Müasir qanunvericilik sisteminin banisi

 

"Heydər Əliyev tarixin böyük bir hissəsidir. Onun əməlləri, bütün təşəbbüsləri bir məqsəd daşıyırdı - Azərbaycan xalqına xidmət etmək, ölkəmizi gücləndirmək, müstəqilliyimizi möhkəmləndirmək, demokratik cəmiyyət qurmaq."

 

İlham ƏLİYEV

 

Heydər Əliyev bütün şüurlu həyatını xalqına həsr etmiş və onu istiqlala qovuşdurmuş müdrik siyasətçi kimi milli tariximizin əbədiyaşar simasına çevrilmişdir. Bu nadir düha XX əsrin sonunda yenidən əldə etdiyimiz müstəqilliyimizin əbədi və dönməz xarakter almasına nail olmuş, bu kimi misilsiz xidmətləri sayəsində xalqın dövlətçilik şüurunda ümummilli lider yüksəkliyini fəth etmişdir.

Ulu öndər siyasi fəaliyyətə başladığı ilk gündən Azərbaycanı inkişaf etdirmək istiqamətində əməli addımlar ataraq, müəyyən dövrdə müstəqilliyə qovuşdurmaq üçün xalqımızın milli-mənəvi irsini, onun özünəməxsusluğunu qorumağı bacarmışdır. Onun ölkəyə ilk dəfə rəhbərlik etdiyi dövrdə Azərbaycanda həyatın bütün sahələrində böyük nailiyyətlər qazanıldı. Məhz bu illərdə milli və mənəvi dəyərlər sisteminin qorunub saxlanılmasında, dövlətçilik, o cümlədən parlamentarizm ənənələrinin inkişafında həyata keçirilən məqsədyönlü siyasət sayəsində sonradan xalqın milli oyanışı və müstəqillik ideyalarının gerçəkləşməsi üçün əlverişli şərait yarandı.

Ulu öndər respublikanın qanunvericilik sistemini formalaşdıran parlamentin fəaliyyətinə xüsusi diqqət göstərirdi. O dövrdə Heydər Əliyevin yeritdiyi kadr siyasəti nəticəsində bütün dövlət orqanlarına olduğu kimi, Ali Sovetə də ən bacarıqlı və layiqli şəxslər cəlb olundu. O illərdə Heydər Əliyev respublika Kommunist Partiyasının Birinci katibi olmaqla yanaşı, SSRİ Ali Sovetinin (VIII-X çağırışlar) deputatı, yuxarı palatanın - İttifaq Sovetinin sədr müavini (IX çağırış), habelə Azərbaycan SSR Ali Sovetinin (VII-X çağırışlar) deputatı və rəyasət heyətinin üzvü olmuş, kommunist rejiminin bütün sərtliyinə baxmayaraq qanunverici orqanın verdiyi imkanlardan xalqımızın mənafeyi naminə maksimum istifadə etmişdir.

Həmin dövrdə iqtisadi və sosial sahələrdə aparılan köklü struktur islahatlarının xarakterinə, xalqın maddi rifah halının yüksəlməsinə görə parlamentdə təsdiqlənmiş IX, X və XI beşillik proqramlar respublikanın inkişafında mühüm mərhələ oldu.

Heydər Əliyevin təşəbbüsü ilə SSRİ rəhbərliyi Azərbaycanın iqtisadi inkişafı üçün mühüm əhəmiyyət daşıyan beş qərar qəbul etmişdir. Bu məqsədlə İttifaq fondundan Azərbaycana külli miqdarda maliyyə vəsaiti ayrılmışdı. Azərbaycanda bir sıra yeni komplekslər, inzibati binalar, institutlar, zavodlar, fabriklər, metro stansiyaları tikilmiş, yeni təhsil ocaqları, məktəblər istifadəyə verilmişdir. Sonralar Moskvada - İttifaq rəhbərliyində təmsil olunduğu dövrdə də ulu öndər doğma Vətəninin inkişafı üçün mümkün olan bütün imkanlardan istifadə edirdi.

