Ulu öndərin ideyaları
uğurla reallaşır
"Azərbaycanın dövlət müstəqilliyi
yolunda fədakarcasına çalışmaq mənim həyatımın
mənasıdır."
Heydər ƏLİYEV
Müstəqil Azərbaycanın banisi, dünyanın ən
böyük azərbaycanlısı, çağdaş
dünyamızın ən nəhəng simalarından biri olan
Heydər Əliyevin rəhbərliyi altında uzun müddət
işləmiş, hər zaman bu böyük tarixi şəxsiyyətin idarəçilik məktəbindən
öyrənən bir şəxs kimi deyə bilərəm ki,
ulu öndərin 70 illik gərgin əmək fəaliyyəti
bilavasitə Azərbaycanın müasir tarixi ilə sıx,
üzvi şəkildə bağlı olmuşdur.
Azərbaycana rəhbərlik etdiyi
bütün illər ərzində onun çoxşaxəli fəaliyyətinin,
həyata keçirdiyi bütün tədbirlərin, gördüyü
işlərin mərkəzində həmişə Azərbaycan
dövləti və Azərbaycan xalqı durmuşdur.
Azərbaycanın ən yeni tarixində
müstəqil dövlət ideyası da məhz Heydər
Əliyevin adı ilə bağlıdır. "Azərbaycanın
dövlət müstəqilliyi yolunda fədakarcasına
çalışmaq mənim həyatımın mənasıdır"
- deyən ulu öndərin yalnız bir amalı, bir məqsədi
var idi - Azərbaycan dövlətini qurmaq, möhkəmləndirmək
və Azərbaycan xalqına layiq olduğu xoş güzəranı
bəxş etmək!
Sözün həqiqi mənasında, dünya siyasətində
sayılan-seçilən, nüfuz sahibi olan siyasi xadim, insanpərvər,
mehriban, qayğıkeş, həqiqətsevər, sözü
ilə əməli bir-birini tamamlayan, bütün
varlığı ilə dövlətə və xalqa
bağlı nadir şəxsiyyət olan Ulu öndər:
* - xüsusi xidmət orqanlarında
çalışdığı dövrdə belə, Azərbaycanın
milli ruhlu, açıq, demokratik fikirli ziyalılarını
qorumağa nail olmuşdu;
* - ötən əsrin 70-ci illərində Azərbaycanı
qısa müddətdə geridə qalmış respublikadan
Sovetlər İttifaqının bütün sahələrdə
- sənaye, kənd təsərrüfatı, təhsil, səhiyyə
və s. ən qabaqcıl respublikasına çevirmişdi, bu
günkü yüksəlişin, tərəqqinin
bünövrəsini hələ o zaman qoymuşdu;
* - öz əməlləri ilə, xalqa əvəzsiz
xidmətləri ilə
əbədiyaşarlıq zirvəsinə yüksələ
bilmişdi;
* - böyük siyasət qalasının ən uca zirvəsini fədakarlıqla
fəth etmişdi;
* - Azərbaycan kimi kiçik bir məmləkətin
adını bütün dünyaya tanıtmışdı;
* - qəlbi
daim bəşəri duyğularla döyünən
ümumbəşər övladı idi;
* - adı həmişə
dünyanın tanınan, hörmət bəslənilən siyasi liderləri, ən müdrik rəhbərləri
sırasında çəkilirdi;
* - dünya siyasət meydanında cərəyan edən
proseslərə təsir baxımından həmişə
öz sözü, öz çəkisi, öz dəst-xətti ilə
seçilirdi;
* - əsl ümumxalq məhəbbəti,
sevgisi qazanmış tək-tək siyasətçilərdən,
dövlət xadimlərindən idi.
Qətiyyətlə deyə bilərik ki, XX əsrin
sonlarında Azərbaycanda dövlətçilik ənənələrinin
bərpa edilib zənginləşdirilməsi, Azərbaycanın
dövlət müstəqilliyinin möhkəmləndirilməsi,
onun əbədi, dönməz xarakter alması, ölkəmizin
dinamik inkişaf etməsi Heydər Əliyevin uzaqgörən
və zəngin siyasi fəaliyyəti, möhkəm siyasi iradəsi
və qeyri-adi təşkilatçılıq istedadı sayəsində
mümkün oldu.
Şübhəsiz, ölkəmizin
bugünkü sabit və dayanıqlı inkişafının
təməlində məhz ulu öndərin ildən-ilə
uğurla reallığa çevrilən ideyaları durur.
