Ümummilli lider Heydər Əliyevin anadan
olmasının 91-ci ildönümünə və Heydər
Əliyev Fondunun yaradılmasının 10 illiyinə həsr
olunmuş təntənəli mərasim keçirilmişdir
Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın çıxışı
- Hörmətli
cənab Prezident.
Hörmətli xanımlar və cənablar.
Əziz qonaqlar.
Bu yubiley gecəsində sizin hamınızı səmimi
qəlbdən salamlayıram.
Bu gün
biz Heydər Əliyev Fondunun yubileyinə
toplaşmışıq və hər şeydən öncə,
cənab Prezident, Heydər Əliyev Fondunun bütün əməkdaşları
adından bizim fəaliyyətimizə verdiyiniz yüksək
qiymətə görə Sizə öz dərin minnətdarlığımı
bildirirəm.
On il bundan əvvəl – 2004-cü il mayın 10-da
Heydər Əliyev Fondu öz fəaliyyətinə
başladı. Fond müasir Azərbaycan dövlətçiliyinin
əsaslarını qoymuş, müstəqil Azərbaycanın
siyasi, iqtisadi və mənəvi dirçəlişini təmin
etmiş şəxsin adını daşıyır. Biz fəaliyyətimizin ilk günündən
atdığımız addımlarla, gördüyümüz
işlərlə bu yüksək ada layiq olmağa
çalışmışıq. On il
ərzində biz xeyli nailiyyətlər əldə etmişik.
Bizim ən böyük nailiyyətimiz və
uğurumuz Azərbaycan xalqının inamını və
etimadını qazanmağımızdır. Bu, əvəzsiz bir mükafatdır.
Biz diqqətimizi ölkəmizdə həllini tapmayan
problemlərin aradan qaldırılmasına yönəltdik. Biz Azərbaycanda
çoxəsrlik köklərə malik olan xeyriyyəçilik
və mərhəmət ənənələrinə
arxalanaraq, köməyə ehtiyacı olan hər kəsin
yanında olmağa çalışdıq. Biz valideyn himayəsindən məhrum olan uşaqlara,
qocalara, qaçqın və məcburi köçkünlərə,
müxtəlif xəstəliklərdən əzab çəkən
insanlara qayğı göstərməyi, onlara mənəvi
dayaq olmağı prioritet məsələ kimi daim diqqət mərkəzində
saxladıq. Ölkəmizdə mövcud olan uşaq evləri
və internat məktəblərini tamamilə yenidən qurub
onlarda ailə mühitinin formalaşdırılması, fiziki
qüsurlu insanların cəmiyyətə qovuşmaları
üçün normal şəraitin yaradılması,
uşaq evlərini tərk edən gənclər
üçün yaşayış binaları, qaçqın
və məcburi köçkün ailələri
üçün yaşayış massivlərinin inşa
olunması sübut etdi ki, belə insanlara qayğı, belə
insanlara kömək bizim fəaliyyətimizin əsas amillərindən
biridir.
Əziz
qonaqlar, bir az əvvəl siz Fondun fəaliyyəti
haqqında filmə baxdınız. Doğrudan da
filmi hazırlayarkən biz müəyyən çətinliklərlə
üzləşdik. Çünki bu 10 il ərzində
Fond tərəfindən icra olunan layihələr, proqramlar
ölkəmizin həyatının bir çox sahələrini
əhatə edir və əldə olunan nəticələr o qədər
genişdir ki, qısa bir filmdə görülən
bütün işləri əks etdirmək o qədər də
asan deyildi.
Fond tərəfindən
icra olunan irimiqyaslı layihələr – “Yeniləşən Azərbaycana
yeni məktəb”, “Uşaq evləri və internat məktəblərinin
inkişafı”, “Təhsilə dəstək”, “Diabetli
uşaqlara ən yüksək qayğı”, “Talassemiyasız həyat
naminə”, “Xocalıya ədalət”, “Azərbaycan həqiqətlərinin
dünyaya çatdırılması”, “Tolerantlığın
ünvanı Azərbaycan” və s. Bütün bu layihələrin
nəticələrini biz bu gün görürük və əslində
görülən bütün bu işlər Azərbaycanın
ümumi inkişaf strategiyasının tərkib hissəsinə
çevrilib.
