HEYDƏR ƏLİYEV MİSSİYASI:
müstəqillik,
demokratiya, məsuliyyət
...Təyyarə Heydər Əliyev adına hava limanından istiqamət götürür. Buludların üzərindən aşağıya, Xəzərin əhatəsində ovuc içi kimi görünən paytaxtımıza tamaşa edə-edə səfər planlarımız barədə düşünürəm...
Yolumuz yenə Avropaya sarıdır. ATƏT-in Parlament Assambleyasının toplantılarında iştirak edəcəyik. Bu toplantılarda müstəqil Azərbaycanı təmsil etməyə yollanırıq.
Belə səfərlərimiz mütəmadidir. İlk vaxtlar yola çıxanda müəyyən bir narahatlığımız da olardı. ATƏT-in Parlament Assambleyasında digər ölkələrdən olan deputat həmkarlarımızın Azərbaycan barədə yanlış düşüncələrindən, kəskin suallarından, Ermənistan deputat qrupunun məkrli təxribatlarından qayğılanar, bu toplantılarda həm erməni yalanlarını ifşa edər, həm də Azərbaycan barədə hesabatlar verərdik.
Amma artıq xeyli müddətdir ki, bu nigarançılıqdan əsər-əlamət yoxdur. Çünki bizi hər addımda özünü nişan verən inkişaf, tərəqqi əlamətləri ilə yola salmış, indi bütün dünyanın tanıdığı, rəğbət bəslədiyi, hesablaşdığı güclü Azərbaycanı təmsil etmək üçün gedirik.
Nədir Azərbaycanı qısa zamanda bu qədər güclü edən, qüdrətləndirən?! Nədir dünyanın müxtəlif qütblərinə, ayrı-ayrı mədəniyyətlərə, fərqli inkişaf modellərinə malik ölkələrinin təmsilçilərinin və onların simasında bütün dünyanın Azərbaycana böyük marağını, rəğbətini şərtləndirən?!
Əslində, cavabı hər birimizə bəlli olan bu suallar fərəh duyğusu kimi qəlbimə dolur... Və Azərbaycanın bugünkü yüksəliş tarixini illər öncə nurlu ideyalarında formalaşdırmış xalqımızın ümummilli lideri Heydər Əliyevin müqəddəs ruhuna şükranlıq duyğularımın ifadəçisinə çevrilir.
vvv
Düşünürəm, demokratiya haqqında indiyə qədər yetərincə əsərlər yazılıb. Bu mövzuda ortaya çıxan çoxsaylı sualların cavablandırılması üçün müxtəlif müddəalar irəli sürülüb. Uzun illərdir siyasətdə, dövlət işindəyəm. Fərqli siyasi quruluşlarda, ictimai formasiyalarda müxtəlif vəzifələrdə çalışmış, siyasi fəaliyyət göstərmişəm. Yəni demokratiya anlayışının mahiyyəti barədə mənim də öz düşüncəm, baxışım var. Fikrimcə, demokratiya heç də ideologiya deyil, bir dəyərdir. Şübhəsiz, sosial mühit demokratik dəyərlərə münasibətdə insan üçün müəyyən normalar müəyyənləşdirə bilər. Amma heç bir direktivə ehtiyac olmadan həmin dəyərlərə hörmət ruhunu öz şəxsiyyətində yaşadan insanlarda bu hiss, bu fəaliyyət və yanaşma keyfiyyəti anadangəlmə mənəvi varidat kimi özünü büruzə verir.
Yenə də ulu öndəri xatırlayıram. Heydər Əliyevdə də demokratizm bir fitri keyfiyyət kimi diqqəti çəkirdi. Elə bu cəhəti ilə də o, zəmanəsinin ən böyük demokratı idi.
