Heydər Əliyevin iqtisadi modeli

dinamik inkişafın təməlidir

 

İqtisadiyyatı güclü olan dövlət hər şeyə qadirdir.

 

Heydər ƏLİYEV

 

Dünya təcrübəsi göstərir ki, hər bir dövlətin inkişaf yolunu müəyyən edən başlıca amillərdən biri milli lider faktorudur. Milli lider fenomeninin elmi əsaslar üzərində müəyyənləşdirdiyi mükəmməl strategiya ölkənin iqtisadi inkişaf potensialının reallaşdırılmasını təmin edirbu potensialın hər bir vətəndaşın mənafeyinə xidmət etməsinə geniş imkanlar yaradır. XX əsr dünya tarixinin parlaq şəxsiyyətlərindən biri kimi Azərbaycan xalqının müstəqillik arzusunu konkret dövlət modelində gerçəkliyə çevirərək milyonların qəlbində özü üçün abidə ucaldan ümummilli lider Heydər Əliyev müstəqil Azərbaycanın hərtərəfli inkişaf strategiyasının müəllifidir.

Azərbaycanın inkişaf mərhələlərinin təhlili göstərir ki, ümummilli lider tərəfindən yeni prinsiplər əsasında qurulan milli iqtisadiyyatın əsası Heydər Əliyevin Azərbaycanda ikinci dəfə hakimiyyətə qayıdışından xeyli əvvəl - 1969-cu ildə respublikaya rəhbər seçilməsindən başlayır. Ulu öndər totalitar rejimin hökmranlıq etdiyi mürəkkəb tarixi şəraitdə Azərbaycanı Sovet İttifaqının ən qabaqcıl respublikalarından birinə çevirmək üçün bütün sahələrdə geniş islahatlar həyata keçirmişdir. Postsovet məkanında analoqu olmayan cəsarətli qərarları ilə Heydər Əliyev Azərbaycanın iqtisadi inkişafının əsaslarının yaradılması, zəngin iqtisadi potensialının ölkənin gələcək inkişafına yönəldilməsi prosesinə start vermişdir. Heydər Əliyevin ölkənin gələcəyinə ünvanlanmış strategiyasının reallaşdırılması nəticəsində Azərbaycan keçmiş sovetlər birliyində qabaqcıllar sırasına çıxmış, ölkəmizin şəhər və kəndlərinin siması sürətlə dəyişməyə, insanların rifahı yaxşılaşmağa başlamışdır.

Həmin dövrün statistik göstəricilərinə nəzər salsaq, Azərbaycanın 1969-1982-ci illərdə sözün əsl mənasında böyük uğurlar qazandığını görərik. Yüksək inkişaf tempi Azərbaycan iqtisadiyyatının bütün sahələrini, o cümlədən kənd təsərrüfatını da əhatə edirdi. Ulu öndər Heydər Əliyev 70-ci illərin əvvəllərində SSRİ hökuməti qarşısında aqrar sektorun inkişafı, kənd əhalisinin məşğulluğu, güzəranı baxımından taleyüklü məsələlər qaldırmış və onların həllinə nail olmuşdur. 1971-1975-ci illərdə 1966-1970-ci illərə nisbətən məhsul istehsalı 34 faiz artdı, bir sıra vacib sahələrdə yüksək göstəricilər əldə edilməsinin möhkəm təməli yaradıldı. 1976-1980-ci illərdə Azərbaycan kənd təsərrüfatı ümumi məhsulunun artımına görə SSRİ-də birinci yerə çıxdı.

Ümummilli liderin uzaqgörən və müdrik siyasəti nəticəsində Azərbaycan o zaman Sovet İttifaqında ən qabaqcıl kənd təsərrüfatı, o cümlədən pambıqçılıq və üzümçülük respublikasına çevrildi. Həmin illərdə respublikamızda elektron maşınqayırması, yüngülyeyinti sənayesi üçün maşın və avadanlıq istehsalı, digər mütərəqqi sənaye sahələri yaradıldı. Əgər XIX əsrdən XX əsrin 80-ci illərinədək (təxminən 100 il ərzində) Azərbaycanda 735 böyük sənaye obyekti tikilmişdisə, Heydər Əliyevin respublikaya rəhbərlik etdiyi ilk dövrdə onların sayı 1048-ə çatdı. 1971-1985-ci illərdə 581 adda yeni tipli maşın, avadanlıq, aparatcihaz nümunələri yaradıldı. Azərbaycan həmin illərdə neft məhsulları, neft avadanlığı, əlvan metallar, polad borular, sintetik kauçuk, elektrik mühərrikləri, məişət kondisionerləri, mineral gübrələr, xalça və digər istehsal növləri üzrə Sovet İttifaqında aparıcı yerlərdən birini tuturdu. Ölkəmizdə buraxılan 350 adda məhsul dünyanın 65 ölkəsinə ixrac olunurdu. 1969-1982-ci illərdə Heydər Əliyevin rəhbərliyi ilə ölkəmizdə sənaye və aqrar sahələrin inkişafında əldə olunan uğurlarla yanaşı, elm, təhsil, səhiyyə, mədəniyyət və digər sahələrdə də müsbət nəticələr əldə olundu.

