Dahi azərbaycanlı
Tarix yalnız dahi şəxsiyyətlərin nurlu əməlləri sayəsində nəsillərin yaddaşına həkk olunur. Azərbaycan xalqı dünya tarixinə neçə-neçə böyük mütəfəkkirlərlə yanaşı, Cavanşır, Babək, Şəmsəddin Eldəniz, Məhəmməd Cahan Pəhləvan, Qızıl Arslan, Uzun Həsən, Şah İsmayıl Xətai, Nadir şah kimi qüdrətli dövlət xadimləri də bəxş etmişdir.
Əsrlər keçdikdən sonra - XX yüzillikdə xalqımız daha bir dahi şəxsiyyət yetirdi. Dünyanın Atatürk, Vaşinqton, Nehru, De Qoll kimi nadir tarixi simaları sırasında Heydər Əliyev şəxsiyyəti öz layiqli yerini tutdu.
Dünya tarixinin başqa dahi şəxsiyyətləri kimi, Heydər Əliyev də öz xalqının, doğma Vətəninin müqəddəratının həll olunduğu çox çətin mübarizələrlə, kəskin ziddiyyətlərlə və ağır sınaq məqamları ilə dolu olan bir dövrdə - XX yüzilliyin doğurduğu tarixi şəraitdə yetişmişdir.
XX yüzillikdə dəfələrlə
istiqlal savaşına qalxmış Azərbaycan xalqı, nəhayət,
əsrin sonunda tarixi torpaqlarımızın bir hissəsində
- Şimali Azərbaycanda özünün qədim dövlətçilik
ənənələrini dirçəldə bildi. Azərbaycanımız
yenidən siyasi varlığa çevrildi. Dünya xəritəsində
Azərbaycan Respublikası adlanan dövlətimiz artıq 23
ildir ki, yaşayır. Hüquqi, demokratik, dünyəvi
dövlət quruculuğunda böyük uğurlara nail
olmuş Azərbaycanın müstəqilliyinə artıq
zaval yoxdur, dövlətimiz əbədiyyətə qədər
yaşayacaqdır! Bu, xalqımızın dərin və
sarsılmaz inamına çevrilmişdir.
Azadlıq, müstəqil
dövlət halında yaşamaq hər bir xalqdan ötrü,
o cümlədən bizim xalqımız üçün ən
böyük xoşbəxtlikdir, misilsiz nemətdir. Məhz buna
görə də qədirbilən xalqımız ilk növbədə
öz dahi oğluna - Heydər Əliyevə minnətdardır.
Hər bir Vətən övladına gün kimi
aydındır ki, əgər XX yüzilliyin sonunda ulu Tanrı
şəxsiyyət və zaman problemini xalqımızın
xeyrinə həll etməsəydi - Heydər Əliyev kimi
qüdrətli şəxsiyyətimiz olmasaydı, müstəqilliyimizi
qoruyub saxlaya bilməyəcəkdik!
Heydər Əliyev XX
yüzilliyin son dərəcə mürəkkəb və
ziddiyyətli tarixi şəraitində fəaliyyət göstərmiş
dahi şəxsiyyətdir. Azərbaycan tarixinin yarım əsrdən
çox bir dövrü Heydər Əliyev şəxsiyyəti
ilə, onun mübarizə yolu ilə, böyük quruculuq fəaliyyəti
ilə sıx bağlıdır. Heydər Əliyev yeni Azərbaycanın
qurucusudur. O öz xalqının bağrından qopub gələn
Böyük Azərbaycanlıdır, öz yurdunun, doğma
torpağının misilsiz təəssübkeşidir. Heydər
Əliyev öz xalqının dahi oğlu olmaqla yanaşı,
həm də dünyanın ən qüdrətli tarixi
simaları sırasına yüksəlmiş nadir şəxsiyyətdir,
ümumdünya tarixinin azərbaycanlı dahisidir.
Qeyd
olunduğu kimi, Azərbaycan xalqının XX yüzillikdəki
tarixi Heydər Əliyev şəxsiyyəti ilə, onun 30 ildən
artıq bir müddət ərzində öz xalqının,
doğma yurdunun gələcəyi naminə həyata
keçirdiyi böyük quruculuq işləri ilə,
islahatlarla qırılmaz surətdə
bağlıdır. Bütün ruhu,
varlığı ilə öz xalqına, doğma yurduna
bağlı olan bu böyük şəxsiyyət müxtəlif
sistemlərdə, bir-birinə zidd siyasi quruluşlarda fəaliyyət
göstərsə də, həmişə, ən çətin
tarixi dövrlərdə və təqiblər şəraitində
belə, doğma Azərbaycana misilsiz sədaqətlə
xidmət etmişdir. Böyük dövlət
xadiminin ömür yolunun bütün məqamlarını bir
nadir keyfiyyət səciyyələndirir - Vətən
mücadiləsi, hər yerdə, bütün vəzifələrdə,
hər zaman Ana Vətənin, doğma xalqın tərəqqisi
üçün can qoymaq!
