Azərbaycan Respublikasında informasiya

 fəaliyyəti və təhlükəsizliyi siyasəti

 

XXI əsrin əvvəllərindən dünyada cərəyan edən əsas geosiyasi proseslərin idarə edilməsi, beynəlxalq münasibətlərin tənzimlənməsi, ölkələrin milli təhlükəsizliyinin təmin olunması və s. məsələlərdə ənənəvi hərbi-geostrateji, coğrafi-ərazi, iqtisadi, siyasi, sosial və s. problemlərlə yanaşı, dövlətlərin informasiya fəaliyyəti və təhlükəsizliyi məsələsi də  ciddi müzakirə olunur.  Qloballaşmanın vüsət aldığı, virtual informasiya məkanının günü-gündən genişləndiyi, milli informasiya mühitinin pozulduğu, milli dəyərlərin meyarlarının və sədlərinin "universallaşdığı"  müasir dünyada beynəlxalq və yerli ictimai rəyin idarə olunması, siyasi proseslərin məqsədli yönləndirilməsi gündən-günə aktuallaşır.  Transmilli informasiya siyasəti və milli sərhədləri asanlıqla aşan beynəlxalq  təbliğat fəaliyyəti ayrı-ayrı ölkələrin  imicinə, daxili həyatına, milli  cəmiyyətlərinin  vəziyyətinə  ciddi təsir göstərir.

Müstəqilliyinə nail olduqdan sonra Azərbaycanın milli təhlükəsizliyinin  əsas problemlərindən biri  ölkənin vahid informasiya siyasətinin formalaşdırılması və  təhlükəsizliyinin təminatı,  milli informasiya mühitinin yaradılması, qorunması və idarə edilməsi ilə bağlı olmuşdur.  1990-cı illərin əvvəllərində bəzi xarici qüvvələrin sistemli şəkildə həyata keçirdikləri informasiya müdaxiləsi,  ideoloji  təbliğat  fəaliyyəti Azərbaycan ərazisində əhalinin  bəzi sosial və  millietnik təbəqələrində ciddi antimilli və antidövlət meyli formalaşdırmış, müstəqil dövlətin əsaslarına, vətəndaş həmrəyliyi və birliyinə təhlükə yaratmışdı. Xarici dairələr bununla kifayətlənməyərək  Azərbaycanın ictimai rəyinə, daxili və xarici siyasətinə  təsir göstərmək məqsədilə çoxsaylı dini, ideoloji, informasiya və təbliğat şaxələri  yaratmış və  öz məqsədləri üçün istifadə etmişlər.

Bundan başqa, həmin dövrdə Azərbaycanın daxili informasiya sistemləri, o cümlədən informasiya yaratma, ötürmə, ümumiləşdirmə və təhliletmə  vasitələri, şəbəkə və xətləri ya iflic olmuş,  ya da  bütövlükdə xarici ölkələrin nəzarəti altına keçmişdi.  Xüsusən nəzərə alınsa ki, o dövrün bütün informasiya texnologiyaları -  telefon, peyk rabitəsi, internet, o cümlədən informasiya ötürmə sistemləri, milli təhlükəsizlik və müdafiə nazirliklərinin istifadə etdiyi digər informasiya vasitələri  bütövlükdə xarici ölkələrin və  beynəlxalq informasiya güclərinin nəzarəti altında idi, bu halda  ölkənin informasiya təhlükəsizliyi sahəsindəki problemləri və boşluqları təsəvvür etmək o qədər də çətin olmazdı. 

Bütün bunlar və digər proseslər 90-cı illərin birinci yarısında Azərbaycan hakimiyyəti qarşısında məxsusi informasiya fəaliyyəti və təhlükəsizliyi siyasətinin formalaşdırılması, milli informasiya fəaliyyətinin vahid strategiyasının hazırlanması və həyata keçirilməsi kimi təxirəsalınmaz vəzifələr qoyurdu. 1993-cü ildən başlayaraq Prezident Heydər Əliyevin rəhbərliyi altında özündə müstəqil dövlət maraqlarını və beynəlxalq dəyərləri,  ümumi təhlükəsizlik normalarını və milli postulatları əks etdirən informasiya fəaliyyəti və təhlükəsizliyi siyasəti həyata keçirilməyə başlandı. Dövlətin  informasiya siyasətinin əsas vəzifələri, istiqamətləri, prioritetləri və resursları müəyyən edildi, nəzəri və praktiki əsasları yaradıldı, sonrakı  dövrdə müxtəlif inkişaf mərhələlərindən keçərək təkmilləşdirildi və dövlət həyatının bütün sahələrndə tətbiq olunmağa başlandı. Demokratik dövlət və vətəndaş cəmiyyəti quruculuğunun əsas tələbi kimi söz və məlumat azadlığının  təminatı, demokratik və siyasi plüralistik kütləvi informasiya vasitələrinin (KİV) yaradılması, iqtisadi və siyasi müstəqilliyinin təmin edilməsi, beynəlxalq rəqabətədavamlılığının artırılması, informasiya fəaliyyətinin hüquqi-normativ əsaslarının yenidən qurulması və s. bu siyasətin əsas prioritetlərinə çevrildi. Azərbaycan hakimiyyəti bu istiqamətdə bir çox beynəlxalq təşkilatlarla və inkişaf etmiş demokratik ölkələrlə əməkdaşlıq edərək respublikada azad informasiya mühiti formalaşdırdı,  ölkənin informasiya təhlükəsizliyinin təminatı mexanizmlərini bərqərar etdi.