Azərbaycanın inkişaf tarixinin dinamikası bir daha təsdiq edir ki, Heydər Əliyevin 14 iyul 1969-cu ildə hakimiyyətə gəlişindən sonrakı dövr, əslində respublikamızı müstəqil dövlət quruculuğuna aparan yolun başlanğıcı idi. 1970-ci illərdən başlanan iqtisadi inkişaf, milli-mədəni dirçəliş, milli ruhun yüksəlişi xalqımızın illərdən bəri qəlbində yaşatdığı dövlətçilik ideyasının milli-azadlıq mübarizəsində əsas hərəkətverici qüvvəyə çevrilməsinə mühüm zəmin yaratdı.

Ulu öndər sonralar o illəri xatırlayarkən bildirmişdir: "70-ci illərdə görülən işlər, yaradılan böyük iqtisadiyyat, sənaye potensialı və neft sənayesi sahəsində görülən işlər, yaranmış potensial Azərbaycan Respublikasının dövlət müstəqilliyinin əsasıdır. Bu gün bəyan etmək istəyirəm ki, o illərdə bu işləri görərkən mən məhz Azərbaycanın gələcəyini, bugünkü müstəqilliyini düşünürdüm. O işləri görərkən mən əmin idim ki, onlar Azərbaycanın sərbəst, müstəqil yaşaması üçün əsas yaradır".

Azərbaycan Prezidenti İlham Əliyevin bəyan etdiyi kimi, əgər 70-ci illərdə Azərbaycanın təkmil neft sənayesi kompleksi formalaşmasaydı, müstəqillik dövründə yeni neft strategiyasını uğurla həyata keçirmək də çətin olacaqdı. Keçmiş imperiya daxilində hansı qlobal proseslərin getdiyini daha dərindən müşahidə etmək imkanına malik olan Heydər Əliyev Azərbaycanın müstəqillik əldə edəcəyini öncədən görərək bunun üçün iqtisadi-siyasi, intellektual baza formalaşdırmışdır. Həmin illərdə ulu öndər milli kadr hazırlığına da xüsusi diqqətlə yanaşmış, dövlət idarəçiliyində azərbaycanlıların sayı artmış, onların xaricdə təhsil almasına yaxşı imkanlar yaranmışdır. Məhz o dövrdə xaricdə yüksək təhsil almış kadrlar bu gün də dövlət quruculuğu prosesinə öz töhfələrini verirlər.

Həmin illərdə formalaşdırılmış böyük iqtisadi potensial 90-cı illərin sonlarına doğru dünyada cərəyan edən mürəkkəb proseslərin nəticəsi kimi istiqlaliyyət qazanmış Azərbaycanın sonrakı mərhələdə müstəqil yaşamasını təmin etmişdir. Müdrik xalqımızın XX əsrdə dünya siyasi arenasına bəxş etdiyi nadir şəxsiyyət kimi ümummilli liderlik zirvəsinə ucalmış Heydər Əliyev bu gün həm də müstəqil respublkamızın milli inkişaf modelinin banisi kimi böyük ehtiram və rəğbətlə anılır. Heydər Əliyev özünün dərin iqtisadi bilik və təcrübəsi əsasında Azərbaycanın yeni dövr üçün iqtisadi inkişaf prioritetlərini müəyyənləşdirmiş, bu sahədə mövcud problemlərin həlli yollarını elmi-nəzəri və praktiki əsasda göstərmişdir. Ümummilli lider mərkəzi planlaşdırma və bölgü prinsiplərinin hakim olduğu bir ictimai-iqtisadi formasiyadan azad bazar iqtisadiyyatına optimal keçid modelini irəli sürərək onun həyata keçirilməsinə nail olmuşdur. İqtisadi sahədə həyata keçirilən islahatların əsasında bazar iqtisadiyyatının formalaşdırılması yolu ilə sürətli inkişafı təmin etmək, vətəndaşların sosial rifahını yüksəltmək məqsədi dayanır.