Siz, cənab
Prezident, tamamilə düz qeyd etdiniz və bu, bizi şad edir
ki, çox hallarda Fond tərəfindən start verilən layihələr,
Fondun təşəbbüsləri sonradan dövlət tərəfindən
dəstəklənir və ölkədə daha geniş bir
şəkildə icra olunur. 2005-ci ildə Fond
“Yeniləşən Azərbaycana yeni məktəb” layihəsini
başladı və bu layihə çərçivəsində
Fondun dəstəyi ilə ölkəmizdə 412 yeni məktəb
inşa olundu. Sonradan bu proqramı dövlət
dəstəklədi və ölkəmizdə 3 mindən
artıq məktəb təmir olundu və yaxud yenidən
quruldu.
Bir
neçə il bundan əvvəl ölkəmizdə genetik xəstəliklərin
yayılmasının qarşısını almaq
üçün Fond tərəfindən “Talassemiyasız həyat
naminə” proqramına başladıq və bu proqram çərçivəsində
paytaxtımızda regionun ən böyük Talassemiya Mərkəzini
inşa etdik. Bu gün bu xəstəliklərlə
mübarizə üçün dövlət tərəfindən
xüsusi proqram hazırlanır.
Bizim fəaliyyətimizin digər çox vacib istiqaməti
Azərbaycanın zəngin tarixi və mədəni irsinin
qorunub saxlanması, təbliğ edilməsi və dünya
ictimaiyyətinə tanıdılmasıdır. Fondun dəstəyi
ilə Azərbaycanın müxtəlif regionlarında onlarla
tarixi-memarlıq, dini abidələr bərpa olunub. Bakıda məscidlər, kilsələr, sinaqoqlar təmir
və bərpa olunub. Məhz Fondun təşəbbüsü
ilə paytaxtımızda Beynəlxalq Muğam Mərkəzi
inşa olunub və hər il muğam
müsabiqəsi keçirilir. Qəbələ
Beynəlxalq musiqi festivalı, Rostropoviç və
Şostakoviç festivalları artıq ənənəvi
şəkildə keçirilir və öz
auditoriyasını qazanıb. Azərbaycanın
qədim xalçaçılıq sənəti artıq
UNESCO-nun Ümumbəşəri Mədəni İrs
Siyahısına daxil edilib və bizim xalçalar
dünyanın ən məşhur muzeylərində
nümayiş olunur.
Biz
dünyanın müxtəlif ölkələrində Azərbaycan
günləri və Azərbaycan gecələri keçirməklə
Azərbaycanın keçmişini, Azərbaycanın tarixini,
mədəniyyətini, bu gününü, müstəqil Azərbaycanın
nailiyyətlərini, ölkəmizdə hökm sürən
tolerantlıq və dözümlülük ab-havasını
bütün dünyaya göstərmək, bütün
dünyaya tanıtmaq istəyirik. Belə
görüşlərdə insanlar Azərbaycanı özləri
üçün yenidən kəşf edirlər. Dünyanın ən möhtəşəm
zallarında qədim Azərbaycan muğamı səslənir
və sərgilərdə müasir Azərbaycanın
müasir incəsənət xadimlərinin əsərləri
ilə tarixi artefaktlar birgə nümayiş olunur.
Eyni zamanda, biz hər bir xalqın mədəni irsini
ümumbəşəri dəyər kimi qəbul edirik. Bu irsin
qorunmasına Azərbaycandan kənarda da öz töhfəmizi
veririk. Heydər Əliyev Fondunun dəstəyi
ilə Strasburq Kafedral kilsəsinin vitrajları, Versal
sarayındakı abidələr, Fransanın müxtəlif
regionlarında yerləşən kilsələr, Berlin qəsri,
Roma katakombaları, Vatikan kitabxanasında saxlanılan dəyərli
foliantlar bərpa olunur.
