Azərbaycan-İran dostluğunun
əbədiliyi naminə
Azərbaycan milli müstəqilliyini bərpa etdikdən sonra bir-birindən ağır çoxsaylı problemləri həll etməli oldu. Gənc dövlət tarix səhnəsinə daxil olar-olmaz Ermənistanın hərbi təcavüzü ilə üzləşmişdi. Digər tərəfdən də daxili siyasi-iqtisadi böhran get-gedə dərinləşirdi. Ölkə vətəndaş qarşıdurmasının girdabına yuvarlanırdı. Belə bir şəraitdə gənc dövlət həm varlığını qoruyub saxlamalı, həm də tənəzzülə son qoyub inkişaf yoluna çıxmalı idi. Təəssüf ki, milli müstəqilliyin ilk illərində ölkənin ovaxtkı rəhbərliyi bu vəzifələrin öhdəsindən gələ bilmədi.
Bacarıqlı dövlət xadimi, təcrübəlı siyasətçi Heydər Əliyevin hakimiyyətə qayıdışı ilə vəziyyət tamamilə dəyişdi.
Dövlətin yeni rəhbərinin səyləri ilə qısa müddətdə daxili siyasi sabitlik bərqərar oldu və müasir cəmiyyət quruculuğu prosesi start götürdü, eyni zamanda müstəqil Azərbaycanın beynəlxalq münasibətlər sisteminə qoşulması, dünya birliyində layiqli yer tutması istiqamətində gərgin iş başladı. Respublika Prezidenti Heydər Əliyev dövlətin xarici siyasət xəttini müəyyənləşdirərkən qonşu ölkələrlə münasibətlərə xüsusi əhəmiyyət verirdi. Belə ölkələrdən biri də milli müstəqilliyimizi tanıyan ilk dövlətlərdən biri olan İrandır. İran İslam Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Möhsün Pakayinin "Heydər Əliyev və İranla daimi dostluğa əsaslanan baxış" kitabında (Bakı, "Xəzər" Universiteti Nəşriyyatı, 2014) yeni dövrdə iki qonşu ölkə arasında dostluq münasibətlərinin yaradılmasında Azərbaycan xalqının ümummilli liderinin əvəzsiz xidmətlərindən bəhs edilir.
Kitabda haqlı olaraq vurğulanır ki, Azərbaycan və İran xalqları müştərək tarix, ortaq mədəni-dini dəyərlər baxımından bir-birinə yaxın olan az-az xalqlardandır. Sovet dövründə iki ölkənin sərhədindən keçən Araz çayı dostluq və yaxınlıq rəmzi olmaq əvəzinə iki xalq arasında başlıca maneə idi. Keçmiş sovet imperiyası dağıldıqdan və Azərbaycan müstəqilliyini elan etdikdən sonra Arazın hər iki sahilində vüsal nəğməsi oxundu, hər iki ölkədə yaşayan xalqların ürəkləri bir-birinə qovuşdu...
Müəllif Azərbaycan-İran dövlətlərarası münasibətlərinin yeni tarixini araşdırarkən Heydər Əliyevin 1990-1993-cü illərdə Naxçıvan Muxtar Respublikasına rəhbərlik edərkən görduyü işlərə xüsusi diqqət yetirir. Bu da təbiidir. Çünki Azərbaycanla İran arasında ikitərəfli əlaqələrin təməli elə o vaxt qoyulmuşdu. Məlum olduğu kimi, həmin dövrdə Ermənistanın təcavüzkar siyasəti nəticəsində Naxçıvan blokadaya düşmüş, muxtar respublikanın Azərbaycanla quru əlaqəsi kəsilmişdi. Naxçıvan blokadanın məhrumiyyətləri ilə üz-üzə qalmışdı. Belə bir ağır vəziyyətdə İran köməyə gəldi. Heydər Əliyev qonşu ölkənin rəhbərləri ilə sıx təmasa keçdi, nəticədə Naxçıvanı blokadadan çıxarmaq, əhalinin elektrik enerjisi və qida ehtiyaclarını təmin etmək mümkün oldu. Ulu öndər sonralar o günləri xatırlayaraq deyirdi: "Çox ağır vəziyyətdə yaşayırdıq. Bir tərəfdən Ermənistanla müharibə gedirdi, Ermənistan-Azərbaycan sərhədlərində atışma gedirdi, orada müharibənin qarşısını almaq lazım idi. Bir tərəfdən də insanları yaşatmaq lazım idi. Mən heç vaxt unutmaram ki, İran o zaman bizə çox kömək etdi".
