XX əsrin azərbaycanlı fenomeni
Müsahibimiz
MTN-in Heydər Əliyev adına
Akademiyasının
rəisi,
general-leytenant Ziya Yusifzadədir
- Hörmətli Ziya müəllim! Qarşıdan
ulu öndər Heydər Əliyevin doğum günü gəlir.
Yəqin ki, Sizin də dahi şəxsiyyətlə
bağlı oxucularla
bölüşmək istədiyiniz fikirlər,
xatirələr var?
- Şübhəsiz. Qədim
tarixi və zəngin ənənələri olan bir xalqın
lideri, zəmanəmizin dünya şöhrətli dövlət
və siyasi xadimi, milli müstəqilliyimizin və dövlətçiliyimizin
xilaskarı, müasir Azərbaycan respublikasının
memarı və qurucusu, dahi Azərbaycan vətəndaşı,
sadə və səmimi Böyük insan... Hər biri bir dahi
insanın həyatına şərəf və şöhrət
gətirəcək, onu millətinin və bütövlükdə
çoxmilyonlu türk xalqının sevimlisi edəcək
titullara eyni zamanda layiq olmaq, bütün zirvələrə
ucalmaq, ən əsası isə bütün bunları bir
ömürdə yaşamaq yalnız və yalnız fövqəl
- insanlara, varlığında peyğəmbər işığı
daşıyanlara nəsib ola bilər. Ümummilli liderimiz Heydər
Əliyev kimi...
Tale elə gətirib ki, mən
ömrümün böyük bir hissəsini Heydər
Əliyevlə çiyin-çiyinə və onun bilavasitə
rəhbərliyi altında işləmişəm və o
zamanlar ondan öyrənmək imkanlarım olduğu kimi, fərdi
keyfiyyətlərini və liderlik xüsusiyyətlərini
müşahidə etmək də mənə nəsib olub.
Heydər Əliyevin bəşəri
uğurlarının başlıca səbəbi onun Azərbaycana,
doğma xalqına olan sonsuz sevgisidir, hədsiz məhəbbətidir. Doğrudur, bizim əksəriyyətimiz də
xalqımızı böyük məhəbbətlə sevir,
onun müstəqil, qüdrətli dövlət olmasını
səmimi qəlbdən istəyir, bu məqsədlə əlimizdən
gələni edirik. Ancaq Heydər
Əliyevin Azərbaycan xalqı üçün etdiklərinin
onda birini edə bilmərik. Deməli xalqını sevməklə,
onun xoşbəxtliyini istəməklə, arzulamaqla iş
qurtarmır, yalnız başlayır. Allah vergisi olan
böyük fitri istedada, alimindən fəhləsinə kimi,
onu bütün xalqa sevdirən və ümummilli lider səviyyəsinə
yüksəldən qeyri-adi xarizmə malik, iki əsrin
qovşağında, dünyanın maddi maraqlar üzərində
kökləndiyi son dərəcə mürəkkəb bir
zamanda beynəlxalq siyasətdən baş çıxaracaq,
kiçik Azərbaycanın milli maraqlarını nəhəng
dünya ölkələrinin dövləti maraqları ilə
uzlaşdıracaq, dövlətçiliyi qoruyacaq, müstəqilliyi
yaşadacaq dahi bir şəxsiyyətə ehtiyac yaranır.
Heydər Əliyev kimi...
- Siz ulu öndər Heydər Əliyevin rəhbərliyi
altında uzun illər işləmisiniz və yuxarıda qeyd
etdiyiniz kimi, onun fərdi keyfiyyətlərini, liderlik
xüsusiyyətlərini illərlə müşahidə
etmişiniz. Maraqlıdır, dahi insan həyatda
necə idi, şəxsi keyfiyyətlərinə görə
necə fərqlənirdi?!
- Heydər Əliyev hərtərəfli istedada malik bir
insan idi, onun dühası hüdudsuz, eyni zamanda, universal idi,
öyrənmək istədiyi bütün sahələrə və
dərinliyə nüfuz edə bilirdi. Çox
güclü intuisiyası, deyərdim ki, peyğəmbərlərə
xas uzaqgörənliyi vardı, yaxın və uzaq hədəfləri,
onlara çatmaq yollarını və vaxtını fitrən
müəyyənləşdirə bilirdi. Son
dərəcə səbirli və tədbirli insan idi, qərar
qəbul etməzdən əvvəl bütün mümkün
variantları müzakirə edər və əlaqədar şəxslərin,
mütəxəssislərin fikrini dinləyərdi. Müzakirələr zamanı heç vaxt heç
kimin sözünü kəsməzdi, diqqətlə və səbirlə
qulaq asmağı bacarırdı. Sonra məsələnin
ən xırda detallarına qədər beynində
araşdırar və son qərarını müstəqil verərdi.
