Yeni sosial inkişaf
strategiyasının müəllifi
Müasir
Azərbaycan tarixinin otuz ildən artıq bir dövrü
dövlətini və xalqını hər zaman bütün təbəddülatlardan
xilas edən və inkişafına nail olan dahi şəxsiyyətin
- ulu öndər Heydər Əliyevin adı ilə
bağlıdır. Ulu öndərin respublikamıza hələ
birinci rəhbərliyi dövründə ittifaq rəhbərliyinin
təzyiqlərinə baxmayaraq ölkəmizin milli
iqtisadiyyatının dirçəldilməsi və sürətli
inkişafı üçün böyük işlər
görülmüş, iri sənaye müəssisələri
tikilmiş, iqtisadiyyatın bütün sahələrində əsaslı
inkişafa nail olunmuş, respublikamızın şəhər
və rayonlarının abadlaşdırılması sahəsində
mühüm tədbirlər həyata keçirilmişdi. Nəticədə müttəfiq respublikalar
arasında Azərbaycan iqtisadi durumuna görə qabaqcıl
ölkələrdən birinə çevrilmişdi.
Heydər
Əliyev Azərbaycanda yeni iqtisadi sistemə transformasiyanı
təmin etdi
Heydər
Əliyev 1993-cü ildə xalqın təkidli tələbi ilə
hakimiyyətə qayıtdıqdan sonra Azərbaycan dövlətçiliyinin
qüdrətlənməsinə və xalqımızın
maddi rifahının yaxşılaşmasına xidmət edən
siyasi xəttini daha böyük prinsipiallıqla və ardıcıllıqla
həyata keçirməyə
başlamışdır. Ulu öndər xalqın
çağırışına cavab verərək hakimiyyətə
qayıtdıqdan sonra öncə respublikanı xaos və
anarxiya mühitindən, parçalanmadan, vətəndaş
müharibəsindən azad etmiş, hakimiyyət
boşluğunu qısa müddətdə tam aradan
qaldırmış, dövlətçiliyə qəsdlərin
qarşısını böyük məharətlə
almış, vətəndaş sülhü istiqamətində
ciddi addımlar atmışdır. Bütün
bunlar Azərbaycanda hüquqi dövlət quruculuğu prosesinə
başlamaq imkanı yaratmışdır. Elə
buna görə də müasir Azərbaycan dövlətinin
banisi olan ulu öndər Heydər Əliyev
respublikamızın dəyişməz və dönməz
milli inkişaf strategiyasının müəllifi kimi əbədiyaşarlıq
qazanmışdır.
Ötən əsrin 90-cı illərinin ortalarından
başlayaraq məhz Heydər Əliyevin uzaqgörən siyasəti
və gərgin fəaliyyəti sayəsində ölkəmizin
sosial-iqtisadi inkişafı istiqamətində mühüm
addımlar atıldı. Həyata keçirilən islahatlar nəticəsində
sərbəst bazar münasibətlərinə əsaslanan və
sosialyönümlü iqtisadi sistemin formalaşması, ölkədə
mövcud olan təbii iqtisadi, texniki-istehsal və elmi-texniki
potensialın fəal surətdə təsərrüfat
dövriyyəsinə cəlb olunması, milli iqtisadiyyatın
dünya təsərrüfat sisteminə səmərəli
şəkildə inteqrasiyası təmin edildi. Azərbaycan iqtisadiyyatında davamlı və dinamik
inkişaf məntiqinə əsaslanan bu islahatlar mahiyyət
etibarı ilə inkişafın yeni - Azərbaycan modelini
yaratdı.
Ümummilli
lider Heydər Əliyev davamlı sosial-iqtisadi inkişafa nail
olmaq üçün təkamül yolu ilə yeni iqtisadi
sistemə transformasiyanı və çoxmülkiyyətli
iqtisadiyyatın formalaşmasını təmin etdi. Ölkəmizin
potensial imkanları, milli mənafeləri, xarici dövlətlərlə
qarşılıqlı münasibətləri, iqtisadi əməkdaşlığın
yolları, qlobal iqtisadi meyillər, geosiyasi reallıqlar və
bu qəbildən olan digər vacib amillər nəzərə
alınmaqla Azərbaycanın demokratik islahatlar
platformasını, inkişafın mükəmməl və
özünü təsdiq edə biləcək istiqamətlərini
müəyyənləşdirdi. Özəlləşdirmənin
həyata keçirilməsi sayəsində iqtisadiyyatın
strukturunda ciddi keyfiyyət dəyişiklikləri baş verdi və liberal iqtisadiyyatın
formalaşması üçün əlverişli şərait
yarandı. Nəticədə ölkədə
maliyyə vəziyyəti sabitləşdi, iqtisadiyyata cəlb
olunan investisiyaların həcmi ildən-ilə artdı.