Ümumiyyətlə, 1970-ci illərdə və 1980-ci illərin əvvəllərində Azərbaycan SSR-in Ali Soveti Heydər Əliyevin rəhbərliyi ilə gerçəkləşdirilən möhtəşəm quruculuq işlərinin hüquqi bazasının yaradılması prosesində mühüm rol oynamış, xalqımızın milli-mənəvi dəyərlərinin qorunmasına, onun tərəqqisinə xidmət edən mühüm qanun və qərarlar qəbul etmişdir.

Bu dövrdə parlamentdə Mülki, Mülki-Prosessual və Cinayət-Prosessual məcəllələrinə bir sıra mütərəqqi əlavə və dəyişikliklər edilmiş, Azərbaycan SSR-in məhkəmə quruluşu, Səhiyyə, Dövlət notariatı, Xalq Təhsili, Tarixi və mədəni abidələrin qorunması, Torpaq və Əmək haqqında qanunlar, Ailə və Nikah haqqında məcəllələr qəbul olundu. Heydər Əliyev respublikanın rəhbəri kimi parlamentin gücündən xalqın milli-mənəvi sərvətlərinin qorunub saxlanılması və inkişafı üçün istifadə edərək hüquqi bazanı daha da gücləndirdi.

Həmin illərdə icra orqanları ilə parlamentin işinin səmərəli koordinasiyası milli tərəqqi üçün zəruri əsaslar formalaşdırmış, Azərbaycanın gələcək siyasi müstəqilliyinə möhkəm zəmin yaratmış, Heydər Əliyevin təşəbbüsü ilə Azərbaycan dilinə dövlət dili statusu verilmişdir.

SSRİ dağildiqdan sonrakı ilk illərin əvvəllərində - ölkəmizin ağır günlər yaşadığı bir dövrdə onu gözləyən ciddi təhlükələrə baxmayaraq xalqının taleyinə biganə qala bilməyən Heydər Əliyev Moskvadan Vətənə döndü. O, bu barədə belə deyirdi: "...Doğma Vətən torpağına heç də yenidən hakimiyyətə qalxmaq üçün yox, ancaq və ancaq respublikanın bu ağır və çətin dövründə xalqın dərdinə şərik olmağa, vətəndaşlıq borcumu yerinə yetirməyə, azadlıq uğrunda mübarizəyə qoşulmağa gəlmişəm..."

1991-ci il sentyabrın 3-də Naxçıvan əhalisinin təkidi ilə Heydər Əliyev muxtar respublikanın Ali Məclisinə sədr seçildi. O, muxtar respublikaya rəhbərlik etməyə başladığı ilk gündən dövlət quruculuğuna, idarəetmənin təkmilləşdirilməsinə, iqtisadi islahatların aparılmasına, xarici ölkələrlə əlaqələrin qurulmasına, müdafiə və hərbi quruculuq məsələlərinə ciddi fikir verildi. Bu məqsədlə Muxtar Respublikanın Ali Məclisində mühüm qərarlar qəbul olundu. Görülən tədbirlər nəticəsində blokadada olan Naxçıvanın vəziyyəti xeyli yüngülləşdi.

Müstəqilliyin bərpasından sonrakı ilk illərdə tez-tez hakimiyyət dəyişiklikləri yaşayan Azərbaycanda vəziyyət getdikcə kəskinləşir, torpaqlarımız ermənilər tərəfindən dalbadal işğal olunur, separatizm meyilləri güclənirdi. İctimai-siyasi həyatda hökm sürən qeyri-sabitlik və ölkə rəhbərliyində xalqın mənafeyini əks etdirən siyasi iradənin olmaması dövlətçiliyimizə ağır zərbələr vururdu. Bu vəziyyət 1993-cü il iyunun 15-dək davam etdi. Yalnız ulu öndər Heydər Əliyev xalqın təkidli tələbi ilə ölkədə siyasi hakimiyyətə yenidən qayıtdıqdan sonra cəmiyyətdə köklü dəyişikliklər baş verdi.

