Davamlı inkişafa
xidmət edən
islahatlar kursunun müəllifi
Tarix sübut edir ki, zamanın nəbzini tutmağı, hadisələrə real qiymət verməyi bacaran, siyasi potensialını düzgün dəyərləndirə bilən liderlər cəmiyyətdəki prosesləri bacarıqla istiqamətləndirməyə nail olur, təmsil etdikləri xalqları zamanın ən sərt fırtınalarından, çətin sınaqlarından üzüağ çıxarır, milli xilaskara çevrilirlər. Müdrik və təcrübəli dövlət xadimləri ən ekstremal şəraitlərdə belə, çətin vəziyyətdən az itki ilə çıxış imkanına malik olmaqla optimal qərarlar qəbul edir, həyatını riskə atmaqdan belə çəkinmirlər.
Bu
nöqteyi-nəzərdən ulu öndər Heydər
Əliyev də 40 illik siyasi fəaliyyəti dövründə
üzləşdiyi bütün çətinlikləri, maneələri,
problemləri, hətta uğursuzluqları mətinliklə dəf
edən, məğlubiyyət sözünü yaxına
buraxmayan, inamlı qərarları ilə milyonlarla insanın taleyində müstəsna rol oynayan millət
fədaisi, sərkərdə və lider kimi xatırlanır. Tam cəsarətlə deyə bilərik ki,
ümummilli lider Heydər Əliyevin hələ
sağlığında əfsanəvi və xarizmatik şəxsiyyətə
çevrilməsində onun millətinin mənafeyi naminə həyatını
hər cür riskə atması, sözünü məqamında
deməyi bacarması, milli ideallar uğrunda mübarizədə
yüksək qətiyyət və prinsipiallıq göstərməsi
kimi xarakterik xüsusiyyətləri mühüm rol
oynamışdır. Məhz bu bütöv və prinsipial
xarakteri sayəsində ulu öndər harada olursa-olsun, hadisələrin
fövqünə qalxıb, idarəçilik qabiliyyətini
reallaşdıra bilmiş, lider imicini qorumuşdur. Xalqa layiqli
rəhbərlik missiyası onun xarakterindən,
dünyagörüşündən, yaradıcılıq
enerjisindən, qurub-yaratmaq həvəsindən bəhrələnmişdir.
Antik yunan filosofu
Demokrit yazırdı ki, siyasət insanları inandırmaq,
müəyyən məqsədlər naminə səfərbər
etmək, onların şüuruna təsir göstərmək
vasitəsidir. Şəxsiyyətcə bütöv,
milli və mütərəqqi olmayan liderlərin cəmiyyətin
konsolidasiyası prosesinə nüfuz və təsir
imkanlarından danışmaq da mümkün deyildir. Siyasi
liderin etimad qazanmaq üçün seçdiyi vasitə nə
qədər dürüst və saf olarsa, xalqın həmin
şəxsiyyətə inamı da bir o qədər
güclü olar. Bəşər
tarixinə öz möhürünü vurmuş fenomenal liderlər
ilk növbədə toplum üçün cəlbedici və
real görünən mütərəqqi ideyalarla öz cəmiyyətlərinin
həmrəylik və bütövlüyünə, mənəvi
birliyinə nail ola bilmişlər.
Ulu öndər Heydər
Əliyevin 1993-cü ilin iyununda xalqın təkidli tələbi
və istəyi ilə hakimiyyətə
qayıdışından sonra Azərbaycanda əldə
edilmiş milli birlik respublikamızın ən qiymətli mənəvi-ideoloji
sərvətlərindən birinə çevrilmişdir. Xalqımızın yaddaşında bütöv və
milli şəxsiyyət kimi təcəssüm olunan Heydər
Əliyev dühasının tarixi sınaq anında üzərinə
düşən missiyanın öhdəsindən uğurla gəlməsi,
sözün həqiqi mənasında, Milli Qurtuluşa nail
olması onun xalqla mənəvi birliyinin nəticəsi
sayılmalıdır. Dövlətçiliyin
taleyi baxımından ən ağrılı və çətin
günlərdə xalq öz gələcəyini məhz
inandığı, müdrikliyinə, idarəçilik səriştəsinə,
siyasi fəhminə qəlbən güvəndiyi liderə -
Heydər Əliyevə etibar etmiş, onun rəhbərliyi
altında üzləşdiyi fəlakətdən xilas
olacağına böyük ümid bəsləmişdir. Ulu öndər malik olduğu yüksək dövlətçilik
və idarəçilik səriştəsi ilə çiyinlərini
son dərəcə ağır bir yükün altına
vermiş, məsuliyyətdən çəkinməmiş, əsl
liderlərə xas bir şəkildə dövlətinin
üzləşdiyi faciələrə sinə gərmişdir.