 

Azərbaycanın dövlət informasiya siyasətinin əsasları: müstəqil kütləvi informasiya vasitələrinin formalaşdırılması siyasəti və informasiya-kommunikasiya texnologiyalarının inkişafı

 

Azərbaycanda söz və informasiya azadlığının bərqərar olmasının, azad informasiya mühitinin və müstəqil  kütləvi informasiya vasitələrinin yaradılması siyasətinin banisi ümummilli lider Heydər Əliyevdir. Məhz onun prezidentliyi dövründə ölkədə  azad, müstəqil, beynəlxalq rəqabətədavamlı, demokratik milli kütləvi informasiya vasitələrinin formalaşması və hərtərəfli inkişafının təmin edilməsi istiqamətində məqsədyönlü fəaliyyət başlanmış, plüralizmi, söz və məlumat azadlığını məhdudlaşdıran bütün süni maneələr aradan qaldırılmış, kütləvi informasiya vasitələrinin fəaliyyətini tənzimləyən qanunvericilik bazası təkmilləşdirilərək beynəlxalq standartlara uyğunlaşdırılmışdır.

Azərbaycan Respublikasının 1995-ci ildə qəbul edilmiş yeni Konstitusiyasında söz, fikir və məlumat azadlığı, hər kəsin məlumat almaq və yaymaq hüququ, KİV üzərində hər hansı senzuranın yolverilməzliyi birmənalı formada təsbit edilmişdir.

Azərbaycan Prezidentinin 6 avqust 1998-ci il tarixli fərmanı ilə Nazirlər Kabineti nəzdində mətbuatda və digər KİV-də dövlət sirlərini mühafizə edən baş idarə ləğv edilmişdir. Senzuranın ləğvi demokratik cəmiyyət olaraq Azərbaycanın gələcək plüralistik informasiya siyasətinin həyata keçirlməsini şərtləndirmiş və sürətləndirmişdir.

1999-cu ilin dekabrında İnsan Haqları və Əsas Azadlıqları üzrə Avropa Konvensiyasının  əsas tələblərinə uyğunlaşdırılmış "Kütləvi informasiya vasitələri haqqında" Azərbaycan Respublikasının yeni demokratik Qanunu qəbul olunmuşdur.  Həmin qanun, mütəxəssislərin fikrinə görə, bütün demokratik tələblərə - söz və məlumat azadlığına, KİV-in və jurnalistlərin müstəqilliyinə və sərbəst fəaliyyətinə tam təminat verir. Bunun ardınca dövlət informasiya siyasətinin ardıcıllığını təmin etmək məqsədilə 2000-ci ildə Mətbuat və İnformasiya Nazirliyi ləğv olunmuş və dövlətin mətbuat üzərində nəzarət funksiyasından imtina edilmişdir. 2003-cü ildə Azərbaycan jurnalistlərinin  I qurultayında mətbuatın özünütənzimləmə orqanı və dövlət qurumları ilə mətbuat arasında münasibətlərin nizamlanması funksiyalarını yerinə yetirən müstəqil Mətbuat Şurası yaradılmışdır. 2002-ci ildə Avropa Şurası ilə əməkdaşlıq şəraitində beynəlxalq standartlara tam cavab verən "Televiziya və radio yayımı haqqında" qanun işlənib hazırlanmış və qəbul edilmişdir. Bunun ardınca, 2003-cü ildə elektron KİV sahəsində fəaliyyətin demokratik normalara uyğun qurulmasını təmin edəcək, TV və radio sahəsində fəaliyyəti tənzimləyən müstəqil dövlət orqanı - Milli Televiziya və Radio Şurası yaradılmışdır.  Şura öz fəaliyyətində yalnız qanuna tabedir. 2004-cü ildə "İctimai Televiziya və radio yayımı haqqında" yeni qanun layihəsi işlənib hazırlanmış və qəbul edilmişdir. Xüsusi qeyd olunmalıdır ki, qanunun hazırlanmasında Avropa Şurasının ekspertləri bilavasitə iştirak etmiş və əksər prinsipial müddəalar onlarla razılaşdırılmışdır.