Psixologiyanı gözəl bildiyindən, qəlblərə
və beyinlərə nüfuz edən güclü xarizmə
malik olduğundan, öz qərarına auditoriyanı da,
miqyasından asılı olmayaraq inandıra və
insanları, xalqı arxasınca apara bilirdi. Həddindən artıq iradəli və mübariz
idi, əgər qət etmişdisə, qərarını
vermişdisə, məqsədinə doğru son dərəcə
inadla və qətiyyətlə can atırdı, onu heç
bir qüvvə saxlaya bilməzdi, yolundan döndərə,
qarşısını kəsə bilməzdi. Hələ gənclik illərində, təhlükəsizlik
orqanlarında işlədiyi dövrdə böyük
intellekti ilə seçildiyi kimi, cəsarəti, milli hissləri
ilə də seçilirdi, çəkinmədən milli
ziyalıları müdafiə edir, onların vurulmasına,
sıradan çıxarılmasına imkan vermirdi.
Bütün bu fövqəl keyfiyyətlər
təbii ki, Allah vergisi, təbiətin töhfəsi idi, bir
dahi insan kimi Heydər Əliyevə anadangəlmə
verilmişdi. Amma insanın istedadı, vergisi ağacın
yanma qabiliyyəti kimidir, od olmasa, yəni,
şəxsiyyətin tükənməz enerjisi və
sarsılmaz iradəsi olmasa, bir məqsədə səfərbər
olunmasa, üzə çıxmaz, gözə görünməz!
Məhz bu keyfiyyətlərin
qovşağında Heydər Əliyev miqyaslı dahilər
yaranır və öz xalqının taleyini təyin etmək
zirvəsinə qalxır. Ümummili liderin
bu keyfiyyətlərini mən onun rəhbərliyi altında təhlükəsizlik
orqanlarında işlədiyim dövrdə dəfələrlə
müşahidə etmişdim. Bir rəhbər
kimi nizam-intizama xüsusi əhəmiyyət verirdi,
özünə və tabeçiliyində olanlara olduqca tələbkar
idi. Ciddi rəhbər idi,
yaxşını mükafatlandırmağı, pisi cəzalandırmağı
bacarırdı, amma olduqca ədalətli və səmimi insan
idi, sözü ilə əməli həmişə eyni olurdu.
Eyni zamanda, səmimi insan kimi iş yoldaşlarının
qayğısına da qalırdı, onların səhhəti,
ailə problemləri ilə maraqlanırdı, hamıya
kömək edirdi, əlindən gələni əsirgəmirdi.
- Ulu öndər Heydər Əliyevin Azərbaycana
birinci rəhbərliyi sovet dövrünə təsadüf edirdi.
Bu dövrdə müstəqillikdən
danışmaq ölümə bərabər idi. Ancaq
ümummilli lider Azərbaycanın inkişafı, xalqın
rifahı üçün əlindən gələni etdi...
- Bəli, amma Heydər Əliyev 1969-cu ildə Sovet Azərbaycanının
rəhbəri seçiləndə respublikada vəziyyət
çox ağır idi. Zəngin təbii və
insani resursları olan Azərbaycan Sovet İttifaqının
xammal bazasına çevrilmişdi, iqtisadiyyat getdikcə zəifləyir,
ümumi inkişaf ləngiyirdi. İqtisadi
potensialın insan kapitalına çevrilməsi göstəricilərinə,
təhsilin, səhiyyənin səviyyəsinə, əhalinin
sosial vəziyyətinə görə Azərbaycan hətta təbii
ehtiyatları olmayan qonşu respublikalardan da geridə
qalırdı. Səbəblər ölkə rəhbərliyinə
də, respublika əhalisinə də bəlli idi: həddindən
artıq zəif və səriştəsiz olan respublika rəhbərliyi
tabeçiliyində olan orqanlara nəzarət edə bilmirdi,
müxtəlif qruplaşmalar iqtisadi və sosial sahələri
ələ keçirmişdi, korrupsiya və
özbaşınalıq baş alıb gedirdi. Nəticədə
iqtisadi göstəricilər sürətlə
aşağı düşür və paralel olaraq sosial vəziyyət
pisləşirdi. Belə bir zamanda, nisbətən gənc
olsa da, sarsılmaz iradəsi və siyasi uzaqgörənliyi ilə
seçilən, ən əsası isə millət və vətən
təəssübü çəkən Heydər Əliyevin
Azərbaycan rəhbərliyinə gəlişi, sözün əsl
mənasında, xalqın və Azərbaycanın qisməti
idi. Heydər Əliyev dövlət təhlükəsizliyi
orqanlarından gəlmişdi, böyük idarəçilik və
dövlətçilik məktəbi keçmişdi. O, əsl
peşəkar kimi öz işi - respublika rəhbərliyi ilə
birbaşa bağlı olan siyasi məsələləri,
dövlət idarəçiliyini, kadrların seçilməsi
və yerləşdirilməsi prinsiplərini gözəl
bilirdi.
