Azərbaycan Böyük Vətən
müharibəsi illərində
Faşist
Almaniyası üzərində qələbədən 69 il
keçir
1941-1945-ci illər İkinci Dünya müharibəsinin bəşəriyyətə vurduğu yaralar hələ də sağalmamış, yaddaşlardan silinməmişdir. İllər keçsə də, bu ölüm-dirim müharibəsi unudulmayacaq. Keçmiş SSRİ-nin elə bir ucqar məkanı olmamışdır ki, bu vahiməli və dəhşətli müharibə həmin yerlərə aclıq, səfalət, müsibət, ölüm və göz yaşları gətirməsin. O dövrdə Vətən anlayışı milliyyətindən, dilindən, yaşadığı yerindən asılı olmayaraq hər bir insan üçün əziz və müqəddəs idi. Bir sözlə, İkinci Dünya müharibəsi tarixdə xüsusi iz qoymuşdur.
Müharibə başlamazdan əvvəl Avropada törədilən hadisələr və bunun müqabilində SSRİ dövlətinin atdığı addımlar barədə yəqin ki, çoxlarının məlumatı var. Belə ki, Hitler Almaniyası heç bir müqavimətə rast gəlmədən Avropanın bir neçə ölkəsini zəbt etdikdən sonra 1938-ci ildə qəflətən Çexoslovakiyanı ələ keçirdi. Qarşıdakı təhlükəni dərk edən SSRİ dövləti 1939-cu ilin avqust ayında Adolf Hitlerlə "Hücumetməmək Paktı"nı imzaladı. Belə bir paktın etibarlı sayılması üçün potensial düşmən olan SSRİ-yə üstəlik 4,5 faizlə 200 min alman markası həcmində kredit vəsaiti də verildi. Həmin vəsaitə Almaniyadan avadanlıqlar, maşınlar və dəzgahlar alındı. SSRİ ilə Almaniya arasında müqavilənin imzalanmasından 7 gün sonra - 1939-cu il sentyabrın 1-də Hitler ordusu Polşaya hücum etdi.
Sentyabr ayının 17-də Sovetlər İttifaqı ukraynalıları və belorusları müdafiə bəhanəsi ilə Polşanın şimalına qoşun yeritdi və ölkənin şərq hissəsini tutdu (indiki Qərbi Ukrayna və Qərbi Belarus). Elə həmin il SSRİ və Latviya, Litva və Estoniya arasında əldə edilmiş razılığa əsasən bu ölkələrə sovet ordusunun azsaylı kontingenti yeridildi. 1940-cı ildə bu ölkələr öz parlamentlərinin qərarı ilə SSRİ-nin tərkibinə qatıldılar. Az sonra Sovetlər İttifaqı sovet-rumın razılaşması əsasında Bessarabiyanı tutdu və bu ərazi Moldova SSR elan olundu.
1941-ci il iyunun 22-də gecə saat 4-də Hitler Almaniyası xəbərdarlıqsız 190 diviziya, çoxsaylı hərbi texnika və təyyarələrlə SSRİ-yə hücuma keçdi. Hücum zamanı Qırmızı Ordunun dislokasiyası Almaniya ilə SSRİ arasındakı Pakt nəzərə alındığından, əsasən Qərb sərhədlərində yerləşdirilmişdi. Bu səbəbdən müharibənin ilk illərdə Hitlerə SSRİ üzərində üstünlük qazandırdı. Beləliklə, İkinci Dünya müharibəsi başlandı.
SSRİ-də yaşayan bütün millətlərin nümayəndələri Vətəni qorumaq üçün müdafiəyə qalxdılar. "Hər şey cəbhə üçün, hər şey qələbə üçün!" şüarı ilə hər kəs səfərbərliyə çağırıldı.
Araşdırmalar nəticəsində məlum olmuşdur ki, müttəfiq respublikalardan təkcə Azərbaycandan ön cəbhəyə 600.000 insan səfərbər olunmuşdur. Onlardan 300.000 nəfəri döyüşlərdə qəhrəmancasına həlak olmuş, 300.000 nəfəri isə geri qayıtmışdır.