Böyük və zəngin tarixə malik olan xalqımız ötən əsrin son onilliyində müstəqilliyini yenidən bərpa etdi. Müstəqilliyin bərpasının ilk illərində ölkəmizdə olduqca mürəkkəb sosial-iqtisadisiyasi vəziyyət mövcud idi. Həmin dövrdə dövlət idarəçiliyi sahəsində təcrübənin olmaması, ölkədaxili siyasi böhran, Ermənistan tərəfindən torpaqlarımızın 20 faizinin işğalı nəticəsində bir milyondan artıq soydaşımızın qaçqın və məcburi köçkünə çevrilməsi kimi hadisələrin təsiri respublikanın sosial-iqtisadi həyatında dərin izlər buraxmışdı. Bütün bunların nəticəsi olaraq istehsalın həcminin kəskin sürətdə aşağı düşməsi, işsizlikinflyasiya səviyyələrinin yüksəlməsi müşahidə edilirdi.

Bu illərdə milli valyutanın zəruri təminat bazası olmadığına görə onun alıcılıq qabiliyyəti kəskin şəkildə aşağı düşdü ki, bu da işsizliyin artması və əhalinin rifahının kəskin surətdə pisləşməsi ilə nəticələndi. 1992-1993-cü illərdə səriştəsiz büdcə-vergi və pul-kredit siyasəti respublikanın real imkanları ilə uzlaşmadığından real və maliyyə sektorlarının iflasına, iqtisadi tənəzzülün daha da dərinləşməsinə gətirib çıxardı. 1992-ci ildə tədavülə buraxılmış milli valyuta - manat tezliklə qiymətdən düşməyə, inflyasiyanın yaranması və sürətlə artması müşahidə olunmağa başladı və 1992-ci ildə inflyasiya səviyyəsi əvvəlki ilə nisbətən 4,9 dəfə artaraq 912,3 faiz təşkil etdi. Büdcə kəsirinin ümumi daxili məhsula nisbəti 1991-ci ildəki 3 faizdən 1994-cü ildə 10 faizə qədər artdı.

Müstəqilliyin ilk illərində ölkə iqtisadiyyatında ÜDM hər il orta hesabla 16,5 faiz azalırdı. Tənəzzül meyli sənayedə xüsusilə kəskin xarakter almış, 1985-ci ilə nisbətən sənaye istehsalının həcmi 1991-ci ildə 10 faiz, 1992-ci ildə 37 faiz, 1993-cü ildə isə 50 faizə qədər azalmışdı. Ölkə istehsal potensialının demək olar ki, 2/3-ni itirmişdi. Həmin illərdə xarici ticarət dövriyyəsinin həcmi 42 faiz azalmış, 1994-cü ilədək Azərbaycan iqtisadiyyatına demək olar ki, xarici sərmayə qoyulmamışdı. Ölkə iqtisadiyyatı idarəolunmaz vəziyyətə düşmüşdü.

1993-cü ildə Azərbaycan xalqının təkidli tələbi ilə yenidən hakimiyyətə qayıdan ulu öndər Heydər Əliyev Azərbaycan Respublikasının Prezidenti seçildi. Bununla da ölkədə ictimai-siyasi sabitlik təmin edildiiqtisadi həyatda dirçəliş meyilləri yaranmağa başladı. Bunun nəticəsində iqtisadiyyata cəlb olunan investisiyaların həcmi ildən-ilə artdı, xalqın güzəranı yaxşılaşmağa başladı, bir sıra əhəmiyyətli nailiyyətlər əldə edildi.  Ən böyük nailiyyət isə ölkəmizdə aparılan müstəqil dövlət quruculuğu prosesində iqtisadi islahatların və inkişafın mahiyyət etibarilə yeni modelin - Heydər Əliyev modelinin yaranması idi.

Ulu öndərin ən çox diqqət yetirdiyi məsələlərdən biri islahatların ardıcıl və sistemli şəkildə həyata keçirilməsi məqsədilə mükəmməl qanunvericilik bazasının yaradılması, onun beynəlxalq tələblərə uyğunlaşdırılması idi. İqtisadiyyatın ayrı-ayrı sahələrini tənzimləyən qanun layihələrini Milli Məclisin müzakirəsinə göndərən Heydər Əliyev onların demokratik prinsiplərlə və aşkarlıq şəraitində müzakirəsini də vacib sayırdı. Bu dövrdə qəbul olunmuş iqtisadi qanunlar Azərbaycanın milli iqtisadi inkişaf modelinin formalaşmasına və iqtisadi islahatların vətəndaşların mənafeyinə uyğun şəkildə həyata keçirilməsinə etibarlı zəmin yaratdı. 1993-2003-cü illərdə qəbul edilmiş qanun və qərarların böyük əksəriyyəti - 975-i məhz ümummilli lider Heydər Əliyevin qanunvericilik təşəbbüsü əsasında parlamentə təqdim olunmuşdu.