1994-cü il sentyabrın 20-də ulu
öndərin gərgin əməyinin və qətiyyətinin
nəticəsi olaraq "Əsrin müqaviləsi"nin
imzalanması ilə yeni neft strategiyasının əsası
qoyuldu. Bu müqavilə ölkəmizin tarixində
yeni dövr açaraq dinamik inkişafın təməl
prinsiplərindən birinə çevrildi.
Sosial
prioritetlər müəyyən olundu
Müasir elmi-nəzəri mülahizələrə
görə sosial siyasət dedikdə əhalinin həyati mənafeyinin
təmin olunmasına yönəldilmiş konkret tədbirlər
sistemi nəzərdə tutulur. Sosial siyasət
çoxcəhətli prosesdir, o, mürəkkəb struktura
malikdir. Bu siyasətin hər hansı bir
göstəricisini əsas götürərək bütövlükdə
cəmiyyətin ümumi inkişafı haqqında fikir
yürütmək olar. Bütövlükdə
isə sosial siyasətin başlıca məqsədi
yoxsulluğun və sosial təzadların olmadığı,
yüksək həyat səviyyəsinə malik olan, sosial
ziddiyyətlərin kəskin münaqişələrsiz həll
edildiyi bir cəmiyyəti formalaşdırmaqdan ibarətdir.
Sosial siyasətin vəzifələri həm də
insanların tələbatının və maraqlarının
ödənilməsi üçün şərait yaratmaqdan, hər
kəsdə fəal həyat mövqeyi formalaşdırmaqdan,
ayrı-ayrı vətəndaşlara, sosial qruplara yardım
göstərməkdən, onların sosial müdafiəsini və
reabilitasiyasını təşkil etməkdən, maddi
imkanlardan səmərəli istifadə etməyi öyrətməkdən,
cəmiyyətin əmək qabiliyyətli hər bir
üzvünün həyat səviyyəsinin onun öz səylərindən
asılı olduğunu dərk etdirməkdən ibarətdir.
Bütün təbəqə və qrupların
maraqlarını nəzərə alan
sosial siyasət cəmiyyətin sabitliyinə, kollektiv həmrəyliyə,
sosial gərginliyin aradan qaldırılmasına, ictimai əxlaqın
humanistləşməsinə, əlverişli sosial-psixoloji
iqlimin yaranmasına kömək edir. Müasir Azərbaycan
dövlətinin banisi Heydər Əliyevin vaxtilə əsasını
qoyduğu sosial siyasətin üstünlüyü məhz bu
cür mütərəqqi konsepsiyalara əsaslanmasıdır.
Ümummilli lider Heydər Əliyevin siyasi hakimiyyətə
qayıdışı ilə ölkədə başlanan yeni
siyasi kurs sosial siyasətə təsirsiz ötüşmədi. Təbii ki,
yeni sosial siyasətin formalaşması dövlətin kompleks
inkişafının və yeni iqtisadi sistemə keçidinin
tərkib hissəsi kimi nəzərdən keçirildi.
Yeni iqtisadi sistemə keçid zamanı Azərbaycanın
hansı modeldən faydalanmasına dair müxtəlif fikirlər
irəli sürülsə də, Heydər Əliyev bazar
münasibətləri əsasında formalaşan
sosialyönümlü milli iqtisadiyyatın qurulmasını əsas
strategiya kimi müəyyənləşdirdi və Azərbaycan
xalqının sosial rifahının
artırılmasını, əhalinin bütün təbəqələri
üçün bərabər sosial təminatı fəaliyyətinin
başlıca məqsədi kimi elan etdi. Ulu
öndərin ölkənin böyük perspektivlərinə
hesablanmış strateji proqramının başlıca məqsədlərindən
biri xalqın rifahının təminatı, əhalinin sosial
müdafiəsinin gücləndirilməsi idi.
Yeni, kövrək addımlarını atan Azərbaycan
özünün hədəflərini düzgün müəyyən
etmişdi. Bu hüquqi aspektdə demokratik, hüquqi, iqtisadi
aspektdə bazar münasibətlərinə rəvac verən,
sahibkarlığı və çoxmülkiyyətçiliyi
dəstəkləyən, sosial aspektdə isə hər kəsin
layiqli həyat səviyyəsini təmin etməyi öhdəsinə
götürən güclü dövlət ideyası idi.
Heydər Əliyev güclü dövlət
ideyasına sadiq qalaraq ilk növbədə sosial problemlərin
həlli sahəsində dövlətin rolunun
artırılmasına xüsusi əhəmiyyət verirdi.
Bunu ulu öndərin 1994-cü ildə
imzaladığı fərmanlar da göstərir.