Ümummilli
lider Heydər Əliyevin qısa müddətdə vətəndaş
sülhü və həmrəyliyinə, milli barışa
nail olması, paralel olaraq respublikada tənəzzül prosesini
dayandıraraq iqtisadi dirçəliş yönümündə
praktik addımlar atması da xalqın öz rəhbərinə
olan dəstəyindən irəli gəlmişdir. Heydər Əliyev hakimiyyətinə
- iqtidarda olan Yeni Azərbaycan Partiyasına sonsuz ictimai inam və
etimad qarşılığında dövlətçiliyə
"diş qıcamış" bir çox daxili və
xarici qüvvələr mərkli niyyətlərindən əl
çəkməyə məcbur olmuşlar.
Məhz
bu xilaskar missiyanın nəticəsi kimi Azərbaycan xalqı
1993-cü ilin oktyabrında YAP sədri
Heydər Əliyevə etimad göstərərək onu
özünün layiqli rəhbəri seçmiş, müdrik
liderinin rəhbərliyi altında davamlı və dönməz
inkişaf yoluna qədəm qoymuşdur. 1993-cü il oktyabrın 10-da
keçirilmiş andiçmə mərasimində "Belə
bir yüksək və məsuliyyətli vəzifəni üzərimə
götürərkən, birinci növbədə, Azərbaycan
zəkasına, müdrikliyinə, qüdrətinə güvənirəm,
arxalanıram. Azərbaycan xalqının mənə
bəslədiyi ümidlər məni bu vəzifəni üzərimə
götürməyə məcbur edib. Əmin etmək istəyirəm
ki, bu ümidləri doğrultmaq üçün əlimdən
gələni əsirgəməyəcəyəm" - deyən
ümummilli lider müstəqil Azərbaycanın milli
inkişaf strategiyasını özünəməxsus
müdrikliklə irəli sürmüş və onun həyata
keçirilməsinə başlamışdır.
YAP-ın
ideya məfkurəsini təşkil edən müstəqil
dövlətçilik, qanunçuluq, azərbaycançılıq,
yaradıcı təkamül, vətəndaş həmrəyliyi
və sosial ədalət prinsipləri partiyanın
qarşısında duran vəzifələrin həyata
keçirilməsinin ideya təminatı olmaqla bahəm, Azərbaycanın siyasi gələcəyini,
inkişaf prioritetlərini də şərtləndirmişdir.
Ulu öndər Heydər Əliyevin bu prinsiplərə
söykənməklə yeritdiyi milli siyasət hər bir fərdin
maraq və mənafeyini özündə ehtiva etmiş,
qısa zamanda cəmiyyətin ən müxtəlif zümrələrinin
hakim partiyaya axını başlamış, onların
ictimai-siyasi həyatda fəallığı əhəmiyyətli
dərəcədə artmışdır. Xalqına,
dövlətinə güvənən Heydər Əliyev
dühası 1994-1995-ci illərdə bəzi daxili qüvvələrin
dövlət çevrilişi, qiyam cəhdlərinin
qarşısını qətiyyətlə almış, beləliklə,
Azərbaycanda silahlı yolla hakimiyyəti ələ
keçirmək "ənənəsinə" son
qoymuşdur. 1994-ci ilin oktyabr, 1995-ci ilin
mart hadisələri zamanı ümummilli liderin bir
çağırışı ilə milyonlarla həmvətənimizin
Prezident Aparatının qarşısına toplaşması,
ona dəstək verməsi çağdaş tariximizə milli
birlik və həmrəyliyimizin ən ali təcəssümü
kimi iz salmışdır.
Siyasi liderin
gücü və qüdrəti onun elan etdiyi məqsəd və
vəzifələrin, ideoloji prinsiplərin cəlbediciliyi ilə
deyil, ilk növbədə, qarşıya qoyduğu vəzifələri
real həyatda tətbiq imkanları ilə
ölçülür. Ulu öndər Heydər
Əliyev də təcrübəli dövlət xadimi və
hakimiyyət ustadı olaraq Azərbaycan xalqının milli
mentaliteti və dünyagörüşü ilə uzlaşan,
reallığa adekvat olan milli inkişaf strategiyası
seçmiş, iqtisadi modernləşməyə və siyasi
liberallaşmaya xidmət edən çoxşaxəli islahatlar
həyata keçirmişdir.
Azərbaycan
xalqının demokratik-hüquqi dövlətdə yaşamaq
idealının real və dayanıqlı əsaslar üzərində
gerçəkləşərək əbədiləşməsi
də çağdaş tariximizin unudulmaz dühası -
ümummilli lider Heydər Əliyevin adı ilə
bağlıdır. Ulu öndərin idarəçiliyinin
ikinci mərhələsində də qanunçuluğa,
hüquq qaydalarına, ədalətə bağlı olması
onun zəngin mənəviyyatından, demokratizmindən
qaynaqlanmışdır. Heydər Əliyev gücün siyasətinə
qarşı qanunun gücünü qoyaraq "Haqlı həmişə
güclüdür" düsturundan çıxış
etmiş, hakimiyyətin daim hər bir fərdin maraq və mənafeyini
uca tutmasına çalışmışdır.