SSRİ ilə faşist Almaniyası arasında gedən Böyük Vətən müharibəsi bəşəriyyəti lərzəyə və təlatüma salmışdı. Hər iki tərəfdə dəhşətli döyüşlər kütləvi insan tələfatı ilə nəticələnməklə şəhərlərin, kəndlərin, qəsəbələrin və körpülərin dağıdılmasına gətirib çıxarmışdır.
Tarixçilər müəyyən etmişlər ki, faşist Almaniyası SSRİ-yə qarşı müharibəyə başlayanda Qafqazın şimala gedən yolun körpüsü olmasını nəzərə alaraq, tərtib etdikləri planda ilk növbədə məqsədləri Qafqazı ələ keçirmək, Qroznı və Bakı neftinə sahib çıxmaq idi. Odur ki, düşmən əsas zərbəsini Qafqaza yönəltmişdi.
Çeçenistanda, Qabardin-Balkar Muxtar Sovet Sosialist Respublikasında, Karaçayevo-Çerkez diyarında, Kalmıkiyada və bəzi ərazilərdə faşistlərin nikbin qarşılanmaları xəbərləri Moskvaya çatanda sorğu-sual aparılmadan qısa müddətdə əhali Qazaxıstana və Sibirə köçürülmüşdür. O ağır illərdə Dağıstana rəhbərlik edən Azərbaycan xalqının mərd oğlu, dövlət xadimi Əziz Əliyevin təşkilatçılığı, uzaqgörənliyi sayəsində, aparılan siyasi təbliğat və təşviqat işləri nəticəsində Dağıstan xalqı ümumi düşmənə qarşı nifrətini ifadə edərək müharibəyə gedən könüllülərin sayını artırmış, bu da qara fikirləri alt-üst etmişdi.
Azərbaycan əhalisinin də Orta Asiyaya köçürülməsi Moskvanın gündəliyində olmuşdur. Bundan xəbər tutan Azərbaycan KP MK-nın birinci katibi Mir Cəfər Bağırov Stalinlə görüşmüş və onu inandırmışdır ki, Azərbaycan xalqı heç zaman Hitler Almaniyasına baş əyməyəcək, faşistlərin müqəddəs torpaqlarımızda ağalığına yol verməyəcəkdir.
SSRİ Ali Baş komandanlığının əmri ilə 1942-ci il fevralın 22-də 416-cı Azərbaycan atıcı diviziyası yaradıldı. Mir Cəfər Bağırov Şimali Qafqaza gələrək 416-cı, 223-cü Azərbaycan milli diviziyalarının əsgərləri ilə görüşdü, bu da doyüş ruhunu xeyli artırmış oldu.
Tarixçilərin yazdıqlarına görə, həmin illərdə azərbaycanlıların əksəriyyəti rus dilini bilmirdi. Şovinist rus komandirlərinin əmrini başa düşmədiklərindən bəziləri yerindəcə güllələnirdilər. Belə ciddi hallar ortaya çıxandan sonra rus komandirləri azərbaycanlı zabitlərlə əvəz olunmuş, milli əsgər və zabit heyətinin sayı artırılmışdır. 1942-ci ilin fevralından 416-cı atıcı diviziyanın ayrı-ayrı hissələri Ucar-Göyçay-Şəmkirdə yaradılmış, 223-cü diviziyanın səfərbərlik artımı isə Quba rayonunda aparılmışdır. Sonradan həmin diviziya 44-cü ordunun tərkibinə daxil edilərək Şimali Qafqaza - Xasavyurd rayonuna təlim-məşqə göndərilmişdir. Az sonra 402, 223, 227, 271, 77-cı atıcı diviziyaları təşkil edilmiş və onlar Krasnodar, İjorsk, Krım, Sevastopol uğrunda döyüşlərdə fərqlənmişlər.
416-cı diviziyanın qəhrəmancasına apardığı döyüşlər yüksək qiymətləndirilərək Taqanroq şəhərində və Ukraynanın Nikolayev vilayətinin Çernova kəndində muzeylər yaradılmış, memoriallar ucaldılmışdır.
Hitler komandanlığının planına görə, Qafqaz və Zaqafqaziya 1941-ci ilin beş ayı ərzində işğal olunmalı idi. Lakin düşmənin planı sovet qoşunlarının döyüş qəhrəmanlıqları sayəsində alt-üst edildi. Təkcə Qafqaza olan hücumda düşmən 100.000 nəfər əsgər və zabitini itirərək nə Qroznı, nə də Bakı neftinə sahib ola bildi.
