YAP Heydər Əliyev kursunun siyasi istinadgahıdır

 

Hər bir görkəmli dövlət xadiminin özündən sonra qoyub getdiyi fikir -siyasi-ideoloji irs sonrakı dövrlərdə millət üçün daim bir istinadgah, ümid və etimad mənbəyinə çevrilir. Bir çox hallarda dərin ictimai məzmun kəsb edən bu zəngin mənəvi miras siyasi təşkilatlanma və institusional təsisatlar formasında tarix səhifəsinə çıxır. Məhz bu baxımdan yanaşdıqda əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan Yeni Azərbaycan Partiyası Azərbaycan siyasi palitrasında milli siyasi iradəni təmsil edən avanqard siyasi qüvvədir və partiyanın fəaliyyəti xalqımızın ali mənafeyinin ifadəsi kimi çıxış edir.

Azərbaycan siyasi palitrasında milli siyasi iradəni təmsil edən avanqard siyasi qüvvə olan və fəaliyyəti xalqımızın ali mənafeyinin ifadəsi kimi çıxış edən Yeni Azərbaycan Partiyasının (YAP) yaranmasından 22 il ötür. Ümumiyyətlə, YAP ötən əsrin 80-ci illərinin sonu 90-cı illərin əvvəllərində ölkəmizdə meydana çıxan mürəkkəb siyasi situasiyanın daxili məntiqindən, zamanın təxirəsalınmaz tələbindən irəli gələrək Azərbaycan xalqının arzu və istəklərinin ifadəçisi kimi yaranan partiyadır. Belə ki, 1988-ci ildən başlanan iqtisadi, siyasi, xüsusilə hakimiyyət böhranı, həmçinin həmin illərdə Azərbaycanda rəhbərliyə gətirilən səriştəsiz, imperiya ağaları qarşısında əyilən, milli maraqlarımızdan xəbərsiz olan dairələrin gündən-günə güclənən erməni təcavüzünün qarşısını almaq, ordu yaratmaq, xalqı səfərbər etmək, Vətənin təhlükəsizliyini və əhalinin rifahını təmin etmək əvəzinə öz hakimiyyətlərini qorumaq uğrunda mübarizə aparmaları ölkəmizdə vəziyyəti daha da gərginləşdirmişdi. Ölkəni bürüyən total böhran AXC-"Müsavat" cütlüyünün  səriştəsizliyi səbəbindən daha da dərinləşmişdi. Məhz belə bir ərəfədə Azərbaycanın düçar ola biləcəyi daha böyük fəlakətlərin qarşısını almaq, uçurum qarşısında olan dövlətimizi xilas etmək məqsədilə xalqımızın milli maraqlar ətrafında birləşmiş sağlam qüvvələri, həmçinin ziyalılar dahi şəxsiyyət Heydər Əliyevə müraciət etdilər. 1992-ci il oktyabrın 24-də ziyalıların müraciətinə cavab məktubunda ulu öndər Heydər Əliyevin yaranmış vəziyyəti dərindən təhlil etməsi və çıxış yolunu göstərməsi noyabrın 21-də Naxçıvanda Yeni Azərbaycan Partiyasının təsis edilməsi zərurətini reallaşdırdı.

Bu bir həqiqətdir ki, yarandığı gündən YAP-ın ümummilli lider Heydər Əliyev tərəfindən müəyyənləşdirilən və uğurla tətbiq edilən əsas proqram məramı Azərbaycanın dövlət müstəqilliyinin qorunub möhkəmləndirilməsindən, ərazi bütövlüyünün təmin edilməsindən, demokratik, hüquqi, dünyəvi cəmiyyət qurulmasından, əmin-amanlıq, ictimai-siyasi sabitlik, milli həmrəylik, güclü və sosialyönümlü iqtisadiyyat yaratmaqdan ibarət olub və partiyamız bu 22 ildə öz məqsədlərinə uyğun fəaliyyət göstərib. Məhz buna görə də ümumxalq partiyasına çevrilən, 600 mindən çox üzvü olan YAP bu müddət ərzində ölkədə keçirilən prezident, parlament və bələdiyyə seçkilərində inamlı qələbələr qazanıb.

YAP-ın keçirdiyi qurultaylarda (1999, 2001, 2005, 2008, 2013) qəbul etdiyi tarixi qərarlar ölkəmizin gələcək inkişaf perspektivlərinin müəyyənləşdirilməsi baxımından mühüm rol oynayıb. Yaxın tariximizə mərhələli şəkildə nəzər salsaq görərik ki, ümummilli lider Heydər Əliyevin uzaqgörən və məqsədyönlü siyasəti sayəsində Azərbaycan böyük inkişaf yoluna qədəm qoyub. Ulu öndər Heydər Əliyevin hakimiyyətdə olduğu 1993-2003-cü illər ərzində Azərbaycan dövlət müstəqilliyinin dönməzliyini təmin edib, sosial-iqtisadi və beynəlxalq sahədə mühüm nailiyyətlər qazanıb. Ermənistanın Azərbaycana qarşı təcavüzünün qarşısı alınıb, Dağlıq Qarabağ münaqişəsinin həlli yolunda, diplomatik cəbhədə düşmən üzərində üstünlük əldə edilib.

