Humanizm missiyası

 

8 may Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara Günüdür

 

 

Hər bir ölkədə humanitar və xeyriyyəçilik dəyərlərini özündə təcəssüm etdirən və bu istiqamətdə fəaliyyət göstərən müxtəlif təsisatlar mövcuddur. Bunların arasında ən qədimi hazırda dünyanın hər yerini əhatə edən Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara Hərəkatıdır. Bu hərəkatın banisiqurucusu isveçrəli tacir, sülh üzrə ilk Nobel mükafatçısı Anri Dünandır. 1859-cu ildə Anri Dünan İtaliyanın şimalına, italyanların və fransızların avstriyalılara qarşı vuruşduğu yerlərə səfər edir. Həmin yerlərdən keçərkən o, təsadüfən Solferino döyüşündə yaralanmış əsgərlərin arasına düşür və gördükləri onu dəhşətə gətirir, bu barədə 1862-ci "Solferino xatirələri" adlı kitab yazır.

A.Dünan 1863-cü ildə dostları ilə birlikdə bütün dünyada yaralılara yardım göstərəcək təşkilat yaratmaq qərarına gəlir. Beləliklə, dünyada ilk humanitar təşkilat olan Beynəlxalq Qızıl Xaç Cəmiyyəti yaranır. Tezliklə cəmiyyətin humanitar missiyası dünyaya yayılır. Müsəlman ölkələrdə isə emblem kimi ayparadan istifadə olunur. Bu emblemlər onların hərbçi olmadığını göstərir. 1869-cu ildən hərəkat bütün dünyada daşqın, zəlzələ, epidemiya, aclıq və s. fəlakətlərin qurbanlarına da yardım etməyə başlayır. Humanistlik, qərəzsizlik, xeyirxahlıq, birlik və universallıq hərəkatın əsas fəaliyyət prinsipləridir. Bu gün bütün dünyada A.Dünanın anadan olduğu gün - may ayının 8-i onun şərəfinə Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara Hərəkatı Günü kimi qeyd olunur.

 

1920-ci ildən başlanan yol

 

Azərbaycanın bu beynəlxalq hərəkata qoşulması 1920-ci ildən başlayır. 1920-ci il martın 10-da Azərbaycan Xalq Cümhuriyyətinin müdafiə naziri əvəzi general-leytenant Əliağa Şıxlinskinin və Fətəli Xan Xoyskinin təşəbbüsü ilə Azərbaycan Qızıl Aypara Cəmiyyəti təsis edilib. Cəmiyyət yarandığı vaxtdan ölkəmizin sosial qayğılarının bir hissəsini öz üzərinə götürərək humanitar problemlərin həllində fəal iştirak edib. Lakin 1920-ci ilin aprel çevrilişindən sonra AzQAC-ın fəaliyyəti məhdudlaşdırılıb. 1922-ci ilədək Azərbaycanda formal olaraq Rusiya Qızıl Xaç Cəmiyyətinin nümayəndəliyi fəaliyyət göstərib. 1922-ci ilin oktyabr ayında Azərbaycan Xalq Komissarları Şurasının qərarı ilə yenidən AzQAC yaradılıb. Cəmiyyət 1991-ci ilədək Ümumittifaq Qızıl Xaç və Qızıl Aypara Cəmiyyətləri Birliyinin üzvü kimi humanitar fəaliyyətini davam etdirib.

1991-ci ildə Azərbaycanın dövlət müstəqilliyi haqqında Konstitusiya Aktı qəbul ediləndən bir neçə gün sonra AzQAC da müstəqil fəaliyyətini elan edib. Yenidən təşkilatlanan AzQAC ilk gündən etibarən Azərbaycanın qarşılaşdığı ciddi problemlərin həlli istiqamətində fəal aparıb. Müstəqilliyimizin ilk illərində ölkədə mövcud olan çətinliklər, xüsusilə Ermənistanın hərbi təcavüzü nəticəsində yaranmış problemlərin aradan qaldırılmasında əsas rol oynayan qeyri-hökumət təşkilatlarından biri AzQAC idi.

AzQAC-ın bugünkü inkişaf mərhələsinə çatmasında dövlətin rolu xüsusi qeyd edilməlidir. Müstəqilliyin ilk illərində AzQAC öz missiyasını davam etdirsə də, cəmiyyətin heç bir hüquqi bazasının olmaması, beynəlxalq aləmdə tanınmaması, bütövlükdə ölkədəki gərgin vəziyyət onun inkişafı üçün böyük problemlər yaradırdı. Hətta müəyyən qüvvələr cəmiyyəti nüfuzdan salmağa çalışırdılar. Yalnız ümummilli lider Heydər Əliyevin xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonra AzQAC yeni inkişaf dövrünə qədəm qoyduqurumun fəaliyyətində yeni mərhələ başlandı. Məhz Heydər Əliyevin təşəbbüsü hələ 1994-cü ildə AzQAC milli qurum kimi dövlət tərəfindən tanındı. Bundan sonrakı dövrlərdə də ulu öndər AzQAC-ın Azərbaycan cəmiyyətinin ayrılmaz tərkib hissəsinə çevrilməsi, onun fəaliyyətinin təkmilləşdirilməsi, maddi-texniki bazasının gücləndirilməsi üçün diqqət və qayğısını əsirgəməyib. Heydər Əliyevin 12 mart 2003-cü il tarixində AzQAC-ın XX qurultayına təbrik məktubu ulu öndərin cəmiyyətimizin fəaliyyətinə verdiyi əvəzsiz qiymətdir. Təbrikdə deyilir: "Qızıl Aypara Cəmiyyəti bu gün öz qüvvələrini səfərbər edərək, müstəqil Azərbaycan Respublikası qarşısında duran vəzifələrin yerinə yetirilməsində yaxından iştirak edir. Ermənistanın respublikamıza qarşı yeritdiyi işğalçılıq siyasəti nəticəsində öz doğma yurdlarından didərgin düşmüş bir milyondan artıq qaçqın və məcburi köçkünlərin sosial-məişət problemlərinin həllində, əsir və girovların azad edilməsi və reabilitasiyasında Qızıl Aypara Cəmiyyətinin fəaliyyəti təqdirəlayiqdir".