Azərbaycan xalqı döyüş cəbhələrində, səngərlərdə, arxa cəbhədə fədakar əməyi ilə düşmən üzərində qələbə naminə misilsiz rəşadətlər göstərmişlər. Yüksək keyfiyyətli Bakı benzini, sürtkü yağları, silahlar, döyüş sursatı, mərmi və ərzaqla dolu eşelonlar gecə-gündüz, arası kəsilməyən axınla cəbhəyə yollanırdı. Analarımız öz əlləri ilə yundan toxuduqları isti corabları, quru meyvələri və təsəlli məktublarını cəbhəyə göndərirdi. Azərbaycan neftçiləri müharibənin 4 ili ərzində ölkəyə 75.000.000 ton neft vermişlər.
Böyük alim, akademik Yusif Məmmədəliyev SSRİ Müdafiə Nazirliyini yüksək keyfiyyətli aviabenzin ilə təmin edən komponent kəşf etmişdi. Dövlət Y.Məmmədəliyevin apardığı tədqiqatları layiqincə qiymətləndirərək 1944-cü ildə onu Lenin ordeni, 1946-cı ildə Stalin mükafatı ilə təltif etmişdir.
İkinci Dünya müharibəsindən söhbət açanda böyük sərkərdə, marşal, 4 dəfə Sovet İttifaqı Qəhrəmanı, 14 orden və 16 medal sahibi Georgi Konstantinoviç Jukovun xidmətlərindən danışmamaq, onu yada salmamaq ədalətsizlik olardı.
G.Jukov Böyük Vətən müharibəsində Azərbaycan xalqının xidmətlərindən bəhs edərək xatirələrində yazmışdır: "...Bakı neftçiləri cəbhəyə və ölkəyə Vətənimizin müdafiəsinə, düşmən üzərində qələbəyə kifayət qədər yüksək keyfiyyətli yanacaq vermişdir".
Adolf Hitler o zaman demişdir ki, Georgi Jukov "müharibənin
allahıdır".
Stalinin ölümündən sonra, 1954-cü ildə
hakimiyyətə gəlmiş N.Xruşşov ölkədə
siyasi partiyanın kursunu dəyişərək Jukovun tükənməz
nüfuzundan qısqanmış və onu müdafiə naziri vəzifəsindən
istefaya göndərmişdir.
Hitler komandanlığı SSRİ-yə qarşı
hücuma keçdikdən bir ay sonra - 18 iyul 1941-ci ildə
Leninqradı bombalamış və 900 gün mühasirədə
saxlamışdır. Bu dəhşətli müharibədə
qəhrəman Leninqrad əhalisinin başına gələn
müsibətlər yaddan çıxmır. Mühasirədə qalan bu şəhərə
yalnız Ladoqa gölü vasitəsilə buzun üstündən
ərzaq daşımaqla əhali yeməklə qismən təmin
olunmuşdur. 27 yanvar 1944-cü ildə düşmən
cəbhəsi yarılmış və böyük itkilərlə
Leninqrad azad edilmişdir.
O zaman
müharibənin gedişatı haqqında SSRİ-nin
İnformasiya Bürosunun elan etdiyi acılı-şirinli xəbərlər
Yuriy Borisoviç Levitan tərəfindən elan olunurdu. İ.Stalin Levitanın möhtəşəm, hər
kəsi valeh edən səsini eşidən gündən ona
heyran olmuş, nitqini yüksək qiymətləndirmişdir.
Levitan Sovet İttifaqının baş diktoru təyin
edilmişdi.
Müharibə
başlayan gündən Levitan bütün
çıxışlarını İ.Stalinin bu sözləri
ilə başlamışdır: "Biz haqq yolundayıq!
Düşmən darmadağın ediləcəkdir! Qələbə bizimlədir!"
Faşist Almaniyası diktor Levitanın və
yazıçı İlya Qriqoryeviç Erenburqun
çıxışlarını izləyirdi. Hitler rus dilini
başa düşməsə də, bu
çıxışlara böyük qəzəblə qulaq
asarmış və dərhal tərcüməçi tələb
edərmiş. İstədiyi o idi ki, Moskvanı alan kimi Levitanı dilindən, Erenburqu isə
yazan əlindən asdırsın...