Bunlardan biri "Əhalinin sosial müdafiəsinin gücləndirilməsi
və iqtisadiyyatın maliyyə vəziyyətinin sabitləşdirilməsi
tədbirləri haqqında" 1994-cü il
15 iyun tarixli fərmandır. Bu sənədin əsas
məqsədlərindən biri mövcud olan inflyasiyanın
qarşısının alınmasına yönəlmişdi və
bu, həmin dövr üçün olduqca vacib əhəmiyyət
kəsb edirdi. Bu sənəddən irəli gələn
vəzifələrin daha effektiv yerinə yetirilməsinə
nail olmaq və yol verilən bəzi qüsurların aradan
qaldırılması üçün Heydər Əliyev
"Əhalinin sosial müdafiəsi sahəsində əlavə
tədbirlər haqqında" 1994-cü il 24 oktyabr tarixli
növbəti sənəd imzaladı. Yeni fərman
bilavasitə əhalinin sosial müdafiəsinin daha etibarlı
şəkildə qorunmasına xidmət etdi. Ölkəmizin inkişafının prinsipcə yeni
mərhələyə qədəm qoymasının göstəricisi
olan Konstitusiyada isə Azərbaycan dövlətinin
özünün hər bir vətəndaşının sosial
müdafiəsinin və layiqli həyat səviyyəsinin
qayğısına qaldığı bəyan olundu.
Heydər Əliyevin əsasını qoyduğu sosial
siyasətin iki əsas xarakterik cəhətini xüsusilə
qeyd etmək yerinə düşər. Bunlardan biri
sosial siyasətin dayanıqlı olması, ölkənin
iqtisadi bazisinə əsaslanması, ikincisi isə onun mükəmməl
və dünya təcrübəsində uğurla sınaqdan
çıxmış normativ hüquqi bazaya söykənməsidir.
Bu baxımdan biz Heydər Əliyevin müəllifi
olduğu sosial siyasətinin inkişaf tarixinə nəzər
yetirsək görərik ki, ölkə iqtisadiyyatının tənəzzüldən
çıxmasından, daxili sabitliyin təmin edilməsindən
sonra sosial siyasət sahəsində əhəmiyyətli
addımlar atıldı. Ayrı-ayrı kateqoriya şəxslərin
sosial müdafiəsi üzrə müxtəlif qanunlar -
"Şəhid adının əbədiləşdirilməsi
və şəhid ailələrinə edilən güzəştlər
haqqında", "Çernobıl qəzasının ləğvində
iştirak etmiş və həmin qəza nəticəsində
zərər çəkmiş vətəndaşların
statusu və sosial müdafiəsi haqqında",
"Veteranlar haqqında" və s. qanunlar qəbul edildi,
şəhid ailələrinin, qaçqınların, məcburi
köçkünlərin, müharibə və 20 Yanvar əlillərinin,
veteranların sosial təminatının
yaxşılaşdırılması istiqamətində fərman
və sərəncamlar imzalandı.
Bu gün aztəminatlı ailələrə, müharibə
veteranlarına və əlillərinə mənzillərin və
avtomobillərin verilməsi, əlillərin reabilitasiyası məsələləri
Heydər Əliyevin hakimiyyətə dönüşündən
sonra dövlətin iqtisadi imkanlarına uyğun olaraq vüsət
almağa başladı. Yoxsulluğun azaldılması hazırda
beynəlxalq ictimaiyyət qarşısında duran ümumbəşəri
bir problemdir. Ölkəmizdə bu problemin
həlli aktual olsa da, bu sahədə ciddi nailiyyətlərin əldə
olunması üçün irimiqyaslı maliyyə
resursları tələb olunurdu. Heydər
Əliyevin neft strategiyasının həyata keçirilməsi,
"Əsrin kontraktı" çərçivəsində
ölkəmizə maliyyə vəsaitlərinin daxil olması
yoxsulluqla ciddi mübarizəyə başlanmasına zəmin
yaratdı.
Ulu öndər Heydər Əliyev tərəfindən
ölkədə sosial sahədə inkişafın təmin olunmasına
xidmət edən 60-dan artıq sənəd imzalanıb. Bu da ondan xəbər
verir ki, Heydər Əliyevin həyata keçirdiyi sosial siyasət
əhalinin rifahının yüksəldilməsinə, sosial
müdafiəsinə xidmət etməklə Azərbaycanda
dövlət quruculuğu prosesinin əsas istiqamətlərindən
birini təşkil edib.
Azərbayanın son on ildə qazandığı
uğurlar fonunda bu reallığı bir daha təsdiq etmiş
oluruq ki, möhkəm təmələ əsaslanan siyasət
daim ölkəni inkişafa, tərəqqiyə aparır. Ulu öndər
Heydər Əliyevin düzgün müəyyənləşdirdiyi
siyasətin hazırda Prezident İlham Əliyev tərəfindən
uğurla davam etdirilməsi və yeni keyfiyyət göstəriciləri
ilə zənginləşdirilməsi nəticəsində Azərbaycan
bir-birindən əhəmiyyətli uğurlara imza ataraq iqtisadi
artım templərinə görə dünyada öncül
yerlərdə qərar tutub. Milli
inkişafda varisliyi təmin edən Prezdent İlham Əliyevin
həyata keçirdiyi siyasət həm də novatorluğu və
dinamizmi ilə fərqlənir. Bu gün
dünya inkişafın Azərbaycan modelinin
mövcudluğundan bəhs edirsə və onun öyrənilməsinin
vacibliyi bildirilirsə, bu, bir daha ölkəmizdə
sosial-iqtisadi islahatların hər dövrün
çağırışlarına uyğun şəkildə
həyata keçirildiyini təsdiqləyir.