Heydər Əliyev Azərbaycanın
gələcəyi naminə siyasi fəaliyyətə hələ
1940-cı illərdən başlamışdır. XX yüzilliyin uzaq 20-30-cu illərində ermənilərin
və qeyri - millətlərin antiazərbaycan nümayəndələrinin
yuva salmış olduğu və xalqımıza qarşı
qanlı repressiyalar hazırlayıb həyata keçirmiş
Dövlət Təhlükəsizlik
Komitəsinin azərbaycanlılaşdırılması
və xalqımızın düşmənlərindən
təmizlənməsi kimi son dərəcə çətin və
şərəfli işə ilk dəfə hələ sovet
rejiminin ən güclü çağında məhz Heydər
Əliyev başlamışdır. Bu gün
bütün azərbaycanlılar, o cümlədən
xalqımızın hər bir nümayəndəsi aydın dərk
etməli və unutmamalıdır ki, daşnaklar xalqımıza
qarşı həyata keçirdikləri 1918-ci ilin mart
soyqırımından sonra 1920-ci ilin sovet işğalında
da yaxından iştirak etdilər. Bolşevik libası
geyinmiş daşnaklar bu dəfə xalqımızın ən
layiqli övladlarını sovet hakimiyyətinin
"qurucuları" cildinə girərək qırdılar.
KQB-də (Dövlət Təhlükəsizlik Komitəsində)
və NKVD-də (Xalq Daxili İşlər
Komissarlığında) əsas mövqeləri ələ
keçirdilər. Erməni "çekistləri"
uydurma "cinayət işləri" qaldıraraq 1920-30-cu
illərdə xalqımıza qarşı kütləvi
repressiyalar həyata keçirdilər, neçə-neçə
Cavidləri, Müşfiqləri, Əhməd Cavadları,
Salman Mümtazları - Azərbaycan xalqının
qaymaqlarını məhv etdilər. Bu baxımdan Heydər
Əliyevin Dövlət Təhlükəsizlik Komitəsini azərbaycanlılaşdırmaq
sahəsindəki xidmətləri Vətən və xalq
qarşısında adi xidmətlər deyildi! Başqa
sözlə, Heydər Əliyev 1950-1960-cı illərdə
qeyrətli və milli əhval-ruhiyyəli Vətən
oğullarını Dövlət Təhlükəsizlik Komitəsinə
işə cəlb etməklə, əslində,
xalqımızın namuslu övladlarına qarşı
gözlənilən növbəti təqiblərin
qarşısını alırdı. Dahi rəhbər Azərbaycana
birinci rəhbərliyi illərində isə
xalqımızı, yurdumuzu müstəqil yaşamağa
hazırladı...
Xoşbəxtəm
ki, bu mürəkkəb və son dərəcə gərəkli
fəaliyyət sahəsində Heydər Əliyevin milli təəssübkeşliyinin
canlı şahidi olmuşam. Bir vətəndaş kimi fəxr
edirəm ki, Heydər Əliyevin apardığı Vətən
və millət mücadiləsində heç zaman passiv
müşahidəçi olmamışam. Heydər Əliyevin
on illəri, yüz illəri qabaqcadan görüb, dərindən-dərinə
ölçüb-biçərək atdığı
uzaqgörən addımları, gördüyü əzəmətli
quruculuq işlərini kənardan seyr etməmişəm, onun
iştirakçısı olmuşam...
Yaxşı
yadımdadır... 1960-cı illərin lap əvvəli idi. Bakı
Universitetinin tarix fakültəsində oxuyurdum. Fakültədə komsomol təşkilatının
katibi idim. Nikita Xruşşovun hakimiyyətə
gəlişi ilə ölkədə Çinə
qarşı düşmənçilik kampaniyası
başlamışdı. İkinci kursda
oxuyan çox istedadlı bir tələbə buna
etirazını bildirmiş, vərəqələr
yaymışdı. DTK bu vərəqələri
ələ keçirmiş və həmin tələbənin
işi üzrə təhqiqata başlamışdı. Hamımız narahat idik. Nəhayət,
mənə tapşırıldı ki, tarix fakültəsinin
qapalı komsomol yığıncağını keçirim.
Universitetin keçmiş binasının
(hazırkı İqtisad Universitetinin binası) böyük
akt zalında fakültənin qapalı komsomol
yığıncağı keçirilirdi. Yığıncağa o zaman DTK-da
çalışan Heydər Əliyev gəlmişdi. O,
gənclər qarşısında çox əhatəli, həm
də öyüd-nəsihətlə dolu bir
çıxış etdi. Sonra qızğın
müzakirələr, komsomol "tənqidləri"
başlandı. İclas əvvəlcə
çox rəvan gedirdi. Qabaqcadan
hazırladığımız
çıxışçılar bir-bir söz alaraq əvvəlcə
"cinayət" işləmiş tələbəni tənqid
"atəşinə" tutur, sonra isə
bağışlanmasını xahiş edirdilər. Nəzərdə
tutulan çıxışlar başa çatan kimi iclası
yekunlaşdırmaq istəyirdim ki, əvvəlki
çıxışlardan ruhlanan rektor mənə "təpindi":
"Qoy camaat sözünü desin!" Əlacsız
qalıb əl qaldıranlara bir-bir söz verməli oldum.
İclas qızışdı, nə qızışdı!
Mövcud rejimə qarşı tələbələrin
ağzından od-alov püskürməyə başladı... Çıxılmaz vəziyyətə
düşdük. İclası
yekunlaşdırmaq, qərar qəbul etmək lazım idi.
Çox çətin vəziyyət
qarşısında qalmışdıq. Elə
bu anda çıxış yolunu Heydər Əliyev
özü göstərdi. O, yenidən söz alıb
xitabət kürsüsünə qalxdı və cəsarətlə
çıxış edən komsomolçulara məsləhət
gördü ki, yoldaşlarının tərbiyəsini öz
üzərilərinə götürsünlər. Bununla daxili gərginliyimiz aradan qalxdı. Dərindən nəfəs aldıq. Hamımızın canı xətadan qurtardı.