Heydər Əliyev parlamentə sədr seçilərkən verdiyi bəyanatla müstəqil dövlətçiliyimizin inkişaf konsepsiyasını və yollarını sistemli şəkildə açıqladı. Bu istiqamətdə məqsədyönlü tədbirlər həyata keçirilməyə başlandı. O, tezliklə ölkədə qanunçuluğun bütün sahələrdə möhkəmlənməsini təmin etməyə, qanunverici orqanın cəmiyyətdəki nüfuzunu qaldırmağa, onun təşəkkülünə, ölkənin ictimai-siyasi həyatının sabitləşməsinə, habelə milli parlamentarizm ənənələrinin inkişafına nail oldu.

1993-cü il iyunun 15-dən oktyabrın 3-dək Heydər Əliyevin Ali Sovetə rəhbərlik etdiyi müddət ərzində parlamentdə müstəqil dövlətimizin qanunvericilik bazasının əsasları yaradıldı, həyatın müxtəlif sahələrinə aid 120 qanun və qərar qəbul olundu, ölkənin mənafeyi baxımından mühüm əhəmiyyət kəsb edən neft danışıqları milli müstəviyə keçirildi.

Heydər Əliyev Ali Sovetin Sədri kimi bəyan edirdi ki, ölkəmiz demokratiya yolu ilə getməli, Azərbaycanda əsl demokratiya prinsipləri yaranmalı, inkişaf etməli, siyasi plüralizmə və çoxpartiyalı cəmiyyət kimi partiyaların fəaliyyətinə şərait yaradılmalı, bazar iqtisadiyyatı, sərbəst iqtisadiyyat təşəkkül tapmalıdır. Mübaliğəsiz demək olar ki, Heydər Əliyevin Ali Sovetin sədri vəzifəsində çalışdığı dövrdə Azərbaycanın demokratik, hüquqi, dünyəvi dövlət kimi gələcək inkişafının təməli qoyuldu.

Heç də təsadüfi deyil ki, 1993-cü il 3 oktyabr prezident seçkilərində xalq Heydər Əliyevə səs verərək ölkənin taleyini bu görkəmli dövlət xadiminə həvalə etmək niyyətində olduğunu bütün dünyaya nümayiş etdirdi. Bu seçimlə Azərbaycan xalqı müstəqillik yolunda yeni bir dövrə qədəm qoydu.

Bu dövrdə ölkə hələ də sovetlər zamanında qəbul edilmiş qanunlarla idarə olunurdu. 1991-ci ildə Azərbaycan dövlət müstəqilliyini bərpa etdikdən sonra artıq yeni Əsas Qanunun - Konstitusiyanın qəbul edilməsi zərurəti yaranmışdı. 1993-cü ildə prezident seçkilərinin keçirilməsinə baxmayaraq, respublikanın ictimai-siyasi həyatında baş vermiş dəyişikliklər ölkənin əsas sənədində öz əksini tapmamışdı. Bütün bunlar müstəqil Azərbaycanın yeni Konstitusiya layihəsinin hazırlanmasını şərtləndirən amillərdən idi.

Ölkənin rəhbəri kimi Heydər Əliyev iqtisadi, siyasi, sosial, hüquqi islahatların həyata keçirilməsini, demokratik dəyərlərin cəmiyyətdə bərqərar olunmasını çox önəmli hesab edirdi. Bu məqsədlə o, ölkənin yeni Konstitusiyasının qəbulunu önəmli hesab edirdi.

1995-ci ildə ulu öndərin müəllifi olduğu müstəqil Azərbaycanın yeni Konstitusiyasının ümumxalq səsverməsi (referendum) yolu ilə qəbul edilməsi və parlament seçkilərinin keçirilməsi ilə dövlət quruculuğu sahəsində yeni dövr başlandı. Məhz yeni Konstitusiyanın verdiyi imkanlar sayəsində ölkədə çox qısa bir vaxtda hüquqi, iqtisadi, sosial islahatları həyata keçirmək, demokratik dəyərlərin cəmiyyətdə bərqərar olması yolunda inamlı addımlar atmaq mümkün oldu. Prezident İlham Əliyev bu barədə belə deyib:

"Ölkəmizdə müstəqil dövlət təsisatlarının yaradılması, beynəlxalq normalara əsaslanan demokratik, hüquqi dövlət quruculuğunun böyük vüsət alması, suveren Azərbaycanın Əsas Qanunu olan Konstitusiyanın qəbul edilməsi, vətəndaş cəmiyyətinin formalaşdırılması, milli təhlükəsizliyin təmin olunması və yeni iqtisadi kursun müəyyənləşdirilməsi ilə bağlı proseslərin müvəffəqiyyətli həlli şəxsən Heydər Əliyevin xidmətidir".

