Heydər Əliyev Mərkəzində Qafqaz Biomüxtəlifliyi Sammiti keçirilmişdir

 

Azərbaycanın birinci xanımı Mehriban Əliyeva Sammitdə iştirak etmişdir

 

 

Mayın 7-də IDEA (Ətraf mühitin mühafizəsi naminə beynəlxalq dialoq) İctimai Birliyinin təşəbbüsü, Heydər Əliyev Fondu və Heydər Əliyev Mərkəzinin təşkilati dəstəyi ilə Heydər Əliyev Mərkəzində Qafqaz Biomüxtəlifliyi Sammiti keçirilmişdir.

AzərTAc xəbər verir ki, tədbirdə Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva, Fondun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva və Arzu Əliyeva iştirak etmişlər.

Sammitə, həmçinin tanınmış beynəlxalq ekspertlər, bir sıra nüfuzlu təşkilatların, o cümlədən Təbiətin Mühafizəsi üzrə Beynəlxalq Birliyinin (IUCN), Dünya Vəhşi Təbiəti Mühafizə Fondunun (WWF), Smitson İnstitutunun, London Zoologiya Cəmiyyətinin və Harvard Universitetinin təmsilçiləri, eləcə də Azərbaycandan olan alimlər qatılmışlar.

Tədbirin əlaqələndiricisi Arlo BRADİ bildirmişdir ki, Qafqaz Biomüxtəlifliyi Sammiti bəbir və digər pişikkimilərin mühafizəsi istiqamətində bilik və təcrübələrin bölüşdürülməsi, bu sahədə ən qabaqcıl və səmərəli vasitələrin tətbiqinin müzakirəsi məqsədini daşıyır.

Arlo Bradi Leyla Əliyevanın ətraf mühitin mühafizəsi ilə əlaqədar fəaliyyətini yüksək qiymətləndirmişdir.

Sonra Azərbaycanda biomüxtəlifliyin qorunması ilə bağlı film nümayiş etdirilmişdir.

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla ƏLİYEVA Sammitdə çıxış edərək vurğulamışdır ki, Azərbaycan qədim ənənələr, zəngin tarix və mədəniyyət ölkəsidir. Ölkəmiz Avropa ilə Asiya arasında yerləşir və Şərq müdrikliyi ilə Qərb tərəqqisini özündə təcəssüm etdirir. Şəhərimizi nadir edən odur ki, qədim İçərişəhərin və Qız Qalasının memarlığı yeni tikilmiş müasir memarlıq nümunələri ilə birgə vəhdət təşkil edir. Azərbaycan keçmişdə tarixi İpək Yolunun mərkəzində olmuşdur. Bizim coğrafi mövqeyimiz nəinki mədəniyyətimizə, həmçinin təbiətimizə də təsirini göstərmişdir. Belə ki, dünyadakı 11 iqlim qurşağının 9-u məhz Azərbaycanda yerləşir və bu, bizim biomüxtəlifliyimizi təmin edir.

Təbiəti qorumağa gənc yaşlardan başlamağın vacibliyindən danışan Leyla Əliyeva IDEA-nın öz ətrafında gəncləri birləşdirdiyini demişdir. O bildirmişdir ki, ətraf mühiti nəinki öz Vətənimizdə, bütün dünyada qorumağı qarşısına məqsəd qoyan IDEA fəaliyyət göstərdiyi müddətdə Azərbaycanda və bütövlükdə regionda ekologiyanın, flora və faunanın mühafizəsi ilə bağlı bir sıra layihələr həyata keçirmişdir. Onların sırasında bölgənin rəmzi olan, nəsli kəsilmək təhlükəsi ilə üzləşən 5 heyvan növünün - qonur ayı (Ursus arctos), imperator qartalı (Aquila heliaca), boz canavar (Canis lupus), ceyran (Gazella subgutturosa) və Qafqaz bəbirinin (Panthera Pardus saxicolor) mühafizəsini nəzərdə tutan “Qafqazın böyük beşliyi” layihəsi xüsusi əhəmiyyət kəsb edir.