Və ağır şəraitdə, mürəkkəb əhatədə,
mərkəzin nəzarəti altında işləyən Vətən
oğlunun cəsarətinə hamımız heyran qaldıq!
XX yüzilliyin 60-cı illərinin sonunda
Heydər Əliyevin doğma xalqa həsr olunmuş
ömür yolunda yeni, daha geniş, çoxsahəli, qaynar fəaliyyət
dövrü başlandı. 1969-cu ildə - Azərbaycan
SSR-də həyatın bütün sahələrində dərin
tənəzzülün hökmranlıq etdiyi bir şəraitdə
Heydər Əliyev Azərbaycan KP MK-nın Birinci katibi
seçildi və ölkənin ali idarəçilik
sükanı arxasına keçdi. Bununla, Sovet
Azərbaycanının tarixində böyük
dönüş dövrü başlandı. Tarixi inkişafın sonrakı gedişi sübut etdi
ki, bugünkü yeni, müstəqil Azərbaycanı Heydər
Əliyev hələ o zaman qurmağa başlamışdı.
Sovet rejiminin bütün xüsusiyyətlərinə
dərindən bələd olan və zəngin idarəçilik
təcrübəsi qazanmış Heydər Əliyev Azərbaycanı
düşmüş olduğu çox ağır vəziyyətdən
çıxarmaq üçün qəti addımlar atmağa
başladı. O, dahiyanə uzaqgörənliklə, dərindən
ölçüb-biçərək ölkənin uzunmüddətli,
dinamik və hərtərəfli inkişafını təmin
edən kompleks inkişaf proqramları hazırladı və dərhal
onların icrasına başlandı. Xalq ilk
addımlardan Heydər Əliyevi rəğbətlə
qarşıladı, onu sevdi və arxasınca getdi. Azərbaycan xalqının tarixində Heydər
Əliyev dövrü başlandı. Xalqın
dahi oğlu Sovet İttifaqı kimi böyük bir dövlətin
zəngin iqtisadi potensialından və geniş imkanlarından
istifadə edərək Azərbaycanı tərəqqi yoluna
çıxarmaq siyasəti yeritməyə başladı.
Bütün ömrünü doğma xalqına
həsr etdi.
Böyük siyasətçi iqtisadiyyat və mədəniyyətin
müxtəlif sahələrində öz Vətəninin,
xalqının inkişafı üçün zəruri olan ən
vacib məsələlər barədə əvvəlcə
Sovet İttifaqı KP MK Siyasi Bürosu, MK plenumları,
Kommunist Partiyasının qurultayları səviyyəsində əlverişli
qərarlar qəbul edilməsinə nail olur, sonra da
bütün xalqımızı həmin qərarların
icrasına səfərbər edir, doğma Azərbaycanın tərəqqisi
uğrunda yorulmadan, gecəli-gündüzlü mübarizə
aparırdı. Azərbaycanı
özü-özünü təmin edə bilən, müstəqil
yaşamağa qadir olan və elmi-texniki cəhətdən
yüksək tərəqqi etmiş bir ölkəyə
çevirmək onun planlarının başında gəlirdi.
Bir sözlə, Vətənimizin müstəqilliyə
gedən yolunu hələ o zaman Heydər Əliyev
başlamışdı.
Heydər Əliyev Azərbaycana rəhbərlik etdiyi həmin
illərdə min cür maneələri dəf edərək
sovet hökumətinin Azərbaycanın hərtərəfli
inkişafını təmin edən beş
xüsusi qərar qəbul etməsinə nail oldu. Nəticədə 1970-1985-ci illər Sovet Azərbaycanının
tarixinə bütün varlığı ərzində ən
parlaq quruculuq dövrü kimi daxil oldu. Elmi-texniki
tərəqqinin nailiyyətlərinin, mütərəqqi
texnologiyaların istehsalata tətbiqi sayəsində Azərbaycan
bütün SSRİ-də qabaqcıl mövqelərə
çıxdı. İstehsal olunan məhsulların
keyfiyyət göstəricisi əvvəlki dövrlərlə
müqayisə olunmayacaq dərəcədə yüksəldi.
Dahi dövlət xadimi Heydər Əliyev
kommunist rejiminin hökmranlığı dövründə
doğma xalqına qarşı baş vermiş
haqsızlıqlar əleyhinə özündən başqa
heç kəsin apara bilməyəcəyi mübarizəni
apardı, Kreml rejiminin ağır təqibləri şəraitində
xalqının çəkdiyi əzablara cavab olaraq, Azərbaycanın
gələcəyi naminə olduqca uzaqgörən və
çox cəsarətli addımlar atdı. Vətənin
bütün guşələrində Azərbaycanın
haqqı tapdalanmış böyük şəxsiyyətlərinin
heykəllərinin ucaldılmasına nail oldu, repressiya
qurbanı olmuş Hüseyn Cavidin nəşini Vətənə
qaytardı, Kerçdə, Krımda həlak olmuş minlərlə
azərbaycanlının şərəfinə Sapun Qora
yaxınlığında abidə ucaltdırdı... Məhz
bu dövrdə - Heydər Əliyevin Azərbaycana rəhbərlik
etdiyi illərdə, ilk dəfə olaraq, Azərbaycanın
görkəmli sənət adamlarının böyük bir
qrupuna - şairlərimizə,
yazıçılarımıza, bəstəkarlarımıza
Sosialist Əməyi Qəhrəmanı fəxri adının
verilməsi də təkzibolunmaz tarixi faktdır.