Ulu
öndərin müəllifliyi ilə hazırlanmış və
1995-ci ilin 12 noyabrında ümumxalq səsverməsi yolu ilə
qəbul edilmiş ilk milli Konstitusiya Azərbaycanın unitar,
demokratik və dünyəvi dövlət imicini təsbit etmiş,
vətəndaş cəmiyyətinə, insan hüquq və
azadlıqlarının prioritetliyinə əsaslanan
islahatların əsasına
çevrilmişdir. Məhz bu mərhələdən
hüquq-mühafizə, məhkəmə sistemində mütərəqqi
islahatların həyata keçirilməsinə
başlanmış, qanunvericiliyin Avropa standartlarına
uyğunlaşdırılması istiqamətində
ardıcıl tədbirlər həyata keçirilmişdir. Respublikada əfvetmə institutunun bərpası,
ölüm hökmü üzərində moratoriumun
qoyulması, 1998-ci ildə bu hökmün birdəfəlik ləğv
olunması, İnsan hüquqları üzrə Müvəkkil
İnstitutunun (ombudsman) yaradılması, hüquq-mühafizə
orqanlarında dövrün tələblərinə cavab verən
mütərəqqi islahatların aparılması - bütün
bunlar məhz Heydər Əliyevin qətiyyətli
addımları sayəsində gerçəkliyə
çevrilmişdir. Eyni zamanda, Heydər
Əliyev respublikamızın Avratlantik məkana sürətli
inteqrasiyasına çalışmış, bu məqsədlə
müxtəlif demokratik institutlarla, o cümlədən
ATƏT, Avropa Şurası, Avropa Birliyi və s. təşkilatlarla
əməkdaşlıq əlaqələri qurulmuşdur.
Ulu
öndər Heydər Əliyevin
formalaşdırdığı və inkişaf etdirdiyi
dövlətçilik fəlsəfəsi milli dövlətçiliyimizin
bünövrəsini təşkil edərək, dünya azərbaycanlılarının
həmrəyliyi üçün də möhkəm ideoloji zəmin
yaratmışdır. Ümummilli lider müxtəlif səbəblərdən
Azərbaycanın hüdudlarından kənarda yaşayan
soydaşlarımızın vahid ideologiya və milli-mənəvi
dəyərlər sistemi ətrafında birləşməsinə,
onların malik olduğu güclü potensialın ümummilli
problemlərinin həllinə yönəldilməsinə xidmət
edən bir sıra tədbirlər həyata
keçirmişdir.
Diaspor və
lobbi quruculuğuna göstərilən xüsusi diqqət Heydər
Əliyevin yüksək diplomatik və peşəkar siyasətçi
keyfiyyətlərindən qaynaqlanırdı. Böyük
öndəri haqlı olaraq Azərbaycan hüdudlarına
sığmayan və daha böyük çoğrafi məkana
rəhbərlik etməyə
qadir olan siyasətçi də adlandırırlar. Bu, həqiqətən belə idi - Heydər
Əliyev siyasətçi qüdrəti, xarizmatik liderlik
keyfiyyətləri, yüksək idarəçilik qabiliyyəti,
diplomatik məharəti ilə çoxdan Azərbaycan
hüdudlarını adlamış, böyük siyasətə
gəldiyi gündən dünya miqyasını əhatə
etmişdi. Ümummilli liderin böyüklüyü
həm də onun bütün idarəçiliyi boyu azərbaycanlı
olmasını unutmamasında, xalqın milli mənlik
şüurunu, özünüdərk hissinin, mənəvi dəyərlərə
bağlılığını gücləndirmək əzmini
nümayiş etdirməsində idi. Heydər Əliyevin
bütün ömrü elə
Azərbaycan üçün yaşanmışdı - bu
xariqüladə şəxsiyyət bütün həyatını
Azərbaycanı və azərbaycançılığı
dünyaya tanıtmağa sərf etmişdi. Ulu
öndər hər zaman və hər yerdə Azərbaycan
üçün çalışır, həyatının ən
böyük qayəsini milliliyin, həmrəyliyin qorunub
saxlanılmasında görürdü. "İnsan hansı
ölkədə yaşamasından asılı olmayaraq gərək
öz milliliyini qoruyub saxlasın. Dünyada, eyni zamanda,
assimilyasiya prosesi də var. İnsanlar - mən azərbaycanlılar
haqqında danışıram - gərək
yaşadıqları ölkədə, yenə deyirəm, o
şəraiti mənimsəyərək orada özləri
üçün yaxşı mövqelər tutsunlar. Ancaq daim
öz milli-mənəvi dəyərlərinə, milli köklərinə
sadiq olsunlar. Bizim hamımızı birləşdirən məhz
bu amillərdir. Bizim hamımızı birləşdirən, həmrəy
edən azərbaycançılıq ideyasıdır, azərbaycançılıqdır".
