Bakıda “Qız qalası” Beşinci
Beynəlxalq incəsənət festivalı
başlamışdır
Mayın
7-də İçərişəhərdə - Qız
qalasının qarşısındakı meydanda “Qız
qalası” Beşinci Beynəlxalq incəsənət
festivalı başlamışdır.
AzərTAc
xəbər verir ki, festival Heydər Əliyev Fondunun təşəbbüsü
və xüsusi dəstəyi, IDEA (Ətraf Mühitin
Mühafizəsi Naminə Beynəlxalq Dialoq) İctimai Birliyi,
Müasir İncəsənət Muzeyi və “Qız Qalası”
İncəsənət Qalereyasının birgə təşkilatçılığı
ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti
yanında “İçərişəhər” Dövlət
Tarix-Memarlıq Qoruğu İdarəsi tərəfindən
keçirilir.
2010-cu
ildə başlanan, üç il ardıcıl Azərbaycanın
paytaxtında, bir dəfə isə Fransanın Kann şəhərində
keçirilən “Qız qalası” Beynəlxalq incəsənət
festivalının bu il beşincisi gerçəkləşdirilir.
Ənənəvi
olaraq ümummilli liderimiz Heydər Əliyevin doğum
günü ərəfəsində keçirilən
festivalın əsas məqsədi dünyanın müxtəlif
yerlərindən gələn rəssamlar vasitəsilə Azərbaycan
mədəniyyəti və incəsənətinin
tanıdılması, eləcə də Bakının rəmzi
olan Qız qalasının dünyada təbliğinə
töhfə verməkdir.
Azərbaycan
memarlığının incisi, xalqımızın zəngin
mədəniyyətinin və beynəlxalq tarixi irsin nümunələrindən
biri olan Qız qalası həm də mədəniyyətlərarası
dialoqun zənginləşdirilməsinə xidmət edən əhəmiyyətli
vasitədir.
Mayın
9-dək davam edəcək builki festivalda dünyanın 27
ölkəsindən 29 tanınmış rəssam iştirak
edir.
Festivalda
rəssamlar Qız qalasının maketlərini öz milli
üslublarında bəzəyərək fərqli mədəniyyət
və adət-ənənələrin sintezini və
qarşılıqlı mübadiləsini əks etdirən əsərlər
yaradırlar. Hər biri özünəməxsus və fərqli
üslubda olan bu nadir müəllif işləri
dünyanın müxtəlif ölkələrində
nümayiş etdirilərək, Qız qalasının təbliğində
əhəmiyyətli vasitəyə çevrilir.
Festivalın
təşkilatçıları diqqəti həm də ətraf
mühitin mühafizəsi məsələsinə cəlb etməyə
qərar vermişlər. Nəsli kəsilməkdə olan
“Qafqaz beşliyi”nin simvolu kimi seçilmiş ceyran maketləri
hazırlanaraq rəssamlar tərəfindən xüsusi rəsm
üslubu və dekorasiya ilə bəzədilir.
Festivalın
konseptual xəyal sərhədləri hər il yeni tematik
komponentin əlavə edilməsi sayəsində genişləndirilir.
Bu il Bakıda festival çərçivəsində
dünyada küçə incəsənətinin (street art) ən
populyar növlərindən biri olan 3D rəsmlərin təqdim
edilməsi planlaşdırılır. Üç
ölçülü optik illüziyanın köməyi ilə
yaranan müəyyən nəzər nöqtəsi Qız
qalasının zirvəsinə qalxmaq, qədim şəhərin
meydanına açılan məftunedici mənzərəni
seyr etmək imkanı yaradır.
Sonda
bənzərsiz sənət əsərlərinə
çevrilən Qız qalası maketləri əvvəlcə
Bakı sakinləri və şəhərimizin qonaqları
üçün İçərişəhərdə, daha
sonra isə müxtəlif ölkələrdə sərgilənir,
ölkəmizi, onun tarixini və mədəniyyətini təmsil
edir.
Azərbaycan.-2014.- 8 may.- S.15.