Nəhayət,
8 May 1945-ci ildə axşam saatlarında Levitan bütün
sovetlər məkanına Almaniya üzərində qələbə
qazanıldığını ilk dəfə elan etmişdir:
"Danışır Moskva! Faşist Almaniyası
darmadağın edildi..."
Alman qoşunlarının artıq SSRİ ərazisindən
və eyni zamanda Avropa ölkələrindən qovulması
bayrama çevrilirdi. Düşmənin təslimolma ərəfəsində
Almaniyanın bölüşdürülməsi problemi ortaya
çıxmışdı.
12 fevral
1945-ci ildə SSRİ Silahlı Qüvvələrinin Ali
Baş Komandanı Stalin, ABŞ-ın Prezidenti Ruzvelt,
Böyük Britaniyanın Baş naziri U.Çörçil
Yalta Konfransında İkinci Dünya müharibəsinin taleyini
həll etmişlər. Bununla da 9 May 1945-ci ildə
faşist Almaniyası darmadağın edilmiş, SSRİ
dövləti bu müharibəni qələbə ilə
başa vurmuşdur.
Azərbaycanın
xalq şairi Səməd Vurğun qələbə münasibətilə
yazmışdır: "Yazılsın tarixə bir
qızıl xətlə, 45-ci ilin 9 May günü".
İllər
keçsə də, fəxrlə anırıq ki, Avropada Dnepr
çayını keçən, Karpatın qarlı dağ
silsiləsini aşan, Şərqi Prussiyaya qapı açan,
faşistləri öz yuvasında boğan,
diz çökdürən, Berlin üzərində qələbə
bayrağı ucaldan yenilməz qəhrəmanlar arasında
minlərlə azərbaycanlı döyüşçülər
də olmuşlar. Təbii ki, həmin həmyerlilərimizin
əksəriyyəti dünyalarını dəyişmişlər.
Lakin onların qəhrəmanlıq şücaətləri
xalqımızın qəlbində yaşayır və bundan
sonra da yaşayacaqır.
Azərbaycandan Böyük Vətən müharibəsində
iştirak edən on minlərlə döyüşçü
faşistlərlə vuruşlarda rəşadət və qəhrəmanlıq
nümunələri göstərdiklərinə görə
SSRİ-nin yüksək adları, rütbələri, orden və
medalları ilə təltif edilmişlər.
İki dəfə
Sovet İttifaqı Qəhrəmanı Həzi Aslanovun, Sovet
İttifaqı Qəhrəmanları - Mehdi Hüseynzadənin,
İsrafil Məmmədovun, Qafur Məmmədovun, Gəray
Əsədovun, Ziya Bünyadovun, Məmiş Abdullayevin, Səməd
Abdullayevin, Rixard Zorgenin, Müseyib Allahverdiyevin, İsmayıl
Bayramovun, Əvəz Verdiyevin, Aslan Vəzirovun, Mirzə Vəliyevin,
Abbas Quliyevin, Adil Quliyevin, Mehdi Quliyevin, Məhərrəm
Dadaşovun, Qəzənfər Əkbərovun, Məstan
Əliyevin, Şəmsulla Əliyevin, Cəmil Əhmədovun,
Səlahəddin Kazımovun, Məmməd Məhərrəmovun,
Məlik Məhərrəmovun, Əmi Məmmədovun, Məmməd
Məmmədovun, Xəlil Məmmədovun, Mərdan Musayevin, Bəkir
Mustafayevin, Əli Rzayevin, Nəcəfqulu Rəfiyevin, Fariz Səfərovun,
İdris Süleymanovun, Həbibulla Hüseynovun,
Ağaşirin Cəfərovun, Şirin Şükürovun,
Mikayıl Ələkbərovun, Mirzə Vəliyevin, Məmməd
Məhərrəmovun, Kərim Kərimovun, təyyarəçi
Hüseyn Əliyevin, general Heybət Heybətovun, süvari
generalı Yaqub Quliyevin, Səkinə Bayramovanın xatirələri
hər bir azərbaycanlı üçün əzizdir.