Doğma xalqı, el-obası üçün
canını qoyan, elə buna görə də Moskvaya "irəli
çəkilib" müəmmalı şəkildə həyat
çırağı söndürülən, sonra da
"millətçi" damğası
yapışdırılan və adının çəkilməsi
belə, yasaq olunan Nəriman Nərimanovun əzəmətli
heykəlini ucaltdırmaq Heydər Əliyev şəxsiyyətinin
Vətən qarşısında böyük xidməti idi.
Sonralar Nərimanova Ulyanovsk şəhərində də abidə
ucaltdırmağa nail olan Heydər Əliyev bir daha sübut
etdi ki, onu Vətən, xalq təəssübkeşliyindən
döndərmək heç kəsin hünəri deyil, o
cümlədən hakim sovet rejiminin də!
Heydər Əliyevin rəhbərliyi
dövründə, 1960-cı illərin sonu - 1970-ci illərdə
Azərbaycanın ümumi yüksəlişi fonunda tarixi
keçmişimizə də maraq artdı,
xalqımızın milli-mənəvi həyatında da
dirçəliş başlandı. O zaman ölkəmizdə
milli oyanışın əsas mərkəzlərindən biri
böyük mütəfəkkirimiz Rəsul Rzanın
başçılıq etdiyi Azərbaycan Ensiklopediyası idi.
Ensiklopediyanın baş redaksiyasında
toplanmış tərəqqipərvər alimlər,
xüsusilə gənc qüvvələrin əksəriyyəti
çox cəsarətli çıxışlar edirdilər.
Heydər Əliyevin Vətən sevgisinin
şahidi olduğum ikinci bir hadisəsi də elə
Ensiklopediyadakı fəaliyyətim dövrünə təsadüf
edir.
XX əsrin 60-70-ci illərinin əvvəllərində
Ensiklopediya Azərbaycanın mühüm milli oyanış mərkəzlərindən
biri idi. Ensiklopediyanın müvafiq cildləri
üçün xalqımızın təşəkkülündə
türk etnoslarının həlledici rol oynaması, Şimali
Azərbaycanın Rusiya tərəfindən işğalı,
Azərbaycan Xalq Cümhuriyyəti xadimlərinin tariximizdə
mütərəqqi rol oynaması, Cümhuriyyət
dövrünün xadimlərinə obyektiv qiymət verilməsi,
1920-ci ilin aprel işğalı kimi bir çox məsələlərlə
bağlı məqalələr hazırladıq, Kiyevin xəritə
fabrikində ilk dəfə olaraq Azərbaycan tarixi xəritələrinin
hazırlanmasına və çapına nail olduq. 1972-ci ildə Ensiklopediyanın baş redaksiyası
"Azərbaycan SSR xəritələri" (Azərbaycan və
rus dillərində) adlı atlas nəşr etdi. Göstərilən tarix xəritələri həmin
atlasa daxil edildi.
Lakin "sapı özümüzdən
olan baltalar", milli oyanışımızın düşmənləri
bütün bu məsələləri Moskvaya
çuğulladılar, Ermənistandakı tarixçi
"dostlarını" köməyə
çağırdılar. Bu qüvvələr
ensiklopediyaçıları ləkələmək
üçün dəridən qabıqdan
çıxırdılar.
Bizə "millətçi",
"burjua məfkurəçiləri", "sovet hökumətinin
və Rusiyanın düşmənləri"
damğasını vurmaq məqsədilə xalqımıza
qarşı 1918-ci ilin mart soyqırımını törətmiş
S.Şaumyanın oğlu L.S.Şaumyanı Bakıya gətirtdilər.
O zaman "Böyük Sovet Ensiklopediyası"nın baş redaktorunun birinci müavini, həm
də sovet ideologiyasının başında duranlardan biri olan
oğul - Şaumyan əlinə düşən fürsətdən
istifadə edərək Azərbaycan ziyalılarına zərbə
vurmaq üçün özünü oda-közə vurdu. Bütün bunlara məhəl qoymayaraq Heydər
Əliyev 1971-ci ilin martında mənə Ensiklopediya baş
redaktorunun elmi işlər üzrə müavini kimi məsul
bir vəzifəni etibar etdi. Beləliklə,
nə şaumyanlar, nə də onların Azərbaycandakı əlaltıları
məqsədlərinə çata bildilər. Çünki Azərbaycana doğma yurdunun təəssübkeşi
olan qüdrətli bir şəxsiyyət
başçılıq edirdi. Məhz Heydər
Əliyevin müdrikliyi və cəsarəti sayəsində o
zaman həm ensiklopediyaçılar, həm də
ziyalılarımızın böyük bir dəstəsi nəinki
KQB-nin təqiblərinə düçar olmadı, hətta
partiya cəzasından da yaxa qurtara bildilər!
