Azərbaycan Xarici İşlər Nazirliyi
ilə Honduras
Xarici İşlər və Beynəlxalq Əməkdaşlıq
Nazirliyi
arasında siyasi məsləhətləşmələr
mexanizminin
yaradılması haqqında protokol
imzalanmışdır
Mayın 8-də Azərbaycan
Respublikasının xarici işlər naziri Elmar Məmmədyarov
Honduras Respublikasının xarici işlər və beynəlxalq
əməkdaşlıq naziri xanım Mireya Aquero de Korralesin
başçılıq etdiyi nümayəndə heyəti ilə
görüşmüşdür.
AzərTAc xəbər
verir ki, görüşdə
Azərbaycan Respublikası Xarici
İşlər Nazirliyi ilə Honduras Respublikası Xarici
İşlər və Beynəlxalq Əməkdaşlıq Nazirliyi arasında siyasi məsləhətləşmələr
mexanizminin yaradılması haqqında protokol imzalanmışdır.
Sonra nazirlər mətbuat konfransı
keçirmişlər.
Elmar Məmmədyarov bildirmişdir
ki, görüşdə ölkələrimiz
arasında müxtəlif sahələrdə əməkdaşlığın
genişləndirilməsi ilə bağlı fikir
mübadiləsi aparılmışdır. O, Azərbaycanın
Honduras və digər Mərkəzi Amerika ölkələri ilə əlaqələrinin
inkişafında yeni səhifənin
açıldığını diqqətə
çatdırmışdır.
Elmar Məmmədyarov Mireya
Aquero de Korralesə
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ
münaqişəsinin nizamlanmasına dair
ölkəmizin mövqeyi barədə də
məlumat verdiyini söyləmişdir. O,
Hondurasın bu problemin
həlli ilə bağlı mövqeyinin dəyişməz
olduğunu bildirmişdir.
Mireya Aquero de Korrales Hondurasın Azərbaycan
ilə əlaqələrin inkişafında maraqlı olduğunu, müxtəlif sahələrdə əməkdaşlığın
genişləndirilməsi üçün
kifayət qədər potensialın mövcudluğunu
qeyd etmişdir. O demişdir ki, indiyədək
hər iki ölkə beynəlxalq təşkilatlarda
əməkdaşlıq edirdi. Lakin indi birbaşa
əlaqələr qurmaq üçün
iş planı tərtib edilmişdir.
“Hazırda ölkələrimiz arasında ikitərəfli
faydalı əməkdaşlıq inkişaf
edir. Hesab edirik ki, münasibətlər
çox əhəmiyyətli müstəviyə
keçə bilər. Biz Azərbaycanın
Latın Amerikasındakı mövqeyini
yüksək qiymətləndiririk. Münasibətlərin necə
vacib və faydalı olduğunu
görürük. İki
ölkə arasında maliyyə, neft-qaz, infrastruktur, sərmayələrin qoyulması və
digər sahələrdə əməkdaşlıq müzakirə
olunmuşdur”, - deyə honduraslı nazir bildirmişdir.
Mireya Aquero de Korrales Dağlıq Qarabağ münaqişəsi ilə
bağlı demişdir ki,
ölkəsi bu problemin
həllində Azərbaycanın mövqeyini
dəstəkləyir. Münaqişə Azərbaycanın ərazi
bütövlüyü çərçivəsində
və BMT-nin müvafiq
qətnamələri əsasında həll edilməlidir.
Honduraslı nazir beynəlxalq birliyin bu işğala,
zəbt edilmiş ərazilərdən köçürülmüş insanların
vəziyyətinə reaksiya verməsinin zəruriliyini
vurğulamışdır.
Azərbaycan.- 2014.- 9 may.- S.1.