Bu 10 il ərzində biz fəaliyyətimizi
genişləndirərək bir sıra çox nüfuzlu beynəlxalq
təşkilatlarla əməkdaşlıq qurmuşuq, birgə
layihələr icra etmişik. Bizim tərəfdaşlarımız
arasında UNESCO, İSESCO, UNİCEF, BMT İnkişaf Fondu
kimi nüfuzlu beynəlxalq qurumlar vardır. Fondun Rusiya,
Türkiyə, Rumıniya, Amerika Birləşmiş
Ştatlarındakı nümayəndəlikləri çox
uğurla fəaliyyət göstərir.
Çox sevindirici haldır ki, son zamanlar Azərbaycan gəncləri
Fondun təşəbbüslərinə çox geniş
şəkildə qatılır. Ətraf mühitin qorunması
sahəsində Fond tərəfindən hazırlanan proqramlar,
təşəbbüslər artıq ölkəmizdə yeni
bir gənclər hərəkatına çevrilib və IDEA
kampaniyası çərçivəsində Azərbaycanda 3
milyondan çox ağac əkilib.
Eyni zamanda, biz ölkəmizin ən ağrılı
problemi olan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ
münaqişəsinin həqiqətlərini dünya ictimaiyyətinə
çatdırırıq. Hər il Fond
müxtəlif dillərdə yüzlərlə nəşrlər
hazırlayır, onu bütün dünyaya yayır. Biz bu gün “Xocalıya ədalət!”
kampaniyasının müsbət nəticələrini
görürük.
Bir
sözlə, əziz qonaqlar, 10 il ərzində
görülən işlərin sayı çoxdur. Əldə edilən nəticələr də
çox gözəldir. Bizim Fondun əməkdaşlarını
birləşdirən amillər çox sadədir. Bu, vətənpərvərlik, mərhəmət,
insansevərlik, doğma xalqımıza və ölkəmizə
xidmət etməkdir. Bu gün mən fürsətdən
istifadə edərək, Fondun bütün əməkdaşlarına,
bizim komandamıza bu 10 il ərzində
göstərdikləri işgüzarlıq, peşəkarlıq,
insansevərlik, vətənpərvərlik keyfiyyətlərinə
görə dərin minnətdarlığımı bildirirəm.
Bizimlə əməkdaşlıq quran, bizi dəstəkləyən,
bizə kömək edən hər bir quruma, hər bir təşkilata,
hər bir insana bu gün mən öz dərin minnətdarlığımı
bildirirəm.
Qarşıda bizi yeni çağırışlar, yeni
hədəflər, yeni qələbələr gözləyir
və mən əminəm ki, biz bütün çətinliklərin
öhdəsindən birgə gələrək yeni nailiyyətlərə
imza atacağıq.
Bir daha bu axşam bizimlə olduğunuza görə sizə
öz dərin minnətdarlığımı bildirirəm. Çox sağ
olun. Sizə xoş axşam arzulayıram.
X X X
Sonra Heydər
Əliyev Fondu tərəfindən təsis edilmiş
“Qızıl çinar” beynəlxalq mükafatının
2014-cü il qalibləri elan olundu.
Azərbaycanın
musiqi mədəniyyətinin təbliğində fəal
iştirakına görə dirijor, Qara Qarayev adına
Dövlət kamera orkestrinin bədii rəhbəri, Xalq Artisti
Teymur Göyçayevə “Qızıl çinar” beynəlxalq
mükafatı təqdim edildi.
Xalq
Artisti Teymur GÖYÇAYEV minnətdarlığını
bildirərək dedi:
- Hörmətli
cənab Prezident.
Hörmətli Mehriban xanım.
Hörmətli xanımlar və cənablar.