Eyni
zamanda müharibədən orden və medallarla
qayıtmış və hazırda aramızda olmayan Yuqoslaviya
və İtaliya partizan hərəkatının fəal
üzvü Mirdamət Seyidov, general Akim Abbasov, təyyarəçi,
tarix elmləri doktoru, professor Məzahir Abbasov, Fransa müqavimət
hərəkatının iştirakçısı Əhmədiyyə
Cabrayılov, haqqında "Döyüş yollarında"
əsəri yazılmış, Gəncə və Bakı
şəhərlərində milis idarələrinin rəisi
olmuş "223-cü Qırmızıbayraqlı Belqrad
atıcı diviziyası" hərbi memuarının müəllifi,
polkovnik Baxış Mehdiyev, siyasi və ictimai xadim
Hacıağa İbrahimov, tanınmış ictimai xadim
Əlövsət Baxışov,
Çingiz Həsənov, 416-cı Taqanroq
diviziyasının qəhrəman
döyüşçüsü Əbdül Zeynalov, polkovnik
Əlisəfa Bağırov, İmran Tağızadə, Məmmədqulu
Hüseynov, general Mustafa Nəsirov, baş ədliyyə
müşaviri Nurəddin Zeynalov, qadınlarımızdan
İrina Qədimova, Züleyxa Seyidməmmədova, arxa cəbhədə
fədakarlıq göstərmiş Zemfira Kərimova və
başqaları qədirbilən xalqımız tərəfindən
hər an anılır və onların adları həmişə
şərəflə çəkilir.
Arxa cəbhədə çalışanlardan Sosialist
Əməyi Qəhrəmanı Ömər Ağayevə uzun
ömür arzulayırıq.
Bu gün müharibədən qələbə ilə
qayıtmış 300.000 nəfərdən hazırda
yalnız 139 nəfəri yaşayır. 99 yaşlı akademik
İsmayıl İbrahimovun, 91 yaşlı Vera
İbrahimovanın, 91 yaşlı Fatma Səttərovanın,
91 yaşlı Seyfulla Baxışovun, 91 yaşlı
Mövsüm Heydərovun, 90 yaşlı Əmralı
Əmralıyevin, 92 yaşlı Aleksandr Qritçenkonun, 416-cı
Taqanroq diviziyasının əsgəri, 91 yaşlı
İsmayıl Qasımovun, 91 yaşlı Hüseyn Məmmədovun,
Naxçıvandan Bayram Həsənovun, dənizçilik sahəsində
rəhbər vəzifələrdə olmuş Kərim Məmmədovun,
Kalininqrad uğrunda döyüşlərdə iştirak
etmiş 89 yaşlı Adil Heydərovun, prokurorluq işçiləri - 88
yaşlı Faiq Allahverdiyevin, 92 yaşlı Nurəddin Cəfərovun,
90 yaşlı Eynal Əliyevin mərdlik və şücaətlə
dolu ömür yolları gənc nəslə ibrətamiz
nümunədir. Onlar xalqımızın ən əziz
övladlarıdır.
Hazırda respublikamızda, o cümlədən Bakı
şəhərində bütün kateqoriyalar üzrə
veteranların qeydiyyatı aparılır. Təkcə
Bakı şəhərində cəmi 83838 nəfər veteran
vardır. O cümlədən əmək veteranları
74465, silahlı qüvvələr üzrə 1191,
hüquq-mühafizə orqanları üzrə 637,
Əfqanıstan, Polşa, Macarıstan üzrə 630,
1941-1945-ci illərdə Böyük Vətən müharibəsi
veteranlarının sayı 139 nəfər, əlillərin
sayı 291 nəfər, hazırda 1941-1945-ci illərdə arxa
cəbhədə çalışmış veteranların
sayı 1985 nəfər -
kişilər 960, qadınlar 1025 nəfər təşkil
edir.
1941-1945-ci
illərdəki ölüm-dirim döyüşlərində
qəhrəmanlıq göstərən Sovet İttifaqı Qəhrəmanı
adına layiq görülmüş 128 nəfərdən 43 nəfəri
milli tərkibə görə azərbaycanlı olmuşlar.
İkinci Dünya müharibəsi qurtardıqdan sonra
SSRİ üzrə nə qədər insanın müharibəyə
səfərbərliyə alınması, nə qədər
insanın məhv edilməsi, əlil olması, əsir
düşməsi kimi məsələlər ictimaiyyəti
daim düşündürürdü. Müharibənin
gedişatında bu faktlar əhali arasında vahimələrin
yaranmaması xatirinə elan olunmurdu, dövlət sirri kimi
saxlanılırdı.
