Müstəqil Azərbaycan var olduqca, Ümummilli Liderimiz dahi şəxsiyyət və qüdrətli lider kimi daim yaşayacaqdır

 

Mayın 10-da daxili işlər naziri, general-polkovnik Ramil Usubov Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 91-ci ildönümü münasibətilə Daxili İşlər Nazirliyinin (DİN) “Xəzri” İstirahət və Sağlamlıq Mərkəzində daxili işlər orqanlarının və nazirliyin tədris müəssisələrinin xidmətdə və təhsildə fərqlənən gənc əməkdaşları ilə görüşmüşdür.

DİN-in mətbuat xidmətindən AzərTAc-a bildirmişlər ki, nazir tədbiri giriş sözü ilə açmış və onun təklifi ilə Ulu Öndərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.

Daha sonra daxili işlər naziri ümummilli lider Heydər Əliyevin hər bir azərbaycanlıya örnək olan, müasir tariximizin ən şanlı və kəşməkəşli səhifələrinin yazılmasına şahidlik etmiş mənalı həyatı və zəngin dövlətçilik fəaliyyəti, müstəqillik illərində cəmiyyət həyatının bütün sahələrində onun rəhbərliyi altında həyata keçirilmiş köklü islahatlar, iqtisadi, hərbi qüdrətimizin artırılması, dövlət təsisatlarının möhkəmləndirilməsi, Ümummilli Liderin müəllifi olduğu azərbaycançılıq ideologiyası barədə ətraflı məruzə ilə çıxış etmişdir. Nazir demişdir ki, Ümummilli Liderin anadan olmasının növbəti ildönümü Azərbaycan dövlətinə və xalqına əsl xidmətin nə demək olduğunu bir daha dərk etməyə imkan verən xüsusi əhəmiyyətli hadisədir. Bu gün Azərbaycanın qazandığı uğurların, qürur duya biləcəyimiz nailiyyətlərin əsasını istisnasız olaraq öz titanik fəaliyyəti ilə Ulu Öndər qoymuşdur.

Məruzəçi ümummilli lider Heydər Əliyevin Azərbaycana ilk rəhbərliyi dövründə Sovet İttifaqı tərkibində bugünkü müstəqil dövlətimizin ilkin əsaslarını formalaşdırdığını xatırlatmış, müstəqilliyin ilk illərində dövlətçiliyin itirilməsi təhlükəsi, vətəndaş qarşıdurması, xaos anarxiya ilə üzləşən xalqımızın çıxış yolunu məhz onun ali hakimiyyətə qayıdışında gördüyünü, Ulu Öndərin 1993-cü il iyunun 15-də Ali Sovetin sədri seçildiyi günün xalqımızın tarixinə Milli Qurtuluş Günü kimi yazıldığını, bununla da Ümummilli Liderin Azərbaycana rəhbərliyinin ikinci dövrünün başlandığını, müstəqillik, azərbaycançılıq, dövlətçilik, ədalət, demokratiyahüquqi dövlət quruculuğu kimi prinsipləri özündə ehtiva edən yeni ideologiyanın əsasının qoyulduğunu vurğulamışdır.

General-polkovnik Ramil Usubov məmnunluq hissi ilə xatırlatmışdır ki, ulu öndər Heydər Əliyevin xalq qarşısında misilsiz xidmətlərindən birionun zamanını qabaqlayan parlaq siyasi zəkası və böyük uzaqgörənliyi sayəsində özündən sonra ölkəmizi uğurla idarə edən xarizmatik lider yetişdirməsidir.

Azərbaycan Prezidenti İlham Əliyevin ölkəmizə rəhbərlik etdiyi 11 ilə yaxın bir müddətdə ictimai-siyasi həyatın bütün sahələrində böyük uğurlar əldə olunmuş, xalqımız və dövlətimiz üçün taleyüklü sayılan mühüm layihələr reallaşmışdır. Ölkəmizin iqtisadi və hərbi potensialı, əhalinin həyat səviyyəsi əhəmiyyətli dərəcədə yüksəlmişdir.