Ulu
öndərin böyük müdrikliklə söylədiyi bu
fikirlər bir daha sübut edir ki, Azərbaycan xalqının
çox böyük çətinliklər bahasına əldə
etdiyi müstəqilliyi qoruyub saxlamaq əzmi və bu tarixi
nailiyyətin daimiliyini təmin etmək arzusu onun gələcəyə
doğru inamla addımlamasına və dünya birliyində,
sözün həqiqi mənasında, öz layiqli yerini
tutmasına imkan vermişdir. Şübhəsiz, indiyə qədər
Azərbaycanın bir dövlət olaraq bütün sahələrdə
qazandığı uğurların hər biri böyük
ictimai-siyasi xadim, tarixi şəxsiyyət, dünya siyasətinin ən parlaq simalarından biri olan
ümummilli lider Heydər Əliyevin adı ilə
bağlıdır. Ümummilli liderin Azərbaycanda milli
dövlətçilik ideologiyasının yaradılması,
suveren dövlət təsisatlarının
formalaşdırılması və xalqımızın tarixi
yaddaşının bərpası istiqamətində göstərdiyi
xidmətlər indi bütün dünya tərəfindən təqdir
olunur.
Heydər
Əliyev xalqına rəhbərlik etdiyi bütün dövrlərdə
dövlətçilik ənənələrinin bərpa edilməsində
və milli ruhun yaşadılmasında bir ziyalı kimi hər
bir alimdən, şairdən, elm xadimindən,
yazıçıdan daha çox mübarizə
aparmış, daha çox iş görmüşdür. Ulu öndər Heydər
Əliyev ana dilimizi xalqımızın ən böyük
milli sərvəti hesab edirdi. Çıxışlarında
daim vurğulayırdı ki, milli dövlət quruculuğunun
çox mühüm şərtlərindən biri milli-ədəbi
dil zəminində xüsusi rəsmi dil üslubunun
formalaşmasıdır. Dövlət müstəqilliyimizi
əldə etdikdən sonra Azərbaycan dilinin dövlət
dili kimi işlədilməsinə əlverişli şərait
yaranmışdır. Belə böyük və
məsuliyyətli vəzifəni az qala təkbaşına həyata
keçirən Heydər Əliyevə qarşı
çıxanlar, min bir əziyyətlə yaratdığı
dövlətçiliyimizə zərbə vurmaq istəyənlər
az olmadı. Onlar ölkədəki dinamik inkişafı, ciddi
demokratik proseslərin getdiyini görmək istəmir,
sivil mübarizə metodlarını mənimsəmirdilər.
Lakin ümummilli lider Heydər Əliyevin "Azərbaycan əlifbası
və Azərbaycan dili gününün təsis edilməsi
haqqında" 9 avqust 2001-ci il tarixli fərmanı ilə
xalqımızın əlamətdar bayramları
sırasına biri də əlavə olundu. Məhz Heydər
Əliyevin qətiyyəti, siyasi iradəsi və
prinsipiallığı nəticəsində respublikamız həmin
tarixdən etibarən tam şəkildə yeni əlifbaya -
latın qrafikalı Azərbaycan əlifbasına
keçmişdir. Bu, müəyyən mənada inzibati
addım təsəvvürü yaratsa da, əslində,
ölkədəki gerçəklikdən doğan obyektiv zərurət
olmuşdur.
Ümummilli
lider Heydər Əliyev Azərbaycan dilini müstəqil
dövlətçiliyin əsas rəmzlərindən saymaqla,
onun inkişafı, zənginləşməsi və
saflaşması, milli həmrəyliyin əsas leytmotivinə
çevrilməsi naminə daim xüsusi tədbirlər həyata
keçirmişdir. Bu
istiqamətdə atılmış vacib addımlardan biri də
18 iyun 2001-ci ildə "Dövlət dilinin tətbiqi
işinin təkmilləşdirilməsi haqqında" fərmanın
imzalanması olmuşdur. Fərmanda Azərbaycan dilinin tarixi
inkişaf yolları, habelə müstəqil dövlətçilik
atributu kimi rolu və funksiyası göstərilmiş, on il ərzində
tətbiqi vəziyyəti hərtərəfli nəzərdən
keçirilmişdir. Eyni zamanda, problem və
nöqsanlar müəyyənləşdirilərək
onların aradan qaldırılması barədə müvafiq
tapşırıqlar verilmiş və qəti olaraq 2001-ci il
avqust ayının 1-dən latın qrafikalı Azərbaycan əlifbasına
keçilməsi qərara alınmışdır.
Müstəqillik
illərində Heydər Əliyev təhsil sistemində
baş verən boşluqları, deformasiyaları aradan
qaldırmaq üçün də böyük qüvvə sərf
etmiş, xüsusilə Bakı Dövlət Universitetinə
böyük diqqətlə yanaşmışdır. Ölkənin
ciddi problemlər içində olmasına baxmayaraq məhz ulu
öndər
Heydər Əliyevin qayğısı sayəsində
1994-cü ildə Bakı Dövlət Universitetinin 75 illik
yubileyi yüksək səviyyədə keçirilmişdir.
Ümummilli lider özünəməxsus müdrikliklə
elmin və təhsilin qarşısında dayanan problemlər
haqqında fikirlərini söyləmiş,
çıxış yollarını göstərmişdir.