Bu dəyəri respublikanın ali rəhbərliyində təmsil etməklə Heydər Əliyev özünün demokratik xarakterini Azərbaycan xalqı üçün tarixi bir şansa çevirmişdi. Bu, Heydər Əliyevin Sovet Azərbaycanına rəhbərlik etdiyi illərdə milli şüurun oyanışında, Azərbaycan ədəbiyyatında, elmində, təhsilində, mətbuatında, kinosunda, musiqisində... özünü göstərən aşkar azadlıq meyillərində nəzərə çarpırdı. Bu, meyillərin ifadəçiləri olan yaradıcı insanlara Heydər Əliyevin verdiyi açıq-gizli dəstəkdə də hiss olunurdu.
Totalitar adlandırdığımız cəmiyyətdə demokratik mühit formalaşdıra bilmiş siyasi düha - əsl lider idi Heydər Əliyev...
Bu həqiqəti o dövrün şahidləri olan hər kəs - onunla həmfikir, həm də siyasi opponent olmuş şəxslər də birmənalı etiraf edirlər.
***
Heydər Əliyevin insanlara münasibəti, problemlərin həllinə yanaşmaları, iş metodları, kadr seçimi, işlədiyi kadrlar qarşısında müəyyən etdiyi prinsiplər də onun demokratik xarakterinin yaratdığı mühit, aura çevrəsində formalaşırdı.
Heydər Əliyev öz kadrlarına münasibətdə yetərincə sərt və tələbkar idi, səhlənkarlıq, məsuliyyətsizlik, mənəvi keyfiyyətlərdən xalilik kimi mənfi davranışları əsla sevmirdi. Heydər Əliyevin olduğu hər yerdə konkret vəzifə və hesabatlılıq vardı, subordinasiya qaydaları ciddi şəkildə qorunardı. Çünki o, bütün bunlarla milli dövlətçilik ənənələrini, saat kimi işlək rejimdə çalışmalı olan hakimiyyət mexanizminin elementlərini formalaşdırırdı.
O, insanlara məqamında, yerində sərbəstlik verməyi də həmişə üstün tutardı. Heydər Əliyev üçün kadr yuxarıdan verilmiş göstərişləri kortəbii şəkildə yerinə yetirən mexaniki icraçı deyildi. Məsələlərlə bağlı öz fikri, təklifləri olan və düşündüklərini yuxarılar qarşısında qaldırmaqdan əsla çəkinməyən, ideyaları ilə ümumi işə, problemlərin həllinə töhfə verməyi bacaran təşəbbüs sahibləri idi.
Ulu öndər hər kəsə yüksək, ancaq ədalətli tələblərlə yanaşırdı. Kadrlara münasibətdə onun önəm verdiyi ən əsas meyarlar peşəkarlıq, vicdanlılıq və prinsipiallıq, geniş biliyə və məlumat dairəsinə maliklik, təvazökarlıq, ümumilikdə mədəni olmaq idi.
Heydər Əliyevin gənclərin vəzifə pillələrində irəli çəkilməsi məsələsində tutduğu mövqe də özünəməxsusluğu ilə seçilirdi. Gənclərə etimad göstərilməsi, onların vəzifə pillələrində irəli çəkilməsi, təbii ki, çox mühümdür. Çünki gəncliyə xas yüksək enerji böyük həvəslə işləmək əzmi, cəmiyyətin inkişafında daha böyük səmərə deməkdir. Amma mübahisəli görünsə də, bu məsələdə bəzi fikirlərimi bölüşmək istərdim.
Düşünürəm ki, gənclərin irəli çəkilməsi şüarı ilə böyük əmək kollektivlərində çalışan çoxsaylı insanların taleyini şəxsiyyət kimi hələ tam formalaşmamış, həyat təcrübəsi az, ictimai-siyasi fiqur olaraq daşıdığı vəzifənin məsuliyyətini, insanlara münasibət meyarlarını hələ dəqiqliklə dərk edə bilməyən fərdlərə tapşırmaq da bəzi hallarda müəyyən fəsadlar verə bilər. Bu baxımdan, Heydər Əliyevin bu məsələyə münasibəti örnək idi. O, ciddi seçim nəticəsində müxtəlif rəhbər vəzifələrə ömrün gəncliklə müdriklik mərhələsi arasında olan, şəxsiyyətində gəncliyin əzmkarlığı, enerjisi ilə ixtiyarlığın təcrübəsini, kamilliyini bir araya gətirməyə çalışan 30-38 yaşında, istehsalat və siyasi işdə təcrübəyə malik perspektivli kadrları gətirirdi. Onların qarşısında hər şeydən əvvəl mənəvi tələblər müəyyənləşdirirdi...