Prezident İlham Əliyevin bəyan etdiyi kimi, hazırda
qarşıda duran ən başlıca məqsəd Azərbaycanı
inkişaf etmiş dövlətlər səviyyəsinə
çatdırmaqdır. Prezident İlham Əliyev Azərbaycanı
müasir və qüdrətli dövlətə çevirmək
məqsədini sadəcə deklorativ bəyanatlarla ifadə
etmir, onun konkret icra mexanizmlərinin müəyyənləşdirilməsi
istiqamətində də konkret addımlar atır.
Dövlət başçısının təsdiq etdiyi
"Azərbaycan 2020: gələcəyə baxış"
İnkişaf Konsepsiyası bunun bariz nümunəsidir. Bu konsepsiya göstərir ki, ölkə rəhbəri
Azərbaycanın sadəcə bugünkü dinamik
inkişafı ilə arxayınlaşmağı düzgün
saymır. Çünki hazırda Azərbaycan
yeni inkişaf mərhələsinə qədəm qoyur.
Bu mərhələnin əsas hədəfi çoxşaxəli,
səmərəli və innovasiya-yönümlü
iqtisadiyyatın formalaşdırılması, sosial sahədə
önləyici inkişaf trendinin təmin olunması və əhalinin
rifahının layiqli, qabaqcıl beynəlxalq standartlara
uyğun səviyyəyə çatdırılması, habelə
elmin, mədəniyyətin inkişafında, ictimai həyatın
bütün istiqamətlərində yeni nailiyyətlərin əldə
olunmasıdır. Belə bir konsepsiyanın yerinə
yetirilməsi Azərbaycanı bu hədəflərə
çatdıracaq və inkişaf etmiş ölkələr
sırasına yüksəlməsində mühüm rol
oynayacaq.
Konsepsiyasının
təsdiq edilməsi ilə bağlı cənab Prezidentin fərmanında
da qeyd olunduğu kimi, ölkədə iqtisadiyyatın
tarazlı və dayanıqlı inkişafını təmin
etmək, əhalinin sosial rifahını yüksəltmək,
sosial-iqtisadi inkişafın cari, orta və uzunmüddətli
dövrləri arasında üzvü bağlılıq və
qarşılıqlı uzlaşma yaratmaqla, eləcə də
cəmiyyətin bütün istiqamətlərdə tərəqqini
sürətləndirməklə inkişafın keyfiyyətcə
yeni modelini formalaşdırmaq Azərbaycan dövlətinin fəaliyyətində
mərkəzi yer tutur.
Xalqın böyük etimad və etibarını qazanaraq
növbəti dəfə dövlət başçısı
postuna seçilən Prezident İlham Əliyev
qarşıdakı dövr üçün fəaliyyət
proqramını, Azərbaycanın daha 5 illik inkişaf
platformasının başlıca hədəflərini
açıqladı. Dövlət
başçısının andiçmə mərasimində
bəyan etdiyi islahatların əsas konturları, inkişaf
ssenariləri çox ümidverici, nikbin və daha irəliyə
baxmaq üçün stimullu fundamental konsepsiya təsiri
bağışladı. Bu konsepsiyanın
başlıca məzmunu Azərbaycanın yeni iqtisadi siyasətini
müəyyən etməkdən, yeni istiqamətlər
açmaqdn, cəmiyyətin inkişafına geniş imkanlar
yaratmaqdan ibarətdir. Bir sözlə, ölkə
başçısı cəmiyyətə Azərbaycanın gələcək
obrazını canlandıran milli inkişaf trendlərinin
mesajını verdi. Respublikamızda yeni
dövrün inkişaf qanunauyğunluqları nəzərə
alınmaqla çevik, özünəməxsus, modern idarəetmə
platforması formalaşdıran Prezident İlham Əliyev
ölkədə demokratik cəmiyyət quruculuğunun, siyasi
və iqtisadi islahatların dönməzliyinin təmin edilməsini,
yeni reformalar kursunun həyata keçirilməsini davamlı və
çoxkomponentli proses hesab edir və qarşıdakı mərhələdə
bu istiqamətdə tədbirlərin sürətləndirilməsi
əsas planlardandır.