Heydər Əliyev müdrik siyasət,
yorulmaz təşkilatçılıq, sarsılmaz qətiyyət
nümayiş etdirərək respublikanın mövcud
imkanlardan və İttifaq büdcəsindən maksimum
yararlanmasını təşkil etdi, Azərbaycanın
iqtisadiyyatında qısa müddətdə köklü dəyişikliklərin
əldə olunmasına nail oldu. Respublikanın
sənaye və kənd təsərrüfatında, təhsildə,
səhiyyədə və mədəniyyətdə, ümumiyyətlə,
ictimai həyatın bütün sahələrində sürətli
inkişaf mərhələsi başlandı. Ümummilli lider respublikanın iqtisadiyyatını
inkişaf etdirməklə bərabər, cəmiyyətdə
də bir saflığın, düzgünlüyün
mübarizəsinə qalxmışdı. Həmin
dövrdə epidemiya kimi bütün İttifaqa
yayılmış bürokratiya və rüşvətxorluğa
qarşı Azərbaycanda, sözün əsl mənasında,
müharibə elan olunmuşdu. Heydər
Əliyev problemlərdən qaçmırdı, onların
üstünə getməyə, çıxış
yolları axtarmağa və həllinə nail olmağa
üstünlük verirdi. Sovet
dövründə yazılmamış qaydalar vardı,
qeyri-slavyan, xüsusilə müsəlman əhalisi olan
respublikalarda sənayenin strateji sahələrinin
inkişafına maneələr yaradılır, həmin
respublikaların təhsil sistemi strateji təyinatlı
ixtisaslardan kənarda qalırdı. Heydər
Əliyev isə siyasi iradə və diplomatik məharət
nümayiş etdirərək Azərbaycanda bu məsələlərin
həllinə, zamanın və məkanın verdiyi imkan dərəcəsində
nail olmuşdu. Məsələn, həmin
dövrdə Ukraynada inşası planlaşdırılan
İttifaq əhəmiyyətli "Kondisioner" zavodunun
tikintisi Azərbaycana verilmiş, strateji obyekt Bakıda
tikilmişdi. Bu, respublika büdcəsinə ünvanlanan
milyonlarla manat vəsait, paytaxt əhalisi üçün minlərlə
iş yeri demək idi. Ümummilli lider sonralar
öz xatirələrində bu layihənin necə
böyük çətinlik və zəhmət bahasına həyata
keçirdiyini qeyd etmişdi.
Azərbaycanlı gənclərin strateji təyinatlı
ixtisaslar üzrə təhsili də respublika rəhbərliyinin,
şəxsən Heydər Əliyevin diqqət mərkəzində
idi. 1970-ci ildən başlayaraq ümummilli liderin təşəbbüsü
və təşkilatçılığı ilə əvvəl
yüzlərlə, sonrakı illərdə isə minlərlə
azərbaycanlı gənc Sovet İttifaqının yüksək
səviyyəli ali məktəblərinə
göndərilir və respublika üçün vacib olan
ixtisaslara yiyələnirdi. Həmin dövrdə ümummilli
lider böyük uzaqgörənliklə milli hərbiçi
kadrların hazırlanmasının da qayğısına
qalmış və azərbaycanlı gənclərin hərbi
sahədə yüksək təhsil alması üçün
tramplin olacaq Naxçıvanski adına hərbi
məktəbin Bakıda açılmasına nail olmuşdu. Hazırda Azərbaycanın silahlı qüvvələrinə
rəhbərlik edən yüksək səviyyəli hərbiçilərin
bir çoxu həmin məktəbin yetirmələridir. İqtisadi və sosial sahələrdə nailiyyətlər
də göz qabağında idi, respublikada minlərlə təhsil,
səhiyyə, elm ocaqları tikilmiş, kənd təsərrüfatı
sürətlə inkişaf etmiş, neft sənayesi faktiki
olaraq, yenidən qurulmuş, yüzlərlə yeni sənaye və
emal sahələri istifadəyə verilmişdi. Azərbaycan 1969-cu ildə SSRİ-nin geridə
qalmış, xammal bazası idisə, 1982-ci ildə Heydər
Əliyev Moskvaya, yüksək dövlət vəzifəsinə
gedəndə inkişaf etmiş, özü-özünü
dolandırmaq səviyyəsinə yüksəlmişdi. Heydər Əliyevin birinci rəhbərliyi
dövründə Azərbaycanda çox güclü iqtisadi,
elmi-texniki potensial yaradılmışdı və müstəqillik
əldə olunduqdan sonra Azərbaycan dövləti məhz bu
iqtisadi bazisin üzərində quruldu.
