Heydər ƏLİYEV: Şəxsiyyət və tarix münasibətlərinin dialektikası

 

 

Tarixin təcrübəsi sübut edir ki, "şəxsiyyət və tarix münasibətlərinin dialektikası" onların bir-birini qarşılıqlı şərtləndirməsinə əsaslanır: tarixi şərait tarixi şəxsiyyəti yetişdirir, tarixi şəxsiyyət yenidən tarix yaradır! Hər hansı bir xalqın mənəvi-intellektual potensialı, qüdrəti də onun  yetişdirdiyi tarixi şəxsiyyətin fərdi keyfiyyətlərində, tarixin özünün inkişafını şərtləndirən titanik fəaliyyətində təzahür edir.  Azərbaycan xalqının tarixində tarix yaradan şəxsiyyətlər kifayət qədərdirE Bu baxımdan tariximizdə sırası, nizamı heç zaman pozulmayan böyük bir tarixi şəxsiyyətlər silsiləsi mövcuddur. Xalqımızın XX əsr tarixində bu silsilənin ən uca zirvəsi  Heydər Əliyevdir.

Heydər Əliyevin respublikamızın gələcəyi naminə göstərdiyi böyük fəaliyyətinin nəticələri zaman keçdikcə daha aydın görünməkdədir. Çünki bu fəaliyyət xalqın gələcəyi üçün uzaqgörənliklə düşünülmüş, ən yüksək dəyərlər səviyyəsində dəyərləndirilmiş və milli inkişafın strateji proqram sənədi kimi qəbul olunmuşdur. Bu proqram dahi rəhbərin ali düşüncələrindən keçmiş və kamil bir şəkildə tətbiq sferasına daxil olmuşdur. Ümummilli liderin milli quruculuq proqramı zamana və şəraitə uyğun olaraq həyata keçməkdədir. Dahi şəxsiyyət yaxın və uzaq hədəfləri elə dəqiqliklə müəyyənləşdirib ki, hər mərhələ oz zamanında aktuallaşır, gerçəkləşir və növbəti mərhələyə doğru inkişaf edir. Bu mənada ulu öndərin əbədi miras qoyduğu strateji proqram törədici gücə malikdir və bu güc  onun təməl prinsiplərində və əsaslarındadır.

Heydər Əliyevin əsasını qoyduğu başlıca istiqamətlər demokratik dövlət quruculuğunu şərtləndirən dünyəvi, hüquqi prinsiplərə əsaslanan və elmi intellektual ehtiyatlar üzərində qurulan müasir modellərdir. Dünyanın ən çox inkişaf etmiş ölkələrinin tarixi təcrübəsində sınanan demokratik modellər və hüquqi prinsiplər ulu öndərin dahi düşüncəsindən keçmiş, təhlil olunmuş və tətbiq üçün hazırlanmışdır. Ona görə də Azərbaycan ən doğru bir demokratiya yolu ilə irəliləməkdədir. Azərbaycanın inkişaf yolu Heydər Əliyev dühasının işığında aydınlaşır və millətin gələcəyinin daha da parlaq olması üçün möhkəm və sağlam təməllər qurulur.

İctimai-mədəni həyatımızın elə sahəsi yoxdur ki, orada Heydər Əliyevin qurucu fəaliyyətinin fundamental nəticələri aydın şəkildə görünməsin. Heydər Əliyevin  dövlət quruculuğu dünyəvi demokratik prinsiplərlə milli əxlaq və milli-mənəvi dəyərlər sisteminin sintezini təşkil edir. Bütün strukturlar və fəaliyyət sahələri mənəvi təməllər üzərində qurulmuşdur. Belə fundamental quruculuq gələcək üçün daha effektli nəticələr alınmasını da təmin etmək üçün böyük uzaqgörənliklə düşünülmüş siyasətin tərkib hissəsini təşkil edir.

