Heydər Əliyev Mərkəzində
“Afrikanın
vəhşi
təbiəti” mövzusunda sərgi
açılmışdır
Mayın
7-də Heydər Əliyev Mərkəzində heyvanlar aləminə
maraq və həvəsi ilə əlaqədar dünyanın
bir çox ölkələrini gəzən fotoqraf və
rejissor kimi tanınmış Adrian Sternin “Afrikanın vəhşi
təbiəti” mövzusunda sərgisi
açılmışdır.
AzərTAc
xəbər verir ki, sərgi IDEA (Ətraf mühitin mühafizəsi
naminə beynəlxalq dialoq) İctimai Birliyinin təşəbbüsü,
Heydər Əliyev Fondu və Heydər Əliyev Mərkəzinin
təşkilati dəstəyi ilə keçirilmiş Qafqaz
Biomüxtəlifliyi Sammiti çərçivəsində
reallaşdırılmışdır.
Sərginin
açılışında Azərbaycanın birinci
xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban
Əliyeva, Fondun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi
və rəhbəri Leyla Əliyeva və Arzu Əliyeva
iştirak etmişlər.
Məlumat
verilmişdir ki, sərginin məqsədi diqqəti vəhşi
təbiətin zənginliklərinə və onun
qorunmasının vacibliyinə yönəltməkdir. Sərgidə
35 əsər nümayiş etdirilir. Müəllif Afrikanın
flora və faunasının müxtəlifliyini əks etdirən
fotoşəkilləri son 10 ildə Cənubi Afrika
Respublikası, Zimbabve, Zambiya, Tanzaniya və Uqandaya səfərləri
zamanı çəkmişdir. Sərginin müəllifi
Dünya Vəhşi Təbiət Fondunun Cənubi
Afrikadakı nümayəndəliyinin fotoqrafı kimi vəhşi
təbiətin qorunması, təsviri materiallardan istifadə edərək
brakonyerlik və digər aktual məsələlər barədə
müzakirələrin aparılması və tədbirlər
görülməsini stimullaşdırmaq üçün fəal
iş aparır.
Sərgi
ilə bağlı fikirlərini bölüşən Adrian
Stern bildirmişdir ki, bu çox təqdirəlayiq tədbirdir.
Bu qədər insanı bir yerə toplamaq və dəyərli
fikirləri bölüşmək Azərbaycanın beynəlxalq
səviyyədə təbiətin qorunması işinə
göstərdiyi diqqətin bariz nümunəsidir.
Dəfələrlə
Azərbaycanda olduğunu deyən fotoqraf hər səfərində
paytaxtımızda gördüyü sürətli
inkişafın onda heyranlıq doğurduğunu
vurğulamışdır. O bildirmişdir ki, hər dəfə
bu ölkəyə gələndə gözlədiyimdən
daha çox dəyişiklik və inkişaf görürəm.
Hazırda Qafqaz bəbiri və
onun Azərbaycanda mövcudluğu
haqqında sənədli film üzərində
işləyən Adrian Sternin
sərgisi böyük maraqla
qarşılanmışdır.
Azərbaycan.-2014.-8 may.-S.3.