2004-cü ilin sentyabrından etibarən "Dövlət sirri haqqında" qanun qüvvəyə minmiş, bir müddət sonra isə  Azərbaycan Prezidenti bu kateqoriyaya aid məlumatlar siyahısını  təsdiq etmişdir. Bu, əsasən, hərbi sahəyə, dövlətin kəşfiyyat və əks-kəşfiyyat fəaliyyətinə dair məlumatlardır.  Jurnalistlərin informasiya almaq azadlığının tam reallaşdırılması üçün 2005-ci il sentyabrın 30-da Azərbaycan Prezidentinin sərəncamı ilə "İnformasiya əldə etmək haqqında"  yeni qanun təsdiq olunmuşdur. Qanun layihəsinin hazırlanmasına həm əsas jurnalist təşkilatları, həm də Avropa Şurasının ekspertləri cəlb olunmuşdur. Nəticədə qanun yerli və xarici ekspertlər tərəfindən yüksək qiymətləndirilmiş və hazırda Avropa məkanında ən mütərəqqi qanunvericilik aktlarından hesab olunur. "İnformasiya əldə etmək haqqında" qanun qəbul edildikdən sonra dövlət orqanlarında ictimaiyyətlə əlaqələr idarələrinin və mətbuat xidmətlərinin formalaşdırılmasına başlanmışdır. Qanunla müəyyən edilmiş bütün informasiya sahibləri, mərkəzi və yerli hakimiyyət qurumları  onlara məxsus internet  informasiya resursları yaradaraq jurnalistlərin xidmətinə təqdim etmişlər. Hazırda həmin resursların fəaliyyətinin təkmilləşdirilməsi məqsədilə ardıcıl tədbirlər həyata keçirilir.

Dövlət orqanlarının fəaliyyətində şəffaflığın artırılması, hesabatlılığın təmin edilməsi, qərarların qəbulu və idarəçilikdə ictimaiyyətin iştirakının genişləndirilməsi, yeni informasiya texnologiyalarının tətbiqi üçün Azərbaycan Prezidentinin 2012-ci il 5 sentyabr tarixli sərəncamı ilə "Açıq Hökumətin təşviqinə dair 2012-2015-ci illər üçün Milli Fəaliyyət Planı" təsdiq edilmişdir.

Müstəqillik illərində Azərbaycanda söz və məlumat azadlığının təmin edilməsi, KİV-in maddi-texniki bazasının möhkəmləndirilməsi, jurnalistlərin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində ardıcıl qərarlar qəbul edilmiş, müvafiq fərman və sərəncamlar imzalanmışdır. 1998-ci ilin sonunda KİV-in maddi-texniki bazasının yaxşılaşdırılması məqsədilə ölkə Prezdentinin sərəncamı ilə qəzet redaksiyaları əlavə dəyər vergisindən azad edilmişdir. Vergi Məcəlləsində KİV-in inkişafının stimullaşdırılması, onların maliyyə durumunun yaxşılaşdırılması və maddi-texniki bazasının gücləndirilməsi üçün sərfəli güzəştlər nəzərdə tutulmuşdur.  Azərbaycan Respublikası Prezidentinin 2001-ci il iyulun 20-də imzaladığı "Azərbaycan Respublikasında kütləvi informasiya vasitələrinə dövlət qayğısının artırılması sahəsində əlavə tədbirlər haqqında" fərmanla ölkəyə gətirilən qəzet kağızına gömrük rüsumları ləğv olunmuş, qəzetlərə uzunmüddətli və güzəştli kreditlər verilməsi qərara alınmışdır.

Qeyd edilməlidir ki, 2000-ci ildən Azərbaycan milli mətbuatının yubileyləri dövlət səviyyəsində qeyd olunur.  2005 və 2010-cu illərdə yüzlərlə jurnalist fəxri adlar və dövlət mükafatları ilə təltif olunmuşlar. Hər il ölkənin aparıcı qəzet redaksiyaları və informasiya agentliklərinə dövlət tərəfindən birdəfəlik maliyyə yardımı ayrılır.

2008-ci il iyulun 30-da Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə "Azərbaycan Respublikasında kütləvi informasiya vasitələrinin inkişafına dövlət dəstəyi Konsepsiyası" təsdiq edilmişdir. Kütləvi informasiya vasitələrinin inkişafına dövlət dəstəyinin əsas məqsədi vətəndaş cəmiyyəti quruculuğu prosesində KİV-in rolunu nəzərə almaqla fikir, söz və məlumat azadlığını inkişaf etdirmək, kütləvi informasiya vasitələrinin müstəqilliyini dəstəkləmək, redaksiyalara yardım mexanizmini təkmilləşdirmək, informasiya sektorunda yeni informasiya-kommunikasiya texnologiyalarının tətbiqini stimullaşdırmaq, cəmiyyət və kütləvi informasiya vasitələri arasında səmərəli əməkdaşlığı gücləndirmək, jurnalistlərin peşəkarlığının və məsuliyyətinin artmasına şərait yaratmaq, sosial müdafiəsini gücləndirmək, dövlət və cəmiyyət üçün prioritet təşkil edən məsələlərin həllində kütləvi informasiya vasitələrinin potensialından səmərəli istifadə etməkdir.