Ötən əsr 90-cı illərin əvvəlləri həm regionda, həm də dünyada olduqca mürəkkəb bir dövr idi. Böyük bir geosiyasi məkanda, obrazlı ifadə etsək, keçmiş, indi və gələcək arasında zaman fərqi itmiş, ölkə həyatının bütün sahələrini total xaos bürümüşdü. Həmin tarixi şərait dövlət quruculuğunu çoxlu sayda daxili və xarici amillərdən asılı etdiyinə görə strateji məqamları nəzərə alan siyasi konsepsiyaları oduqca mürəkkəb şərtlər daxilində formalaşdırmaq tələb olunurdu. Əksər hallarda bu mürəkkəblik həmin siyasətin daxili və xarici tərəflərinin harmoniyasını təmin etmək üçün böyük uzaqgörənlik tələb edirdi.  Belə bir şəraitdə Heydər Əliyev yenidən millətin və dövlətin taleyi məsuliyyətini öz üzərinə götürdü, Azərbaycanın strateji inkişaf kursunu müəyyənləşdirərək onu tərəqqi yoluna çıxartdı!

Heydər Əliyev Azərbaycanın güclü suveren milli dövlətə çevrilməsi zərurətini nəinki ideya olaraq dərk etdi, bu məqsədə nail olmaq üçün əsaslı dövlət quruculuğu konsepsiyası, diplomatiya məktəbi, yetkin siyasi-ideoloji, sosial-mədəni və iqtisadi mexanizmlər hazırladı. Ölkənin mütərəqqi fikirli və xalqının taleyini düşünən insanları birləşdirdi. O, bütövlükdə cəmiyyətin və dövlətin var olmasını şərtləndirən tamamilə yeni siyasi fəaliyyət fəlsəfəsi, ideoloji mübarizə konsepsiyası, sivil mübarizə mədəniyyəti və demokratik konsolidasiya modeli ortaya qoydu. Nəticədə xalqımızın son bir neçə yüzillik tarixində ilk dəfə olaraq nəzəri konsepsiyada, yaxud siyasi romantikada  deyil, gerçəklikdə - XX əsrin sonunun  mürəkkəb geostrateji reallığında azad, demokratik yeni Azərbaycan quruldu...

 

Siyasi lider ənənə və yeniliyin vəhdəti kontekstində

 

Hər bir cəmiyyətin tarixində ənənə ilə yeniləşmənin bir-biri ilə uyğunlaşdırılması zəruridir. Bunun həyata keçirilməsində isə böyük şəxsiyyətlər əsas yer tutur.  Bu səbəbdən yeni cəmiyyət modelinin formalaşmasına kamil şəxsiyyətin fəaliyyəti ilə sıx əlaqədə nəzər salmağın əhəmiyyəti vardır. Burada kamil şəxsiyyətin həm də novator lider keyfiyyətinə malik olması gərəkdir. Ümummilli lider Heydər Əliyevin ictimai-siyasi fəaliyyəti bu fikri tam təsdiq edir. Müasir Azərbaycan dövlətçiliyinin məzmun, mahiyyət və strategiyasını ulu öndər Heydər Əliyev müəyyən etmişdir. O, bu mürəkkəb missiyanı siyasi-nəzəri fəaliyyəti ilə praktiki fəaliyyətini daim uzlaşdıraraq həyata keçirmişdir. Heydər Əliyev o nadir tarixi şəxsiyyətlərdəndir ki, yeni cəmiyyət quruculuğunun nəzəri modelini hazırlamaqla yanaşı, onun praktiki tətbiqini həyata keçirməyə nail olmuşdur.

Müasir Azərbaycanda yeni cəmiyyət quruculuğunda ulu öndər Heydər Əliyev lider, şəxsiyyət və siyasi xadim kimi həlledici rol oynayıb.