Məlumdur ki, hər zamanın özünəməxsus tələb və vəzifələri var. Ümummilli lider Heydər Əliyev də Azərbaycanın qarşısında duran vəzifələri dəqiq göstərərək dövlətimizin söykəndiyi təməl prinsipləri müəyyən edib. Bu gün Azərbaycan məhz həmin prinsiplərə istinad edərək inkişaf edir. Ulu öndərin müəyyən etdiyi təməl prinsiplərindən biri hüquqi-siyasi varislikdir. Təsadüfi deyil ki, hələ ümummilli liderin rəhbərliyi ilə keçirilən muxtar respublika Ali Məclisinin sessiyalarında dövlət müstəqilliyinin bərpası ilə bağlı tarixi qərarlar qəbul olundu, 1918-1920-ci illərdə mövcud olmuş Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli bayrağı müstəqillik rəmzi kimi Naxçıvan parlamentində qaldırıldı, Naxçıvan Muxtar Respublikasının adından "sovet Sosialist" sözləri götürüldü, ali qanunverici və icra hakimiyyəti orqanlarının - Ali Məclisin və Nazirlər Kabinetinin adları dəyişdirildi, sovet qoşun hissələri Naxçıvandan çıxarıldı, onların bazasında müstəqilliyin vacib elementi olan ilk milli sərhəd dəstəsi və milli ordu hissələri yaradıldı. Ulu öndər 1993-cü ilin iyununda xalqın təkidli tələbi ilə yenidən siyasi hakimiyyətə qayıtdıqdan sonra bu proses davam etdirildi.

Təbii ki, varislik prinsipi, eyni zamanda müstəqil dövlətimizin inkişafı üçün başlanan siyasətin davamlı olmasıdır. Məhz bu ali məqsədin reallaşması naminə ümummilli lider Heydər Əliyev böyük çətinliklərlə qurduğu dövlətə rəhbərlik etmək üçün namizədini elan etdi: "O, yüksək intellektli, praqmatik düşüncəli, müasir dünya siyasətini və iqtisadiyyatını gözəl bilən, enerjili və təşəbbüskar bir şəxsiyyətdir. Sizi əmin edirəm ki, İlham Əliyev bundan sonra da xalqımızın ən layiqli övladlarını öz ətrafında sıx birləşdirərək Azərbaycan dövlətinin inkişafı və xalqımzın firavanlığı yolunda çox işlər görəcək. İnanıram ki, mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri, planları, işləri sizin köməyiniz və dəstəyinizlə İlham Əliyev başa çatdıra biləcək. Mən Ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm".

Bu fikirlərin məntiqi nəticəsi cənab İlham Əliyevin 2003-cü ilin 15 oktyabrında xalqın mütləq əksəriyyətinin etimadını qazanaraq ölkə Prezidenti seçilməsi oldu. Xalq liderinin sözünə güvənərək öz tarixi seçimini etdi. 2005-ci ilin mart ayında isə YAP-ın III qurultayı keçirildi. Qurultayda təşkilati məsələlərə baxıldı və Azərbaycan Prezidenti, YAP sədrinin birinci müavini cənab İlham Əliyev partiyanın sədri seçildi. Beləliklə, cənab İlham Əliyevin YAP-ın sədri seçilməsi ilə partiyanın həyatında yeni mərhələ başladı.

Bu dönəmdən başlayaraq müstəqil Azərbaycan dövlətinin qurucusu, YAP-ın yaradıcısı, ümummilli lider Heydər Əliyevin Azərbaycanın müstəqilliyinin dönməzliyinin təmin edilməsi, ölkənin tərəqqisi, iqtisadiyyatın yüksəlişi, xalqın rifahının yaxşılaşması, uğurlu neft strategiyasının həyata keçirilməsi, milli-mənəvi dəyərlərimizin qorunması, ölkənin təhlükəsizliyini təmin etmək iqtidarında olan ordunun yaradılması, Azərbaycanın beynəlxalq aləmdə nüfuzunun yüksəlməsi naminə ardıcıl siyasət həyata keçirildi və bu prosesdə YAP daim ön sırada getdi. YAP üzvləri ölkəmizin daha da güclənməsi naminə Prezident İlham Əliyevin həyata keçirdiyi siyasətin ən fəal dəstəkçiləri olmaqla bu siyasətin uğurlarını xalq arasında geniş təbliğ etməkdədir.