Əvvəla, mən istərdim öz adımdan Fondun rəhbərliyini
və bütün işçilərini yubiley münasibətilə
təbrik edim.
Bilirsiniz, bu “Çinar”a baxıb mən 2006-cı ili yadıma salıram. O ildə məhz Mehriban
xanımın təşəbbüsü ilə Uşaq və
Gənclər Simfonik Orkestri yaradılmışdır və
bu orkestr çoxlu uğurlu konsertlərlə
çıxış etmişdir. Ən gözəl
nəticə odur ki, bu illər ərzində 50 nəfərə
yaxın peşəkar musiqiçi yetişmişdir və
onlar böyük orkestrlərə daxil olmuşlar. Bu orkestr indi də fəaliyyət göstərir.
Mən bu
“Çinar”a baxanda Bülbül adına
Orta İxtisas Musiqi Məktəbinin şagird və müəllimlərinin
beynəlxalq müsabiqələrdə çoxsaylı qələbələrini
görürəm. Mən bu “Çinar”a baxanda bizim bu il 50 illiyini qeyd edən Qara Qarayev adına Azərbaycan
Dövlət kamera orkestrinin uğurlarını görürəm.
Sizin icazənizlə, mən istərdim adıçəkilən
bütün bu kollektivlərin adından və öz
adımdan bu mükafata görə Sizə dərin minnətdarlığımı
bildirim. Sizə uğurlar, cansağlığı
arzulayıram. Diqqətinizə görə çox sağ olun.
X X X
“Qızıl çinar” beynəlxalq mükafatı Azərbaycan
və Macarıstan arasında dostluq münasibətlərinin
möhkəmlənməsinə və xalqlararası mədəni
mübadilənin inkişafına verdiyi töhfələrə
görə Macarıstanın Azərbaycandakı fövqəladə
və səlahiyyətli səfiri Jolt Çutoraya təqdim
edildi.
Mükafatı
qəbul edən Jolt ÇUTORA təşəkkürünü
bildirərək dedi:
- Cənab
Prezident.
Hörmətli Mehriban xanım.
Hörmətli xanımlar və cənablar, əziz
dostlar.
Baxıram ki, burada yalnız dostlarımız əyləşib. Deməli, hər
şey normaldır, açıq danışmaq olar. Bilirsinizmi, deməyə söz tapmıram. Mən bilirəm ki, “fond” sözü “əsas” deməkdir.
Bu, mənim üçün nə deməkdir?
Mən Fond ilə 15 il bundan əvvəl
görüşmüşəm. Deyə bilərsiniz
ki, Fondun yaranmasının 10-cu ildönümü bu gün
tamam olur. Lakin mən 15 il bundan əvvəl
ilk dəfə Azərbaycanda olmuşam və mərhum
ümummilli lider Heydər Əliyevlə
görüşmüşəm. Onda mən Fondu
- əsası gördüm. Bir sözlə,
macar dilində “əsas” və “fond” eyni sözlərdir. Mən Sizi təbrik edirəm.
Mən buraya bu gün səhər təyyarə ilə gəlmişəm. Dünən mən
Budapeştdə məhz gözdən əlil uşaqlar
üçün məktəbdə olmuşam. Bu məktəb Sizin sayənizdə, Fondun sayəsində
çox yaxşı vəziyyətdədir. Çox sağ olun.
Bilirsinizmi, səfirlər üç növ olur. Bəzi səfirlər
öz ranqına görə evdə - Xarici İşlər
Nazirliyində işləyirlər. Səfirlərin
ikinci növü adi səfirlərdir – bir dövlətin
başqa dövlətdə işləyən səfirləri.
Səfirlərin üçüncü
növü qeyri-adidir. Bu, mənəm.
Macarıstanın Azərbaycanda işləyən,
lakin öz evində olan səfiri. Mən burada
özümü evimdə olduğu kimi hiss edirəm. Çox sağ olun. Mən Azərbaycanı həm də
öz vətənim kimi hiss edirəm. Çox sağ
olun. Bu, Fondun sayəsində belədir.