Cəmiyyətdə bütün mənəvi-əxlaqi və sosial dəyərlərin dağıldığı bir zamanda  siyasi xadimin mənəvi keyfiyyətləri cəmiyyət üçün prinsipial əhəmiyyət kəsb edir. Çünki xalq mənəvi oriyentasiyasını itirəndə özünə nümunə və mayak axtarır. Xalq gələcəyin obrazını təsəvvür etməsə, mövcudluğunu saxlaya bilmir. Buna elmdə "strateji obraz", "milli ideya", "gələcəyin obrazı" və s. deyirlər. Lakin maraqlıdır ki, böhranlı dönəmdə bu obrazın konkret daşıyıcısı olmayanda xalqın söykənəcəyi, ümid edəcəyi yer qalmır. Şəxsiyyətin liderlik keyfiyyəti bütün cəmiyyətin xilasedicisi məzmunu kəsb edir. Yeri gəlmişkən,  Azərbaycan cəmiyyəti üçün əxlaq həmişə əhəmiyyətli amil sayılıb. Bunlardan hər hansı birinə uyğun gəlməyən siyasətçini xalq sonda qəbul etməyib, onun arxasınca getməyib. Keçən əsrin 90-cı illərində Azərbaycanın siyasi meydanında olan əksər siyasətçilər məhz bu səbəbdən ümumxalq etibarını qazana bilmədilər. Onların siyasətçi obrazı ilə mənəvi-əxlaqi keyfiyyətləri arasında ziddiyyətləri insanlar gördülər və onlardan üz döndərdilər. Heydər Əliyev isə həmişə azərbaycanlı əxlaqına çox ciddi fikir verən siyasətçi olub. Ulu öndər qürurla deyib: "Mən fəxr edirəm ki, azərbaycanlıyam!" Hesab edirik ki, bu şəxsi nümunə yeni cəmiyyət modelinin əsas və vacib elementlərindən biridir.

Heydər Əliyev liderliyi ilə şəxsiyyətinin bütövlüyü onun milli dəyərlərlə ümumbəşəri dəyərləri uyğunlaşdıra bilməsində də ifadə olunmuşdu. Bu, xalqın Heydər Əliyevə verdiyi "ümummilli lider" statusunda lakonik və konkret ifadə edilmişdir.

Heydər Əliyev siyasi xadim kimi dünya miqyasında qəbul edilən şəxsiyyət idi. Onun dünya səviyyəsində qəbul edilən şəxsi xarizması və siyasi-diplomatik ustalığı vardır. Heydər Əliyevin yeni cəmiyyət modelində həmin xüsusiyyət incə bir özəlliyə malikdir. Ümummilli lider Azərbaycan cəmiyyətinin yeniləşməsi prosesini daim qlobal dəyişmələrin ritminə uyğunlaşdırırdı. Bu prosesin  iki aspektini xüsusilə qeyd etmək lazımdır: birincisi, enerji siyasətini milli maraqların qlobal strateji tələblərlə tam uyğunlaşdırılmasına nail olmaq; ikincisi, xarici siyasətin prioritetlərini milli suverenliyin təmin edilməsi prinsipi üzərində müəyyənləşdirmək.

Bu aspektlərin təmin edilməsi üçün davamlı inkişafa qadir iqtisadiyyata dayanan güclü dövlət formalaşdırılmalı idi. Həmin məqam özlüyündə müstəqil dövlət quruculuğu konsepsiyasında güclü dövlətlə yeni cəmiyyət formalaşmasının sintezinə nail olmağı tələb edirdi. Bu məsələ isə ümumilikdə uğurlu dövlət quruculuğu konsepsiyasının seçilməsinə birbaşa bağlıdır.