Ölkə
iqtisadiyyatı şaxələndirildi
Ulu
öndər Heydər Əliyevin siyasi kursunun böyük əzm
və məharətlə davam etdirilməsi, Prezident İlham
Əliyevin elmi əsaslara söykənən praqmatik siyasəti
və gərgin əməyi sayəsində ölkəmizdə
sözün əsl mənasında
sıçrayışlı sosial-iqtisadi inkişafa nail
olunmuş, son 10 ildə ümumi daxili məhsul 3 dəfədən
çox, dövlət büdcəsinin gəlirləri 16 dəfə,
sənaye məhsulları istehsalı 2,7 dəfə, strateji
valyuta ehtiyatları 31 dəfə, daxili mənbələr
hesabına əsas kapitala yönəldilən
investisiyaların həcmi 18,4 dəfə, o cümlədən
qeyri-neft sektoruna investisiyalar 21,6 dəfə
artmışdır. Bu dövrdə ölkəmizdə orta
illik iqtisadi artım 12,9 faiz təşkil etmiş və Azərbaycanın
bu uğuru dünyada ən yaxşı nəticələrdən
biri kimi qeydə alınmışdır. ÜDM-in
həcminə görə Azərbaycan dünya ölkələri
arasında 40 pillə irəliləmiş və 2003-cü ildəki
106-cı yerdən 66-cı yerə yüksəlmişdir.
Sürətli inkişaf dövrünü yaşayan, dünya
iqtisadi sisteminə fəal inteqrasiya yolu seçmiş Azərbaycan
iqtisadiyyatı 2013-cü ildə də dinamik
inkişafını davam etdirmiş və ötən ili yüksək sosial-iqtisadi göstəricilərlə,
dayanıqlı inkişafa yönəlmiş mühüm tədbirlərin
reallaşdırılması ilə başa vurmuşdur.
Prezident İlham Əliyevin yeni dövrün tələblərinə
uyğun, zamanın nəbzini tutmaqla həyata keçirdiyi
düşünülmüş, sürətli və
davamlı inkişaf strategiyasının nəticəsi olaraq
Azərbaycan artıq 2009-cu ildən iqtisadi sahədə
keçid dövrünü başa vurub. Bu gün
özünün uzunmüddətli inkişaf
strategiyasının istiqamətlərini müəyyən edən
Azərbaycanın qarşıdakı hədəfləri də
bəllidir. Bunlar əldə olunmuş
iqtisadi nəticələrin çoxaldılması və
genişləndirilməsidir. Bu mənada
hazırkı mərhələdə qarşıda duran əsas
vəzifə iqtisadiyyatın şaxələndirilməsini
sürətləndirmək, neft gəlirlərinin səviyyəsindən
asılı olmayaraq qeyri-neft sektorunun yüksək inkişaf
tempini gələcək illərdə də qoruyub saxlamaq və
onun ixrac və rəqabət imkanlarını genişləndirməkdir.
Təbii ki, iqtisadiyyatın rəqabətqabiliyyətinin
yüksəldilməsi və strukturunun daha da təkmilləşdirilməsi
qeyri-neft ixracının artımına gətirib
çıxaracaq. Qeyri-neft sənayesinin
sürətli inkişafı ilə yanaşı, həm də
innovasiya fəaliyyətinin təşviqi və genişləndirilməsi
ölkədə biliyə əsaslanan iqtisadiyyatın
formalaşması üçün əlverişli zəmin
yaradacaq. İnnovativ iqtisadiyyat elmi biliklərə
əsaslandığından elmin, informasiya-kommunikasiya
texnologiyalarının rolunun artırılması da
qarşıdakı dövrün başlıca prioritetlərindəndir.
Prezident
İlham Əliyev ötən il
oktyabrın 19-da andiçmə mərasimində bu məsələyə
toxunaraq hədəfləri konkret göstərib:
"İqtisadi sahədə şaxələndirmə siyasəti
aparılır, aparılacaqdır.
Çalışmalıyıq ki, növbəti on il ərzində qeyri-neft iqtisadiyyatımız
iki dəfə artsın. Bu hədəf artıq bir il bundan əvvəl qarşıya
qoyulmuşdur. Hesab edirəm ki, buna nail olmaq
üçün kifayət qədər imkanlar vardır.
Bu ilin göstəriciləri bunu deməyə əsas
verir. Bu il qeyri-neft sektorumuz on faizdən
çox artmışdır. Əgər biz hər
il qeyri-neft sektorumuzu on faizdən çox artıra bilsək, o
hədəfə çatacağıq".
Bu vəzifələri yerinə yetirmək
üçün ölkənin bütün imkanlarından
dolğun istifadə etmək, mövcud iqtisadi, sosial, siyasi
resurslardan tam səmərə ilə yararlanmaq və ölkənin
potensialının gücləndirilməsinə şərait
yaratmaq vacib şərtdir. Bu baxımdan enerji, nəqliyyat,
tranzit və logistika infrastrukturunun genişləndirilməsi,
bölgələrə xüsusi diqqət yetirilməsi bu mərhələdə
əsas məsələlər olacaq. Ötən 10 ildə
qazanılmış bu uğurların ölkə
iqtisadiyyatının daha da güclənməsinə, onun
çoxşaxəli inkişafına və keyfiyyət
baxımından təkmilləşdirilməsinə,
iqtisadiyyatın diversifikasiyasına, qeyri-neft sektorunun və
regionların sürətli inkişafının təmin edilməsinə,
yeni müəssisələrin və iş yerlərinin
açılmasına, sahibkarlıq fəaliyyətinin
genişləndirilməsinə, biznes və investisiya
mühitinin daha da yaxşılaşdırılmasına təkan
verəcəyi şübhəsizdir.