Ermənistanın hərbi təcavüzünün davam etdiyi sonrakı illərdə də İran Azərbaycana yardımını əsirgəməmiş, yurd-yuvasını tərk etmək məcburiyyətində qalmış həmvətənlərimizə yardım əli uzatmış, eləcə də beynəlxalq təşkilatlarda haqq işimizi müdafiə etmiş, ölkəmizin ərazi bütövlüyünün qorunub saxlanmasına daim dəstək vermişdir. İranın Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə münasibətdə tutduğu bu prinsipial mövqe rəsmi Bakı tərəfindən həmişə minnətdarlıqla qarşılanmışdır.
Heydər Əliyev prezident seçilib ölkəyə rəhbərlik etməyə başladıqdan sonra Azərbaycan-İran əlaqələri keyfiyyətcə yeni mərhələyə qədəm qoydu. Müəlllifin qeyd etdiyi kimi, coğrafi yaxınlıq, tarixi-mədəni bağlılıq, geniş ticarət potensialı və nəqliyyat şəbəkəsi ikitərəfli əməkdaşlığı strateji tərəfdaşlıq səviyyəsinə yüksəltməyə imkan verirdi. Həm Azərbaycan, həm də İran bu böyük potensialı hərəkətə gətirməkdə son dərəcə maraqlı idi. "Heydər Əliyev və İranla daimi dostluğa əsaslanan baxış" kitabında iki ölkə arasında müxtəlif sahələrdə qarşılıqlı faydalı əlaqələrin yaradılmasından, ümummilli liderin bu işə verdiyi böyük töhfədən ətraflı söhbət açılır. Müəllif yazır ki, cənab Heydər Əliyevin maraq dairəsində olan mövzulardan biri də energetika sahəsində İran İslam Respublıkası ilə əməkdaşlıq idi. Ötən əsrin 90-cı illərində Azərbaycan dünyanın aparıcı şirkətləri ilə birlikdə Xəzərin özünə aid sektorunda karbohidrogen ehtiyatlarını istismar etməyə başladı. Həm region, həm də dünya iqtisadiyyatı üçün böyük əhəmiyyət kəsb edən neft-qaz layihələrinə maraq göstərən ölkələr çox idi. Neft sənayesində zəngin təcrübəyə malik olan İran da onların arasında idi. Amma o vaxt qonşu ölkənin bu layihələrdə iştirakını istəməyən xarici dairələr də vardı. Məhz Heydər Əliyevin səyi ilə İran Dövlət Neft Şirkəti 4 iyul 1996-cı ildə "Şahdəniz" qaz-kondensat yatağının birgə istismarı haqqında beynəlxalq konsorsiumla müqavilə bağladı və layihənin tamhüquqlu iştirakçısı oldu. Bu, iki qonşu və dost ölkə arasında qarşılıqlı faydalı əməkdaşlığın genişləndirilməsi üçün zəmin yaratdı.
Əlbəttə, Azərbaycan-İran əlaqələri təkcə enerji sektoru ilə məhdudlaşmır. Müəllif ikitərəfli əməkdaşlığın digər sahələrinə (ticarət, turizm, mədəniyyət, incəsənət və s.) də toxunur, ümummilli liderin ikitərəfli əlaqələri irəli aparmaq məqsədilə atdığı addımları geniş təhlil edir. Bütövlükdə "Heydər Əliyev və İranla daimi dostluğa əsaslanan baxış" kitabı Azərbaycan-İran dostluğunun əbədi olması ideyasının müdafiəçisi kimi ulu öndərin çoxcəhətli siyasi fəaliyyətinin mühüm bir hissəsini işıqlandıran tədqiqat kimi təqdirəlayiqdir.
Azərbaycan.-2014.- 8 may.- S.15.