 

Dövlət quruculuğu konsepsiyasının seçimi

 

Heydər Əliyevin dövlət quruculuğu konsepsiyasında yeni ideyalar sistemli şəkildə yer alıb. Eyni zamanda, ulu öndər burada cəmiyyətin daxili potensialını da lazımi səviyyədə nəzərə ala bilib. Dövlət quruculuğu konsepsiyasının bu cür dərki ümummilli liderin tarixi xidmətinin mühüm bir tərəfini başa düşməyə imkan verir. Məsələ ondan ibarətdir ki, keçən əsrin 90-cı illərində bütün sahələrdə çox mürəkkəb  vəziyyət yaranmışdı. Belə şəraitdə perspektivli dövlət quruculuğu konsepsiyasını seçmək asan iş deyildi. Bunun üçün liderdə strateji düşüncə ilə konkret siyasi ustalıq bir-birini tamamlamalıdır. Heydər Əliyev, postsovet məkanının əksər siyasətçilərindən fərqli olaraq, güclü dövlət anlayışı ilə yeni cəmiyyət anlayışının uğurlu sintezini tapa bildi. 1993-cü il iyun ayının 15-də Azərbaycan Respublikasının Milli Məclisindəki çıxışı zamanı ulu öndər demişdi: "Müstəqil Azərbaycanda demokratiya inkişaf etdirilməlidir... Dövlət quruculuğu və cəmiyyətin formalaşması məhz demokratik prinsiplər əsasında olmalıdır. Siyasət və iqtisadiyyatda sərbəstlik, hürriyyət, insan azadlığı, insan haqlarının qorunması və sərbəst iqtisadiyyat, bazar iqtisadiyyatı prinsipləri bərqərar olmalıdır".

Ümummili liderin dövlət quruculuğu ilə demokratik cəmiyyətin formalaşmasını qarışılıqlı əlaqədə təqdim etməsinin ciddi əsasları vardır. Onlar siyasi, iqtisadi, geosiyasi və mədəni amillərlə əlaqəlidir. Müasir dövrün aparıcı alimlərindən olan Frensis Fukuyama vurğulayır ki, "...güclü dövlət quruculuğu dünya ictimaiyyətinin ən vacib problemlərindən biridir". Burada hüququn aliliyinin təmin edilməsi xüsusi əhəmiyyət kəsb edir. Çünki həmin şərt ödənmədikdə vətəndaş cəmiyyətinin formalaşması şansı minimum olur. Bu, bütövlükdə açıq cəmiyyətin yaranmasının əsas prinsiplərindən biridir. Müasir tarixi mərhələdə güclü dövlətə ehtiyac həm də beynəlxalq miqyasda mürəkkəb geosiyasi vəziyyətin yaranmasından qaynaqlanır. Belə şəraitdə demokratik mühitin formalaşması və dayanıqlı olması güclü idarəedici aparatın mövcudluğunu tələb edir.

Bütün bunlar dövlət quruculuğu konsepsiyasında güclü dövlətlə demokratik cəmiyyət anlayışlarının müasir dövrün tələbləri çərçivəsində vəhdətinə nail olmağın strateji əhəmiyyət kəsb etdiyini göstərir. Cəmiyyətin yeniləşməsində iqtisadi faktorun pozitiv rolunu təmin etmək və milli maraqları əsas götürməklə dünyanın aparıcı hissəsinə inteqrasiya olunmaq tarixi hadisədir. Dövlət quruculuğunun 1993-2003 və 2003-2013-cü illər təcrübəsi bunun konkret nümunəsidir.

 

1993-2003-cü illər təcrübəsi: sabit cəmiyyətin formalaşması

 

