bir zanbaq kimi uzanıb, rayihə saçırdı.
Onun gözəllik sədası Azərbaycan
xanlıqlarına yayılıb, aşıqların dilində
və şairlərin şeirində əzbər olmuşdur.
Ağabəyimin nə qədər həsrətini çəkənlər
var idi: xanzadələr və bəylər, at səyirdən,
qılınc vuran dilavərlər onun yolunda ölməyi bir
şən və şövkət sanırdılar. Lakin İbrahim Xəlil xan Qarabağ incisinin qiymətini
bilir, hələ heç bir elçiyə meyil göstərmirdi,
qız da saray bağında, gül-çiçək arasında
bir qönçə kimi fərəhlə
açılırdı. Ağabəyimə
bütün kainat Qırat minmiş Koroğlu kimi igid, Məcnun
kimi çılğın və Fərhad kimi inad sevgi
yolçusu sifətində görünürdü. Ona elə
gəlirdi ki, bir gün sarayın bu qalın hasarlarından bir
igid atını sıçradıb keçəcək, onu
qüvvətli bağrına basıb aparacaq. Həmişə
də bu igid
onun xəyalında dolaşarkən Ağabəyim
ağanın rəngi qaçar, incə vücudu titrəməyə
başlayardı.
Ağabəyim ağanın əfsanə və
nağıllarla bərabər şeirə də böyük
həvəsi vardı - o, bütün Azərbaycan şairlərinin
şeirlərini oxumuş, xoşuna gələn
parçaları dəftərinə köçürüb əzbərləmişdi".
Ağabəyim ağa şeirlər yazırdı. O, şair Vaqiflə
görüşüb ondan məsləhətlər
alırdı.
Ağaməhəmməd
şah Şuşada qətlə yetirildikdən sonra onun
şahlıq taxtında əyləşən qardaşı
oğlu Fətəli xan düşmənçiliyi aradan
qaldırmaq məqsədilə İbrahim xanla qohum olmaq istədiyini
bildirib demişdir: "Hər iki tərəfin xatircəmliyi
üçün əziz və möhtərəm
qızınız Ağabəyim ağanı bizim hərəmxanəyə
layiq bilməlisiniz. O, bizim hərəmxanamızın
xanımı olmalıdır".
İbrahim
Xəlil xan məcbur olub bu işə razılıq verdi. Fətəli şah Ağabəyim
ağanın kəbinini kəsdirmişdi. O, göz
yaşları içində Tehrana, şahın sarayına
köçdü. Lakin Ağabəyim ağa
öz əmisi oğlu Məhəmmədi sevirdi.
Məhəmməd Qarabağda çox məşhur igid,
sərkərdə idi. O, hündürboylu, alagözlü, qumral saçlı,
geniş kökslü, şümal oğlan idi. Deyilənə
görə Ağabəyim ağa ömrünün son günlərinədək
Məhəmmədi xatırlayar və acı göz
yaşları tökərmiş.
Ağabəyim ağanın Tehran həyatı barədə
müxtəlif rəylər mövcuddur. Deyilənə
görə o, gecə-gündüz Qarabağı
xatırlayır, xiffət edərmiş. Ağabəyim
ağa dərddən-qüssədən saralıb solurdu.
Bir
gün Fətəli xan ondan soruşur:
- Mənim
kimi ərin var, şah arvadısan, hərəmxananın
baş xanımısan. Saralıb-solmağının
sirri nədəndir?
- Şahım, burada hər şey var. Lakin Şuşada
bitən xarı bülbül yoxdur. Könlüm xarı
bülbül istəyir.
Şah yüz dəvə karvanı hazırlayır, hər
birinə bir tonluq çuvallar hördürür və
Şuşaya göndərir.
Tehrandan gələnlər şuşalıların
köməyilə Cıdır düzündən - xarı
bülbüllər bitən sahələrdən dəvələrə
200 çuval torpaq yükləyib, Tehrana qayıdırlar.