Bu qanunların, normativ-hüquqi sənədlərin başlıca məqsədi müstəqil Azərbaycan dövlətinin iqtisadi əsaslarının möhkəmləndirilməsi, bazar iqtisadiyyatının formalaşdırılması, dövlət idarəetməsinin təkmilləşdirilməsi, vətəndaşların sosialiqtisadi hüquqlarının daha dolğun təmin edilməsi idi.

Heydər Əliyevin qətiyyətli siyasəti nəticəsində 1994-cü ildən başlayaraq həyata keçirilən uğurlu neft strategiyası, neft gəlirləri əsasında yaradılmış möhkəm maliyyə-iqtisadi baza hesabına qeyri-neft sektorunun dinamik inkişafı və iqtisadiyyatın diversifikasiyası, özəl sektorun inkişafına hərtərəfli dövlət dəstəyi, regionların tarazlı inkişafı, keyfiyyətli insan kapitalının formalaşdırılması, səmərəli beynəlxalq iqtisadi əməkdaşlıq, dünya iqtisadiyyatına inteqrasiya son nəticədə ölkəmizin hər bir vətəndaşının rifahının yüksəldilməsində mühüm rol oynadı.

1994-cü il sentyabrın 20-də dünyanın 8 ölkəsini təmsil edən 11 transmilli neft şirkəti ilə "Əsrin müqaviləsi"nin imzalanması Azərbaycanda siyasi sabitliyin yaradılmasının və enerji təhlükəsizliyinin möhkəm təməlini qoydu, dünya iqtisadi sisteminə inteqrasiya üçün əlverişli şərait yaratdı və ölkəyə xarici investisiyaların axını başlandı. Azərbaycan MDB məkanında Qərbin iri neft şirkətləri ilə böyük miqyasda saziş imzalayan ilk dövlət olmaqla Xəzər dənizində beynəlxalq əməkdaşlığın əsasını da qoydu. Heydər Əliyevin neft strategiyasının ən böyük uğuru Azərbaycanın enerji daşıyıcılarını dünya bazarına çıxaran Bakı-Tbilisi-Ceyhan əsas ixrac boru kəməri layihəsi idi. Vaxtilə bəziləri bu kəmərin reallaşacağına inanmasa da, onu əfsanə adlandırsa da, ulu öndər layihənin uğuruna əmin idi. Bu gün dünya etiraf edir ki, Heydər Əliyev dühası, uzaqgörənliyi, mübarizliyi olmasaydı, Bakı-Tibilisi-Ceyhan da olmazdı.

Azərbaycan neftinin dünya bazarlarına çıxarılması üçün 1996-cı ildə Bakı-Novorossiysk, 1999-cu ildə Bakı-Supsa ixrac neft kəmərlərinin istismara verilməsinə, Bakı-Tbilisi-Ceyhan əsas ixrac neft kəmərinin inşası ilə bağlı sazişin imzalanmasına və beləliklə də ixrac marşrutlarının diversifikasiyasına nail olundu. Bununla yanaşı, Azərbaycan qazının Qərb bazarına ixracının təmin olunması üçün ulu öndərin şəxsi təşəbbüsü ilə Bakı-Tbilisi-Ərzurum qaz kəmərinin inşasına başlanıldı.

Ümummilli lider Heydər Əliyevin 1999-cu ildə imzaladığı fərmanla neft yataqlarının xarici şirkətlərlə birgə işlənməsindən əldə edilən mənfəət neftinin satışından daxil olan vəsaitlərin səmərəli idarə edilməsi, həmin vəsaitlərin prioritet sahələrin inkişafına və sosial-iqtisadi baxımdan mühüm əhəmiyyət kəsb edən layihələrin həyata keçirilməsinə yönəldilməsini təmin etmək üçün Dövlət Neft Fondu yaradıldı. Fəaliyyətinin əsasını Heydər Əliyevin "Neft Azərbaycanın ən böyük sərvəti olub, xalqa, özü də təkcə indiki nəslə deyil, həm də gələcək nəsillərə mənsubdur" fəlsəfəsi təşkil edən Dövlət Neft Fondunun başlıca məramı neftqaz hasilatından əldə olunan vəsaitlərin səmərəli idarə edilməsidir. Ulu öndərin müdrik qərarı ilə Dövlət Neft Fondundan ilk vəsait qaçqın və məcburi köçkünlərin sosial-məişət şəraitinin yaxşılaşdırılmasına yönəldildi. Hazırda beynəlxalq təşkilatlar tərəfindən fondun fəaliyyəti və bu sahədə şəffaflığın təmin edilməsi yüksək qiymətləndirilir.