Həyata keçirilmiş layihələr çərçivəsində Azərbaycanda 3 milyondan çox ağac əkildiyini diqqətə çatdıran Leyla Əliyeva vurğulamışdır ki, təhsil ocaqlarında da ətraf mühitin qorunması üzrə siniflər yaradılmışdır. IDEA-nın digər vacib keyfiyyətlərindən biri odur ki, bütün layihələr mümkün qədər yaradıcı və bədii bir formada təqdim edilir.

IDEA-nın təsisçisi və rəhbəri qeyd etmişdir ki, bizim əsas məqsədimiz dünyada nəsli kəsilməkdə olan növlərin bərpasına nail olmaq və onları qorumaqdır. Bununla bağlı bir sıra beynəlxalq təşkilatlarla da birgə aparılır. Sevindirici haldır ki, artıq Azərbaycan Beynəlxalq Ətraf Mühitin Qorunması Təşkilatının üzvüdür.

Heydər Əliyev Fondunun vitse-prezidenti qeyd etmişdir ki, birgə səylər nəticəsində planetimizdə çox böyük dəyişikliklərə nail ola bilərik.

Tədbirdə çıxış edən Azərbaycanın ekologiya və təbii sərvətlər naziri Hüseynqulu BAĞIROV ölkədə biomüxtəlifliyin qorunması istiqamətində görülmüş işlərdən danışmışdır.

Xüsusi vurğulanmışdır ki, Azərbaycanda ekoloji proqramlara çox böyük yer verilir və dövlətimizin başçısı İlham Əliyev bu işləri diqqət mərkəzində saxlayır.

Nazir Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva və Fondun vitse-prezidenti Leyla Əliyevanın da ölkəmizdə ekologiyanın, o cümlədən nəsli kəsilməkdə olan heyvanların mühafizəsi istiqamətində böyük işlər gördüklərini vurğulamışdır.

Hüseynqulu Bağırov biomüxtəlifliyin təmin olunmasında IDEA İctimai Birliyinin mühüm layihələr reallaşdırdığını və bu sahədə dövlət siyasətinə hərtərəfli dəstək verdiyini qeyd etmişdir.

Bildirilmişdir ki, görülmüş işlər nəticəsində son 10 ildə Azərbaycanda 90 min hektara qədər ərazidə yeni meşələr salınmışdır.

Nazir ölkəmizdə meşəsalma, “Qırmızı Kitaba düşən florafauna növlərinin mühafizəsi, Vəhşi Təbiətin Reabilitasiyası Mərkəzinin fəaliyyəti barədə də danışmışdır.

Ekologiya və təbii sərvətlər naziri Ermənistan tərəfindən işğal olunmuş torpaqlarımızda ətraf mühitə böyük ziyan vurulduğunu xüsusilə diqqətə çatdırmışdır.

Sonra IDEA İctimai Birliyinin fəaliyyəti ilə bağlı təqdimat olmuşdur.

Sammitdə Təbiətin Mühafizəsi üzrə Beynəlxalq Birliyin baş direktoru Juliya MARTON-LEFEVRE nəsli tükənməkdə olan heyvan növləri və onları qorumaq istiqamətində görülmüş işlərlə bağlı təqdimatla çıxış etmişdir.

Rəhbərlik etdiyi təşkilatın Azərbaycan ilə əməkdaşlığa üstünlük verdiyini söyləyən qonaq diqqətə çatdırmışdır ki, bu gün daha sıx əlaqələrin qurulması üçün müzakirələr aparılacaqdır.

Juliya Marton-Lefevre rəhbərlik etdiyi beynəlxalq təşkilatın məhv olmaq təhlükəsi ilə üzləşən heyvanların siyahısını hazırladığını diqqətə çatdırmış, statistik göstəricilərə əsasən pələnglərin məhv olmaq təhlükəsindən danışmışdır.

Sammitin birinci hissəsindən sonra tədbirin iştirakçılarına Heydər Əliyev Fondu və IDEA-nın aktual ekoloji problemlərin həlli və əhali arasında ictimai ekoloji nəzarətin gücləndirilməsi məqsədilə həyata keçirilən “Ağacların kəsilməsinə yox!” birgə proqramı barədə məlumat verilmişdir.