***
Xatırlayıram, 1978-ci ilin mayında Ordubad rayonuna rəhbər vəzifəyə təyinat alarkən Heydər Əliyevin mənə söylədiyi sözləri bu günə qədər unutmamışam: "Gedin düz işləyin, vicdanla çalışın. İşçilərə də bunu çatdırın. Harada olursansa-ol, səmərəli işləmək lazımdır. Xalqa layiqincə xidmət etmək gərəkdir".
İnsanlarda mənəvi təmizliyi o, hər şeydən üstün tuturdu. İşçilərdən kabinetlərdə qapanıb qalmamağı, vaxtlarının çoxunu camaat arasında keçirməyi tələb edirdi. O, sadə insanlarla ünsiyyəti xoşlayır, bundan zövq alır, öz kadrlarından da sadə insanlarla təmaslardan qaçmamağı tələb edirdi.
Heydər Əliyev demokratik idarəetmənin psixologiyasını hələ gəncliyində dərindən mənimsəmişdi. Ona lazım olanları incəliklərinə qədər bilirdi, - bu, öz yerində, - amma nəyisə konkret işin mütəxəssislərindən soruşub dəqiqləşdirməyi, kimdənsə öyrənməyi də eyib saymırdı, Müqəddəs Kitabımızın buyurduğu kimi, "beşikdən qəbrə qədər öyrən"məkdən yorulmurdu. Heç nəyə səthi yanaşmır, hər şeyin dərinliyinə varırdı.
Heydər Əliyev hər bir işdə son nəticə kimi keyfiyyəti götürürdü. Qeyri-dəqiqlik, təxminilik, başdansovduluq onun xarakterinə yad idi. Onun üçün xırda məsələ anlayışı yox idi. Rəhbərliyi ilə icra olunan, icrası vəziyyəti barədə Ona hesabat verilən hər bir iş nöqsansız, qüsursuz olmalı, axıradək yerinə yetirilməli və keyfiyyəti ilə parlaq olmalı idi. Heydər Əliyev yarımçıqlığa, natamamlığa, səliqəsizliyə, məsuliyyətsizliyə qarşı barışmaz idi. Demokratik xarakterinə rəğmən belə məqamlarda o, hətta həddən artıq sərt ola bilirdi: bacarmamısansa, eləyə bilməmisənsə və bu barədə vaxtında məlumat vermisənsə, bağışlayırdı. Ancaq buna lazımi qədər səy göstərməmisənsə, necə deyərlər, vəzifəni sadəcə "yola verməyə" çalışmısansa, bax bunu O heç zaman bağışlamırdı.
Mən bu mövzuda düşünəndə ulu öndəri təbii sərt almazı cilalayıb, incələşdirib, onun dəyərini yüksəldən zərgərə bənzədirəm. Almaz nə qədər yonulub zərifləşirsə, parlaqlaşırsa, insanlara verilən düzgün öyüd-nəsihət də onu müdrikləşdirir.
Heydər Əliyevin kadrlarını əzmlə çalış
mağa, vəzifələrini layiqincə yerinə yetirməyə ruhlandıran, Onun zəhmindən, səsindəki qətiyyətdən qorxu hissi yox, xarizmatik şəxsiyyətinə sevgi və rəğbət duyğusu idi. Hamı bilirdi ki, Heydər Əliyevin keyfiyyətsiz iş tutanlara sərt münasibəti kimi, tapşırılmış işi yarıdan, gördüyü işin keyfiyyəti ilə insanı məmnun edən şəxslərin əməyini ən yüksək səviyyədə qiymətləndirməyi də var idi.