Onu da vurğulayaq ki, cənab İlham Əliyev YAP-ın sədri seçiləndən sonra kəmiyyət və keyfiyyət baxımından partiyada əhəmiyyətli dərəcədə dəyişikliklər müşahidə olunur. Faktlara diqqət yetirdikdə, ötən müddət ərzində Heydər Əliyev ideyalarına söykənən partiyamızın ilbəil gücləndiyinin şahidi olarıq. Belə ki, əgər YAP-ın 2001-ci ildə keçirilmiş II qurultayı zamanı partiya üzvlərinin sayı 230 min nəfər idisə, III qurultaya qədər bu göstərici 360 minə çatmışdı. V qurultaydan sonra isə YAP üzvlərinin sayı 600 mindən çoxdur.

Yeni Azərbaycan Partiyasının əldə etdiyi nailiyyətlər silsilə xarakter daşıyır və bugünkü uğurların ciddi tarixi və siyasi əsasları mövcuddur. Sirr deyil ki, YAP Heydər Əliyev yolu ilə irəliləyərək çox böyük və şərəfli yol keçib. Cəmiyyətin avanqard siyasi qüvvəsi kimi Yeni Azərbaycan Partiyası xalqımızın qarşısında duran vəzifələrin yerinə yetirilməsinə özünün layiqli töhfəsini verib və bu siyasət bu gün də uğurla davam etdirilir.

Partiya yarandığı vaxtdan xalqımıza xidmət onun başlıca amalı olub. Ümummilli lider Heydər Əliyevin müəyyən etdiyi dövlətçilik prinsipinə söykənən Yeni Azərbaycan Partiyası ölkəmizin ən qabaqcıl nümayəndələrini öz sıralarında birləşdirərək müstəqil Azərbaycan dövlətinin qurulması yolunda geniş, çoxşaxəli fəaliyyət göstərib.

Qeyd etdik ki, YAP-ın əldə etdiyi nailiyyətlərin ciddi tarixi və siyasi əsasları vardır. Məhz bu yanaşmanın doğruluğunu isbat edən başlıca göstəricilər qismində partiyanın müxtəlif zaman kəsiklərində keçirdiyi qurultayların nəticələri və bütün ümummilli seçkilərdə əldə etdiyi parlaq qələbələrdir. YAP-ın yarandığı vaxtdan etibarən Azərbaycanda keçirilən bütün ümummilli seçkilərdə parlaq qələbələr qazanması hər kəsə bəllidir. Hər seçkidən-seçkiyə partiyanın uğurlarının miqyası genişlənir və bu da seçkilərin nəticələrində də özünü aydın şəkildə ifadə edir. 2003, 2008 və 2013-cü illərdəki prezident seçkiləri buna sübutdur.

Bu dövrdə partiya sosial sifarişə əsaslanaraq bir sıra mühüm  təşəbbüslərlə də çıxış edib. Belə ki, 2008-ci ilin dekabr ayında YAP Azərbaycan Konstitusiyasında dəyişikliklər təşəbbüsü ilə çıxış edərək bununla bağlı ümumxalq səsverməsinin - referendumun keçirilməsini təklif etdi. Konstitusiya Məhkəməsi bu təkliflərə müsbət rəy verdikdən sonra Milli Məclis 2009-cu il martın 18-də Konstitusiya dəyişikliklərinin edilməsi ilə bağlı ölkədə referendum keçirilməsi haqqında qərar qəbul etdi. Referendumun nəticələri isə xalqın YAP-a olan inamını bir daha təsdiqlədi.

YAP bu uğurları və qələbələri 2004-cü və 2009-cu illərdə keçirilmiş bələdiyyə seçkilərində də təkrarlayıb. Əlbəttə ki, partiyanın uğurları bununla bitməyib. YAP-ın parlaq qələbələri parlament seçkilərində də özünü göstərməkdədir. 2005-ci ildə 3-cü çağırış Milli Məclisə seçkilərdə 64 deputat mandatı qazanmaqla YAP rəqiblərini xeyli geridə qoydu. Məlumdur ki, 2010-cu il noyabrın 7-də Azərbaycanda 4-cü çağırış Milli Məclisə seçkilər keçirildi. Bu seçkilərdə mütəşəkkil qaydada iştirak edən, güclü seçki kampaniyası aparan YAP bu seçkilərdə də əhəmiyyətli qələbə qazanaraq 70-dən çox deputat mandatı əldə etdi.