Bu gün dünyanın ən nüfuzlu analitik
araşdırma, tədqiqat mərkəzləri də etiraf
edirlər ki, müstəqillik bərpa ediləndən sonra
keçən 23 il ərzində Azərbaycan dövləti
başqa ölkələrin 50-100 ildə getdiyi qədər
çox böyük inkişaf, tərəqqi yolu keçib. Dərin
iqtisadi böhranla, məhv olmaq təhlükəsi ilə
üzləşən, xaosun, hərc-mərcliyin hökm sürdüyü Azərbaycan qısa müddət ərzində
ən yüksək zirvəyə - dünyanın etibarlı
ictimai-siyasi sabitliyə, dayanıqlı, dinamik iqtisadiyyata
malik, inkişaf etmiş ölkələri
sırasına yüksələ bildi. Ümumiyyətlə,
tarixdə qısa zaman çərçivəsində belə
sürətli tərəqqi yolu keçən başqa bir
dövlət olmamışdır.
Bu böyük, analoqu olmayan nailiyyətlərə
görə xalqımız iki dahi rəhbərə - ulu
öndər Heydər Əliyevə və möhtərəm
Prezident cənab İlham Əliyevə hədsiz dərəcədə
minnətdardır.
Çünki müasir Azərbaycanın banisi,
dünyanın ən böyük azərbaycanlısı Heydər Əliyev:
* 1993-cü ildə tarixin ən çətin mərhələsində
xalqımızın təkidli tələbi ilə ikinci dəfə
hakimiyyətə qayıdışı və böyük məharətlə
həyata keçirdiyi tədbirlər nəticəsində
xalqımız ağır, təlatümlü günlərdən,
dövlətimiz məhv olmaq təhlükəsindən xilas
oldu;
* Böyük xilaskar faktiki olaraq güclü dövlət
yaratdı, uzaqgörənliyi, qətiyyəti və əzmkarlığı
ilə Azərbaycanın yeni tarixində müstəqilliyimizin
əbədi, dönməz olmasını təmin etdi;
* Xalqımızın ümummilli lideri uzaqgörən və
zəngin siyasi fəaliyyəti, siyasi iradəsi və qeyri-adi
təşkilatçılıq istedadı sayəsində
ölkəmizin dinamik iqtisadi inkişaf yolu ilə inamla irəliləməsinə,
beynəlxalq nüfuzunun sürətlə artmasına, strateji
müttəfiqlərin qazanılmasına nail oldu;
* Yeni Azərbaycan Partiyasını
yaratdı, onu təşkilatlandırdı, ölkənin
siyasi həyatında aparıcı siyasi qüvvəyə
çevirdi.
Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan
Partiyasının sədri cənab İlham Əliyev isə
ötən dövr ərzində:
* Ümummilli lider Heydər Əliyev tərəfindən
əsası qoyulan siyasəti məharətlə, çevik və
qətiyyətlə həyata keçirərək Azərbaycanı
yüksək insan inkişafına malik olan ölkələr
sırasına çıxardı;
* Azərbaycan tarixində yeni dövrün -inkişaf, tərəqqi
dövrünün əsasını qoydu və ölkəmiz
iqtisadi sahədə keçid dövrünü 2009-cu ildə
uğurla başa vurdu;
* Azərbaycanı regionun lider dövlətinə, Cənubi
Qafqazda investisiya - kredit reytinqi alan ilk və
yeganə ölkəyə, dünya miqyasında öz
sözünü deyən məmləkətə çevirdi;
* Ölkəmizin bütün regionlarının
inkişafını təmin etdi, Azərbaycanı sürətlə
inkişaf edən ölkələr sırasına yüksəltdi,
neft kapitalını insan kapitalına çevirdi;
* Azərbaycanın 2020-ci ilədək
strateji inkişafının əsas istiqamətlərini müəyyənləşdirdi;
* Azərbaycanı dünyada digər dövlətlərə
nümunə ola biləcək tolerant ölkə kimi tanıtdı;
* Azərbaycan BMT-nin Təhlükəsizlik
Şurasında və Qaçqınlar üzrə Ali
Komissarlığın İcraiyyə Komitəsində təmsilçilik
hüququ qazandı;
* Ölkəmiz ilk süni peykini orbitə
çıxarmağa müvəffəq oldu;
* Bakı Beynəlxalq Humanitar Forumu, Mədəniyyətlərarası
Dialoq Forumu, Dünya İqtisadi Forumu - Davos Forumu kimi mötəbər
beynəlxalq tədbirlərə ev sahibliyi
edən şəhərə çevrildi;
* Ölkəmizi Davos İqtisadi Forumunun rəqabət
qabiliyyətliliyinə görə 39-cu yerə yüksəltdi.