 

MDB-də ən inkişaf etmiş və ən yaxşı təchiz olunmuş milli cəmiyyət

 

Hər bir sahədə ulu öndər Heydər Əliyevin siyasi xəttini layiqincə davam etdirən, zənginləşdirən Prezident İlham Əliyev bu müddətdə AzQAC-ın da fəaliyyətinə qayğı ilə yanaşıb. Məhz Azərbaycan Prezidenti, AzQAC-ın fəxri üzvü cənab İlham Əliyevin diqqət və qayğısı sayəsində AzQAC bu gün MDB ölkələrində ən inkişaf etmiş və ən yaxşı təchiz olunmuş milli cəmiyyətlərdən birinə çevrilib. Qürur hissi ilə qeyd etmək istərdim ki, cənab İlham Əliyevin prezident kimi fəaliyyətə başladığı ilk aylarda imzaladığı sərəncamlardan biri AzQAC-a dövlət qayğısının artırılması ilə bağlı olub.

2007-ci ildə "Azərbaycan Qızıl Aypara Cəmiyyəti haqqında" qanunun qəbulu cəmiyyətin statusunun, hüquqlarının və fəaliyyət istiqamətlərinin, dövlət və yerli özünüidarə orqanları ilə qarşılıqlı münasibətlərinin hüquqi əsaslarının müəyyən edilməsi baxımından mühüm addım oldu. Bu qanunun qəbulu da məhz Prezident İlham Əliyevin qanunvericilik təşəbbüsü nəticəsində mümkün oldu. Prezident İlham Əliyevin 7 aprel 2008-ci il tarixli sərəncamına əsasən isə, hər il martın 10-u Azərbaycanda Qızıl Aypara günü kimi qeyd olunur. Cəmiyyətin 85 və 90 illik yubileylərində bir qrup AzQAC üzvünün "Tərəqqi" medalı ilə təltif olunması fəaliyyətimizə verilən ali dəyər olmaqla, bizləri humanizm və xeyriyyəçilik kimi müqəddəs missiyamızı daha inamla həyata keçirməyimizə yüksək stimul verib.

2013-cü ilin mart ayında Prezident İlham Əliyevin AzQAC-ın XXIV Baş Məclisinə göndərdiyi məktubda cəmiyyətimizlə bağlı söylədiyi fikirlər əməyimizə verilən qiymətin göstəricisidir. "Respublikamızın müasir ictimaisosial həyatında Qızıl Aypara Cəmiyyəti özünəməxsus yer tutur, humanizmkönüllülük prinsiplərinə əsaslanaraq qayğıya ehtiyac duyan insanlara lazımi yardım göstərir"  deyən Prezident İlham Əliyev 2004-cü ildən bəri AzQAC-a dövlət qayğısının artırılması ilə bağlı beş sərəncam imzalayıb. Bu, fəaliyyətimizə diqqət və qayğının yüksək göstəricisi olmaqla, bizi işimizdə daha məsuliyyətli olmağa, ölkəmizə layiqincə xidmət etməyə sövq edir. 2010-cu ildə cəmiyyətin 90 illik yubileyinin dövlət səviyyəsində qeyd edilməsi də qurumun fəaliyyətinə verilən qiymətin əyani nümunəsidir.

Bu gün AzQAC Azərbaycanda 350 minədək üzvü, 20 minədək könüllüsü olan yeganə qeyri-hökumət təşkilatıdır. Hazırda cəmiyyətin 83 rayon bölməsi və 7 regional mərkəzi uğurla fəaliyyət göstərir. Beynəlxalq hərəkatı respublikamızda təmsil edən cəmiyyətin əsas məramı bəşəri fundamental prinsipləri rəhbər tutaraq müvafiq qanunvericilik çərçivəsində əhalinin aztəminatlı təbəqəsinə, münaqişə, təbii və texnogen fəlakətlər zamanı zərərçəkmişlərə təmənnasız ilkin tibbi-sosial, humanitar yardım və digər zəruri xidmətlərin göstərilməsindən ibarətdir.

Hər bir ictimai, siyasi fəaliyyətin dəyəri cəmiyyətə, insanlara nə dərəcədə səmərəli olması ilə ölçülür. Əgər bir təşkilatın məramı ehtiyacı olanlara, dara düşmüş, fövqəladə vəziyyətə düçar olmuş insanlara yardım göstərməkdirsə, deməli, həmin təsisat cəmiyyətdə ən arzuolunan qurum hesab edilə bilər. Bu baxımdan AzQAC ölkəmizdə məhz hamıya lazımlı və gərəkli təşkilatdır. Cəmiyyətimiz bundan sonra da Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara Hərəkatının tərkib hissəsi kimi öz müqəddəs missiyasını uğurla davam etdirəcək, müstəqil Azərbaycana layiqincə xidmət edəcək.

 

Novruzəli ASLANOV,

Azərbaycan Qızıl Aypara Cəmiyyətinin prezidenti, Milli Məclisin deputatı

Azərbaycan.-2014.- 8 may.- S.13.