Demokratik üsuli-idarəetmənin siya
si liderdən tələb etdiyi ən mühüm cəhətlərdən biri - informasiya ilə işləmək qabiliyyəti Heydər Əliyevi dövrünün bir çox siyasi liderlərinə örnək olan şəxsiyyət səviyyəsinə yüksəltmişdi. Belə yüksək analitik qabiliyyətin formalaşmasında, onun gənclik illərindən xüsusi xidmət orqanlarında, yüksək vəzifələrdə çalışmasının da əsaslı rolu olmuşdu.
Onun bütün həlledici qərarları ən müxtəlif mənbələrdən alınmış informasiyaların müqayisəli təhlilinə və bundan çıxan dəqiq nəticələrə əsaslanardı. Ona görə də Heydər Əliyev bütün vəziyyətləri tam nəzarətdə saxlaya bilirdi. Hansısa yanlış informasiya ilə Heydər Əliyevin qərarlarına təsir göstərmək mümkün deyildi və buna kimsə cəsarət etməzdi.
***
Demokratiya cəmiyyətin hər bir üzvündən yüksək hüquqi mədəniyyət, özünün azadlıq imkanlarından bəhrələndiyi qədər başqalarının hüquqlarına da sayğı tələb edir. Heydər Əliyev Azərbaycana rəhbərlik etdiyi bütün dövrlərdə ölkəmizə təkcə sosial-iqtisadi rifah, milli şüurda oyanış, mədəni tərəqqi gətirmədi, həm də cəmiyyət üzvlərini qanunlara hörmət ruhunda tərbiyələndirdi. Çünki cəmiyyət bu dəyərləri mənimsəmədən demokratik, hüquqi dövlət çağırışlarının heç bir anlamı qalmır və cəmiyyətdə demokratiya əvəzinə başıpozuq qüvvələrin at oynatdığı anarxiya, xaos mühiti bərqərar olur. Azərbaycanın Heydər Əliyevsiz olduğu dövrdə - 1988-1993-cü illərdə olduğu kimi...
Yadımdadır, 1970-ci il dekabrın 4-də "Zəhmətkeşlərin hüquqi tərbiyəsini yaxşılaşdırmaq tədbirləri haqqında" qərar qəbul edildi. Bu, Heydər Əliyevin təşəbbüsü, ideya müəllifliyi ilə atılan tarixi addımlardan biri idi. Cəmiyyətdə hüquqi bilgilərin artırılması, qanunlara hörmət ruhunun gücləndirilməsi məqsədi daşıyan bu qərar o zamanlar ölkə miqyasında böyük əks-səda doğurmuşdu.
Müstəqillik dövründə Azərbaycanda demokratik islahatların, hüquqi dövlət, vətəndaş cəmiyyəti quruculuğunun böyük uğurlarla müşayiət olunmasının bir səbəbi də Heydər Əliyevin hələ 1969-1982-ci illərdə bu sahədə formalaşdırdığı ənənələr, vətəndaşlarda dövlət institutlarına, qanunun aliliyinə hörmət ruhu və bu dəyərin 90-cı illərinin ilk illərinin siyasi təlatümlərində də aşınmaması idi.
Milli köklərə bağlılığın, Azərbaycanı özünə Ana Vətən bilən bütün xalqların təmsilçilərinin içində özlərini rahat hiss edəcəkləri, heç kimin öz milli mənsubiyyətinə görə sorğulanmadığı, xalqların bir-birindən öyrəndikləri, mədəni dəyərlərin qarşılıqlı mübadiləsini apardıqları, amma bütün bunlarla yanaşı, mahiyyətcə milli bir cəmiyyətin mövcudluğunun xalq və dövlət üçün nə demək olduğunu çox yaxşı bilirdi. Və bunları fəaliyyətində ən yüksək səviyyədə təsdiq edirdi.
Heydər Əliyev kosmopolit bir cəmiyyətin içində milli cəmiyyət formalaşdıra bilmiş, sovet ideologiyasının hakim olduğu zaman və məkanda azərbaycançılıq ideyasını gündəmə gətirmişdi.