Qeyd etmək lazımdır ki, həmin
dövrdə Azərbaycanla bir yerdə Heydər Əliyevin də
nüfuzu artırdı, bütün İttifaqda prinsipial və
bacarıqlı bir respublika rəhbəri, görkəmli siyasi
və dövlət xadimi kimi tanınırdı. O, kiçik
Azərbaycanın lideri olsa da, artıq 1976-cı ildən
Sovetlər İttifaqına faktiki olaraq rəhbərlik edən,
Sov.İKP MK Siyasi Bürosu üzvlüyünə namizəd
idi. Məhz bu səbəblərə - Azərbaycanda
əldə etdiyi parlaq nailiyyətlərə və eyni dərəcədə
parlaq şəxsi keyfiyyətlərinə görə onu -
türk mənşəli müsəlman oğlunu 1982-ci ildə
İttifaq rəhbərliyinə irəli çəkdilər,
Siyasi Büronun üzvü seçdilər və Nazirlər
Soveti sədrinin birinci müavini təyin etdilər. Heydər Əliyevin SSRİ-nin rəhbərlərindən
biri, mahir təşkilatçı və bacarıqlı təsərrüfatçı,
istedadlı diplomat kimi yaxın və uzaq xaricdə
tanınması və nüfuz qazanması da onun siyasi fəaliyyətinin
Moskva dövrünə təsadüf edirdi. Təsadüfi deyildi ki, Sovetlər
İttifaqının xalq təsərrüfatının onlarla
sahəsi Heydər Əliyevin kurasiyasına verilmişdi, məşhur
Baykal-Amur magistralının tikintisi də onun nəzarətində
idi. Yeri gəlmişkən, ümummilli lider Moskvada
işlədiyi, SSRİ-nin rəhbərlərindən biri
olduğu dövrdə də Azərbaycana böyük himayədarlığını
davam etdirir, respublikanın problemlərinin ölkə rəhbərliyi
səviyyəsində baxılması və həll olunması
üçün əlindən gələni edir, öz köməyini
və əməyini əsirgəmirdi.
- Ümummilli liderin Azərbaycan, onun xalqı
üçün gördüyü nəhəng işlər
qeyri-adidir, möhtəşəmdir. Amma bu işlərin
içində böyük şəxsiyyətin 90-cı illərin
əvvəlində həyata keçirdiyi xilaskarlıq
missiyası misilsizdir...
- Tamamilə razıyam, amma Heydər Əliyevin Azərbaycanın
müstəqilliyinin qorunması və dövlətçiliyinin
xilası kimi çətin missiyanı necə şərəflə
yerinə yetirməsinə keçməzdən əvvəl
onun blokada şəraitində olan Naxçıvana rəhbərliyi
barədə bir-iki kəlmə demək istəyirəm. Məlum
olduğu kimi, həmin dövr muxtar respublikanın adından
"Sovet Sosialist" sözlərinin
çıxarılması, Azərbaycan Xalq Cümhuriyyətinin
üçrəngli bayrağının bərpa olunması,
20 Yanvar faciəsinə siyasi qiymət verilməsi,
Naxçıvan əhalisinin SSRİ-nin saxlanılması barədə
referendumdan imtina etməsi, 31 dekabrın Dünya Azərbaycanlılarının
Həmrəylik Günü elan edilməsi, nəhayət, Azərbaycandan
ayrı salınmış Naxçıvanda, özü də
amansız məhrumiyyətlər, hərbi və iqtisadi blokadalar
şəraitində vətən torpağının erməni
işğalından qorunub saxlanılması ilə əlamətdar
oldu. Odur ki, Heydər Əliyevin siyasi fəaliyyətinin
Naxçıvan dövrü bu gün də Azərbaycanın
müstəqilliyinə və dövlətçiliyinə
misilsiz xidmət nümunəsi kimi xarakterizə edilir. Eyni zamanda, bir daha təsdiq edir ki, Heydər Əliyev
Azərbaycanla güclü olduğu kimi, Azərbaycan da həmişə
Heydər Əliyevlə güclü olub. 90-cı
illərin hərc-mərclik dövründə Heydər
Əliyevsiz Azərbaycanda baş verənlər, faciələr
taleyin qisməti idi, çünki xalqına yol göstərəcək,
arxa, dayaq olacaq şəxsiyyət, lider yox idi. Odur ki, Azərbaycanın müstəqilliyi və
dövlətçiliyi, faktiki olaraq, ölüm-dirim
dilemması qarşısında qalanda, xalqın Heydər
Əliyevə müraciət etməsi, xilaskar kimi onu görməsi,
onu hakimiyyətə dəvət etməsi təbii idi. Bəs xalq kimə müraciət etməli idi?
