Mireya Aquero de Korrales: Son
illər Azərbaycanın beynəlxalq aləmdə artan nüfuzu, sürətli
iqtisadi inkişafı bizi
sevindirir
Azərbaycan
Respublikası Milli Məclisinin sədri Oqtay Əsədov
mayın 7-də Honduras Respublikasının xarici işlər
və beynəlxalq əməkdaşlıq naziri xanım Mireya
Aquero de Korralesin başçılıq etdiyi nümayəndə
heyəti ilə görüşmüşdür.
AzərTAc
xəbər verir ki, görüşdə Oqtay Əsədov Azərbaycan
ilə Honduras arasında əlaqələrdən
danışmışdır. Bildirmişdir ki, iki ölkə
arasında 20 ildən artıq tarixə malik münasibətlər
mövcuddur. Azərbaycan və Honduras arasında siyasi əlaqələrin
inkişaf etdiyini deyən Milli Məclisin sədri iqtisadi sahədə
də əməkdaşlığın genişləndirilməsi
üçün potensialın olduğunu diqqətə
çatdırmışdır.
Oqtay
Əsədov qeyd etmişdir ki, ölkələrimiz
arasında əlaqələrin daha da inkişafını təmin
etmək üçün hüquqi bazanın yaradılması
zəruridir.
Honduras
Milli Konqresinin Azərbaycan ərazisinin 20 faizinin Ermənistan
silahlı qüvvələri tərəfindən
işğalını və Xocalı
soyqırımını tanıyan qərarına toxunan Milli Məclisin
sədri buna görə minnətdarlığını
bildirmişdir.
Xanım
Mireya Aquero de Korrales demişdir ki, ölkələrimiz
arasında müxtəlif istiqamətlərdə, xüsusən
ticarət, maliyyə, enerji sahələrində əməkdaşlığı
dərinləşdirmək üçün kifayət qədər
potensial vardır.
Nazir
Prezident İlham Əliyevin ona Azərbaycanın yüksək
mükafatlarından olan “Dostluq” ordenini təqdim etdiyini bildirərək
demişdir: “Bu mükafat məni çox şərəfləndirdi”.
Ölkəmiz
haqqında kifayət qədər məlumatlı
olduqlarını qeyd edən Mireya Aquero de Korrales
bildirmişdir: “Son illərdə Azərbaycanın beynəlxalq
aləmdə artan nüfuzu, sürətli iqtisadi
inkişafı bizi sevindirir.”
Sonda
Oqtay Əsədov Hondurasın Beynəlxalq Ədalət Məhkəməsinin
nümayəndəsi Karlos Lopez Kontrerasa və bu ölkənin
Meksikadakı səfiri Xose Mariano Kastilyo Merkadoya
respublikalarımız arasında siyasi münasibətlərin
inkişafındakı xidmətlərinə görə Milli Məclisin
Fəxri medalını təqdim etmişdir.
Azərbaycan.-2014.-8 may.-S.3.