Artıq neçə ildir ki, respublikamız iqtisadi inkişaf tempinə görə dünyanın lider dövlətləri sırasındadır. Bu gün Azərbaycan, həm də əmin-amanlığın yüksək səviyyədə qorunduğu təhlükəsiz ölkələrdən olmaqla asayişin təmini, cinayətkarlıqla mübarizə sahəsində əldə edilmiş müsbət nəticələrə görə MDB, eləcə də Şərqi Avropa məkanında öncül mövqe tutur.

Nazir vurğulamışdır ki, Ümummilli Liderimiz dünyanın inkişaf etmiş hüquqi, demokratik ölkələrindən biri kimi Azərbaycanın parlaq gələcəyinin yüksək intellektə, sağlam dünyagörüşə, dərin biliyə və işgüzarlığa malik, mükəmməl təhsil almış vətənpərvər gənclərdən asılı olduğunu vaxtilə çıxış və nitqlərində dəfələrlə vurğulamış, belə üstün mənəvi və keyfiyyətlərinə malik insanların dövlət idarəçiliyində, ölkəmizin ictimai-siyasi həyatında daha geniş şəkildə təmsil olunmaları üçün zəruri tədbirlər görmüş, o cümlədən dövlət gənclər siyasəti haqqında xüsusi Proqram qəbul edilmişdir.

Təqdirəlayiq haldır ki, xalqımızın ümummilli lideri Heydər Əliyevin gəncliyə olan böyük diqqət və qayğısı onun siyasi kursunun layiqli davamçısı Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Məhz Ulu Öndər tərəfindən imzalanmış “Dövlət gənclər siyasəti haqqında” Fərmandan, “Gənclər siyasəti haqqında” QanundanPrezident İlham Əliyev tərəfindən təsdiq edilmiş “Azərbaycan gəncliyi 2011-2015-ci illərdə” Dövlət Proqramından irəli gələn vəzifələr daxili işlər orqanlarında da uğurla həyata keçirilir. Bunun məntiqi nəticəsidir ki, hazırda respublikanın daxili işlər orqanlarının şəxsi heyətinin 40 faizindən çoxunu 30 yaşadək olan gənclər təşkil edir. Əməkdaşların vəzifədə irəli çəkilməsi, ümumilikdə, gənclərə lazımi diqqət və qayğı göstərilməsi ölkə rəhbərliyinin böyük önəm verdiyi əsas məsələlərdəndir. Həmin ali diqqət və yüksək etimadın əyani təzahürüdür ki, 2006-cı ildən indiyədək 575 gənc müsabiqə yolu ilə daxili işlər orqanlarının orta rəis heyəti vəzifələrində xidmətə qəbul edilmişdir.

Nazir, general-polkovnik Ramil Usubov xalqımızın demokratik, hüquqi dövlətdə yaşamaq ideallarının real və dayanıqlı əsaslar üzərində gerçəkləşməsinin məhz Ümummilli Liderin yaratdığı, nəsillərə əmanət etdiyi, milli sərvətimiz olan sabitliklə bilavasitə bağlılığını bir daha xatırladaraq, onu qorumağın, möhkəmlətməyin, dönməzliyini təmin etməyin hər birimizin müqəddəs vəzifəsi və vətəndaşlıq borcu olduğunu vurğulamış və qeyd etmişdir ki, müstəqil Azərbaycan var olduqca, Ümummilli Liderimiz dahi şəxsiyyət, əsl vətəndaş və qüdrətli lider kimi daim yaşayacaqdır.

Tədbirin sonunda daxili işlər naziri xidməti vəzifələrin icrasında və təhsildə fərqlənən bir qrup əməkdaşa və müdavimə mükafatlar təqdim etmişdir.

 

Azərbaycan.- 2014.- 11 may.- S.9.