Ulu öndər Heydər Əliyev müstəqil dövlət quruculuğuna çox ağır şəraitdə başladı. 1991-ci ildən 1993-cü ilin yayına qədər olan dövrü Prezident İlham Əliyev konkret və məzmunlu olaraq belə xarakterizə etmişdir: "...O vaxt ölkədə gedən proseslər və mövcud olan ağır vəziyyət müstəqilliyimizi sual altına qoymuşdu. Ölkədə xaos, anarxiya, kütləvi itaətsizlik hökm sürürdü. İqtisadi və siyasi tənəzzül faktiki olaraq ölkəmizi uçuruma aparırdı..." Digər tərəfdən, havadarlarının köməyi ilə Ermənistan Azərbaycan torpaqlarına təcavüzünü dayandırmırdı. Belə bir şəraitdə Heydər Əliyev ilk olaraq ölkəni xaosdan xilas etməyə üstünlük verdi. Lakin bu, sadəcə sabitliyə nail olmaqla məhdudlaşmamalı idi. Həm də cəmiyyətin bütün sahələrinin inkişafını təmin edən proses olmalıydı. Məhz bu məqamda Heydər Əliyevin strateji təfəkkürü ilə praqmatik siyasi ustalığının sintezi bütün parlaqlığı ilə özünü göstərdi. Cəmi iki ilə ümummilli lider həm dövlət çevirilişlərinin qarşısını aldı, həm də müstəqilliyin təhlükəsizliyini təmin edən şərait yaratdı. Bunun bariz nümunəsi intensiv diplomatik fəaliyyət və "Əsrin müqaviləsi" adlanan fenomenal enerji layihəsinin imzalanması idi. Həmin hadisənin dövlət quruculuğu aspektində Heydər Əliyevin adı ilə bağlı olan tarixi mənası vardır.

"Əsrin müqaviləsi" postsovet məkanında energetik-iqtisadi məzmunu ilə təkrarolunmazdır. Eyni zamanda, bu sənəd geosiyasi funksiyası ilə unikaldır. Bu günə qədər analoji əhəmiyyətə malik ikinci saziş mövcud deyil. Çünki birincisi, Heydər Əliyev bir sazişdə dünyanın böyük dövlətlərinin Azərbaycanla əlaqəli maraqlarını vahid şərtlər sisteminə bağlaya bildi; ikincisi, həmin şərtlərin fövqündə ölkənin müstəqilliyinin təmin edilməsini mütləq şərt kimi qoya bildi, üçüncüsü, bütün bunların "güclü dövlət+demokratik cəmiyyət" modelinin reallaşdırılmasına işləməsini təmin etdi. Bu zaman böyük əhəmiyyət daşıyan faktorlardan biri də Heydər Əliyevin azərbaycançılığa yeni məzmun verərək onu Azərbaycan "gerçəkliyinin xəritəsi" statusuna yüksəltməsi oldu.

Hərtərəfli düşünülmüş bu kurs Azərbaycanda qısa müddətdə ciddi dəyişikliklərin baş verməsini təmin etdi. Hər şeydən əvvəl, cəmiyyətdə sabitlik yarandı. Sabitlik sosial-mədəni və iqtisadi təkamülün əsasıdır. Bununla yanaşı, müasir cəmiyyətlərdə onun çox mühüm sosial-ideoloji funksiyası vardır. Biz yeniləşməkdə olan cəmiyyətlərin birliyi məsələsini nəzərdə tuturuq. Demokratik cəmiyyətlər üçün bu, konsolidasiyaya nail olmaq problemidir. Çünki demokratik cəmiyyətdə müxtəlif sosial qrupların maraqları mövcud ola bilər. Onların qadağan edilməsi yox, vahid strateji məqsəd ətrafında uzlaşdırılması aktuallıq kəsb edir. Təcrübə göstərir ki, bu cür konsolidasiyaya yalnız sabitliyin hökm sürdüyü cəmiyyətlərdə nail olmaq imkanı yaranır. Onu demək gərəkdir ki, konsolidasiya müasir cəmiyyətlərdə demokratiyanın əsas əlamətlərindəndir. Bu, cəmiyyətdə kollektiv enerjinin siyasi, sosial və iqtisadi inteqrasiyasına şərait yaradır. Maraqlıdır ki, cəmiyyətdə inteqrativ tendensiya üstünlük təşkil etməyəndə şəffaflığı təmin etmək mümkünsüz olur. Şəffaflıq cəmiyyətin açıqlığının mühüm şərtidir. Belə çıxır ki, keçid mərhələsində olan cəmiyyətdə sabitlik faktiki olaraq bir tərəfdən güclü dövlət qurmağa, digər tərəfdən isə müxtəlif sahələrdə yeniləşmələri həyata keçirməyə əsas yaradır. Bu məqamda Heydər Əliyevin güclü dövlət konsepsiyası ilə cəmiyyətin konstruktiv yeniləşməsi kursunun vəhdətini aydın təsəvvür etmək olar. Həmin tezisin işığında postsovet məkanı siyasi nəzəriyyəçiləri üçün Heydər Əliyev məktəbinin nə dərəcədə önəmli olduğunu da anlamaq çətin deyil.