İqtisadi
yüksəliş sosial rifaha yol açacaq
Azərbaycanın dövlət
başçısının iqtisadi sferada həyata
keçirdiyi siyasətin indi də özünü qabarıq
verən ən önəmli cəhətlərindən biri hər
zaman sosialyönümlülük faktorunun ön plana çəkilməsidir. Bu mənada Prezident İlham
Əliyevin hələ 2003-cü ildə dövlət başçısı
kimi fəaliyyətə başladıqdan sonra
imzaladığı ilk sənədlər ölkə
iqtisadiyyatının daha intensiv inkişaf etməsini ehtiva etməklə
yanaşı, nəticə etibarı ilə sosial rifah halının getdikcə
yüksəlməsinə xidmət etmişdir.
Sonralar
"Azərbaycan Respublikasının məşğulluq
strategiyası (2006-2015-ci illər)", "Azərbaycan
Respublikası regionlarının 2009-2013-cü illərdə
sosial-iqtisadi inkişafı Dövlət Proqramı",
"2008-2015-ci illərdə Azərbaycan Respublikasında
yoxsulluğun azaldılması və davamlı inkişaf
Dövlət Proqramı" əhalinin sosial rifahının
yüksəlməsinə, gəlir əldə etmək
imkanlarının genişləndirilməsinə, orta aylıq
əməkhaqqının ilbəil yüksəlməsinə,
nəticə etibarilə əhalinin həyat səviyyəsinin
mütəmadi yaxşılaşmasına səbəb
olmuşdur. Əhalinin gəlirlərində
davamlı artım dinamikası ilə yanaşı,
inflyasiyanın birrəqəmli səviyyədə
saxlanılması vətəndaşların öz gəlirlərindən
daha səmərəli istifadəsinə imkan vermişdir.
Bütövlükdə
ötən 10 ildə orta aylıq əməkhaqqı 5,5 dəfə,
pensiyalar 9,3 dəfə, əhalinin əmanətləri 27,2 dəfə
artmış, 1 milyon 200 mindən çox yeni iş yeri
açılmışdır, işsizlik səviyyəsi 6 faizə
enmişdir. Məqsədyönlü siyasətin nəticəsidir
ki, yoxsulluq səviyyəsi son on ildə kəskin şəkildə
azalaraq 5,3
faizə enmişdir. BMT İnkişaf Proqramının 2013-cü ilə
dair "İnsan İnkişafı Hesabatı"na əsasən,
ölkəmiz insan inkişafı indeksinin orta illik artım
tempinə görə MDB məkanında ilk yerə layiq
görülmüşdür. Ümumiyyətlə,
ötən 10 ildə İnsan İnkişafı İndeksinin
artım sürətinə görə Azərbaycan orta
dünya göstəricisini iki dəfə qabaqlayaraq planetin
top-15-liyinə daxil olmuşdur. BMT
yanında İnkişaf və Artım Komissiyasının son
məruzəsinə görə, 1950-ci ildən sonra yalnız
13 ölkədə belə sürətli inkişaf
müşahidə edilmişdir.
Son 10 ildə
bazar iqtisadiyyatı şəraitində sosial ədalət
prinsipinin gücləndirilməsi, mütərəqqi beynəlxalq
təcrübə əsasında əhalinin bütün təbəqələri
üçün bərabər və əlçatan sosial təminat
mexanizminin yaradılması və təkmilləşdirilməsi,
o cümlədən onun ünvanlılığının təmin
edilməsi, aztəminatlı vətəndaşların sosial
müdafiəsinin gücləndirilməsi ilə
yanaşı, bu yöndə sosial reabilitasiya əhəmiyyətli
aktiv tədbirlərin həyata keçirilməsi, sosial xidmət
sisteminin cəmiyyətin ehtiyaclarına uyğun qurulması
mühüm prioritetlər kimi diqqətdə
saxlanılmışdır. Eyni zamanda, əhalinin səmərəli
məşğulluğunun təminatı, peşə
hazırlığı sisteminin maddi-texniki bazasının
gücləndirilməsi və onun əmək bazarının
tələblərinə uyğunlaşdırılması, əmək
potensialının inkişaf etdirilməsi, layiqli əməyin
təminatına yönələn səmərəli dövlət
nəzarətinin formalaşdırılması və s. əsas
fəaliyyət istiqamətləri olmuşdur.
Ölkəmizdə həyata keçirilən modern sosial
siyasət malik olduğu konkret parametrlərlə diqqət cəlb
edir. Həmin
parametrlərdən bəhs edərkən burada əsas cəhətlərdən
biri kimi sosial müavinət sisteminin sığorta-pensiya
sistemindən ayrılması istiqamətində həlledici
addımların atılması, buna xidmət edən
"Əmək pensiyaları haqqında" və "Sosial
müavinətlər haqqında" Azərbaycan
Respublikası qanunlarının qəbulu oldu. 2006-cı il yanvarın 1-dən qüvvəyə minən
bu qanunlar ölkədə sosial sferanın tamamilə yeni əsaslarla
qurulmasına gətirib çıxardı. Beləliklə,
ölkəmizdə yeni, beynəlxalq təcrübədə
özünü doğrultmuş üçpilləli struktura
(baza, sığorta və yığım hissələrindən
ibarət) əsaslanan əmək pensiyaları sistemi formalaşdırıldı.