Heydər Əliyev bütün zamanların ən böyük azərbaycanlısı idi...
***
Məlumdur ki, M.S.Qorbaçovun yenidənqurma adlı sərsəm ideyası gündəmə gəldikdən sonra imperiyadaxili çöküş prosesləri özünü çox gözlətmədi. Belə şəraitdə mərkəzdənqaçma proseslərinin güclənməsindən qorxuya düşən imperiya rəhbərliyi müxtəlif pozucu tədbirlərə əl atmağa başladı. Bu tədbirlərdən biri də SSRİ-dəki türk-müsəlman xalqlarını təkləmək, başqa xalqları onlara qarşı qaldırmaq idi. M.S.Qorbaçovun xislətinə yaxşı bələd olan Heydər Əliyev sonralar qeyd edirdi ki, onun ən rəzil xüsusiyyəti müsəlman, türk dünyasına qarşı olan düşmənçiliyi idi. O illərdə müsəlmanlara, türklərə qarşı "Əhalinin köçürülməsi" adlı plan hazırlanmış və bu planın həyata keçirilməsinə başlanmışdı. Bu plan türk respublikalarındaki türklərin və müsəlmanların çoxunun Qərbi Rusiyaya və başqa slavyan respublikalarına köçürülməsini, onların yerinə isə xristian əhalinin yerləşdirilməsini nəzərdə tuturdu.
Digər pozucu vasitə xalqlarda özünü müstəqil idarə etmək, təsərrüfat qurmaq qabiliyyətinə inamsızlıq hissinin aşılanması idi. Moskvada yüksək partiya və dövlət vəzifələrində işləyən Heydər Əliyev yenidənqurmanın metodlarına, gələcək milli münaqişələrə səbəb ola biləcək düşünülməmiş dövlət siyasətinə, xüsusən türk respublikalarına qarşı qərəzli siyasətə açıq və kəskin etirazlarını bildirirdi. Belə bir şəxsiyyətin yüksək vəzifələrdə olması, türk xalqlarına dayaq durması imperiyanın planlarını poza bilərdi. Buna görə də o illərdə "Kremldə parlayan türk ulduzu"na - Heydər Əliyevə qarşı xristian-slavyan mənşəyinə əsaslanan tam bir bürokratik aparat dayanmışdı.
Kremldə Heydər Əliyevə qarşı başlanan hücumları çox zaman M.Qorbaçovun Ona mənfi münasibətilə əsaslandırırlar. Əlbəttə, səbəblər sırasında bu da var, amma bütün bunların yalnız M.Qorbaçovun şəxsi mövqeyindən irəli gəlməsi fikri ilə əsla razılaşmıram. M.Qorbaçovun bu münasibəti Heydər Əliyevlə müqayisədə öz natamamlığını, çatışmazlıqlarını görən cılız bir insanın paxıllıq hissi idi. Bu hiss həmişə və hər yerdə özünü büruzə verirdi.
Amma Heydər Əliyevə qarşı güclənən hücumların əsas səbəbi, belə yüksək bir hakimiyyət zirvəsində Heydər Əliyev kimi parlaq, qüdrətli bir türk övladının, İslam inanclı liderin olmasını və türkün davasını aparmasını sinirə bilməyən bütöv bir şovinist-bürokratik aparatın mövqeyi idi.
***
9 iyun 1993-cü il...
Həmin gün Heydər Əliyev Naxçıvandan Bakıya tarixi bir missiya üçün qayıtmışdı. Keçmiş imperiyanın öz süqutu ərəfəsində yaratdığı saysız-hesabsız problemlər məngənəsində inləyən, soyqırımı acısı yaşayan, torpaqlarının 20 faizi işğal olunan, bir milyondan çox vətəndaşı yurd-yuvasından perik düşən, silahlı dəstələrin əlində naçar qalan, iqtisadiyyatı dağılan, ailələri təknəsində bir parça çörək tapmayan Azərbaycanın xilası üçün gəlmişdi.