Aqrar sektorun bazar prinsipləri əsasında qurulması ilə bağlı islahatların həyata keçirilməsinə başlanıldı. Ulu öndər Heydər Əliyevin təşəbbüsü və rəhbərliyi altında MDB-də ilk olaraq 1995-ci ildən başlanan aqrar islahatların həyata keçirilməsi, sovxoz və kolxozların ləğv olunması, onlara məxsus torpağın, mal-qaranın və əmlakın  özəlləşdirilməsi kimi tədbirlər nəticəsində kənd təsərrüfatında ciddi struktur dəyişiklikləri baş verdi, keyfiyyətcə fərqli münasibətlər formalaşdı.

Heydər Əliyevin memarı olduğuuğurla həyata keçirdiyi torpaq islahatı nəticəsində 1350 min hektardan çox torpaq sahəsi əvəzsiz olaraq kəndlilərə paylandı, kolxoz və sovxozların yerində fermer təsərrüfatları yaradıldı. Bütün qeyd olunan tədbirlərin həyata keçirilməsi nəticəsində bu gün  aqrar bölmədə özəl sektorun xüsusi çəkisi demək olar ki, 100 faizə çatmışdır.

Aqrar sektorda səmərəli təsərrüfatçılığın, sahibkarlığın inkişafının təmin edilməsi məqsədilə kənd təsərrüfatı məhsulları istehsalçılarının əvvəlki vergi borcları silindionlar torpaq vergisindən başqa digər vergi ödəmələrindən azad edildi.

1995-ci ildən etibarən ölkədə aparılan ardıcıl və sistemli iqtisadi islahatların ən mühüm istiqamətlərindən birini də dövlət mülkiyyətinin özəlləşdirilməsi və azad sahibkarlığın inkişafı üçün əlverişli şəraitin yaradılması təşkil edirdi.

Heydər Əliyev ölkənin gələcək iqtisadi inkişafının məhz özəl sektorla bağlı olduğunu vurğulayırdı: "Sahibkarlığın inkişaf etdirilməsi, sərbəst iqtisadiyyata yol verilməsi, bazar iqtisadiyyatının yaradılması bizim strateji yolumuzdur". Ulu öndərin müəyyən etdiyionun rəhbərliyi ilə uğurla həyata keçirilən sahibkarlığın inkişafı strategiyası özəl bölmənin inkişafına yönəlmiş tədbirlərin sistemliliyi, dövlət tənzimlənməsinin liberallaşdırılması, dövlət-sahibkar münasibətlərinin institusionallaşdırılması ilə xarakterizə edilir. Heydər Əliyevin rəhbərliyi ilə sahibkarlıq infrastrukturunun formalaşdırılması istiqamətində mühüm addımlar atıldı, sahibkarlara maliyyə dəstəyi və zəruri texniki yardım göstərən strukturlar formalaşdı. Sahibkarların vergi yükünün azaldılması istiqamətində mənfəət və əlavə dəyər vergisinin dərəcələri aşağı salındı, kiçik sahibkarlıq subyektlərinə vahid vergi tətbiq edilməyə başlandı.

Özəlləşdirmənin həyata keçirilməsi üçün normativ-hüquqi baza yaradıldı, "Azərbaycan Respublikasında 1995-1998-ci illərdə dövlət mülkiyyətinin özəlləşdirilməsinin Dövlət Proqramı" və Azərbaycan Respublikasında dövlət əmlakının özəlləşdirilməsinin İkinci Dövlət Proqramı təsdiq edildi. Bu mühüm sənədlərdə xüsusi mülkiyyət və sərbəst rəqabət prinsipləri əsasında öz-özünü tənzimləyən bazar iqtisadiyyatı mühitinin yaradılması, iqtisadiyyatın strukturunun bazar iqtisadiyyatının tələblərinə uyğun olaraq yenidən qurulması, iqtisadiyyata investisiyaların, o cümlədən xarici investisiyaların cəlb edilməsi kimi məsələlər öz əksini tapmışdır. Dövlət əmlakının özəlləşdirilməsi və torpaq islahatları, qiymətlərin liberallaşdırılması, vergi islahatlarının aparılması, əlverişli biznes mühitinin yaradılması, xarici investisiyanın qorunması, eləcə də bazar infrastrukturunun formalaşdırılması üzrə həyata keçirilən tədbirlər keçid dövrünün başa çatmasında əhəmiyyətli rol oynadı.