Burada vacib bir məqamı ayrıca vurğulamağa ehtiyac var. Məsələ ondan ibarətdir ki, keçid mərhələsini yaşayan cəmiyyətdə uğurlu idarəetmə güclü iqtisadi baza olmadan mümkün deyil. Bu səbəbdən ulu öndər Azərbaycanda güclü və müasir iqtisadi infrastrukturun formalaşmasını ilkin vəzifə sırasına qoydu. Dünyanın tanınmış siyasi nəzəriyyəçiləri təsdiq edirlər ki, güclü iqtisadiyyatı olmayan cəmiyyətdə demokratiyanın bərqərar olması imkansızdır. Buna görə də Heydər Əliyevin "iqtisadi islahatlar+mərhələli demokratikləşmə" formulunun tam əsası vardı. Onun əsasında Azərbaycanda sabitlik mərhələsindən modernləşməyə keçid baş tutdu. Bu zaman Heydər Əliyevin effektiv dövlətçiliyin əsasına qoyduğu tezis "regional proseslərdə Azərbaycanın rəqabətədavamlılıq qabilliyyətini və uyğun olaraq Cənubi Qafqazda tam iqtisadi liderliyini təmin etməkdən" ibarət idi. Çünki siyasi institutların formalaşmasını böyük ölçüdə iqtisadi inkişafın səviyyəsi müəyyənləşdirir. Dayanıqlı iqtisadi inkişaf modeli uyğun siyasi rejim formalaşdırmağa baza yaradır. Bunu yüksək inkişaf etmiş demokratik dövlətlərin təcrübəsi sübut edir.

Beləliklə, 1993-2003-cü illərdə ulu öndər Heydər Əliyev Azərbaycanda müstəqil dövlətçiliyi yaratdı və onu təsdiq etdi. Prezident İlham Əliyevin bununla bağlı söylədiyi aşağıdakı fikirlər olduqca maraqlıdır: "1993-cü ildə Heydər Əliyevin yorulmaz fəaliyyəti nəticəsində bütün xoşagəlməz hallara son qoyuldu. Ölkəmizdə sabitlik yarandı və Azərbaycanda inkişaf dövrü başlandı. Ona görə biz tam əminliklə və qətiyyətlə deyirik: Heydər Əliyev müstəqil Azərbaycanın banisidir, müstəqil Azərbaycanın qurucusudur. Bu gün Azərbaycan onun qoyduğu yolla gedərək inkişaf edir".

                     

Hakimiyyətlə intellektin vəhdəti

 

Heydər Əliyevin istər sovet hakimiyyəti illərində, istərsə də milli müstəqillik dövründə elm siyasəti onun milli quruculuq siyasətinin tərkib hissəsi olmuşdur. Başqa sözlə ifadə etsək,  Heydər Əliyevin milli quruculuq siyasəti  sırf elmi əsaslara dayanan rasional siyasətdir.