Ötən dövr ərzində Azərbaycan dövlətinin
keçdiyi tarixi yola nəzər salsaq, onun nə qədər
əlamətdar siyasi, iqtisadi hadisələrlə zəngin
olduğunu, genişmiqyaslı, mühüm nailiyyətlər əldə
edildiyini, dövlət quruculuğunun möhkəmləndirilməsində,
xalqın rifah halının
yaxşılaşdırılmasında qətiyyətli,
sistemli, ardıcıl addımlar atıldığını
açıq-aşkar görərik.
Fərəhli haldır ki, istər
ictimai-siyasi, istər sosial-iqtisadi, istərsə də digər
sahələrdə qarşıya qoyulan bütün məsələlər
öz həllini tapıb. Ötən müddətdə
iqtisadiyyat real ifadədə 3,4 dəfə, qeyri-neft sahələri
2,7 dəfə, dövlət büdcəsi 19 dəfə
artıb, iqtisadiyyata 160 milyard dollar sərmayə qoyulub, 1,2
milyon yeni iş yeri açılıb, işsizliyin səviyyəsi
5 faizə, yoxsulluğun səviyyəsi isə 5,3 faizə
enib.
Ulu öndər 1994-cü ildə XX "Əsrin
müqaviləsi"ni imzalamaqla Azərbaycanın
bugünkü inkişafının təməlini qoydusa, Azərbaycan
Respublikasının Prezidenti cənab İlham Əliyev XXI əsrin
layihəsi olan "Şahdəniz-2" enerji layihəsini
reallaşdırmaqla ölkəmizin uzunmüddətli
inkişafına, işıqlı gələcəyinə
etibarlı təminat yaratdı.
Cənab Prezidentin titanik fəaliyyəti sayəsində
ölkəmizdə bərqərar olan davamlı sabitlik,
iqtisadi inkişaf, tərəqqi və milli dövlətçilik
ənənələrinə sadiqlik inkişafın Azərbaycan
modelinin yaradılmasına, ölkəmizin sosial-iqtisadi
qüdrətinin nəzərəçarpacaq dərəcədə
yüksəlməsinə, dünya ölkələrinə
inteqrasiyanın sürətlənməsinə, nəhayət,
dünyanın maraq mərkəzinə çevrilməsinə
əlverişli zəmin yaratdı.
Buna görə də bu gün
dünyanın bir çox ölkəsi Azərbaycanın təcrübəsini
öyrənir, ondan bəhrələnir.
2013-cü il oktyabrın 9-da
keçirilmiş prezident seçkiləri də ölkəmizdə
davam etdirilən siyasi kursun xalq tərəfindən dəstəklənməsinin
bariz təcəssümünə çevrildi. Qətiyyətli
siyasi iradə, birlik
nümayiş etdirən xalqımız ulu öndər
Heydər Əliyevin müdrik siyasətinə, cənab
İlham Əliyevin son 10 ildə gördüyü işlərə
- ölkəmizi geniş inkişaf yoluna
çıxarmış siyasətə və liderə səs
verdi.
Bir sözlə, 2013-cü ildə keçirilən prezident
seçkilərində YAP-ın namizədi cənab İlham
Əliyevin parlaq qələbə qazanması ölkə rəhbərinə
və onun rəhbərlik etdiyi partiyaya xalqın inam və
etimadının əyani nəticəsi oldu.
Ümumiyyətlə, bütün parametrləri ilə
Azərbaycanın siyasi tarixinə ən demokratik, şəffaf,
ədalətli, azad seçkilər kimi həkk olunan,
nüfuzlu xarici siyasi dairələr, beynəlxalq
müşahidəçilər, populyar kütləvi
informasiya vasitələri tərəfindən də yüksək
qymətləndirilən bu seçkilər, sözün həqiqi
mənasında, bir çox ölkələr
üçün nümunədir, örnəkdir.