1998-ci ilin 31 avqustunda
1970-1987-ci illərdə Azərbaycandan kənarda təhsil
almış mütəxəssislərin ümumrespublika
toplantısındakı nitqində həmin dövrü
xarakterizə edən Heydər Əliyev deyirdi: "Mən
1969-cu il iyulun 14-də Azərbaycana rəhbər seçiləndən
sonra dərhal birinci növbədə təhsil məsələləri
ilə məşğul olmağa başladım.
Araşdırmalar apararkən mənə aydın oldu ki, Azərbaycandan
kənarda respublikamızın özündə hazırlana
bilməyən ixtisaslar üzrə ali təhsil almaq
üçün respublikaya 50 nəfərlik limit verilibdir. Mən
dərhal maraqlandım ki, bəs siz kimləri seçmisiniz,
kimləri oxumağa göndərirsiniz? Siyahını
aldım, çox təəssüfləndim. Onların əksəriyyəti
azərbaycanlı deyildi. Sonrakı illərdə də bu məsələ
bir az çətin idi. Bilirsiniz ki, Azərbaycanda bir çox
millətlərin nümayəndələri vardır. O vaxt mən
iki-üç ildən sonra hər il respublikadan kənarda
oxumağa göndərilənlərin 97-98 faizinin azərbaycanlılardan
ibarət olmasına nail oldum".
1999-cu ilin
yanvarında ulu öndər Heydər Əliyevin sərəncamı
ilə Bakı Dövlət Universitetinə rektor təyin edilərkən,
ulu öndərin qəbulunda oldum və bu fenomen şəxsiyyətlə
bir saata yaxın söhbət etdik. Bu ünsiyyət zamanı
ümummilli liderin universiteti daha yaxından tanıması,
burada baş verən proseslərdən ətraflı xəbərdar
olması, istər-istəməz belə bir təsəvvür
yaradırdı ki, ulu öndərin özü də
universitetdə çalışır. Fenomenal şəxsiyyət
universitetlə bağlı hər bir detalı
xırdalığına qədər bilirdi. Heydər
Əliyev bu ali təhsil ocağının gələcək
inkişafı ilə bağlı elə tövsiyələr
verdi ki, bu, miqyasca bir elmi institutun görə biləcəyi
işlərdən də böyük idi.
Ümummilli liderin dəfələrlə
qeyd etdiyi kimi, universitetin başlıca məqsədi gələcəyin
vətəndaşını, yüksək səviyyəli
mütəxəssini yetişdirməkdən ibarətdir. "Mən fəxr edirəm ki, Bakı Dövlət
Universitetinin məzunuyam" - deyən ulu öndər Heydər
Əliyev BDU-ya olan rəğbətini daim büruzə verməklə
yanaşı, bu ali təhsil ocağının
qarşısında bir sıra məsul vəzifələr
müəyyənləşdirmişdir. BDU daim dünya
şöhrətli məzununun xüsusi
qayğısını hiss etmiş, onun qarşıya
qoyduğu ali ideyalar universitetin tələbə və
professor-müəllim heyətinin əsas fəaliyyət
stimulvericisinə çevrilmişdir. Bakı Dövlət
Universitetinin ən zəngin, məzmunlu tarixinin şərəfli
səhifələri məhz Heydər Əliyevin böyük
diqqət və qayğısı sayəsində
yazılmışdır. Universitetin 1999-cu ildə 80 illik
yubiley mərasiminin keçirilməsi yenə də
ümummilli liderin adı ilə bağlıdır. Ümumiyyətlə,
BDU-nun indiyədək keçirilmiş altı yubiley mərasiminin
dördü məhz Heydər Əliyevin hakimiyyəti illərinə
təsadüf edir. Bu mənada, Heydər Əliyevlə
Bakı Dövlət Universitetini bir-birindən ayrı təsəvvür
etmək qətiyyən mümkün deyildir. Universitet təhsildə
də, elmin inkişafında da, maddi bazasının möhkəmləndirilməsi,
yeni ixtisasların açılması sahəsində də ən
möhtəşəm nailiyyətlərini məhz Heydər
Əliyevin Azərbaycana rəhbərliyi dövründə
qazanmışdır. Bu da təsadüfi deyildir
ki, universitetin Böyük Elmi Şurası elmin və təhsilin
inkişafında göstərdiyi qayğıya, bu təhsil
ocağının şöhrətini yüksəkliklərə
qaldırdığına görə Bakı Dövlət
Universitetinin 80 illik yubileyi ərəfəsində ulu öndər
Heydər Əliyevə BDU-nun fəxri doktoru diplomunu təqdim
etmişdir.