Heydər Əliyev Azərbaycan Respublikasının Prezidenti kimi fəaliyyətə başladığı ilk gündən vətəndaşların həyat səviyyəsinin yüksəldilməsini başlıca məqsəd kimi müəyyənləşdirmişdi. Ölkədə hər bir vətəndaşın rifahının yüksəldilməsi, onun sosial müdafiəsi və layiqli həyat səviyyəsinin təmin edilməsi məqsədləri ulu öndərin rəhbərliyi ilə hazırlanmış və 1995-ci ildə ümumxalq referendumu ilə qəbul edilmiş ali qanunvericilik sənədində - Konstitusiyada da təsbit edilmişdir. Sosial sahədə mövcud problemlərin kompleks şəkildə həllini nəzərdə tutan "2003-2005-ci illərdə yoxsulluğun azaldılması və iqtisadi inkişaf üzrə Dövlət Proqramı"na uyğun olaraq, əhalinin işlə təmin olunması, təhsil almaq, səhiyyə xidmətlərindən faydalanmaq imkanlarının genişləndirilməsi, infrastruktur və kommunal xidmətlərə olan ehtiyacın ödənilməsi, sanitariyagigiyena şəraitinin, həmçinin ətraf mühitin yaxşılaşdırılması, insan üçün layiqli həyat şəraitinin təmin edilməsi məqsədilə zəruri işlər həyata keçirildi.

Xalqa xidməti ən böyük xoşbəxtlik kimi dəyərləndirən ulu öndər qeyd etmişdir: "İstər bir azərbaycanlı, Azərbaycan Respublikasının vətəndaşı, istərsə də onun rəhbəri, Prezidenti kimi mənim həyat amalım yalnız sizə - bütün varlığım qədər sevdiyim Azərbaycan xalqına, dövlətçiliyimizə, ölkəmizin iqtisadi, siyasi, mənəvi inkişafına xidmət olmuşdur".

Bu mərhələdə həyata keçirilən iqtisadi siyasətin mühüm istiqamətlərindən biriinfrastrukturun inkişaf etdirilməsi olmuşdur. Bu baxımdan ulu öndərin rəhbərliyi ilə həyata keçirilən nəqliyyatın inkişafı siyasətinin mərkəzində ölkə ərazisində beynəlxalq və tranzit dəhliz və yolların, ölkənin regionlararası, şəhər və rayondaxili yol-nəqliyyat infrastrukturunun inkişafı, eləcə də milli nəqliyyat-yol sisteminin dünya kommunikasiya məkanına sürətli inteqrasiyası dururdu. Bu məqsədlə TRASEKA, Şimal-Cənub nəqliyyat dəhlizi, İNOGEYT Proqramının həyata keçirilməsinə başlanıldı. Nəticədə Azərbaycan Xəzər regionunda əsas multimodal nəqliyyat qovşağına və beynəlxalq əhəmiyyətli neft-qaz tranziti ölkəsinə çevrildi.

Heydər Əliyevin balanslaşdırılmış xarici siyasəti sayəsində ölkəmiz Cənubi Qafqazın lokomotiv dövlətinə, regionda gerçəkləşdirilən bütün transmilli layihələrin təşəbbüskarına və fəal iştirakçısına çevrildi. Ulu öndərin çoxsaylı xarici səfərləri, ikitərəfli və beynəlxalq səviyyədə imzalanmış mühüm saziş və sənədlər, uğurlu neft diplomatiyası, beynəlxalq və regional təşkilatlarla aparılan gərgin ölkəmizin inkişafının sürətləndirilməsinə mühüm töhfəsini verdi. Heydər Əliyevin təşəbbüsü ilə Birləşmiş Millətlər Təşkilatının qurumları, Avropa İttifaqı, İqtisadi Əməkdaşlıq Təşkilatı, Avropa Şurası, eləcə də Dünya Bankı, Beynəlxalq Valyuta Fondu, Avropa Yenidənqurma və İnkişaf Bankı və s. kimi beynəlxalq institutlarla səmərəli əməkdaşlıq yaradıldı.