Yaxşı ki, Heydər Əliyev kimi illərin
sınağından çıxmış, xalqın
inamını və etimadını qazanmış, özünü
böyük siyasətçi, təcrübəli
dövlət xadimi kimi təsdiq etmiş bir liderimiz vardı,
ağır gündə ona ümid bağladıq, onu
çağırdıq. Bu, tarixi bir məqamdı
və tarixi bir şəxsiyyətə ehtiyac
yaranmışdı. Düşünürəm ki, həmin
zamanda, həmin məkanda Heydər Əliyev şəxsiyyəti
olmasaydı, Azərbaycanı xilas etmək mümkün
olmayacaqdı, müstəqillik itiriləcək, dövlətçiliyimiz
məhv olacaqdı.
Fikrimi konkret bir misalla izah edim. Məlum olduğu kimi, 90-cı illərin əvvəllərində
Azərbaycanda və Gürcüstanda eyni ictimai-siyasi şərait
mövcud idi, hər iki ölkə, sözün əsl mənasında,
siyasi və iqtisadi böhran keçirirdi. Müstəqilliyini
yenicə qazanmış bu ölkələrdə oxşar
problemlər yaşanırdı, xalqın vəziyyəti
gündən-günə ağırlaşır, vətəndaş
müharibəsi reallaşırdı. Bunun
da əsas səbəbi respublikalarda mövcud olan və getdikcə
daha da dərinləşən hakimiyyət böhranı idi.
Dövlətə rəhbərlik etmək kimi
ağır bir səlahiyyəti öz üzərinə
götürən siyasətbazlar belə çətin bir
zamanda məsuliyyətsiz qərarlar verir, öz hakimiyyətlərini
qoruyub saxlamaq naminə milli maraqları qurban vermək, hətta
ölkədə vətəndaş müharibəsi törətmək
kimi xəyanətlərdən belə çəkinmirdilər.
Hüquqi-demokratik dövlət quruculuğunun əsasını
təşkil edən ictimai-siyasi sabitliyin təmin olunması,
demokratik islahatların aparılması, nizami ordunun
qurulması kimi strateji məsələlər taleyin öhdəsinə
buraxılmışdı. Müxtəlif siyasi maraqlara
xidmət edən qanunsuz silahlı dəstələr ölkədə
at oynadırdı, hakimiyyət orqanlarını
saymırdı, az qala, hər imkanlı
adamdan xərac alırdı. İnsanlar hava
qaralandan sonra evdən bayıra çıxmağa qorxurdular.
Belə bir zamanda - dövlətçilik məhv
olmaq təhlükəsi qarşısında qalanda, hər iki
ölkədə xalqın tələbi ilə böyük
siyasi təcrübəsi və idarəçilik səriştəsi
olan liderlər - Azərbaycanda Heydər Əliyev,
Gürcüstanda isə Eduard Şevardnadze hakimiyyətə
qayıtdı və xalqın taleyini təyin etmək məsuliyyətini
öz üzərlərinə götürdü.
Amma nəticə necə oldu, hər iki
ölkədə problemlər eyni səviyyədə həll
olundumu? Təəssüf ki, yox! Azərbaycanda
tezliklə qanunsuz silahlı dəstələr ləğv
olundu, şimal və cənubda separatçılıq cəhdlərinin
qarşısı alındı, Ermənistan - Azərbaycan
müharibəsində atəşkəs elan olundu. Ölkədə ilk dövrlərdə kövrək
olsa da, ictimai-siyasi sabitlik yarandı, transmilli neft şirkətləri
ilə "Əsrin müqaviləsi" imzalandı. Azərbaycana milyardlarla dollar xarici sərmayələr
gəlməyə başladı. İqtisadiyyatı
bərpa etmək və hüquqi-demokratik dövlət qurmaq
üçün vaxt və imkan yarandı. Gürcüstanda isə qanunsuz silahlı dəstələri
ləğv etmək, sabitlik yaratmaq, iqtisadi tənəzzülün
qarşısını almaq mümkün olmadı. Separatçı qüvvələr atəşkəs
elan olunsa da, respublika reallıqda bir neçə yerə
parçalandı və vaxt keçdikcə
Gürcüstanın özündə də mərkəzi
hakimiyyətin fəaliyyət çərçivəsi
daraldı və yeni əsrin əvvəlində daha da məhdudlaşdı.
Təbii ki, nəticə də adekvat oldu. Azərbaycanda sabitliyin və inkişafın göstəricisi
olaraq hakimiyyətin dəyişməsi də qanuni, seçkilər
yolu ilə reallaşdı və siyasi varislik prinsipi
saxlanıldı. Gürcüstanda isə
"qızılgül inqilabı" adı altında "məxməri
çevriliş" baş verdi və
hakimiyyət faktiki olaraq qeyri-qanuni, zorakı yolla dəyişdirildi.