2009-cu il aprelin 3-də Konsepsiyanın tələblərinə uyğun olaraq Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu yaradılmışdır. Fondun əsas vəzifəsi söz və məlumat azadlığının, kütləvi informasiya vasitələrinin inkişaf etdirilməsi üçün Konsepsiyada nəzərdə tutulmuş müddəaların həyata keçirilməsini, habelə KİV-in proqram, layihə və digər tədbirlərini maliyyələşdirməkdir. Fond müstəqil orqandır, onun fəaliyyətinə vətəndaş cəmiyyəti institutlarının təmsil olunduğu Müşahidə Şurası nəzarət edir. 2009-cu ildən sonrakı dövrdə KİV layihələrinin maliyyələşdirilməsi üçün dövlət büdcəsindən fonda 15 milyon manatdan artıq vəsait ayrılmışdır.

Azərbaycan Prezidentinin "Azərbaycan mətbuat işçilərinin sosial müdafiəsinin gücləndirilməsi tədbirləri haqqında" 2010-cu il 22 iyul tarixli sərəncamı ilə jurnalistlər üçün yaşayış binasının tikilməsi mıəqsədilə xüsusi vəsait ayrılmışdır. 2013-cü il iyulun 22-də jurnalistlər üçün tikilmiş binanın açılış mərasimi keçirilmiş və 156 KİV əməkdaşına  yeni mənzillər paylanmışdır. Elə həmin gün Azərbaycan Prezidenti "Azərbaycan mətbuat işçilərinin sosial müdafiəsinin gücləndirilməsinə dair əlavə  tədbirlər haqqında" sərəncam imzalamış və jurnalistlər üçün yeni-240 mənzilli binanın tikintisinə vəsait ayırmışdır.

Bu gün Azərbaycanda dünya standartlarına uyğun azad, plüralist media formalaşmışdır. Dövlət KİV-in müstəqil və hərtərəfli inkişafı üçün zəruri şərait yaratmışdır.  Ölkədə 40-a yaxın gündəlik, 200-dən artıq həftəlik və aylıq qəzet nəşr olunur. 80-dən artıq elmi-praktiki, ictimai-siyasi, sosial-iqtisadi məsələləri, uşaq və qadın problemlərini işıqlandıran və əyləncə xarakterli jurnal çıxır. Azərbaycanda 20-yə yaxın informasiya agentliyi ölkədə və dünyada baş verən hadisələrlə bağlı müntəzəm və çeşidli məlumat yayır. Bölgələrdə 100-ə yaxın qəzet və jurnal nəşr olunur.

1998-ci ildən sonra Azərbaycanda yeni özəl televiziya və radio kanalları açılmış, son illər kabel televiziyasının miqyası genişlənmişdir. Hazırda Azərbaycanda 10 ümumrespublika, 1 peyk, 14 regional və 14 kabel televiziyası, 14 radio fəaliyyət göstərir. 2005-ci ildə Azərbaycan Dövlət Televiziyasının bazasında "Azərbaycan Televiziya və Radio Verilişləri" Qapalı Səhmdar Cəmiyyəti yaradılmışdır. Elə həmin il ikinci dövlət kanalının bazasında İctimai Televiziya və Radio Yayımları Şirkəti  təsis edilmiş və fəaliyyətə başlamışdır. İctimai Televiziyanın maddi-texniki təminatı və real  olaraq fəaliyyətə başlaması üçün bütün zəruri tədbirlər görülmüşdür. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il tarixli  qərarına əsasən, ölkə ərazisində rəqəmsal yayımın tətbiqinə başlanmışdır. 2014-cü ildə Azərbaycanda rəqəmsal yayıma keçidin başa çatacağı gözlənilir.

Azərbaycanda 50-dən artıq jurnalist təşkilatı qeydiyyatdan keçmiş, 30-a yaxın təşkilat söz və məlumat azadlığının inkişaf etdirilməsi, mətbuatın iqtisadi müstəqilliyinin gücləndirilməsi, jurnalistlərin hüquqlarının müdafiəsi, KİV-in informasiya əldə etmək imkanlarının genişləndirilməsi, cəmiyyətlə KİV arasında münasibətlərin tənzimlənməsi və digər məsələlərlə aktiv məşğul olur. Ölkədə mətbuat yayımı həyata keçirən müstəqil kommersiya şirkətlərinin sayı artmışdır.