Böyük strateq
Heydər Əliyevin Bakı Dövlət Universiteti ilə
bağlı ən mühüm və unudulmaz
addımlarından biri də 13 iyun 2000-ci ildə bu ali təhsil
ocağına özünüidarəetmə - muxtariyyət
statusunun verilməsidir. Müəyyən prinsiplər
əsasında ali məktəbə belə bir statusun verilməsi
onun inkişafında yeni bir mərhələnin əsasını
qoymuş, təhsilin məzmun və formaca təkmilləşdirilməsini,
dünya təhsil sisteminə sürətli
inteqrasiyasını, eyni zamanda, beynəlxalq əlaqələrinin
genişlənməsini təmin etmişdir. Xarici ölkələrin
mütərəqqi təcrübəsinin universitetdə tətbiqi,
tədris-tərbiyə prosesinin müasir standartlara uyğun
qurulması üçün məqsədyönlü addımlar
atılmışdır.
Ulu öndərin
siyasi kursunu böyük müdrikliklə davam etdirən
Prezident İlham Əliyev onu yeni dövrün tələblərinə
uyğun zənginləşdirmiş, sosial-iqtisadi islahatlarla
demokratikləşmə proseslərinin paralel şəkildə
aparılmasına, birinin digərini tamamlamasına
çalışmışdır. Cənab İlham
Əliyevin prezidentliyi dövründə məhz bu postulat əsas
götürülmüş, iqtisadiyyat həyata keçirilən
çoxşaxəli islahatların əsas ağırlıq mərkəzini,
nüvəsini təşkil etmişdir. Başqa
sözlə, praqmatik liderlik keyfiyyətlərinə malik olan
möhtərəm İlham Əliyev keyfiyyətcə yeni mərhələdə
Azərbaycanın müasir dövlətə çevrilməsini
və tam müstəqil siyasət yürütməsini milli
ideyanın başlıca hədəfi kimi müəyyənləşdirmişdir.
İqtisadi məsələlərə xüsusi
diqqətin ayrılması da əsaslı yanaşma olaraq
dövlət müstəqilliyinin iqtisadi bazisini möhkəmlətmək,
cəmiyyətin davamlı inkişafı üçün zəmin
hazırlamaq məqsədindən irəli gəlmişdir.
Ötən illərdə respublika iqtisadiyyatında islahatlar
kursu inamla davam etdirilmiş, xüsusən
də regional inkişafa, qeyri-neft sektorunun yüksəlişinə,
infrastrukturun müasirləşdirilməsinə, neft amilindən
asılılığın azaldılmasına,
sahibkarlığın inkişafına və güclü insan
kapitalının formalaşdırılmasına xidmət edən
mühüm addımlar atılmışdır.
Azərbaycanı
nəinki Cənubi Qafqaz regionunda, ümumilikdə Avratlantika
geosiyasi arealında öz sözü və mövqeyi olan, səmərəli
iqtisadi təşəbbüslərin müəllifi kimi
tanınan dövlətə çevirən cənab İlham
Əliyevin 2003-cü ildən yürütdüyü uğurlu
siyasət dövlət başçısının xalqın, dövlətin
gələcək inkişafı ilə bağlı aydın
baxışlara malik olduğunu göstərir.
İqtisadi-siyasi liberallaşmaya və demokratikləşməyə
xidmət edən islahatların dərinləşdirilməsi,
Azərbaycanın inkişaf etmiş ölkəyə
çevrilməsi, hər bir vətəndaşın layiqli
həyat tərzinin təmin edilməsi, ən
başlıcası, ölkənin ərazi
bütövlüyünün və suverenliyinin bərpası
keyfiyyətcə yeni mərhələdə milli ideyanın
mahiyyətində qərarlaşmış praktik məqsədlərdir.
Son illərə
qədər respublikada milli ideya səviyyəli məqsəd
kimi nəzərdən keçirilən daha bir məsələ
də müsbət həllini tapmış, Azərbaycan
iqtisadi sahədə keçid dövrünü uğurla
başa vuraraq iqtisadi və sosiomədəni modernləşmənin
keyfiyyətcə yeni mərhələsinə
qədəm qoymuşdur. Şübhəsiz, keçid
dövrünün müddəti hər bir dövlətin
özünəməxsus inkişaf xüsusiyyəti, təbii
resursları ilə şərtlənir. Keçid
iqtisadiyyatı yaşayan ölkələr üçün
mövcud olan ümumi qanunauyğunluq müxtəlif şəraitlərdə
fərqli formalarda özünü göstərir. Bununla belə, iqtisadiyyatın dövlət
inhisarından çıxarılması və özəlləşdirilməsi,
bu əsasda sahibkarlığın, rəqabət mühitinin
inkişaf etdirilməsi, qiymətlərin
liberallaşdırılması, bazar infrastrukturlarının
formalaşdırılması, əhalinin güclü sosial
müdafiəsi sisteminin təşkili, fəal investisiya siyasətinin
aparılması keçid dövrünü başa vuran
ölkələr üçün ümumi cəhətlərdir.