Heydər Əliyevin Azərbaycana birinci rəhbərliyi
dövründə həyata keçirdiyi bütün əzəmətli
quruculuq işlərinin çox böyük tarixi əhəmiyyəti
ondan ibarət idi ki, xalqımızda milli qürur, milli mənlik
şüuru oyandı, azadlıq, müstəqillik
duyğuları baş qaldırdı. Bu, əslində,
XX yüzilliyin 70-ci illərində Azərbaycan xalqının
milli-azadlıq hərəkatının yeni mərhələyə
- yüksəliş mərhələsinə daxil olması demək
idi. Sovet imperiyasının dağıldığı
dövrdə Azərbaycan SSR artıq öz inkişaf səviyyəsinə
və çoxsahəli iqtisadiyyatına görə SSRİ-nin
müttəfiq respublikaları içərisində
özünü yaşatmağa qadir ola biləcək
ikinci respublika idi.
1970-1985-ci illər ərzində Azərbaycanın
əldə etdiyi ən mühüm tarixi nailiyyətlərdən
biri də xalqın uzaq gələcəyini nəzərdə
tutan güclü kadr potensialının, o cümlədən
nadir ixtisaslar üzrə mütəxəssislər ordusunun
yaradılması idi. Hər il təhsil
almaq üçün Azərbaycandan kənara 800 tələbə
yola salınırdı. Hərbi təhsilin inkişafına
xüsusi diqqət yetirilirdi.
...Yaxşı yadımdadır. 1970-ci illərin
sonu idi. Ali məktəblərə tələbə
qəbulu ilə əlaqədar Mərkəzi Komitədə
keçirilən ənənəvi müşavirəyə dəvət
olunmuşdum. Heydər Əliyev təhsil nazirini və
bir-iki ali məktəb rektorunu dinlədikdən
sonra, Ümumqoşun komandirləri məktəbinin rəisini
çıxışa dəvət etdi. Və ona dərhal sual
verdi: Tələbələr içərisində
yerli əhalinin (yəni, azərbaycanlıların - Y.M.)
nümayəndələri nə qədərdir?
Aldığı cavabdan, yəni, azərbaycanlıların hərbi
təhsilə zəif cəlb olunmasından çox narazı
qalan Heydər Əliyev Ümumqoşun komandirləri məktəbinin
rəisini çox kəskin surətdə məzəmmət
etdi və ona konkret tapşırıqlar verdi...
İş elə gətirdi
ki, sonrakı il alı məktəblərə
qəbul ərəfəsində Mərkəzi Komitədə
keçirilən müşavirədə mən yenə
iştirak etməli oldum. Heydər Əliyev
Ümumqoşun komandirləri məktəbinin rəisini yenə
xitabət kürsüsünə dəvət etdi. Rəis bu dəfə də müxtəlif rəqəmlər
gətirdi. Heydər Əliyev, əvvəlki
kimi, bu mühüm işin gedişi, xüsusilə yerli əhalinin
faizi ilə maraqlandı. Böyük siyasətçinin
dedikləri bugünkü kimi yadımdadır: "Yerli əhalinin
nümayəndələrini təyyarəçilik məktəblərinə
göndərmək lazımdır. Təyyarəçilər
hazırlamaq lazımdır. Bu günlərdə
kosmonavtlar dəstəsinin tərkibi ilə maraqlandım.
Dəstəyə bir nəfər də olsun, azərbaycanlının
cəlb olunmamasından narazılığımı bildirdim.
Mənə məlumat verdilər ki, kosmonavtlar dəstəsinə
ancaq təyyarəçilik məktəbini bitirənləri
götürürlər. Bu məsələ
ilə də maraqlandım. Aydın oldu ki,
SSRİ-nin təyyarəçilik məktəblərində
Azərbaycanın yerli əhalisinin bir nəfər də olsun,
nümayəndəsi təhsil almır. Bəs
siz hara baxırsınız?"
Azərbaycanın gələcək
inkişafına ünvanlanmış strateji əhəmiyyətli
bütün bu işlərə Heydər Əliyev şəxsən
özü rəhbərlik edirdi. Bir
sözlə, daim xalqının gələcəyini
düşünən böyük azərbaycanlı o vaxtlar
zamanı qabaqlayaraq XXI yüzilliyin Azərbaycanı
üçün güclü kadr potensialı yaradırdı.
1991-ci il oktyabrın 18-də "Azərbaycan
Respublikasının dövlət müstəqilliyi haqqında
Konstitusiya Aktı" qəbul olunarkən Şimali Azərbaycan
artıq müstəqil bir dövlət kimi yaşamağa
tamamilə hazır idi. Bu, dahi Heydər Əliyevin Vətən
və xalq qarşısında çox böyük xidməti
idi...
1990-cı illərin əvvəllərində
xalqımızın dahi oğlu Heydər Əliyevə
qarşı təqiblər və zorakılıqlar
kampaniyası keçirilərkən, partiya üzvləri pərən-pərən
salınarkən bir ziyalı kimi mən də haqqın
müdafiəsinə qalxmış, konkret əməli
addımlar atmış və mətbuatda öz mövqeyimi belə
bir başlıqla açıq bildirmişdim: "Əgər
Yeni Azərbaycan Partiyası elan etdiyi yolla gedərsə, onun
tezliklə ən kütləvi partiya olacağına
şübhəm yoxdur!" Çox çəkmədi ki, bu
mövqeyimə və istiqlalçı tələbələri
müdafiə etdiyimə görə məni BDU-nun tarix
fakültəsinin dekanı vəzifəsindən
uzaqlaşdırdılar.