Qeyd etmək lazımdır ki, Azərbaycanda söz və informasiya azadlığının təmin olunması, müstəqil KİV-in inkişafı və beynəlxalq rəqabətədavamlılığının artırılması, medianın maddi-texniki bazasının gücləndirilməsi, ölkə jurnalistlərinin peşəkarlığının artırılması və s. sahələrdə həyata keçirilən dövlət siyasəti az vaxtda öz müsbət nəticələrini göstərmişdir. Belə ki, 2009-cu ildən bəri jurnalistlərin insanları böhtan və təhqir etmə maddəsi ilə və ümumən yaradıcılıq fəaliyyəti ilə bağlı həbsə alınması faktı qeydə alınmamışdır. Hazırkı şərait Azərbaycanda "difamasiya haqqında" yeni qanun layihəsinin müzakirəyə çıxarılması və qəbul olunmasını, jurnalistlərin fəaliyyətinin daha da asanlaşdırılması və təhlükəsizliyinin  dolğun təmin olunmasını gündəmə gətirmişdir. Ölkə rəsmiləri və mətbuat ictimaiyyəti hazırda inkişaf etmiş demokratik dövlətlərin  bu sahədəki təcrübəsini öyrənərək Azərbaycanda tətbiqi üzərində birgə fəaliyyət göstərir.

Yeni minilliyin başlanğıcından dünyanın müxtəlif ölkələrində, xüsusən də inkişaf etmiş dövlətlərdə İKT-nin inkişafı, qabaqcıl inkişaf texnologiyaları və innovativ iqtisadi münasibətlərə əsaslanan informasiya cəmiyyətinin yaradılması istiqamətində transmilli fəaliyyət bir qədər də güclənmişdir. Bu fəaliyyət yeni minilliyin əsas inkişaf tələbləri və çağırışları kimi BMT-nin müvafiq sammitinin qərarlarında da öz əksini tapmışdır. Son on ildə Azərbaycanda da ölkənin sabit və dinamik inkişafı, cəmiyyətin sosial-iqtisadi problemlərinin həlli, söz və mətbuat azadlığının təmin edilməsi, milli KİV-in maddi-texniki bazasının gücləndirilməsi və beynəlxalq rəqabətədavamlılığının artırılması məqsədilə  İKT və rabitə sektorunun inkişafına böyük əhəmiyyət verilir. İKT-nin inkişafı siyasəti hazırda Azərbaycan dövlətinin fəalyyətində   mühüm yer tutur. Cəmi bir neçə ildə bu sahə üzrə həm milli qanunvericilik, həm də praktiki  fəaliyyət xeyli gücləndirilmiş və ciddi nəticələr əldə edilmişdir. Ölkə üzrə informasiya cəmiyyətinin,  yeni texnoloji və innovativ biliklərə əsaslanan iqtisadiyyatın formalaşdırılması dövlət tərəfindən dəstəklənir. Respublikada informasiya təhlükəsizliyinin təmin olunması və informasiya texnologiyalarının inkişafı ilə bağlı milli  qanunvericilik bazası xeyli təkmilləşdirilmişdir. "Kütləvi informasiya vasitələri haqqında", "İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında", "Məlumat azadlığı haqqında",  "Elektron sənəd və elektron imza haqqında", "İnformasiya əldə etmək  haqqında",  "Telekommunikasiya haqqında", "Dövlət sirri haqqında" və s. qanunların qəbul edilməsi bunun əyani sübutudur.

Bunlardan əlavə, Azərbaycan Prezidenti tərəfindən "Azərbaycanın inkişafı naminə informasiya və kommunikasiya texnologiyaları üzrə Milli Strategiya (2003 - 2012-ci illər)", "Azərbaycan Respublikasında rabitə və informasiya texnologiyalarının inkişafı üzrə 2005-2008-ci illər üçün Dövlət Proqramı",  "Azərbaycan  Respublikasında kosmik sənayenin yaradılması və inkişafı üzrə Dövlət  Proqramı" və s. mühüm sənədlər də  təsdiq olunmuşdur. Strategiya çərçivəsində "Elektron Azərbaycan-2005-2008-ci illər" və "Elektron Azərbaycan-2010-2012-ci illər"  dövlət proqramları qəbul olunmuş və icra edilmişdir.

İKT-nin inkişafı yönündə aparılan məqsədyönlü dövlət siyasətinin nəticəsidir  ki, 2008-ci ildə Davosda keçirilən Ümumdünya İqtisadi Forumunun hesabatında Azərbaycan  İKT sahəsindəki inkişaf səviyyəsinə görə MDB ölkələri arasında birinci yeri tutmuşdur. Ümumdünya İqtisadi Forumunun hesabatına görə, hazırda ölkə üzrə internet istifadəçilərinin sayı əhalinin 70 faizini təşkil edir. Milli internet provayderinin sayı 40-a çatmışdır. Son illər genişzolaqlı sürətli internet istifadəçilərinin sayı 50 faizə yaxınlaşmışdır ki, bu da ümumdünya orta göstəricisindən 2 dəfə yüksəkdir.  5 ildə internet trafikinin giriş-çıxış həcmi  40 dəfə yüksəlmiş və hazırda 200 GB-dən çoxdur. İnternet xidmətlərindən istifadə haqları region ölkələrindəki tariflərlə uyğunlaşdırılmışdır. Bölgələrdə internet istifadəçilərinin sayı 12-15 dəfə çoxalmışdır. Ucqar kəndləri də nəzərə almaqla Azərbaycanın bütün bölgələrində internetdən istifadə etmək üçün şərait yaradılmışdır.