YAP-ın 22 illik tarixinə nəzər salarkən partiyanın 2013-cü il 7 iyun tarixində keçirilən və Azərbaycan siyasi tarixinin əlamətdar hadisəsi olan V qurultayını ayrıca qeyd etmək lazımdır. Qurultay çərçivəsində qəbul edilən qərarlar partiyanın gücləndirilməsi istiqamətində mühüm əhəmiyyət kəsb edib. Partiyanın V qurultayında əsas diqqət mərkəzində olan məsələlər Prezident İlham Əliyevin yenidən partiyanın sədri seçilməsi və 2013-cü il 9 oktyabr tarixində keçiriləcək prezident seçkilərində namizədliyini irəli sürməsi idi. Bu qərarlar YAP-ın 600 minlik üzvü və bütövlükdə Azərbaycan xalqı tərəfindən gözlənilən qərar oldu. Seçkilərin nəticələri də qurultayın qərarının ümumxalq səviyyəsində dəstəkləndiyini təsdiq etdi.

Bununla yanaşı, V qurultayda partiyanın strukturlarına yeni seçimlərin edilməsi təşkilati nöqteyi-nəzərdən xüsusi önəm daşımaqla bərabər, partiyanın fəaliyyətinin stimullaşdırılmasına və səmərəlilik səviyyəsinin artırılmasına əhəmiyyətli töhfələr verdi. Xüsusilə vurğulamaq gərəkdir ki, Azərbaycanın müstəqilliyinin bərpasından sonrakı ilk dövrlərdən etibarən milli mədəniyyətin qorunması sahəsində çoxşaxəli və genişmiqyaslı fəaliyyət göstərən ənənəvi musiqinin, ədəbiyyat və poeziyanın, idmanın inkişafına verdiyi töhfələrə, musiqi təhsili və dünya mədəniyyətlərinin mübadiləsi sahəsindəki xidmətlərinə görə ölkəmizdə və beynəlxalq aləmdə təqdir olunan Azərbaycanın birinci xanımı, UNESCO-nun və İSESCO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban Əliyevanın Yeni Azərbaycan Partiyasının sədrinin müavini seçilməsi əlamətdar hadisə kimi səciyyələndirilməlidir. Sirr deyil ki, Mehriban xanım Əliyeva həm də Milli Məclisin deputatı  kimi təqdirəlayiq fəaliyyəti ilə, Azərbaycanın müxtəlif ölkələrlə münasibətlərinin inkişafına töhfə verməklə ölkənin siyasi həyatında aktiv iştirak edir.

Yeni Azərbaycan Partiyasının V qurultayında diqqəti cəlb edən başqa bir məsələ dövlət başçısının nitqində son 10 ildə Azərbaycanın keçdiyi yola işıq tutması idi. Prezident İlham Əliyev qurultay nümayəndələri qarşısında nitqində Azərbaycanın siyasətinin, eləcə də iqtisadiyyatın, regionların, elmin, təhsilin gələcəyi ilə və Azərbaycan dövlətinin gələcəyinin strateji inkişaf istiqamətləri ilə bağlı əsas mövqeyini ifadə etdi. Bəlli oldu ki, növbəti illərdə də əsas diqqət mərkəzində olan məsələlərdən biri, ilk növbədə, regionların inkişafı ilə bağlı olacaq, xarici siyasətdə əsas prioritetlərdən biri Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ probleminin həlli məsələsi olacaq. Həmçinin elmin, təhsilin inkişafı, Azərbaycanın sosial dövlət olmaq istiqamətinin daha da inkişaf etdirilməsi də Yeni Azərbaycan Partiyası sədrinin qarşıya qoyduğu əsas vəzifələrdir.

Beləliklə, V qurultayı xarakterizə edərkən, ilk növbədə, qeyd etmək lazımdır ki, YAP daxili struktur etibarilə yeni keyfiyyət əldə etdi, siyasi təşkilat olaraq daha da gücləndi, monolit siyasi güc kimi ölkənin siyasi sisteminə hakim olduğunu nümayiş etdirdi. Bütövlükdə, Yeni Azərbaycan Partiyasının V qurultayı yuxarıda sadaladığımız əsas amilləri həll etməklə bərabər, Azərbaycan xalqının tarixinin gələcəyi ilə də bağlı əslində qərar vermiş oldu.

Qeyd edək ki, Yeni Azərbaycan Partiyasında son islahatlar partiyanın V qurultayında qəbul edilən qərarlarla məhdudlaşmır. Belə ki, YAP-ın idarə heyətinin bu ilin noyabr ayında keçirilən iclasında partiyanın sədr müavinləri arasında iş bölgüsünün müəyyən edilməsi və müxtəlif sahələri əhatə edən 12 komissiyanın yaradılması barədə qərar qəbul edilib. Bu, bir daha onu göstərir ki, YAP öz fəaliyyətini davamlı olaraq təkmilləşdirir, zamanın tələblərinə uyğun addımlar atır və daim inkişaf edir.