Heydər Əliyevin milli dövlət quruculuğu siyasətində elmi potensialdan istifadəsi bütün təsisatlardan daha çox Milli Elmlər Akademiyası qarşısına vəzifələr qoymuşdur. Çünki müstəqil Azərbaycan Respublikasında ali elmi-təşkilati qurum Azərbaycan Milli Elmlər Akademiyasıdır. XX əsrin ikinci yarısında - dünyada elmi-texniki inkişaf səviyyəsinin dövlətin sosial-siyasi mövcudluq qarantına çevrildiyi bir dövrdə - Azərbaycan Elmlər Akademiyası qədim və zəngin elmi ənənələrə   malik Azərbaycan xalqının intellektual potensialının səmərəli təşkilində, elmin dövrün tələblərindən irəli gələn strateji istiqamətlərinin müəyyənləşdirilməsində,  fundamental və tətbiqi elm sahələrinin inkişafında müstəsna rol oynamışdır. Bu inkişafın böyük bir mərhələsi ümummilli lider Heydər Əliyevin birbaşa adı ilə bağlıdır. Sovet hakimiyyəti illərində Azərbaycan Elmlər Akademiyasının yalnız ittifaq miqyasında deyil, dünya miqyasında elmi proseslərin inkişafına təkan verən çoxsaylı elmi uğurları birbaşa Heydər Əliyevin rəhbərliyi altında dövlətin elmə müstəsna qayğısının nəticəsi idi. Neçə-neçə yeni institutlar, elmi-tədqiqat müəssisələri onun birbaşa təşəbbüsü və rəhbərliyi ilə yaradılmışdır.

Müstəqillik illərində  Azərbaycan Milli Elmlər Akademiyası və Azərbaycanın elmi potensialı ümummilli liderin növbəti hakimiyyətə gəlişi ilə tamamilə yeni bir inkişaf mərhələsinə qədəm qoydu. Ümummilli liderin 4 yanvar 2003-cü il tarixli fərmanı ilə AMEA-ya Azərbaycan Respublikasında elmin inkişafını təşkil və təmin edən, dövlətin elmi və elmi-texniki siyasətini həyata keçirən, Azərbaycan Respublikasındakı bütün elmi  müəssisələrin və ali məktəblərin elmi-tədqiqat fəaliyyətini əlaqələndirən və istiqamətləndirən, Azərbaycan Respublikasını xarici ölkələrdə elmi və elmi-texniki fəaliyyət sahəsində təmsil edən ali dövlət elmi təşkilati statusunun verilməsi ilə milli müstəqillik mərhələsində də akademiyanın fəaliyyət dairəsi xeyli genişləndirilmiş, onun səlahiyyətləri artırılmış, Azərbaycanda elmi-texniki potensialı qorumaq və inkişaf etdirmək, iqtisadiyyatı gücləndirmək, mədəniyyəti zənginləşdirmək, xalqın milli mənafeyini qorumaq baxımından akademiyanın qarşısına mühüm vəzifələr qoyulmuşdur.

Azərbaycan Prezidenti İlham Əliyev də, digər sahələrdə olduğu kimi, dövlətin elm siyasəti sahəsində də ümummilli lider Heydər Əliyevin ənənələrini davam etdirir. O, Azərbaycan milli sərvətinin ayrılmaz tərkib hissəsi olan  elmi potensialın qorunmasını, inkişaf etdirilməsini dövlət siyasətinin ən  vacib istiqamətlərindən hesab edir.

İndi akademiya köklü islahatlar ərəfəsindədir.  2020-ci ilədək konkret proqram əsasında AMEA-da idarəetmə və təşkilat sisteminin təkmilləşdirilməsi, elmi müəssisələrin işinin səmərəliliyinin yüksəldilməsi istiqamətində konkret tədbirlərin görülməsi nəzərdə tutulur. Bu islahatların strateji məqsədi isə mövcud elmi-texniki potensialı qoruyub saxlamaq, elmi potensialın milli dövlətçiliyimizin möhkəmlənməsinə, onun beynəlxalq nüfuzunun artmasına yönəldilməsidir. Alimlərimiz belə hesab edirlər ki, bu istiqamətdəki islahatlar həm elmi potensialdan milli dövlət quruculuğunda istifadə sahəsində, həm də birbaşa elm siyasəti sahəsində Heydər Əliyev ideyalarına ən böyük sədaqət nümunəsidir.