Bildirilmişdir ki, bu proqram çərçivəsində “Təbiətə təcili yardım” qaynar xətti və mobil qrup yaradılmışdır. Belə ki, vətəndaşlar qanunsuz ağac kəsilməsi halları ilə rastlaşdıqda qaynar xətt vasitəsilə şikayət və təkliflərini İctimai Birliyə çatdıra biləcəklər. Mobil qrup isə daxil olan şikayətləri yerində araşdıracaq, problemlə bağlı əlavə sübutları, foto və videomaterialları toplayacaqdır. Bundan əlavə, vətəndaşlar qanunsuz ağac kəsilməsi ilə bağlı müraciətlərini IDEA-nın rəsmi internet səhifəsi (www. ideacampaign.org) vasitəsi ilə ünvanlamaq imkanı əldə edəcəklər. Toplanan materiallar Ekologiya və Təbii Sərvətlər Nazirliyinə təqdim olunacaqdır.

Ətraf mühitin və vəhşi təbiətin öyrənilməsi üzrə müxtəlif ölkələri təmsil edən mütəxəssislər, ekspertlər, alimlər çıxış edərək belə bir mühüm layihənin reallaşdırılmasına göstərdiyi dəstəyə görə Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevaya minnətdarlıqlarını bildirmiş və Sammitdə səsləndirilən fikirləri yüksək qiymətləndirmişlər.

Azərbaycan hökumətinin meşələrin mühafizəsi istiqamətində gördüyü işlərin təqdirəlayiq olduğunu deyən qonaqlar vurğulamışlar ki, belə tədbirlər təbiətin öyrənilməsi işinə töhfə verəcəkdir.

Çıxış edənlər AmerikaAfrika təbiəti, eləcə də vəhşi canlı aləmin öyrənilməsində müasir texnologiyalardan istifadənin vacibliyindən söz açmışlar.

Sammitdə ətraf mühitin öyrənilməsi ilə məşğul olan QHT-lərin birgə fəaliyyətinin vacibliyi vurğulanmış və bu istiqamətdə bir sıra işlərin görüldüyü diqqətə çatdırılmışdır. Bildirilmişdir ki, vəhşi təbiətin qorunması ilə bağlı mövcud hüquqi bazanın öyrənilməsi və tətbiqi olduqca zəruridir.

Çıxışlarda məhv olmaq təhlükəsi ilə üzləşmiş heyvan növlərinin bərpası istiqamətində səylərin birləşdirilməsi təklif olunmuş, vəhşi heyvanların yaşadıqları yerlərdən uzaqlaşması, iqlim dəyişikliyi, ətraf mühitin onların həyat tərzinə təsiri və digər məsələlər barədə də müzakirələr aparılmışdır.

Eyni zamanda, Qafqaz bəbirinin mühafizəsi, Azərbaycanda bu heyvan növünün artırılması üçün əlverişli mühitin yaradılması və onların qida təminatı ilə bağlı fikirlər səsləndirilmişdir.

Sammitdə heyvanlar aləminə maraq və həvəsi ilə əlaqədar dünyanın bir çox ölkələrini gəzən fotoqrafrejissor kimi tanınmış Adrian Sternin təqdimatında Azərbaycanın Lənkəran və Astara rayonlarının ərazisində yerləşən Hirkan Milli Parkında lentə aldığı kadrlar nümayiş olunmuşdur.

Videomaterialda Milli Parkın ərazisində yaşayan Qafqaz bəbirlərindən bəhs edilmiş və onların qorunmasının vacibliyi vurğulanmışdır.

Sonra tədbir iştirakçılarının sualları cavablandırılmışdır.

Sammitdə yekun olaraq qərara alınmışdır ki, bəbir və pişikkimilərin mühafizəsi istiqamətində bilik və təcrübələrin bölüşdürülməsi, bu sahədə qabaqcıl biliklərin mənimsənilməsi üçün belə tədbirlər davamlı təşkil edilməlidir. Bildirilmişdir ki, bu işdə əsasən gənclər fəal olmalıdırlar.

Vurğulanmışdır ki, bəbir və pişikkimilərin qida ehtiyacının təmin edilməsi, onların populyasiyasının artırılması, arealının genişləndirilməsi daim diqqət mərkəzində saxlanılmalıdır.

Sammitdə iştirak edən qonaqlar Qəbələyə səfər edəcək, Azərbaycanın fauna və florası ilə yaxından tanış olacaqlar.

 

 

Azərbaycan.-2014.-8 may.-S.3.