Sirr deyil ki, Azərbaycan cəmiyyəti Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasətin fonunda əldə edilmiş möhkəm ictimai-siyasi sabitliyi və sürətli iqtisadi inkişafı perspektiv tərəqqinin əsası kimi səciyyələndirir. Bu gün hər bir Azərbaycan vətəndaşı Prezident İlham Əliyevi alternativsiz lider kimi dəyərləndirir. Məhz dünyanın mühüm sorğu mərkəzləri və nüfuzlu ekspertləri də öz qənaətlərində Prezident İlham Əliyevin prezident seçkilərində alternativsiz namizəd olduğunu ifadə edirdilər. Tezliklə zaman göstərdi ki, xalqın seçimi bu dəfə də dəyişməzdir və verilən proqnozlar özünü doğrultdu.

Məlum olduğu kimi, Prezident İlham Əliyev oktyabrın 9-da keçirilən prezident seçkilərində seçicilərin 84,59 faizinin dəstəyini qazanmaqla növbəti möhtəşəm qələbəyə imza atdı. Bu uğur, əslində, Azərbaycanın son 10 ildə keçdiyi yola, qazandığı uğurlara, daxili və xarici siyasət kursuna, bu kursu həyata keçirən Prezident İlham Əliyevin fəaliyyətinə verilən ən yüksək qiymətdir.

Bu qələbə həm də Yeni Azərbaycan Partiyasının ictimai-siyasi həyatdakı roluna xalqın verdiyi qiymət idi. Bildiyimiz kimi, fəaliyyət göstərdiyi 22 il ərzində YAP sosial, iqtisadi sahələrdə əldə olunan uğurlarda, ölkənin beynəlxalq mövqelərinin güclənməsində, daxili və xarici siyasət kursunun həyata keçirilməsində və ən nəhayət, növbəti dəfə seçkilərdə möhtəşəm qələbənin qazanılmasında hər zaman Heydər Əliyev yolunun davamçısı olub. Xüsusi qeyd etmək lazımdır ki, cənab İlham Əliyevin prezident seçkilərində böyük üstünlüklə qalib gəlməsinin əsasında da xalqın iradəsi, inamı və seçimi dayanır. Azərbaycan xalqı bir daha təsdiq etdi ki, ölkəmiz doğru yolda irəliləyir. Seçkilərdə yüksək fəallıq göstərən Azərbaycan seçicisi bir daha təsdiq etdi ki, xalq bundan sonra da Heydər Əliyev yolunun davam etdirilməsini istəyir. Siyasi plüralizm, şəffaf, ədalətli, demokratik şəraitdə baş tutan seçkilərin nəticəsi xalqın öz gələcəyini güclü, müstəqil, hərtərəfli inkişafa malik rifah dövlətinin yaradılmasının qarantına - Prezident İlham Əliyevə etibar etdiyini göstərdi.

Beləliklə, sadalananlar deməyə əsas verir ki, Yeni Azərbaycan Partiyası siyasi sistemin monolit gücü və avanqard siyasi institutudur. Başqa sözlə, YAP sahib olduğu resurslara, ictimai-siyasi nüfuzuna, özünün fəaliyyət mexanizminin səmərəlilik səviyyəsinə və siyasi sistemdəki avanqard yerinə görə Azərbaycan siyasi palitrasının ən güclü və nüfuzlu siyasi partiyasıdır. YAP-ın siyasi sistemdəki mövqeyini və fəaliyyətinin əsaslarını statik və dinamik detallar əsasında analitik tədqiqatların obyektinə çevirdikdə məlum olur ki, sözügedən siyasi institut təmsil etdiyi qrupların ali mənafeyini və dövlətçilik maraqlarını özünün Məramnamə və Nizamnaməsində əks etdirən, həmçinin bunları praktik müstəvidə yüksək səviyyədə reallaşdıran ümumxalq partiyasıdır. Ümumxalq partiyası ifadəsini YAP-ın timsalında təsadüfən işlətmədik. Çünki konkret faktlar deməyə əsas verir ki, Yeni Azərbaycan Partiyası öz fəaliyyəti ilə siyasi sistemin dinamikliyinə və onun elementlərinin təkmilləşməsinə xüsusi təkan verən elit institutdur. Söylədiyimiz tezisi daha da aydınlaşdırmaq üçün YAP-ın fəaliyyət substratlarının əsasında aşağıdakı siyasi ümumiləşdirmələri aparmaq mümkündür.

Yeni Azərbaycan Partiyası Azərbaycan siyasi palitrasında ən güclü və fundamental resurslara malik sosial-siyasi təsisatdır: partiyanın fundamental resursları sırasına onun öz ətrafında cəmiyyətin ən nüfuzlu ictimai-siyasi fiqurlarını birləşdirməsi, üzvlərinin sayının 600 mini keçməsi, güclü siyasi idarəçilik təcrübəsinə malik olması kimi kəmiyyət və keyfiyyət göstəriciləri daxildir.