Dövlət quruculuğunda hüquqi islahatların aparılması məqsədi ilə Heydər Əliyevin 1996-cı il 21 fevral tarixli sərəncamı ilə Hüquq İslahatları Komissiyası yaradıldı. Ümummilli liderin başçılıq etdiyi bu komissiya ölkə həyatının ən müxtəlif sahələrində islahatların aparılmasında əhəmiyyətli rol oynadı.

Milli Məclis tezliklə Konstitusiya quruculuğu, məcəllələşdirmə, digər qanunvericilik sahələri, o cümlədən parlament fəaliyyətinə dair daxili nizamnamə, deputat statusu, parlament komissiyaları haqqında, habelə ictimai münasibətlərin tənzimlənməsinə yönəlmiş qanunlar qəbul etdi, parlament institutunun konstitusion normalarını formalaşdırdı. Bu dövrdə parlament əsas funksiyasını davam etdirərək, ölkədə sosial-iqtisadi, hüquqi-siyasi islahatların keçirilməsi üçün zəruri qanunvericilik bazası yaratdı. Bir sözlə, ölkənin hüquq sistemi yenidən müasir dövrün tələblərinə uyğun quruldu.

Milli Məclisdə hüquqi islahatlara dair " Konstitusiya Məhkəməsi haqqında", "Məhkəmələr və hakimlər haqqında", "Polis haqqında", "Prokurorluq haqqında", "Vəkillər və vəkillik fəaliyyəti haqqında", "Notariat haqqında", "Sərbəst toplaşmaq azadlığı haqqında", "Azərbaycan Respublikasının vətəndaşlığı haqqında", "Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin hüquqi vəziyyəti haqqında", "Uşaq hüquqları haqqında", "Bələdiyyələrə seçkilərin qaydaları haqqında", "Bələdiyyələrin statusu haqqında" qanunlar qəbul edildi. Yeni qanunvericilik sisteminin təşəkkülü istiqamətində Cinayət, Cinayət-Prosessual, Mülki, Mülki-Prosessual, İnzibati Xətalar, Ailə, Əmək, Vergi, Gömrük, Seçki məcəllələri qəbul olundu.

Parlamentdə qəbul olunmuş "Azərbaycan Respublikasının insan hüquqları üzrə müvəkkili (ombudsman) haqqında", "Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının həyata keçirilməsinin tənzimlənməsi haqqında", "Azərbaycan Respublikasının Nazirlər Kabinetinə Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən etimad məsələsinin həll edilməsi hüququnun əlavə təminatları haqqında" Konstitusiya qanunları hüquqi islahatlar sahəsində çox mühüm addım oldu.

Ümumiyyətlə, 1993-cü il oktyabrın 10-dan 2002-ci il dekabrın 30-dək Milli Məclisdə qəbul edilmiş 1715 qanun və qərardan 975-nin məhz ümummilli lider Heydər Əliyevin qanunvericilik təşəbbüsü əsasında parlamentə təqdim olunmuşdur.

1998-ci il fevralın 10-da ölkəmizdə ölüm hökmü rəsmən ləğv edildi. Azərbaycan MDB məkanında və müsəlman dünyasında bu tarixi qərarı qəbul edən ilk dövlət idi. O vaxt hətta Avropa Şurasının üzvü olan bir çox ölkələr analoji addım atmamışdı. 1998-ci il avqustun 8-də ulu öndər konstitusion hüququn təməl prinsiplərindən olan söz azadlığının təminatı ilə bağlı mühüm bir qərara imza atdı - mətbuat üzərində senzura tamamilə ləğv edildi.