Fəqət İ.Stalinin ölümündən sonra
maraq doğuran məsələlər qismən də olsa
açılmışdır.
Tarixçilərin hesablanmalarına görə,
İkinci Dünya müharibəsində 110.000.000-dan çox
insan səfərbərliyə alınmışdır. 6.000.000 əsgər
əsir düşmüşdür. 50.000.000
insan həlak olmuşdur. 100.000 nəfər
əlil olmuşdur.
Adolf Hitler və onun komandasının təqsiri
üzündən müharibədə iştirak edən
ölkələr üzrə dəhşətli rəqəmlərlə
dolu xüsusi cədvəl hazırlanmışdır. Faşizm
dünyaya elə bir acı və nifrət doğuran məhrumiyyətlər
bəxş etmişdir ki, illər keçdikcə bu ağlagəlməz
hadisələr insanları yenə də dəhşətə
gətirir. Bu ölüm-dirim müharibəsində
20.000 fransız, 400.000 italyan, 325.000 amerikan, 364.000 çex və
slovak, 1.600.000 yuqoslaviyalı, 1.328.000
polyak, 9.700.000 alman, 300.000 ingilis, 20.000.000 sovet adamı məhv
edilmişdir. O zaman SSRİ-nin tərkibində olmuş Azərbaycan
da 300.000 vətəndaşının həyatını qurban
vermişdir.
Adolf Hitler və onun silahdaşlarının bəşəriyyət
tarixində törətdiyi ağlagəlməz cinayətlər
Beynəlxalq Hərbi Tribunal Məhkəməsi Kollegiyasının
Nyurnberq məhkəmə prosesində
araşdırılmışdır. Bu məhkəmədə
sovetlər ittifaqı adından dövlət ittihamı
SSRİ-nin Baş prokuroru, I dərəcəli həqiqi ədliyyə
müşaviri Roman Andreyeviç Rudenko tərəfindən
müdafiə olunmuşdur. Yeri gəlmişkən qeyd edək
ki, 1956-cı ildə Bakı şəhərinin Dzerjinski
(indiki Şəhriyar) klubunda Azərbaycan KP MK-nın birinci
katibi Mir Cəfər Bağırovun cinayət işinə
baxılarkən burada da dövlət ittihamı R.Rudenko tərəfindən
müdafiə edilmişdir.
R.Rudenko Beynəlxalq Hərbi Tribunalda faşizmin dünya
xalqlarına qarşı törətdikləri vəhşilikləri
tam ifşa etmişdir. R.A.Rudenkonun həmin məhkəmə prosesi haqqında
27 noyabr 1973-cü ildə SSRİ-nin Baş Prokurorluğunda
iştirakçısı olduğum prokurorluğun 50 illik
yubileyində söylədiyi xatirələr bu gün
xüsusi əhəmiyyət kəsb edir: "...1945-ci ilin
soyuq dekabr ayı idi. Xarabalığa
çevrilmiş Nyurnberq bəyaz qara
bürünmüşdü. Hərbi
geyimli müxtəlif millətlərin nümayəndələri
Nyurnberqdəki Beynəlxalq Tribunalın işini təlaşla
izləyirdilər. Bəşəriyyət
faşist cəlladlarına qanun əsasında layiqli cəza
verilməsini səbirsizliklə gözləyirdi. Ona görə də Hərbi Tribunalın işində
iştirak edən hər kəs böyük məsuliyyət
daşıyırdı.
Məhkəməyə 24 müttəhim cəlb
olunmuşdu. Lakin müttəhimlər kürsüsündə
yalnız 21 nəfər oturmuşdu. Müttəhimlərin
3 nəfəri sağalmaz xəstəliyə düçar
olmuşdu.
Dünyanın diqqətini cəlb edən bu vahiməli məhkəmə
iclasları 1945-ci ilin dekabrından 1947-ci ilin fevralına qədər
davam etdi. Bu vaxt ərzində məhkəmənin 403-dən
artıq iclaslarında 116 şahid dinlənilmiş, 143 ifadə
təqdim edilmişdi. 200 milyondan artıq sənəd
araşdırılmışdı. Cinayətlərin
törədilməsində nasist partiyası, ali
dövlət orqanları, SS dəstələri və başqa
cinayətkar qrupların olması təsdiq edildi.