Yeni Azərbaycan Partiyası siyasi sistemdəki yerinə və fəaliyyət mexanizminə görə rəqabət partiyası (başqa sözlə, səfərbəredici partiya) kimi səciyyələndirilir. Belə ki, YAP öz fəaliyyəti ilə rəqiblərini aktiv siyasi mübarizəyə və rəqabətə cəlb edən, sosial konsensusu və siyasi sistemin rəqabətlilik qabiliyyətini təmin edən təsisatdır.

YAP ideoloji xarakteristikasına görə islahatçı, praqmatik və mütərəqqi siyasi institutdur. Partiyanın fundamental ideoloji prinsipləri azərbaycançılıq, güclü və müstəqil dövlətçilik, yüksək rifah, varislik, yaradıcı təkamül, konstruktiv əməkdaşlıq, milli həmrəylik, sosial ədalət, sağlam rəqabətə əsaslanan siyasi mübarizə kimi təməl dəyərləri özündə ehtiva edir. Bu da nəticə etibarilə sözügedən siyasi institutun siyasi palitrada mövqeyini möhkəmləndirməyə və fəaliyyət sahəsini daha da genişləndirməyə imkan verir.

Belə ki, Yeni Azərbaycan Partiyası daxili təşkilati strukturuna görə antreprener (açıq) sistemə malikdir. Təşkilati strukturuna görə YAP mərkəzləşdirilmiş partiya intizamının yüksək səviyyədə təmin olunduğu, cəmiyyətin bütün qruplarının, əhalinin ən müxtəlif təbəqələrinin maraqlarının ifadə olunduğu siyasi təsisatdır. Digər tərəfdən, sözügedən kriteriyaya görə, partiya müxtəlif sahələrə yararlı, yüksək səviyyəli kadr potensialı hazırlayan daxili fəaliyyət mexanizminə malikdir. Bütün bu xüsusiyyətlərin fonunda Yeni Azərbaycan Partiyası nəzəri-konseptual, proqram-siyasi və aktual-praktik səviyyədə üzvlərinin-təmsil etdiyi qrupların ali maraqlarını yüksək səviyyədə ifadə və təmin etməkdədir.

Yekun nəticədə YAP siyasi sistemdəki mövqeyinə müvafiq olaraq leqal və demokratik ictimai-siyasi təsisatdır. Belə ki, partiyanın qatıldığı ümummilli və lokal səciyyəli bütün seçkilərdə rəqibləri ilə sağlam mübarizə aparması faktı sübut edir ki, sözügedən siyasi təsisat legitim fəaliyyət mexanizminə və substratlarına malikdir.

YAP-ın fəaliyyət mexanizminin mühüm istiqamətlərindən birini də onun ideoloji siyasəti təşkil edir. Hakim partiyanın ideoloji siyasətinin əsasları onun başlıca ideoloji prinsiplərində öz əksini tapıb.

YAP-ın ideoloji siyasəti sosiumda siyasi iştirakçılığın və sosiallaşmanın artmasına fundamental töhfələr bəxş edir. Vətəndaşların siyasi iştirakçılıq səviyyəsinin artması cəmiyyətdaxili dinamikanı artırır və milli inkişafı sürətləndirən mexanizm qismində çıxış edir.

Habelə YAP-ın öz fəaliyyətində rəhbər tutduğu ideoloji prinsiplər cəmiyyətdə təşəkkül tapmış demokratik norma və dəyərlərin möhkəmlənməsinə mühüm töhfələr bəxş edib və bu proses hazırda da davam etməkdədir. Yeni Azərbaycan Partiyasının bilavasitə təşəbbüsü ilə Azərbaycan Respublikasının Milli Məclisində ictimai, siyasi və hüquqi anlamda mühüm əhəmiyyət kəsb edən qanunlar qəbul olunmaqdadır. Qüvvəyə minmiş qanunların tətbiqi mexanizmlərinin mükəmməl surətdə müəyyən olunması ictimai, siyasi, iqtisadi və hüquqi müstəvidə inkişafa yol açan əhəmiyyətli dəyişiklikləri şərtləndirən faktor kimi çıxış edir.

Beləliklə, Yeni Azərbaycan Partiyasının ideoloji prinsipləri cəmiyyətdə milli dəyərlərin təşəkkül tapmasını və möhkəmlənməsini şərtləndirən, milli həmrəylik və bütövlüyü təmin edən mühüm institusional mexanizm qismində dəyərləndirilməlidir. Bu amil özünü partiyanın gənclər siyasətində də aydın  şəkildə göstərir.