Prezident
İlham Əliyevin rəhbərliyi altında həyata
keçirilən dövlət siyasəti iqtisadi sahədə ənənəvi
hesab edilən neft-qaz sektoru ilə bərabər, investisiya,
sahibkarlıq, maliyyə-bank sektoru, tədiyyə balansı, kənd
təsərrüfatı kimi bölmələrdə dinamik
inkişafı təmin etmişdir. Eyni zamanda, beynəlxalq iqtisadi
münasibətlərin milli maraqların qorunması çərçivəsində
gücləndirilməsi qlobal strukturlara səmərəli
inteqrasiyanı daha da sürətləndirmişdir. Bu fonda əhalinin
sosial müdafiəsi məsələsi də daim ön planda
tutulmuş, bunun üçün əməli addımlar
atılmış, müvafiq dövlət proqramları qəbul
olunmuş, qanunvericilik bazası daha da təkmilləşdirilmişdir.
Ümumiyyətlə,
Azərbaycan iqtisadi sahədə islahatları uğurla
başa çatdırmaqla, MDB məkanında keçid
dövrünü arxada qoyan öncül dövlətlər
sırasındadır. Möhtərəm Prezident İlham
Əliyev 2009-cu il noyabrın 2-də Bakı Dövlət
Universitetinin 90 illik yubileyindəki dərin məzmunlu nitqində
Azərbaycanın iqtisadi sahədə keçid
dövrünü başa vurduğunu bəyan etmişdir.
Bundan sonrakı dövrü isə daha çox bazar münasibətlərinin
möhkəmləndirilməsi və inkişaf etdirilməsi,
modernləşmə strategiyasının
reallaşdırılması mərhələsi kimi səciyyələndirmək
olar. Cənab İlham Əliyev praqmatik siyasətçi kimi bu
mərhələdə də qarşıda duran strateji vəzifələri
düzgün qiymətləndirir, xalqın mənafeyi
baxımından bir sıra strateji məqsədləri önə
çəkir. Bu xüsusda müasir dövrün milli
ideyasının Azərbaycan üçün nədən ibarət
olduğu da tamamilə aydındır. Prezident İlham
Əliyevin bəyan etdiyi kimi, məqsəd Azərbaycanı
yaxın perspektivdə inkişaf etmiş dövlətlər
sırasında görməkdir. Dövlət
başçısı cəmiyyətdə müəyyən
azlığın skeptik yanaşdığı bu məqsədin
reallaşdırılması üçün son illərdə
kompleks tədbirlər həyata keçirir.
Bəşəriyyətin
çoxəsrlik tarixi göstərir ki, elm və təhsil hər
bir xalqın mütərəqqi inkişafını təmin
edən ən zəruri vasitədir. Cəmiyyət
qarşısında dayanmış bir sıra əsaslı
problemlərin həlli, ilk növbədə, bu sahələrin
tərəqqisindən, habelə vətənpərvər və
yüksək ixtisaslı kadr hazırlığından
keçir. Azərbaycan Prezidenti İlham
Əliyevin dəfələrlə bəyan etdiyi kimi, cəmiyyət
həyatındakı fundamental dəyişikliklər milli təhsil
konsepsiyasının müasirləşdirilməsini,
inkişaf etmiş dövlətlərin mütərəqqi
maarifçilik ənənələrinin, müasir informasiya və
innovasiya texnologiyalarının mənimsənilməsini,
mənəvi-intellektual yüksəlişə xidmət edən
siyasətin həyata keçirilməsini aktual məsələ
kimi önə çıxarır. Dövlət
başçısının rəhbərliyi altında Azərbaycanda
həyata keçirilən təhsil islahatlarının
başlıca qayəsi də məhz bu fundamental prinsiplərin
sistemli surətdə reallaşdırılması, dünya təhsil
sisteminə inteqrasiyanın təmin edilməsidir. Cənab
İlham Əliyev xüsusi qeyd edir ki, respublikamızda iqtisadi
potensialı intelekt kapitalına çevirməyin vaxtı gəlib
çatmışdır. Bu
çağırışın əsasında Azərbaycanda
güclü intellektual bazanın, müasir biliklərə əsaslanan
yeni tipli iqtisadi sistemin formalaşdırılması, elmtutumlu
istehsal sahələrinin inkişafı yolu ilə milli
iqtisadiyyatın neft amilindən
asılılığının azaldılması ideyası
dayanır.
Ölkədə
həyata keçirilən yeni neft strategiyasının,
sosial-iqtisadi islahatların uğurları davamlı və
tarazlı inkişaf baxımından zəruri olan zəngin
intellektual resursların formalaşmasına, insan kapitalına
xidmət etməlidir. "İnkişaf etmiş ölkələrin
təcrübəsinə nəzər salsaq görərik ki, onlarda uğurun əsas səbəbi
neft-qaz deyil, bilikdir, savaddır, müasirlikdir. Bizdə isə
həm bu olmalıdır, həm də əlbəttə ki, təbii
ehtiyatlar da var. Bu amillərin sintezi Azərbaycanı
çox qabaqcıl, müasir ölkəyə çevirəcəkdir"
- deyən dövlət başçısının müəyyənləşdirdiyi
sosial-iqtisadi inkişaf strategiyasının mahiyyətində
dayanıqlı və sabit inkişaf edən iqtisadi sistemin
formalaşdırılması məqsədi dayanır. Bu
siyasət neftdən asılılığı azaltmaqla
ölkədəki dinamik iqtisadi inkişaf tempini sabit
saxlamağa imkan verən fundamental əsasların
yaradılmasını nəzərdə tutur.