Məhkəmədən sonra ittiham
çıxışındakı tələblərim nəzərə
alınmaqla 21 canidən 12 nəfəri ölüm,
qalanları isə müxtəlif növlü cəzalara məhkum
edildi. Ölüm cəzasına məhkum edilənlərin
11 nəfəri asıldı və sonra meyitləri
yandırılaraq külü hər yerə səpələndi.
Müharibə vaxtı Hitlerin Sovet İttifaqında
işğal etdiyi ərazilərə cavabdeh olan bir köməkçisi
var idi - Rozenberq. Tutulan zaman onda dəhşətli bir sənəd
tapılmışdı. Bu plan xarakterli sənədi
nəzərdən keçirəndə məlum oldu ki,
"30-35 milyon slavyan kişilikdən və qadınlıqdan məhrum
edilərək heyvan sifətilə Almaniyaya göndərilməlidir".
Məhkəmənin gedişində insan dərisindən
düzəldilmiş abajurlar, insan beynindən düzəldilmiş
sabunlar, saçlardan düzəldilmiş gəmi ipləri,
ayaqqabılar maddi sübut kimi baxışdan
keçirildi".
SSRİ Baş Prokurorunun xatirələri gələcək
nəsil üçün də öz əhəmiyyətini
saxlayacaqdır.
1949-cu ildə İ.V.Stalinin 70 illik yubileyi Moskvada qeyd edilərkən
əksər dünya ölkələrinin rəhbərləri
ona təbrik teleqramları və qiymətli hədiyyələr
göndərmişdilər. Bu hədiyyələr
indinin özündə də Stalinin doğulduğu Qoridəki
muzeyində saxlanılır.
Böyük Britaniyanın Baş naziri
Çörçil Moskvaya gələrək Stalini şəxsən
təbrik etmişdir. O, Stalinə çox yüksək qiymət verərək
demişdir: "...Stalin Rusiyanı xışla qəbul edib,
atom silahı ilə yola saldı. Rusiyaya böyük səadət
üz vermişdir ki, ağır illərdə onun hökumətinin
başında Stalin kimi böyük və sarsılmaz bir sərkərdə
dayanmışdı..." (Britaniya
"Soyuznik" jurnalı, 1959-cu il, ¹ 17, səh. 11).
Məşhur
yazıçı Mixail Şoloxov Stalinin ölümündən
sonra ortaya çıxan şəxsiyyətə pərəstiş
məsələsi üzrə öz fikrini belə ifadə
etmişdir: "...Bəli, həqiqətən şəxsiyyət
də vardı, pərəstiş də..." Sovet
İttifaqı marşalı Jukov Stalinə yüksək qiymət
verərək demişdir: "O, mümkün olmayan hər bir
işi, mümkün etmişdir".
Azərbaycan dövləti ta qədimdən hərb
tarixinə malik olduğu təqdirdə, bəzi dairələrdə
bu amil inkar edilmişdir. Lakin qədim tariximiz, İkinci Dünya
müharibəsində azərbaycanlıların göstərdikləri
qəhrəmanlıq nümunələri həmin
yanlış fikirləri alt-üst etmişdir. 1988-1990-cı illərin əvvəllərində Azərbaycan
parçalamaq təhlükəsi qarşısında idi.
Bu dövrün şahidi kimi gördük ki,
qara qüvvələrin təbliğatı əmin-amanlığı
pozur, ziyalıların, ağsaqqalların sözü
eşidilmir, respublikada hərc-mərclik hökm sürür.
Erməni millətçiləri Azərbaycan hakimiyyətində
olan boşluqdan istifadə edərək Qarabağ
torpaqlarımızı zəbt etdilər. Ölkə
daxilindəki toqquşmalar, vəzifə iddiasında olanlar elə
bir şərait yaratdılar ki, İkinci Dünya müharibəsində
iştirak etmiş adlı-sanlı insanlar, əfsanəvi
veteranlarımız təhqir olundular. Onlara
qarşı kobudluq, hörmətsizlik adət şəklini
almışdı. Müharibə veteranlarına
qarşı ittihamlar səslənirdi ki, "Siz müharibədə
başqa dövlətin maraqlarını qorumaq
üçün vuruşmusunuz..."