Vurğuladığımız kimi, özündə yüksək intellektual potensialı birləşdirən YAP-ın sıralarında gənclər də böyük üstünlük təşkil edir və partiya sıralarına yeni qoşulanların mütləq əksəriyyəti də gənclərdən ibarətdir. Ümumiyyətlə, ulu öndərin rəhbərlik etdiyi və onun ideyalarına sadiq qalan YAP hər zaman fəaliyyətində gənclərə geniş imkanların yaradılmasına, onlarda milli şüurun, vətənpərvərlik ruhunun formalaşdırılmasına xüsusi diqqət yetirib. Təsadüfi deyil ki, hələ 1993-cü ildə ölkə gənclərinin bir qrup nümayəndəsi ilə görüşən ulu öndərin səsləndirdiyi fikirlər həm gənclərimizə, həm də ölkəmizin mövcudluğunu həzm edə bilməyən qüvvələrə önəmli mesaj idi: "Biz dövlətin və cəmiyyətin idarə edilməsində gənc nəslin qüvvəsinə arxalanacaq, onların imkanlarından maksimum istifadə edəcəyik".

Beləliklə, ulu öndərə böyük inam və etimad göstərən Azərbaycan gəncliyi tezliklə dövlətin və hakim Yeni Azərbaycan Partiyasının ətrafında sıx birləşdi. Ümummilli lider gənclərin cəmiyyətin fəal və aparıcı qüvvəsinə çevrilməsi, hüquqi dövlət və vətəndaş cəmiyyəti quruculuğu prosesinə aktiv cəlb olunması yönündə əməli addımlar atdı. 1994-cü ildə Gənclər və İdman Nazirliyinin yaradılması gənclərimizin dövlət quruculuğu prosesindəki iştirakına əsaslı təkan verdi. Ulu öndər Heydər Əliyevin gənclərə qayğısı geniş və əhatəli idi. Bu həm gənclərin təhsil almasında, həm sosial-maddi problemlərin aradan qaldırılması istiqamətində görülən işlərdə, həm də gənclərin dövlət orqanlarına işə qəbulunda özünü göstərirdi.

Zaman keçdikcə YAP-ın gənclərə olan diqqət və qayğısı artdı, gənc nəslə yönələn fəaliyyəti genişləndi. 1995-ci ilin iyununda YAP Gənclər Birliyinin yaradılması isə partiyanın tarixinə əlamətdar hadisə kimi daxil oldu.

Müstəqil Azərbaycan dövlətinin gənclər siyasətinin formalaşmasında və gənc nəslin geniş fəaliyyət meydanına çıxarılmasında ulu öndərin təşəbbüsü və iştirakı ilə keçirilən ölkə gənclərinin I Forumu xüsusi rol oynadı. 1996-cı il fevralın 2-də keçirilən forum ümummilli lider Heydər Əliyevin gəncliklə bağlı strategiyasının ilk təntənəsi oldu. Təsadüfi deyil ki, məhz həmin vaxt ulu öndərin sərəncamı ilə 2 fevral Gənclər Günü kimi Azərbaycan tarixinə düşdü. Cənab İlham Əliyevin 2001-ci il 21 noyabrda YAP-ın II qurultayında partiya sədrinin birinci müavini vəzifəsinə seçilməsi isə gənclərimizdə daha böyük ruh yüksəkliyi yaratdı.

Ulu öndərin siyasi kursunu bütün sahələrdə uğurla davam etdirən Prezident İlham Əliyevin və  onun rəhbərliyi ilə YAP-ın fəaliyyətinin prioritet istiqamətlərindən biri kimi, bu gün də Azərbaycan gənclərinin hərtərəfli inkişafı, ölkənin ictimai-siyasi, sosial-mədəni həyatındakı rolunun artması, idarəçilik strukturlarında geniş təmsil olunması xüsusi diqqət mərkəzindədir.

Görülən effektiv tədbirlərin nəticəsidir ki, hazırda Milli Məclisdə, bələdiyyə qurumlarında çalışan gənc kadrların sayı hiss olunacaq dərəcədə artır, habelə müxtəlif dövlət orqanlarına vakant yerlər üzrə keçirilən müsabiqələrdə gənclərin irəli çəkilməsi onların dövlət idarəçiliyinə fəal cəlb olunması deməkdir.

YAP-ın Gənclər Birliyi bu gün də istedadlı, cəmiyyətə və dövlətə yararlı olmaq istəyən gəncləri öz ətrafında birləşdirməklə yanaşı, yeni nəslin hərtərəfli inkişafı, vətənpərvərlik ruhunun yüksəldilməsi, gənclərin aktiv ictimai fəaliyyətə cəlb olunması və digər istiqamətlərdə işlər görür.