2011-ci il mayın 23-də "Dövlət orqanlarının elektron xidmətlər göstərməsinin təşkili sahəsində bəzi tədbirlər haqqında" Azərbaycan Respublikası Prezidenti fərman imzalamışdır. Fərmana əsasən, dövlət orqanları öz fəaliyyət istiqamətlərinə uyğun olaraq bütün sahələrdə elektron xidmətlər təşkil etmişlər. Elektron xidmətlərin "bir pəncərə" prinsipi əsasında təşkilinin təmin edilməsi məqsədi ilə "www.e-gov.az" vahid elektron hökumət portalı yaradılmışdır. Nazirlər Kabinetinin 2012-ci il 22 oktyabr tarixli qərarı ilə dövlət orqanlarının göstərdiyi elektron xidmətlərin növləri hazırda 417-yə çatdırılmışdır. Bununla yanaşı, dövlət orqanları əhaliyə 300-ə yaxın elektron xidməti göstərir.

Azərbaycanda İKT  sahəsi son illərdə sürətlə inkişaf edir. Bu illər ərzində İKT-yə ümumi investisiya qoyuluşunun həcmi təxminən 3 milyard ABŞ dolları təşkil etmişdir. Ölkə ərazisində uzunluğu 1161 kilometr olan Trans-Asiya-Avropa (TAE) fiber-optik kabel magistralı çəkilmişdir. Bu şəbəkə daxili ehtiyatlar hesabına daha da genişləndirilmiş, ölkənin digər bölgələri magistral xəttə qoşulmuş və şimal sərhədinə qədər optik xəttin tikintisi təmin edilmişdir.

Azərbaycanda hazırda radio-televiziya proqramlarının peykdən yayımını təmin edən (TV-UP-Link) peyk rabitə stansiyaları ilə yanaşı, xarici ölkələrlə rabitənin təşkili, məlumatların ötürülməsi və qəbulu, internet şəbəkələrinin və daxili korporativ şəbəkələrin yaradılması məqsədilə müxtəlif peyklər üzərindən peyk rabitə kanalları (daşıyıcılar) vasitəsilə bir neçə peyklə  işləyən yerüstü stansiyalar  qurulub istifadə edilir. Əhaliyə, o cümlədən ölkə xaricində yaşayan azərbaycanlılara informasiya çatdırmaq üçün İKT-nin imkanlarından geniş istifadə olunur. AzTV, İTV və digər milli  televiziya kanalları,  televiziya və radio proqramları AZƏRSPACE-1 ilə yanaşı, iki digər peyk üzərindən də Asiya, Avropa və bütün dünya ölkələrinə yayımlanır.

Azərbaycan dövlətinin 2013-cü ildə özünün AZƏRSPACE-1 video-informasiya ötürücü peykini  yeraltı  orbitə  çıxarması  və regionda Rusiya, Türkiyə ilə birlikdə kosmik ölkəyə çevrilməsi  onun həm informasiya fəaliyyəti və təhlükəsizliyinin təmin olunmasında mühüm rol oynamış, həm də ölkəyə İKT sahəsində yaxın gələcəkdə böyük uğurlar qazandırmağa şərait yaratmışdır.

 

İnformasiya təhlükəsizliyi siyasəti

 

Azərbaycanda informasiya təhlükəsizliyinin təmin olunması məsələləri yuxarıda adıçəkilən bir çox qanunlarla yanaşı, ümumi formada Milli Təhlükəsizlik Konsepsiyasında və Azərbaycan Respublikasının "Milli Təhlükəsizlik haqqında" qanununda  da öz əksini tapmışdır. Konsepsiyada qeyd olunur ki, Azərbaycan Respublikasının informasiya təhlükəsizliyi siyasəti dövlət, ictimai və fərdi informasiya ehtiyatlarının qorunmasına, habelə informasiya sahəsində milli maraqların müdafiəsinə yönəlmiş tədbirlər kompleksinin həyata keçirilməsindən ibarətdir.

Konsepsiyada Azərbaycan Respublikasının informasiya sahəsində milli təhlükəsizliyinin təmin olunması məqsədilə ölkədə informasiyanın, həmçinin dövlət informasiya ehtiyatlarının müdafiəsi sahəsində milli sistem və informasiya infrastrukturunun inkişaf etdirilməsi və möhkəmləndirilməsi zərurəti qeyd olunur.

Sənəddə ümumi formada ölkənin kəşfiyyat və əks-kəşfiyyat fəaliyyətinin uzlaşdırılması və səmərəliliyinin artırılması zərurəti, habelə məxfi informasiyanın mühafizə olunmasının koordinasiyasının milli təhlükəsizlik sektorunun  əsas məsələlərdən biri olduğu vurğulanır və qeyd edilir.

İnformasiya təhlükəsizliyi siyasəti  "Milli təhlükəsizlik haqqında" Azərbaycan Respublikasının Qanunda da ümumi formada öz əksini tapmışdır.