Azərbaycan Respublikasının Prezidenti cənab
İlham Əliyev 2003-cü il oktyabrın
1-də ulu öndərin Azərbaycan xalqına son müraciətində
səslənən bütün tövsiyələri müvəffəqiyyətlə
icra edib. Cənab İlham Əliyevin dəfələrlə
qeyd etdiyi kimi, ölkəmizdə öz həllini
tapmamış yalnız bir problem qalıb. Bu da Ermənistan-Azərbaycan,
Dağlıq Qarabağ münaqişəsidir. Bu
münaqişənin kökləri isə dərindir.
Tarixə qısa nəzər salsaq görərik ki, son 200 ildə
ermənilər Azərbaycan
torpaqlarının ələ keçirilməsi planını öz
havadarlarının - erməni lobbisinin köməyi ilə mərhələ-mərhələ
həyata keçirmişlər. Bu məkrli siyasət nəticəsində
ermənilər XX əsrin əvvəlində əzəli Azərbaycan
torpağında erməni dövlətinin yaradılmasına
nail olsalar da, sonralar bununla kifayətlənmədilər.
Nəticədə XX əsrdə xalqımızın
başına çox müsibətlər, dəhşətli faciələr gətirildi. 1905, 1918-1920, 1948-1950
və 1988-ci illərdə azərbaycanlıların öz
ata-baba yurdlarından zorla köçürülməsi,
deportasiya, etnik təmizləmə və
soyqırımılara məruz qalması məhz bu
yüzillikdə törədilmiş müsibətlərdir.
Ümummilli lider Heydər Əliyev 1969-1982-ci illərdə
Azərbaycana rəhbərlik edərkən erməni lobbisinin Azərbaycanın
ayrılmaz hissəsi olan Dağlıq Qarabağla bağlı
iddiasının qarşısını almağa müvəffəq
olmuşdu. Ermənilər çox ciddi - cəhd etsələr
də, öz çirkin istəklərinə nail ola bilmirdilər.
Buna görə də onlar birinci növbədə Heydər
Əliyevin
keçmiş Sovetlər İttifaqının rəhbərliyindən,
Siyasi Bürodan uzaqlaşdırılmasını
qarşılarına məqsəd qoydular. Təəssüflər
olsun ki, ulu öndər böyük siyasətdən Mixail
Qorbaçovun əli ilə uzaqlaşdırıldıqdan 25
gün sonra ermənilər Dağlıq Qarabağ
böhranını yenidən qızışdırdılar və
havadarlarının köməyi ilə öz çirkin planlarını həyata
keçirməyə başladılar.
Ulu öndər Heydər Əliyevin
böyük siyasətdən getməsi xalqımız
üçün çox ağır müsibətlərə
səbəb oldu. Nəticədə Sumqayıt hadisələri,
20 Yanvar, Xocalı faciəsi
törədildi, Ermənistanın 1988-1992-ci illərdə
planlı şəkildə həyata keçirdiyi etnik təmizləmə
siyasəti nəticəsində tarixən bu ərazidə
yaşamış 250 min azərbaycanlı öz doğma yurdlarından zorla
qovularaq Azərbaycana pənah gətirdi, Ermənistan
silahlı qüvvələri tərəfindən Azərbaycan
torpaqlarının 20 faizi -
Dağlıq Qarabağın, eləcə də ona bitişik
olan 7 rayonun ərazisi işğal olundu, 700 min nəfərədək
azərbaycanlı öz
doğma yurdunda məcburi köçkünə çevrildi.
Ümummilli lider Heydər Əliyevin ən
böyük arzularından biri Ermənistan-Azərbaycan,
Dağlıq Qarabağ münaqişəsinin ədalətli həlli,
zəbt olunmuş torpaqlarımızın erməni
işğalçılarından azad edilməsi,
soydaşlarımızın öz doğma ata-baba yurdlarına
ləyaqətlə qaytarılması idi. O, bunun üçün daim
var qüvvəsi ilə çalışırdı və bu
istiqamətdə çox böyük işlər görə
bildi.
Məhz Heydər Əliyevin
diplomatiyası sayəsində Ermənistan-Azərbaycan,
Dağlıq Qarabağ münaqişəsinin əsl mahiyyəti,
Azərbaycanın haqq səsi dünya ictimaiyyətinə
çatdırıldı, Ermənistanın təcavüzkar
siyasəti ifşa edildi. 1993-cü ildə BMT Təhlükəsizlik
Şurasının
münaqişənin siyasi həlli, işğal
olunmuş ərazilərin azad edilməsi, qaçqın və
məcburi köçkünlərin doğma yurdlarına qaytarılması ilə
bağlı beynəlxalq hüquq normalarına uyğun 4 qətnaməsi qəbul edildi.