Hazırda daxili siyasətdə aparıcı rola malik olan Yeni Azərbaycan Partiyasının beynəlxalq əlaqələri də yüksələn xətt üzrə inkişaf edir, əməkdaşlığın coğrafiyası və məzmunu genişlənərək keyfiyyətcə yeni mərhələyə qədəm qoyur. YAP müasir qloballaşan dünyanın çağırışlarına çevik reaksiya verərək əməkdaşlıq imkanlarından maksimum faydalanır və Azərbaycan həqiqətlərini beynəlxalq ictimaiyyətə çatdırmaq istiqamətində geniş fəaliyyət göstərir.

YAP-ın müxtəlif ölkələrin siyasi partiyaları və demokratik təsisatları ilə qurduğu işgüzar və səmimi münasibətlər ardıcıl surətdə inkişaf edir. YAP-ın beynəlxalq əlaqələrində dost və qardaş Türkiyənin, MDB üzvü olan ölkələrin, Avropa və Asiyanın bir sıra aparıcı siyasi partiyaları və qurumları ilə münasibətləri prioritet istiqamət kimi əsas götürülüb. Yeni Azərbaycan Partiyası Türkiyə, Rusiya, Rumıniya, Ukrayna, Qazaxıstan, Kanada, Hindistan, Çin, Cənubi Koreya, Pakistan, Tacikistan və digər ölkələrin aparıcı siyasi partiyaları ilə uzun müddətdir sıx və qarşılıqlı münasibətlərə malikdir, partiyalar arasında intensiv görüşlər keçirilir, fikir və təcrübə mübadilələri aparılır.

Xüsusi olaraq qeyd etmək lazımdır ki, YAP 51 ölkənin siyasi partiyalarının təmsil olunduğu Asiya Siyasi Partiyaları Beynəlxalq Konfransı (İCAPP) Daimi Komitəsinin üzvüdür. YAP bu kimi nüfuzlu beynəlxalq qurumda təmsil olunmaqla Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması istiqamətində mühüm tribuna əldə edib. Əməkdaşlıq münasibətlərinin qurulduğu dövrdən etibarən Yeni Azərbaycan Partiyasının nümayəndələri Asiya Siyasi Partiyaları Beynəlxalq Konfransının keçirdiyi tədbirlərdə yaxından və fəal iştirak edir, qurumun iclaslarında səmərəli müzakirələr apararaq təklif və layihələr iləri sürürlər. Asiya Siyasi Partiyaları Beynəlxalq Konfransının 23-26 sentyabr 2009-cu ildə Astanada keçirilən V Baş Assambleyasında Yeni Azərbaycan Partiyasının sədr müavini-icra katibi Əli Əhmədov bu qurumun Daimi Komitəsinin üzvü seçilib. Onu da qeyd etmək yerinə düşər ki, İCAPP-a üzv olan partiyalardan yalnız 18-i bu qurumun Daimi Komitəsində təmsil olunur.

Bununla yanaşı, YAP-ın Avratlantik məkanda baş verən siyasi proseslərə təsir imkanları da genişlənib. Bu mənada, Almaniyanın, Fransanın, İtaliyanın, İspaniyanın və digər ölkələrin hakimiyyətdə olan partiyalarını özündə birləşdirən və Avropa Parlamentində çoxluğa sahib olan Avropa Xalqları Partiyası (EPP) ilə münasibətlər keyfiyyətcə yeni mərhələyə qədəm qoyub.

Bir sözlə, Yeni Azərbaycan Partiyasının beynəlxalq əlaqələrinin coğrafiyası getdikcə genişlənir. Bu əlaqələr, eyni zamanda müstəqil Azərbaycan Respublikasının siyasi partiyalar səviyyəsində beynəlxalq təşkilatlarda təmsilçiliyinin yüksək nümunəsidir.

Onu da qeyd etmək lazımdır ki, Yeni Azərbaycan Partiyası dünyanın aparıcı ölkələrində uzun illər fəaliyyət göstərən bir çox güclü partiyaların sırasına cəmi 22 ildə qatıla bilib. Deməli, bu partiya həqiqətən demokratik, hüquqi dəyərləri özündə cəmləşdirmiş gənc partiya kimi daim inkişafda, möhkəmlənməkdə, demokratik dünyaya inteqrasiya etməkdədir. Bütün bu amillər bizə cəsarətlə söyləməyə imkan verir ki, ulu öndərin YAP haqqında irəli sürdüyü "dünənin, bu günün və gələcəyin partiyası" tezisi praktikada uğurla reallaşmaqda və cəmiyyətimizi strateji hədəflərə doğru aparmaqdadır.

 

Siyavuş NOVRUZOV,

Milli Məclisin komissiya sədri,

YAP İdarə Heyətinin üzvü

Azərbaycan.-2014.- 8 may.- S.8.