Görülmüş işlərin nəticəsi olaraq Azərbaycanda 1995-ci ildən dinamik inkişafın yeni dövrü başlandı. 1995-2003-cü illər ərzində ümumi daxili məhsul 90,1 faiz, dövlət büdcəsinin gəlirləri 3,9 dəfə, ölkənin valyuta ehtiyatları 85 dəfə, sənaye məhsulunun həcmi 22,4 faiz, kənd təsərrüfatı istehsalı 52,8 faiz, xarici ticarət dövriyyəsi 4 dəfə, iqtisadiyyatda məşğul olanların orta aylıq əməkhaqqı 6,2 dəfə artdı, inflyasiya səviyyəsi 2-3 faizə qədər endirildi. Bu dövrdə iqtisadiyyata bütün maliyyə mənbələri hesabına 20 milyard ABŞ dolları həcmində investisiyanın qoyulması təmin olundu.

Beləliklə, düşünülmüş iqtisadi siyasət nəticəsində makroiqtisadi sabitliyə nail olundu, davamlı iqtisadi artımın əsası qoyuldu, eləcə də əhalinin həyat səviyyəsi yaxşılaşdı. Qiymətlər sabitləşdi, özəl sektorun inkişafının dəstəklənməsi mexanizmi yaradıldı, demokratik, hüquqi-dünyəvi dövlət qurulması prosesi ilə yanaşı, bazar iqtisadiyyatına keçid prosesinin sürətləndirilməsi təmin olundu və ölkədə gələcək dinamik və davamlı artımın maliyyə əsasları yaradıldı. Bu gün Azərbaycanda sosial-iqtisadi, ictimai-mədəni həyatın elə bir sahəsi yoxdur ki, həmin sahənin inkişafı ümummilli liderin adı ilə bağlı olmasın.

Müasir Azərbaycan dövlətinin banisi Heydər Əliyevin misilsiz idarəçilik qabiliyyəti, gərgin əməyi nəticəsində əldə olunmuş nailiyyətlərin sonrakı illərdə Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi sayəsində bu gün müstəqil Azərbaycan Respublikası bir çox zirvələri fəth edərək BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzv seçildi, kosmosa peyk çıxaran məhdud saylı dövlətlər sırasına daxil oldu, bazar iqtisadiyyatına keçidi başa çatdırdı, xaricə investisiya yatıran ölkəyə, regionun bütün siyasiiqtisadi məsələlərinin həllində əsas söz sahibinə çevrildi.

Prezident İlham Əliyev bildirmişdir: "On il bundan əvvəl birinci dəfə prezident vəzifəsinə seçiləndə söz vermişdim ki, əgər xalq mənə etimad göstərərsə, mən ulu öndər Heydər Əliyev siyasətinə sadiq qalacağam. Şadam ki, on il ərzində qarşıda duran bütün vəzifələr uğurla icra edildi".

Ölkəmizdə həyata keçirilən sosial-iqtisadi siyasətin mühüm amillərindən biri də qarşıya qoyulan hər bir hədəfin reallaşdırılması üçün reallığa adekvat konkret fəaliyyət proqramlarının işlənib hazırlanmasıdır. Bu baxımdan Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı dövlət proqramlarının əhəmiyyətini xüsusi vurğulamaq lazımdır. Keçid dövrünə xas bir sıra köklü problemlərin həlli prosesinə məhz bu fərmanlarla start verilmiş, qısa zaman ərzində ölkə iqtisadiyyatında mütərəqqi inkişaf meyillərinə təkan vermişdir. Məqsədli dövlət proqramlarının uğurlu icrası iqtisadiyyatın davamlı inkişafına və şaxələndirilməsinə, regionların potensialının reallaşmasına, bütün şəhər və rayonların simasının köklü sürətdə dəyişməsinə, çoxsaylı müasir müəssisələrin və iş yerlərinin açılmasına, yoxsulluğun əhəmiyyətli dərəcədə azalmasına, əhalinin həyat səviyyəsinin davamlı olaraq yaxşılaşmasına səbəb olmuşdur.

Görülən kompleks tədbirlər, aparılan islahatlar nəticəsində ölkəmizdə son 10 ildə ümumi daxili məhsul istehsalı real ifadədə 3,2 dəfə, o cümlədən sənaye məhsulunun ümumi həcmi 2,7 dəfə, kənd təsərrüfatı 1,5 dəfə, tikinti sektoru 4,7 dəfə, nəqliyyat sektoru 2,5 dəfə, rabitə və informasiya sektoru 8,2 dəfə, ticarət 3,2 dəfə, adambaşına ÜDM istehsalı 2,8 dəfə artıb.