1994-cü ildə atəşkəsə nail olundu. ATƏT-in
1994-cü il Budapeşt, 1996-cı il Lissabon və 1999-cu il
İstanbul sammitlərində münaqişənin dinc və
siyasi yollarla həlli istiqamətində tədbirlər
görüldü, ABŞ Konqresinin müstəqil Azərbaycana
birbaşa yardım göstərilməsini qadağan edən
Azadlığa Dəstək Aktına ədalətsiz 907-ci
düzəlişin icrası dayandırıldı.
Məhz Heydər Əliyevin gündəlik
qayğısı sayəsində qaçqınların və
məcburi köçkünlərin problemləri ölkənin
bir nömrəli problemi səviyyəsinə
qaldırıldı. Bu sahə ilə
bağlı xüsusi dövlət proqramı qəbul edildi, ən
çətin şəraitdə - çadırlarda yaşayan
insanların mənzil-məişət şəraitinin
yaxşılaşdırılmasına başlanıldı. Neft Fondunda toplanan ilk
vəsait də qaçqın və məcburi
köçkünlərin mənzil şəraitinin
yaxşılaşdırılmasına yönəldildi, eyni
zamanda, onların sosial problemlərinin həlli ilə
bağlı geniş tədbirlər həyata keçirildi.
Ulu öndərin öz yurdlarından didərgin
salınmış soydaşlarımıza diqqət,
qayğı, himayədarlıq siyasəti onun siyasi varisi, Azərbaycan
Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən
uğurla davam etdirilir.
Cənab Prezident 2003-2014-cü illərdə
qaçqın və məcburi köçkünlərlə
bağlı keçirilən müxtəlif tədbirlərdə
33 dəfə, o cümlədən yeni salınmış
yaşayış qəsəbələri və məhəllələrinin
böyük əksəriyyətinin
açılışında şəxsən iştirak
etmiş, həmçinin problemə həsr olunmuş bir beynəlxalq
konfrans və iki geniş müşavirə keçirilmiş,
bir dövlət proqramı və ona 2 əlavələr təsdiq
edilmişdir.
Yeni salınmış qəsəbələrin açılışlarında cənab Prezidentin və Azərbaycanın
birinci xanımı Mehriban Əliyevanın şəxsən
iştirak etməsi və məcburi köçkünlərlə
səmimi söhbətləri soydaşlarımızın həyatında
unudulmaz, xoş xatirələrə çevrilmişdir.
Qeyd etmək lazımdır ki, 2003-2013-cü illər ərzində
dövlət proqramı və ona əlavələrin uğurla
icra edilməsi nəticəsində:
* ölkədə mövcud olmuş
12 çadır düşərgəsinin ləğvi 2007-ci ildə başa
çatdırılmışdır;
* qaçqın və məcburi
köçkünlər üçün ümumilikdə
salınmış 82 müasir qəsəbə və məhəllədən
77-si son 10 ildə inşa edilmişdir;
* Son 10 ildə yeni
yaşayış komplekslərində 120 məktəb, 6 musiqi
məktəbi, 33 uşaq bağçası, 37 tibb müəssisəsi,
34 klub-icma mərkəzi, 28 rabitə evi tikilmişdir;
* ümumiyyətlə, indiyədək mənzil şəraiti
yaxşılaşdırılmış 40 min ailə və ya
180 min nəfər qaçqın və məcburi
köçkündən 37 min ailə, yaxud 166 min nəfər (92 %) son 10
ilin payına düşür;
* qaçqın və məcburi
köçkünlərin sosial müdafiəsi
üçün ümumilikdə 4,4 milyard manat vəsait sərf
olunmuşdur. Bu vəsaitin 84 faizi, yaxud 3,7
milyard manatı son 10 ildə ayrılmışdır;
* yeni qəsəbə və məhəllələrin
salınmasına Dövlət Neft Fondundan 1,46 milyard manat vəsait
ayrılmışdır;
* müxtəlif maliyyə mənbələrindən
ayrılmış vəsait hesabına məcburi
köçkünlərin müvəqqəti məskunlaşdığı
220 yataqxana təmir edilmiş, nəticədə 68 min nəfər
məcburi köçkün faydalanmışdır;
* məcburi köçkünlərə
aylıq yemək xərci üçün verilən müavinətin