Beləliklə, eyni tarixi şəraitdə,
eyni ictimai qanunlar daxilində iki ölkədə
ayrı-ayrı şəxsiyyətlərin fəaliyyəti nəticəsində
fərqli nəticələr alındı və şəxsiyyətin
tarixdə aparıcı rolu bir daha öz təsdiqini tapdı.
Heydər Əliyevin XX əsrin
axırlarında Azərbaycanda həyata keçirdiyi
xilaskarlıq missiyasını yalnız Mustafa Kamal
Atatürkün əsrin əvvəlində Türkiyədə
gördüyü möhtəşəm işlərlə
müqayisə etmək olar. Türk
dünyasının bu məşhur şəxsiyyətləri
hər ikisi yüksək intellektə, böyük təcrübəyə
və qeyri-adi xarizmə malik idilər. Öz
liderinə inanmaq, inandığı liderə arxa durmaq isə
xalqımızın mental xüsusiyyətləridir. Müxtəlif tarixi dövrlərdə olsa da, hər
iki ölkədə eyni problemlər baş
qaldırmışdı, müstəqillik və dövlətçilik
məhv olmaq təhlükəsi qarşısında
qalmışdı. Taleyin qisməti kimi, məhz
belə taleyüklü bir zamanda Türkiyədə Mustafa
Kamal Atatürk, Azərbaycanda isə Heydər Əliyev şəxsiyyəti
milləti və dövləti xilas etmək məsuliyyətini
öz üzərinə götürdü və hər ikisi
öz tarixi missiyasını şərəflə yerinə
yetirdi. Tarixə baxsaq görərik ki, həmişə
belə faciəli zamanlarda xalqların qüdrətli
oğulları vətənin imdadına çatıb, milləti
fəlakətdən xilas ediblər. Əslində,
şəxsiyyətin tarixdə rolunu müəyyən edən
əsas amillərdən biri də budur, şəxsiyyətin
tarixi, həlledici məqamlarda meydana çıxması,
xalqına arxa durması, fəlakətlərdən
qurtarmasıdır.
Beləliklə, Ermənistan-Azərbaycan müharibəsinin
qarşısının alınması və beynəlxalq
maraqlar dairəsində olan neft sazişlərinin
bağlanması, xüsusilə Bakı - Tiblisi - Ceyhan meqalayihəsinin
həyata vəsiqə alması Heydər Əliyevə
dünya miqyaslı siyasətçi və böyük
dövlət xadimi kimi beynəlxalq nüfuz gətirdi. Məhz bu möhtəşəm layihələrin həyata
keçirilməsi ümummilli liderimizi yalnız Azərbaycanda
deyil, bütün regionda sülhün və sabitliyin
qarantına çevirdi. 1996-cı ildə baş tutan məşhur
Lissabon sammitində dünyanın 54 ölkəsinin Azərbaycanın
mövqeyini dəstəkləməsi və
işğalçı Ermənistanın təklənməsi
də məhz ümummilli liderimizin müdrik siyasətinin nəticəsi,
artmaqda olan nüfuzunun göstəricisi idi. Lissabon sammiti, eyni
zamanda, Azərbaycanın sivil dünyaya inteqrasiyası prosesinə
yeni impuls verdi. Respublikamız
1991-ci ildə BMT-yə qəbul olunduğu zaman müstəqilliyini
rəsmən elan etdiyi kimi, 2001-ci ildə Avropa Şurasına
qəbul olunmaqla demokratik dəyərlərə sadiqliyini rəsmən
elan etdi. Ümummilli liderimiz bütün
dünyaya elan etdi ki, Azərbaycan türkdilli müsəlman
ölkəsi olmaqla bərabər, tutduğu yol
demokratiya-söz, fəaliyyət azadlığı, insan
haqlarının, qanunçuluğun qorunması yoludur. Qeyd etmək lazımdır ki, Azərbaycan keçən
əsrin sonlarından etibarən Avropanın və
dünyanın nüfuzlu beynəlxalq təşkilatları ilə
əməkdaşlıq edir, müştərək layihələrdə
və müxtəlif tədbirlərdə fəal iştirak
edirdi. Bunlar eyni zamanda, Azərbaycan həqiqətlərini
dünyaya çatdırmaq və Dağlıq Qarabağ
münaqişəsinin Azərbaycanın ərazi
bütövlüyü çərçivəsində,
sülh yolu ilə həllinə nail olmaq üçün
möhtəşəm beynəlxalq tribunalar idi və Heydər
Əliyevin haqq səsi daim bu tribunalardan eşidilirdi.
- Hazırda ümummilli lider Heydər Əliyevin
başladığı bütün bu möhtəşəm
işləri, layihələri möhtərəm Prezident
İlham Əliyev uğurla davam etdirir. Nəticələr,
nailiyyətlər də göz önündədir...