Onu bu missiyanı yerinə yetirməyə çağıran xalqın Heydər Əliyevdən istədiyi tək şey ölkəni düşdüyü bu ağır vəziyyətdən xilas etmək, Azərbaycanın ötən əsrin 70-ci illərində yaşanmış xoş günlərini geri qaytarmaq idi.
Bir çoxlarına elə gəlirdi ki, Heydər Əliyev sovetlərin inzibati-amirlik metodundan irəli gələn və keçmiş ittifaq respublikalarından bəzilərində günü bu gün də tətbiq olunan "dəmir əl", formal müstəqillik prinsipinə üstünlük verəcək. Həqiqətən, Heydər Əliyevin onillər boyu ictimai-siyasi xadim kimi yetişib formalaşdığı dövlət idarəçiliyi mühitinin xarakterini nəzərə alanda Onun özü üçün də belə bir metod ən asan yol kimi görünə bilərdi.
15 iyun 1993-cü il...
Heydər Əliyev Azərbaycan Respublikası Ali Sovetinin Sədri vəzifəsində ilk çıxışını etmək üçün xitabət kürsüsünə yaxınlaşdı və bəyan etdi: "Azərbaycan Respublikasının dövlət müstəqilliyi ən əsas məsələdir. Müstəqil Azərbaycanda demokratiya inkişaf etdirilməlidir".
Həmin çıxışı zamanı Heydər Əliyev müstəqil Azərbaycan Respublikası qarşısında duran yollardan ən çətinini, lakin həm də gələcəyə, milli hədəflərə doğru ən dürüstünü - demokratiya yolunu seçdi.
***
Heydər Əliyev siyasi təlatümlər girdabında pərən-pərən düşmüş Azərbaycan cəmiyyətini yenidən toparlayıb milli amallara doğru istiqamətləndirdi. Cəmiyyəti sarmış ümumi bədbinlik əhvalını qısa zamanda ortadan götürdü. Müstəqil Azərbaycan dövlətinin ayağa qalxıb kövrək addımlarla gələcəyə doğru irəliləməsi üçün tarixi yol müəyyənləşdirdi.
1994-cü ilin sentyabrında dünyanın aparıcı neft şirkətləri ilə bağlanan müqavilələr Heydər Əliyevin qlobal məkanda nümayiş etdirdiyi böyük cəsarət nümunəsi idi. Xəzər regionunda dünyanın böyük güclərinin siyasi maraqlarının üz-üzə gəldiyi bu addımın atılmaması üçün bəlli qüvvələr tərəfindən Azərbaycanda bir neçə dəfə dövlət çevrilişlərinə cəhd göstərildi. Bakıda silsilə siyasi qətllər törədildi. Amma bütün bunlar Heydər Əliyevi mövqeyindən çəkindirmədi. "Əsrin müqaviləsi" imzalandı və bu, Azərbaycanın müstəqilliyinin daimiliyinə, əbədiliyinə, dönməzliyinə atılan ilk imza kimi tarixə əbədi həkk olundu.
Ulu öndərin müəllifliyi ilə 1995-ci ildə qəbul edilmiş müstəqil Azərbaycan Respublikasının ilk Konstitusiyası cəmiyyətdə formalaşan yeni münasibətlər sisteminin, onun seçdiyi demoktarik inkişaf yolunun hüquqi bazasını formalaşdırdı. Uğurla həyata keçirilən demokratik islahatlar, Avratlantik məkana inteqrasiya kursu Azərbaycanın dövlət müstəqilliyini möhkəmləndirdi, ölkəmizdə vətəndaş təəssübkeşliyinə əsaslanan sivil, modern bir cəmiyyətin əsasını qoydu.
***
Azərbaycanın bugününü - Heydər Əliyevin demokratiya yolunun inamla davam etdirilməsini qürurla müşahidə edirik. Prezident İlham Əliyevin son 10 ildə inamla, əzmlə davam etdirdiyi müstəqillik və demokratiya missiyası Azərbaycan xalqının, dövlətinin tarixdəki ikinci böyük şansıdır. Xalq Heydər Əliyev kursuna dəstək verməklə cənab İlham Əliyevin rəhbərliyi ilə bu şansı tarixinin ən böyük inkişaf mərhələsinə, tarixdəki ən qüdrətli vaxtına, dönəminə çevirməyi bacardı.