Bu gün mən dərin iftixar hissi keçirirəm ki,
üzvü olduğum Yeni Azərbaycan Partiyası elan etdiyi
yolla getdi, ötən dövr ərzində
xalqımızın taleyüklü problemlərinin həllində
misilsiz rol oynadı, nəhayət, müasir Azərbaycan cəmiyyətinin
aparıcı və istiqamətverici qüvvəsinə
çevrildi. Bu gün ümummilli mənafeni, ümumi dövlət
mənafeyini öz şəxsi mənafeyindən uca
tutmağı bacaran hər kəs, canında qeyrət ruhu, Vətən
sevgisi gəzdirən hər bir azərbaycanlı açıq
etiraf etməlidir ki, millətimizi, Vətənimizi
bütün bu ağır sınaqlardan, tarixin ən qanlı
burulğanlarından Yeni Azərbaycan Partiyasının banisi,
xalqımızın dünyaya bəxş etdiyi dahi şəxsiyyət
olan Heydər Əliyev dühası çıxara bildi!
Hamımızın yaxşı
yadındadır ki, 1993-cü ildə Azərbaycanın ənənəvi
xarici düşmənləri və onların ölkə
daxilindəki əlaltıları dövlətçiliyimizi
yox olmaq həddinə çatdırmışdılar. Daşnakların "Böyük Ermənistan"
yaratmaq niyyətləri reallaşmaqda, qonşu dövlətlərin
paytaxtlarında hazırlanmış məkrli planlar həyata
keçirilməkdə idi. Azərbaycan
torpağı etnik əlamətə görə
parçalanıb yox olmaq təhlükəsi
qarşısında qalmışdı. Bakı
yaxınlığında - Navahı kəndində vətəndaş
müharibəsinin ilk güllələri atılmış,
qardaş qanı axıdılmışdı. Azərbaycan siyasi bir varlıq kimi Qafqazın xəritəsindən
silinmək təhlükəsi qarşısında idi.
İnkarolunmaz həqiqətdir ki, məhz belə bir
ağır tarixi şəraitdə, demək olar ki, ümidsiz
bir vəziyyətdə qalan Azərbaycanın müstəqilliyinə
qənim kəsilmiş, xalqımızı tarix boyunca dəfələrlə
qan içərisində boğmuş ənənəvi
düşmənlərin, onların bitib-tükənməyən
məkr, hiylə və ən müasir silahlarının
qarşısında məhz Heydər Əliyev şəxsiyyəti
duruş gətirə bildi, Heydər Əliyev zəkası
qalib gəldi! Bu böyük şəxsiyyətin qədirbilən
xalqımız qarşısında ən böyük tarixi
xidməti budur ki, doğma torpaqlarımıza yiyələnmək
üstündə ən kəskin geosiyasi ziddiyyətlərin
mövcud olduğu bir şəraitdə Azərbaycan dövlətçiliyini
xilas etdi, Azərbaycanın varlığını
parçalanıb yox olmaq təhlükəsindən
qurtardı!
1994-cü il iyun ayının son
günləri idi. Xarici düşmənlərin
və daxildəki Vətən xainlərinin havadarlıq etdiyi
separatçılar Balakəndə də baş
qaldırmışdılar. Dövlət
başçısının tapşırığı ilə
bir qrup ziyalı təcili Balakənə yola düşdük.
Bakıdan gec çıxdığımız
üçün Zaqatalada gecələdik. Ertəsi
gün səhər tezdən artıq Balakən İcra Hakimiyyətinin
binasında idik. Camaatla görüşə
tələsirdik. Lakin o zamankı icra
başçısı bizi camaatla görüşdürməyə
tələsmir, Rusiya Federasiyasından (Dağıstandan) gələcək
"qonaqları" gözlədiyini bildirirdi. Dövlətimiz tərəfindən rəsmi surətdə
dəvət olunmamış, başqa sözlə desək,
çağırılmamış "qonaqların"
gözlənilməsi bizə qarşı
açıq-aşkar hörmətsizlik, saymazyanalıq idi.
Yerli hakimiyyət nümayəndəsinin bu
müəmmalı hərəkətindən çox narazı
qalmışdıq. Gündüz saat 11 radələri
idi. Hələ də icra başçısının otağında idik. "Danışıqlar
aparırdıq". Birdən hökumət
telefonu səsləndi. Dedilər ki,
Bakıdan göndərilmiş dövlət nümayəndəsi
və icra başçısı telefonun yanında olsunlar.
Prezident danışacaqdır. Arxayın
olduq və rahat nəfəs aldıq ki, dövlətimizin rəhbəri
Heydər Əliyev o gün, o məqamda Vətən
üçün ən çox narahatlıq doğuran bir hadisəni
şəxsi nəzarətinə
götürmüşdü... Mən o zaman təlatümlü
hadisələrin qaynar nöqtəsində olarkən bir daha əmin
oldum və böyük qürur hissi keçirdim ki, Azərbaycan
sahibsiz deyilE
Bütün xalqa, yaratdığı
partiyaya arxalanan Heydər Əliyev - bu müdrik şəxsiyyət
öz qətiyyəti ilə Vətəni 1994-cü ilin oktyabr
və 1995-ci ilin mart sınaqlarından da çıxardı,
ölkəni çapıb-talayan quldur dəstələrini tərk-silah
etdi, Vətənimizdə sabitlik və əmin-amanlıq
yaratdı, xalqımızda sabaha inam oyatdı. O zaman
xalqımıza məhz bu lazım idi. Bu, o zaman, sözün əsl
mənasında, çox böyük siyasi hünər idi! Mən
bu misilsiz siyasi rəşadətin də şahidiyəm...
