Sevgili gözəl Şuşam,
dərdim, kədərim Şuşam
Şuşanın
işğalından 22 il ötür
Ağabəyim ağa Şuşa, Qarabağ həsrətilə yaşayırdı. Deyilənə görə, o, dünyasını dəyişəndə Qarabağda dəfn olunmasını vəsiyyət etmişdi. Qum şəhərindəki məzarlıqda dəfn olunan Ağabəyim ağanın cənazəsinin qalığını dayısı qızı Natəvanın uyuduğu imarətə köçürülməsi ölkədə böyük rəgbətlə qarşılanır.
Mirzə Xosrov müəllim şairə Natəvan barədə böyük məhəbbətlə danışırdı. O, dəfələrlə Natəvanı görmüş və onun dəfnində iştirak etmişdi.
Mirzə Xosrov müəllim deyərdi:
- Natəvan xanım-xatın qadın idi. Evdə təhsil alsa da, öz səcərəsinə uyğun davranırdı.
Bəzi mənbələrdə göstərilir ki, Natəvan 15 yaşında knyaz Xasay Usmiyevə ərə getmişdir. Bu versiya həqiqətə uyğun deyildir.
Keçən əsrin 50-ci illərində yaşlı şuşalılar xatırlayırdılar. Xurşudbanu anası Bədircahan bəyimlə birlikdə ata torpaqlarının müsadirə edilməsi ilə əlaqədar Qafqaz canişini M.S.Vorontsovun yanına - Tiflisə getmişdi. O, burada knyaz Xasay Usmiyevlə tanış olmuşdur. Bir çox mənbələrdə göstərildiyi kimi, Natəvanın 15 yaşında knyaza ərə getməsi fikri düz deyildir. O, ərə gedərkən 18-20 yaşlarında yetkin bir qız idi.
Natəvan qızların erkən ərə verilməsinin əleyhinə idi. Danışırdılar ki, Zarıslı kəndində 10 yaşlı bir qızı atası yaşda kişiyə ərə vermişdilər. Natəvan bu hadisəni rəncidə qarşılamış və qızın valideynlərini yanına çağıraraq məzəmmət etmişdi.
Bu bir həqiqətdir ki, şuşalılar, ümumiyyətlə qarabağlılar xan qızının knyaz Xasay Usmiyevə ərə getməsini normal qəbul etmir və ona, anası Bədircahan bəyimə soyuq münasibət bəsləyirdilər. Onlar bunu yaxşı duyur və yaxşı hiss edirdilər.
Knyaz ləyaqətli bir şəxs olsa da, Şuşada hamı onu ləzgi millətindən olan bir şəxs kimi tanıyırdı. Natəvan isə knyaz Xasay Usmiyevi çox sevirdi və rəsmi olaraq Usmiyeva soyadını qəbul etmişdi.
Natəvanın yaxın qohumları bu izdivaca düşmən münasibəti bəsləyirdilər. Məşhur şair Qasım bəy Zakir və onun nəvəsi şair Abdulla Asi Qarabaği Natəvana həcv yazmışdılar. Qasım bəy Zakirin və onun nəvəsi Abdulla Asinin bu hərəkətləri M.F.Axundova və S.Ə.Şirvaniyə xoş gəlməmiş və onlar Qasım bəy Zakirə məktub yazaraq Natəvandan əl çəkmələrini məsləhət görmüşdülər.
Xan qızı knyaz Xasay Usmiyevlə ailə qurduqdan sonra onların övladları gec olmuşdur. 1858-ci ildə Natəvan anası və Xasayla birlikdə Bibiheybət məscidinə gəlmiş və məscidə övladlarının olması üçün nəzir qoymuşlar.
Xan qızı məscidi ziyarət edərkən niyyət etmişdir: "Allah mənə övlad versə, məscidin ətrafındakı yollara daş döşətdirəcəyəm".
Elə olur ki, bir ildən sonra onların oğul övladları dünyaya gəlir və onun adını Mehdiqulu qoyurlar. Natəvan niyyətini həyata keçirir və məscidin ətrafındakı yollara daş döşətdirir.