Ölkədə elm və
təhsilin inkişafında yaranmış keyfiyyətcə
yeni mərhələnin reallıqları, həyata
keçirilən islahatların istiqaməti Bakı Dövlət
Universitetinin fəaliyyətində də ciddiliklə nəzərə
alınır. Gələcək həyata məhz
bu ali məktəbdən qədəm qoyan on minlərlə Azərbaycan
gəncinin müasir biliklərə yiyələnməsi, elmi
təşəbbüskarlığının artması,
kompyuter və informasiya texnologiyalarını dərindən mənimsəməsi
üçün görülən işlər
ardıcıl və sistemli səciyyə daşıyır. Bakı Dövlət Universiteti bu gün
çağdaş dünyanın standartlarına uyğun
intellektual, yüksək ixtisaslı kadrların
hazırlanması işini uğurla həyata keçirməklə
burada tətbiq edilən tədrisin keyfiyyətinə, universitetin
müasir tələblərə cavab verən yüksək
maddi-texniki bazasına, beynəlxalq əlaqələrinə,
ölkə hüdudlarından kənardakı mövqeyinə
görə MDB məkanının liderlərindən biridir.
Hər bir elm-təhsil
müəssisəsinin qarşısında konkret məqsədlər
var: BDU-nun da əsas məqsədi gələcəyin vətənpərvər,
ziyalı vətəndaşını, yüksək səviyyəli
mütəxəssisini hazırlamaqdan ibarətdir. Bunu
düzgün dərk edən universitetin professor-müəllim
heyəti qarşıdakı məqsədə çatmaq
üçün strateji istiqamətləri dəqiq müəyyənləşdirmişdir.
Onlar gələcəyin yetkin gəncliyini
formalaşdırmaq üçün daim əzmkarlıqla
işləyir, xalqımızın sabahı naminə layiqli vətəndaşların,
savadlı kadrların hazırlanması üçün tədris
və təhsilin keyfiyyətini günü-gündən
gücləndirməyə çalışırlar.
Sivil dünyanın ən mütərəqqi yeniliklərinin
BDU-ya gətirilməsi, bu yeniliklərin Azərbaycanın elm,
təhsil sahəsində tətbiqi universitetin elmi
şurasını düşündürən başlıca məsələlərdəndir.
BDU-nun professor-müəllim
heyəti bu gün həm də milli ideologiyamızın
formalaşması, genişləndirilib inkişaf etdirilməsi
və təbliği sahəsində böyük fəallıq
nümayiş etdirir. Təhsil müəssisəsində
ulu öndər Heydər Əliyevin mənəvi irsinin, bu
fövqəlbəşər şəxsiyyətin zəngin
dövlətçilik təcrübəsinin, idarəetmə fəlsəfəsinin
öyrənilməsi və gənc nəslə
çatdırılması mühüm vəzifə kimi qiymətləndirilir.
Hazırda universitetdə fəaliyyət göstərən
"Heydər Əliyev muzeyi" bu istiqamətdə ciddi
araşdırmalar aparır. Ulu öndərin həyatının
şərəfli səhifələrinin dolğun şəkildə
ictimaiyyətə göstərilməsi, onun zəngin ideya-fəlsəfi
dünyagörüşünə əsaslanan müasir
dövlətçilik konsepsiyasının təbliği və
bu konsepsiyadan irəli gələn vəzifələrin tələbələrə
aşılanması yönündə mühüm işlər
görülür.
Bütün bunlar göstərir ki, Heydər Əliyev ideyalarını hər sahədə uca tutan, onları praktik şəkildə gerçəkləşdirən Azərbaycan Prezidenti İlham Əliyevin yeritdiyi məqsədyönlü siyasətin qayəsində xalqın milli-mənəvi, mədəni və elmi-intellektual potensialının gücləndirilməsi məqsədi ön planda dayanır. Müstəqil Azərbaycanın son illər qazandığı böyük iqtisadi nailiyyətləri bu gün Bakı Dövlət Universitetinin çoxsaylı tələbə-müəllim heyəti də öz gündəlik həyatında hiss edir və ardıcıl olaraq həyata keçirilən, hər bir ölkə vətəndaşının mənafeyinə əsaslanan islahatları böyük rəğbətlə qarşılayırlar. Hamıda belə bir səmimi inam var ki, milli müstəqilliyə davamlı təminat yaratmış ulu öndər Heydər Əliyevin siyasətini uğurla davam etdirən cənab İlham Əliyev yaxın perspektivdə Azərbaycanı dünyanın ən inkişaf etmiş dövlətləri səviyyəsinə qaldıracaq, xalqın dəstəyi ilə bütün problemlərin həllinə nail olacaqdır.
Abel MƏHƏRRƏMOV,
Bakı Dövlət Universitetinin rektoru,
akademik, Milli Məclisin deputatı
Azərbaycan.-
2014.- 9 may.- S.6.