Bu gün mən də bir ziyalı, bir
tarixçi kimi xalqımıza bir daha bildirmək istəyirəm
ki, o zaman Heydər Əliyev müharibə məsələsində
düzgün mövqe tutdu. Müdrik
bir strateq kimi, bir sərkərdə kimi real vəziyyətlə,
tarixi şəraitlə hesablaşdı. Düşmənin
və onun beynəlxalq havadarlarının gücünü,
planlarını, Azərbaycanın düşdüyü
qanlı burulğanın nə qədər təhlükəli
olduğunu nəzərə aldı. Real vəziyyətdən
çıxış edərək atəşkəs rejiminə
nail oldu. Bununla da, Azərbaycanın gənc,
sağlam qüvvələrinin mənasız yerə
qırılıb məhv edilməsinin qarşısını
aldı - genefondumuzu xilas etdi. Bu, Azərbaycan
xalqının yaşaması, gələcəyi demək idi.
Belə addımı o zaman yalnız Vətənin, xalqın gələcəyini
düşünən, bunun üçün bütün
varlığı ilə yanan dövlət xadimi ata bilərdi!
Heydər Əliyevin tariximizə,
tariximizin öyrənilməsinə verdiyi böyük dəyərin
də şahidiyəm. Ulu öndərin Azərbaycan tarixinin ən
böyük problemlərinin araşdırılması
üçün verdiyi tövsiyələr və
tapşırıqlar, onun tərəfindən Azərbaycan
tarixinin dövrləşdirilməsi, 1994-cü ildə mənim
BDU-nun tarix fakültəsinin dekanı vəzifəsinə
qaytarılmağıma şərait yaratması, 1999-cu ildə
məni "Şöhrət" ordeni ilə təltif etməsi
vətəndaş və alim ömrümün ən
qürurverici anlarıdır. 2002-ci ildə
yazdığım "Ata Yurdu" dərsliyinə,
xüsusilə kitabdakı xəritələrə
qarşı qonşu dövlətlərdən hədələr
gələndə, notalar göndəriləndə, Azərbaycan
üçün taleyüklü olan bu məsələ Heydər
Əliyevin diqqətindən yayınmadı. Mən
özümü bu mücadilə meydanında tək hiss etmədim,
çünki Heydər Əliyev kimi bir arxam var idi.
Mühüm görüşlərin birində Heydər
Əliyev "Ata Yurdu" dərsliyi ilə bağlı xaricdəki
düşmənlərimizə də, onların ölkədəki
əlaltılarına da "Bizə məhz bu tip dərsliklər
lazımdır" deməklə layiqli cavab verdi. Nəşr etdirdiyim xəritələr məsələsi
yenidən kəskinləşəndə də ümid yerim yenə
Heydər Əliyev oldu. 2002-ci ilin noyabrında Şəkidə
Olimpiya kompleksinin açılışı zamanı ulu
öndərin məni "böyük alim",
"böyük tarixçi" adlandırması bu məsələni
kəskinləşdirən qüvvələrə ən
yaxşı cavab oldu və məni yeni tədqiqatlara
ruhlandırdı.
Ulu öndərin mənə göstərdiyi
etimadların bir nümunəsi də əbədiyyətə
qovuşması ərəfəsində, 2003-cü ildə
"Azərbaycan Xalq Cümhuriyyəti Ensiklopedik Lüğəti"nın hazırlanması ilə bağlı
idi. Xoşbəxtəm ki, Prezident Administrasiyasından göstərilən
böyük kömək sayəsində 2004-2005-ci illərdə ikicildlik
"Azərbaycan Xalq Cümhuriyyəti
Ensiklopediyası"nı nəşr etdirə bildim və bu
qiymətli nəşri ulu öndərin parlaq xatirəsinə
həsr etdim...
Həyatımın qürurverici məqamlarından biri
də budur ki, ulu öndər Heydər Əliyevin siyasi irsinin
varisi, onun daxili və xarici siyasət kursunu uğurla,
yaradıcılıqla davam etdirən Azərbaycan
Respublikasının Prezidenti zati-aliləri İlham Əliyevin
elmimizə, o cümlədən tariximizə verdiyi dəyər
və diqqət bu gün də davam edir. Ermənistan-Azərbaycan,
Dağlıq Qarabağ münaqişəsinin davam etdiyi, ermənilərin
Azərbaycanın tarixi torpaqlarına ərazi
iddialarının gücləndiyi, antiazərbaycan təbliğatının
genişləndiyi şəraitdə, Azərbaycan tarixçi
alimlərinin ermənilərin əsassız iddialarını
ifşa etməsi işinə səfərbər olunmasında
Tarix İnstitutunun nə qədər böyük əhəmiyyət
kəsb etdiyini yaxşı bilən respublika Prezidenti İlham
Əliyev 2004-cü ildə mənə Azərbaycan Milli Elmlər
Akademiyası Tarix İnstitutunun direktoru vəzifəsini etibar
etmişdir. Ona görə də 2004-cü ildən
başlayaraq İnstitutda yeni tədqiqat istiqamətlərinin
müəyyən edilməsi zamanın tələbinə
uyğunlaşdırılmışdır. Azərbaycanda tarix elminin inkişafı prosesinə
yeni münasibət və baxış formalaşmağa
başlamışdır. Bu məqsədlə
ilk növbədə, elmin inkişafının təşkilati
prinsipləri və yeni struktur formalarının
yaradılması üzrə işlər qisa müddət
sonra nəticələrini vermişdir. Tarix