Bakıda olarkən xan qızı böyük Fransa yazıçısı Aleksandr Düma ilə tanış olur.
Qarabağlıların və xüsusilə şuşalıların knyaz Usmiyevə münasibətləri çox soyuq və gərgin olmuşdur. Hamı ona "kor Xasay" deyirdi. Bu ləqəb knyaz Xasayın sağ gözündə ağ pərdənin olması ilə əlaqədar olmuşdur.
Həm Natəvan, həm də knyaz Xasay bu səbəblərə görə şuşalıların toy və yas mərasimlərində təsadüfi hallarda iştirak edirdilər.
33 yaşında vəfat etmiş, o vaxtlar məşhur şair kimi tanınan Qasım bəy Zakirin nəvəsi Abdulla bəy Asi Qarabaği öz yaxın qohumu Natəvanın o vaxtlar ləzgi kimi qələmə verilən knyaz Usmiyevə ərə getməsini heç cür həzm edə bilmirdi.
Hər addımbaşı knyaza söz atır və onu təhqir edirdi. Xasiyyətcə çılğın bir adam olan knyaz isə belə təhqirlərə mərdliklə dözürdü.
Yeri gəlmişkən qeyd etmək lazımdır ki, şuşalılar şairliyə lazım olan hər şeyi əxz etmiş Abdulla bəy Asini və Məşədi Əyyub Bakini çox sevirdilər. Onların hər ikisi gözəl qəzəllər yazırdı.
Mir Möhsün Nəvvabın təzkirəsində qeyd edilir ki, 1841-ci ildə doğulan və 1874-cü ildə vəfat edən Abdulla bəy Asi Qarabaği şux və incə zövqlü bir cavan idi. Farsca da savadı var idi. 1.400 şeir yazmışdı. O, tez-tez Nəvvabın yanına gedər və ondan məsləhət alardı. Asinin bacısı oğlu, maarifpərvər Məşədi Səməd bəy onun vəfatı ilə əlaqədar şeir də yazmışdı.
Şair Məşədi Əyyub Baki də cavankən rəhmətə getmiş, 25 yaşında dünyasını dəyişmişdi. Mir Möhsün Nəvvab Məşədi Əyyub Baki haqqında yazırdı: "O, zəif bədənli, xoşsurət, saf əhvallı, şən, zarafatcıl, xoşsöhbət bir cavandır. Bütün söz, söhbəti zarafatla doludur, azyaşlı olmasına baxmayaraq, ardıcıl, xoş nitqi, çətin və duzlu şeirləri və müxtəlif qəzəlləri var".
Məşədi Əyyub Baki ilə bağlı maraqlı bir epizodu yada salmaq istəyirəm.
Ustad xanəndə, Şərqdə muğam dəstgahlarını ifa edən ilk qadın sənətkar, səhnəmizin lirik Leylisi, respublikanın xalq artisti Sara xanım Qədimova bütün respublikada qəzəlxan kimi tanınırdı. Bir çox kişi xanəndələr çox vaxt Sara xanımdan qəzəl alır, əzbərləyir və ifa edirdilər. O, 500-dən çox qəzəl bilirdi.
Keçən əsrin 60-cı illərində ulu öndər Heydər Əliyevin iştirak etdiyi tədbirlərin birində Sara xanım "Segah" muğamında Məşədi Əyyub Bakinin aşağıdakı qəzəlini oxumuşdur:
Deyin o yara, edir aşiqin səfər, gəlsin,
Şikənci-əqrəb ara gizlənir qəmər, gəlsin.
Ölüm yetibdi, səba, az qalıb fədası olam,
Sölə ki, başımın üstə o didə tər gəlsin.
Gül üzlülər nə ki var, dövrəmə urub halə,
Gözəllər icrə o yarı gözüm gəzər, gəlsin.
Nə Kəbə, qiblə bilib, döndəribdilər üzümü,
O taği-qaşına, billah, üzüm dönər, gəlsin.
