Milli təhlükəsizlik orqanları ümummilli lider Heydər Əliyevin anadan olmasının 91-ci ildönümünü qeyd etmişlər

 

Mayın 9-da Milli Təhlükəsizlik Nazirliyinin rəhbərliyi və şəxsi heyəti ümummilli lider Heydər Əliyevin anadan olmasının 91-ci ildönümü münasibətilə Fəxri xiyabana gələrək Azərbaycanın təhlükəsizlik orqanlarının əbədi və fəxri rəhbəri, bu mühüm dövlət təsisatında milliləşmə prosesinin və peşəkarlıq məktəbinin banisi Ulu Öndərin xatirəsini ehtiramla yad etmiş, məzarı önünə əklil qoymuşdur.

Milli Təhlükəsizlik Nazirliyinin ictimai əlaqələr mərkəzindən AzərTAc-a bildirmişlər ki, görkəmli oftalmoloq alim, akademik Zərifə Əliyevanın da xatirəsi ehtiramla anılmış, məzarı üzərinə güllər düzülmüşdür.

Təntənəli mərasim Milli Təhlükəsizlik Nazirliyinin Heydər Əliyev adına Akademiyasında Ümummilli Liderin anadan olmasının 91-ci ildönümü ilə bağlı elmi konfransla davam etdirilmişdir.

Əvvəlcə ulu öndər Heydər Əliyevin xatirəsi bir dəqiqəlik sükutla yad edilmiş və dövlət himni səsləndirilmişdir.

Akademiyanın rəisi, general-leytenant Ziya Yusifzadə çıxış edərək bildirmişdir ki, Heydər Əliyevi Azərbaycan xalqının Ümummilli Lideri səviyyəsinə yüksəldən, millətin və dövlətin xilaskarına çevirən onun misilsiz və təkraredilməz fərdi xüsusiyyətləri olmuşdur. Zəngin və mənalı ömrünün 25 ilini təhlükəsizlik orqanlarında xidmətə həsr etmiş Ulu Öndər hələ gənclik illərindən nizam-intizamı və yüksək peşəkarlığı ilə yanaşı, güclü milli hissləri, humanistliyi ilə seçilirdi. Təhlükəsizlik orqanlarının milliləşməsi, milli maraqların ön plana çəkilməsi, bu strukturda keyfiyyətcə yeni ab-havanın yaranması məhz Ümummilli Liderin adı ilə bağlıdır. O dövrdə bunlar həddən artıq riskli və təhlükəli addımlar idi, Heydər Əliyev hər an nəinki vəzifəsini və karyerasını, hətta gələcəyini itirə bilərdi. Amma geri çəkilmirdi, çünki söhbət Vətənin, millətin varlığından və mənafeyindən, milli, mənəvi-əxlaqi dəyərlərin qorunub saxlanmasından gedirdi.

Qeyd olunmuşdur ki, intellektual potensialı hüdudsuz olan ulu öndər Heydər Əliyev dövlət idarəçiliyini mükəmməl bildiyi kimi, iqtisadiyyatı, tarixi, mədəniyyəti də gözəl bilirdi. Müxtəlif nəzəri və praktiki sahələrdə nümayiş etdirdiyi biliklər şübhəsiz ki, böyük intellektindaxili zənginliyin ifadəsi idi. Heydər Əliyev sözün əsl mənasında, uzaqgörən siyasi xadim kimi cəmiyyətin sosial sifarişini dünyanın və zamanın tələbi ilə uzlaşdıra bilirdi, bütün problemləri əvvəlcədən görməyə və vaxtında həll etməyə qadir idi.

Ümummilli lider Heydər Əliyev şəxsiyyətini səciyyələndirən daha bir cəhət onun yüksək mənəviyyatı, həyatı boyu ictimai maraqları şəxsi maraqlardan üstün tutması olmuşdur. Bu, bir həqiqətdir ki, Heydər Əliyev xalqı üçün yaşamış, bütün mənalı ömrünü doğma Azərbaycanına həsr etmişdir. Ölkənin və xalqın hətta ən ağır dövrlərində belə onun qəbul etdiyi qərarlar rəğbətlə qarşılanmış və müdafiə edilmişdir.