Əsl demokrat xalqın adamıdır, xalqın sözünü deyən liderdir.
Əsl vətəndaş cəmiyyəti vətəndaşın özünü rahat hiss etdiyi, başqalarından hörmət gördüyü və başqalarına hörmətlə yanaşdığı, öz sözünü deyə bildiyi cəmiyyətdir.
Azərbaycan Prezidenti İlham Əliyev də bütün fəaliyyətində məhz xalqı düşünən, xalqın sözünü deyən dövlət rəhbəridir. Onun rəhbərliyi ilə aparılan islahatlar, bütün ölkəni əhatə edən tikinti-quruculuq işləri Azərbaycanda insanların həm maddi, həm də mənəvi dünyasını zənginləşdirən ideal bir cəmiyyətin qurulmasına yönəlib. İlham Əliyev xalqla vəhdətdə, yüksək əzmkarlıqla, mətinliklə belə bir cəmiyyətin formalaşdırılmasına uğurla nail olur, xalqın demokratik, sivil bir cəmiyyətdə yaşamaq arzusunu reallığa çevirir. 2013-cü ilin oktyabrında ölkəmizdə keçirilmiş prezident seçkisində bu həqiqətə hər kəs bir daha şahid oldu.
Bu gün Heydər Əliyevin müqəddəs adını, şərəfli irsini yaşadan fondun və onun prezidenti Mehriban xanım Əliyevanın fəaliyyəti də Azərbaycanın dünya birliyində nüfuzunun yüksəlməsinə, ümmuiyyətlə isə, müstəqilliymizin möhkəmlənməsinə yönəlib.
***
ATƏT-in Parlament Assambleyasının
daha bir sessiyası başa çatır. Biz burada
yenə də Azərbaycanla bağlı
çoxsaylı sualları
cavablandıracağımızı düşünürdük. Amma bu dəfə bizdən Azərbaycanla bağlı heç nə soruşan olmadı. Çünki daha buna ehtiyac qalmamışdı.
İndi toplantıda bizimlə ünsiyyət quran, söhbətləşən hamının
sözü-söhbəti Azərbaycandan
idi. Erməni deputatların həsəd
və paxıllıq dolu nəzərləri altında Azərbaycanın
çoxsaylı dostları
ilə əhatələnmişdik.
Hamı ölkəmizin inkişafından
danışırdı, Azərbaycanın
qısa zaman ərzində qazandığı
nailiyyətlərdən söz
açırdı, ölkəmizi
görmək arzusunu dilə gətirirdi.
Bizsə
təbəssümlə bu
ilin iyununu yada salırdıq: "Narahat olmayın. Azərbaycanı görmək arzunuz
tezliklə gerçəkləşəcək.
Axı
ATƏT-in Parlament Assambleyasının
illik sessiyasının
2014-cü ilin iyununda məhz Bakıda keçirilməsi planlaşdırılıb".
...Təyyarə yavaş-yavaş
Heydər Əliyev adına hava
limanına doğru yaxınlaşır. Buludların üzərindən
getdikcə miqyası böyüyən, qaynar, dinamik, inkişaf dolu həyatı yuxarıdan daha aydın nəzərə çarpan Vətənə
tamaşa edirəm.
Və bir neçə kəlmə ruhumda dua kimi
zikr olunur:
Ruhun şad olsun, ulu öndər Heydər Əliyev!..
Sənin
açdığın yol
Azərbaycanı bu xoş günlərə gətirib!..
Sənin
qurub-yaratdığın müstəqil,
demokratik Azərbaycan bu gün etibarlı,
əmin əllərdədir!
Fəttah
HEYDƏROV,
Milli Məclisin deputatı, Respublika Ağsaqqallar
Şurasının sədri
Azərbaycan.-2014.- 8 may.- S.6.