Şəhadətin yerinə adın əzbər eyləmişəm,
Təqafül eyləməsin vəqt kim, keçər, gəlsin.
Bu həsrət ölməyimə olmasın, deyin, razı,
Görüm üzünü, verim
can, yenə gedər, gəlsin.
Gərək məni öz əlilə bu gün məzara goya,
Şikəstə Baki ölür, eyləyin xəbər, gəlsin.
Sara xanım Azərbaycan
Tibbi İnstitutunda Zərifə xanımla bir qrupda oxumuşdur. Ona görə
də Əziz Əliyevin bütün ailə tədbirlərində
Sara xanım iştirak
edirdi. Ulu öndər Heydər
Əliyev buna görə Sara xanıma çox hörmət bəsləyirdi.
Heydər Əliyev qəzəlin kimin olduğunu soruşanda, Sara xanım Əyyub Baki haqqında ona məlumat vermişdi. Sara xanım
xatırlayırdı: "Mən şair Bakinin 25 yaşında vərəm xəstəliyindən
vəfat etdiyini deyəndə Heydər Əliyevin gözlərinin
yaşardığını hiss etdim".
Bu hadisədən 21 il keçmişdir. Heydər Əliyev Molla Pənah Vaqifin məqbərəsini açmaq
üçün Şuşaya
getməyə hazırlaşırdı.
O, Azərbaycan KP Mərkəzi
Komitəsinin katibi olan Kamran Bağırova
tapşırıq verir.
"Sara xanım Qədimovanı tapın,
1961-ci ildə onun ifa etdiyi Məşədi
Əyyub Bakinin qəzəlini alıb mənə verin".
Bu iş o vaxtlar Mərkəzi Komitədə
işləyən Xeyrulla
Əliyevə tapşırılmışdı.
Xeyrulla müəllim Sara xanımla
əlaqə saxlayıb,
Bakinin bu qəzəlini ondan almış və ulu öndərə vermişdir.
Sonralar mənə
danışdılar ki,
Heydər Əliyev bu qəzəli Şuşadakı tədbirlərin
birində əzbər
demiş və qarabağ şairlərindən
söhbət açmışdır.
Mətləbdən uzaqlaşmayaq. Natəvan xeyirxah bir qarabağlı qızı
idi. Yaşlı şuşalılar xatırlayırdılar ki,
o, kasıb-kusuba əl
tutur, kömək edirdi. Tez-tez ehsanlar verərdi.
Cənnət kimi bir bağ saldırmışdı.
Mirzə Xosrov Axundovun dediklərindən:
"Natəvan orta boylu, arıq, zəif, lakin gözəl bir qadın idi. Onda həkimlik qabiliyyəti də var idi.
Qohum-qonşu xəstə uşaqlarını
onun yanına gətirər, Natəvan isə türkəçarə
yolu ilə onları müalicə edərdi. Şuşaya su çəkdirməsi
Natəvanın şan-şöhrətini
xeyli artırmışdı.
Hətta
bəzi erməni varlıları buna görə Natəvana qısqanır və onlar da birləşib
Şuşanın ermənilər
yaşayan hissəsinə
su çəkdirmişdilər".
Şuşalılar Natəvanı böyük
məhəbbətlə sevirdilər. Gənc yaşlarından
Natəvanın həyatı
əzablı olmuşdur.
Knyaz Xasayın Şuşadan çıxıb getməsi,
onun faciəli ölümü, dedi-qodular,
əsassız söz-söhbətlər
şairi yorur, əldən salırdı.
O, tez-tez xəstələnirdi.
"Natəvan" təxəllüsü elə-belə,
təsadüfən seçilməmişdi.
17 yaşlı Mirabbas adlı oğlunun ölümü
anasını dəli-divanə
etmişdi. Natəvan
oğlunun vəfatı
ilə bağlı qəzəllərdə yazmışdı:
Varımdı sinədə dərdü
ğəmi-nihan, ölürəm,
Fəda olum sənə, gəl eylə imtəhan ölürəm.