1999-cu il dekabrın 12-də Konstitusiyada təsbit olunmuş keçid müddəalarından daha birinə əməl olundu - ölkədə ilk bələdiyyə seçkiləri keçirildi, yerli özünüidarə institutu fəaliyyətə başladı. Ölkə iqtisadiyyatı üçün böyük əhəmiyyət kəsb edən neft kontraktları təsdiqləndi. Azərbaycan qlobal enerji və kommunikasiya layihələrinin fəal iştirakçısına çevrildi.

Bu gün bu siyasət Prezident İlham Əliyev tərəfindən yeni mərhələdə müvəffəqiyyətlə davam etdirilir. Dövlət başçısının təşəbbüsü ilə qədim İpək Yolunun Bakı-Tbilisi-Qars nəqliyyat xəttinin timsalında dəmir relslər üzərinə keçirilməsi istiqamətində fəal işlər görülür. Azərbaycan qocaman Avropanın enerji təhlükəsizliyinə öz töhfəsini verməklə yanaşı, Cənubi Qafqazda söz sahibi olaraq regionun lider dövlətinə çevrilmişdir. Bu, sözün həqiqi mənasında, əsası ulu öndər tərəfindən qoyulmuş müstəqil Azərbaycanın inkişaf konsepsiyasının uğuru, bu gün İlham Əliyev tərəfindən davam etdirilən Heydər Əliyev siyasətinin təntənəsidir.

Heydər Əliyev ölkəmizin nüfuzlu beynəlxalq təşkilatlarla əlaqələrinə, o cümlədən Avropa Şurasına üzvlüyü məsələsinə böyük önəm verirdi. Milli Məclis öz növbəsində Azərbaycanın demokratik inkişaf yolunda mövqeyini möhkəmləndirmək üçün qəbul etdiyi qanunvericilik aktlarını, xüsusilə də məcəllələrin hazırlanmasını sürətləndirdi, Avropa Şurasının bir sıra saziş və konvensiyalarına qoşuldu. Bu siyasətin məntiqi nəticəsi kimi müstəqil Azərbaycan 2001-ci il yanvarın 17-də Avropa Şurası Nazirlər Komitəsinin qərarı ilə bu təşkilatın tamhüquqlu üzvlüyünə qəbul olundu.

Avropa Şurası Parlament Assambleyasında ölkəmizin ilk parlament nümayəndə heyətinə 2001-ci ildən 2003-cü ilin oktyabrınadək cənab İlham Əliyev rəhbərlik edirdi. Nümayəndə heyəti AŞ PA-nın 2001-ci il aprel sessiyasında "Ermənistan tərəfindən azərbaycanlı əhaliyə qarşı törədilmiş soyqırımın tanınması" və "Ermənistan və Dağlıq Qarabağda saxlanılan müharibə əsirləri və girovları" adlı rəsmi sənədlərin qəbul olunmasına nail oldu.

Sonrakı mərhələdə ölkənin ictimai-siyasi həyatında, iqtisadi inkişafında baş verən keyfiyyət dəyişiklikləri, ölkəmizin Avropa hüquq məkanına daxil olması ilə əlaqədar Konstitusiyaya bir sıra əlavə və dəyişikliklərə ehtiyac yarandı. Bu tarixi və təbii proseslərin nəticəsi kimi ölkədə iki dəfə konstitusiya islahatı həyata keçirildi.

İlk dəfə - 2002-ci ildə Azərbaycanda konstitusion dəyişikliklərə yaranan ehtiyac məhz həyatın bütün sahələrində qabarıq nəzərə çarpan sürətli inkişafdan irəli gəlirdi. 2002-ci il avqustun 24-də keçirilmiş referendumun nəticəsi kimi ölkənin əsas sənədinə bir sıra mütərəqqi dəyişikliklər edildi. Dəyişikliklər məhkəmə islahatlarının həyata keçirilməsinə, Milli Məclisin fəaliyyətinin, seçki sisteminin təkmilləşdirilməsinə, insan hüquq və azadlıqlarının daha səmərəli müdafiəsinə xidmət etdi.