Bununla da sosialist prinsiplərinə, başqa sözlə desək,
həmrəylik prinsiplərinə əsaslanan pensiya sistemini
inkişaf etmiş Avropa ölkələrində geniş tətbiq
olunan - vətəndaşların fərdi hesablarında
yığılan pensiya kapitalına əsaslanan pensiya sistemi əvəz etdi. Mövcud
qanunvericiliyə uyğun olaraq sığortaolunanların fərdi
uçotu həyata keçirilir və məcburi dövlət
sosial sığorta haqlarının fərdi sığorta
hesablarında toplanılır. Beləliklə
də vətəndaşların pensiya təminatı fərdi
uçotun məlumatları əsasında onların ödədikləri
sığorta haqlarının məbləğinə uyğun
olmaqla müəyyən edilir.
"Sosial müavinətlər haqqında" qanun isə
əvvəllər sistemsiz halda olan müavinətlərin dairəsini,
təyin olunması şərtlərini vahid bir sənəddə
tənzimləyir. Beləliklə də 2010-cu il
yanvarın 1-dən sosial müdafiə sistemində yeni mərhələ
başlanmışdır. 2005-ci il oktyabrın 21-də
dövlət başçısı aztəminatlı əhalinin
sosial müdafiəsinin daha da gücləndirilməsi məqsədilə
"Ünvanlı dövlət sosial yardımı
haqqında" imzaladığı qanun ölkənin aztəminatlı
təbəqəsinin maddi rifah halının yüksəlməsində
mühüm rol oynamağa başladı və ildən-ilə bu
yardımın verilmə mexanizmi daha da təkmilləşdirilir.
Ünvanlı sosial yardım təyin edilərkən
yoxsulluğun mənfi nəticələrinin yüngülləşdirilməsi,
bu yardımın real olaraq ehtiyaca uyğun müəyyən
edilməsi və subyektin dəqiq seçilməsi vacib faktor
kimi nəzərdə tutulur.
Bütün bunlar onun bariz təsdiqidir ki, Azərbaycanda
milli inkişaf modelinin əsaslarını sosial dövlət
prinsipləri təşkil edir. Bu prinsiplər cəmiyyətdə
sosial ədalətin təmin olunması, milli gəlirlərin
bərabər bölünməsi və nəticə etibarilə
hər bir vətəndaşın yüksək sosial
rifahının təmin edilməsi kimi ümdə məsələləri
əhatə edir.
İstənilən iqtisadi artımın məqsədi
sosial rifahın yüksəldilməsidir. İnsanların
sosial yüksəlişinin təmin olunması, bütün vətəndaşların
gələcək sosial həyatının gücləndirilməsi
iqtisadi siyasətin əsas uğurudur. Ona
görə qarşıdakı dövrdə milli
inkişafın əsas istiqamətlərindən birini
iqtisadiyyatın şaxələndirilməsi fonunda əhalinin
sosial rifahının daha da yüksəldilməsi, sosial
müdafiəsinin gücləndirilməsi, sosial sahələrin
və insan kapitalının inkişafı, yoxsulluğun
tamamilə aradan qaldırılması, əhalinin məşğulluğunun
təmini və gəlirlərinin artımı təşkil edəcək.
Dünya
ölkələrinin təcrübəsi göstərir ki, orta
təbəqənin güclü olduğu ölkələr həm
siyasi, həm də iqtisadi, sosial və s. aspektdən daha sabit
və yüksək inkişaf potensialına malik olurlar. Bu baxımdan ölkədə əhalinin orta təbəqəsinin
genişlənməsi, həmin təbəqənin rolunun
gücləndirilməsi başlıca məqsədlərdən
biri olmaqla yoxsulluğun tamamilə aradan
qaldırılmasına xidmət edəcək.
Əhalinin
sağlamlığının qorunması sosial siyasətin
vacib istiqamətidir
Əhalinin sosial müdafiəsi sahəsində bizi
qarşıda daha böyük işlər gözləyir.
Bu işləri birdən həyata
keçirmək mümkün deyil, çünki sosial sahə
həddən artıq həssasdır, o radikal dəyişikliklərə
dayanıqlı təsir göstərməyə bilər.
Hazırda pensiya qanunvericiliyinin növbəti mərhələlərdə
daha da təkmilləşdirilməsinə, sosial müdafiə
sistemində sığorta münasibətlərinin -
könüllü sosial sığorta, istehsalat qəzası və
peşə xəstəliklərindən sığorta sahəsində
qanunvericiliyin formalaşdırılmasına, sosial siyasətin
ən vacib istiqamətlərindən olan əhalinin
sağlamlığının qorunmasının daha da
güclü mexanizmlərinin yaradılmasına ehtiyac var.