Fəraqdən tükənib tabü
taqətim, billah,
Vüsalə yetməz əlim, zarü Natəvan, ölürəm.
Və yaxud:
Zəmanə saldı əcəb
möhnətü məlalə
məni,
O mahrudən uzaq verdi qəm
zəvalə məni.
Sən nə qədr dedim: Rəhm qıl mənə, getmə,
Gəl,
indi gör ki, fəraqın salıb nə halə məni!
Mir Möhsün Nəvvab
Natəvana qayğı
ilə yanaşırdı. Tez-tez onun
hal-əhvalını soruşardı.
Natəvanın Nəvvaba
aşağıdakı şeiri
minnətdarlıq hissi
ilə yazılmışdır:
Əya,
Nəvvab, valayi-süxəndan,
Yetişdi naməniz, dilşad oldum.
Qəmü dərdim firavan
idi, amma
Xərab olsam da gər,
abad oldum.
Unutma sən duadan Natəvanı,
Əlilü naxoşü əfsürdəcanı.
Cənabından səva yoxdur gümanı,
Əgər yaddan çıxam, bərbad oldum.
Böyük bəstəkarımız Üzeyir
Hacıbəylinin Xurşudbəyim
Nətavana böyük
hüsn-rəğbəti vardı. O, şairin
yaradıcılığını mükəmməl bilirdi. "Leyli və
Məcnun" operasının
sonuncu pərdəsində
Leylinin ölümü
səhnəsində aktyorun
ifa etməsi üçün Füzulinin
"Leyli və Məcnun" poemasında
bu səhnəyə uyğun şeir olmadığı üçün
hamı narahat idi. Ertəsi gün Üzeyir Hacıbəyli məşq
otağına gəlib,
sevincək deyir:
- Tapdım. Natəvanın
"Ölürəm" rədifli
qəzəli var. Leylinin
ölüm səhnəsinə
tamamilə uyğundur.
Həmin
qəzəli operaya daxil etmək olar.
Hələ Üzeyir bəyin
sağlığı dövründən
başlayaraq bugünədək
Leyli rolunun bütün ifaçıları
Leylinin ölüm səhnəsində Natəvanın
"Ölürəm" rədifli
qəzəlinin bir neçə sözünü
dəyişərək onu
oxumağa başladılar:
Vardı
sinəmdə dərdü-qəmi-nihan
ölürəm,
Fəda olum cənə, gəl eylə imtahan, ölürəm.
Bahari-hüsnün ara gör necə xəzanam mən,
Bahar laləsi
tək bağrım oldu qan, ölürəm.
Natəvan 65 yaşında vəfat etmişdir. Mirzə Xosrov Axundovun söhbətlərindən: "Natəvanın ölümü
bütün Qarabağı
silkələdi. Şuşalılar
tələb edirdilər
ki, şair Şuşa qəbiristanlığında
basdırılsın. Natəvanın qohum-əqrəbası isə
onun atasının yanında - Ağdamda, İmarətdə basdırılmasını
istəyirdilər. Baş
meydanda adam
əlindən tərpənmək
mümkün deyildi. Şuşanın ağsaqqalları
qərara aldılar:
"Natəvanın cənazəsi
Ağdamadək şuşalıların
çiynində getməlidir".
Belə də oldu. Natəvana Şuşanın çoxsaylı
məhəllələrində ehsan verildi.
Azərbaycan xalqı öz xeyirxah şair qızının xatirəsini
bu gün də əziz tutur.
Şuşa vətənimizin ən qədim şəhərlərindən
biridir. Vətənimizi, xalqımızı Şuşasız təsvir
etmək qeyri-mümkündür.
Hər bir azərbaycanlı Şuşanın tezliklə
alınacağına ümid
bəsləyir.
Allah eləsin, bu
ümid çin olsun.
Çingiz FƏRƏCOV,
"Qızıl
qələm" mükafatı laureatı
Azərbaycan.-2014.- 7 may.- S.13.