Milli Təhlükəsizlik Konsepsiyası və Milli Təhlükəsizlik haqqında qanunda  informasiya təhlükəsizliyi problemi əsas vəzifə kimi qoyulmur, yalnız ölkənin ümumi milli təhlükəsizliyi fonunda təsnif olunur. İnformasiya təhlükəsizliyi ilə bağlı təhdidlər də bir qədər ümumi xarakter daşıyır və ölkənin siyasi, iqtisadi, müdafiə, sosial-milli, elm, texnika, mənəvi-əxlaqi və digər sahələr üzrə konkret  informasiya təhlükəsizliyi tələblərinə toxunmur. İnkişaf etmiş dünya ölkələrinin təcrübəsi göstərir ki, Azərbaycanda da bu sahə üzrə ayrıca İnformasiya Təhlükəsizliyi Konsepsiyasının yaradılmasına ciddi ehtiyac var. Həmin konsepsiyada milli informasiya fəaliyyəti və təhlükəsizliyi siyasətinin  hüquqi əsasları müəyyənləşdirilməli, dövlətin informasiya mühitinin təhlükəsizliyinə təhdidlər sistemli formada öyrənilməli, qruplaşdırılmalı və təhdidlərin doğura biləcəyi konkret nəticələr proqnozlaşdırılmalı, bu sahə üzrə dövlət qurumlarının praktiki fəaliyyətin effektivliyi ciddi şəkildə təmin edilməlidir.

Mütəxəssislərin fikrinə görə, müasir dünyada hər bir ölkənin informasiya təhlükəsizliyinin təmin olunması ilk növbədə bu istiqamətdə yürüdülən dövlət siyasətinin prioritet istiqamətlərinin dəqiq müəyyənləşdirilməsindən, informasiya təhlükəsizliyi mühitinin dəqiq, obyektiv, elmi baxımdan düzgün qiymətləndirilməsindən və bu sahədə səmərəli fəaliyyətin təşkil olunmasından asılıdır. Bu baxımdan hazırda Azərbaycanın  informasiya təhlükəsizliyi  mühitinə təsir edən əsas amillərin müəyyənləşdirilərək sistemləşdirilməsi və onların ayrıca olaraq İnformasiya Təhlükəsizliyi Konsepsiyasında öz əksini tapması vacibdir.

Milli İnformasiya Təhlükəsizliyi Konsepsiyasında   həm də beynəlxalq aləmdə, ölkə daxilində, ictimai-siyasi və sosial-iqtisadi həyatda  baş verən  proseslərin dövlətin informasiya təhlükəsizliyinə təsiri və bundan irəli gələn vəzifələr öz əksini tapmalıdır. Azərbaycan Prezidenti İlham Əliyev Nazirlər Kabinetinin 2011-ci ilin yekunlarına həsr olunmuş illik iclasında dünya ölkələrinin müasir informasiya-kommunikasiya siyasətinin xarakterik xüsusiyyətlərini, planetimizdə gündən-günə genişlənən  internet resurslarının, transmilli mətbuat-informasiya sistemlərinin beynəlxalq ictimai rəyin formalaşmasındakı mühüm rolunu, dünyada virtual informasiya əlaqələrin bütün milli sərhədləri aşması tendensiyasını və s. məsələləri nəzərə alaraq müasir dövrdə hər bir  ölkənin milli təhlükəsizliyinin əsas istiqamətlərindən biri kimi informasiya təhlükəsizliyinin rolunu xüsusi qeyd etmiş, bu sahədə Azərbaycanda görülməsi vacib olan işlər haqqında danışmışdır.  O qeyd etmişdir ki, biz informasiya əsrində, internet və digər informasiya texnologiyalarının inkişafı dövründə yaşayırıq. Azərbaycanda siyasi plüralizm hökm sürür, azad mətbuat,  internet və informasiya orqanları fəaliyyət göstərir, əhalinin 50 faizindən çoxu internetdən istifadə edir. İndi hər bir kəndə, hər bir yaşayış məntəqəsinə genişzolaqlı internet şəbəkəsinin çəkilməsi planlaşdırılır. Lakin təəssüf ki, qlobal informasiya məkanında internetdən, informasiya vasitələrindən,  transmilli mətbuatdan bəzən insanların informasiya ehtiyacını ödəməklə yanaşı,   həm də xüsusi təxribat vasitəsi kimi istifadə edirlər, ayrı-ayrı xalqlara, dövlətlərə və insanlara qarşı böhtan kampaniyası aparırlar. Bu təxribatlar, məqsədyönlü kampaniyalar bəzi hallarda açıq, bəzi hallarda  gizli aparılır. Əlbəttə, belə şəraitdə ölkələrin informasiya təhlükəsizliyi məsələləri çox aktuallaşır.