məbləği 3,6 dəfə, kommunal xidmətlərə
görə vəsaitin miqdarı 4,5 dəfə, Dövlətqaçqınkomun
illik büdcəsi isə 5,5 dəfə artmışdır;
* əməkqabiliyyətli
380 min məcburi köçkündən 161 min nəfəri
daimi işlə təmin edilmiş, 200 min nəfəri isə
mövsümi işlərə cəlb edilmişdir;
* Sahibkarlığa Kömək Milli Fondunun xətti ilə
son 10 ildə 1841 məcburi köçkün sahibkarlıq
subyektinin investisiya layihəsinin maliyyələşdirilməsinə
37,2 milyon manat, həmçinin yeni texnologiyalara əsaslanan 3
investisiya layihəsinə 9,3 milyon manat məbləğində
güzəştli kredit verilmişdir;
* Dünya Bankı və Azərbaycan hökuməti
arasında bağlanılmış kredit sazişi ("Məcburi
Köçkünlərin İqtisadi İnkişafına
Yardım Layihəsi") üzrə Azərbaycan
Respublikası Məcburi Köçkünlərin Sosial
İnkişaf Fondu tərəfindən 10,8 min nəfər məcburi
köçkünə 7,7 milyon manat məbləğində
mikrokredit verilmiş və bu proqramlardan 46 min məcburi
köçkün faydalanmışdır.
* Məcburi Köçkünlərin Sosial
İnkişaf Fondu tərəfindən son 10 ildə 310 min nəfərin
faydalandığı (bunun da 83%-i məcburi
köçkündür) və dəyəri 30 milyon manat təşkil
edən 520 müxtəlif növ mikrolayihə icra
edilmişdir.
* 2013-cü ildə bir nəfər məcburi
köçkünə xərclənən vəsaitin həcmi
təxminən 1100 manat təşkil etmişdir ki, bu da
dünyanın digər münaqişə zonaları ilə
müqayisədə ən yüksək göstəricidir.
* məcburi köçkünlər
arasında yoxsulluq həddi son 10 ildə 75 faizdən 15 faizədək
azalmışdır.
Cənab İlham Əliyevin tapşırığına
əsasən Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ
münaqişəsi haqqında həqiqətlərin dünya
ictimaiyyətinin diqqətinə müntəzəm
çatdırılması ilə bağlı müvafiq tədbirlərin
həyata
keçirilməsi də davam etdirilir.
Qeyd etmək lazımdır ki, fəaliyyətə
başladığı ilk gündən etibarən Heydər
Əliyev Fondu da qaçqın və məcburi
köçkünlərin üzləşdikləri problemlərin
həllinə daim diqqətlə yanaşır.
Fondun prezidenti, UNESCO-nun və İSESKO-nun xoşməramlı
səfiri, Milli Məclisin deputatı Mehriban xanım
Əliyevanın təşəbbüsü ilə
yaradılmış "Azərbaycan" internet portalında
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ
münaqişəsi, Xocalı soyqırımı, Ermənistanın
hərbi təcavüzünün nəticələri barədə
geniş məlumat toplanmışdır. Bununla bərabər,
fondun xətti ilə hər il Xocalı
soyqırımı ərəfəsində dünyanın
müxtəlif ölkələrində tədbirlər
keçirilir, beynəlxalq mətbuatda soyqırımı
haqqında yazılar dərc edilir.
Fondun vitse-prezidenti Leyla xanım Əliyevanın təşəbbüsü ilə
80-dən artıq ölkədə "Xocalıya ədalət"
beynəlxalq məlumat-təşviqat kampaniyası ilə
bağlı silsilə tədbirlər təşkil olunur.
Aparılan məqsədyönlü işlər nəticəsində
artıq 7 dövlətin parlamenti və ABŞ-ın 14
ştatı Xocalı façiəsinin
soyqırımı kimi tanınması barədə müvafiq
qətnamə qəbul etmişdir. İslam Əməkdaşlıq
Təşkilatı Parlament İttifaqı bu faktı
"insanlığa qarşı törədilmiş kütləvi
cinayət" hadisəsi kimi tanımış və üzv
dövlətləri həmin faciəyə müvafiq siyasi-hüquqi qiymət
verməyə çağırmışdır.