 

Heydər Əliyevin dövlət və cəmiyyət quruculuğu ideyaları yeni mərhələdə

 

2003-cü ildən başlayaraq Azərbaycanda dövlət quruculuğu faktiki olaraq yeni səviyyəyə keçdi. Ölkədə bütün sahələr üzrə sabitlik sona çatdırıldı. 2003-2008-ci illərdə Azərbaycan regional miqyasda özünü tam təsdiq etdi. Bu, cəmiyyətin bütün sahələrində ciddi yeniləşmələri həyata keçirmək sayəsində mümkün oldu. Eyni zamanda, həmin proses 2008-ci ildən başlayaraq ölkənin modernləşməsinin yeni mərhələsinə keçilməsinə imkan yaratdı. Bununla da dövlət quruculuğu ilə cəmiyyətin yeniləşməsi prosesinin daha mükəmməl əlaqələr sistemi formalaşması mərhələsinə qədəm qoyuldu. Həmin mərhələdə yeni cəmiyyət yaradılması aspektində üç vacib məqamı vurğulamaq lazımdır: birincisi, Azərbaycan cəmiyyəti yeni siyasi məkana transformasiya olundu; ikincisi, vətəndaş cəmiyyətinin bazasının təşəkkülü prosesi sona çatdırıldı; üçüncüsü, ictimai şüur postindustrial dəyərlər məkanına keçirildi.

Bu tezislərdən göründüyü kimi, 2003-cü ildən başlayaraq cəmiyyətin yeniləşməsi bütün sferalarda ciddi dəyişikliklər nəzərdə tutur. Burada siyasi şüurda yeniləşmələr ayrıca diqqət mərkəzində saxlanılır. Eyni zamanda, vətəndaş cəmiyyətinin əsaslarının təşəkkülü prosesi sona çatır. Digər tərəfdən isə, insanların əxlaqında ənənə ilə müasirlik uyğunlaşır. Bunlar yeni siyasi məkanın formalaşmasına uyğun həyata keçirilməlidir. Etiraf edək ki, bunlar nəhəng vəzifələrdir. Hər birinin strateji əhəmiyyəti vardır. Son 10 ildə ölkədə baş verən proseslər bu vəzifələrin hamısının yerinə yetirilməkdə olduğunu təsdiqləyir. Müxtəlif sahələrdə əldə edilən nailiyyətlər, o cümlədən, sosial-mədəni sahədə ardıcıl olaraq həyata keçirilən islahatlar bunun bariz nümunəsidir. Mədəniyyətlər və dinlərarası dialoqa həsr edilmiş möhtəşəm beynəlxalq tədbirlər təşkil edilir. Azərbaycan vətəndaşlarının işlə təminatında, yoxsulluğun azaldılmasında, həyat səviyyəsinin yüksəldilməsində qazanılan uğurlar göz qabağındadır.

Artıq geosiyasi aspektdə Azərbaycan Cənubi Qafqazın lider dövlətinə çevrilmişdir. Yeni siyasi mühitin formalaşması isə son prezident seçkisində özünün əyani təsdiqini tapdı. Azərbaycan xalqı populist vədlərə deyil, yüksək siyasi mədəniyyətə sahib olan, müasir siyasi kurs həyata keçirə bilən, ölkənin bütün sahələrdə davamlı inkişafını təmin edən peşəkar siyasətçiyə səs verdi. Bununla da ölkədə yeni siyasi münasibətlər məkanının formalaşdığı konkret təsdiqini tapdı. Şübhə yoxdur ki, bu proses davam edəcək və Azərbaycan dünyanın ən güclü dövlətlərindən birinə çevriləcək.

Bütün bu əldə edilən uğurlar ümummilli lider Heydər Əliyev ideyalarının əməli təntənəsidir. Bütün bunlar həm də onun göstəricisidir ki, Azərbaycanda dövlət və cəmiyyət quruculuğunda varisliklə müasirlik, ənənə ilə yenilik harmonik bir vəhdətdədir.  Məhz belə bir vəhdət Azərbaycanın sürətli sosial-iqtisadi və mədəni-mənəvi inkişafının əsas qarantıdır.

 

Akif ƏLİZADƏ,

Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti, YAP sədrinin müavini

Azərbaycan.- 2014.- 11 may.- S.6.