Sağ olun, Mehriban xanım.
Ölkələrimiz arasında münasibətlərdə
hər şey normaldır. Münasibətlərimiz
yaxşıdır. Bilirsinizmi, əgər
mən Fond ilə birlikdə neçə layihə üzərində
işlədiyimizi, neçə layihə barədə
düşündüyümüzü və neçəsini artıq
tamamladığımızı sadalamaq istəsəm, bu
siyahını səhərə qədər davam etdirmək
olardı. Mən yalnız çox vacib
olan bir layihə barədə danışmaq istərdim. Bizim bu ay keçirəcəyimiz mədəni tədbirlər
barədə. Mən adi diplomat deyiləm,
sirlərimi həmişə sizə söyləyə bilərəm.
Dostlar arasında bunu demək olar. Amma xahiş edirəm, hələlik heç kəsə
deməyin. Biz Fond ilə birlikdə ilk Azərbaycan-Macarıstan
aşpazlıq kitabı üzərində uğurla işləyirik.
Orada yeməkləri mən və dostlarım
hazırlayacağıq. Bilirsinizmi, bir söz var, onu
xatırladım və yalnız sizin üçün sitat gətirmək
istəyirəm: Dövlət nə qədər çox
xalqı birləşdirirsə, bir o qədər zəngindir.
Çox sağ olun. Bu, mənim
üçün çox böyük şərəfdir.
X X X
Beynəlxalq arenada Azərbaycan muğamını, qədim
musiqi sənətimizi özünəməxsus ifası ilə
milyonlara sevdirən Xalq Artisti Alim Qasımova Heydər
Əliyev Fondunun “Qızıl çinar” beynəlxalq
mükafatı təqdim olundu.
Mükafata
görə minnətdarlığını çatdıran
Alim QASIMOV dedi:
- Salam,
axşamınız xeyir, cənab Prezidentimiz, hörmətli
Mehriban xanım.
Bu mükafat bizim bütün xalq musiqisinə verilən mükafatıdır. Biz də özümüzü bu Fondun işçilərindən hesab edirik. İcazə versəniz, bir ağız da muğamdan deyərdim.
Xanəndə Alim Qasımov muğam parçası ifa etdi.
X X X
Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasında, Heydər Əliyev Fondunun Fransada həyata keçirdiyi layihələrə fəal dəstəyinə görə Fransa senatoru xanım Natali Quleyə də Heydər Əliyev Fondunun “Qızıl çinar” mükafatı təqdim edildi.
Fondun beynəlxalq mükafatı ilə təltif olunduğuna görə təşəkkür edən Natali QULE dedi:
- Çox sağ olun. Mən Azərbaycanın dostuyam və Azərbaycanı yaxşı tanıyıram. Aramızda olan dostluğun uzun tarixi vardır. Mən bu münasibətlə əlbəttə ki, birinci xanıma təşəkkürümü bildirirəm. Mən bildirmək istəyirəm ki, Sizin fəaliyyətiniz bir çox insanlar üçün, ehtiyac duyan insanlar üçün, o cümlədən qaçqın və məcburi köçkün ailələri üçün çox vacib olub. Sizinlə bir çox nailiyyətlər əldə etmişik. Mən sadəcə bildirmək istəyirəm ki, Sizin ölkənizin taleyini özüm üçün çox vacib hesab edirəm və ürəyimə çox yaxın tuturam.
X X X
Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 91-ci ildönümünə və Heydər Əliyev Fondunun yaradılmasının 10 illiyinə həsr olunmuş təntənəli mərasimin bədii hissəsini Azərbaycan Respublikasının Xalq Artisti Teymur Göyçayevin rəhbərliyi ilə Qara Qarayev adına Azərbaycan Dövlət kamera orkestri və Gülarə Əliyeva adına “Dan ulduzu” instrumental ansamblı davam etdirdi.
Azərbaycan.- 2014.- 11 may.- S.4.