15 iyun 1993-cü ildə ulu öndər Heydər
Əliyev hakimiyyətə qayıdanda hamıdan əvvəl veteranlarımız
sevindi. Qısa müddətdə veteranlara qarşı
törədilən haqsızlıqlar, ədalətsizliklər
aradan qaldırıldı.
"Veteranlar
haqqında" Azərbaycan Respublikasının Qanunu Heydər
Əliyev tərəfindən 28 iyun 1994-cü il
tarixdə imzalandı. Bu qanunla müharibə, əmək,
silahlı qüvvələr, daxili işlər və milli təhlükəsizlik
orqanları veteranlarının statusu müəyyənləşdirildi.
"Veteranlar
haqqında" qanunun qüvvəyə minməsi ilə
bağlı ulu öndər Heydər Əliyev demişdir:
"...Azərbaycanın bütün ictimaiyyəti,
bütün Azərbaycan xalqı bilməlidir ki, İkinci
Dünya müharibəsinin, Böyük Vətən
müharibəsinin veteranları bizim ən əziz, ən
mötəbər insanlarımızdır. Onlara
qayğı göstərmək, hörmət etmək,
onların bütün problemlərini həll etmək bizim
dövlətin və hər bir dövlət orqanının, hər
bir namuslu Azərbaycan vətəndaşının
borcudur".
Heydər
Əliyev tərəfindən 1995-ci ildə imzalanan sərəncamla
9 may günü ölkəmizdə bayramlar sırasına
daxil edildi. Onun bu incə qəlbli, kövrək
insanlara qarşı olan isti münasibəti veteranlara yeni həyat
bəxş etdi.
Hazırda Azərbaycan Respublikası Veteranlar
Şurasına hörmətli general-mayor Dadaş Rzayev və
onun birinci müavini Surxay Tağızadə rəhbərlik
edirlər. Şura çalışır ki, hər bir veterana
qayğı və diqqət göstərilsin, onlar tənha
qalmasın, unudulmasın.
Prezident
İlham Əliyev hər il İkinci
Dünya müharibəsinin ildönümünü - 9 may
bayramını iftixar hissi ilə qeyd edir, xüsusi sərəncamlarla
Azərbaycan övladlarının xidmətlərini yüksək
qiymətləndirir. Cənab Prezident
Böyük Vətən müharibəsinin, eyni zamanda
Qarabağ müharibəsi veteranlarının nümayəndələrini
vaxtaşırı qəbul edir, onları dinləyir. Zəruri hallarda bu insanları mənzillə,
avtomobillə təmin edir. Ehtiyacı
olanlara maddi yardım göstərir.
Bu il də aprelin 30-da ölkə rəhbəri
1941-1945-ci illər Böyük Vətən müharibəsi əlilləri,
iştirakçıları, həlak olmuş və sonradan vəfat
etmiş döyüşçülərin dul arvadları,
arxa cəbhədə fədakarlıq göstərən şəxslərlə
bağlı üç sərəncam imzalamışdır.
Həmin sərəncamlarla bu şəxslərə birdəfəlik
yardımlar veriləcək, bəzi kateqoriyadan olan insanların sosial
müdafiəsini gücləndirmək və onlara dövlət
qayğısını artırmaq məqsədilə Prezident
təqaüdü artırılacaq və xüsusi avtonəqliyyatla
təmin ediləcəklər. Bu diqqət və
qayğıya görə ölkə Prezidentinə minnətdarlığımızı
bildiririk.
Müharibə veteranlarının bayramını təbrik
edirik. Dünyasını dəyişmiş veteranların
ruhu şad olsun, salamat qalanlara cansağlığı, xoş
həyat diləyirik.
Cahangir
NƏSİROV,
Azərbaycan
Respublikası Veteranlar Şurasında Müharibə, Əmək
və Silahlı Qüvvələr Təşkilatının Nəzarət
Təftiş Komissiyasının sədri, Azərbaycan
Respublikası Vəkillər Kollegiyasının üzvü,
prokurorluq orqanlarının fəxri işçisi, baş ədliyyə
müşaviri
Azərbaycan.-2014.- 8 may.- S.14.