İnstitutunda yeni mərkəzlər və şöbələr
yaradılmışdır. "Azərbaycanlıların
deportasiyası və soyqırımı",
"Əliyevşünaslıq", "İnformasiya və
tərcümə" mərkəzləri
açılmışdır. Həm elmi,
həm siyasi aktuallıq kəsb edən problemlərin
araşdırılması ön plana çəkilmişdir və
bu sahədə fundamental əsərlərin nəşrinə
nail olunmuşdur. İnstitutun elmi tədqiqat planları dəyişdirilərək
yenidən işlənmiş, əsas diqqət Azərbaycanın
ayrı-ayrı dövrlərdə itirilmiş ərazilərinin
tarixinin araşdırılmasına yönəldilmiş,
Qarabağ, Naxçıvan, İrəvan, Borçalı, Dərbənd,
Cənubi Azərbaycan, Azərbaycan
xalqına qarşı həyata keçirilən
deportasiyalar və soyqırımıları tarixi, habelə Azərbaycan
tarixinin qəsdən saxtalaşdırılmış bir
çox problemləri əsas və təxirəsalınmaz tədqiqat
obyektlərinə çevrilmişdir. Tarix
İnstitutunun 2004-cü ildən bəri başlamış
olduğu ciddi araşdırmaların daha bir istiqaməti də
mənbələrin, arxiv materiallarının, xüsusilə
Azərbaycanda əlçatmaz olan, xarici ölkələrdə
toplanmış materialların aşkar edilib nəşr
olunmasıdır. Bu məqsədlə tarixçilərimiz
Rusiya, Gürcüstan, Türkiyə, İngiltərə,
Almaniya, Fransa, Hindistan kimi ölkələrə ezam edilərək
həmin materialların Azərbaycana gətirilməsi təmin
edilmiş, eyni zamanda, onların nəşrinə
başlanmışdır.
Tarix İnstitutuna rəhbərlik etdiyim dövrdə
tarixin tədqiqi sahəsindəki xidmətlərimə görə
Prezident İlham Əliyev tərəfindən 2009-cu ilin
fevralında "Şərəf" ordeni ilə təltif edilməyim
isə mənim fəaliyyətimə verilən ən
böyük qiymətdir!
Bu gün AMEA Tarix İnstitutu tariximizə,
onun tədqiqinə böyük qayğı ilə yanaşan
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin
tapşırıq və tövsiyələri əsasında fəaliyyət
göstərir. Prezidentin elmimizin
inkişafı üçün, dünyaya
tanıdılması üçün görmüş
olduğu böyük işlər Tarix İnstitutunun kollektivi
tərəfindən hər zaman böyük minnətdarlıqla
qarşılanır.
Prezident İlham Əliyev bütün
müvafiq çıxışlarında, o cümlədən
AMEA-nın illik hesabatlarına və fəaliyyətinə həsr
olunmuş tədbirlərdə Tarix İnstitutuna böyük
diqqət ayırır. Dövlət
başçısı İlham Əliyev "Azərbaycan
Milli Elmlər Akademiyasının A.A.Bakıxanov adına Tarix
İnstitutu ölkəmizdə tarix üzrə
araşdırmaların mərkəzidir" deyərək,
Tarix İnstitutuna çox yüksək qiymət vermişdir. Milli Elmlər Akademiyasının 2011-ci ilin aprelində
keçirilən illik ümumi yığıncağında isə
Tarix İnstitutunun gördüyü işlərə,
xüsusilə İrəvan,
Qarabağ və Naxçıvan tarixinin geniş miqyasda
araşdırılmasına böyük qiymət verərək
çıxışında demişdir:, "Mən
çox şadam ki, tarixçilərimiz çox sanballı və
əsaslı əsərlər yaradırlar. Şadam ki, alimlərimiz
mənim çağırışıma müsbət cavab
verərək qısa müddət ərzində bu bölgənin
tarixi ilə bağlı çox gözəl və real
faktlara əsaslanmış əsərlər yaratmışlar.
Başlıcası, İrəvan
xanlığının tarixi ilə bağlı
yaradılmış əsərlər xüsusi məna
daşıyır." Prezident Tarix İnsitutunun İrəvan,
Qarabağ və Naxçıvan tarixi üzrə tədqiqatlarını
xüsusi qiymətləndirərək, 2012-ci ilin mayında
İnstitutun 13 əməkdaşını, o cümlədən
bu sətirlərin müəllifini Dövlət
mükafatına layiq görmüşdür.
Bu gün bir vətəndaş, bir tarixçi kimi fəxr edirəm ki, ulu öndər Heydər Əliyevin müstəqil Azərbaycan dövləti quruculuğunun canlı şahidi və iştirakçısıyam. Onun qurmuş olduğu müasir Azərbaycan dövlətinin tarixi nailiyyətləri göz qabağındadır. Heydər Əliyev siyasi irsinin layiqli varisi, Azərbaycan Respublikasının Prezidenti, müasir dövrümüzün böyük dövlət xadimi İlham Əliyevin uğurlu daxili və xarici siyasəti nəticəsində Azərbaycanımız dünya inkişafının önündə gedir. Azərbaycan Yeni, Böyük İntibah dövrünü yaşayır!
Yaqub MAHMUDOV,
AMEA-nın Tarix İnstitutunun
direktoru,
Milli Məclisin deputatı,
YAP
Siyasi Şurasının üzvü
Azərbaycan.-
2014.- 9 may.- S.7.