General-leytenant Ziya Yusifzadə bildirmişdir ki, Heydər Əliyev 1969-cu ildə rəhbərliyə gələndə böyük çətinliklər və iqtisadi problemlər içində olan Azərbaycan keçmiş Sovet İttifaqının ən geridə qalmış respublikalarından biri idi. Heydər Əliyev müdrik siyasəti, böyük təşkilatçılıq və idarəçilik qabiliyyəti sayəsində respublikanın mövcud imkanlardanittifaq büdcəsindən maksimum yararlanmasını təmin etdi, Azərbaycanın iqtisadiyyatında qısa müddətdə köklü dəyişikliklərin əldə edilməsinə nail oldu. Respublikanın sənaye və kənd təsərrüfatında, təhsildə, səhiyyədə və mədəniyyətdə, ümumiyyətlə ictimai həyatın bütün sahələrində coşqun inkişaf dövrü başlandı. Artıq 1982-ci ildə, Heydər Əliyev Moskvaya, yüksək dövlət vəzifəsinə gedəndə Azərbaycan inkişaf etmiş, özünü tamamilə təmin edən bir respublikaya çevrilmişdi. Heydər Əliyevin birinci rəhbərliyi dövründə Azərbaycanda çox güclü iqtisadi, elmi-texniki potensial yaradıldı və məlum olduğu kimi, müstəqillik bərpa olunduqdan sonra Azərbaycan dövləti məhz bu təməl üzərində quruldu.

Qeyd edilmişdir ki, 1993-cü ilin iyununda xalqın təkidli çağırışı və zamanın hökmü ilə Azərbaycanda hakimiyyətə qayıdan Heydər Əliyev şəxsi qətiyyəti və iradəsi, müdrik və uzaqgörən siyasəti sayəsində qurtuluş missiyasını şərəflə yerinə yetirərək ölkəmizi xaosdan, vətəndaş müharibəsindən və müstəqilliyini itirmək təhlükəsindən xilas etmişdir. Heydər Əliyevin beynəlxalq aləmdə qətiyyətli səyləri diplomatiyamızın bugünkü fəal mövqeyini formalaşdırmış, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə dünya ictimaiyyətinin münasibəti dəyişmiş, ölkəmizin suverenliyi və ərazi bütövlüyü bütün beynəlxalq hüquqi-normativ sənədlərdə əksini tapmışdır.

Heydər Əliyev mənalı həyatını millətinə və dövlətinə həsr etmiş böyük dövlət xadimi kimi Azərbaycanın gələcəyini fikirləşərək özünün “axıra çatdıra bilmədiyi taleyüklü məsələləri, planları, işləri başa çatdıra biləcək”, “özü qədər inandığı və gələcəyinə böyük ümidlər bəslədiyi” İlham Əliyev kimi müdrik siyasi lideri yetişdirmişdir. Prezident İlham Əliyev bu ümidləri ən yüksək səviyyədə doğruldur, Azərbaycanda Heydər Əliyev siyasəti uğurla və yaradıcılıqla davam etdirilir, Ulu Öndərin ölkəmizin inkişafı sahəsində başladığı nəhəng işlər, möhtəşəm layihələr onun layiqli davamçısı tərəfindən həyata keçirilir. Prezident İlham Əliyev tərəfindən müəyyən edilmişelmi əsaslara söykənən yeni iqtisadi siyasət strategiyası bütün sahələrdə davamlı inkişafı təmin etmiş, qısa müddət ərzində ölkənin iqtisadisosial həyatında dünyada bənzəri olmayan nailiyyətlər qazanılmışdır.

Konfransda çıxış edən Akademiyanın müəllimi, polkovnik-leytenant A.Səlimov, ali kursların dinləyicisi leytenant E.Qədimov, kursantlar N.Hüseynov və E.Məmmədzadə ümummilli lider Heydər Əliyevin misilsiz fəaliyyəti nəticəsində Azərbaycanın öz müstəqilliyini qoruyub saxlamasından, müasir dövlət quruculuğundakı rolundan, gənclərə göstərdiyi diqqət və qayğıdan danışmış, Heydər Əliyev irsinə və amallarına daim sadiq olacaqlarını, Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin ətrafında bundan sonra da sıx birləşəcəklərini, vətənimizin daha da qüdrətlənməsi üçün səylərini əsirgəməyəcəklərini bildirmişlər.

Tədbirin sonunda ümummilli lider Heydər Əliyevə həsr olunmuş sənədli film nümayiş etdirilmişdir.

 

Azərbaycan.- 2014.- 11 may.- S.9.