Sonrakı mərhələdə ulu öndərin layiqli davamçısı Prezident İlham Əliyevin rəhbərliyi ilə cəmiyyət həyatının bütün sahələrində əldə edilən uğurlar, sosial-iqtisadi islahatların dərinləşməsi, vətəndaş cəmiyyəti institutlarının, qeyri-hökumət təşkilatlarının dövlət dəstəyi ilə əhatə olunması, Avroatlantik məkana inteqrasiya, bütövlükdə respublikanın həyatında özünü qabarıq göstərən fundamental dəyişikliklər və pozitiv yeniliklər ölkə Konstitusiyasında yenidən bir sıra əlavə və dəyişikliklər edilməsini gündəmə gətirdi. Bu məqsədlə 2009-cu il martın 18-də keçirilən referendum Azərbaycan xalqının demokratikləşmə və liberallaşmaya xidmət edən, insan hüquqlarının qorunmasında əlavə imkanlar açan konstitusiya islahatlarını dəstəklədiyini təsdiq etdi.

2003-cü ilin oktyabrından ulu öndərin siyasi kursunu bütün sahələrdə uğurla davam etdirən Azərbaycan Prezidenti İlham Əliyev də qanun yaradıcılığı prosesinə dövlət quruculuğunun mühüm sahələrindən biri kimi yanaşmış, Milli Məclisin müasirləşməsinə, maddi-texniki bazasının yüksəlməsinə çalışmışdır.

 Bu gün Milli Məclis dövlət başçısına dəstək olaraq keçid dövrünü arxada qoymuş ölkəmizin yeni inkişaf modelinin hüquqi təminatının yaradılmasında yaxından iştirak edir. Bu baxımdan parlamentin fəaliyyətinə qiymət verən Prezident İlham Əliyev öz fikirlərini belə açıqlayır:

"Milli Məclis Azərbaycanın inkişafında çox mühüm rol oynayır. Yeni qanunlar qəbul olunur, Milli Məclisin beynəlxalq fəaliyyəti möhkəmlənir və deputatların seçicilərlə görüşləri çox mütəmadi xarakter alır. Bu, çox önəmlidir, çünki seçicilərin qayğıları, onların arzuları ilk növbədə yerinə yetirilməlidir. Bu baxımdan Milli Məclis üzvlərinin fəaliyyətindən çox şey asılıdır. Bütün görülən işlər, ölkədə gedən inkişaf meyilləri bir məqsədə qulluq edir: Azərbaycanı hərtərəfli inkişaf etdirmək, zəngin, qüdrətli dövlətə çevirmək, sosial ədalət prinsiplərini tam şəkildə bərqərar etmək və ölkəmizi müasirləşdirmək."

Bu gün fəxrlə deyə bilərik ki, IV çağırış Milli Məclis ölkəmizin Konstitusiyasına uyğun olaraq qanun yaradıcılığı sahəsində üzərinə düşən vəzifələri uğurla həyata keçirir. Parlamentdə qəbul olunan Konstitusiya qanunları, məcəllələr, qanunlar, təsdiq edilmiş konvensiyalar və sazişlər cəmiyyət və dövlət həyatında yaranan münasibətləri tənzimləməyə xidmət edir. Milli Məclis öz fəaliyyətində ulu öndərin dövlətçilik formuluna sadiq qalaraq milli xüsusiyyətləri nəzərə almaqla qabaqcıl dünya ölkələrinin təcrübəsindən, o cümlədən Avropa parlamentarizmi ənənələrindən bəhrələnməyə xüsusi əhəmiyyət verir.

Qeyd etmək lazımdır ki, cənab İlham Əliyevin vaxtilə Avropa Şurası Parlament Assambleyasında nümayəndə heyətimizin rəhbəri olduğu dövrdə formalaşmış parlament diplomatiyası ənənəsi bu gün deputatlarımız tərəfindən nüfuzlu beynəlxalq qurumlarda uğurla davam etdirilir.