Qaçqınların və Məcburi
Köçkünlərin İşləri üzrə Dövlət
Komitəsi tərəfindən Ermənistan-Azərbaycan,
Dağlıq Qarabağ münaqişəsi ilə
bağlı hazırlanan kitablar, çəkilən
qısametrajlı filmlər səfirliklər vasitəsilə
dünya ölkələrində nümayiş etdirilir və
bu yolla dünya ictimaiyyəti məlumatlandırılır. Bu məqsədlə
mütəmadi olaraq xarici ölkələrin, beynəlxalq
maliyyə qurumlarının, humanitar və bu sahədəki
inkişaf təşkilatlarının nümayəndələri
ilə
görüşlər keçirilir.
Azərbaycan Respublikasının Prezidenti cənab
İlham Əliyevin 2004-cü ilin fevral ayında
keçirilmiş, beynəlxalq humanitar təşkilatların
fəaliyyətinin 10 illiyinə həsr edilmiş beynəlxalq
konfransda qeyd etdiyi kimi, imkanların məhdud olduğu dövrdə,
xüsusən müstəqilliyin bərpasından sonrakı
ilk illərdə göstərilən fövqəladə
humanitar yardımın çox böyük əhəmiyyəti
olmuş, yaranmış humanitar fəlakətdən
çıxmaqda respublikada fəaliyyət göstərən
beynəlxalq, yerli humanitar və inkişaf təşkilatlar əvəzsiz
rol oynamışlar.
Hazırda respublikamızda
42 beynəlxalq, 45 yerli
humanitar təşkilat fəaliyyət göstərir və bilavasitə bu təşkilatların
xətti ilə ötən 21 il ərzində qaçqın,
məcburi köçkün və aztəminatlı əhaliyə
müxtəlif layihələr üzrə 940 mln ABŞ
dollarından çox həcmdə
yardım göstərilmişdir.
Cənab Prezidentin
tapşırığı ilə bu təşkilatların tam
sərbəst, azad və şəffaf fəaliyyətləri
üçün ölkədə nümunəvi şərait
yaradılmışdır.
Azərbaycan Respublikasının Prezidenti
cənab İlham Əliyev dəfələrlə bəyan
etmişdir ki, Azərbaycan heç vaxt öz əzəli
torpağında ikinci qondarma erməni dövlətinin
yaradılmasına imkan verməyəcək, Dağlıq
Qarabağ heç vaxt müstəqil olmayacaq.
İnanırıq ki, cənab İlham
Əliyev bu problemi də həll edəcək, onun qətiyyətli
səyi nəticəsində ölkəmizin ərazi
bütövlüyü bərpa ediləcək, azərbaycanlılar
öz ata-baba yurdlarına ləyaqətlə qayıdaraq yenidən
öz doğma torpaqlarında yaşayacaqlar.
Bütün xalqımız kimi, məcburi
köçkünlər də rəhbər, lider kimi
yalnız cənab İlham Əliyevə inanır, yalnız
ona etibar edirlər. Çünki Azərbaycana
belə bir layiqli siyasi davamçını ulu öndər
Heydər Əliyev bəxş etmişdir. Çünki
cənab İlham Əliyev təkrarsız Heydər Əliyev
akademiyasından dərs almış, uzun müddət bu siyasi
mühitdə formalaşmışdır.
Dünyanın ən böyük azərbaycanlısı
Heydər Əliyev deyirdi: "Nə qədər ki, Azərbaycan
var, Mən də varam. Mən
isə Azərbaycanda əbədi olacağam!"
Bəli,
Heydər Əliyev bütün ömrünü xalqına
bağışladı, bütün həyatını Azərbaycana
həsr etdi, onun üçün yaşadı və
yaratdı. Ulu öndərin bizə bəxş etdiyi ən
böyük irs isə bugünkü müstəqil Azərbaycan
dövlətidir.
Əminliklə deyə bilərik ki, ümummilli lider Heydər Əliyevin ideyaları, onun müəyyən etdiyi strateji istiqamətlər hələ uzun illər Azərbaycan dövlətinə və xalqına sədaqətlə xidmət edəcək və qədirbilən xalqımız da analoqu olmayan bu siyasəti daim dəstəkləyəcəkdir.
Əli HƏSƏNOV,
Azərbaycan Respublikası Baş nazirinin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri, YAP sədrinin müavini, YAP İdarə Heyətinin üzvü
Azərbaycan.-
2014.- 9 may.- S.3.