- Ümummilli liderimizin müdrik siyasəti və
xalqın dəstəyi sayəsində Azərbaycanda demokratik
dövlət quruculuğunun uğurla həyata keçirilməsi
üçün vacib olan dayanıqlı ictimai-siyasi sabitlik
şəraiti yaradıldı, iqtisadi inkişafın əsasını
qoyan yeni neft strategiyası reallaşdı, iqtisadi və siyasi
islahatlar mərhələsi başlandı, iqtisadi tənəzzülün
qarşısı alındı və iqtisadi tərəqqinin əsası
qoyuldu. Azərbaycanın dünyaya
inteqrasiyası prosesi vüsət aldı, Dağlıq
Qarabağ prosesinin beynəlxalq hüquq normaları əsasında,
danışıqlar yolu ilə həlli üçün yeni
imkanlar yarandı. Bunlar böyük, faktiki
olaraq, inqilabi nailiyyətlər idi və Azərbaycanın
müstəqilliyini əbədiləşdirməyə,
dövlətçiliyini möhkəmləndirməyə xidmət
edirdi. Amma başlanmış nəhəng
işlər davam etdirilməli, möhtəşəm layihələr
həyata keçirilməli idi. Bunun
üçün Azərbaycanda əmin-amanlığa və
inkişafa, regionda sülhə və təhlükəsizliyə
xidmət edən Heydər Əliyev siyasətini günün
reallıqlarını nəzərə alaraq davam etdirəcək,
Azərbaycanı müstəqil daxili və xarici siyasət
yeridə bilən qüdrətli dövlətə çevirəcək
güclü liderə ehtiyac var idi. Heydər
Əliyev də xalqının problemləri ilə yanan,
yaşayan bir lider kimi, bütün bunları əvvəlcədən
nəzərə almışdı və onu əvəz edəcək,
onun möhtəşəm işlərini davam etdirəcək
siyasi liderin yetişdirilməsinin qayğısına
qalmışdı. Möhtərəm
İlham Əliyev böyük məktəb keçmişdi,
90-cı illərdən ARDNŞ-də vitse-prezident kimi fəaliyyət
göstərmiş, neft diplomatiyasını incəliklərinə
qədər öyrənmiş və yeni neft
strategiyasının həyata keçirilməsi prosesində
yaxından iştirak etmişdi. Eyni zamanda, Milli Məclisin
deputatı, Avropa Şurası Parlament Assambleyasında Azərbaycanın
nümayəndə heyətinin başçısı
olmuş, Dağlıq Qarabağ münaqişəsinin mahiyyətinin
dünya ictimaiyyətinə çatdırılmasına və
erməni işğalını pisləyən müvafiq sənədlərin
qəbul olunmasına şəxsən rəhbərlik
etmişdi. Bundan başqa, Heydər Əliyevin
ideyalarının daşıyıcısı olan Yeni Azərbaycan
Partiyasının sədr müavini vəzifəsinə qədər
yüksəlmiş, Azərbaycanın baş naziri kimi yüksək
və məsul dövlət postunda işləmişdi. Buna görə də Heydər Əliyev ona
özü qədər inanırdı və özünün
başa çatdıra bilmədiyi işləri, layihələri
xalqın və Yeni Azərbaycan Partiyasının dəstəyi
ilə İlham Əliyevin həyata keçirəcəyinə
ümid bəsləyirdi.
Obrazlı desək, hazırda bütün dünyada
planetar miqyaslı qarşıdurmaların baş verdiyi kritik
bir zamanda, kiçik Azərbaycan fırtınalı dənizdə,
sualtı qayaların arası ilə üzən ağ yelkənli gəmiyə bənzəyir. Amma bu gəminin sərnişinləri, yəni, Azərbaycanın
sakinləri öz talelərindən arxayındırlar, sabaha
inanırlar. Çünki Azərbaycanın
möhtərəm İlham Əliyev kimi müdrik Prezidenti var,
çünki Azərbaycanın bu günü, sabahı
etibarlı əllərdədir. Mən
yuxarıda qeyd etdim, yaxşı ki, 90-cı illərdə
müstəqilliyimiz, dövlətçiliyimiz məhv olmaq təhlükəsi
ilə üzləşəndə Heydər Əliyev kimi
ümummilli liderimiz vardı, gəldi Azərbaycanı bu təhlükələrdən
qurtardı. Bu gün də
şükür edirəm ki, nə yaxşı İlham
Əliyev kimi müdrik rəhbərimiz var, bu cür mürəkkəb
zamanda ölkəyə bacarıqla başçılıq
edir, Azərbaycanı iqtisadi böhranlardan və siyasi
fırtınalardan qoruyaraq irəli, inkişafa və rifaha
doğru aparır. Heydər Əliyevin
müdrik siyasətinin Prezident İlham Əliyev tərəfindən
uğurla və yaradıcılıqla davam etdirilməsi Azərbaycanda
bütün dünyada tanınan və təqdir olunan iqtisadi
inkişaf fenomeni yaratmaqla yanaşı, tolerantlıq və əmin-amanlıq
modeli qurmuşdur. Respublikamız dünya
miqyasında iqtisadi artım sürətinə görə
ön sıralarda gedən, əhalisinin sosial rifahı sürətlə
yüksələn, yenilikçi və islahatçı
ölkə kimi tanınır, beynəlxalq nüfuzu sürətlə
artır. İqtisadi və siyasi
islahatların paralel keçirilməsi, iqtisadi potensialın
insan kapitalına çevrilməsi və Dağlıq
Qarabağ probleminin Azərbaycanın ərazi
bütövlüyü çərçivəsində həlli
Azərbaycan Prezidentinin əsas prioritetləridir. Eyni zamanda, neqativ hallara, korrupsiya, məmur
özbaşınalığına qarşı əsası
ulu öndərimiz tərəfindən qoyulmuş sistemli
mübarizə möhtərəm Prezidentin nəzarəti
altında qətiyyətlə davam etdirilir, iqtisadiyyatın
inkişafına və hüquqi dövlətin qurulmasına
öz müsbət töhfələrini verir və ictimai rəydə
yüksək qiymətləndirilir.