Bu siyasətin məntiqi nəticəsi kimi Avropa Şurası Parlament Assambleyasının, BMT Baş Assambleyasının, Avropa Parlamentinin, Almaniya Bundestaqının və İtaliya Senatının Dağlıq Qarabağ problemi ilə əlaqədar qəbul etdikləri qətnamələrdə ölkəmizin mövqeyini dəstəkləmələrini misal göstərmək olar. Bu gün Heydər Əliyev Fondunun həyata keçirdiyi "Xocalıya ədalət" kampaniyası çərçivəsində xarici ölkələrdə fəaliyyət göstərən diaspor təşkilatlarımız, diplomatlarımız və xarici ölkələrə səfər edən Milli Məclisin deputatları Xocalı soyqırımının bütün dünyada tanınması istiqamətində işlər aparır və artıq Kolumbiya, Meksika, Pakistan, Çexiya, Rumıniya, Latviya, Bosniya və Herseqovina, İordaniya, Peru, Panama parlamentlərində və ABŞ-ın 20-dək ştatında Xocalı soyqırımına siyasi qiymət verilmişdir. İslam Əməkdaşlıq Təşkilatının Parlament İttifaqı Xocalı faciəsini beynəlxalq səviyyədə soyqırımı kimi tanımışdır.

Bu gün qürurla deyə bilərik ki, artıq ölkəmiz nüfuzlu beynəlxalq tədbirlərə ev sahibliyi edən etibarlı tərəfdaşa çevrilmişdir. 2013-cü ildə Azərbaycanın BMT kimi dünyanın taleyinin müzakirə olunduğu mötəbər qurumun Təhlükəsizlik Şurasına sədrlik etməsi ölkəmizin günbəgün artan nüfuzunun bariz nümunəsidir. Müstəqil ölkəmiz artıq kosmik klubun üzvüdür. 2013-cü ilin sonuna yaxın isə Azərbaycan dünyaya səs salaraq "Şahdəniz-2" kimi tanınan XXI əsrin müqaviləsini imzaladı. Bununla ölkəmiz Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bir daha göstərmiş oldu.

Dövlət başçısının yürütdüyü uğurlu və uzaqgörən siyasəti yüksək qiymətləndirən Azərbaycan xalqı 2013-cü ilin oktyabrında keçirilmiş seçkilərdə bir daha məmnuniyyətlə öz Prezidentinə - İlham Əliyevə səs verdi.

Əminliklə deyə bilərik ki, ölkəmizin imza atdığı uğurlarda Milli Məclisin də öz töhfəsi, öz payı var. Müstəqil dövlətimizin parlamentinin keçdiyi yola nəzər salarkən əmin ola bilərik ki, müasir Azərbaycan dövlətinin xilaskarı və qurucusu Heydər Əliyevin böyük uzaqgörənliklə formalaşdırdığı parlamentarizm ənənələri illər keçdikcə daha da möhkəmlənir və zənginləşir. Bu gün hüquqi, demokratik dövlət quruculuğu prosesındə yaxından iştirak edən IV çağırış Milli Məclis ölkə həyatının müxtəlif sahələrində ictimai münasibətləri tənzimləyən müasir ruhlu qanunlar, qərarlar qəbul edir, ölkəmizin taleyüklü məsələlərinin həllində öz sözünü deyir.

 

Parlamentimiz ulu öndər Heydər Əliyevin dövlətçilik, azərbaycançılıq məfkurəsindən bəhrələnərək bütün məsələlərdə ölkə vətəndaşlarının mənafeyini uca tutur, yeni qanunların insanların rifahının yüksəlməsinə və maraqlarının qorunmasına xidmət etməsinə çalışır. Əminəm ki, IV çağırış Milli Məclis bundan sonra da Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə vüsət alan inkişaf prosesinin qanunvericilik bazasının möhkəmləndirilməsi üçün əzmlə çalışacaq, ölkəmizin yeni-yeni uğurlara imza atmasına bundan sonra da öz dəyərli töhfələrini verəcəkdir.

 

Oqtay ƏSƏDOV,

 

Azərbaycan Respublikası Milli Məclisinin

Sədri, YAP Siyasi Şurasının üzvü

 

Azərbaycan.- 2014.- 9 may.- S.3.