Azərbaycanın informasiya təhlükəsizliyi siyasətinə toxunan ölkə rəhbəri vurğulamışdır ki, hazırda bizə qarşı dünyada sistemli informasiya müharibəsi aparan qüvvələr mövcuddur. Elə ölkələr var ki, orada nəinki hər həftə, hər gün Azərbaycanla bağlı böhtan xarakterli yazılar dərc edirlər. Təbii ki, bu, əlaqələndirilmiş bir antiazərbaycan siyasətidir. Bu işdə  ilk növbədə, erməni lobbisinin fəallığını qeyd etmək lazımdır, onlar  mütəmadi olaraq Azərbaycanın milli-mədəni dəyərlərini, real inkişafını və həqiqətlərini inkar edərək onu geridə qalmış, antidemokratik, antixristian ölkə kimi dünyaya təqdim etməyə çalışırlar.

Ölkə rəhbərinin fikirlərindən göründüyü kimi, informasiya təhlükəsizliyi Konsepsiyasında Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı həyata keçiriləcək informasiya  siyasətinin əsas istiqamətləri və bu sahədə qarşıda duran vəzifələr ayrıca əks etdirilməlidir. Azərbaycan Prezidentinin qeyd etdiyi kimi, hazırda Azərbaycana qarşı həyata keçirilən informasiya müharibəsində Ermənistan xüsusi canfəşanlıq göstərir. Erməni diasporu müxtəlif ölkələrin informasiya vasitələrində Azərbaycanın dünyada gündən-günə artan nüfuzuna, siyasi, iqtisadi, mədəni sahələrdə əldə etdiyi uğurlarına kölgə salmağa çalışır. Bu məsələdə ermənipərəst xarici və daxili siyasi  dairələr xüsusi aktivlik nümayiş etdirirlər. Ermənilərin və onlara himayədarlıq edən siyasi dairələrin əsas məqsədi nəyin bahasına olursa-olsun beynəlxalq ictimai rəydə Azərbaycanla bağlı mənfi fikir formalaşdırmaqdır.

Azərbaycan Respublikasında informasiya təhlükəsizliyi sahəsindəki əsas vəzifələrin yerinə yetirilməsi, milli informasiya resurslarının qorunması və təhdidlərin qarşısının alınması, bu sahədə effektli tədbirlərin gücləndirilməsi məqsədilə son zamanlar dövlət səviyyəsində ciddi fəaliyyət başlanmışdır. Bu tədbirlər sırasında Azərbaycan Respublikası Prezidentinin Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Elektron Təhlükəsizlik Mərkəzinin yaradılması haqqında 26 sentyabr 2012-ci il tarixli və "İnformasiya təhlükəsizliyi sahəsində fəaliyyətin təkmilləşdirilməsi tədbirləri haqqında" 5 mart 2013-cü il tarixli  fərmanlarını qeyd etmək olar.

"İnformasiya təhlükəsizliyi sahəsində fəaliyyətin təkmilləşdirilməsi tədbirləri haqqında" fərmanla dövlət başçısı  Azərbaycanda informasiya proseslərinin mühafizəsi, sabitliyi və fasiləsizliyi, dövlət orqanlarının informasiya ehtiyatlarının qorunması, bu sahədə təhdidlərin qarşısının alınması, təhlili və qabaqlanması üçün dövlət və qeyri-dövlət informasiya infrastrukturu subyektlərinin, onların istifadəçilərinin fəaliyyətinin əlaqələndirilməsi, kibertəhlükəsizlik sahəsində risklərin qiymətləndirilməsi və idarə olunması, ümummilli hazırlığın və maarifləndirmənin təmin edilməsi məqsədilə Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidmətinin bazasında Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Agentliyi yaratmış və onun əsas fəaliyyət prinsiplərini təsdiq etmişdir. Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Elektron Təhlükəsizlik Mərkəzinin yaradılması haqqında fərmanda isə  kibertəhlükəsizlik sahəsində informasiya infrastrukturu subyektlərinin fəaliyyətinin koordinasiyasını, mövcud və yarana biləcək elektron təhlükələr barədə ölkə səviyyəsində məlumatlandırmanı, əhalinin, özəl və digər qurumların kibertəhlükəsizlik sahəsində maarifləndirilməsini və onlara metodiki kömək göstərilməsini təmin edən əlaqələndirici  mərkəzin  yaradılması təmin edilmişdir.

Bundan başqa, 10 fevral 2014-cü ildə   respublika Prezidentinin sərəncamı ilə "Azərbaycanda 2014-2018-ci illərdə dövlət sirrinin qorunması sisteminin inkişafı Dövlət Proqramı" təsdiq edilmişdir. Sərəncamda informasiya sahəsində dövlət sirlərinin və informasiya resurslarının qorunmasının koordinasiyası Milli Təhlükəsizlik Nazirliyinə həvalə edilmişdir.

 

Əli HƏSƏNOV,

Azərbaycan Respublikası Prezidenti Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri, YAP İdarə Heyətinin üzvü

Azərbaycan.-2014.- 8 may.- S.5.