Şuşadan gətirilən torpaq Şimranda xüsusi
yaradılmış bağçaya tökülür,
vaxtında suvarılır, qulluq edilir. Burada
çoxlu gül-çiçək bitir. Lakin
xarı bülbül bitmir ki, bitmir. Ağabəyim
ağa bir küncə şəkilib, acı göz
yaşları ilə öz bəyazına (dəftərinə)
yazır:
Vətən
bağı al-əlvandır,
Yox üstündə xarı bülbül.
Ömür
sürməli dövrandır,
Səsin
gəlsin, barı bülbül.
Bax, Cıdır düzündə indi də mövcud
olan dərin çala belə yaranmışdır.
Mirzə
Xosrov müəllim Ağabəyim ağanın,
"Əfsus
ki, yarım gecə gəldi,
gecə
getdi.
Heç
bilmədim ömrüm necə gəldi,
necə
getdi".
beyti barədə
aşağıdakıları danışardı.
Bu beyt barədə müxtəlif rəylər
vardır. Bəzi
mənbələrdə bu beytin Məhəmməd bəyə
həsr olunduğu qeyd olunur.
Bu həqiqətdən çox uzaqdır. 15-16
yaşlı Ağabəyim ağa bir görüş
zamanı, Məhəmməd bəyin tez ayrılmasını əsas
götürüb, "heç bilmədim ömrüm necə
gəldi, necə getdi" - deyə bilməzdi. 15-16 yaşlı qızcığazın ömrü
yenicə başlamışdı, bu ömür hələ
keçməmişdi.
Mirzə
Xosrov müəllim deyərdi:
- Ağabəyim
ağa Fətəli şaha könülsüz verilmişdi. Yuxarıda qeyd olunduğu kimi o, qəlbən əmisi
oğlu, xalq qəhrəmanı Məhəmməd bəyi
sevirdi.
Fətəli şah Ağabəyim ağanı duymurdu, başa düşmürdü, hiss etmirdi. Onu arvad kimi saymırdı. Buna görə müxtəlif lətifələr, şayiələr, dedi-qodular yaranmışdı.
Anası Tutubəyimin günləri göz yaşı ilə keçirdi, Ağabəyim ağanın sifarişlərinə əsasən İbrahim Xəlil Xandan öz qızının vətənə qaytarılmasını xahiş edirdi.
Deyilənə görə Ağabəyim ağa şahdan Savalan dağının ətəklərində onun üçün kiçik bir koma tikməsini xahiş edir. Tək yaşamaq, tərki-dünya olmaq istəyirdi. Övladlarının olmaması onu dərdə salmışdı.
Şah Ağabəyim ağanın xahişini yerinə yetirir. Savalan dağının ətəyində kiçik bir "qaranquş yuvası" tikdirir. Ağabəyim ağa burada tək-tənha yaşamağa başlayır.
Bir gecə Fətəli şah onu yoxlamaq üçün "qaranquş yuvasına" gəlir. Onların arasında kiçik bir mübahisə yaranır. Şah acıq edib tezliklə ondan ayrılır və "qaranquş yuvası"nı tərk edir. Şahın tez çıxıb getməsindən narazı qalan Ağabəyim ağa öz bəyazına, ağ dəftərinə Fətəli şaha həsr etdiyi həmin beyti yazır.
Əfsus ki, yarım gecə gəldi,
gecə getdi.
Heç bilmədim ömrüm necə gəldi,
necə getdi.
Ağabəyim ağanın İranda yeganə
ümüdgahı qardaşı Əbülfət idi. O da İrana girov göndərilmişdi.
Əbülfət xan sərkərdə idi.
Döyüşlərə rəhbərlik
edirdi.
Deyilənə görə Ağabəyim ağa İran
siyasətində fəal iştirak edirdi. O, Qərb ölkələrindən
gələn elçiləri qəbul edirdi. Hətta
Rusiya onu Rusiya-İran münasibətlərinin korlanmasında
və gərginləşdirilməsində
günahlandırırdı.
(Ardı var)
Çingiz
FƏRƏCOV,
"Qızıl
qələm" mükafatı laureatı
Azərbaycan.-2014.- 7 may.-S.14.