Azərbaycan Prezidentinin də haqlı
olaraq qeyd etdiyi kimi, bu gün Azərbaycan xalqı öz
taleyinin sahibidir və Azərbaycan heç vaxt tarixdə bu qədər
güclü olmamışdır, heç vaxt müstəqilliyimiz
bu qədər möhkəm olmamışdır. Bu gün Azərbaycan regionun lider dövlətidir,
regionda beynəlxalq əhəmiyyətli layihələr Azərbaycanın
təşəbbüsü ilə həyata keçirilir,
dünyanın inkişaf etmiş ölkələrinin liderləri
Azərbaycana gəlir. Azərbaycan artıq dünyanın
qabaqcıl ölkələrindən biri kimi özünün
ilk süni peykini kosmik orbitə göndərmişdir. Eyni
zamanda, qədim və zəngin mədəniyyətə malik, əmin-amanlığın
və tolerantlığın hökm sürdüyü Azərbaycan
hər il onlarla beynəlxalq tədbirin, elmi konfransın
keçirildiyi məşhur məkana çevrilmişdir.
"Evrovision" mahnı müsabiqəsi, Davos forumu kimi beynəlxalq
tədbirlər Azərbaycanda keçirilir, 2015-ci ildə ilk
Avropa Olimpiya oyunları da Azərbaycanda keçiriləcəkdir.
Azərbaycan dövlətinin və Prezidentinin əsas
uğurlarından biri, şübhəsiz ki, birincisi 2011-ci ildə
respublikamızın kəskin rəqabət şəraitində
2012-2013-cü illər üzrə BMT Təhlükəsizlik
Şurasının qeyri-daimi üzvü seçilməsi idi.
Biz yalnız öz problemlərimizi dilə gətirmək,
regional problemlərə münasibət bildirmək
üçün mühüm bir tribuna deyil, planetar əhəmiyyətli
məsələlərin həllində iştirak etmək
üçün real imkan qazanmışdıq. Bu, eyni zamanda,
Heydər Əliyevin Azərbaycanın sivil dünyaya
inteqrasiyası siyasətinin nəticəsi, təntənəsidir.
Deməli, artıq bizi bütün dünyada tanıyırlar,
bizə inanırlar və etibar edirlər.
Bu gün ümummilli
lider Heydər Əliyevin amalları, bütün mənalı
ömrünü həsr etdiyi, canından ziyadə sevdiyi,
özünün şah əsəri olan müstəqil Azərbaycan
yaşayır və sürətlə inkişaf edir. Xalqımızın sevimli Prezidenti İlham
Əliyevin həyata keçirdiyi müdrik daxili siyasət
xalqımızın azad, təhlükəsiz və firavan
yaşamasına ünvanlandığı kimi, xarici siyasəti
də regionda sülh və sabitliyin təmin olunması,
Dağlıq Qarabağ probleminin sülh yolu ilə həll
edilməsi, qaçqın və məcburi
köçkün soydaşlarımızın doğma
yurdlarına qayıtması kimi xalqımızın və
bütün dünyanın dəstəklədiyi məsələlərin
həllinə yönəlmişdir. Ulu öndərimizin arzusu
olan və Azərbaycanın gələcəyinə
ünvanlanan bu məsələlər möhtərəm
Prezidentimizin hədəfidir. Odur ki, Azərbaycan xalqı Heydər
Əliyevin əziz xatirəsinə böyük ehtiram bəslədiyi
kimi, Prezidentimiz İlham Əliyevin həyata keçirdiyi
müdrik siyasətə də daim inam bəsləyir və
ürəkdən dəstəkləyir.
Azərbaycan.- 2014.- 9 may.- S.5.