Ölkəmizdə baş verən sürətli iqtisadi
inkişaf bütün sosial sahələrin, o cümlədən
səhiyyənin inkişafına əsaslı təkan
vermişdir. Ölkə rəhbərliyinin
apardığı sosialyönümlü siyasətin nəticəsi
olaraq son illər ərzində səhiyyənin inkişafı
istiqamətində genişmiqyaslı tədbirlər həyata
keçirilmişdir. Respublikada səhiyyəyə
ayrılan büdcə vəsaiti 2003-cü illə müqayisədə
11 dəfədən çox artıb. 2014-cü il üçün bu vəsait 725 milyon
manatı ötüb. Büdcə vəsaitlərin
artırılması və investisiya fondundan ayrılan vəsait
respublikamızda aparıcı texnologiyalarla, müasir tibbi
avadanlıqlarla təchiz olunmuş yeni tibb mərkəzlərinin
yaradılmasına imkan vermişdir. Azərbaycan
Prezidentinin sosial-iqtisadi inkişafın sürətləndirilməsi
tədbirləri haqqında məlum fərmanları səhiyyənin
inkişafına böyük təkan vermiş və geniş
imkanlar yaratmışdır. Son 10 il ərzində
ümumilikdə 500-ə yaxın səhiyyə müəssisəsində
təmir və tikinti işləri aparılmışdır.
Son illərdə tibb sahəsində irimiqyaslı işlər
görülüb əhatəli qanunvericilik bazası
yaradılsa da, tibbi sığortanın tam işə
düşməməsi, bölgələrdə yüksək
ixtisaslı tibbi kadrların
çatışmazlığı və s. son nəticədə
tibbi xidmətin keyfiyyətinə təsir göstərir. Eyni zamanda
reproduktiv sağlamlığın qorunması istiqamətində
də ciddi işlərin görülməsinə ehtiyac
vardır. Çünki insanın
reproduktiv sağlamlığı onun yalnız fiziki
sağlamlığının elementi deyildir, bu həm də mənəvi
rahatlığın, məmnunluq yaradan həyatın
mühüm tərkib hissəsidir.
Təbii ki, növbəti illərdə səhiyyənin maddi-texniki bazasının gücləndirilməsi üçün tibb müəssisələrinin tikintisi, əsaslı təmiri və yenidən qurulması, onların müasir tibbi avadanlıqla təchiz edilməsi həyata keçiriləcək, eyni zamanda səhiyyə islahatları planlı şəkildə davam etdiriləcək. Eyni zamanda icbari tibbi sığortaya keçilməsi və onun əsasında tibbi yardımın keyfiyyətinə, pasiyentlərin hüquqlarının qorunmasına nəzarət mexanizmlərinin təkmilləşdirilməsinə diqqət artırılacaq. Bununla yanaşı, səhiyyə sahəsində kadr təminatının təkmilləşdirilməsi ən vacib məsələ kimi diqqət mərkəzində olmalı, tibb mütəxəssislərinin bilik və bacarıqlarının daim yüksəldilməsi üçün müvafiq mexanizmlər yaradılmalıdır. Xüsusən kənd yerlərində işləyən həkim və orta tibb işçiləri üçün uyğun həyat şəraitinin yaradılması üzrə müvafiq işlər görülməli və təşviqləndirici maddi təminat mexanizmləri müəyyənləşdirilməlidir.
Bütün bu məsələlər "Azərbaycan 2020: gələcəyə baxış" İnkişaf Konsepsiyası"nda da öz əksini tapıb. Artıq konsepsiyaya uyğun olaraq "Ana və uşaqların sağlamlığının yaxşılaşdırılmasına dair 2013-2020-ci illər üçün Dövlət Proqramı", "Azərbaycanda qeyri-infeksion xəstəliklərə qarşı mübarizəyə dair Strategiya" layihələri hazırlanıb. Həmçinin uşaqların sağlamlığının qorunması işinin dövlət siyasətinin ən prioritet istiqamətlərdən olduğunu sübut edən "Uşaqların icbari dispanserizasiyası haqqında" qanun və dövlət proqramı qəbul edilib.
Sosial inkişaf prosesi cəmiyyət həyatının bütün sahələrini, bütün insan qruplarını əhatə etdiyi üçün çoxşaxəlidir və xüsusi diqqət tələb edir. Son 10 ilin reallıqları göstərir ki, Azərbaycan dövlətinin bu məsələdə konkret və ünvanlı siyasəti var. Gələcəyə gedən yolun konturları isə bizim üçün indidən aydındır. Bu baxımdan yeni inkişaf siyasətinin nəticələri bizə perspektivə daha inamla və daha nikbin baxmağa imkan verir.
Hadi
RƏCƏBLİ,
Milli Məclisin
Sosial siyasət komitəsinin sədri,
YAP Siyasi
Şurasının üzvü
Azərbaycan.-2014.- 8 may.- S.7.