Ölkə iqtisadiyyatının inkişafı bir sıra beynəlxalq təşkilatlar tərəfindən hazırlanan hesabatlarda da müsbət əksini tapmışdır. Son "Qlobal Rəqabətlilik Hesabatı"na əsasən ölkəmiz 7 pillə irəliləyərək 148 ölkə arasında 39-cu yerə qalxmışdır. Hesabatda "makroiqtisadi sabitlik" göstəricisi üzrə ölkəmiz dünya sıralamasında 8-ci, "əmək bazarının səmərəliliyi" göstəricisi üzrə isə 30-cu olmuşdur. Hesabatda Azərbaycan bəzi alt göstəricilər üzrə ilk 20-liyə daxil olmuşdur: "İnflyasiyanın illik səviyyəsi" (1-ci yer), "işə götürmə və işdən azad etmə praktikası" (8-ci), "ümumi milli yığımın ÜDM-ə nisbəti" (10-cu), "ümumi dövlət borcunun ÜDM-ə nisbəti" (13-cü), "qabaqcıl texnoloji məhsulların dövlət alqısı" (14-cü), "dövlət büdcəsi saldosunun ÜDM-ə nisbəti" (15-ci). Bununla yanaşı, Azərbaycan iqtisadiyyatının vəziyyəti beynəlxalq reytinq agentlikləri ("Moody's", "Standart & Poor's" və "Fitch Ratings") tərəfindən də yüksək qiymətləndirildi. Beləliklə, Azərbaycan Qafqaz ölkələri arasında investisiya reytinqinə malik yeganə ölkə olaraq qalmaqdadır.

Prezident İlham Əliyevin bəyan etdiyi kimi, hazırda qarşıda duran ən başlıca məqsəd Azərbaycanı inkişaf etmiş dövlətlər səviyyəsinə çatdırmaqdır. Bu məqsədə nail olmaq üçün dövlət başçısının 29 dekabr 2012-ci il tarixli fərmanı ilə ixracyönümlü iqtisadiyyata transformasiyainsan inkişafı konsepsiyası əsas götürülməklə sosial-iqtisadi sahələrin inkişafına kompleks yanaşma prinsiplərini özündə əks etdirən "Azərbaycan 2020: gələcəyə baxış" İnkişaf Konsepsiyası təsdiq edildi. Bu Konsepsiya Azərbaycanın gələcək inkişaf perspektivlərini dərin elmi əsaslarla müəyyənləşdirən konseptual əhəmiyyətli sənəddir.

Hazırda İnkişaf Konsepsiyasında müəyyən edilmiş hədəflərin reallaşdırılması ilə bağlı ardıcıl və zəruri tədbirlər həyata keçirilir ki, bu da növbəti illərdə ölkəmizin davamlı inkişafını, onun dünyada mövqeyinin daha da möhkəmlənməsini və xalqımızın sosial-iqtisadi vəziyyətinin daha da yaxşılaşmasını təmin edəcəkdir.

Beləliklə, siyasiiqtisadi baxımdan sabit, davamlı və dayanıqlı inkişaf edən Azərbaycanın bugünkü nailiyyətləri  məhz Heydər Əliyev siyasətinin,  bu siyasətin Prezident İlham Əliyev tərəfindən uğurla, qətiyyətlə davam etdirilməsinin məntiqi nəticəsidir. Bu inkişaf kursu Azərbaycanı daha böyük zəfərlərə, möhtəşəm qələbələrə aparır. Ulu öndərin qurub-yaratdığı, müstəqilliyə qovuşdurduğu Azərbaycan hazırda Prezident İlham Əliyevin rəhbərliyi altında sürətlə inkişaf edir, qarşıya qoyduğu hədəflərə doğru inamla irəliləyir.

 

Bu gün dünyada baş verən ictimai-siyasi, iqtisadi hadisələr fonunda tarix Heydər Əliyev strategiyasının uzaqgörənliyini, səlisliyini, Vətənimizin hərtərəfli tərəqqisinə hesablandığını bir daha təsdiq edir. Ölkəmizin dinamik inkişafı Prezident İlham Əliyevin rəhbərliyi ilə müstəqil Azərbaycanın yaxın gələcəkdə dünyanın ən qabaqcıl dövlətləri sırasnda öz yerini tutacağına tam əminlik yaradır.

 

Şahin MUSTAFAYEV,

iqtisadiyyat sənaye naziri

 

Azərbaycan.- 2014.- 9 may.- S.4.